Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-12/2025 23.01.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Saat 15:20 X5 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cü il tarixdə Daşkəsən rayonunda anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işsiz, Goranboy rayonu, Meşəli kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Goranboy rayonu, Qaraçinar kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus olan hər birinin qiyməti 1250 manat olmaqla ümumi dəyəri 6250 manat olan 5 baş erkək cinsli iri buynuzlu, hər birinin dəyəri 900 manat olmaqla ümumi dəyəri 1800 manat olan 2 baş dişi cinsli iri buynuzlu heyvanları Goranboy rayonu Qaraçinar kəndində yerləşən otlaq sahəsindən gizli olaraq talayıb, Zərərçəkmiş şəxs xeyli miqdar təşkil edən 8050 (səkkiz min əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai araşdırma zamanı vediyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs tanıyır, Turalla normal münasibəti var və əvvəllər aralarında heç bir ədavət və ya düşməçilik olmamışdır. O, maddi imkanı zəif olduğu üçün oğurluq edərək pul qazanmaq qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində oğurluq etmək üçün Goranboy rayonu Qaraçinar kəndi ərazisində yerləşən otlaq sahəsinə getmiş və həmin vaxt otlaq sahəsində heyvanların otladığını görmüşdür. O, heyvanlara yaxınlaşaraq yaşları az olan 7 baş heyvanı digər heyvanlardan ayırmış, heyvaları sürüb Goranboy rayonu Qarqucaq kəndinin ərazisində yerləşən heç kimin yaşamadığı fermaya gətirmiş və həmin ferma boş olduğu üçün heyvanları tövlələrdən birinə salmışdır. Bundan sonra o, Aqil adlı qazel sürücüsünə zəng edərək 7 baş satılıq heyvanının olduğunu və həmin heyvanları Ağdaş bazarına aparıb satmaq istədiyini bildirmişdir. Aqil də onunla razılaşaraq gələcəyini bildirmişdir. Bundan bir qədər sonra Aqil fermaya gəlmiş, o, heyvanları Aqilin qazelinə yükləmiş və Ağdaş bazarına getmək üzrə yola çıxmışlar. Goranboy rayonunun mərkəzinə çatan zaman Aqil ona heyvan alveri ilə məşğul olan tanışlarının olduğunu və bazara getmədən heyvanları sata biləcəyini bildirmişdir. O da bazara gedib vaxt itirməmək üçün Aqillə razılaşmışdır. Bir qədər sonra Goranboy rayonu Xanqərvənd kəndindən olduğunu bildiyi adlarını bilmədiyi 2 nəfər şəxs gəlmiş və ondan heyvanların oğurluq olub-olmadığını soruşmuşlar. O, isə onlara heyvanların oğurluq olmadığını bildirən zaman həmin şəxslər ondan şəxsiyyət vəsiqəsini tələb etmişlər. O, isə həmin şəxslərə şəxsiyyət vəsiqəsi olmadığı üçün verə bilməmişdir. Bundan sonra polis əməkdaşları onu tutub qazeldəki heyvanlarla birlikdə polis şöbəsinə gətirmişdir. Yekunda törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını, uzun müddət məcburi köçkün kimi ağır həyat şəraitində yaşamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, şəxsi təsərrüfatında 17 baş iri buynuzlu heyvanlarının olduğunu, həmin heyvanlarını yaşadığı Goranboy rayonu Qaraçinar kəndində yerləşən otlaq sahəsində otardığını, hər gün olduğu kimi xx.xx.2024-cü il tarixdə saat 07 radələrində otlaması üçün heyvanlarını otlaq sahəsinə apardığını bildirmişdir. Onların kəndində heyvanlara nəzarət olmadığı üçün heyvanları otlaq sahəsinə buraxdıqdan sonra evinə gəlmişdir. Heyvanları saat 16 radələrində otlaq sahəsindən qayıtma vaxtı olduğu üçün nəzarət etmək məqsədi ilə sahəyə getmiş, o, sahədə heyvanlarına baxan zaman 8 baş iri buynuzlu heyvanlarının yerinə olmadığını görmüşdür. O, qalan iri buynuzlu heyvanlarını evinə gətirmiş, bundan sonra digər heyvanlarını axtarmaq üçün gedə biləcəyi yerlərə baxmış, heyvanlardan birini tapmış və evinə gətirmişdir. Bundan sonra 7 baş iri buynuzlu heyvanlarının oğurlandığım bilmiş və bu barədə Goranboy RPŞ-yə ərizə ilə müraciət etmişdir. Bundan başqa o, ifadəsində oğurlanan heyvanların iki başının dişi cinsli, beş başının isə erkək cinsli olduğunu, heyvanlarından erkək danalarının hər birinin qiyməti 1300 manat olmaqla ümumi dəyəri 6500 manat, dişi danalarının isə birinin qiyməti 900 manat, digərinin qiyməti isə 1000 manat olduğunu, oğurlanan heyvanlarının hamısının 16 aylıq danalar olduğunu, erkək danaların diri çəkilərinin 170 kiloqram və dişi danalarin isə diri çəkilərinin təxminən 140 kiloqramlıq olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır, Arzuyla heç bir münasibəti, düşməçilik və ya ədavəti yoxdur. Onun özünə məxsus olan Qazel markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili var, həmin avtomobillə yük daşımaqla ailəsini dolandırır. 27 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək özünə məxsus olan iri buynuzlu heyvanlarının olduğunu və heyvanları Ağdaş bazarına satmaq üçün aparmaq istədiyini bildirmişdir. Bundan sonra o, heyvanları Goranboy rayonu, Qarqucaq kəndindən yerləşən fermada olduğunu bildirmiş, o da həmin yerə gedərək heyvanları avtomobilə yükləmişdir. Bundan sonra Ağdaş rayonu istiqamətində hərəkətə başlamışlar. O, yol pulu kimi 120 manata razılaşmışdır. O, yolda olan zaman Arzuya Goranboy rayonunda heyvan alveri ilə məşğul olan tanışlarının olduğunu və həmin şəxslərə heyvanları sata biləcəyini demişdir. Arzu onunla razılaşdığı üçün Teymura zəng edərək satılıq heyvanlar olduğunu demişdir. Teymur da heyvana baxandan sonra şəxsin şübhəli olduğunu bildirmişlər və heyvanları almamışlar və bundan sonra polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə gətirmişlər. Bundan başqa o, ifadəsində heyvanların oğurluq olduğunu bilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Goranboy rayonu, Əlirzalı kəndində daimi qeydiyyatda olmaqla Goranboy rayonunun Xanqərvənd kəndində yaşayır. Təqsirləndirilən şəxs tanımır, Arzuyla heç bir münasibəti, düşməçilik və ya ədavəti yoxdur. Şahid1 uzun illərdir ki, Goranboy rayonu İrəvanlı kənd sakini kimi tanıyır, Aqillə normal münasibəti vardır. O, Aqillə mal-qara alverində şəriki olan Şahid2 vasitəsilə tanış olmuşdur. Aqilin özünə məxsus Qazel markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili var, həmin avtomobillə heyvanlarını dayışıyır və bazarlara aparıb satır. 27 sentyabr 2024-cü il tarixdə Aqil şəriki Teymura zəng edərək satlıq 7 baş dana olduğunu və sahibinin həmin danaları satmaq istədiyini bildirmişdir. Teymur da heyvanların harada olduğunu və necə baxa biləcəyini soruşmuş, Aqil isə Teymura heyvanları Goranboy şəhərinin mərkəzində yerləşən dairənin yaxınlığına gətirəcəyini və həmin heyvanlara orda baxa biləcəyini bildirmişdir. Bundan sonra o, birlikdə mal-qara alveri etdiyi şəriki Şahid2 ilə birlikdə Gündüzə məxsus avtomobillə Goranboy şəhərinin mərkəzində yerləşən dairənin yanına gəlmiş və Aqillə görüşmüşdür. İri buynuzlu heyvanlara baxmış, heyvanlardan 2 başının dişi cinsli, 5 başının isə erkək cinsli olduğunu görmüşdür. O, heyvanları baxıb bəyənmiş və malların sahibi kimi özünü təqdim edən, sonradan adının Arzu olduğunu bildiyi şəxsdən heyvanları neçəyə satdığını soruşmuşdur. Arzu ona dişi danaları 900 manata, erkək danaları isə 1500 manata satmaq istədiyini bildirmişdir. Bütün danaların ümumilikdə 9000 manata verə biləcəyini bildirmişdir. O da dişi danaları təxminən bazar qiymətindən 300-400 manat, erkəkləri isə 200 manat aşağı verdiyi üçün danaların oğurluq olmasından şübhələnmişdir. Bundan sonra o, qəsdən heyvanları nə üçün baha qiymətə satdığını ondan soruşmuşdur. Bundan sonra Arzu hər heyvandan 100 manat enə biləcəyini, 800 manat dişi danaları 1400 manatdan isə erkək danaları verə biləcəyini demişdir. Bundan sonra o, bütün mallara 7000 manat pul verəcəyini demişdir. Arzu isə ona heyvanları 8000 manata verəcəyini bildirmişdir. O da Arzuya şübhələndiyi üçün pulu verən və heyvanları alan zaman çəkiliş aparacağını demişdir. O, telefonu çıxarıb çəkiliş aparmaq istəyən zaman Arzu ona “heç bir problem yoxdur” demiş, o da səhv etdiyini fikirləşsə də heyvanları çox ucuz verdiyi üçün oğurluq olduğundan əmin olmuşdur və bundan sonra polis əməkdaşları onlara yaxınlaşaraq nə işlə məşğul olduqlarını soruşmuşlar. O da heyvan almaq istədiyini ancaq şübhələndiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları heyvanları “qazelə” birlikdə polis şöbəsinə aparmışlar. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. Dövlət itihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı ifadəsinə bildirmişdir ki, o, Goranboy rayonu, Xanqərvənd kəndində daimi qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs tanımır, Arzuyla heç bir münasibəti, düşməçilik və ya ədavəti yoxdur. Şahid1 uzun illərdir ki, Goranboy rayonu İrəvanlı kənd sakini kimi tanıyır, Aqillə normal münasibəti vardır. O, Aqillə heyvan alqısatıqısı ilə məşğul olan zaman tanış olmuş, Aqilin özünə məxsus Qazel markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili var, həmin avtomobillə heyvanlarını dayışıyır və bazarlara aparıb satır. 27 sentyabr 2024-cü il tarixdə Aqil ona zəng edərək satlıq 7 baş dana olduğunu və sahibinin həmin danaları satmaq istədiyini bildirmişdir. O da heyvanların harada olduğunu və necə baxa biləcəyini soruşmuş, Aqil isə ona heyvanları Goranboy şəhərinin mərkəzində yerləşən dairənin yaxınlığına gətirəcəyini və həmin heyvanlara orda baxa biləcəyini bildirmişdir. Bundan sonra o, birlikdə mal-qara alveri etdiyi şəriki Şahid3 ilə birlikdə Gündüzə məxsus avtomobillə Goranboy şəhərinin mərkəzində yerləşən dairənin yanma gəlmiş və Aqillə görüşmüşdür. İri buynuzlu heyvanlara baxmış, heyvanlardan 2 başının dişi cinsli, 5 başının isə erkək cinsli olduğunu görmüşdür. O, heyvanları baxıb bəyənmiş və malların sahibi kimi özünü təqdim edən, sonradan adının Arzu olduğunu bildiyi şəxsdən heyvanları neçəyə satdığını soruşmuşdur. Arzu ona dişi danaları 900 manata, erkək danaları isə 1500 manata satmaq istədiyini bildirmişdir. Bütün danaların ümumilikdə 9000 manata verə biləcəyini bildirmişdir. O da dişi danaları təxminən bazar qiymətindən 300-400 manat, erkəkləri isə 200 manat aşağı verdiyi üçün danaların oğurluq olmasından şübhələnmişdir. Bundan sonra o, qəsdən heyvanları nə üçün baha qiymətə satdığını ondan soruşmuşdur. Bundan sonra Arzu hər heyvandan 100 manat enə biləcəyini, 800 manat dişi danaları 1400 manatdan isə erkək danaları verə biləcəyini demişdir. Bundan sonra o, bütün mallara 7000 manat pul verəcəyini demişdir. Arzu isə ona heyvanları 8000 manata verəcəyini bildirmişdir. O da Arzuya şübhələndiyi üçün pulu verən və heyvanları alan zaman çəkiliş aparacağını demişdir. O, telefonu çıxarıb çəkiliş aparmaq istəyən zaman Arzu ona “heç bir problem yoxdur” demiş, o da səhv etdiyini fikirləşsə də heyvanları çox ucuz verdiyi üçün oğurluq olduğundan əmin olmuşdur və bundan sonra polis əməkdaşları onlara yaxınlaşaraq nə işlə məşğul olduqlarını soruşmuşlar. O da heyvan almaq istədiyini ancaq şübhələndiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları heyvanları “qazelə” birlikdə polis şöbəsinə aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Baxış keçirilməsi barədə” 28 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞnin İB-nin müstəntiqi X2 hadisə yerinə gələrək hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, hadisənin baş verdiyi yer Goranboy rayonunun Qaraçinar kəndidir. Hadisə yerinə çatan zaman Zərərçəkmiş şəxs heyvanlarını sonuncu dəfə otlaq sahəsinə otarmaq üçün buraxdığı yeri göstərmişdir. Həmin sahə Goranboy Ağcakənd avtomobil yolunda yolun Ağcakənd istiqamətində sağ tərəfində yerləşir. Həmin sahə boş otlaq sahəsi olmaqla kənarı hasarlanmışdır. Həmin sahənin bir tərəfində su axan çay vardır. Həmin sahənin bir tərəfindən su axan çay vardır. Həmin sahəyə gedən yol torpaq yoldur. Baxış zamanı Zərərçəkmiş şəxs həmin sahəyə xx.xx.2024-cü il tarixdə cəmi 17 baş iribuynuzlu heyvanlarını həmin otlaq sahəsinə buraxdığını, bundan sonra heyvanlarından 2 dişi və 5 erkək dana olmaqla 7 baş iribuynuzlu heyvanların oğurlandığını bildirmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən əşya, predmet və ya maddi sübut aşkarlanmamış və götürülməmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Baxış keçirilməsi və götürmə barədə” 28 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi özünə məxsus olan Qazel markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilində olan iri buynuzlu heyvanlar polis şöbəsinə gətirilsə də polis şöbəsində şərait olmadığı üçün avtomobil heyvanlarla birlikdə Zərərçəkmiş şəxs evinin həyətyanı sahəsinə aparılmışdır. Həmin heyvanlar qazel markalı avtomobildən düşürülmüşdür. İribuynuzlu heyvanların 7 baş olması, heyvanların 1 başının tünd sarı rəngli digərlərinin isə qara rəngli olması, heyvanlardan iki başının dişi cinsli, beş başının isə erkək cinsli olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs iribuynuzlu heyvanları gördükdən sonra həmin heyvanların ona məxsus olduğunu və heyvanların xx.xx.2024-cü il tarixdə Goranboy rayonu Qaraçinar kəndi ərazisində yerləşən otlaq sahəsindən oğurlandığını bildirmişdir. Bundan sonra qeyd olunan iribuynuzlu heyvanlar oğruluq nəticəsində əldə olunduğu üçün götürülmüşdür; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Maddi sübut qismində tanıma barədə” 28 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Şahid1 götürülmüş 5 baş erkək cinsli, 2 baş dişi cinsli iribuynuzlu heyvanlar iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və heyvanların gündəlik qulluğa ehtiyacı olduğu üçün saxlanması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə ona məxsus olan xx.xx.2024-cü il tarixdə oğurlanmış 5 baş erkək cinsli, 2 baş dişi cinsli olan heyvanlarını Goranboy RPŞ-nin İB-nin müstəntiqi X1 təhvil almışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şəxsin şübhəli şəxs qismində tutulması haqqında” 08 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(045)-52/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla istintaq müddətinin sonunadək, yəni 28 dekabr 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Goranboy rayon məhkəməsinin hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs 01 il 02 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(045)-53/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi Təqsirləndirilən şəxs cəzasının əvvəli 08 aprel 2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(104)-504/2023 nömrəli qərarından görünür ki, Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Goranboy Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 1(045)-53/2023 saylı hökmü apellyasiya şikayətlərinə əsasən cəza hissəsində dəyişdirilmiş, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 aprel 2023-cü il tarixdən 27 noyabr 2023-cü il tarixədək ev dustaqlığında və həbsdə saxlanıldığı 7 ay 19 gün müddət təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün (1 il 3 ay 8 gün) hesabı ilə hesablanmış və üzərində 1 (bir) il 2 (iki) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 dekabr 2024-cü il tarixli, 9/9705 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən iri buynuzlu heyvanların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 8050,00 manat müəyyən edilir. Həmin heyvanların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli, 744/9-0-2023 nömrəli məktubundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-504/2023 nömrəli, xx.xx.20223-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 1 il 2 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs cəzasının 09 ay 16 gününü çəkmiş, 05 ay 06 gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Məhkəmə qeyd edir ki, mülkiyyət cəmiyyətin iqtisadi özülünü təşkil edən mühüm iqtisadi və hüquqi kateqoriyadır. Maddi nemətlərə sahiblik, onlardan istifadə və onların barəsində sərəncamla əlaqədar yaranan ictimai münasibətlərdən ibarət olan mülkiyyət münasibətləri hüquqla tənzimlənərək hüquqi forma kəsb edir və konkret mülkiyyətçinin öz əmlakı barədə sahiblik, istifadə və sərəncam səlahiyyətini əks etdirən hüquq münasibətinə çevrilir. Mülkiyyət münasibətləri mülki-hüquqi aktlarla müfəssəl tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin üç formasını nəzərdə tutur: 1) xüsusi mülkiyyət; 2) dövlət mülkiyyəti; 3) bələdiyyə mülkiyyəti. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülkiyyətin bütün formalarının bərabərliyini və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyini təsbit edir. Ona görə də yeni cinayət qanununda sovet cinayət qanunvericiliyindən fərqli olaraq, bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Ümumiyyətlə, mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talamanın mühüm əlamətlərindən biri də talanan əmlakın özgənin olmasıdır, yəni təqsirkar şəxs həmin əmlak barəsində heç bir həqiqi və ya güman edilən mülkiyyət hüququna malik olmamalıdır. Oğurluq cinayətinin daha bir obyektiv əlaməti özgənin əmlakının götürülməsinin əvəzsiz olmasıdır. Oğurluq fəal hərəkətlərlə törədilir və təqsirkarın talama hərəkətləri ilə zərərçəkmiş şəxsə maddi ziyan dəyməsi arasında səbəbli əlaqə müəyyyən olunmalıdır.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan başa çatmış hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdyi əməli etiraf edib peşman olmasını; zərərçəkmiş şəxslə barışmasını, dəymiş maddi ziyanı tam ödəməsini, ona qarşı heç bir şikayət və tələbin olmamasını, uzun müddət məcburi köçkün kimi ağır həyat şəraitində yaşamasını. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs faktiki olaraq 08 oktyabr 2024-cü il tarixdən 23 yanvar 2025-ci il tarixədək müddətdə 03 (üç) ay 15 (on beş) gün müddətində həbsdə saxlanılması nəzərə alınaraq, ona təyin olunmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasından 07 (yeddi) ay çıxılmalı, üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, Gəncə Apellyasiya Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 05 (beş) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm ilə təyin edilmiş cəza ilə qismən birləşdirilməli və üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs faktiki olaraq 08 oktyabr 2024-cü il tarixdən 23 yanvar 2025-ci il tarixədək müddətdə 03 (üç) ay 15 (on beş) gün müddətində həbsdə saxlanılması nəzərə alınaraq, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 07 (yeddi) ay çıxılsın, üzərində 02 (iki) il 05 (beş) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Gəncə Apellyasiya Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 05 (beş) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm ilə təyin edilmiş cəza ilə qismən birləşdirilsin və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Goranboy rayonu Meşəli kəndində yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №1(045)-12/2025
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-12/2025
23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver