Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-13/2024 18.01.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Goranboy rayon məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1988-ci il tarixdə Goranboy rayonunun Qızılhacılı kəndində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz əldə etdiyi şəxsi istehlak miqdarından artıq bir ədəd ağ rəngli sellofan paketdə təmiz çəkisi 455 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuananı başqa yerdə saxlamaq üçün əynində olan göy rəngli zəncirbəndlə bağlanan gödəkçənin sol alt tərəfinə yerləşdirib qanunsuz saxlayaraq daşımış, 26 sentyabr 2023-cü il tarixdə saat 22:40 radələrində Goranboy rayon polis şöbəsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu Eyvazlılar kəndi ərazisində saxlanılaraq RPŞ-yə gətirilib üzərində şəxsi axtarış aparılan zaman satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı bir ədəd ağ rəngli sellofan paketdə təmiz çəkisi 455 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuana əynində olan göy rəngli zəncirbəndlə bağlanan gödəkçənin sol alt tərəfində aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvələr narkotik vasitə olan marixuanadan istifadə etmişdir. O, 26 sentyabr 2023-cü il tarixdə saat 21:00 radələrində şəxsi işi ilə əlaqədar olaraq Goranboy rayonunun Boluslu kəndinə getmiş, oradan qayıdan zaman, təxminən saat 22:00 radələrində Goranboy rayonunun Boluslu kəndində yol kənarı ilə gedən vaxt günəbaxan bitkisi əkilmiş sahənin kənarında yabanı halda bitmiş, kəskin qoxuya malik narkotik tərkibli çətənə bitkilərinin olmasını görmüşdür. Həmin vaxt yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərinin yaş halda olan yarpaqlarını yığıb sonradan qurudaraq şəxsi istifadəsi üçün yığmaq qərarına gəlmişdir. Bu vaxt isə sahənin kənarında bir neçə sayda sellofan paketlər olduğunu görmüşdür. Sahənin kənarında olan ağ rəngli sellofan paketi götürüb günəbaxan bitkisi əkilmiş sahənin kənarında yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərinin yarpaqlarını yığmağa başlamışdır. Bir qədər narkotik tərkibli çətənə bitkilərinin yaş halda olan yarpaqlarını ağ rəngli sellofan paketə yığdıqdan sonra həmin ağ rəngli sellofan paketi əynində olan gödəkçənin sol alt tərəfində gizlədib piyada hərəkət etməyə başlamışdır. Təxminən 20 dəqiqə sonra Goranboy rayonu Eyvazlılar kəndi ərazisində piyada hərəkət edən zaman mülki geyimli şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edib, Goranboy RPŞ-nin əməkdaşları olduqlarını demişlər. Daha sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini, onlarla birlikdə Goranboy RPŞ-yə getməli olduğunu demişlər. O da polis əməkdaşlarının təklifini qəbul edib onlarla birlikdə Goranboy RPŞ-yə getmişdir. Goranboy RPŞ-nin inzibati binasına çatdıqdan sonra polis əməkdaşları onu tanımadığı bir otağa aparmışlar. Orada hüquqlarının müdafiəsi üçün vəkil təyin edilmiş və üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Daha sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan əşyaları könüllü olaraq təqdim etməyi bildirildiyi üçün əynində olan göy rəngli gödəkçənin altında sol tərəfdə gizlətdiyi bir ədəd ağ rəngli sellofan paketi və şəxsi əşyalarını çıxarıb masanın üzərinə qoymuşdur. Təqdim etdiyi bir ədəd ağ rəngli sellofan paketə polis əməkdaşları tərəfindən baxış keçirilmiş və paketin içərisində narkotik vasitə olan qurudulmamış marixuana olması aşkar edilmişdir. Bundan başqa şəxsi axtarış zamanı onun üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilən içərsində narkotik vasitə qurudulmamış marixuana olan bir ədəd ağ rəngli sellofan paket elektron tərəzidə çəkilmiş, qablaşdırılmış və möhürlənərək ekspertiza tədqiqatına göndərilmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülən digər əşyalar özünə qaytarılmışdır. Üzərindən aşkar olunan qurudulmamış marixuananı öz istifadəsi üçün saxlamışdır. Həmin narkotik vasitə olan qurudulmamış marixuananı satmaq niyyəti olmamışdır. Sonda əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 26 sentyabr 2023-cü il tarixdə Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa edilməsi ilə bağlı daxil olmuş məlumat dərhal tərəfindən Goranboy rayon polis şöbəsinin rəhbərliyinə məruzə edilmiş, təxirə salınmadan əməliyyataxtarış tədbirləri keçirilməsi üçün tərəfindən qərar qəbul edilmiş, eyni zamanda tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa edilməsi məqsədi ilə NMQ-nin əməliyyat müvəkkili Şahid2la birlikdə 26 sentyabr 2023-cü il tarixdə saat 22:00 radələrində xidməti avtomobillə Goranboy rayonunun Eyvazlılar kəndi ərazisinə yollanmışdır. Təxminən 20 dəqiqə sonra Goranboy rayonunun Eyvazlılar kəndi ərazisinə çatmışlar. Daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs Eyvazlılar kəndi ərazisində yol ilə piyada hərəkət edəcəyi məlum olduğu üçün kəndin ərazisində təxminən 20 dəqiqə gözlədikdən sonra saat 22:40 radələrində Təqsirləndirilən şəxs piyada yol ilə gəldiyini görmüşlər. Buna görə də həmin vaxt əməliyyat qrupunun üzvü Şahid2la birlikdə Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini çıxarıb ona Goranboy RPŞ-nin əməkdaşları olduqlarını deyib onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs Goranboy RPŞ-yə dəvət etmiş və birlikdə Goranboy RPŞ-yə gəlmişlər. Goranboy RPŞ-də Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil təyin edilmiş və o, şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, buna görə də Təqsirləndirilən şəxs əynində olan gödəkçənin altında sol tərəfdə gizlətdiyi bir ədəd ağ rəngli sellofan paketi və digər əşyaları masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ rəngli sellofan paketə baxış keçirilmiş və paketin içərisində narkotik vasitə olan qurudulmamış marixuanaya bənzər kütlə olması aşkar edilmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə qurudulmamış marixuanaya bənzər kütlə olan bir ədəd ağ rəngli sellofan paket elektron tərəzidə çəkilmiş, qablaşdırılmış və möhürlənərək ekspertiza tədqiqatına təqdim olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş digər əşyalar isə iş üzrə maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs qaytarılmışdır. İş üzrə digər Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunarkən aydın olur ki, o, iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 26 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:40-da şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış aparılması haqqında” 27 sentyabr 2023-cü tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və sonuncu könüllü olaraq əynində olan göy rəngli zəncirbənd ilə bağlanan gödəkçənin sol iç hissəsindən bir ədəd ağ rəngli sellofan torbada içərisində narkotik vasitə olan yaş halda marixuanaya bənzər kütləni və digər əşyaları könüllü olaraq təqdim etmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2023-cü il tarixli, 16/950 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş yaş halda olan marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd ağ rəngli sellofan paketdə, təmiz çəkisi 455 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuanadır. (Marixuananın təmiz çəkisi 455 qram, tədqiqata sərf edildi - 0,2 qram, qalıq - 454,8 qram). Aparılmış ekspertiza tədqiqatının dəyəri 30,4 (otuz manat qırx qəpik) manatdır; “Qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilmə haqqında” 28 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Goranboy RPŞ-nin MSY-dən azad edilmişdir; “Maddi sübut qismində tanıma barədə” 28 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülərək bir ədəd zərfdə qablaşdırılmış, ekspertiza tədqiqatından sonra təmiz çəkisi 454,8 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Goranboy RPŞ-nin saxlancına təhvil verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Əskərov X3 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarının 4 bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur; Goranboy Rayon Məhkəməsinin 1(045)-52/2021 nömrəli, 14 iyul 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 məcburi narkolojitibbi yoxlama haqqında 07 dekabr 2023-cü il tarixli, 2000 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür; Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-656/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Goranboy Rayon Məhkəməsinin 1(045)-52/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilmiş, onun azadlıqdan məhrumetmə cəzasının 05 noyabr 2021-ci il tarixədək çəkilməmiş 7 ay 23 gün hissəsi 6 ay azaldılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 109-cu qrafasına əsasən narkotik vasitə hesab edilən qurudulmayan marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 25 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs qanunsuz saxladığı narkotik vasitə qurudulmayan marixuananın təmiz çəkisi 455 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf edib əməlindən peşman olmasını; - himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağının olmasını (əsas: iş materiallarında olan İmişli rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 596784 nömrəli doğum haqqında şəhadətnamənin surəti və “Elektron Məhkəmə” sistemindən çıxarış); - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy rayon İcra Hakimiyyətinin Başçısının Qızılhacılı qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamə). CM-in 61-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Goranboy Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Yəni, CM-in 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni 28 dekabr 2021-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd edilir ki, CM-in 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 2 (iki) gün (26-28 sentyabr 2023-cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli (CM-in 69.3), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.3), Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 18 yanvar 2024-cü il tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), iş üzrə maddi sübut - Goranboy RPŞ-nin saxlancına təhvil verilmiş narkotik vasitə qurudulmamış marixuananın qalıq çəkisi (454,8 qram) məhv edilməlidir (CPM-in 132). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 2 (iki) gün (26-28 sentyabr 2023-cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və qəti olaraq ona 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 18 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 30,4 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD– 210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. İş üzrə maddi sübut - Goranboy RPŞ-nin saxlancına təhvil verilmiş narkotik vasitə qurudulmamış marixuananın qalıq çəkisi (454,8 qram) məhv edilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(045)-13/2024
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-13/2024
18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver