Məhkəmə qərarları › İş №1(045)-14/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №1(045)-14/2023

25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 1(045)-14/2023 25.05.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Goranboy rayon məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Qazax rayonunun Kalinin kəndində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə avtomobil almaq istəyən tanışı Zərərçəkmiş şəxs ağ rəngli “Kia Sportage” minik markalı, **-PK-*** qeydiyyat nişanlı avtomobilin 16500 manata satılması ilə bağlı köməklik edəcəyini bildirərək, sonuncu ilə əvvəlcədən danışıb aralarında olan razılaşmaya əsasən "xxxx" MMC ilə könüllü olaraq öz adına bağlanmış müqavilə üzrə 10000 manat ilkin ödəniş nağd şəkildə satıcıya ödənildikdən sonra qalan borcun lizinq müaviləsinə görə 2 il müddətində aylıq 489 manat olan ödəniş cədvəli üzrə ödəniləcəyini təmin etməyi vəd etmiş, Zərərçəkmiş şəxs ilkin olaraq göndərdiyi 10000 manatı və lizinq müqaviləsinə əsasən götürdüyü 8820 manat pulun 6500 manatını avtomobilin sahibinə, qalan 2320 manatı isə "xxxx" MMC-nə ödəsə də, pulun qalan hissəsini öz adına bağlanmış lizinq müqaviləsinə görə 2 il müddətində aylıq 489 manat olan ödəniş cədvəli üzrə ödəniləcəyini təmin etmək barədə verdiyi vədə əməl etməyib aldatmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs tərəfindən bu məqsədlə 2020-ci ilin iyun ayında verilmiş 500 manat pulu Goranboy rayonu Baxçakürd kəndində sonuncunun yaşadığı evdə şəxsən özündən almaqla, eləcə də Zərərçəkmiş şəxs tərəfindən Goranboy rayon Baxçakürd kəndi ərazisində yerləşən "xxxx" MMC, “E-Manat” və “Milli Ön” ödəmə terminalları vasitəsi ilə 30 iyul 2020-ci il tarixdən 27 iyul 2021-ci il tarixədək hissə-hissə olmaqla göndərilən cəmi 7000 manat pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 7500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilib Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəyən ziyanı tam, eyni zamanda vurulmuş ziyanın 25 faizi miqdarında pulu dövlət büdcəsinə ödədiyini söyləyərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi və buna dair müvafiq ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona dəyən ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, ona dəyən ziyanı ödəyərək sonuncunun ona qarşı tələbi olmadığından, həmçinin cinayət nəticəsində dəyən ziyanın 25 faizi məbləğində dövlət büdcəsinə ödəniş etdiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər CM-in 73-1.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməmişdir; Goranboy Rayon Məhkəməsinin 1(045)-14/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək barəsində “həbs” qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş: Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan tam ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq; "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 1173 və 17264 nömrəli ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X1 dəymiş zərərin 25 faizi, yəni 1875 manat pul ödənilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını və ona vurulmuş ziyanı tam ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini (7500 manat-25 faizi 1875 manat), prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərcləri və xüsusi müsadirə olunası əmlak yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunsun və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar