Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-16/2023 09.03.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X13 qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Goranboy Rayon Məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Bərdə rayonunun Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Tərtər rayonunun Yenikənd kəndində qeydiyyatda olan və Tərtər rayonunun Sarov kəndində yaşayan, barəsində “polisinin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.1 və 177.2.2 maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışı X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Goranboy rayonu Zeyvə kəndi ərazisində yerləşən örüş sahəsindən Zərərçəkmiş şəxs2 məxsus diri çəkisi 160 kiloqram olan 1000 manat dəyərində bir baş erkək cinsli dananı gizli yolla talamaqla oğurlamışdır. Bundan sonra o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışı X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Goranboy rayonu Təhlə kəndi ərazisində yerləşən pay torpaq sahəsinin kənarından Zərərçəkmiş şəxs1 məxsus diri çəkisi 150 kiloqram olan 800 manat dəyərində bir baş dişi cinsli iribuynuzlu heyvanı gizli yolla talamaqla oğurlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun “Oka” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobili 2022-ci ilin may ayının əvvəllərində Ağdam rayonu Quzanlı kəndində yaşayan X5 2500 manata almışdır. Lakin həmin vaxt axşam olduğundan notariat kontoru işləməmiş, ona görə də, Həsənə avtomobili idarə edib gedəcəyini, sonra isə iş günlərinin birində gəlib birlikdə notariat konturuna gedib ona etibarnamə verməyini bildirmişdir. Həsəndə etiraz etməmiş və o avtomobili idarə edib getmişdir. Sonradan pul düzəldib aldığı avtomobili bir başa öz adıma rəsmləşdirmək qərarına gəlmiş, lakin pul düzəldə bilmədiyi üçün avtomobili öz adına rəsmləşdirə bilməmişdi. Həmçinin avtomobil idarə etmək üçün sürücülük vəsiqəsidə yoxdur. Goranboy rayonu Əlirzalı kəndində yaşayan Hikməti tanıyır. Hikmətlə münasibəti normal olmuş, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Hikmətlə dinçəlmək üçün özünə məxsus “Oka” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayonu Aşağı Ağcakənd kəndinədə yerləşən dağa getmişlər. Hikmətlə dağda nahar edib dincəldikdən sonra yaşadıqları evə qayıtmaq qərarına gəlmişlər. Onlar qayıdarkən Ağcakənd-Goranboy yolunun Zeyvə kəndi ərazisindən keçən hissəsində yolun sol tərəfində örüş sahəsində çinar ağacının yanında iki baş iribuynuzlu heyvanların bağlandığını görmüşlər. Həmin heyvanların biri ana biri isə bala olmuşdur. O həmin iribuynuzlu heyvanların yanında idarə etdiyi avtomobili saxlayıb Hikmətə pulu olmadığını ona görə də heyvanlardan birini oğurlamaqlarını təklif etmişdir. Hikmət də onunla razılaşmışdı. Həmin vaxt saat 13 radələri olmuşdur. Onlar ikisidə avtomobildən yerə düşmüşlər. Sonra o bağlanmış iribuynuzlu heyvanların yanına getmiş, Hikmətə isə avtomobili döndərib ağacların arxasında saxlamağını demişdir. Hikmətdə ona məxsus avtomobili döndərib ağacların arxasında saxlamışdır. O həmin iribuynuzlu heyvanlardan birini yəni inəyin erkək balasının mıxını çıxarıb kəndirindən dartaraq avtomobilin yanına gətirmiş, sonra Hikmətlə birlikdə oğurladıqları erkək iribuynuzlu heyvanı avtomobilin arxa salonuna mindirmişlər. Bundan sonra isə avtomobilə əyləşmişlər. Bundan sonra o, avtomobilini işə salıb idarə edərək Yevlax rayonu Salahlı kəndinə getmişlər. Orada o, oğurladıqları bir baş erkək iribuynuzlu heyvanı tanıdığı heyvan alqısatqısı ilə məşğul olan Pərvinə heyvanın özünə məxsus olduğunu deyib 550 manata satmışdır. Bundan sonra Hikmətlə o yaşadıqları evə gəlmişlər. Evə gələrkən yolda Hikmətə 150 manat pul vermiş, qalanını isə özünə götürmüşdür. O Hikməti yaşadığı evə aparıb düşürmüş, sonra isə yaşadığı evə getmişdi. Oğurluq yolu ilə əldə etdiyi qazancı öz ehtiyyacı üçün xərcləmişdir. Bundan başqa pula ehtiyacı olduğu üçün yenə də iribuynuzlu heyvan oğurlamaq qərarına gəlmiş və oğurluğu yenə də Hikmətlə birlikdə etmək istəmişdir.Ona görə də, xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Hikmətə zəng edib harada olduğunu soruşmuş, Hikmət də ona Gəncə şəhərində olduğunu demişdi. Hikmətə onunla işi olduğunu və sonra danışarıq demişdir. Sonra o, avtomobilin arxa oturacaqlarını çıxardıb evin həyətinə qoymuşdur. Həmin gün saat 12 radələrində Hikmətin yaşadığı evin arxasına getmiş, sonra isə Hikmətə zəng edib evlərinin arxasında olduğumu demişdir. Bir neçə dəqiqədən sonra Hikmət yanına gəlmiş və onunla salamlaşdı. Sonra Hikmət ona “nə olduğunu” demiş, o da, Hikmətə “avtomobilə əyləş işim var bir yerə gedib-gələk” demişdi. Hikmət də avtomobilin qabaq sağ tərəf oturacağına əyləşmişdi. Hikmət avtomobilə əyləşdikdən sonra o, avtomobili idarə etməyə başlamış və onlar Goranboy rayonu Xanqərvənd kəndi ərazisinə gəlmişlər. Orada mağazanın qarşısında avtomobilini saxlamış, onlar mağazadan su və siqaret almışlar. Sonra onlar yenə avtomobilə əyləşmişlər və o, avtomobilini Qızılhacılı qəsəbəsi istiqamətinə hərəkət etdirmişdi. Təhlə kəndinin baş tərəfindən keçəndə yolda “Mercedes” markalı avtomobil dayandığını, əkin sahələrinin kənarında isə ağaca iki baş iribuynuzlu heyvan bağlandığını görmüşlər. O, avtomobilini Goranboy rayonu Qızılhacılı qəsəbəsindən geriyə döndərmiş və Xanqərvənd kəndi istiqamətinə hərəkət etdirmişdi. Təhlə kəndinə çatmamış avtomobili qızdırmış və ona görə də avtomobilini saxlamışdı. Sonra onlar avtomobildən yerə düşmüşlər və o, avtomobilin mühərrik örtüyünü qaldırıb avtomobilə su tökmüşdü. Həmin vaxt Hikmətə pula ehtiyacı olduğunu ona görə də, heyvan oğurlamaq istədiyini və birlikdə oğurluq etməyi təkilif etmişdi. Hikmət də onunla razılaşmışdı. Bundan sonra onlar ikisi də avtomobilə əyləşmişlər.Təhlə kəndinin baş tərəfindən keçəndə iki nəfər qızın Təhlə kəndinə getdiyini görmüşlər. Ona görə də, o, avtomobilini saxlamamış və Yeniyol kəndinin yanından avtomobilini geriyə döndərərək yenidən Təhlə kəndinin baş tərəfinə gəlmişlər və o, avtomobilini heyvanlardan təxminən 20 metr aralı məsafədə saxlamışdı. Həmin vaxt saat 14 radələri olmuşdur. Onlar avtomobildən yerə düşmüşlər və o, Hikmətə bir baş iribuynuzlu heyvanı oğurlayıb gətirməyini demişdi. Hikmət də həmin iki baş iribuynuzlu heyvanın yanına gedərək bir baş iribuynuzlu heyvanın mıxını çıxardıb, kəndirindən dartaraq avtomobilin yanına gətirmiş və onlar ikisi də oğurladıqları heyvanı avtomobilə mindirmişlər. Bundan sonra o, avtomobilin sükanının arxasında, Hikmət isə avtomobilin qabaq sağ tərəf oturacağında əyləşmişdi. Sonra onlar Yevlax rayonu Salahlı kəndinə getmişlər. Salahlı kəndində avtomobilini həmin kənddə yaşayan tanıdığı Pərvinin yaşadığı evin qarşısında saxlamışdı. Sonra Pərvinə zəng etmiş, Pərvin isə telefonu götürməmişdi. Sonra Pərvin küçəyə çıxmış, Pərvinlə özü tək görüşüb, atasının öldüyünü, ona görə də özünə məxsus iribuynuzlu heyvanını satmaq üçün gətirdiyini və Pərvinə heyvanı “məndən alarsanmı” demişdi. Pərvin də ona “heyvana baxım deyərəm” demişdi. Bundan sonra heyvanı avtomobildən düşürmüşlər və heyvanı Pərvinin həyətinə aparmışlar. Hikmət isə avtomobilin yanında qalmışdı. Pərvinlə heyvanı 470 manata razılaşmış və Pərvin ona 470 manat pul vermişdi. Sonra o həyətdən çıxıb avtomobilin yanına gəlmiş, Hikmətlə o avtomobilə əyləşib yaşadıqları evə gəlmişlər. Yolda Hikmətə100 mant pul vermiş, qalanını isə özünə götürmüşdü. Hikmət Goranboy rayonu Xanqərvənd kəndi ərazisində avtomobildən düşmüş, o isə avtomobilini idarə edib yaşadığ evə getmişdi. Pərvinə satdığı heyvanın oğurluq olduğunu deməmişdi. Pərvinə heyvanın özünə məxsus olduğunu demişdi, Pərvin də ona inanmışdı. Oğurluq yolu ilə əldə etdiyi qazancı öz ehtiyacı üçün xərcləmişdir.Yevlax rayonu Salahlı kəndində yaşayan Pərvin onlardan aldığı iribuynuzlu heyvanların oğurluq olduğunu bilməmişdi. Belə ki, Pərvinə satdıqları iribuynuzlu heyvanların özünə məxsus olduğunu demişdir. Pərvin də inanıb onlardan həmin iki baş iribuynuzlu heyvanları almışdı. Təqsirləndirilən şəxs son olaraq əməllərindən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, evlidir, psixi xəstəliklər keçirməmişdir. Daimi olaraq heç bir yerdə işləmir. Ona görə də, ailəsini dolandırmaq üçün təsərrüfat işləri ilə məşğul olur. Bundan başqa iki baş iribuynuzlu heyvan saxlayır. Onun ailəsinə məxsus yaşadığı Təhlə kəndi ərazisində pay torpaq sahəsi var. O, pay torpaq sahəsinin bir hektarına yonca bitkisi, qalanına isə arpa əkmişdir. O, iribunuzlu heyvanlarını pay torpaq sahəsinə bağlayır. Belə ki, o, hər səhər iki baş iribuynuzlu heyvanlarını yaşadığı evdən pay torpaq sahəsinə aparıb bağlayır, isti olduğu üçün saat 11 radələrində isə iribuynuzlu heyvanlarını pay torpaq sahəsinin baş tərəfində olan ağaca bağlayıb yaşadığı evə gedir və saat 16 radələrində yaşadığı evdən gəlib iribuynuzlu heyvanlarını yenidən pay torpaq sahəsinə aparıb bağlayır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında o, iki baş iribuynuzlu heyvanlarını yaşadığı evdən pay torpaq sahəsinə aparıb bağlamışdır. Həmin gün saat 11 radələrində isə heyvanlarını gətirib pay torpaq sahəsinin baş tərəfində olan ağaca bağlayıb yaşadığı evə getmişdir. Həmin gün saat 16 radələrində heyvanlarının yanına gələndə diri çəkisi 150 kiloqram olan, 1,5 yaşında 800 manat dəyərində olan, bir baş dişi iribuynuzlu heyvanının bağladığı yerdə olmadığını görmüşdür. O, iribuynuzlu heyvanının mıxını çıxardıb getdiyini zənn etmişdir. Ona görə də, heyvanı axtarmağa başlamış, nə qədər axtarsa da heyvanını tapa bilməmişdi. Sonra oğlu Murada zəng edib bir baş iribuynuzlu heyvanlarının olmadığını demişdir. Murad da dərhal onun yanına gəlib heyvanı axtarmağa başlamış və tapa bilməmişlər. Bundan sonra heyvanlarının oğurlandığını bilmişlər. Ona görə də, oğlu Murad Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib ona məxsus bir baş iribuynuzlu heyvanının oğurlanması barədə məlumat vermişdir. Oğurluq nəticəsində ona 800 manat ziyan dəymişdir. Yekunda bildirdi ki, təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam şəkildə ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edərək buna dair müvafiq ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, daimi olaraq heç bir yerdə işləmir. Ona görə də, ailəsini dolandırmaq üçün təsərrüfat işləri ilə məşğul olur. Bundan başqa iki baş iribuynuzlu heyvan saxlayır. Onlardan biri erkək və biri dişi cinslidir. Həmin iki baş iribuynuzlu heyvanları ana (dişi cinsli inək) və baladır (erkək cinsli dana). xx.xx.2022-ci il tarixdə saat 08 radələrində inək ilə balasını Goranboy rayon Zeyvə kəndində örüş sahəsinə kəndir və mıx ilə bağlamışdır. Həmin gün saat 16 radələrində heryvanları açıb otarmaq üçün getmiş, örüş sahəsinə çatan zaman inəyin yerində olduğunu, lakin inəyin balasının yerində olmadığını görmüşdür. O, dananı yaxın örüş sahəsində axtarmış, lakin tapa bilməmişdir. Daha sonra DİN-in 102 xidmətinə zəng edərək danasının itməsi və ya oğurlanması barədə məlumat vermişdir. Onun bir baş danasının rəngi şabalıdı, gözlərinin rəngi qara, iki balaca buynuzu, diri çəkisi 160 kiloqram çəkisi olmuşdu. İribuynuzlu heyvanının təxmini qiyməti 1000 manat dəyərində olmuşdur. Sonradan Goranboy rayon polis şöbəsinin əməkdaşları tərəfindən bir baş iribuynuzlu heyvanının Təqsirləndirilən şəxs və X3 oğurladıqlarının müəyyən olunduğunu eşitmişdir. Yekunda bildirdi ki, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayətinin olmamasını qeyd edərək buna dair müvafiq ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, daimi olaraq heç bir yerdə işləmir. Ona görə də, ailəsini dolandırmaq üçün özünə məxsus “Qazel” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə heyvan alıb satır. Təqsirləndirilən şəxs təxminən 3 il olar ki, tanıyır. Belə ki, Mərdan yaşadığı kəndin yaxınılığında yerləşən fermada heyvan saxlamış və həmin vaxtdan Mərdanı tanımışdır.xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Mərdan ona zəng edib iribuynuzlu heyvan var, ola bilsin həmin heyvanı satdım demişdir. O da Mərdana “alaram” demişdir. Sonra Mərdan ona “2 saata zəng edəcəm” demişdi. Bundan sonra o, telefonunu səsizə qoyub yatmış, həmin gün saat 15 radələrində qızı Zəhra onu oyadıb kiminsə onu çağırdığını demişdir. O da yuxudan oyanıb evdən küçəyə çıxmışdır. Həmin vaxt onu çağıranın Mərdan olduğunu görmüşdür. Mərdan “OKA” markalı avtomobillə gəlmişdir. Mərdanın yanında isə tanımadığı cavan bir oğlan olmuşdur. Mərdan ona heyvanı gətirdiyini və atası öldüyü üçün heyvanı satmaq istədyini bildirmişdir. Bundan sonra Mərdan yanında olan şəxslə heyvanı avtomobildən yerə düşürmüşlər. Mərdan heyvanı onun yaşadığı həyətə gətirmişdir. Tanımadığı şəxs isə avtomobilin yanında qalmışdır. Mərdanla iribuynuzlu heyvanı 470 manata razılaşıb almışdır. Bundan sonra Mərdan həmin oğlanla çıxıb getmişlər. Mərdandan aldığı bir baş iribuynuzlu heyvanı təqdim etmişdir. Təxminən 2 ay olar ki, Mərdan ona 550 manata bir baş qara rəngli erkək dana satmışdır. Həmin dananı Gəncə şəhərində yerləşən mal bazarında tanımadığı şəxsə satmışdır. Təqsirləndirilən şəxs ona satdığı iribuynuzlu heyvanların özünə məxsus olduğunu demişdir. O da Mərdana inanıb heyvanları ondan almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi barədə” 16 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin İB-nin baş müstəntiqi X8, Goranboy RPŞ-nin İB-nin rəisi X6, Zərərçəkmiş şəxs1, hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirtmişdir. Hadisə Goranboy-Tərtər yolunun sağ tərəfində Goranboy rayonu Təhlə kəndi ərazisindən keçən təxminən 20 metr aralıda əkin sahəsinin kənarında baş vermişdir. Goranboy rayonu Təhlə kəndinə gedən yol asfalt örtüklüdür və yolun sağ və sol tərəflərində əkin sahələri yerləşir. Zərərçəkmiş şəxs1 məxsus pay torpaq sahəsi Təhlə yolunun sağ tərəfində yerləşir. Əkin sahəsinin baş tərəfində su arxı və iki ədəd ağac vardır. Zərərçəkmiş şəxs1 məxsus pay torpaq sahəsinə yonca bitkisi əkilmişdir. Zərərçəkmiş şəxs1 özünə məxsus iki baş iribuynuzlu heyvanları günorta saatlarında həmin ağaca bağlamış və bir baş iribunuzlu heyvanı həmin yerdən oğurlanmışdır; “Şübhəli şəxsin tutulması haqqında” 18 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 02:10-da şübhəli şəxs qismində tutulmuşdur; “Götürmə aparılması haqqında” 18 avqust 2022-ci il tarixli qərardan görünür ki, Goranboy RPŞ-nin İB-nin baş müstəntiqi X8 X1 təqdim etdiyi bir baş iribuynuzlu heyvan iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən ondan götürülməsi qərara alınmışdır; “Maddi sübut kimi tanıma haqqında” 18 avqust 2022-ci il tarixli qərardan görünür ki, istintaq zamanı götürülmüş bir baş dişi iribuynuzlu heyvan iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs1 təhvil verilmişdir; “Tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi barədə” 19 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Hadisə yerinə baxış keçirilməsi haqqında” 18 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X11, Zərərçəkmiş şəxs2 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirtmişdir. Hadisə yerinə baxış keçirilən yer Goranboy rayonunun Zeyvə kəndində yerləşən örüş sahəsidir. Zərərçəkmiş şəxs2 göstərdiyi və onun özünə məxsus iribuynuzlu heyvanın bağlandığı ərazidən maddi sübut əhəmiyyət kəsb edən hər hansı bir əşya aşkar edilməmişdir; Goranboy rayonu mərkəzi bazarından daxil olmuş 30 avqust 2022-ci il tarixli, 26 nömrəli arayışdan görünür ki, diri çəkisi 160 kiloqram olan bir baş erkək iribuynuzlu heyvanın 2022-ci ilin iyun ayında qiyməti 1000 manat və diri çəkisi 150 kiloqram olan bir baş dişi iribuynuzlu heyvanın 2022-ci ilin avqust ayında qiyməti isə 800 manat civarındadır. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 17 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Belə ki, o, Tərtər Rayon Məhkəməsinin xx.xx.2003-cu il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2005-ci il tarixli Suraxanı Rayon Məhkəməsinin qərarına əsasən 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Həmçinin, o, Yevlax Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.4 və 69.4-cü maddələri ilə təqsirli bilinib 2000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli “Amnistiya elan edilməsi haqqında” Qərarının 1.8-ci bəndinə əsasən cərimə cəzasından azad edilmişdir; “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” 03 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir; “Axtarışda olan şəxsin tutulması haqqında” 30 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Goranboy RPŞ-yə gətirilmiş və MSYə təhvil verilmişdir; “Şəxsin həbsdən azad edilməsi və barəsində seçilmiş qətimkan tədbirinin daha ciddi qətimkan tədbiri ilə əvəz olunması barədə” 02 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri daha ciddi qətimkan tədbiri ilə əvəz olunaraq “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; “Sübutların qiymətləndirilməsi barədə” 12 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Goranboy rayon mərkəzi bazarı tərəfindən bazar dəyərinə uyğun qiymətləndirildiyi üçün iş üzrə 30 avqust 2022-ci il tarixli, 26 nömrəli arayışa əsasən diri çəkisi 160 kiloqram olan bir baş erkək iribuynuzlu heyvanın 2022-ci ilin iyun ayında qiyməti 1000 manat və diri çəkisi 150 kiloqram olan bir baş dişi iribuynuzlu heyvanın 2022-ci ilin avqust ayında qiyməti isə 800 manat qəbul edilmiş, iş üzrə maddi sübut olan bir baş dişi iribuynuzlu heyvanın Zərərçəkmiş şəxs1 saxlanılması üçün təhvil verilməsi nəzərə alınmışdır; Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmiş və təqsirləndirilən şəxsdən heç bir şikayəti yoxdur; Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmiş və təqsirləndirilən şəxsdən heç bir şikayəti yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin Qərarın 11-ci bəndində qeyd edilir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin Qərarda həmçinin, götərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. CM-in 177.2.1 və 177.2.2-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -törətdiyi əməlləri etiraf edib peşman olmasını; -zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəməsi, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını; -müsbət xarakterizə olunmasını (əsas: xasiyyətnamə). İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 18 avqust 2022-ci il tarixdə saat 02:10 radələrində tutulmuş və onun barəsində 19 avqust 2022-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək o, MSY-dən azad edilmişdir. İş materiallarında olan 19 avqust 2022-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:20-dək dindirilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs 19 avqust 2022-ci il tarixdə azad olunsa da, onun azadlığı faktiki olaraq 24 saatdan artıq müddətə məhdudlaşdırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs axtarışda olduğu üçün 30 noyabr 2022-ci il tarixdə yenidən tutulmuş və onun barəsində 02 dekabr 2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək o, MSY-dən azad edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırılması müddətinin ümumilikdə 4 (dörd) gün olması nəzərə alınmaqla, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından ümumilikdə 8 (səkkiz) gün çıxılmalıdır (həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq müddətində tutma altında saxlanıldığı 4 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azırbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 4 (dörd) gün, həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 02 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Tərtər Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-16/2023
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-16/2023
09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver