Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-16/2024 08.02.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Goranboy Rayon Məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Goranboy şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs daimi narkotik vasitələrin aludəçisi olduğu üçün 19 oktyabr 2023-cü il tarixdə Goranboy şəhərində yerləşən H.Əliyev adına parkda gəzərkən yolun kənarında zibil qutusunun yanından yerdən taparaq satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz olaraq əldə etdiyi iki ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,96 qram və 5,22 qram, ümumi təmiz çəkisi 10,18 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı əynində olan qara rəngli və üzəri qırmızı zolaqlı zəncirbənd ilə bağlanan gödəkçənin sağ yan cibinə qoyub qanunsuz olaraq saxlayaraq daşımış, 22 oktyabr 2023-cü il tarixdə saat 15:50 dəqiqədə Goranboy RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy şəhərində yerləşən H.Əliyev parkının yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman qanunsuz olaraq əldə edib saxlayaraq əynində olan qara rəngli və üzəri qırmızı zolaqlı zəncirbənd ilə bağlanan gödəkçənin sağ yan cibində şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,96 qram və 5,22 qram, ümümi təmiz çəkisi 10,18 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, səhhətində problem olduğu üçün təxminən 8 ildir narkotik maddədən istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Goranboy şəhərində yerləşən H.Əliyev adına parkda gəzərkən yolun kənarında zibil qutusunun yanında 2 ədəd kibrit qutusu olduğunu görmüş, həmin kibrit qutularını ayağı ilə vurarkən dolu olduğunu hiss etmiş, kibrit qutularını götürüb içərisinə baxanda içərisində marixuana olduğunu görmüşdür. Narkotik vasitə olan marixuanadan istifadə etiyi üçün tanıyıb özü istifadə etmək üçün həmin 2 ədəd kibrit qutularını götürüb əynində olan gödəkçənin sağ yan cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 15:50 radələrində Goranboy şəhərində H.Əliyev parkının yaxınlığında yolun kənarı ilə gedən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Şöbədə olarkən onun hüquqlarının müdafiəsi üçün vəkil təyin edilmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı ona könüllü olaraq üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olunmuş, o da əynində olan qara rəngli və üzəri qırmızı zolaqlı zəncirbəndlə bağlanan gödəkçəsinin sağ yan cibindən 2 (iki) ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı və şəxsi əşyalarını çıxarıb masanın üzərinə qoymuşdur. Onun üzərində şəxsi axtarış aparılan zaman foto və video çəkilişdən istifadə olunmuşdur. Daha sonra onun üzərindən aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər maddələr elektron tərəzidə çəkilmiş və möhürlənərək ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılmışdır. Üzərindən aşkar edilmiş şəxsi əşyalar sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Üzərindən aşkar edilmiş qurudulmuş marixuanadan heç kimə verməmiş və satmamışdır. Polis əməkdaşları onu saxlayan zman ona qarşı heç bir təzyiq və zor olmamışdır. Yekunda Təqsirləndirilən şəxs bildirdi ki, etdiyi əməldən peşmandır. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etmişdir. Həmçinin, İİ qrup əlildir. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz narkotik vasitə istifadə etməsi, üzərində saxlaması barədə xx.xx.2023-cü il tarixdə əməliyyat məlumatı almış, ona görə də xx.xx.2023-cü il tarixdə bu barədə şöbə rəhbərliyinə raportla məruzə etmiş, şöbə rəhbərliyi də Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılmasına icazə verdikdən sonra Goranboy RPŞ-nin CABnin əməliyyat müvəkkili Şahid2, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X3 və onun daxil olduğu əməliyyat qurupu yaradılmışdır. Bundan sonra əməliyyat-axtarış qurupunun üzvləri birlikdə Goranboy şəhəri ərazisinə getmiş və xx.xx.2023-cü il tarixdə saat 15:50 radələrində Goranboy şəhəri, H.Əliyev parkının yaxınlığında, yolun kənarında Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Goranboy RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs də heç bir etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmiş, rayon polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil təyin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində video və foto çəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq masanın üzərinə qoymaq təklif edilmişdir. Təqsirləndirilən şəxs də əynində olan qara rəngli və üzəri qırmızı zolaqlı zəncirbəndlə bağlanan gödəkçənin sağ yan cibindən 2 (iki) ədəd kibrit qutusunda olan qurudulmuş marixuanaya bənzər kütləni və sübut əhəmiyyəti kəsb etməyən digər əşyaları masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 2 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək həmin maddəni 2-3 gün əvvəl Goranboy şəhərində parkın yanındakı yolun kənarından tapdığını, şəxsi istifadəsi üçün götürərək özündə saxladığını, heç kimə satmadığını bildirmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq qablaşdırılmış, daha sonra isə sözügedən zərf möhürlənərək ekspert tədqiqatına göndərilməsi üçün götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi digər əşyalar sübut əhəmiyyəti kəsb etmədiyindən özünə qaytarılmışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunarkən məlum oldu ki, o, iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 22 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxt 22 oktyabr 2023-cü il, saat 15:50); “Şəxsi axtarış aparılması haqqında” 22 oktyabr 2023-cü tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və sonuncu əynində olan qara rəngli və üzəri qırmızı zolaqlı zəncirbəndlə bağlanan gödəkçənin sağ yan cibindən 02 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuanaya bənzər maddəni könüllü olaraq təqdim etmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 16/1088 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlələr” yazı və imzalar olan kağız paketdəki, 2 (iki) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 4,96 qram, 5,22 qram, ümumi təmiz çəkisi 10,18 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadırlar, tərkiblərinə görə eynidirlər. Aparılmış tədqiqatın dəyəri 60.8 (altmış manat səksən qəpik) manatdır; “Tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi barədə” 24 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; “Maddi sübut kimi tanıma haqqında” 26 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib saxladığı və daşıdığı 10,18 qram marixuanadan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 10,14 qram şəxsi istehlak miqdarından artıq çəkidə olan kustar üsulla hazırlanmış qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Goranboy RPŞ-nin anbarına təhvil verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 12 yanvar 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Goranboy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2019-cu il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 məcburi narkoloji-tibbi yoxlama haqqında 12 yanvar 2024-cü il tarixli, 44 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İ siyahının 109.1-ci qrafasına əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 10,18 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf edib peşman olmasını; - qeydiyyat və yaşayış yeri üzrə müsbət xaralterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy şəhər İƏD üzrə nümayəndə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamə); - müharibə veteranı olmasını (əsas: iş materiallarında olan 083685 nömrəli, xx.xx.2012ci il tarixli vəsiqənin surəti); - İİİ qrup əlil olmasını (əsas: iş materiallarında olan Elektron Məhkəmə informasiya sistemindən çıxarış). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (22-24 oktyabr 2023-cü il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM - 69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Goranboy RPŞ-nin anbarına təhvil verilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 10,14 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli (CPM - 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM - 198.1). Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 5 (beş) iş saatı üçün cəmi 30 (otuz) manat məbləğində vəsait Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut - Goranboy RPŞ-nin anbarına təhvil verilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 10,14 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərci 60,8 (altmış manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatı üçün cəmi 30 (otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(045)-16/2024
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-16/2024
08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver