Məhkəmə qərarları › İş №1(045)-16/2025

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-16/2025

23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-16/2025 23.01.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Goranboy rayonu, Yəhərçi Qazaxlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Goranboy rayonu Yəhərçi Qazaxlar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən xeyli miqdarda, yəni ümumi çəkisi 5,89 qram qurudulmuş marixuananı qanunsuz əldə edib üzərində saxlamış, 10 oktyabr 2024-cü il tarixdə saat 02:00 radələrində Goranboy rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Goranboy rayonu, Dəliməmmədli şəhəri, Tofiq Əkbəri küçəsində şübhəli şəxs qismində saxlanılaraq üstünə yoxlanış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusunda xeyli miqdarda, yəni təmiz çəkisi 5,89 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən bir il müddətdir ki, epizodik olaraq narkotik vasitsə olan “nəyşə”, yəni qurudulmuş marixuana istifadə edir. 09 oktyabr 2024-cü il tarixdə saat təxminən 14-15 radələrində gəzmək məqsədi ilə Gəncə şəhərinə getmiş və eyni tarixdə təxminən saat 20-21 radələrində Goranboy rayonu Dəliməmmədli şəhərinə qayıtmışdır. Dəliməmmədli şəhəri ərazisində çayçıda təxminən bir neçə saat vaxt keçirdikdən sonra yaşadığı kəndə getmək üçün taksi axtarmaq qərarına gəlmişdir. Bu səbəblə Dəliməmmədli şəhəri ərazisində Dəmiryolu stansiyasının yaxınlığı ilə piyada gedən zaman yerdə kibrit qutusunun olmasını görmüşdür. Onun üzərində alışqan olmadığı üçün həmin kibrit qutusu onun diqqətini cəlb etmiş və kibrit qutusunu götürüb içərisinə baxan zaman qutunun içərisində narkotik maddə olan qurudulmuş marixuanaya bənzər maddə olmasını görmüşdür. O, əvvəllər narkotik vasitə olan marixuana istifadə etdiyindən, “nəyşə”, yəni marixuananı dərhal tanımışdır. Küçədən aşkar etdiyi içərisində “nəyşə”, yəni qurudulmuş marixuana olan kibrit qutusunu şalvarının sol yan cibinə qoyaraq həmin ərazidən uzaqlaşmışdır. 10 oktyabr 2024-cü il tarixdə saat təxminən 02 radələrində yaşadığı kəndə getmək məqsədi ilə Dəliməmmədli şəhəri, Tofiq Əkbəri küçəsinin ərazisində avtomobil yolunu kənarında maşın gözləmək üçün dayanan zaman tanımadığı polis əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onun üzərini yoxlamaqlarını bildirmişlər. Bu zaman o, polis əməkdaşlarına etiraz etməmişdir. Üzərində yoxlama aparılan zaman ona könüllü olaraq üzərindəki əşyaları təqdim etmək təklif olunmuşdur. Bu zaman o, şalvarının sol yan cibində olan, içərisində qurudulmuş marixuana olan kibrit qutusunu təqdim etmişdir. Üzərinə keçirilən yoxlama zamanı o, narkotik vasitə olan marixuananı 09 oktyabr 2024-cü il tarixdə Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisində yerdən tapdığını, həmin narkotik vasitədən heç kimə satmadığını, əvvəllər bir neçə dəfə narkotik vasitə istifadə etdiyini, narkotik vasitəni şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. Onun üzərindən aşkar edilmiş bir ədəd kibrit qutusunun içərisində olan narkotik maddə olan marixunaya bənzər maddə üzərinə keçirilən yoxlama zamanı polis əməkdaşlarının iştirakı ilə elektron tərəzidə çəkilmişdir. Üzərindən aşkar edilmiş narkotik maddə olan marixuana elektron tərəzi vasitəsi ilə çəkildiqdən sonra ağ rəngli zərfə DİN-nin 121 saylı möhürü ilə möhürlənərək qablaşdırılmışdır. Üzərindən aşkar edilən 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı Goranboy rayonu Dəliməmmədli şəhərində Dəmiryol stansiyasının yaxınlığında yerdən tapmışdır. Narkotik vasitələrin istifadəçisi olduğundan, o, narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istifadəsi üçün götürmüşdür. O, narkotik vasitə aludəçisi olduğundan, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün taparaq əldə etmiş və üzərində saxlamışdır. O, narkotik vasitələrin alqı-satıqısı ilə məşğul deyildir. Yekunda əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2022-ci il tarixdən DİO-da xidmət edir, hazırkı vəzifəsində isə 2023-cü ildən xidmət edir. 09 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində narkotik vasitələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 10 oktyabr 2024-cü il tarixdə saat 02 radələrində Goranboy rayonu, Dəliməmmədli şəhəri, Tofiq Əkbəri küçəsində poçt binasının yaxınlığında o və Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərəfindən saxlanılmışdır. Saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamasını bildirmişdir. Bundan sonra onun, Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 və Goranboy RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs üstünə videoçəkilişdən istifadə edilməklə yoxlama keçirilmişdir. Təqsirləndirilən şəxs ilkin olaraq narkotik vasitələrin istifadəçisi olmasını bildirmiş və könüllü olaraq əynində olan şalvarın sol yan cibində saxladığı bir ədəd siqaret qutusunu təqdim edərək həmin siqaret qutusunda narkotik vasitəsi olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun içərisinə baxış keçirildikdə ilk baxışdan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni Goranboy rayonu Dəliməmmədli şəhərində yerdən tapmasını, həmin narkotik vasitənin özünə məxsus olmasını və narkotik vasitəni istifadə etmək məqsədi ilə saxlamasını etiraf etmişdir. Aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilərək qablaşdırılıb götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs Goranboy rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsinin inzibati binasına müdafiəçi dəvət edilmişdir. Onun, Goranboy RPŞ-nin KTQ-nın baş inspektor-kriminalisti Şahid3, müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun üzərinə aparılan yoxlama zamanı qablaşdırılmış içərisində narkotik vasitə olan bağlamaya və aparılmış yoxlamanın videogörüntüləri olan “DVD” diskə baxış keçirilmişdir. Baxış keçirildikdən sonra narkotik vasitə hesab edilən qurudulmuş marixuana yenidən ağ zərfə qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 2013-cü il tarixdən DİO-da, 2019-cu il tarixdən isə hazırkı vəzifəsində xidmət edir. Əməliyyat məlumatı əsasında 10 oktyabr 2024-cü il tarixdə saat 02 radələrində Goranboy rayonu, Dəliməmmədli şəhəri, Tofiq Əkbəri küçəsində poçt binasının yaxınlığında Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 və Şahid2 tərəfindən Təqsirləndirilən şəxs saxlanılmışdır. Saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamasını bildirmişdir. Bundan sonra onun, Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 və Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üstünə videoçəkilişdin istifadə edilməklə yoxlama keçirilmişdir. Təqsirləndirilən şəxs ilkin olaraq narkotik vasitələrin istifadəçisi olmasını bildirmiş və könüllü olaraq əynində olan şalvarın sol yan cibində saxladığı bir ədəd siqaret qutusunu təqdim edərək həmin siqaret qutusunda narkotik vasitə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun içərisinə baxış keçirildikdə ilk baxışdan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni Goranboy rayonu Dəliməmmədli şəhərində yerdən tapmasını, həmin narkotik vasitənin özünə məxsus olmasını və narkotik vasitəni istifadə etmək məqsədi ilə saxlamasını etiraf etmişdir. Aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilərək qablaşdırılıb götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs Goranboy rayon Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsinin inzibati binasına müdafiəçi dəvət edilmişdir. Onun, müdafiəçinin, Şahid1 və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun üzərinə aparılan yoxlama zamanı qablaşdırılmış, içərisində narkotik vasitə olan bağlamaya və aparılmış yoxlamanın videogörüntüləri olan “DVD” diskə baxış keçirilmişdir. Baxış keçirildikdən sonra narkotik vasitə hesab edilən qurudulmuş marixuana yenidən ağ zərfə qablaşdırılmışdır. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına və götürmə aparılmasına dair” 10 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2024-cü il tarixdə Goranboy rayonu Dəliməmmədli şəhəri, Tofiq Əkbəri küçəsində videoçəkilişdən istifadə edilməklə üstünün yoxlanılması aparılarkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusunda ilk baxışdan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmiş, həmin kibrit qutusu elektron tərəzidə çəkildikdən sonra müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir; “Şübhəli şəxsin tutulması haqqında” 10 oktyabr 2024-cü il tarixli qərarından və protokolundan görünür ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2024-cü il tarixdə saat 03:40-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 10 oktyabr 2024-cü il tarixdə saat 01:48-dən məhdudlaşdırılmışdır; “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” 10 oktyabr 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təqdim olunan 1(bir) ədəd ağ rəngli zərfə və 1 (bir) ədəd “DVD” diskə baxış keçirilmişdir. Üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” yazılı 1(bir) ədəd ağ rəngli zərfdə qablaşdırılmış 01 ədəd kibrit qutusunda marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 1(bir) ədəd “DVD” diskə “HP” markalı komputerdə baxış keçirilmişdir. “DVD” diskdə olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin özünə məxsus olması, Dəliməmmədli şəhərində yerdən aşkar edərək götürməsini və şəxsi istifadəsi üçün əldə etməsi baradə bildirməsi əksini tapmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 bölməsinin məhkəmə-bioloji ekspertizasının 10 oktyabr 2024-cü il tarixli 16/1010 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlə” yazı və imzalar olan 1 (bir) ədəd kağız paketdəki 1(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,89 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır; “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və şəxsin azad edilməsi haqqında” 11 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00-da saxlanıldığı Goranboy RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 11 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi 5,89 qram olan, ekspertiza tədqiqatından sonra qalıq 5,86 qram nakotik vasitə - qurudulmuş marixuana cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış və saxlama müddəti ərzində Goranboy rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir; Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İinformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının 04 noyabr 2024-cü il tarixli 1795 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İ siyahısının “Narkotik vasitələr” fəslinin 109.1-ci qrafasına əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın (kannabis) xeyli miqdar daxil olmaqla, aşağı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 5,89 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarına əlavə olunmuş Goranboy RİHB-nin Yəhərçi-Qazaxlar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 oktyabr 2024-cü il tarixli xasiyyətnamə); İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2024-cü il tarixdə saat 01:48 radələrində saxlanılmış və onun barəsində 11 oktyabr 2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək o, saat 17:00-da həbsdən azad edilmişdir. İş materiallarında olan 11 oktyabr 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:40-dan 16:30-dək dindirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 11 oktyabr 2024-cü il tarixdə azad olunsa da, onun azadlığının faktiki məhdudlaşdırılması 24 saatdan artıq olmuşdur. Bununla da məhkəmə hesab edir ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gün çıxılmalıdır (həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (10-11 oktyabr 2024-cü il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Goranboy RPŞ-yə təhvil verilmiş ekspertiza tədqiqatından sonra təmiz çəkisi 5,86 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana (kannabis) məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM- 198.1), o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CMin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir . Məhkəmə, vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə sərf edilmiş hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 6 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs faktiki olaraq 10 oktyabr 2024-cü il tarixdən 11 oktyabr 2024-cü il tarixədək müddətdə 02 (iki) gün şübhəli şəxs qismində tutulması nəzərə alınaraq, ona təyin olunmuş 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın, üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut - Goranboy RPŞ-nin anbarına təhvil verilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 5,86 qram olan tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərci 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 6 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar