Məhkəmə qərarları › İş №1(045)-17/2023

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-17/2023

23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-17/2023 23.02.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Behbudzadə Rauf Elman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Goranboy rayon məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində anadan olmuş, Аzərbaycan Рespublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilməmiş və ya götürülməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs daimi narkotik vasitələrin aludəçisi olduğu üçün 29 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində Goranboy rayonu Dəliməmmədli şəhərindən keçən dəmiryol xəttinin kənarında yerdən taparaq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd sellofan bükümdə 1,431 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibinə qoyaraq qanunsuz saxlamaqla daşımış, 31 oktyabr 2022-ci il tarixdə saat 17:40 dəqiqədə Goranboy RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisində saxlanılaraq RPŞ-nə gətirilib, üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibində satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı bir ədəd sellofan bükümdə 1,431 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə aludəçisidir, daimi olaraq narkotik qəbul edir, qəbul etməyəndə bədənində ağrılar olur. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Goranboy rayon Dəliməmmədli şəhərində yaşadığı evdən çıxıb dəmir yolu xəttinin kənarı ilə çayxanaya gedən zaman dəmir yolu xəttinin yanında yerdə sellafon torbacıq görmüş, həmin torbacıq onun diqqətini cəlb etdiyi üçün yerdən götürüb içərisinə baxan zaman sellofan torbacığın içərisində narkotik vasitə olan heroin olduğunu görmüş, narkotik vasitə qəbul etdiyi üçün sellofan torbacıqda olan maddənin heroin olduğunu bilmiş, özü istifadə etmək üçün yerdən götürüb əynində olan gödəkçənin cibinə qoymuşdur. Bədəni ağrıdıqda istifadə edəcəyi üçün həmin narkotik vasitəni cibində saxlamış və bu barədə heç kimə deməmişdir. xx.xx.2022-ci il tarixdə saat 17:40 radələrində Goranboy rayon Dəliməmmədli şəhərinin Azərbaycan küçəsində çayxanaya gedən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və onu rayon polis şöbəsinə dəvət etmişlər. Bundan sonra heç bir etiraz etmədiyi üçün polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmişdir. Burada hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində olan əşyaları çıxarıb masanın üzərinə qoyması təklif edilmişdir. O, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən içərisində narkotik vasitə heroin olan sellofan torbacığı və şəxsi pulunu çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərində şəxsi axtarış aparılmış, lakin başqa hər hansı əşya, predmet aşkar olunmamışdır. Təqdim etdiyi sellofan torbacıq elektron tərəzidə çəkilmiş və daha sonra ekspert tədqiqatına göndərilməsi üçün qablaşdırılmış, bu barədə protokol tərtib edilmişdir. Həmçinin, üzərindən aşkar olunmuş pul özünə qaytarılmışdır. Sonda əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməliyyat müvəkkili Şahid ifadəsində göstərdi ki, 31 oktyabr 2022-ci il tarixdə Goranboy rayon Dəliməmmədli şəhərində Goranboy RPŞ-nin əməkdaşı Röyal Baxşiyevlə birlikdə xidmətdə olan zaman Dəliməmmədli şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi ilə bağlı daxil olmuş məlumatı dərhal Goranboy rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmiş, təxirə salınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə tərəfindən qərar qəbul edilmiş, eyni zamanda tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri isə Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X9, Goranboy RPŞ-nin İTB-nin sahə polis nəfəri X4, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X6 və ondan ibarət olmuşdur. Bundan sonra isə Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədi ilə həmin tarixdə saat 16:30 radələrində xidməti avtomobillə əməliyyat müvəkkili Ramin Zalov və sahənin polis nəfəri Röyal Baxşıyevlə birlikdə Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisinə getmişdir. Təxminən 20 dəqiqə sonra Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisinə çatmış, daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs Dəliməmmədli şəhəri, Azərbaycan küçəsində olan çayxanaya gedəcəyi məlum olduğu üçün həmin yerə gedib, orada təxminən 50 dəqiqə gözləmişlər. Saat 17:40 radələrində Dəliməmmədli şəhəri, Azərbaycan küçəsində Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb, əməliyyat müvəkkili Ramin Zalov, sahənin polis nəfəri Röyal Baxşıyevlə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini çıxarıb Goranboy rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Goranboy RPŞ-yə dəvət etmişlər. Sonra Təqsirləndirilən şəxs xidməti avtomobillə onlarla birlikdə Goranboy rayon polis şöbəsinə gəlmişdir. Goranboy RPŞ-də Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş və o, şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməsi təklif edilmiş, buna görə də Təqsirləndirilən şəxs qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd sellofan torbacıqda içərisində narkotik maddə heroinə bənzər maddəni və 40 manat pulu masanın üzərinə qoymuşdur. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik maddə heroin olan bir ədəd sellofan torbacıq elektron tərəzi vasitəsi ilə çəkilmiş, möhürlənərək ekspertiza tədqiqatına təqdim olunması üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 40 manat pul isə iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin İTB-nin polis nəfəri X7 iş üzrə digər Şahid ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etdi. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Goranboy RPŞ-nin əməkdaşı X8 məhkəmə iclasının vaxtı və yeri barədə xəbər verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Şahid X5 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunarkən məlum oldu ki, o, iş üzrə digər Şahid ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 31 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxt 31 oktyabr 2022-ci il, saat 17:40); “Şəxsi axtarış aparılması haqqında” 31 oktyabr 2022-ci tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və sonuncu könüllü olaraq əynində olan qara rəngli gödəkçənin sağ yan cibindəki 1 ədəd sellofan torbacıqda içərisində narkotik vasitə olan heroinə bənzər maddəni könüllü olaraq təqdim etmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 16/1239 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə bənzər maddə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qırmızı rəngli sellofan bükümdə təmiz çəkisi 1,431 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 30,4 (otuz manat qırx qəpik) manatdır; Goranboy Rayon Məhkəməsinin 4(045)-52/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir; “Qətimkan tədbirinin seçilməsi haqqında” 02 noyabr 2022-ci il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Maddi sübutun tanıması haqqında” 07 noyabr 2022-ci il tarixli qərardan görünür ki, 31 oktyabr 2022-ci il tarixli protokolla götürülmüş narkotik vasitə heroindən tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1,331 qram heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Goranboy RPŞ-yə təhvil verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə o, Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 məcburi narkolojitibbi yoxlama haqqında 26 dekabr 2022-ci il tarixli, 1942 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür; Goranboy Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 1(045)-01/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 29,177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 1 il sınaq müddəti təyin edilməklə 1 il 11 ay 29 gün müddətə şərti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; Goranboy Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 1(045)-95/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və qəti olaraq ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir; Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-936/2022 nömrəli, 08 aprel 2022-ci il tarixli qərarından görünür ki, Məmmədov X3 Rayon Məhkəməsinin 1(045)-95/2021 nömrəli, 21 oktyabr 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 3 ay 20 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir; Goranboy rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, 53932/2020 nömrəli məktubundan görünür ki, Goranboy Rayon Məhkəməsinin 1(045)-001 saylı, xx.xx.2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-in 29,177.2.1-ci maddəsi ilə təqsirli bilinib 1 il sınaq müddəti təyin edilməklə 1 il 11 ay 29 gün müddətə şərti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sınaq müddəti xx.xx.2021-ci il tarixdə bitmiş və şərti cəzasını çəkib qurtarmışdır; Goranboy rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, 105991/2022 nömrəli məktubundan görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)- 936/2022 nömrəli, 08 aprel 2022-ci il tarixli Qərarına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 3 ay 20 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və şərti cəzasının müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarışəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,431 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib əməlindən peşman olmasını; qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy rayon İcra Hakimiyyəti başçısının Dəliməmmədli şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamə). himayəsində 1 yetkinlik yaşına çatmayan övladının olmasını (əsas: iş materiallarında olan Goranboy rayon İcra Hakimiyyəti başçısının Dəliməmmədli şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1221 nömrəli arayış). CM-in 61-ci maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Goranboy Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 1(045)-95/2021 nömrəli hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və ya götürülməmişdir. Yəni, CM-in 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunduğu vaxtdan, yəni 08 aprel 2022-ci il tarixdən hesablanır (CM-in 83.4-cü maddəsi). Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd edilir ki, CM-in 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 2 (iki) gün müddət (31 oktyabr-02 noyabr 2022ci il) ona təyin edilmiş cəzadan çıxılmalı və qəti cəza müəyyən edilməli (CM-in 69.3-cü maddəsi), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPMin 158.2.1, 158.6, CM-in 69.3-cü maddələri), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.3-cü maddəsi), ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Goranboy RPŞ-yə təhvil verilmiş narkotik vasitə heroinin qalıq çəkisi (1,331 qram) məhv edilməli (CPM-in 132-ci maddəsi), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1-ci maddəsi). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, ona məhkəmədə iştirak etdiyi 5 (beş) iş saatı üçün cəmi 30 (otuz) manat məbləğində vəsait ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 2 (iki) gün (31 oktyabr-02 noyabr 2022-ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və qəti olaraq ona 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 23 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Goranboy RPŞ-yə təhvil verilmiş narkotik vasitə heroinin qalıq çəkisi (1,331 qram) məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 30,4 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatı üçün cəmi 30 (otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar