Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-17/2024 27.03.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı ildə Goranboy rayonu, Xınalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Goranboy rayonu, Xınalı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 186.2.2 və 245ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 avqust 2023-cü il tarixdə saat 16 radələrində əmisi oğlu X2 üç il ərzində onun arvadı X4 ilə qeyri-rəsmi olaraq ər-arvad kimi yaşaması barədə öyrəndikdən sonra Elmir Orucovdan qisas almaq qərarına gələrək bu məqsədlə Goranboy rayonu Xınalı kəndində yerləşən qəbiristanlığa gedib orada Elmir Orucovun mərhum atası X8 dəfn edildiyi qəbrin üzərində quraşdırılmış sinə daşını və qəbrin ərtafında quraşdırılmış 2 ədəd güldanı sındıraraq, həmçinin baş daşı üzərinə həkk olunmuş şəkli daşla vurub zədələyərək qəbir üzərində təhqiredici hərəkətlər etmişdir. Bundan sonra o, 11 avqust 2023-cü il tarixdə saat 18 radələrində əmisioğlu X7 anası Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı Goranboy rayonu Xınalı kəndində yerləşən fərdi yaşayış evinə gedərək evin həyətyanı sahəsində saxlanılan ot bağlamalarını özü ilə gətirdiyi kibritlə yandıraraq 1850 manat dəyərində 300 ədəd saman və 200 ədəd yonca bağlamasını, həmçinin ot tayasının yaxınlığında yerləşən tövlənin 4420 manat dəyərində taxta konstruksiya və şiferdən ibarət olan dam örtüyünü qəsdən yandırmaqla özgənin cəmi 6270 manat dəyərində əmlakını qəsdən məhv edərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, çobanlıqla məşğul olur, yay aylarında da Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində olan yaylaqlarda heyvan otarıb çobanlıq edir. X10 onun əmisioğludur, Elmir onunla qonşuluqda yaşayır. X4 onun arvadıdır, onunla 15 ildir ki, ailəlidir və həmin evlilikdən 3 övladları dünyaya gəlmişdir. Şəlalə ilə münasibəti yaxşı olmuşdur. Təxminən bir il bundan öncə o şübhələnmişdir ki, arvadı Şəlalənin əmisioğlu Elmirlə yaxınlıq münasibəti var. Bunun üçün sonuncuların hər ikisini dəvət edib söhbət etmiş, onlar da ona bildirmişlər ki, “onlar bir-birinə bacı-qardaş deyirlər və onlar arasında heç bir münasibət ola bilməz”, o da onlara inanmışdır. xx.xx.2023-cü il tarixdə yenidən işləmək üçün Daşkəsən rayonunda yerləşən yaylağa getmişdir. xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində anası Rəhmiyyə ona zəng edib arvadı Şəlalə 3 uşağı da evdə qoyaraq əmisioğlu Elmir Orucovla ailə qurmaq məqsədi ilə evdən çıxıb getdiyini bildirmişdir. Bu xəbəri eşitdikdə o əsəbləşmiş, taksi ilə yaşadığı Goranboy rayonu Xınalı kəndinə gəlmişdir. Evə gələn zaman 3 övladının evdə olduğunu, arvadı Şəlalənin isə çıxıb getdiyini görmüşdür. O, Elmirin anası Marifəyə və onun mərhum ərinin ünvanına nalayiq ifadələr işlətmiş və Marifə ona “mənim Elmir adlı oğlum yoxdur, istəyirsən get onu öldür" demişdir. O, isə Marifəyə “mənim sizinlə işim yoxdur” demişdir. Bundan sonra həmin tarixdə saat 16 radələrində əmisi Ramiz Orucovun dəfn olunduğu Xınalı kənd qəbirsanlığma getmiş, qəbirsanlığa çatıb əmisi Ramizin qəbrinin üzərində quraşdırılmış mərmərləri yerdən götürdüyü daşla sındırmış, qəbir daşının yanındakı güldanları daşla qırmış, bundan sonra daşla baş daşının üzərinə həkk olunmuş şəklə bir neçə dəfə zərbə vurmuş və şəkil zədələnmişdir. Bundan sonra o, qəbirsanlıqdan çıxıb evə gəlmişdir. Daha sonra əmisioğlunun ona etdiklərinə görə onun ot tayasını və evini yandırmaq qərarına gəlmişdir. Ona görə də, həmin gün saat 18 radələrində evdən çıxıb Elmirin evinə tərəf getmiş, həyətyanı sahənin çöl hissəsində yerləşən təxminən 120 ədəd saman kipi olan tayanı özündə olan kibritlə yandırmış, saman quru olduğuna görə tez bir zamanda alışmış, bir neçə dəqiqə sonra həmin yerə qardaşı Şahid gəlmiş və tayanı söndürməyə çalışsa da, söndürə bilməmişdir. Tayanın yanması nəticəsində yaxınlıqda olan təxminən 20 metr uzunluqda 8 metr enində heyvan tövləsinin dam örtüyü tamamilə yanmışdır. O, daha sonra Elmirin yaşadığı həyətə keçmiş, həyətdə heç kim olmamış, Elmirin yaşadığı fərdi yaşayış evin 5 ədəd pəncərəsinin şüşəsini daşla vurub sındırmışdır. Sonra siqaret çəkmək üçün kibritlə siqaretini yandırmış, bundan sonra isə yanan kibriti atmış, yanan kibrit isə evdə olan divanın üstünə düşmüş, divan təzə yanmağa başlamışdır ki, qardaşı Adil gəlib divanı əli ilə söndürmüş və həmin vaxt Adilin əli yanaraq xəsarət almışdır. Bundan sonra yanğınsöndürənlər hadisə yerinə gəlmiş və yanğını söndürmüşlər. Daha sonra həmin yerə polis əməkdaşlarının gəldiyini görüb oradan uzaqlaşaraq Bakı şəhərinə getmişdir. Yekunda törətdiyi əməldən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X10 onun oğludur. X5 3 ildir ki, ölmüşdür. Onlarla qonşuluqda qaynı X6 Elçin Aydın oğlu yaşayır. X1 adlı arvadı var. Elçinlə Şəlalə 15 ildir ki, ailəlidirlər, həmin evlilikdən dünyaya 3 övladları gəlmişdir. X13 arasında yaxınlıq münasibətinin olduğunu bilməmiş, onlar ancaq fikirləşmişlər ki, sonuncuların arasında yalnız qohumluq əlaqəsi var. xx.xx.2023-cü il tarixdə isə onlar bilmişlər ki, Şəlalə oğlu Elmirə qoşularaq ailə qurmaq məqsədi ilə qaçmışdır. Həmin vaxt Elçin evdə olmamış, Elçin Daşkəsən rayonu ərazisində yerləşən yaylaqda olmuşdur. xx.xx.2023-cü il tarixdə Elçinin anası Rəhmiyyə və qardaşı Adil gəlib onlarla mübahisə etmişlər. xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində eşitmişdir ki, Elçin yaylaqdan gəlir, Elçin gəlib onlarla mübahisə edəcəkdir. O da, damda olan heyvanları və qoyunları götürərək Qaramusalı kəndində yerləşən qardaşı evinə aparmaq istəmişdir. Heyvanları qapıdan çıxardığı zaman Elçinin qardaşı Adil və anası Rəhmiyyə gələrək “bizim sizinlə işimiz yoxdur heyvanları geri qaytar, Elçinin sizə nəisə eləməsinə imkan verməyəcəyik” demişlər. O da, sonunculara inanmış 3 inək və onların 3 balasını dama qaytarmışdır, ancaq 30 baş qoyunları qardaşının evinə aparmışdır. Sonra isə Elçinin gəlib onun həyətyanı sahəsinin önündə olan 200 ədəd yonca və 300 ədəd saman kipləri olan tayanı yandırdığını, daha sonra içərisində inəklər və balaları olan 20 metr uzununda 9 metr evində olan heyvanların saxlanılması üçün nəzərdə tutulmuş damı yandırdığını, evinə doğru gedib ona məxsus evin 1,2 m x 1,6 m ölçüdə olan 4 ədəd pəncərələrin tək qat şüşələrini daşla sındırdığını və qonaq otağında olan parça divanı yandırdığını, divanın bir hissəsi yandıqdan sonra xoşbəxtlikdən orda olan şəxslər divanı söndürdüklərini və evində yanğının baş verməsinin qarşısının alındığını eşitmişdir. Taya və dam tamamilə yanmış, içərisində olan heyvanları isə kənd sakinləri çölə çıxarmışlar, lakin 3 inəyi və bir danası tələf olmasalar da yanaraq xəsarət almışlar, bir baş 3 aylıq danası isə isti olduğuna görə bu müddət ərzində yeməmiş, özünü pis hiss etmiş, həkim dəvət edib onlara yardım etmişdir. Damın dam örtüyü keyfiyyətli taxta və asbest şiferlə örtülmüşdür. Elçin onun tayasını və damını yandırmaq, həmçinin evinin pəncərəsini sındırmaqla, ona maddi ziyan vurmuşdur. Bundan başqa oğlu Elmir Elçinin həyat yoldaşı Şəlalə İsmayılovanı qaçırdığı üçün ona pis təsir etdiyindən ona deyirdi ki, oğluna de arvadını gətirsin. O isə Elçinə onların yerini bilmədiyini bildirmişdir. Elçin isə ona “gedəcəm ərini qəbrdən çıxaracam, qəbrini dağıdacam” demişdir. O isə əsəbidir, birazdan sakitləşər deyərək fikir verməmişdir. xx.xx.2023-cü il tarixdə 13 radələrində qaynı Mehman Orucovla birlikdə ərinin qəbrini ziyarət etmək üçün kəndlərində yerləşən qəbiristanlığa getmiş, qəbiristanlığın qarşısında avtomobildən düşüb qəbrin yanma getmişlər, qəbrə çatan zaman qəbrin yanına qoyulmuş güldanların sındığını və baş daşına həkk olunmuş şəklə daşla vurulduğunu, şəklin sındığını və sinə daşının qırıldığını görmüşdür. Yekunda təqsirləndirilən şəxslə barışdığını və ona dəymiş ziyanın ödənildiyini bildirərək, buna dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. xx.xx.2023-cü il tarixdə qonşuluqda yaşayan əmisioğlu X10 3 uşaq anası olan qardaşı Təqsirləndirilən şəxs arvadını qaçırmışdır. Bundan sonra onlar Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişlər. Qardaşı bu məsələyə görə əsəbləşmiş və xx.xx.2023-cü il tarixdə saat 18 radələrində qonşuluqda olan Elmirin yaşadığı evin yanına gəlib həyətin çöl tərəfində olan təxminən 100 ədəd samandan olan tayasını yandırmışdır. O, tayanı söndürmək istəmiş, lakin söndürə bilməmişdir. Sonra isə tayadan yanğın heyvanların damına keçmiş və dam da yanmışdır. X14 həyətinə keçib evin pəncərələrinin şüşələrini daşla vurub sındırmışdır. Bundan sonra Elçin evdə olan divanı yandırmış, lakin o, divanın yanmağına imkan verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus Goranboy rayonu, Xınalı kəndində yerləşən həyətyanı sahəsində yerləşəndə 200 ədəd yoncavə 300 ədəd saman kipləri olan oy tayası yanıb, ot tayasına yaxın məsafədə olan həyətyanı sahənin sol hissəsində yerləşən, 3 otaqdan ibarət, mişar və çay daşları ilə inşa edilmiş ümumi 20 metr uzununda 9 metr enində üzəri taxta və asbest şiferlə inşa edilmiş heyvanların saxlanması üçün nəzərdə tutulmuş damın dam örtüyü tamamilə yanmışdır. Damdan 10 metr məsafədə mişar və çay daşları ilə inşa edilmiş bir mərtəbəli 4 otaq bir mətbəxdən ibarət kürsülü ev vardır. Evin pəncərələrinin şüşəsi sındırılmış, qonaq otağında olan parça divan yandırılmış, lakin müdaxilə olunduğuna görə yanğın yayılmamışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 oktyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Goranboy rayonu, Xınalı kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən ərazidə iki ədəd müstəqil və əlaqəsiz mənbə zonası olmuşdur. Onlardan birincisi ot bağlamalarının yerləşdiyi zonada, ikincisi isə fərdi yaşayış evinin daxilində yerləşən divanın üzərində olmuşdur. Yanğın kənardan gətirilmiş alışdırma vasitəsinin təsiri ilə iki müstəqil və əlaqəsiz mənbə zonalarının yaranması (-dılması) nəticəsində baş vermişdir. Goranboy rayonu, Xınalı kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə və həyətyanı sahəsində yerləşən tövləyə tikinti üzrə dəymiş ziyan 4420,00 manat təşkil edir. Ekspertiza təyini haqqında qərarda göstərilən ot və yonca bağlamalarının hadisə baş verən tarixə, yəni 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1850,00 manat müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 165 (yüz altmış beş) manat təşkil edir; “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Goranboy rayon Xınalı kəndində yerləşən qəbiristanlıqıdr. Qəbirlər arasında X8 baş daşı vardır və üzərinə mərhumun şəkli həkk olunmuşdur. Şəklin üz nahiyəsində 4 ədəd zədə izləri vardır. Qəbrin kənarında quraşdırılmış güldanlardan biri yerində yoxdur, qırılıb yerə düşmüşdür. Digər güldan yerində olsa da, zədələnmişdir. Bundan başqa sinə daşının alt kənarlarından ağ daşların kənarları sındırılmışdır; “Şübhəli şəxsin tutulması haqqında” 04 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq həmin tarixdə saat 12:25-də məhdud şübhəli şəxs qismində tutulmuşdur; “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və qətimkan tədbiri seçmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 186.2.2 və 245-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 186.2.2-ci maddəsinə əsasən həmin Məcəllənin 186.1-ci maddəsində göstərilən (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) əməllər yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Təhlil edilən cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını məhv etməklə və ya zədələməklə mülkiyyət münasibətlərinə qəsd edir, ona ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Digər tərəfdən, bu əməllərin ümumi təhlükəli üsullarla törədilməsi insanların sağlamlığını, həyatını və qanunla qorunan digər dəyərləri də təhlükə altına alır. Əmlakı qəsdən məhv etmə və ya zədələmə cinayətinin obyekti mülkiyyət münasibətləri, predmeti isə maddi dəyərə malik olan hər cür əmlakdır. Təhlil edilən cinayətin obyektiv cəhəti aşağıdakıları əhatə edir: a) özgənin əmlakını məhv etmə və ya zədələmədən ibarət əməl; b) zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmasından ibarət ictimai təhlükəli nəticə; c) törədilmiş əməllə vurulmuş ziyan arasında səbəbli əlaqə. Məhv etmə dedikdə, əmlakın xassələrinin elə dəyişməsi başa düşülür ki, bu zaman əmlak təsərrüfat dəyərini itirir, məqsədli təyinatı üzrə istifadə edilə bilmir, başqa sözlə, tam yararsız vəziyyətə salınır. Əmlakı məhv etmə onun dağıdılmasında, parçalanmasında, ümumiyyətlə maddi dəyərin tamamilə təsərrüfat dövriyyəsindən çıxmasında ifadə olunur. Bu zaman həmin əmlakı təmirlə və ya başqa üsulla bərpa etmək mümkünsüz olur. Cinayətin obyektiv cəhətinin zəruri əlaməti zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqda ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir. Burada xeyli miqdar dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür (CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndi). Belə ziyan məhv edilmiş əmlakın real dəyəri, zədələnmiş əmlakın bərpası üçün çəkilən xərc və s. formada ola bilər. CM-in 245-ci maddəsinə əsasən qəbir və ya meyit üzərində təhqiredici hərəkət - iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu maddənin məqsədi cinayət-hüquqi vasitələrlə ictimai mənəviyyatı, həmin mənəviyyatı əks etdirən abidələri, insanların mənəvi duyğularını kriminal qəsdlərdən qorumaqdır. Qəbir və ya meyit üzərində təhqiredici hərəkətlər dedikdə, meyitin dəfn edilməsinin xalq arasında ümumi qəbul edilmiş qaydalarını, bu sahədə mövcud olan adət və ənənələri kobud surətdə pozan, qəbirlərin dağıdılması, zədələnərək korlanması, qəbir daşlarının üzərində əxlaqsız söz və ifadələr yazılması, şəkillər, işarələr çəkilməsi və s. bu kimi mənəviyyatsız, rüsvayedici hərəkətlərin törədilməsi başa düşülür. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını yandırmaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla qəsdən məhv etməsi və qəbir üzərində təhqiredici hərəkətləri ilə bağlı verilmiş ittiham məhkəmə istintaqında öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-in 186.2.2 və 245-ci maddələri ilə düzgün tövsif edilmiş və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - cinayət əməllərini etiraf etməsi və əməlindən peşman olmasını; - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy RİHB-nin Xınalı kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə); - himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını (əsas: iş materiallarında olan Goranboy RİHB-nin Xınalı kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqda arayış) Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 186.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə, 245-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin maddəni rəhbər tutaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 186.2.2 və 245-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs CM-in 186.2.2 və 245ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli, ona CM-in 186.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası və 245-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti cəza təyin edilməli (CM-66.2), ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 2 (iki) gün (04 sentyabr - 06 sentyabr 2024-cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan hesablanmalı (CPM-158.2.1, 158.6, CM-69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 9 (doqquz) iş saatı üçün cəmi 54 (əlli dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 2 (iki) gün (04 sentyabr - 06 sentyabr 2024-cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni 27 mart 2024-cü il tarixdən hesablansın. Ekspertiza tədqiqatının dəyəri 165 (yüz altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 09 (doqquz) iş saatına görə 54 (əlli dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkum aldığı) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-17/2024
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-17/2024
27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver