Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-18/2024 08.04.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Goranboy rayonu Xanqərvənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs'’ qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə dələduzduq, yəni özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə xx.xx.2023-cü il tarixdə özünü Zərərçəkmiş şəxs5 heyvan alqısatıqısı ilə məşğul olan şəxs kimi təqdim edərək aldıqları heyvanları satdıqdan sonra pulunu qaytarmaq imkanına malik olmasını deyərək, borc müqaviləsi bağlamaqla sonuncunun ona olan inamını daha da artıraraq 08 iyun 2023-cü il tarixdə səhər saatlarında Goranboy rayonu Xanqaərvənd kəndində Zərərçəkmiş şəxs5 yaşadığı evdə onunla görüşərək hər birinin dəyəri 1000 manat olan 2 baş iri buynuzlu heyvanını alıb heyvanları satdıqdan sonra pulunu vermək barədə vədinə əməl etməyərək heyvanların satışından əldə etdiyi gəliri öz ehtiyacları üçün xərcləyib qaytarmamaqla özgə əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs5 ümumilikdə 2000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə dələduzduq, yəni özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə xx.xx.2023-cü il tarixdə özünü Zərərçəkmiş şəxs6 heyvan alqı-satıqısı ilə məşğul olan şəxs kimi təqdim edərək aldıqları heyvanları satdıqdan sonra pulunu qaytarmaq imkanına malik olmasını deyərək Zərərçəkmiş şəxs6 inandırıb etibarını qazandıqdan sonra 10 iyun 2023-cü il tarixdə günorta saatlarında Goranboy rayonu Qızılhacılı qəsəbəsində sonuncunun yaşadığı evdə onunla görüşərək 900 manat dəyərində 1 baş 65 kiloqram əti olan erkək cinsli xırda buynuzlu heyvanını alıb heyvanı satdıqdan sonra pulunu vermək barədə vədinə əməl etməyərək heyvanın satışından əldə etdiyi gəliri öz ehtiyacları üçün xərcləyib qaytarmamaqla özgə əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs6 ümumilikdə 900 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə dələduzduq, yəni özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə xx.xx.2023-cü il tarixdə özünü Zərərçəkmiş şəxs4 heyvan alqı-satıqısı ilə məşğul olan şəxs kimi təqdim edərək aldıqları heyvanları satdıqdan sonra pulunu qaytarmaq imkanına malik olmasını deyərək Zərərçəkmiş şəxs4 inandırıb etibarını qazandıqdan sonra həmin tarixdə saat 22 radələrində Goranboy rayonu Xanqərvənd kəndində sonuncunun yaşadığı evdə onunla görüşərək ümumi dəyəri 1700 manat olan iki baş dişi cinsli iri buynuzlu heyvanını alıb heyvanları satdıqdan sonra pulunu vermək barədə vədinə əməl etməyərək heyvanların satışından əldə etdiyi gəliri öz ehtiyacları üçün xərcləyib qaytarmamaqla özgə əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs4 ümumilikdə 1700 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə dələduzduq, yəni özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə xx.xx.2023-cü il tarixdə özünü Zərərçəkmiş şəxs1 qızma heyvan alqı-satıqısı ilə məşğul olan şəxs kimi təqdim edərək aldıqları heyvanları satdıqdan sonra pulunu qaytarmaq imkanına malik olmasını deyərək Zərərçəkmiş şəxs1 inandırıb etibarını qazandıqdan sonra 10 avqust 2023-cü il tarixdə səhər saatlarında Goranboy rayonu Gürzallar kəndində sonuncunun yaşadığı evdə onunla görüşərək 1 baş 1100 manat dəyərində 6 yaşlı, qarnında balası olan iri buynuzlu heyvanını və 1 baş 1400 manat dəyərində 2 yaşlı, 100 kilqram çəkidə erkək cinsli iri buynuzlu heyvanını alıb heyvanları satdıqdan sonra pulunu vermək barədə vədinə əməl etməyərək heyvanların satışından əldə etdiyi gəliri öz ehtiyacları üçün xərcləyib qaytarmamaqla özgə əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs1 ümumilikdə 2500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə dələduzduq, yəni özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə xx.xx.2023-cü il tarixdə özünü Zərərçəkmiş şəxs7 heyvan alqı-satıqısı ilə məşğul olan şəxs kimi təqdim edərək aldıqları heyvanları satdıqdan sonra pulunu qaytarmaq imkanına malik olmasını deyərək Zərərçəkmiş şəxs7 inandırıb etibarını qazandıqdan sonra 17 sentyabr 2023-cü il tarixdə səhər saatlarında Gəncə şəhərində yerləşən heyvan bazarında onunla görüşərək ümumi dəyəri 3100 manat olan 9 baş xırda buynuzlu heyvanları alıb sonuncunun ona inanmasını möhkəmləndirmək məqsədi ilə pulun 1800 manatını verdikdən sonra Zərərçəkmiş şəxs7 aldığı heyvanları satdıqdan sonra pulunu vermək barədə vədinə əməl etməyərək heyvanların satışından əldə etdiyi gəliri öz ehtiyacları üçün xərcləyib qaytarmamaqla özgə əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs7 ümumilikdə 1300 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə dələduzduq, yəni özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə xx.xx.2023-cü il tarixdə özünü Zərərçəkmiş şəxs2 heyvan alqı-satıqısı ilə məşğul olan şəxs kimi təqdim edərək aldıqları heyvanları satdıqdan sonra pulunu qaytarmaq imkanına malik olmasını deyərək Zərərçəkmiş şəxs2 inandırıb etibarını qazandıqdan sonra 14 oktyabr 2023-cü il tarixdə günorta saatlarında Goranboy rayonu Xanqərvənd kəndində yaşadığı evdə onunla görüşərək 1600 manat dəyərində olan 1 baş iri buynuzlu dişi cinsli iri buynuzlu heyvanı satdıqdan sonra pulunu vermək barədə vədinə əməl etməyərək heyvanın satışından əldə etdiyi gəliri öz ehtiyacları üçün xərcləyib qaytarmamaqla özgə əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs2 ümumilikdə 1600 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə dələduzduq, yəni özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə xx.xx.2023-cü il tarixdə özünü Zərərçəkmiş şəxs8 heyvan alqı-satıqısı ilə məşğul olan şəxs kimi təqdim edərək aldıqları heyvanları satdıqdan sonra pulunu qaytarmaq imkanına malik olmasını deyərək sonuncudan 1 baş 300 manat dəyərində xırda buynuzlu heyvanını alıb 1 gün sonra 300 manat pulu Zərərçəkmiş şəxs8 qaytarıb etibarını qazandıqdan sonra 19 oktyabr 2023-cü il tarixdə günorta saatlarında Goranboy rayonu Qızılhacılı qəsəbəsində sonuncunun yaşadığı evdə onunla təkrarən görüşərək 2424 manat dəyərində 1 baş erkək cinsli iri buynuzlu heyvanı alıb heyvanı satdıqdan sonra pulunu vermək barədə vədinə əməl etməyərək heyvanın satışından əldə etdiyi gəliri öz ehtiyacları üçün xərcləyib qaytarmamaqla özgə əmlakını aldatma və ya etibardan suiistifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs8 ümumilikdə 2424 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə dələduzduq, yəni özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə 2023-cü ilin noyabr ayının əvvələrində tarixdə özünü Zərərçəkmiş şəxs3 heyvan alqı-satıqısı ilə məşğul olan şəxs kimi təqdim edərək aldığı pulun müqabilində ona heyvan vermək imkanına malik olmasını deyərək Zərərçəkmiş şəxs3 inandırıb etibarını qazandıqdan sonra həmin tarixdə sonuncunun 1000 manat pulunu aldqıdan sonra pulun əvəzində vəd verdiyi heyvanı verməyərək İ. Alıyevdən aldığı 1000 manat pulu öz ehtiyacları üçün xərcləyib qaytarmamaqla özgə əmlakını aldatma və ya etibardan suiistifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs3 ümumilikdə 1000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə dələduzduq, yəni özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə xx.xx.2023-cü il tarixdə özünü Zərərçəkmiş şəxs9 heyvan alqı-satıqısı ilə məşğul olan şəxs kimi təqdim edərək aldıqları heyvanları satdıqdan sonra pulunu qaytarmaq imkanına malik olmasını deyərək Zərərçəkmiş şəxs9 inandırıb etibarını qazandıqdan sonra 09 noyabr 2023-cü il tarixdə saat 11 radələrində Goranboy rayonu Qızılhacılı qəsəbəsində sonuncunun yaşadığı evdə onunla görüşərək 845 manat dəyərində olan iki baş dişi cinsli xırda buynuzlu heyvanlarını alıb heyvanları satdıqdan sonra pulunu vermək barədə vədinə əməl etməyərək heyvanların satışından əldə etdiyi gəliri öz ehtiyacları üçün xərcləyib qaytarmamaqla özgə əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs9 ümumilikdə 845 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Goranboy rayonu Xanqərvənd kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Əvvəllər CM-in 178-ci maddəsi ilə məhkum olunmuşdur. O, 2018-ci ildə Naftalan şəhərində mal-qara alveri edən zaman 40-50 min aralığında heyvan almış və ətin qiyməti ucuzlaşdığı üçün puldan 11 min manat ziyan etmiş və həmin şəxslər ondan şikayət etmiş və o, həbs olunmuşdur. Bundan sonra 1 nəfərdən başqa bütün borclarını ödədiyi üçün məhkəmə tərəfindən cərimə olunmuşdur. O, cəriməni ödəyə bilmədiyi üçün cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuş, 2019-cu ildə cəzasını çəkib qurtarmışdır. İlk məhkumluğumdan qalan borclarını verə bilmədiyi üçün Goranboy rayonu Qızılhacılı qəsəbə sakini X2 1 ədəd 65 kiloqram əti olan erkək qoyun almış və həmin heyvanın pulu 900 manat olmuş, o, həmin heyvanı Bərdə bazarında satmış və pulunu xərcləmişdir. Bundan sonra Goranboy rayonu Gürzallar kənd sakini Zərərçəkmiş şəxs1 2 ədəd heyvan satdığını öyrənmiş, o, Lətafətin yaşadığı evə getmiş və 2500 manat dəyərində olan yanı balalı inəyini almış, Lətafətə 1000 manat nağd pul, qalan pulun əvəzində isə ot verməli olduğunu bildirmiş və o da Lətafətlə razılaşmışdır. Bundan sonra həmin inək və balasını Bərdə bazarında 1700 manata satmış və Bərdə rayonundan olan bir nəfərə borcunu vermişdir. Lətafətə pul verə bilməməsinin səbəbi isə digər heyvanlarını aldıqları şəxslərin ondan şikayət etməməsi üçün onlara pul verməli olduğu olmuşdur. O, Romandan faizlə pul istəmiş, Roman da ona özünün pulunun olmadığını və tanışından alıb vercəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Roman ona 500 manat, xx.xx.2023-cü il tarixdə də 500 manat olmaqla, ümumilikdə 1000 manat pul vermişdir. O, Romana hər 1000 manatın müqabilində 3 ayın tamamında 2000 manat qaytarmalı olmuşdur. Onun pulu olmadığı üçün həmin puldan 420 manat bir dəfə, 380 manat, hissə-hissə isə 600 manat vermişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə isə 200 manat vermişdir. O, Romana ümumilikdə 1000 manat müqabilində 1600 manat versə də, hal-hazırda ona 400 manat borcu qalmışdır. Bundan sonra o, borclarını verə bilmədiyi üçün kəndlərindən və digər yerlərdən heyvanlar alaraq satıb borclarını ödəməyə başlamışdir. xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində yerləşən heyvan bazarında heyvan axtaran zaman əvvəllər bir neçə dəfə heyvan aldığı Zərərçəkmiş şəxs7 görmüş, o, Sahibə yaxınlaşmış və 9 ədəd xırda buynuzlu qoyun heyvanlarının olduğunu görmüş, ondan heyvanları neçəyə satdığını soruşmuş, Sahib ona heyvanlara baxıb qiymətləşə biləcəklərini bildirmişdir. Bundan sonra o, heyvanlara baxmış və bütün heyvanları 3100 manata ala biləcəyini bildirmişdir. O, Sahibin ondan şübhələnməməsi və bütün heyvanları ona verməsi üçün pulun 1800 manatını vermiş qalan 1300 manatını isə heyvanları satıqdan sonra öz ehtiyacları üçün xərcləmişdir. Roman ondan şikayət edəcəyini dediyi üçün Ağcabədi rayonunda yaşayan Zərərçəkmiş şəxs2 1600 manat dəyərində olan 1 baş dişi iri buynuzlu heyvanını almaq barədə razılaşmış, o, Etibarın tanışı X5 ilə telefonda danışmış və ondan heyvanı yaşadığı kəndə gətirməsini istəmiş, Ədalət də heyvanın sahibi Etibarla birlikdə xx.xx.2023-cü il tarixdə 1 ədəd iri buynuzlu heyvanı yaşadığı Goranboy rayonu, Xanqərvənd kəndində yerləşən evə gətirmişdir. O, Etibara heyvanı 1 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə kəndlərində keçirilən toy məclisinə verəcəyini və pulları həmin toydan sonra ala biləcəklərini bildirmiş və onlara yol pulu kimi 100 manat verib yola salmışdır. Bundan sonra o, həmin heyvanı Bərdə bazarına aparmış və bazarda heyvanı 1200 manata satmışdır. Həmin heyvanın pulundan 400 manatını ondan şikayət etməməsi üçün Romana vermişdir. Pulun qalanını isə digər borclarına vermişdir. Bundan sonra Etibar ondan şikayət etməyə başlamış, o da Etibarın pulunun bir hissəsini və digər borclarını verə bilmədiyi üçün həmkəndlisi əvvəllər bir neçə dəfə heyvan alveri etdiyi Alim ona zəng edərək bir ədəd satılıq qoynun olduğunu bildirmiş, o, həmin qoyunu xx.xx.2023-cü il tarixdə ondan almış və bir gün sonra 300 manat pulunu ona vermişdir. Həmin günü, yəni xx.xx.2023-cü il tarixdə Alimdən 1 ədəd 180 kiloqramlıq danasını almış və həmin heyvanın ətinin hər kiloqramını 14 manatdan hesablamış, heyvanın dəyəri 2500 manat olmuşdur. O, həmin heyvanı Bərdə bazarına aparmış və 1960 manata satmış, həmin pulla borclarını ödəmiş, Alimə isə pul verə bilməmişdir. 2023cü ilin noyabr ayının əvvələrində İsanın əmisi ilə danışmış, ona 1000 manatlıq heyvan olduğunu və heyvanı alacağı təqdirdə xeyir tutacağını bildirmişdir. Bundan sonra İsa ilə telefonda danışmış və o, İsaya heyvanı almaq üçün 1000 manat pulu kartına vurmasını bildirmişdir. Bundan sonra İsa onun kartına 1000 manat pul vurmuşdur. O da həmin pulu başqa borclarına vermişdir. Bundan sonra o, Xəyala zəng edərək qısır heyvan lazım olduğunu demiş, Xəyal isə ona kənddə, yəni Goranboy rayonu Xanqərvənd kənd sakinləri Nofəl və Ramində heyvanlar olduğunu və satmaq istədiklərini bildirmişdir. O, yaşadığı kəndə gəlmiş və Nofəldən 1 ədəd 450 manat dəyərində olan erkək qoyun, Ramindən isə 2 ədəd ümumi dəyəri 845 manat olan dişi qoyunları almışdır. Həmin qoyunları Gəncə şəhərində yerləşən mal bazarında 1050 manata satmışdır. Həmin puldan 300 manatını Romana vermiş, qalanını isə digər borclarına vermişdir. Bundan başqa o, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs9 ilə barışdığını, onlara vurulmuş ziyanı ödədiyini, digər zərərçəkmiş şəxslərə vurulmuş ziyanı isə azadlıqda olduğu təqdirdə ödəyə biləcəyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Goranboy rayonu Xanqərvənd kəndində daimi qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs həmkəndlisi kimi uzun illərdir ki, tanıyır, kəndlərində bir-birlərinə yaxın yerləşən fərdi yaşayış evlərində yaşayırlar. Muradla normal münasibəti var, aralarında heç bir düşməçilik və ya ədavətləri yoxdur. Onun iki ədəd satılıq dişi danası olması barədə kəndlərində olan bir neçə heyvan al-verçisinə bu barədə bildirmişdir. Lakin heyvanları sata bilməmişdir. xx.xx.2023-cü il tarixdə Murad onun yaşadığı evə gəlmiş, ona demişdir ki, “eşitmişəm satılıq danaların var”. Bundan sonra o, Murada ona həyətində olan iki ədəd danaları göstərmişdir. Murad ondan danaları neçəyə satdığını soruşmuş və o, Murada danaların hər birini 1000 manata satdığını, iki ədəd dananın qiymətinin 2000 manat olduğunu bildirmişdir. Murad ona heyvanları 200 manat aşağı verməsini təklif etmiş, lakin o, Muradla razılaşmamışdır. Bundan sonra Murad onunla razılaşmış və danaları 2000 manata Murada satmışdır. Həmin vaxt Murad ona heyvanları bazarda satıb, həftənin sonu pulunu verəcəyini bildirmişdir. O da Muradla razılaşmışdır. Bundan sonra Murad bir müddət yoxa çıxmış və o, Muradla əlaqə saxlaya bilməmişdir. Bundan sonra o, Muradla telefonda danışmış və 400 manat pulu vermişdir. Bundan sonra o, Muraddan bir neçə dəfə pulunu istəmiş, lakin Murad onun pulunu verməmişdir, O da bundan sonra polis şöbəsinə şikayət etmişdir. Bundan sonra Murad ona zəng edərək ondan şikayət etməməsini xahiş etmişdir və ona 500 manat pul vermişdir. Yekunda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəyən ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizəsini təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Muradla 2023-cü ilin avqust ayında tanış olmuşdur. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində evinin həyətyanı sahəsində olan zaman qonşunun qoyun satdığını görmüş, o, onlara yaxınlaşan zaman Murad adlı şəxsin qonşusundan qoyun aldığını görmüşdür. Muradla söhbət əsnasında ona ot lazım olduğunu, inəyinin birini satıb ot alacağını demişdir. Bunu eşidən Murad ona onda ot olduğunu və otla inəyi dəyişə biləcəyini bildirmişdir. O da Muradla razılaşmışdır. O da evində olan qarnında balası olan 1 ədəd 6 yaşlı inəyini Murada göstərmişdir. Murad inəyin yanında 1 ədəd 100 kiloqram əti olan dananı da görmüş, bu vaxt əri Seymur Sadıqov ona dananı da satacağını bildirmişdir. Lakin halhazırda satmadığını gələcəkdə oğlunun müalicəsi üçün pul lazım olan kimi satacağını bildirmişdir. Söhbətdən sonra Murad çıxıb getmiş və çıxan zaman ona 300 ədəd ot kipi gətirəcəyini, kipləri verdikdən sonra inəyi aparacağını bildirmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə qohumunun keçirilən yas mərasiminə getmişdir. O, yas mərasimindən evə gələn zaman əri Seymur ona demişdir ki, Murad gəlib həm inəyi, həm də dananı apardığını bildirmişdir. O, ərindən pulu verib-vermədiyini soruşmuş, əri ona Muradın heyvanları götürüb getdiyini ot kiplərini və 1400 manat pulu axşama kimi gətirəcəyini bildirmişdir. Bundan sonra o, Murada zəng etmiş, Murad ona pulunu gətirəcəyini bildirmişdir. O isə Murada “mənim heyvanlarımı satmamısansa gətir” demiş, Murad isə ona heyvanları satdığını və pulunu gətirib verəcəyini bildirmişdir. Bundan sonra bir neçə dəfə ona zəng edərək müxtəlif yerlərə çağırmış, o, Muradın dedikləri yerə getsə də, Murad hər dəfəsində onu aldatmış və pulunu verməmişdir. Bundan sonra bir dəfə o, Muradla telefonda danışan zaman ona pula ehtiyacı olduğu üçün danaları aparıb satdığını, verməyə pulunun olmadığını bildirmişdir. Bundan sonra o da pulu vermədiyini üçün Goranboy rayon polis şöbəsinə bu barədə məlumat vermişdir. Murad ona ümumilikdə vurduğu 2500 manat ziyandan 2000 manatını ödəsə onunla barışar, əks halda şikayətçidir və ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, Tərtər rayonu Balakəngərli kəndində daimi qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs təxminən 6 aydır ki, tanıyır. Muradla normal münasibəti var və aralarında heç bir düşməçilik və ya ədavəti yoxdur. Muradla münasibəti bir neçə dəfə heyvan alveri etdikdən sonra yaranmışdır. Murad hər dəfə ondan heyvan almış və pulunu vermişdir. xx.xx.2023-cü il tarixdə o, öz şəxsi təsərrüfatından olan heyvanlarını Gəncə bazarında satan zaman Muradla rastlaşmış, onlar salamlaşmış və heyvanları almaq istədiyini bildirmişdir. O da bir neçə dəfə Muradla heyvan alveri etdiyi üçün heyvanları Murada satmaq barədə razılaşmışdır. O, Murada 1 ədəd erkək qoyun, 1 ədəd quzu və 7 ədəd dişi qoyunu ümumilikdə 3100 manat müqabilində satmağa razılaşmışdır. Bundan sonra Murad bazarda ona 1800 manatı nağd şəkildə vermiş, 1300 manat pulu isə 1 gün sonra verəcəyini bildirmişdir. Bu söhbətdən 1 gün sonra o, Murada zəng edərək pulunu istəmişdir. Murad isə pulu verəcəyini bildirsə də, onu hər dəfə aldadaraq pulunu verməmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir və məhkmədən ona ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Goranboy rayonu Xanqərvənd kəndində daimi qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs həmkəndlisi kimi uzun illərdir ki, tanıyır, kəndlərində bir-birlərinə yaxın yerləşən fərdi yaşayış evlərində yaşayırlar. Muradla normal münasibəti var, aralarında heç bir düşməçilik və ya ədavətləri yoxdur. O, əvvəllər Muradla söhbət edən zaman ona iki ədəd dişi iri buynuzlu heyvanı olduğunu və onların əvəzinə bir ədəd yanında balası olan heyvan almaq istədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Murad xalası oğlu Amillə birlikdə onun yaşadığı ünvana gələrək heyvanları almaq istədiyini bildirmişdir. Bundan sonra onlar öz aralarında heyvanları qiymətləndirmiş və 1700 manat heyvanların qiyməti olması barədə öz aralarında razılaşmışlar. Bundan sonra o, Murada həmin qiymət müqabilində yanı balalı iri buynuzlu heyvan almaq istədiyini bildirmişdir. Murad isə ona heyvanları satdıqdan sonra ona yanı balalı heyvan gətirəcəyini bildirmişdir. O da Muradla razılaşmış və Murad heyvanları götürüb getmişdir. Bundan sonra Murad hissə-hissə ona 300 manat pul vermiş, qalan pulu isə qaytarmamışdır. Yekunda Zərərçəkmiş şəxs4 məhkəməyə yazılı ərizə təqdim edərək ona dəymiş ziyanın ödənilmədiyini, buna baxmayaraq Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığı bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Ağcabədi rayonu Hüsülü kəndində daimi qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. X1 onda satılıq heyvan olduğunu və həmin heyvanı satmasını demişdir. Bundan sonra o, evinin tövləsində saxladığı bir ədəd iri buynuzlu heyvanı Ədalətə vermişdir. Ədalət heyvanı evindən götürüb Murada verəcəyini, Murad isə həmin heyvanı xx.xx.2023-cü il tarixdə keçiriləcək toy məclisinə verəcəyini və toydan sonra pulu verəcəyini bildirmişdir. O, 1700 manat müqabilində da razılaşmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə o, Ədalətlə birlikdə sonuncunun idarə etdiyi “Qazel” markalı avtomobili ilə Goranboy rayonu Xanqərvənd kəndinə Muradın evinə gəlmişlər. Onlar avtomobildən heyvanı düşürüb Murada təhvil vermişlər. O, heyvanı Murada verən zaman o, Murada şəhid ailəsi olduğunu və heyvanın pulunu vaxtında verməsini xahiş etmişdir. Murad da ona şəhid ailəsinə böyük hörməti olduğunu və pulu 1 gün sonra verəcəyini bildirmişdir. Bu söhbətdən 1 gün sonra Ədalət ona zəng edərək pulu istəmiş, Murad isə pulu verəcəyini bildirmiş, daha sonra onunla bir neçə dəfə telefonla danışsa da, Murad hər dəfə onu pulu verəcəyi adı ilə aldadaraq pulunu verməmişdir. Murad ona vurduğu ziyandan 600 manat ödəsə onunla barışar, əks halda şikayətçidir və ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, o, Goranboy rayonu Qızılhacılı qəsəbəsində daimi qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs təxminən 2 ildir ki, tanıyır. Muradla normal münasibəti var və aralarında heç bir düşməçilik və ya ədavətləri yoxdur. Muradla münasibəti bir neçə dəfə heyvan alveri etdikdən sonra yaranmışdır. xx.xx.2023-cü il tarixdə Murad onda olan 1 ədəd 26 kiloqram çəksi olan keçisini almış və 1 gün sonra 300 manat pulu gətirib vermişdir. Bundan sonra Murad ona xx.xx.2023-cü il tarixdə Xanqərvənd kəndində toy mərasimi keçiriləcəyini, həmin toy mərasiminə iri buynuzlu heyvan lazım olduğunu və toy mərasimindən sonra pulu ala biləcəyini bildirmişdir. O da Muraddan aldığı keçinin pulunu dediyi vaxt çatdırdığı üçün Murada inanmış və tövləsində saxladığı 173 kiloqramlıq iri buynuzlu erkək dananı Murada vermişdir. Həmin dananın pulunu hesablamış və 2424 manat pul etmişdir. Murad pulu toydan sonra gətirib verəcəyini bildirmişdir. O da Muradla razılaşmışdır. Həmin vaxt onun aldanmağının səbəbi bir dəfə keçini ondan alan kimi pulunu vermək istəməsi olmuşdur. xx.xx.2023-cü il tarixdə o, Murada zəng edərək heyvanın pulunun nə olduğunu və nə üçün çatdırmadığını soruşmuşdur. Murad ona rayon ərazsində olmadığını gələn kimi pulu verəcəyini bildirmişdir. O da Muradı bir neçə gün gözləmiş, lakin Murad onun pulunu hər gün bir bəhanə gətirərək qaytarmamışdır. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir və məhkmədən ona ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, o, Goranboy rayonu Qızılhacılı qəsəbəsində daimi qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və Muradla heç bir münasibəti olmamışdır. O, Muradla həmkəndlisi və dostu X4 vasitəsi ilə tanımışdır. O, Xəyala iki ədəd dişi qoyunun olduğunu və həmin heyvanlar doğmadığı üçün satmaq istədiyini bildirmişdir. Xəyal ona heyvan almaq istəyən olan halda deyəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Xəyal ona zəng edərək Muad adlı tanışının olduğunu, heyvan alveri ilə məşğul olduğunu və ondan bir neçə dəfə heyvan aldığını, heyvanların pulunu vaxtlı-vaxtında verdiyini bildirmişdir. O da Xəyala inanmış, həmin günü saat 11 radələrində Murad onun evinə gəlmiş, heyvanları çəkmiş və iki ədəd qoyun 845 manat pul etdiyini bildirmişdir. Həmin heyvanlardan biri 33, digəri isə 37 kiloqram olmuşdur, heyvanın ətinin hər kiloqramının 12 manatdan hesablamışlar. Bundan sonra Murad Gəncə şəhərində toy məclisi keçiriləcəyini, toyda heyvanlar kəsildikdən sonra pulunu 1 gün sonra verəcəyini bildirmişdir. O da Xəyalı tanıdığı və etibar etdiyi üçün heyvanları Murada vermişdir. Bundan bir gün keçdikdən sonra Xəyal Murada bir neçə dəfə zəng etsə də, Murad pulu verməmişdir. Bundan sonra o, Muradın onu aldatdığını bildiyi üçün polis şöbəsinə müraciət etmişdir. Yekunda Zərərçəkmiş şəxs9 məhkəməyə yazılı ərizə təqdim edərək ona dəymiş ziyanın ödənilmədiyini, buna baxmayaraq Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığı bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs6 məhkəmə iclaslarının vaxtı və yeri barədə dəfələrlə xəbərdar olmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişdir. Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadə məhkəmə iclasında elan edilərkən müəyyən olundu ki, o, Goranboy rayonu Qızılhacılı qəsəbəsində daimi qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs tanıyır, onunla normal münasibəti olmuş, aralarında heç bir düşməçilik və ya ədavətləri yoxdur. O, sahədə özünə məxsus olan qoyunları otaran zaman Murad onun yanına gələrək heyvan alveri ilə məşğul olduğunu və satılıq heyvan olduğu halda ona sata biləcəyini bildirmişdir. Həmin vaxt onunla birlikdə qoyun otaran yoldaşdan bir neçə dəfə qoyun almış və pulunu vermişdir. Bundan sonra onun Murada inamı yaranmışdır. Bundan sonra Murada heyvanların içərsində olan 1 ədəd 60-65 kiloqram çəkisi olan qoçu satmaq istədiyini bildirmişdir. Murad da heyvanı ala biləcəyini, lakin pulunu 1 həftə ərzində vercəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə həmin erkək qoyunu ona vermişdir. Murad heyvanı satdıqdan sonra 900 manat ona pul verməli olmuşdur. Bundan sonra uzun müddət keçməsinə baxmayaraq, Murad onun pulunu verməmişdir. O, Muradla bir neçə dəfə telefon əlaqəsi saxlasa da, Murad onu müxtəlif bəhanələr ilə yola vermiş və o da pulunu ala bilmədiyi üçün polisə müraciət etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs6 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənildiyindən Təqsirləndirilən şəxs barəsində heç bir şikayəti və tələbi yoxdur. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3 məhkəmə iclaslarının vaxtı və yeri barədə dəfələrlə xəbərdar olmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişdir. Zərərçəkmiş şəxs3 oğlunun ibtidai istintaq zamanı verdiyi ifadə məhkəmə iclasında elan edilərkən müəyyən olundu ki, o, Təqsirləndirilən şəxs əvvələr tanımamış, Muradla heyvan alveri edən zaman tanış olmuşdur. 2023-cü ilin noyabr ayında Murad ona 1 ədəd hamilə inək olduğunu və həmin inəyin qiymətindən aşağı qiymətə satıldığını və heyvanı almaq lazım olduğunu bildirmişdir. O da heyvan almaq istədiyi üçün Muradla razılaşmış və Muradın ona atdığı karta 1000 manat pul vurmuşdur. Murad ondan pulları aldıqdan sonra o, bir neçə dəfə Muradla əlaqə saxlasa da, Murad nə heyvanı, nə də ki pulunu qaytarmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsin şübhəli şəxs qismində tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq həmin tarixdə saat 12:02-dən məhdudlaşdırılmaqla şübhəli şəxs qismində tutulmuşdur; “Qətimkan tədbiri seçilməsi barədə” Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur; Zərərçəkmiş şəxs6 ibtidai istintaq dövründə verdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyan tam olaraq ödənildiyi üçün ondan heç bir şikayət və tələbi yoxdur; Naftalan Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmişdir; Zərərçəkmiş şəxs5 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyan tam olaraq ödənildiyi üçün ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmək yolu ilə zərərçəkmiş şəxslərə məxsus əmlakı ələ keçirməsi ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında tam həcmdə öz təsdiqini tapması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 178.2.2-ci maddə ilə düzgün tövsif edilmişdir. Məhkəmə, CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-in 178.2.2-ci maddəsi ilə ittiham hökmü çıxarmağı qanuni və əsaslı hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməlləri etiraf edib peşman olmasını; - zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 vurduğu ziyanı ödəməsi və onlarla barışması; - zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs9 ona qarşı şikayət və tələbinin olmamasını; - himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını (əsas: Xanqərvənd Kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış); İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını (CM-in 58.3-cü maddəsi) nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 23 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 (on iki) iş saatı üçün cəmi 72 (yetmiş iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-18/2024
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-18/2024
08.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver