Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-19/2023 09.03.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X12 qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Goranboy Rayon Məhkəməsində prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Goranboy rayonu Xınnalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş Goranboy rayonunun Xınalı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 12 noyabr 2022-ci il tarixdə saat 18 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs Goranboy rayon Xınalı kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinin kənarına dəmir tor ilə çəkilmiş hasarın üstündən keçərək əvvəlcə həyətyanı sahəyə, sonra isə həyətyanı sahədə olan yardımçı tikiliyə qanunsuz daxil olaraq çarpayının üzərindəki döşəyin altından digər yardımçı tikilinin giriş qapısının kilidinin açarını götürərək giriş qapısının kilidini açıb, içəri qanunsuz daxil olaraq paltar dolabında asılqandan üst-üstə asılmış üç ədəd qış gödəkçəsinin ciblərində olan Zərərçəkmiş şəxs məxsus ümumilikdə 750 (yeddi yüz əlli) manat pulu gizli yolla talamaqla oğurlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, belə ki, Zərərçəkmiş şəxs həmkəndlisidir. Zərərçəkmiş şəxs və ailə üzvləri ilə münasibəti normal olmuş, onlarla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs qızı ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə Cahangirin qardaşı Qüdrətin qızının Gəncə şəhərində toy mərasimi olduğunu, Cahangirin də qızı ilə birlikdə həmin toy mərasiminə gedəcəyini bilmişdir. Ona görə də, pula ehtiyacı olduğu üçün Cahangirin evindən oğurluq etmək qərarına gəlmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evdən çıxıb piyada Cahangirin yaşadığı evin qarşısına gəlmiş, həmin vaxt Cahangirin yaşadığı evin həyətyanı qapısının bağlı olduğunu görmüşdür. Ona görə Cahangirin yaşadığı evin həyətyanı sahəsinin arxasına gedib dəmir torla çəkilmiş hasarın üstündən aşıb məhləsinə, sonra oradan gəlib dəmir qapını arxadan açıb evin həyətinə daxil olmuşdur. Həmin zaman həyətdə olan evin və yardımçı tikililərin qapılarına baxmış, həyətdə olan evin qapısının və bir ədəd yardımçı tikilinin qapısının bağlı olduğunu, digər yardımçı tikilinin qapısının açıq olduğunu görmüşdür. Həmin yardımçı tikiliyə daxil olmuş, otağı axtarmağa başlamış, lakin pul və qızıl-zinət əşyaları tapa bilməmişdir. Sonra otaqda olan çarpayıların üstündəki yataq dəstlərinin altını axtararkən açar tapmış, həmin açarı götürüb otaqdan çıxmış və açarla digər bitişik yardımçı tikilinin qapısının kilidinin açılıbaçılmadığını yoxlamış, tapdığı açarla otağın qapısının kilidini açmışdır. Bundan sonra həmin otağı da axtarmağa başlamış, orada olan paltar dolabının içərisində asılqandan asılmış 3 ədəd qış gödəkçələrinin ciblərini axtaranda gödəkçələrin ciblərində ümumilikdə 750 manat pul olduğunu görmüş, həmin pulu götürüb cibinə qoymuş, sonra açarı götürdüyü yardımçı tikiliyə keçib açarı götürdüyü yerə qoymuşdur. Bundan sonra həmin otaqda olan masanın üzərindəki “Nokia” markalı mobil telefonu götürüb *2244 nömrəli taksi şirkətinə zəng edib taksi sifariş etmiş, həmin telefonu yardımçı tikilidə olan televizorun arxasına tullayıb çıxmışdır. O, Cahangirin evinə girdiyi yerdən çıxıb kəndin arasında taksi gözləmiş, taksi gəlmədiyi üçün yoldan keçən sürücüsünü tanımadığı şəxsin idarə etdiyi VAZ 2107 markalı, ağ rəngli avtomobillə Dəliməmmədli şəhərinə getmiş, Dəliməmmədli şəhərində “dörd yol” adlanan ərazidən dövlət qeydiyyat nişanını bilmədiyi, tanımadığı şəxsin idarə etdiyi “Ford” markalı avtomobil ilə Gəncə şəhərinə getmişdir. Oğurluq yolu ilə əldə etdiyi pulu Gəncə şəhərində öz ehtiyacı üçün xərcləmiş, etdiyi əməldən peşmandır. Həmçinin, bildirdi ki, Zərərçəkmiş şəxs evindən oğurluq cinayət əməlini tək törətmiş, heç kimin rolu, iştirakı, əlbirliyi və məlumatı olmamışdır. Verilən suala cavab olaraq bildirdi ki, ibtidai istintaqda verdiyi ifadəsində zərərçəkmişin evindən 300 (üç yüz) manat pul oğurladığını qeyd etməsi həqiqəti əks etdirmir, məsuliyyətini yüngülləşdirmək üçün belə bir ifadə vermişdir. Oğurladığı pulun məbləği həqiqətən 750 (yeddi yüz əlli) manat olmuşdur və hazırda həmin məbləği zərərçəkmişə tam şəkildə ödəmişdir. Təqsirləndirilən şəxs son olaraq əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını və himayəsində bir azyaşlı övladının olmasını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, daimi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. xx.xx.2021-ci il tarixdə arvadı X3 rəhmətə getmiş, arvadının yas mərasimində yığılan pulların bir hissəsini dəfn məsrəflərinə xərclədikdən sonra 750 (yeddi yüz əlli) manat pul qalmışdır. Həmin pulu Goranboy rayon Xınalı kəndində yerləşən fərdi yaşayış evinin həyətində olan özü yaşadığı yardımçı tikiliyə bitişik olan digər yardımçı tikilidə olan paltar dolabında asılqanda üst-üstə asılmış 3 ədəd qış gödəkçəsinin ciblərinə hissə-hissə ayırıb qoymuşdur. Həmin pulu qoyduğu yardımçı tikilidə ərindən ayrılıb onunla birlikdə yaşayan qızı X4 yaşayır. 12 noyabr 2022-ci il tarixdə saat 15 radələrində qızı Günel Abbasova ilə birlikdə Gəncə şəhərində qardaşı X5 qızı üçün təşkil etdiyi toy mərasimində iştirak etmək məqsədi ilə Gəncə şəhərinə yola çıxmışdır. Həmin zaman fərdi yaşayış evinin həyətyanı sahəsinin giriş qapısını kilidlə bağlayıb özü ilə birlikdə götürmüş, həmçinin fərdi yaşayış evinində giriş qapısı bağlı olmuşdur. O, pulu saxladığı yardımçı tikilinin giriş qapısını kilidlə bağlayıb açarını özü yaşadığı yardımçı tikilidə olan çarpayının üstündə olan döşəyin altına qoymuş, lakin həmin yardımçı tikilinin giriş qapısının kilidi olmadığı üçün bağlamamışdır. 12 noyabr 2022-ci il tarixdə saat 23 radələrində qızı Günel, Goranboy rayon Qarasüleymanlı kəndində yaşayan digər qızı X2 və Aytəkinin azyaşlı uşaqları ilə birlikdə fərdi yaşayış evinə gəlmiş, Günel və Aytəkin uşaqlar ilə birlikdə onun yaşadığı yardımçı tikiliyə daxil olmuş, o isə həyətyanı sahəsində saxladığı toyuqların hininin qapısını bağlamağa getmişdir. Günel onun qaldığı yardımçı tikilidən açarı götürüb öz qaldığı bitişik yardımçı tikilidə paltarlarını dəyişib ev paltarını geyinməyə getmişdir. Bu zaman Günel onu çağıraraq evə kənar şəxsin daxil olduğunu demişdir. O, tez həmin yardımçı tikiliyə daxil olmuş, paltarların cibində saxladığı 750 manat pulun olmadığını aşkar etmiş, həmin vaxt Gəncə şəhərində olan oğlu Elşad Abbasova zəng edib evdən oğurluq olduğunu bildirmiş, Elşad DİN-in 102 xidmətinə zəng edib, hadisə barədə məlumat vermiş, bir qədər sonra Goranboy RPŞ-nin əməkdaşları onun evinə gəlib baxış keçirmişlər. Polis əməkdaşları baxış keçirib getdikdən sonra qızı Günel Abbasova özünə məxsus “Nokia” markalı, içərisində ***-***-**-** saylı mobil nömrə olan mobil telefonunu onun yaşadığı yardımçı tikilidə olan masanın üzərində qoyub getdiyini xatırlamış, lakin telefonun da yerində olmadığını bildirmiş və evi təkrar axtararkən həmin telefonu yaşadığı yardımçı tikilidə olan televizorun arxasından tapmış və xx.xx.2022-ci il tarixdə saat 17:46 dəqiqədə həmin telefon ilə *2244 taksi şirkətinə zəng edildiyini bildirmişdir. Həmin mobil telefonu baxış keçirilməsi üçün polis əməkdaşlarına təqdim etmişlər. Eyni zamanda ifadəsində naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmış ümumilikdə 750 manat pulunun 4 (dörd) ədəd 100 (yüz) manatlıq, 4 (dörd) ədəd 50 (əlli) manatlıq, 7 (yeddi) ədəd 20 (iyirmi) manatlıq, 1 (bir) ədəd 10 (on) manatlıq əskinasdan ibarət olduğunu qeyd etmişdir. Həmçinin fərdi yaşayış evindən qızıl-zinət əşyaları oğurlanmamış, belə ki, evdən oğurluq olmasını aşkar etdikdən sonra oğlu Elşad Abbasova zəng edib oğurluq olmasını bildirmiş, lakin ona nə oğurlandığını deməmiş, Elşad da DİN-nin 102 xidmətinə zəng edib məlumat verərkən 250 manat pulun və qızıl-zinət əşyalarının oğurlanmasını demişdir. Əslində isə fərdi yaşayış evindən 750 manat pulu oğurlanmış, əlavə olaraq pul və ya qiymətli əşyası oğurlanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə yaşayır, Zərərçəkmiş şəxs onun atasıdır. O, ailə həyatı qurub boşanıb, hal-hazırda atası ilə birlikdə Goranboy rayonu Xınalı kəndində yaşayır. Yaşadıqları fərdi yaşayış evinin həyətyanı sahəsində yan-yana tikilmiş 2 ədəd yardımçı tikili var. Həmin yardımçı tikilinin birində o, digərində isə atası yaşayır. xx.xx.2021-ci il tarixdə anası X3 rəhmətə getmişdi, anasının yas mərasimində pul yığılmışdı, yığılan pulların bir hissəsini dəfn xərclərinə xərclədikdən sonra 750 (yeddi yüz əlli) manat pul qalmışdı. Atası həmin pulu Goranboy rayon Xınalı kəndində yerləşən fərdi yaşayış evlərinin həyətində olan onun yaşadığı yardımçı tikilidə olan paltar dolabında asılqanda üst-üstə asılmış 3 ədəd qış gödəkçəsinin ciblərinə hissə-hissə ayırıb qoymuşdu. 12 noyabr 2022-ci il tarixdə saat 15 radələrində atası Zərərçəkmiş şəxs ilə birlikdə Gəncə şəhərində keçirilən əmisi X5 qızının toy mərasimində iştirak etmək məqsədi ilə yola çıxıblar. Həmin zaman atası fərdi yaşayış evlərinin həyətyanı sahəsinin giriş qapısını kilidlə bağlayıb açarı özü ilə birlikdə götürmüşdü. Həmçinin, fərdi yaşayış evlərinin giriş qapısı bağlı olmuşdur. Atası pulu saxladığı yardımçı tikilinin giriş qapısını kilidlə bağlayıb açarını özü yaşadığı yardımçı tikilidə olan çarpayının üstündə olan döşəyin altına qoymuşdu, lakin həmin yardımçı tikilinin giriş qapısının kilidi olmadığı üçün bağlamamışdı. 12 noyabr 2022-ci il tarixdə saat 23 radələrində atası, Goranboy rayonu Qarasüleymanlı kəndində yaşayan digər bacı X2 və onun azyaşlı uşaqları ilə birlikdə fərdi yaşayış evlərinə gəlmişdir. O və Aytəkin uşaqları ilə birlikdə atasının yaşadığı yardımçı tikiliyə daxil olmuş, atası isə həyətyanı sahələrində saxladıqları toyuqların hininin qapısını bağlamağa getmişdir. O, atası qaldığı yardımçı tikilidən açarı götürüb öz qaldığı bitişik yardımçı tikilidə paltarlarını dəyişib ev paltarını geyinməyə getmişdir. Bu zaman paltar dolabının qapısının açıq olduğunu və evin dağınıq hala salındığını görmüşdür. O, tez qışqıraraq atasını çağırmış, atası onun yanına gəlmiş, paltar dolabında qış gödəkçələrinin ciblərinə qoyduğu, ümumilikdə 750 manat pulun olmadığını görmüşdür. Bu barədə Gəncə şəhərində yaşayan qardaşı Elşad Abbasova zəng edərək məlumat vermişdir. Elşad Abbasov DİN-nin 102 xidmətinə müraciət etmiş, bir qədər sonra Goranboy rayon polis şöbəsinin əməkdaşları evlərinə gələrək, baxış keçirtmişlər. Polis əməkdaşları getdikdən sonra toya gedən zaman özünə məxsus “Nokia” markalı, içərisində ***-***-**-** saylı mobil nömrə olan mobil telefonun atasının yaşadığı yardımçı tikilidə olan masanın üzərində qoyub getdiyini xatırlamış, sonra təkrar evi axtaran zaman həmin telefonu atasının yaşadığı yardımçı tikilidə olan televizorun arxasından tapmışdır. Telefonuna baxan zaman xx.xx.2022-ci il tarixdə, saat 17:46 dəqiqədə həmin telefon ilə *2244 taksi şirkətinə zəng edildiyini görmüşdür. Lakin *2244 taksi sifarişi xidmətinə nə o, nə də ki, ailə üzlərindən kimsə zəng etmişdir. Həmin mobil telefonu baxış keçirilməsi üçün polis əməkdaşlarına təqdim edib, daha sonra telefon özünə qaytarılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 13 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə Zərərçəkmiş şəxs məxsus Goranboy rayonu Xınalı kəndində yerləşən fərdi yaşayış evində baş vermişdir. Evin həyətyanı sahəsinin ön tərəfində dəmir materialdan hazırlanmış iki taylı darvaza vardır. Darvazadan həyətə daxil olduqda evin həyətə daxil olduqda evin həyəti ilə həyətyanı sahə arasında mişar daşı ilə sədd çəkilmişdir. Darvaza ilə üzbəüz isə Zərərçəkmiş şəxs əsas evi yerləşir. Darvazadan sol tərəfdə isə iki ədəd yan-yana bitişik yardımçı tikili yerləşir. Yardımçı tikililərin qapıları bir taylı olmaqla taxta materialdan hazırlanmışdır. Evin və yardımçı tikililərin pəncərələri plastik materialdan hazırlanmışdır. Evin həyətidə bir ədəd uzun stol, yanlarında isə taxta materialdan hazırlanmış stullar yerləşmişdir. Stoldan sonra isə iki ədəd yumuşaq kreslo yerləşdirilmişdir. Stolun sağ tərəfində isə soba quraşdırılmışdır. Sobanın yanında şüşə və kapron qablar və qazan vardır. Qapıdan sağ tərəfdədə bir ədəd birnəfəlik dəmir çarpayı yerləşdirilmiş, həmin çarpayınında üzərində yorğan döşək və onların üzərinə örtük çəkilmişdir. Örtüyün üzərində isə bir ədəd yastıq və səliqəli qatlanmış yorğan qoyulmuşdur. Həmin çarpayının yanında bir ədəd televizor vardır, televizordan sonra isə bir ədəd stul vardır. İkinci otaqda müxtəlif əşyalar yerləşdirilmiş, düzünə isə divar boyunca divar mebeli qoyulmuşdur. Həmin mebelin bir hissəsində paltar dolabı, bir hissəsində isə qablar düzülmüşdür. Paltar dolabının içərisində müxtəlif çeşidli paltarlar vardır. Həmin paltarların cibləri axtarılmışdır. “Mobil telefona baxış keçirilməsi barədə” 14 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin İB-nin baş müstəntiqi X6 tərəfindən icraatında olan HK-1- 2341 nömrəli materialla əlaqədar Goranboy rayon Xınalı kənd sakinləri Zərərçəkmiş şəxs və X1 iştirakı ilə sonuncuya məxsus “Nokia 105'’ markalı mobil telefona baxış keçirilmiş və X1 istifadəsində olan “Nokia 105” markalı, qara rəngli, çox funksiyalı olmayan mobil telefonda istifadə olunan sonuncuya məxsus ***-***-**-** mobil nömrə ilə 12 noyabr 2022ci il tarixdə saat 17:46 dəqiqədə *2244 taksi sifarişi şirkətinə zəng olunduğu müəyyən edilmişdir; “Şübhəli şəxsin tutmaq haqqında” 27 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq həmin tarixdə saat 13:25-dən məhdudlaşdırılmışdır; Goranboy Rayon Məhkəməsinin 4(045)-56/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 22 fevral 2023-cü il tarixədək “ev dustaqlığı” qətimkan seçilmişdir; “Diskə baxış keçirilməsi barədə” 30 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, diskdə olan səs yazısına qulaq asdıqdan sonra Təqsirləndirilən şəxs həmin səs yazısının ona aid olduğunu, həmin səs yazısının 12 noyabr 2022-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs evindən oğurluq edən zaman orada olan mobil telefon vasitəsilə *2244 taksi şirkətinə zəng edərkən qeydə alındığını bildirmişdir; Goranboy Rayon Mərkəzi X9 şəxsin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Goranboy rayon Xınalı kənd sakini Təqsirləndirilən şəxs “Debillik dərəcəsində olan Oliqofreniya. Psixopatabənzər davranış” diaqnozu ilə Goranboy RMX-nın psixoloji şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatında dayanır; Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İinformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Əliyev X7 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 4000 (dörd min) manat miqdarında cərimə cəzasına və Goranboy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən isə Azərbaycan Respublikası CM-nin 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir; İş üzrə məhkəmə-psixiatrik ekspertizanın 27 dekabr 2022-ci il tarixli 791 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs YÜNGÜL DƏRƏCƏLİ ƏQLİ GERİLİK (YÜNGÜL DEBİLLİK SƏVİYYƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik əlamətləri az ifadəli olduğundan o, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ya onları idarə etmək qabiliyyətində olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində hal-hazırda tibbi xarakterli məcburi tədbirlərin tətqibinə ehtiyac yoxdur. O, hazırkı ekspertiza zamanı da öz hərəkətlərinin mənasını dərk etmək, hərəkətlərini idarə etmək iqtidarındadır. Goranboy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə (20 oktyabr 2017-ci il tarixə kimi qüvvədə olan mətninə əsasən) nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmişdir; Goranboy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünü surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-in 29, 177.2.3 və 29, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə, CM-in 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəzaya Goranboy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 4000 (dörd min) manat miqdarında cərimə cəzası tamamilə birləşdirilməklə Təqsirləndirilən şəxs 02 (iki) il müddətə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat miqdarında cərimə cəzası təyin edilmişdir; Goranboy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 4000 (dörd min) manat cərimə cəzası Goranboy rayon Məhkəməsinin 7(045)-07/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə 400 (dörd yüz) saat ictimai işlər cəzası ilə əvəz olunmuş və cəzasını xx.xx.2021-ci il tarixdə çəkib qurtarmışdır; 28 noyabr 2022-ci il tarixli “Üzləşdirmə dindirmə protokolu”ndan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə söyləmişdir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda, həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. CM-in: 177.2.3-cü maddəsinə müvafiq olaraq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, CM-in 59-cu maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsin törətidyi əməlləri etiraf edib peşman olmasını, zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs cinayət nəticəsində vurduğu maddi ziyanı tam ödəməsi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət əməli törətməsi ilə əlaqədar əməlində cinayətlərin residivinin olması cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, CM-in: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarına əsasən CM-in 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Əliyev X7 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-in 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 67.1-ci maddəsi nəzərə alınmaqla 02 (iki) il azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə xx.xx.2020-ci il tarixdə azad edilmiş, 4000 (dörd min) manat cərimə cəzası isə Goranboy Rayon Məhkəməsinin 7(045)-07/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə 400 (dörd yüz) saat ictimai işlər cəzası ilə əvəz olunmuş və cəzasını xx.xx.2021ci il tarixdə çəkib qurtarmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, CM-in 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı cinayəti törədərkən məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilməmiş qaydada götürülməmişdir. Bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. CM-in: 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən CM-in 65.1-ci maddəsində sadalanan hallarla yanaşı, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə qeyd edir ki, CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, tutma altında saxlanıldığı və ev dustaqlığında olduğu müddət (27 noyabr 2022-ci il- 09 mart 2023-cü il - 3 (üç) ay 10 (on) gün) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkməsinin əvvəli həbsə alındığı tarixdən, yəni 09 mart 2023-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə, Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 07 (yeddi) iş saatı üçün 42 (qırx iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Müdafiəçi hesabına köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında saxlanıldığı və ev dustaqlığında olduğu müddət (27 noyabr 2022-ci il-09 mart 2023-cü il - 3 (üç) ay 10 (on) gün) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və qəti olaraq ona 2 (iki) il 5 (beş) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 09 mart 2023-cü il tarixdən hesablansın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 07 (yeddi) iş saatı üçün cəmi 42 (qırx iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Müdafiəçi hesabına köçürülsün. Hökmdən elan edildiyi andan (həbsdə saxlanılan şəxsə təqdim edilən gündən) 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-19/2023
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-19/2023
09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver