Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-20/2023 16.03.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, X18 qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Goranboy Rayon Məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və təqsirləndirilən şəxsin müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2007-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Goranboy rayonunun Fəxralı kəndində qeydiyyatda olan, barəsində “nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin oktyabr ayının əvvəlindən sonuna qədər olan vaxt ərzində istintaqa məlum olmayan müxtəlif günlərdə Goranboy rayonu Fəxralı kəndində nənəsi Zərərçəkmiş şəxs ilə birgə yaşadığı evin həyətində yerləşən maşın qarajında Zərərçəkmiş şəxs torpağa basdıraraq şüşə balonun içərisində saxladığı 10000 (on min) manat pulunu, 1 cüt 425 manat dəyərində Rusiya Federasiyası istehsalı olan 585 əyarlı 5 qram çəkidə qırmızı qaşlı sırğanı, 1 cüt 425 manat dəyərində Rusiya Federasiyası istehsalı olan 585 əyarlı 5 qram çəkidə qızıl sırğanı, 1 ədəd 850 manat dəyərində Rusiya Federasiyası istehsalı olan 583 əyarlı 10 qram çəkidə içərisində ad yazılı olan qızıl üzüyü, 1 ədəd 680 manat dəyərində Rusiya Federasiyası istehsalı olan 585 əyarlı 8 qram çəkidə brilliant qaşlı qızıl üzüyü, 1 ədəd 2550 manat dəyərində Rusiya Federasiyası istehsalı olan 585 əyarlı 30 qram çəkidə tros formalı qızıl boyunbağını və 1 ədəd 595 manat dəyərində Rusiya Federasiyası istehsalı olan 583 əyarlı 7 qram çəkidə tros formalı qolbağını vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 15525 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurlamışdır. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, atası Vüsal ilə anası Nuranə rəsmi olaraq boşandıqları üçün anası Nuranənin himayəsində Goranboy rayonu Fəxralı kəndində nənəsi Fərqanənin evində yaşamış, buna baxmayaraq atası Vüsalın da yanına gedib bəzi vaxtlarda Goranboy rayonu Alpout kəndində atası ilə birlikdə qalmış, Fəxralı kəndində anası Nuranə və bacısı Nurayla birlikdə nənəsi evində qalmışdır. Təxminən iki il bundan əvvəl nənəsi Fərqanə telefonla danışan zaman eşitmişdir ki, nənəsi yaşadıqları evin həyətində yerləşən qarajın içərisində şüşə balona pul və qızıl-zinət əşyaları yığır. Lakin, nənəsi özü bu barədə ona və ya anasına məlumat verməmişdir. İki il bundan əvvəl o, həmin qaraja daxil olan zaman görmüşdür ki, nənəsi qarajın içərisində torpaq yeri qazaraq şüşə balonu torpağa basdırmış və torpağa basdırılı olan şüşə balonun içərisində pul olmuş, həmin vaxt, yəni iki il bundan əvvəl xatırlamadığı ayda və gündə həmin şüşə balonun içərisində olan puldan 20 manat götürmüş, bundan sonra isə şüşə balonu yenidən torpağa basdırıb qarajdan çıxıb getmiş, nənəsinə aid götürdüyü 20 manat pulu xərcləmək qərarına gəlmiş, buna görə də Fəxralı kəndində qonşuluğunda yaşayan dostu Ədalətlə görüşmüş və 20 manat pulu olduğunu deyib həmin pulu xərcləməyi təklif etmişdir. Ədalət də ondan pulu haradan əldə etdiyini soruşduqda nənəsindən icazə almadan onun qarajda torpağa basdırdığı şüşə balonda olan puldan 20 manatını götürdüyünü demiş, Ədalət pulu götürməyini kiminsə bilib-bilməyəcəyini soruşduqda heç kimin bundan məlumatı olmayacağını demiş, belə olan halda da Ədalət həmin pulu birlikdə xərcləməklərinə razı olduğunu dediyi üçün həmin pulu Ədalətlə birlikdə xərcləmişlər. Bundan sonra bir daha nənəsinin pulundan götürməmişdir. 2022-ci ilin yay aylarında, yəni iyun ayında anası və bacısı ilə birlikdə Bakı şəhərinə getmiş, belə ki, onlar Bakı şəhərində yaşayan xalası evində qalmağa başlamışlar. Onlar oraya yay tətilini birlikdə keçirtmək üçün getmişlər. 2022-ci ilin sentyabr ayının 12-də isə anası və bacısı ilə birlikdə Bakı şəhərində yaşayan xalası evindən çıxıb Goranboy rayonu Fəxralı kəndinə nənəsinin evinə gəlib orada qalmağa başlamışlar. Bundan bir müddət sonra isə qonşuluğunda yaşayan dostu Ədalətlə barışmış, belə ki, bir müddət öncə Ədalətin anası ilə onun anasının arasında narazılıq olduğu üçün o da Ədalətlə danışmamış, Ədalətlə 2022-ci ilin oktyabr ayının əvvəllərində dəqiq xatırlamadığı günlərin birində barışmış, bundan sonra Ədalətlə söhbət edən zaman Ədalət ona iki il öncə nənəsinə aid olan 20 manat pulu götürdüyü üçün yenidən həmin yerdə pul olduğu halda nənəsinə və ya başqa heç kimə məlumat vermədən puldan götürməyi və birlikdə xərcləməyi təklif etmiş, o da Ədalətlə razılaşmış, bundan sonra 2022-ci ilin oktyabr ayında dəqiq xatırlamadığı gündə nənəsi ilə birlikdə yaşadığı evdə olan zaman günorta vaxtı qaraja daxil olmuş və həmin vaxt qarajın içərisində torpağa basdırılmış şüşə balonu çıxarıb şüşə balonun içərisindən 2000 manat pul götürmüş, şüşə balonun içərisindən 2000 manat pul götürsə də şüşə balonun içərisində pul və qızıl-zinət əşyaları qalmışdır. 2000 manat pulu götürdükdən sonra şüşə balonu yenidən torpağa basdırıb qarajdan çıxmış, bundan sonra dərhal Ədalətin yanına getmiş və 2000 manat pulu Ədalətə vermiş, belə ki, razılaşmaya əsasən pulu götürdükdən sonra saxlaması üçün Ədalətə verməli olmuş, bundan sonra onlar birlikdə pulu xərcləyəməyi planlaşdırmışlar. Ədalət də 2000 manat pulu götürüb özündə saxlamış, bundan bir neçə gün sonra yenidən nənəsi ilə birlikdə yaşadığı evdə olan zaman günorta vaxtı qaraja daxil olmuş və həmin vaxt qarajın içərisində torpağa basdırılmış şüşə balonu çıxarıb şüşə balonun içərisindən 1300 manat pul götürmüş, həmin pulu da evin arxasında Ədalətə vermiş, aradan bir neçə gün keçdikdən sonra isə yenidən nənəsi ilə birlikdə yaşadığı evdə olan zaman axşam vaxtı qaraja daxil olmuş və həmin vaxt qarajın içərisində torpağa basdırılmış şüşə balonu çıxarıb şüşə balonun içərisindən 4000 manat pul götürmüş, həmin 4000 manat pulu da aparıb Ədalətə vermiş, bundan sonra həmin gün Ədalət və qonşuluğunda yaşayan İsmayılla birlikdə İsmayılın yaşadığı evin arxasında söhbət edən zaman İsmayıl telefon almaq üçün ona 500 manat pul lazım olduğunu demiş, o da İsmayıla 500 manat pul verə biləcəyini demiş, belə olan halda isə İsmayıl ona həmin pulu verdiyi təqdirdə borcunu bir neçə ay ərzində ödəyəcəyini demiş, o da İsmayılla razılaşmış, bundan sonra Ədalətlə danışmış və ona verdiyi ümumi məbləği 7300 manat olan puldan 500 manatını götürüb İsmayıla verəcəyini demiş, Ədalət də həmin puldan 500 manat pulu ona vermiş, o da də həmin pulu gətirib İsmayıla vermiş, lakin İsmayıl həmin pulu haradan və necə əldə etdiyini bilməmişdir. İsmayıl ondan pulu götürüb 100 manatını qaytarmış, belə ki, İsmayıl ona 400 manat pul lazım olacağını demiş, o da 100 manat pulu İsmayıldan götürüb getmiş, bundan sonra isə atası Vüsalın Alpout kəndində yaşadığı evdə olan zaman dostu Hikmətlə görüşən zaman Hikmət ona “topaz” mərc oyununa 500 manat pul uduzduğunu demiş, Hikmət 500 manat pul lazım olduğunu dediyi üçün Fəxralı kəndinə getdikdən sonra Ədalətdən 500 manat pul alıb Alpout kəndinə gəlib borc olaraq həmin pulu Hikmətə vermiş, lakin Hikmət həmin pulu haradan və necə əldə etdiyini bilməmişdir. Bundan sonra isə müxtəlif günlərdə yaşadığı evdə olan zaman qaraja daxil olmuş və həmin vaxt qarajın içərisində torpağa basdırılmış şüşə balonu çıxarıb şüşə balonun içərisindən 100 və ya 200 manat olmaqla pulları götürüb Ədalətə vermiş, beləliklə artıq şüşə balonun içərisində cəmi 800 manat pul və qızıl-zinət əşyaları qalmış, həmin vaxta qədər isə artıq şüşə balonun içərisindən ümumilikdə 9200 manat pul götürmüşdür. 2022-ci ilin oktyabr ayının sonlarına yaxın dəqiq xatırlamadığı günlərin birində Ədalətin yaşadığı evin həyətində olan zaman Ədalətin anası Fazilə ona Ədalətlə əlbir olub nənəsinin pullarını icazəsiz götürməyindən məlumatı olduğunu demiş, odur ki, Fazilə qızına toy edəcəyi üçün ona pul lazım olduğunu deyib ondan nənəsinin pulundan icazəsiz olaraq yenə də pul götürüb ona verməsini tələb etmiş, o da Faziləyə nənəsinin şüşə balonunda 800 manat pul və qızıl-zinət əşyaları qaldığını demiş, Fazilə də ona həmin pulu və qızıl-zinət əşyalarını götürüb ona verməsini, qızının toyunu etdikdən sonra pulu və qızıl-zinət əşyalarını ona qaytaracağını demiş, o da Faziləylə razılaşmış, bundan sonra isə 2022-ci ilin oktyabr ayının sonlarına yaxın dəqiq xatırlamadığı günlərin birində yenidən nənəsi ilə birlikdə yaşadığı evdə olan zaman qaraja daxil olmuş və həmin vaxt qarajın içərisində torpağa basdırılmış şüşə balonu çıxarıb şüşə balonun içərisindən 800 manat pulu, bir ədəd qızıl qolbağını, bir cüt qızıl sırğanı, bir ədəd qızıl üzüyü və bir ədəd qızıl boyunbağını götürmüş, artıq şüşə balonun içərisində pul və qızıl-zinət əşyası qalmamış, beləliklə 2022-ci ilin oktyabr ayının əvvəllərindən 2022-ci ilin oktyabr ayının son günlərinə qədər şüşə balonun içərisindən ayrı-ayrı vaxtlarda ümumilikdə 10000 manat pul və adlarını qeyd etdiyi qızıl-zinət əşyalarını götürmüş, sonuncu dəfə 800 manat pul və qızıl-zinət əşyalarını götürdükdən sonra şüşə balonu boş olaraq torpağa basdırıb qarajdan çıxmış, bundan sonra isə həmin 800 manat pulu və qızıl-zinət əşayalarını gətirib Fazilənin yaşadığı evdə mətbəx otağında Ədalətin yanında Faziləyə vermişdir. Son olaraq Təqsirləndirilən şəxs bildirdi ki, törətdiyi əməldən peşmandır, səhvini başa düşür. Bunu nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun nəvəsidir. Belə ki, Təqsirləndirilən şəxs X21nın oğludur. X21 2006-cı ildə Qanuni nümayəndə ilə evlənmiş, həmin nikahdan qızının Eldar adında oğlu və Nuray adında qız övladı vardır. Qızı Nuranə ilə əri Vüsal arasında narazılıq olduğu üçün onlar 2011-ci ildə ayrılmışlar. Həmin vaxtdan qızı və iki yetkinlik yaşına çatmayan övladı Fəxralı kəndində onunla birgə yaşayır. Lakin qızı Nuranə Vüsal ilə 2011-ci ildə ayrılmasına baxmayaraq bir neçə il sonra rəsmi olaraq boşanmışlar. Qızı rəsmi olaraq boşandıqdan sonra Eldarla Nurayın himayəsi qızı Nuranəyə verilmiş, bundan sonra da nəvələri Eldar və Nuray anası Nuranə ilə birlikdə onun evində yaşamışlar. Təxminən 5 il olar ki, qazandığı pulların bir hissəsini şüşə balona yığmağa başlamış, belə ki, qazancından əldə etdiyi pulların bir hissəsini şüşə balona yığıb həmin şüşə balonu yaşadığı evin həyətində olan qarajdakı torpağı qazaraq basdırmış, bundan sonra da mütəmadi olaraq həmin şüşə balonun içərisinə pul yığmağa başlamış, 2022ci ilin sentyabr ayının sonlarına qədər həmin şüşə balonun içərisinə 10000 manat məbləğində pul yığmış, həmçinin də özünə məxsus olan təxminən 10 il əvvəl aldığı Rusiya Federasiyası istehsalı olan 585 əyarlı 5 qram çəkidə qırmızı qaşlı 1 cüt qızıl sırğanı, təxminən 10 il əvvəl aldığı Rusiya Federasiyası istehsalı olan 585 əyarlı 5 qram çəkidə 1 cüt qızıl sırğanı, təxminən 25 il əvvəl aldığı Rusiya Federasiyası istehsalı olan 583 əyarlı 10 qram çəkidə içərisində adı yazılı olan 1 ədəd qızıl üzüyünü, təxminən 10 il əvvəl aldığı Rusiya Federasiyası istehsalı olan 585 əyarlı 8 qram çəkidə brilliant qaşlı 1 ədəd qızıl üzüyünü, təxminən 10 il əvvəl aldığı Rusiya Federasiyası istehsalı olan 585 əyarlı 30 qram çəkidə tros formalı qızıl boyunbağını və təxminən 10 il əvvəl aldığı Rusiya Federasiyası istehsalı olan 583 əyarlı 7 qram çəkidə tros formalı 1 ədəd qızıl qolbağını həmin şüşə balonun içərisinə yerləşdirmişdir. 29 oktyabr 2022-ci il tarixdə yaşadığı evin həyətində yerləşən qarajın içərisində torpağa basdırdığı şüşə balonu açıb baxdıqda şüşə balonun içərisinin boş olduğunu görmüş, belə olan halda anlamışdır ki, qarajda torpağa basdırdığı şüşə balonun içərisindən 10000 manat pulu və yuxarıda qeyd etdiyi qızıl-zinət əşyaları oğurlanmışdır. Buna görə də 30 oktyabr 2022-ci il tarixdə Goranboy rayon polis şöbəsinə evindən 10000 manat pulunun və qızıl-zinət əşyalarının oğurlanması barədə şikayət etmiş, rayon polis şöbəsində araşdırma aparılan zaman isə onun pullarını və qızıl-zinət əşyalarını onunla bir ünvanda yaşayan nəvəsi Təqsirləndirilən şəxs oğurladığı müəyyən olunmuşdur. Yekunda Zərərçəkmiş şəxs bildirdi ki, Eldar onun nəvəsi olsa da ona maddi ziyan vurmuşdur. Ona dəymiş ziyanın ödənilməsini istəyir. O, uzun illər Eldarı saxlamış və böyütmüşdür. Eldarın tutulub-tutulmamasına dair dəqiq qərar verə bilmir. Bunu nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi X4 iştirakı ilə şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Eldar Fərxalı kəndində onunla qonşuluqda yaşayır.12 oktyabr 2022-ci il tarixdə saat 12 radələrində yaşadığı evin qarşısında yolda dayanan zaman Eldar onun yanına gəlib yaşadığı evin məhləsinə keçməyi təklif etdiyi üçün Eldarla birlikdə yaşadığı evin həyətinə daxil olub məhləyə keçmiş, məhlədə olan zaman Eldar əynində olan idman şalvarının yan cibindən yaylığın arasında 4000 manat pul çıxarıb ona verib həmin pulu saxlamasını demiş, 4000 manat pulu ondan haradan əldə etdiyini soruşduqda isə Eldar bir nəfər şəxsin onun atasına pul borcu olduğunu və həmin pul borcu olan şəxs pulu ona atasına çatdırması üçün verdiyini demiş, həmçinin Eldar ona pulu verməsindən anası və ya nənəsinin məlumatı olmadığını demişdir. Eldar ondan bu barədə heç kimə məlumat verməməsini xahiş etmiş, o da Eldarla razılaşmış, pulu Eldardan götürüb yaşadığı evdə çarpayının altında gizlətmiş, Eldar isə bir qədər sonra gələcəyini demiş, bir qədər sonra Eldar yanına gəlib yenidən ona pul vermiş, bu dəfə isə Eldar ona 2000 manat pul vermiş, Eldar yenə də ona həmin pulun onun atasına borclu olan şəxs tərəfindən verildiyini deyib ondan həmin pulu da saxlamağını və bu barədə heç kimə məlumat verməməyini xahiş etmiş, o da Eldarla razılaşmış, bundan sonra həmin 2000 manat pulu da aparıb çarpayının altında gizlətmiş, bir qədər sonra Eldar yenidən yanına gəlib ona 1800 manat pul verib həmin pulu da borclu olan şəxsin atasına çatdırması üçün ona verdiyini demiş, yenə də Eldar həmin pulu saxlamağını və heç kimə bu barədə məlumat verməməyini xahiş etmiş, o da Eldarla razılaşıb 1800 manat pulu götürüb aparıb evdə çarpayının altında gizlətmiş, bundan sonra isə yenidən Eldar yanına gəlib ona 200 manat pul verib yenə də həmin pulu borclu olan şəxsin atasına çatdırması üçün ona verdiyini demiş, odur ki, Eldar həmin pulu da götürüb saxlamağını və bu barədə heç kimə məlumat verməməsini xahiş etmiş, o da Eldarla razılaşıb 200 manat pulu götürüb yaşadığı evdə çarpayının altında digər pullarla birlikdə gizlətmiş, beləliklə də 12 oktyabr 2022-ci il tarxdə saat təxminən 12 radələrindən saat 17 radələrinə qədər olan vaxt ərzində Eldar gətirib ona ümumilikdə 8000 manat pul vermişdir. Eldar 8000 manat pulu ona verdikdən sonra isə həmin pulun üzərindən 300 manat pul götürüb ona Dəliməmmədli şəhərində satılan motorlu velosiped alıb yaşadığı evin həyətində saxlamasını demiş, belə ki, Eldar anası və nənəsinin velosiped almasından məlumatlarının olmamasını istəmiş, o da Eldarla razılaşmış və bundan sonra Eldarın ona verdiyi 8000 manat puldan 300 manatını götürüb Dəliməmmədli şəhərinə gedib orada motorlu velosiped alıb geriyə yaşadığı Fəxralı kəndinə evinə gəlmiş, bundan sonra həmin motorlu velosiped onun yaşadığı evin həyətində qalmış, həmin gün axşam saatlarında anası evə gəldikdən sonra motorlu velosipedi gördükdə ondan velosipedi haradan aldığını soruşduqda Eldarın verdiyi 300 manat pul qarşılığında Eldar üçün aldığını demiş, lakin anasına Eldarın ona ümumilikdə 8000 manat pul verməsini deməmişdir. Bundan sonra isə 14 oktyabr 2022-ci il tarixdə saat 16 radələrində Eldar yaşadığı evə gəlib cibindən 600 manat pul çıxarıb ona göstərib atasına borclu olan şəxsin verdiyini demiş, bunun ardınca isə Eldar ondan evdə gizlətdiyi pulu istəmiş, o da evdə qalmış 7700 manat pulu götürüb Eldara vermiş, Eldar həmin pulun üzərindən çıxarıb ona 500 manat pul vermişdir ki, həmin pul müqabilində qəlyan alsın və birlikdə satsınlar. O da Eldarla razılaşdıb 500 manat pulu götürmüş, bundan başqa isə Eldar ona xərclik olaraq 40 manat da pul vermiş, Eldar bunun ardınca pulu götürüb getmiş, o da bundan sonra səhəri gün, yəni 15 oktyabr 2022-ci il tarixdə Gəncə şəhərinə gedib 500 manat pul müqabilində 30 ədəd qəlyan almış, həmin qəlyanları yaşadığı evin həyətinə gətirmiş, evdə olan zaman anasına gətirdiyi qəlyanların Eldara məxsus olmasını və Eldarın həmin qəlyanları satacağını demiş, anası isə qəlyanın ziyanlı olduğunu demiş, o da buna görə həmin qəlyanları sındırıb su arxına atmış, bir neçə gündən sonra isə Eldarla söhbət zamanı Eldardan ona verib sonra götürdüyü pulu atasına verib-vermədiyini soruşduqda Eldar ona həmin pulun onun özünə məxsus olduğunu və həmin pulu nənəsinin şüşə balonundan götürdüyünü, sonda isə həmin pulları xərclədiyini demiş, həmçinin Eldar ona şüşə balondan götürdüyü puldan 400 manatını isə həmkəndliləri İsmayıla borc olaraq verdiyini demiş, belə olan halda isə Eldarın nənəsinə aid pulları icazəsiz olaraq götürdüyünü bilmiş, lakin bu barədə heç kimə məlumat verməmişdir. Təqsirləndirilən şəxs dedikləri yalandır. Belə ki, Eldarla onun nənəsinin pulunu icasəzi olaraq götürməsi ilə bağlı aralarında heç bir razılaşma olmamışdır. Məhkəmə iclasında qanuni nümayəndəsi X8 iştirakı ilə şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Eldar Fərxalı kəndində onunla qonşuluqda yaşayır. Eldarla normal münasibətləri olmuş, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. 2022-ci ilin oktyabr ayında Fəxarlı kəndində yaşadıqları evin yaxınlığında Eldar və Ədalətlə söhbət edən zaman ona borca pul lazım olduğunu demiş, belə ki, özünə telefon almaq istəmiş, lakin Ədalət və ya Eldar ona bir söz deməmişlər. Bundan bir-iki gün sonra 2022-ci ilin oktyabr ayında yaşadıqları evin yaxınlığında yolda Eldarla söhbət edən zaman Eldar ona borca pul verə biləcəyini demiş, Eldardan pulu haradan əldə etdiyini soruşduqda isə Eldar Bakı şəhərində qaldığı vaxtlarda işlədiyi üçün pul qazandığını demiş, Eldardan işlədiyi yerlə danışmağı və həqiqətən də işlədiyi üçün pul qazanmağı süut etməsini demiş, Eldar da bundan sonra telefonla zəng edib kiminləsə danışmış və telefona cavab verən şəxs həqiqətən də Eldarın bilyard salonunda işlədiyini və pul qazandığını demiş, o da bundan sonra Eldarın işləyib pul qazanmasına əmin olduğu üçün ona 500 manat pul lazım olduğunu demiş, Eldar da ona 500 manat pul verə biləcəyini demiş, lakin Eldara həmin pulu uzun müddət ərzində, yəni aylıq olaraq 25-30 manat olmaqla verə biləcəyini demiş, Eldar da onunla razılaşmış, bundan sonra Eldar gətirib ona 500 manat pul vermiş, o da həmin 500 manat pulu götürüb özünə telefon və paltar almış, bundan sonra isə Eldarın ona verdiyi 500 manat pulu ödəmək üçün atasının gündəlik olaraq ona verdiyi 1 və ya 2 manat pulu toplamış və Eldara borclu olduğu 500 manat puldan 100 manatını ödəmiş, Eldara 400 manat pul borcu qalmışdır. Eldarın oğurluq etməsindən onun məlumatı olmamışdır. İttiham aktının siyahısında şahid qismində göstərilən X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. X1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Belə ki, 2006-cı ildə Goranboy rayonu Alpout kənd sakini Qanuni nümayəndə ilə evlənmiş, həmin birgə nikahdan onların iki övladı dünyaya gəlmiş, övladlarından böyüyü Eldardır və Eldar 2007-ci ildə dünyaya gəlmiş, Eldardan sonra isə 2011-ci ildə qızı Nuray dünyaya gəlmiş, sonradan Qanuni nümayəndə ilə aralarında olan narazılığa görə 2011-ci ildə Vüsaldan ayrılaraq yetkinlik yaşına çatmayan övladları Eldar və Nurayla birlikdə Fəxralı kəndinə gəlib anası Fərqanə ilə birlikdə yaşamağa başlamış, sonradan isə Qanuni nümayəndə ilə rəsmi olaraq boşanmış, Vüsalla rəsmi olaraq boşandıqdan sonra da anası ilə birlikdə yetkinlik yaşına çatmayan övladları ilə yaşamaqda davam etmiş, məhkəmə qərarına əsasən yetkinlik yaşına çatmayan övladlarının himayəsi ona verilmiş, buna baxmayaraq həftə sonları oğlu Eldar Alpout kəndinə gedib atası ilə birlikdə qalıb sonra onun yanına gəlmiş, 29 oktyabr 2022-ci il tarixdə anası Fərqanə yaşadıqları evdə olan paltar dolabına baxdıqda həmin dolabın içərisindən 85 manat pulun oğurlandığını demiş, bundan sonra 29 oktyabr 2022-ci il tarixdə anası Fərqanə Goranboy rayon polis şöbəsinə gedib bu barədə ərizə ilə müraciət etmiş, sonra isə anası evinə gəlmiş, bir gün sonra yəni 30 oktyabr 2022-ci il tarixdə anası Fərqanə yaşadıqları evin həyətində yerləşən qarajda şüşə balonun içərisinə yığıb torpağa basdıraraq saxladığı 10000 manat pulun və qızılzinət əşyaları oğurlanmasını demiş, anasından 10000 manat pulu haradan əldə etdiyini soruşduqda isə anası həmin pulu 5 il ərzində qazancından artırmaqla yığdığını demiş, bundan sonra anası təkrarən Goranboy rayon polis şöbəsinə gedib ərizə ilə müraciət etmiş, Goranboy rayon polis şöbəsində araşdırma aparılan zaman isə müəyyən olunmuşdur ki, anasının pullarını və qızıl-zinət əşyalarını oğurlayan onun yetkinlik yaşına çatmayan oğlu Təqsirləndirilən şəxsdir. Anası Fərqanənin birgə yaşadıqları evin həyətində yerləşən qarajın içərisindəki torpağa basdırdığı şüşə balonun içərisində 10000 manat pul və qızıl-zinət əşyaları saxlaması barədə əvvəlcədən heç bir məlumatı olmamış, anasının pul və qızıl-zinət əşyalarının oğurlanmasını dedikdən sonra bu barədə məlumatı olmuş, oğlu Eldar oğurluq etməsi barədə ona bir söz deməməmiş, iki yetkinlik yaşına çatmayan övladları ilə birlikdə 2022-ci ilin yay aylarında Bakı şəhərində yaşayan bacısı Şambanın evində qalmış, 2022-ci ilin sentyabr ayında isə bacısının evindən çıxıb Goranboy rayonu Fəxralı kəndinə anası Fərqanənin evinə gəlmiş, həmin vaxtdan da yetkinlik yaşına çatmayan övladları ilə birgə anasının yanında qalmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış və götürmə haqqında” 05 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin İB-nin müstəntiqi X15 hal şahidlərinin, X6, X4 iştirakları protokol tərtib etmişdir. X9 oğlu X17 Nəbiyevin verdiyi 300 manat pul müqabilində aldığı, Təqsirləndirilən şəxs aid bir ədəd velosipedi könüllü olaraq təqdim edib ondan götürülməsini xahiş etmişdir. Goranboy RPŞ-nin inzibati binasında təqdim olunan velosipedə baxış keçirilmişdir. Velosipedin iki təkərinin arasında yerləşən qəhvəyi rəngli dəmir materialdan olan konstruksiyanın üzərində “Турист” sözləri yazılmışdır. Bundan başqa velosipedin iki təkərinin arasında yerləşən qəhvəyi rəngli dəmir materialdan olan konstruksiyanın üzərində “MOTOREX” sözləri yazılmış kiçik motor vardır. Baxışın sonunda təqdim olunan bir ədəd “Турист” markalı velosiped iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2022-ci il tarixli, 9/8420 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən qızıl-zinət əşyalarının 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 5525 manat müəyyən edilir (Rusiya Federasiyası istehsalı olan 585 əyarlı 5 qram çəkidə qırmızı qaşlı 1 cüt qızıl sırğa 425 manat, Rusiya Federasiyası istehsalı olan 585 əyarlı 5 qram çəkidə qırmızı 1 cüt qızıl sırğa 425 manat, Rusiya Federasiyası istehsalı olan 583 əyarlı 10 qram çəkidə içərisində ad yazılı olan 1 ədəd qızıl üzük 850 manat, Rusiya Federasiyası istehsalı olan 585 əyarlı 8 qram çəkidə brilliant qaşlı 1 ədəd qızıl üzük 680 manat, Rusiya Federasiyası istehsalı olan 585 əyarlı 30 qram çəkidə tros formalı qızıl boyunbağı 2550 manat, Rusiya Federasiyası istehsalı olan 583 əyarlı 7 qram çəkidə tros formalı 1 ədəd qızıl qolbaq 595 manat). Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır; “Maddi sübut kimi tanıma barədə” 01 dekabr 2022-ci il tarixli qərardan görünür ki, X3 götürülmüş bir ədəd “Турист” markalı velosiped iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanması üçün Goranboy RPŞ-nin saxlancına təhvil verilmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 29 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında” 04 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir; 14 yanvar 2023-cü il tarixli “Üzləşdirmə dindirmə protokolu”ndan görünür ki, şahid X11 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və X11 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə söyləmişdir; 19 yanvar 2023-cü il tarixli “Üzləşdirmə dindirmə protokolu”ndan görünür ki, şahid X9 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və X9 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə söyləmişdir; “Sübutların qiymətləndirilməsi haqqında” 25 yanvar 2023-cü il tarixli qərardan görünür ki, X3 götürülmüş bir ədəd “Турист” markalı velosipedin saxlanılması üçün Goranboy RPŞ-nin saxlancına təhvil verilməsi nəzərə alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi özünün etiraf edici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in: 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, mülkiyyət cəmiyyətin iqtisadi özülünü təşkil edən mühüm iqtisadi və hüquqi kateqoriyadır. Maddi nemətlərə sahiblik, onlardan istifadə və onların barəsində sərəncamla əlaqədar yaranan ictimai münasibətlərdən ibarət olan mülkiyyət münasibətləri hüquqla tənzimlənərək hüquqi forma kəsb edir və konkret mülkiyyətçinin öz əmlakı barədə sahiblik, istifadə və sərəncam səlahiyyətini əks etdirən hüquq münasibətinə çevrilir. Mülkiyyət münasibətləri mülki-hüquqi aktlarla müfəssəl tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin üç formasını nəzərdə tutur: 1) xüsusi mülkiyyət; 2) dövlət mülkiyyəti; 3) bələdiyyə mülkiyyəti. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülkiyyətin bütün formalarının bərabərliyini və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyini təsbit edir. Ona görə də yeni cinayət qanununda sovet cinayət qanunvericiliyindən fərqli olaraq, bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Ümumiyyətlə, mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talamanın mühüm əlamətlərindən biri də talanan əmlakın özgənin olmasıdır, yəni təqsirkar şəxs həmin əmlak barəsində heç bir həqiqi və ya güman edilən mülkiyyət hüququna malik olmamalıdır. Oğurluq cinayətinin daha bir obyektiv əlaməti özgənin əmlakının götürülməsinin əvəzsiz olmasıdır. Oğurluq fəal hərəkətlərlə törədilir və təqsirkarın talama hərəkətləri ilə zərərçəkmiş şəxsə maddi ziyan dəyməsi arasında səbəbli əlaqə müəyyyən olunmalıdır. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan başa çatmış hesab olunur. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; - törətdiyi əməli etiraf edib peşman olmasını; - yetkinlik yaşına çatmamasını (CM-in 59.1.2-ci maddəsi); - təhsil aldığı məktəb üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan X12 adına Fəxralı kənd tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamə). Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Həmin Qərarın 21-ci bəndinə əsasən CM-in 55 və 85-ci maddələrinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən, hökm çıxarılanadək 18 yaşı tamam olmayan şəxslər ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələrində yerləşdirilirlər. Bu zaman yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş yetkinlik yaşına çatmayan oğlanlar isə cəzalarını möhkəm rejimli tərbiyə müəssisələrində çəkməlidirlər. CPM-in 435-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: - cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; - yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; - yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxsdir, onun təqsirləndirildiyi maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə cəza tədbiri seçərkən məhkəmə cinayətin halları, təqsirləndirilən şəxsin vəziyyəti və tələbatı ilə yanaşı cəmiyyətin tələbatını da nəzərə alır. Həmçinin, qanunvericiliyin tələbindən göründüyü kimi ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Nəzərə alınmalıdır ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs törətdiyi əməl həmin kateqoriyadan olan cinayətlərin dairəsinə daxil deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri (CM-in 58.3-cü maddəsi), həmçinin CM-in 86-cı maddəsində sadalanan şərtlər nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-in 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut - Goranboy RPŞ-nin saxlancına təhvil verilmiş, X3 götürülmüş bir ədəd “Турист” markalı velosiped Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış, Zərərçəkmiş şəxs məxsus pul hesabına əldə olunmuşdur. Belə ki, hazırki iş üzrə müəyyən olunduğu kimi sözügedən velosiped Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış, Zərərçəkmiş şəxs məxsus 300 manat pul müqabilində alınmışdır. Bu səbəbdən də CM-in 99- 1.1.2-ci maddəsinin tələbləri baxımından həmin velosiped xüsusi müsadirə olunmalıdır. Belə ki, sözügedən maddənin tələblərinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - Goranboy RPŞ-nin saxlancına təhvil verilmiş, X3 götürülmüş bir ədəd “Турист” markalı velosiped xüsusi müsadirə olunmalı, keçirilmiş ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Goranboy RPŞ-nin saxlancına təhvil verilmiş, X3 götürülmüş bir ədəd “Турист” markalı velosiped xüsusi müsadirə olunsun. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(045)-20/2023
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-20/2023
16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver