Məhkəmə qərarları › İş №1(045)-20/2024

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-20/2024

28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-20/2024 28.03.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Goranboy rayonu Qızılhacılı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 11,52 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı 5,70 qram və 5,82 qram çəkilərdə olmaqla iki ədəd kibrit qutusunda qablaşdırılmış halda Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən üzərində “Kabablar, qril və dönər” yazısı olan mağazada daşıyaraq saxlamış, Goranboy rayon polis şöbəsinin əməkdaşları tərərfındən 18 oktyabr 2023-ci il tarixdə saat 13 radələrində həmin mağazaya baxış keçirilən zaman qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Goranboy rayon Qızılhacılı qəsəbəsində yerləşən balıq satışı mağazasını işlədir. Təxminən bir həftə əvvəl Goranboy rayon Qızılhacılı qəsəbəsində yaşadığı qəsəbədə mərkəzi dairənin yaxınlığından piyada keçən zaman içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuana olan 2 ədəd kibrit qutusu görmüş, ətrafa baxmış və heç kimin olmadığından əmin olduqdan sonra həmin kibrit qutularını yerdən götürmüşdür. O, narkotik vasitə hesab edilən qurudulmuş marixuana istifadəçisi olduğu üçün həmin narkotik vasitəni öz istifadəsi üçün götürmüşdür. Bundan sonra o, mağazaya qayıtmış və 2 ədəd kibrit qutusunu mağazada sağ tərəf küncdə kantın (plintus) arxasına qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində o, mağazaya gəlmiş, əvvəllər məktəbin yanından tapmış olduğu narkotik vasitə olan qurudulmuş marixuana isə üzərində olmuşdur. Həmin gün saat 09 radələrində Goranboy rayon Qızılhacılı qəsəbəsində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu Goranboy rayon polis şöbəsinə dəvət etmişlər. Rayon polis şöbəsində onun narkotik vasitənin saxlanılmasında şübhəli olduğu üçün üzərində şəxsi axtarış aparılacağını bildirmiş, o da etiraz etməmişdir. Bundan sonra rayon polis şöbəsində üzərində şəxsi axtarış aparılan zaman ona könüllü olaraq üzərindəki əşyaları masanın üzərinə qoymağı təklif olunmuşdur. O da əynində olan gödəkçənin sol döş cibindən bir ədəd içərisində narkotik vasitə olan qurdulmuş marixuana olan kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Onun üzərində şəxsi axtarış aparılan zaman foto və video çəkilişdən də istifadə olunmuşdur. Onun üzərindən aşkar edilmiş bir ədəd içərisində narkotik vasitə olan qurdulmuş marixuana olan kibrit qutusu vəkilin və iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilmişdir və çəkisi 4.9 qram olmuşdur. Bundan sonra aşkar edilmiş narkotik vasitələr qablaşdırılmış və DİN-nin 121 saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqi aparılması üçün götürülmüşdür. Bundan sonra o, üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarı cinayət məsuliyyətinə səbəb olmadığı üçün barəsində inzibati protokol tərtib olunmuş və məhkəmə tərəfindən həmin inzibati materiala baxılaraq barəsində inzibati həbs seçilmişdir. Məhkəmə tərəfindən qərar qəbul edildikdən sonra o, Goranboy RPŞ-nin MSY-yə yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları ona Goranboy rayon Qızılhacılı qəsəbəsində işlədiyi mağazada narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək həmin mağazaya baxış keçirmək istədiklərini bildirmişlər və o da polislərlə razılaşmışdır. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən qril və balıq satışı mağazasına getmiş, həmin mağazaya onun razılığı ilə video çəkilişdən istifadə edilməklə baxış keçirilən zaman 2 ədəd kibrit qutusunun içərisində olan narkotik vasitə olan qurudulmuş marixuana saxladığını demişdir. Polis əməkdaşları ona mağazada olan narkotik vasitəni könüllü olaraq təqdim etməyi təklif etmiş, o da mağazada sağ tərəf küncdə kantın (plintus) arxasına qoyduğu içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan 2 ədəd kibrit qutusunu mağazada olan taxta stolun üzərinə qoymuşdur. Aşkar edilmiş narkotik vasitə ona məxsusdur və o, heç vaxt narkotik vasitənin alğı-satqısı ilə məşğul olmamışdır. Yekunda əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası DİN-in Goranboy RPŞ-nin CAB-m baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 18 oktyabr 2023-cü il tarixdə Goranboy rayon Qızılhacılı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi işi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi ilə bağlı daxil olmuş məlumatı dərhal Goranboy Rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə etmiş, o, təxirə salınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün qərar qəbul etmiş, eyni zamanda tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri isə o, Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı X1 ibarət olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs öz icazəsi əsasında Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən mağazaya baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs mağazada 2 ədəd kibrit qutusunun içərisində olan narkotik vasitə - qurudulmuş marixuana saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs mağazada olan narkotik vasitəni könüllü olaraq təqdim etməyi təklif olunmuş, o da mağazada sağ tərəf küncdə kantın (plintus) arxasına qoyduğu içərisində narkotik vasitə -qurudulmuş marixuana olan 2 ədəd kibrit qutusunu mağazada olan taxta stolun üzərinə qoymuşdur. Mağazadan aşkar edilmiş iki ədəd içərisində narkotik vasitə - qurdulmuş marixuana olan kibrit qutuları iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilmiş və bir kibrit qutusunun 8,8 qram, digər kibrit qutusunun çəkisi isə 8,9 qram olması müəyyən olunmuşdur. Daha sonra içərisində narkotik vasitə olan 2 ədəd kibrit qutusu 1 ədəd ağ rəngli zərfdə qablaşdırılmış və DİN-nin 121 saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqi aparılması üçün götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 iş üzrə digər Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış və götürmə haqqında” 18 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, RPŞ-nin KTQ-nın baş inspektor kriminalisti, X3, RPŞ-nın CAB-nin əməliyyat müvəkkili polis kiçik leytenantı, X4, RPŞ-nin MSY-nın rəisi, polis kapitanı X5, Goranboy RPŞ-nin müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs iştirakları ilə baxış keçirilmişdir. Baxış keçirilən yer Goranboy rayonu Qızılhacılı qəsəbəsində asfaltbeton örtüklü yolun kənarında yerləşən Təqsirləndirilən şəxs işlədiyi balıq və qril satışı mağazasıdır. Mağazanın üzərində "kabablar, qril və dönər” yazısı vardır. Mağazanın içərisinə daxil olmaq üçün ağ rəngli plastik materialdan hazırlanmış giriş qapısı yerləşir. Mağazaya daxil olduqda sağ tərəfdə taxtadan hazırlanmış stol vardır. Həmin stolun üzərində bir ədəd tərəzi, müxtəlif sayda ağ rəngli sellofan torbalar, bir ədəd içərisində göyərtilər olan plastik qab, bir ədəd yaşıl rəngli dəsmal, mağazada sağ tərəf küncdə əl-üz yumaq üçün istifadə su krantı, sağ tərəf küncdə yerdə bir ədəd içərisi boş olan dəmir materialdan hazırlanmış vedrə vardır. Mağazaya daxil olduqda sol tərəfdə bir ədəd təndir və yerdə isə bir ədəd işıq generatoru vardır. Mağazada baxış keçirilən zaman Təqsirləndirilən şəxs narkotik vasitəni təqdim etməyi təklif olundu. Təqsirləndirilən şəxs isə mağazada narkotik vasitə olduğunu və təqdim edə biləcəyini bildirdi. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs mağazada sağ tərəf yerdə künc tərəfdə kantın (plintus) arxasına qoyduğu 2 (iki) ədəd içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olan kibrit qutularını mağazada olan taxta stolun üzərinə qoydu. Sorğu zamanı Təqsirləndirilən şəxs mağazadan aşkar olunmuş 2 ədəd kibrit qutusunda olan narkotik vasitə olan marixuanaya bənzər kütlələri bir həftə əvvəl tapdığını və şəxsi istifadəsi üçün mağazada gizlətdiyini bildirdi. Baxış zamanı Təqsirləndirilən şəxs işlədiyi qril və balıq satışı mağazasından aşkar edilərək götürülmüş 2 ədəd içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlələr iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkildi və bir kibrit qutusunun 8,8 qram, digər kibrit qutusunun çəkisi isə 8,9 qram olması müəyyən olunmuşdur. Daha sonra mağazdan aşkar edilmiş 2 ədəd içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr 1 ədəd ağ rəngli zərfə qoyulmuş və DİN-nin 121 saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqi aparılması üçün qablaşdırılmış və ekspertiza tədqiqatına göndərilməsi üçün iştirakçıların iştirakı ilə götürülmüşdür; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2023-cü il tarixli, 16/1032 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Goranboy r. Qızılhacılı qəsəbəsində Təqsirləndirilən şəxs işlədiyi balıq satışı mağazasından aşkar edilərək götürülmüş narkotik vasitə olan marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki, 2 (iki) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 5,70 qram, 5,82 qram, ümumi təmiz çəkisi 11,52 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadırlar, tərkiblərinə görə eynidirlər. Aparılmış tədqiqatın dəyəri 30,40 (otuz manat qırx qəpik) manat təşkil edir; “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçmək haqqında” 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 14 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində İXM-in 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır; Goranboy Rayon Məhkəməsinin 3(045)-953/2023 nömrəli, 16 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinmiş və 01 ay 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhəri Narkoloji Dispanserinin 29 yanvar 2024-cü il tarixli, 128 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi müəyyən olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür; “Sübutların qiymətləndirilməsi barədə” 05 fevral 2024-cü il tarixli qərarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra təmiz çəkisi 11,48 qram narkotik vasitə olan qurudulmuş marixuananın maddi sübut kimi tanınması və saxlanması üçün Goranboy RPŞ-yə təhvil verilməsi qərara alınmışdır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İ siyahısının “Narkotik vasitələr” fəslinin 109.1-ci qrafasına əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın (kannabis) xeyli miqdar daxil olmaqla, aşağı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 11,52 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarına əlavə olunmuş Goranboy rayon Qızılhacılı qəsəbə İƏDÜ nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamə); - Vətən müharibəsinin iştirakçısı olmasını (əsas: iş materiallarında olan İ-85203, İ-5767, İ-3384, İ-1689 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqələri); İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Goranboy RPŞ-yə təhvil verilmiş 11,48 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə sərf edilmiş hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 6 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Goranboy RPŞ-nin anbarına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 11,48 qram olan tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərci 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 6 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar