Məhkəmə qərarları › İş №1(045)-23/2023

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-23/2023

30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-23/2023 30.03.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Goranboy Rayon Məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Goranboy rayonunun Safıkürd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Goranboy rayonunun Səfikürd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayır, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 noyabr 2022-ci il tarixdə saat 20:30 radələrində Goranboy rayonu Şəfəq kəndində yaşayan tanışı X3 ümumi təmiz çəkisi 7,34 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 80 manata satış məqsədi olmadan alıb, qanunsuz olaraq əldə edərək bölüb 6,31 qramını bir ədəd kibrit qutusuna qablaşdıraraq, kibrit qutusunu ağ rəngli “Classik” markalı siqaret qutusuna, siqaret qutusunu isə şəffaf rəngli sellofan paketə qoyaraq əynində olan tünd göy rəngli isti gödəkçənin sağ yan aşağı cibinə, 0,72 qramını bir ədəd etibarnamə dövlət sənədinə bükərək, bir ədəd göy rəngli “Classik” markalı siqaret qutusuna yerləşdirib əynində olan isti gödəkçənin sol yuxarı iç cibinə yerləşdirməklə, 0,31 qramını isə 1 manatlıq pul əskinasına büküb X5 aldığı, lakin öz adına rəsmləşdirmədiyi, sürücülük hüququ olmadan idarə etdiyi VAZ-21150 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətlər qutusunun ötürücüsünün qarşısında olan açıq yerə qoymaqla qanunsuz olaraq saxlayaraq daşımış, həmin gün saat 21:40 radələrində Goranboy RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Goranboy rayonu Səfikürd kəndi ərazisində saxlanılaraq Goranboy rayon polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli isti gödəkçənin sağ yan aşağı cibində şəffaf rəngli sellofan paketdə olan ağ rəngli “Classik” markalı siqaret qutusunun içərisindəki kibrit qutusunda 6,31 qram, əynindəki isti gödəkçənin sol yuxarı iç cibində bir ədəd göy rəngli “Classik” markalı siqaret qutusunun içərisindəki bir ədəd etibarnamə dövlət sənədinə bükülmüş 0,72 qram və idarə etdiyi VAZ-21150 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən sürətlər qutusunun ötürücüsünün qarşısında olan açıq yerdə 1 manatlıq pul əskinasına bükülmüş 0,31 qram, ümumi təmiz çəkisi 7,34 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. 2022-ci ilin oktyabr ayının axırlarında Goranboy rayonu Tatarlı kəndində yaşayan X5 VAZ-21150 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili 4900 manata almışdır. Həmin vaxt Orxan ona etibarnamə vermək istəmiş, o isə Orxana yaxın vaxtlarda avtomobili öz adına rəsmiləşdirmək istədiyini bildirmişdir. Orxan da heç bir etiraz etməmiş və o, avtomobili idarə edib yaşadığı evə gəlmişdir. O, pul toplaya bilmədiyi üçün avtomobili öz adına rəsmiləşdirə bilməmişdir. Həmçinin onun avtomobil idarə etmək üçün sürücülük hüququ yoxdur. Narkotik vasitə olan marixuanadan 5 il olar ki, istifadə edir. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində əvvəllər tanıdığı və narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edən Şəfəq kənd sakini Qənbərə zəng edib marixuanasının olub-olmadığını soruşmuş, Qənbər də ona marixuanasının olduğunu bildirmişdir. Qənbərdən ona bir kibrit qutusu qurudulmuş marixuana verməyi xahiş etmiş, Qənbər də ona 80 manat müqabilində bir kibrit qutusu qurudulmuş marixuana verə biləcəyini bildirmişdir. O da Qənbərlə razılaşmışdır. Ona görə də idarə etdiyi VAZ 21150 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəfəq kəndində yerləşən Qənbərin işlətdiyi fermaya getmiş, fermaya çatanda avtomobildən düşüb Qənbərlə görüşüb 80 manat pul verib bir kibrit qutusu narkotik vasitə olan qurudulmuş marixuana almışdır. Həmin vaxt Qənbər ona satdığı bir ədəd kibrit qutusundakı qurudulmuş marixananı qalın “Classik” markalı siqaret qutusunun içərisinə qoyub üzərini isə şəffaf rəngli sellofanla bağlamışdır. O, Qənbərdən qurudulmuş marixuananı aldıqdan sonra yenidən Səfikürd kəndinə gəlmişdir. Qənbərdən aldığı bir kibrit qutusu qurudulmuş marixuananı üzərində gəzdirməmək üçün gizlətmək istəmiş, ona görə də kibrit qutusunda olan marixuanadan idarə etdiyi avtomobildə istifadə etmək üçün bir büküm götürüb bir manatlıq pul əskinasının içərisinə qoyub avtomobilinin mexaniki sürətlər qutusunun qarşısında olan açıq yerə, səhəri gün də bir dəfə istifadə etmək üçün götürüb etibarnamə kağızına büküb nazik “Classik” markalı siqaret qutusunun içərisinə yerləşdirib əynində olan gödəkçəsinin iç cibinə qoymuşdur. Həmin vaxt kibrit qutusunda olan marixuanadan götürərkən içərisindən 4 ədəd toxum olduğunu görmüş və həmin toxumları götürüb siqaret falqasını bükərək şalvarının sağ yan cibinə qoymuşdur. Sonra isə kibrit qutusunda qalan qurudulmuş marixuananı yenidən qalın “Classik” markalı siqaret qutusunun içərisinə yerləşdirib üzərini isə şəffaf rəngli sellofanla bükərək əynində olan gödəkçəsinin sağ yan aşağı cibinə qoymuşdur. Bu zaman, yəni xx.xx.2022-ci il tarixdə saat 21:40 radələrində polis əməkdaşları yanına gəlib özlərini ona təqdim edib vəsiqələrini göstərmişlər. Sonra isə polis əməkdaşları ona narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşgul olmaqda şübhəli olduğunu bildirib onu RPŞ-yə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə idarə etdiyi avtomobillə rayon polis şöbəsinə gəlmişdir. Rayon polis şöbəsində ona üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. O da heç bir etiraz etməmişdir. Polis şöbəsində onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Daha sonra üzərində şəxsi axtarış aparmışlar. Üzərində şəxsi axtarış aparılmazdan əvvəl ona könüllü olaraq üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olunmuşdur. O da əynində olan gödəkçənin cibindən şəffaf rəngli sellofanda olan qalın “Classik” siqaret qutusunun içərisindəki bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı və şəxsi əşyalarını könüllü olaraq təqdim edib masanın üzərinə qoymuşdur. Üzərindən aşkar edilərək götürülmüş bir ədəd kibrit qutusundakı narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Bundan sonra protokol tərtib olunmuş, həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Onun üzərindən aşkar olunmuş digər əşyalar isə iş üzrə əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Daha sonra onun idarə etdiyi “VAZ 21150” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, o, avtomobilinin qabaq sol qapısını açaraq mexaniki sürətlər qutusunun qarşısında olan açıq yerdən 1 manatlıq pul əskinasına bükdüyü narkotik vasitə qurudulmuş marixuananı könüllü olaraq təqdim etmişdir. Həmin narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Polis əməkdaşları tərəfindən ona heç bir təzyiq və zor olmamışdır. Yekunda Təqsirləndirilən şəxs bildirdi ki, etdiyi əməldən peşmandır. O, hər iki valideynini itrmişdir. Himayəsində 2 azyaşlı uşağı vardır və ailənin yeganə qazanc gətirən mənbəyi odur. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 07 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Goranboy rayonu ərazisində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olaraq üzərində və idarə etdiyi avtomobilində saxlayaraq daşıması barədə əməliyyat məlumat almış, ona görə də aldığı məlumat barədə dərhal şöbə rəhbərliyinə raportla məruzə etmişdir. Şöbə rəhbərliyi də Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılmasına və idarə etdiyi VAZ-21150 markalı 01-BT- 579 dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilməsinə icazə verdikdən sonra Goranboy RPŞ-nin əməkdaşlarının və onun daxil olduğu əməliyyat qurupu yaradılmışdır. Bundan sonra əməliyyat-axtarış qurupunun üzvləri birlikdə Goranboy rayonu Səfikürd kəndi ərazisinə getmiş və xx.xx.2022-ci il tarixdə saat 21:40 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21150 markalı 01-BT- 579 dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayon Səfikürd kəndi ərazisində olan zaman ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olmağında şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Goranboy RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də heç bir etiraz etmədən idarə etdiyi VAZ-21150 markalı 01-BT- 579 dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə rayon polis şöbəsinə gəlmişdir. Rayon polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət edilmiş və sonuncu şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində video və foto çəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq masanın üzərinə qoymaq təklif edilmişdir. Təqsirləndirilən şəxs də əynində olan gödəkçənin cibindən şəffaf rəngli sellofana bükülmüş bir ədəd ağ rəngli “Classik” boş siqaret qutusunun içərisinə yerləşdirilmiş bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni və digər şəxsi əşyalarını könüllü olaraq təqdim edib masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman başqa yerdə narkotik vasitə saxlayıb-saxlamadığı soruşulmuş, Təqsirləndirilən şəxs avtomobilində də narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin mexaniki sürətlər qutusunun qarşısında olan açıq yerdən 1 manatlıq pul əskinasına bükülmüş vəziyyətdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni çıxarıb avtomobilin arxa yük yerinin üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş 1 manatlıq pul əskinasına bükülü olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş digər şəxsi əşyalar iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 iş üzrə digər Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etdi. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunarkən məlum oldu ki, o, iş üzrə digər Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 07 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxt 07 noyabr 2022-ci il, saat 21:40); “Şəxsi axtarış aparılması haqqında” 07 noyabr 2022-ci tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və sonuncu əynində olan tünd göy rəngli gödəkçənin sağ yan aşağı cibindəki kibrit qutusunda olan narkotik vasitə marixuanaya bənzər maddəni könüllü olaraq təqdim etmişdir; “Baxış keçirilməsi haqqında” 07 noyabr 2022-ci tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 21150” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı maşına baxış keçirilmiş və sonuncu avtomobilin mexaniki sürətlər qutusunun qarşısında olan açıq yerdən 1 manatlıq pul əskinasına bükülmüş vəziyyətdə olan qurudulmuş marixuanaya bənzər kütləni könüllü olaraq təqdim etmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 16/1269 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazı və imzalar olan kağız paketi açdıqda içərisindəki 1 (bir) ədəd göy rəngli Classic siqaret qutusunda olan 1 (bir) ədəd “Etibarnamə” dövlət sənədinin içərisində təmiz çəkisi 0,72 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. 1 (bir) ədəd ağ rəngli Classic siqaret qutusunun içərisindəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,31 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,10 qram olan bitki toxumları narkotik tərkibli çətənə bitkisinin toxumlarıdır və tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21150 markalı, **-BT-*** dövlət nömrə nişanlı avtomobildən aşkar olunmuş...” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bir manatlıq əskinasda təmiz çəkisi 0,31 qram olan, bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “X4 təqdim etdiyi...” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan paketdə və sellofan paketdəki 3(üç) ədəd sellofan bükümdə və 1 (bir) ədəd qızılı kağız bükümdə, 1 (bir) ədəd üzərində “BİO SEEDS AUTOFLOWERİNG FEMİNİSED” əmtə yazısı olan qutudakı 1 (bir) ədəd şüşə flakonda təmiz çəkisi 2,64 qram, 1,50 qram, 2,67 qram, 0,28 qram, 0,18 qram, 0,92 qram olan bitki toxumları narkotok tərkibli çətənə bitkisinin toxumlarıdır və tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur. Tədqiqata təqdim olunmuş üzərində “X4 tövləsindən aşkar olunmuş...” yazı və imzalar olan sintetik kisədəki 3 (üç) ədəd sellofan paketlərdə və sellofan paketin bir ədədinin içərisində olan 2 (iki) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 530 qram, 500 qram, 240 qram, 3,35 qram, 3,31 qram, ümumi təmiz çəkisi 1276,66 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60,8 (altmış manat səksən qəpik) manatdır; “Tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi barədə” 09 noyabr 2022-ci il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs həbsdən azad edilmiş və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Maddi sübut kimi tanıma haqqında” 12 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib saxladığı və daşıdığı 7,34 qram marixuanadan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 7,28 qram şəxsi istehlak miqdarından artıq çəkidə olan kustar üsulla hazırlanmış qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Goranboy RPŞ-nin anbarına təhvil verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14 dekabr 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 məcburi narkoloji-tibbi yoxlama haqqında 13 fevral 2023-cü il tarixli, 252 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 12-ci qrafasına əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 7,34 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - əvvəllər məhkum olunmamasını; - törətdiyi əməli etiraf edib peşman olmasını; - qeydiyyat və yaşayış yeri üzrə müsbət xaralterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy RİHB-nin Səfikürd kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamə); - himayəsində 2 azyaşlı uşağının olmasını (əsas: iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətləri). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (07-09 noyabr 2022-ci il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM - 69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Goranboy RPŞ-nin anbarına təhvil verilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 7,28 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli (CPM - 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM - 198.1). Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 6 (altı) iş saatı üçün cəmi 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Müdafiəçi hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut - Goranboy RPŞ-nin anbarına təhvil verilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 7,28 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərci 60,8 (altmış manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 6 (altı) iş saatı üçün cəmi 36 (otuz altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Müdafiəçi hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar