Məhkəmə qərarları › İş №1(045)-24/2023

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-24/2023

06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-24/2023 06.04.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X3 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1999-cu ildə Goranboy rayonu Səmədabad kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Azərbaycan Respublikası Füzuli hərbi məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il sınaq müddəti müəyyən olunmaqla 02 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, məhkumluğu ödənilməmiş, Goranboy rayonu Səmədabad kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində “başqa yerə getməmək haqqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxxx 1998-ci ildə Goranboy rayonu Səmədabad kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilmiş, Goranboy rayonu Səmədabad kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində “başqa yerə getməmək haqqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, xx.xx.2022-ci il tarixdə saat 02 radələrində dayısı Zərərçəkmiş şəxs Goranboy rayonu Səmədabad kəndində yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinin məftil torla əhatə olunmuş çəpərinin yanına gəlib, çəpərin üstündən keçməklə əvvəlcə həyətyanı sahəyə, oradan isə qapısı olmayan yardımçı tikiliyə qanunsuz daxil olub, Zərərçəkmiş şəxs məxsus 1000 manat dəyərində 120 litr həcmində bir ədəd mis qazanı gizli yolla talamaqla oğurlamışdır. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, xx.xx.2022-ci il tarixdə saat 02 radələrində sonuncunun dayısı Zərərçəkmiş şəxs Goranboy rayonu Səmədabad kəndində yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinin məftil torla əhatə olunmuş çəpərinin yanına gəlib, çəpərin üstündən keçməklə əvvəlcə həyətyanı sahəyə, oradan isə qapısı olmayan yardımçı tikiliyə qanunsuz daxil olub, Zərərçəkmiş şəxs məxsus 1000 manat dəyərində 120 litr həcmində bir ədəd mis qazanı gizli yolla talamaqla oğurlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Goranboy rayonu Səmədabad kəndində yaşayan Təqsirləndirilən şəxs2 tanıyır. Təqsirləndirilən şəxs2 onun həmkəndlisidir. Təqsirləndirilən şəxs2la münasibəti normal olmuş, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında atasına məxsus VAZ 2106 markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən gəlmişdir. Onun həmin avtomobili idarə etmək üçün etibarnaməsi və avtomobil idarə etmək üçün sürücülük hüququ yoxdur. Bakı şəhərindən gələrkən Elcanın mobil telefonuna zəng edib harada olduğunu soruşmuş, Elcan da ona yaşadığı kənddə olduğunu bildirmişdir. O, Elcana Bakı şəhərindən gəldiyini, avtomobilinin yanacağının azaldığını və onunla görüşmək istədiyini bildirmişdir. Elcan da onunla razılaşmışdır. Ona görə də, o Elcana Bakı-Qazax yolunun Goranboy rayonu Borsunlu kəndi ərazisindən keçən hissəsində yerləşən Yanacaq doldurma məntəqəsinin yanına gəlməyini bildirmişdir. Elcanla Bakı- Qazax yolunun Goranboy rayonu Borsunlu kəndi ərazisindən keçən hissəsində yerləşən Yanacaq doldurma məntəqəsinin yanında görüşmüş, həmin vaxt saat 21 radələri olmuşdur. Elcan idarə etdiyi avtomobilə əyləşmiş və Elcan avtomobilinə 3 manatlıq yanacaq doldurmuşdur. Sonra onlar Goranboy rayonu Dəliməmmədli şəhərinə gedib orada Poçtun yanında yerləşən çayxanaya girib çay içmişlər. Söhbət əsnasında Elcana borcu olduğunu demiş, sonra Elcana Goranboy rayonu Səmədabad kəndində yaşayan dayısı Sultanın həyətində mis qazan olduğunu və həmin qazanı birlikdə oğurlamaqlarını təklif etmişdir. Elcan da, onunla razılaşmışdır. Bundan sonra Elcanla birlikdə idarə etdiyi avtomobillə Goranboy rayonu Səmədabad kəndinə getmişlər. Elcanla Səmədabad kəndinə xx.xx.2022-ci il tarixdə saat 02 radələrində çatmışlar. O, avtomobili dayısı Sultanın evinin yaxınlığında saxlamış, sonra Elcanla avtomobildən düşüb Sultanın həyətinin arxasına gedib, həyətyanı sahənin kənarına çəkilmiş məftil toru aşıb həyətə, oradan isə həyətdə mişar daşı ilə inşa olunmuş yardımçıq tikiliyə daxil olmuşlar. Yardımçı tikilinin qapısı olmamışdır. Yardımçı tikiliyə daxil olduqdan sonra Elcanla birlikdə böyük mis qazanı oğurlayıb həyətə, bundan sonra isə oğurladıqları qazanı həyətə daxil olduqları məftil torun yanına aparıb həyətdən küçəyə çıxartmışlar. Daha sonra oğurladıqları mis qazanı avtomobilin yanına aparıb avtomobilin yük yerinə yerləşdirmişlər. Bundan sonra mis qazanı satmaq üçün Elcanla birlikdə onun idarə etdiyi avtomobillə Gəncə şəhərinə getmişlər. Gəncə şəhərində Musayevin qarajı adlanan yerdə metal-alqı satqılsı ilə məşğul olan obyektin qarşısında gözləmişlər. Həmin gün saat 09 radələrində obyek açılmış və Elcanla birlikdə oğurladıqları qazanı orada adını bilmədiyi obyekti işlədən şəxsə 200 manata satmışlar. Həmin 200 manatdan bir qədər avtomobilə yanacaq doldurmuş, qalanını isə Elcanla bölmüşlər. Oğurluq yolu ilə ədə etdiyi qazancı öz ehtiyyacı üçün xərcləmişdir. Elcanla birlikdə oğurladıqları mis qazanı Musayevin qarajı adlanan yerdə satarkən mis qazanı alan adını bilmədiyi şəxs həmin qazanın oğurluq olduğunu bilməmişdir. Belə ki, onlar həmin şəxsə qazanın özlərinə məxsus olduğunu demişlər. Həmin şəxs də, onlara inanıb qazanı almışdır. Həmin vaxt qazanı alan şəxs onun şəxsiyyət vəsiqəsinin və qazanın şəkilini telefonu ilə çəkmişdir. Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olduğunu, Zərərçəkmiş şəxs ona qarşı şikayət və tələbinin olmamasını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır. Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir. Lakin Təqsirləndirilən şəxs1 Gəncə şəhərində yaşayır. Sahiblə münasibəti normal olmuş, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında yaşadığı kənddə yerləşən çayxanada damino oynamışdır. Həmin vaxt Sahib ona zəng edib Bakı şəhərindən gəldiyini, avtomobilinin yanacağı az olduğunu və onunla işi olduğunu deyib kəndin başına çıxmağını bildirmişlər. O da Sahiblə razılaşmış, Bakı-Qazax yolunun Goranboy rayonu Borsunlu kəndi ərazisindən keçən hissəsində yerləşən Yanacaq doldurma məntəqəsinin yanına getmiş və orada Sahibi gözləmişdir. Təxminən 10-15 dəqiqədən sonra Sahib atasına məxsus idarə etdiyi VAZ 2106 markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətindən gəlib avtomobili yanında saxlamışdır. Həmin vaxt saat 21 radələri olmuşdur. O, Sahibin idarə etdiyi avtomobilə əyləşmiş və onlar bir qədər qarşıya gedib yanacaq doldurma məntəqəsindən Sahibin avtomobilinə 3 manatlıq yanacaq doldurmuşdur. Sonra Goranboy rayonu Dəliməmmədli şəhərinə gedib orada Poçtun yanında yerləşən çayxanaya girib çay içmişlər. Söhbət əsnasında Sahib ona borcu olduğunu deyib Goranboy rayonu Səmədabad kəndində yaşayan dayısı Sultanın həyətində mis qazan olduğunu və həmin qazanı birlikdə oğurlamaqlarını təklif etmiş, o da Sahiblə razılaşmışdır. Bundan sonra Sahibin idarə etdiyi avtomobillə Goranboy rayonu Səmədabad kəndinə getmişlər. Sahiblə Səmədabad kəndinə xx.xx.2022-ci il tarixdə saat 02 radələrində çatmışlar. Sahib avtomobili dayısı Sultanın evinin yaxınlığında saxlamış, sonra Sahiblə avtomobildən düşüb Sultanın həyətinin arxasına getmişlər. Sahiblə birlikdə həyətyanı sahənin kənarına çəkilmiş məftil toru aşıb həyətə daxil olmuşlar, sonra isə Sahiblə birlikdə Sultanın həyətində mişar daşı ilə inşa olunmuş yardımçıq tikiliyə daxil olmuşlar. Yardımçı tikilinin qapısı olmamışdır. Yardımçı tikiliyə daxil olduqdan sonra Sahiblə birlikdə böyük mis qazanı oğurlayıb həyətə çıxartmışlar. Bundan sonra oğurladıqları qazanı həyətə daxil olduqları məftil torun yanına aparıb həyətdən küçəyə çıxartmışlar. Bundan sonra oğurladıqları mis qazanı avtomobilin yanına aparıb birlikdə avtomobilin yük yerinə yerləşdirmişlər. Bundan sonra mis qazanı satmaq üçün Sahiblə birlikdə onun idarə etdiyi avtomobillə Gəncə şəhərinə getmişlər. Gəncə şəhərində Musayevin qarajı adlanan yerdə metal-alqı satqılsı ilə məşğul olan obyektin qarşısında gözləmişlər. Həmin gün saat 09 radələrində obyek açılmış və Sahiblə birlikdə oğurladıqları qazanı orada adını bilmədiyi obyekti işlədən şəxsə 200 manata satmışlar. Həmin 200 manatdan bir qədər Sahib avtomobilinə yanacaq doldurmuş, qalanını isə bölmüşlər. Oğurluq yolu ilə ədə etdiyi qazancı öz ehtiyyacı üçün xərcləmişdir. Sahiblə birlikdə oğurladıqları mis qazanı Musayevin qarajı adlanan yerdə satarkən mis qazanı alan adını bilmədiyi şəxs həmin qazanın oğurluq olduğunu bilməmişdir. Belə ki, onlar həmin şəxsə qazanın özlərinə məxsus olduğunu demişlər. Həmin şəxs də onlara inanıb qazanı almışlar. Həmin vaxt qazanı alan şəxs Sahibin şəxsiyyət vəsiqəsinin və qazanın şəkilini telefonu ilə çəkmişdir. Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olduğunu, Zərərçəkmiş şəxs ona qarşı şikayət və tələbinin olmamasını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, yaşadığı evin həyətyanı sahəsində mişar daşı ilə yardımçı tikili tikdirmişdir. Həmin yardımçı tikilinin qapısını düzəltdirə bilməmişdir. Ona görə də, qapının yerinə parça örtmüşdür. Həmin yardımçı tikilitə ev əşyalarını qoyub saxlamışdır. Belə ki, mis qazan, alminium qazanlar, ləyənlər, sökülmüş dəmir çarpayı və diğır əşyaları orada saxlayır. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində yaşadığı evin həyətyanı sahəsində inşa etdirdiyi hamamda işləmiş, işini saat 23:50 dəqiqədə qurtarmışdır. Sonra isə yaşadığı evə gedib yatmışdır. xx.xx.2022-ci il tarixdə saat 07 radələrində yuxudan oyanıb həyətə çıxmış, həyətdə olan yardımçı tikilinin yanından keçərkən orada olan mis qazanlın yerində olmadığını görmüşdür. O nə qədər axtarsada mis qazanı tapa bilməmişdir. Sonra ailə üzvülərindən mis qazanı kiməsə verib-vermədiklərini soruşmuş, ailə üzvləridə mis qazanı heç kimə vermədiklərini bildirmişlər. Mis qazanını tapa bilmədiyi üçün oğurlandığını bilmiş, ona görə də, kəndin sahə rəisi polis leytenantı Ramiz Muxtarlıya zəng edib mis qazanının oğurlanması barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra Goranboy RPŞ-nin əməkdaşları yaşadığı evə gəlmişlər və o Goranboy RPŞ-nə ərizə ilə müraciət etmişdir. Həmin mis qazanın həcmi 120 litr və dəyəri 1000 manatdır. Oğurluq nəticəsində ona dəymiş ziyan ödənmişdir. Təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Gəncə şəhəri ərazisində yerləşən “Musayevin qarajı” adlanan yerdə metal tullantılarının alqı-satqısı ilə məşğul olur. Sonradan tanıdığı Goranboy rayonu Səmədabad kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 09 radələrində VAZ 2106 markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə mis qazan gətirib satmaq istədiklərini bildirmişlər. O onlardan həmin mis qazanın haradan əldə etdiklərini soruşduqda Sahib, ona mis qazanın özlərinə məxsus olduğunu deyib satmaq üçün gətirdiklərini bildirmişdir. O Sahibdən şəxsiyyət vəsiqəsinin üzərində olub-olmadığını soruşduqda, sonuncu şəxsiyyət vəsiqəsini təqdim etmiş, o da, inanıb gətirdikləri mis qazanı tərəzidə çəkib 200 manata sonunculardan almışdır. O mis qazanı sonunculardan alarkən Sahibin şəxsiyyət vəsiqəsini əlində tutmuş və mis qazanla birlikdə telefonu ilə şəklini çəkmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Baxış keçirilməsi barədə” 20 aprel 2022-ci il tarixli protokoldan görünür ki, hadisə Goranboy rayonunun Səmədabad kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində olan yardımçı tikilidə baş vermişdir. Zərərçəkmiş şəxs fərdi yaşayış evinin həyətyanı sahəsinin ön tərəfində dəmir materialdan hazırlanmış darvaza vardır. Darvazanın sağ və sol tərəflərinə çay daşı ilə hasar çəkilmişdir. Darvazadan həyətə daxil olduqda sağ tərəfdə mişar daşı ilə inşa edilmiş kürsülü ev yerləşir. Evin qarşısında isə mişar daşı ilə inşa edilmiş yardımçı tikili inşa edilmişdir. Həmin yerdımçı tikilinin qapısı yoxdur və qapı olan hissəsinə parça çəkilmişdir. Yardımçı tikilinin içərisində aliminium qazanlar, aliminium ləyən, şirəli qazan, sökülmüş vəziyyətdə dəmir çarpayı və digər əşyalar vardır. Zərərçəkmiş şəxs məxsus mis qazan həmin yardımçı tikilidən oğurlanmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 15 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 15 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Baxış keçirilməsi barədə” 16 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid məxsus və istifadəsində olan qara rəngli “Xiaomi” markalı mobil telefon cihazının fotoşəkil görüntüləri üçün ayrılmış qalereyasına baxış keçirilmişdir. Baxış zamanı mobil telefonun qalereyasının foto olan qovluğunda Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsinin və mis qazanın foto görüntüsü aşkar edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Götürmə aparılması haqqında” 16 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid könüllü təqdim etdiyi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona satdıqları bir ədəd mis qazana baxış keçirilərək götürülmüşdür. Baxış zamanı bir ədəd mis qazanın 120 litr həcmində olduğu müəyyən edilmişdir. Götürmə zamanı Zərərçəkmiş şəxs 120 litr həcmində olan bir ədəd mis qazanın ona məxsus olduğunu və qazanın 10 dekabr 2022-ci il tarixdə, saat 00:00-dan saat 07:00-dək olan müddət ərzində ona məxsus Goranboy rayonunun Səmədabad kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki yardımçı tikilidən oğurlanan mis qazan olduğunu bildirmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Maddi sübut kimi tanıma haqqında” 16 dekabr 2022-ci il tarixli qərardan görünür ki, istintaq zamanı götürülmüş bir ədəd mis qazan iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi barədə” 16 dekabr 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həbsdən azad olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi barədə” 16 dekabr 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həbsdən azad olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy rayon mərkəzi bazarının xx.xx.2023-cü il tarixli, 4 nömrəli məktubundan görünür ki, 120 litr həcmində olan mis qazanın 2022-ci ilin dekabr ayında qiyməti 1000 manat civarında olmuşdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Füzuli Hərbi Məhkəməsinin 22 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 333.4-cü maddələri ilə təqsirli bilinmiş, 01 il sınaq müddəti müəyyən olunmaqla 02 il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Əsədov X1 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli, 178313/2022 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 təyin olunmuş sınaq müddəti xx.xx.2023cü il tarixdə bitməlidir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Füzuli Hərbi Məhkəməsinin 1(0xx-xx/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 333.4-cü maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanın daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs1 qəti cəza olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli, 086/2019 nömrəli məktubundan görünür ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 cəzasını xx.xx.2021-ci il tarixdə çəkib qurtarmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon Məhkəməsinin 1(045)-55/2019 nömrəli, 02 oktyabr 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində faktiki olaraq 11 fevral 2019-cu il tarixdən 13 fevral 2019-cu il tarixədək 02 (iki) gün həbsdə olması nəzərə alınaraq, ona təyin olunmuş 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmış, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin Qərarın 11-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin Qərarın 19-cu bəndində qeyd edilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmçinin, həmin Qərarın 20-ci bəndinin 3-cü abzasında qeyd edilir ki, anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onların barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib peşman olmasını; zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını; “Vətən müharibəsi” iştirakçısı olmasını (əsas: iş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə verilmiş medallar). Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Füzuli Hərbi Məhkəməsinin 1(097)-50/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli hökmü ilə ona 1 (bir) il sınaq müddəti təyin edilmiş və hazırki cinayət işi üzrə cinayət əməlini 10 dekabr 2022-ci tarixdə, yəni ona təyin edilmiş sınaq dövründə törətmişdir və həmin əməli törədərkən onun məhkumluğu ödənilməmişdir (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsi). Beləliklə, Təqsirləndirilən şəxs1 qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs olmaqla yenidən qəsdən cinayət törətdiyi üçün onun əməlində cinayətin residivi yaranmış olur (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsi). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsində sadalanan hallarla yanaşı, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməllərini Azərbaycan Respublikası Füzuli hərbi məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş sınaq müddətində törətmişdir. Bu səbəbdən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Füzuli hərbi məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 01 il sınaq müddəti müəyyən olunmaqla təyin edilmiş 02 il azadlıqdan məhrum etmə cəzası üzrə şərti məhkumetmə ləğv edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı hökmlə təyin ediləcək cəza ilə Azərbaycan Respublikası Füzuli hərbi məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il azadlıqdan məhrumetmə cəzası qismən birləşdirilməklə üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 15 dekabr 2022-ci il tarixdə saat 12:40 radələrində saxlanılmış və onun barəsində 16 dekabr 2022-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək o, həbsdən azad edilmişdir. İş materiallarında olan 16 dekabr 2022-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 17:20 dəqiqədə dindirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 16 dekabr 2022-ci il tarixdə azad olunsa da, onun azadlığının faktiki məhdudlaşdırılması 24 saatdan artıq olmuşdur. Bununla da məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 2 (iki) gün çıxılmalıdır (həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 əvvəlki hökmlə azadlıqdam məhrumetmə cəzasını faktiki olaraq çəkmədiyindən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmin cəza Azərbaycan Respublikası Füzuli hərbi məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il azadlıqdan məhrumetmə cəzası qismən birləşdirilməklə üzərində qəti cəzası saxlanılmalı, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (15-16 dekabr 2022-ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır (CM-69.3), Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib peşman olmasını; zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını; İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 15 dekabr 2022-ci il tarixdə saat 14:35 radələrində saxlanılmış və onun barəsində 16 dekabr 2022-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək o, həbsdən azad edilmişdir. İş materiallarında olan 16 dekabr 2022-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 18:30 dəqiqədə dindirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 16 dekabr 2022-ci il tarixdə azad olunsa da, onun azadlığının faktiki məhdudlaşdırılması 24 saatdan artıq olmuşdur. Bununla da məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gün çıxılmalıdır (həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oöğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut olan bir ədəd mis qazanın zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Füzuli hərbi məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 01 il sınaq müddəti müəyyən olunmaqla təyin edilmiş 02 il azadlıqdan məhrum etmə cəzası üzrə şərti məhkumetmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı hökmlə təyin edilmiş 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikası Füzuli hərbi məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə təyin edilmiş 02 il azadlıqdan məhrumetmə cəzası qismən birləşdirilməklə üzərində qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 15 dekabr 2022-ci il tarixdən 16 dekabr 2022-ci il tarixədək tutulduğu 2 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlməsin. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı 06 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 15 dekabr 2022-ci il tarixdən 16 dekabr 2022-ci il tarixədək tutulduğun 2 gün bir günə iki gün hesablanmaqla 4 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı Goranboy rayonu, Səmədabad kəndində yaşadığı evi təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 23:00-dan saat 07:00-dək tərk etməmək; - Goranboy rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; - kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlməsin. Hökmün icrası Goranboy Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut olan bir ədəd mis qazanın zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Goranboy rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar