Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-24/2025 10.04.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Ağdam rayonu Güllücə kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Ağdam rayonu Güllücə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Binəqədi şossesi 1-ci mədən korpus 1 döngə 8 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində qohumu Zərərçəkmiş şəxs Goranboy rayonu Yeniyol kəndində yerləşən fərdi yaşayış evində qonaq olan zaman sonuncunun “Alcatel” markalı mobil telefonunun arxasında saxladığı, hər birinin qiyməti 5 manat olan iki ədəd ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrini, habelə evin yataq otağında yerləşən paltar dolabının üzərindəki stəkanın içərisində saxladığı 540 manat dəyərində bir ədəd 585 əyarlı, 6 qram çəkidə qızıl üzüyü və 270 manat dəyərində bir ədəd 585 əyarlı, 3 qram çəkidə qızıl üzüyü, ümumilikdə Zərərçəkmiş şəxs 820 manat dəyərində əmlakını gizli yolla talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx.xx.2024-cü il tarixdə saat 20:55 radələrində qohumu Zərərçəkmiş şəxs yaşadığı Goranboy rayonu Yeniyol kəndində yerləşən fərdi yaşayış evində olarkən sonuncuya məxsus “Redmi Not 9” markalı mobil telefonun internetindən istifadə etməsi bəhanəsi ilə əldə edərək telefonda mövcud olan mobil tətbiq vasitəsilə elektron məlumat daşıyıcısı hesab edilən 4169 7387 1263 9867 nömrəli “X4” kartında olan 740 manat məbləğdə pulun 520 manatını öz adına açılmış 5411 2498 2172 2068 nömrəli “Leo Bank”a məxsus elektron pul kisəsinə köçürüb nağdlaşdırmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs 520 manat məbləğində maddi ziyan vuraraq, elektron məlumat daşıyıcısından istifadə etməklə oğurlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CMin 177.2.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Goranboy rayonu Yeniyol kəndində yaşayan Zərərçəkmiş şəxs onun qohumudur. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Zamirəgilə qonaq gəlmiş və həmin vaxt Zamirənin evinə internet xətti çəkilmişdir. İnternet çəkən işçilər Zamirəyə “internetin parolunu nə qoyaq?” demişlər, Zamirə də, həmin internet çəkən işçilərə atasının doğum tarixini parola qoymaqlarını bildirib atasının doğum tarixini demişdir. O da Zamirənin atasının doğum tarixini yadında saxlamışdır. Həmçinin, Zamirə mərhum atasını çox istədiyi üçün bütün kartlarının parolunu da atasının doğum tarixi olduğunu bildirmişdir. Həmin vaxt o, Zamirənin adına olan kartların parollarının da atasının doğum tarixi olduğunu bilmişdir. İnternet çəkənlər interneti qoşub getmişlər. O, internetə qoşulmaq üçün Zamirədən telefonunu istəmiş, Zamirə də özünə məxsus “Redmi Not 9” markalı telefonunu ona vermişdir. Belə ki, Zamirənin telefonu onda olmuş və o, internetə girmişdir. xx.xx.2024-cü il tarixdə Zamirənin telefonu yenə də, onda olmuşdur. Zamirənin telefonunda mobil Birbank tətbiqi olduğunu görmüşdür. Həmin gün ona pul lazım olduğuna görə Zamirənin telefonunda olan mobil Birbank tətbiqi vasitəsilə kartından pul oğurlamaq qərarına gəlmişdir. Ona görə də, həmin gün saat 20:55 dəqiqədə Zamirənin Birbank tətbiqinə daxil olmuşdur. Belə ki, Zamirənin atasının doğum tarixini yığmış və Birbank tətbiqinin açıldığını, orada 740 manat pul olduğunu görmüşdür. O, Zamirənin Birbank tətbiqi vasitəsilə özünün istifadəsində olan “Leo bank”a məxsus 5411 2498 2172 2068 nömrəli kartına 520 manat pul köçürmüşdür. Bundan sonra o, Zamirəyə sıxıldığını, ona görə də, bir az çıxıb gəzib gələcəyini demişdir. Zamirə də ona bir söz deməmişdir. O, Zamirənin telefonunu özünə verib evdən çıxmışdır. Sonra o, Goranboy rayonu Xanqərvənd kəndinin mərkəzinə gedib bonkamatdan həmin pulu çıxartmışdır. Bundan sonra o, Bakı şəhərinə yaşadığı evə getmişdir. Zamirənin kartından oğurladığı pulun hamısını öz ehtiyacı üçün xərcləmişdir. Zərərçəkmiş şəxs 520 manat pulunu oğurlamış, lakin Zamirənin evindən iki ədəd ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrini və paltar dolabının üzərində üzüklərini saxladığı stəkanın içərisində olan 2 ədəd qızıl üzüklərini oğurlamamışdır. Zamirənin telefonu ilə heç kimin telefonuna girməmiş və bank məlumatlarını ələ keçirməmişdir. Həmçinin, Zamirəyə bir nəfərin telefonuna girdiyini və bank məlumatlarını ələ keçirməyini, lakin yanlış qeyd etdiyi üçün pulu çəkə bilmədiyini deməmişdir. xx.xx.2024-cü il tarixdə Zamirənin bacısı qızı Leyla Məmmədovaya zəng etməmiş, Leyladan Zamirəyə məxsus olan kartın nömrəsini istəməmiş, Leyla da evdə olmadığı üçün ona Zamirənin özünə zəng etməyini bildirməmiş, həmin gün Zamirəyə zəng edərək kartının üzərində olan nömrəni ona verməsini və ona bir neçə şəxsin pul atacağını deməmişdir. Zamirə də ona kartının bloklandığını deməmişdir. Zamirənin bacısı qızı Leyladan onun kartının şəklini almamış və kartında qalan pulunu çıxartmağa cəhd etməmişdir. Zərərçəkmiş şəxs mobil tətbiqində 740 manat pul olmuş, lakin o, həmin puldan 520 manat pulu oğurluq yolu ilə öz istifadəsində olan kart hesabına köçürmüşdür. Həmin pullar Zamirəyə məxsus olmuşdur. O, həmin pulu öz ehtiyacı üçün xərcləmiş, həmin puldan qalmamışdır. Zərərçəkmiş şəxs telefonunda olan Birbank mobil tətbiqindən və kartında olan puldan istifadə etməyinə ona icazə verməmişdir. Özü gizlin Zamirənin kartından 520 manat pulu oğurlamışdır. Yekunda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəyən ziyanı ödədiyini, sonuncu ilə barışdığını və ona qarşı şikayətinin olmadığını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun xalası nəvəsidir. Elvinlə münasibəti yaxşı olmuşdur. Elvinin anası Nətavan xx.xx.2024-cü il tarixdə ona zəng edərək oğlu Elvinin onlara gəlmək istədiyini, lakin pulunun olmadığını bildirmişdir. O da Nətavana atası rəhmətə getdiyi üçün pulunun olmadığını bildirmişdir. Həmin gün saat 21 radələrində Elvin yaşadığı Goranboy rayonu Yeniyol kəndində yerləşən evinə qonaq gəlmiş, Elvindən nə yaxşı gəldiyini soruşmuş, Elvin də ona iki gün qalıb gedəcəyini bildirmişdir. Elvin ilə söhbət edən zaman “nə yaxşı birdən-birə gəlmisən?” deyib nə məsələ olduğunu soruşmuş, Elvin isə ona sonra danışarıq demişdir. Həmin vaxt onun evində internet olmadığı üçün internet çəkdirmişdir. İnternet çəkənlər parolu nə qoyacaqlarını soruşmuşlar, o da internet çəkənlərə mərhum atasını hamıdan çox istədiyini, bütün kartlarının parollarının da atasının doğum tarixi olduğunu, internetin parolunun da atasının doğum tarixini qoymaqlarını deyib atasının doğum tarixini internet çəkənlərə demişdir. Həmin vaxt Elvin də onun yanında olmuşdur. İnternet çəkənlər də internetin parolunu atasının doğum tarixini qoyub getmişlər. İnternet qoşulduqdan sonra Elvin internetə girmək üçün ondan mobil telefonunu istəmiş, o da internetə girmək üçün “Redmi Not 9” markalı mobil telefonunu Elvinə vermişdir. Elvin də onun mobil telefonu ilə internetə girmişdir. Bundan sonra Elvin ona bir nəfərin telefonuna girdiyini və bank məlumatlarını ələ keçirdiyini, lakin yanlış qeyd etdiyi üçün pulu çəkə bilmədiyini bildirmişdir. O da Elvinə düzgün hərəkət etmədiyini demişdir. Onun telefonu həmişə Elvində olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Elvin canı sıxıldığı üçün küçəyə çıxacağını bildirib evdən çıxıb getmişdir. Həmin gündən Elvin evə qayıtmamışdır. xx.xx.2024-cü il tarixdə Elvin bacısı qızı Leyla Məmmədovaya zəng edib ona məxsus olan kartın nömrəsini istəmiş, Leyla da evdə olmadığı üçün Elvinə onun özünə zəng etməyini bildirmişdir. Həmin gün Elvin ona zəng edərək kartının üzərində olan nömrəni verməsini və bir neçə şəxsin pul atacağını demişdir. O da kartının bloklandığını Elvinə demişdir. Sonra o, telefonuna daxil olub birbank tətbiqinə daxil olaraq kartında olan 740 manatın 520 manatının başqa karta göndərilməsini aşkar etmişdir. Bundan sonra Elvinə zəng edib kartından pul çıxartdığı üçün nalayiq ifadə işlətmişdir. Elvin isə ona pul çəkmədiyini bildirmişdir. O da Elvinə polisə şikayət edəcəyini bildirib telefonu söndürmüşdür. Sonradan Elvin ona whatsapp ani mesajlaşma şəbəkəsində səs ataraq ona kart atmağını, təcili pul lazım olduğu üçün onun pulunu çəkdiyini bildirmişdir. O da Elvinə nalayiq ifadə işlətmişdir. Lakin, sonradan Elvin bacısı qızı Leylaya zəng edib onun kartının şəklini istəmiş, Leyla da onun kartının nömrəsini Elvinə atmışdır. Daha sonra ona Kapital bankdan təhlükəsizlik kodu gəlmiş, həmin vaxt Elvinin onun kartında qalan pulu da öz hesabına göndərməyə cəhd etdiyini bilmişdir. Elvin bir neçə dəfə kartından pul çəkməyə cəhd etdiyi üçün bank tərəfindən kartı təhlükəsizlik baxımından bloklanmışdır. Təqsirləndirilən şəxs onun “Alcatel” markalı mobil telefonunun arxasında olan iki ədəd ***- ***-**-** və ***-***-**-** saylı mobil nömrələrini və paltar dolabının üzərində üzüklərini saxladığı stəkanın içərisində olan 2 ədəd qızıl üzüklərini də oğurladığını bilmişdir. O, bununla bağlı Elvinin atası Natiqə zəng edib olanlar barəsində məlumat vermişdir. Natiq də zərəri ödəyəcəyini bildirmiş, lakin Natiq sonradan telefonu söndürmüşdür. Sonradan Elvinin bacısı Səbinə Mehralıyeva ona zəng edərək qardaşı Elvinin evlərinə gələrək evlərinin pəncərəsini sındırdığını, əxlaqsız qadını evə gətirmək istədiyini və evindən oğurluq etdiyi üçün polisə şikayət etməyini təklif etmişdir. O, bir neçə gün gözləmiş, lakin nə Elvin, nə də ki, ailəsi onun ziyanını ödəmədikləri üçün bu haqda xx.xx.2024-cü il tarixdə DİN-in 102 xidmətinə müraciət etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə onun birbankına daxil olaraq kartından 520 manat pulunu öz hesabına göndərmiş və “Alcatel” markalı mobil telefonunun arxasında olan qiymətini bilmədiyi iki ədəd ***-***-**-** və ***- ***-**-** saylı mobil nömrələrini və paltar dolabının üzərində üzüklərini saxladığı stəkanın içərisində olan 2 ədəd (hər ikisi 585 əyarlı, hər birinin çəkisi 6 qram və 3 qram olan) 1000 manat dəyərində qızıl üzüklərini oğurlamışdır. Elvin oğurluq nəticəsində ümumilikdə ona 1520 manat ziyan vurmuşdur. İlkin izahat verərkən həyacanlı olduğu üçün Elvinin evindən oğurladığı qızıl üzüklərinin qiymətini 1500 manat olduğunu göstərmişdir. Hazırda həyəcanı getdiyi üçün sərbəst ifadə verir. Belə ki, Elvinin ona məxsus evindən oğurladığı 2 ədəd qızıl üzüklərin qiyməti 1000 manat olmuşdur. Onun yaşadığı evə internet çəkilərkən internetin parolunu atasının doğum tarixini qoymaqlarını demiş, həmçinin həmin vaxt o, internet çəkənlərə bütün kartlarının da kodunun atasının doğum tarixi olduğunu demişdir. Elvin də həmin vaxt yanında olmuşdur. Ona görə də, Elvin telefonunda olan birbank tətbiqinin kodunu bilmişdir. Lakin, Elvinə icazə verməmişdir ki, ondan xəbərsiz mobil telefonunun birbank tətbiqindən istifadə etsin. Elvin ona demədən mobil telefonunun birbank tətbiqindən istifadə etmişdir. Yekunda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın ödənildiyini, bu səbəbdən təqsirləndirilən şəxslə barışdığını və ondan şikayətinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Goranboy Rayon Polis Şöbəsinin İB-nin baş müstəntiqi vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi onun icraatında olmuşdur. İş üzrə ibtidai araşdırılma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs izahatı alınarkən o, Zərərçəkmiş şəxs məxsus kart hesabından 520 manat məbləğində pulu oğurlasa da, zərərçəkmiş şəxsə məxsus qızılları və iki ədəd mobil telefon nömrəsini oğurlamadığını bildirmişdir. Bununla bağlı üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs evindən ona məxsus 2 ədəd qızıl üzüyü, iki ədəd mobil telefon nömrəsini və Kapital Bank kartından 520 manat pulunu oğurladığını Təqsirləndirilən şəxs üzünə demişdir. Odur ki, 2 ədəd qızıl üzük və iki ədəd mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını yalnız Zərərçəkmiş şəxs ifadəsi ilə sübut edə bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 10 dekabr 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsindən şübhələnməyə əsas verən kifayət qədər əsaslar olduğu üçün həmin tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur; “Əməlin tövsif edilməsi barədə” Goranboy RPŞ-nin İB-nin 12 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsindən həmin məcəllənin 177.2.2 və 177.2.3-1-ci maddələrinə tövsif edilmişdir; Goranboy Rayon Məhkəməsinin 4(045)-66/2024 saylı, 12 dekabr 2024-cü il tarixli qərardan görünür ki, CM-in 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 dekabr 2024-cü il tarixdən saat 20:00-dan hesablanmışdır; Zərərçəkmiş şəxs Goranboy RPŞ-də tərtib və təqdim etdiyi 12 dekabr 2024-cü il tarixli ərizəsindən görünür ki, ona vurulmuş maddi ziyan tam ödənilmişdir, ona görə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmamasını bildirmişdir; “ST Telekom” mağazasının 25 dekabr 2024-cü il tarixli arayışından görünür ki, 2024cü ilin iyul ayına ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinin hər birinin qiyməti 5 manat civarında olmuşdur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinib, 07 ay 26 gün azadlıqdan məhrum edilmiş, həbsdə saxlanıldığı müddət nəzərə alınaraq həbsdən azad olunmuş, Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CMin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2024-cü il tarixdə isə cəzası bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır; Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin 1(001)-545/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və o, xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış və cəza müddəti sona çatdığı üçün üzərində nəzarət dayandırılmış, xx.xx.2024-cü il tarixdə Bakı Şəhər Probasiya İdarəsinin qeydiyyatından çıxarılmışdır; Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-545/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur; Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 yanvar 2025-ci il tarixli 9/10713 rəyindən görünür ki, 2024-cü ilin iyul ayına Zərərçəkmiş şəxs məxsus bir ədəd 585 əyarlı, 6 qram çəkidə qızıl üzüyün qiyməti 540 manat, bir ədəd 585 əyarlı, 3 qram çəkidə qızıl üzüyün qiyməti 270 manat müəyyən edilmişdir. Aparılm tədqiqatın dəyəri 50 (əlli) manat miqdarında təşkil etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin, yəni elektron məlumat daşıyıcısından istifadə edilməklə oğurluq əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Adı çəkilən Qərarın 4-cü bəndinə əsasən özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Ödəniş kartı ilə həyata keçirilən bütün bank əməliyyatları kartın sahibi və emitent (bank) arasında bağlanmış müqavilə əsasında və çərçivəsində həyata keçirilir. Kartı bankomata daxil edərək və klaviatura ilə müvafiq əməliyyatlar apararaq, təqsirli şəxs bilavasitə bankın seyfinə daxil olmur, sadəcə bank-emitentin əməliyyat sisteminə qoşularaq hesaba müdaxilə edir və banka müəyyən əməliyyatın aparılması üçün göstəriş verir. Burada bankomatın yarılmasından fərqli olaraq, saxlanc yerinə (bankomatın seyfinə) fiziki daxil olma baş vermir. Konkret şəxşin adına olan və oğurlanmış bank kartından istifadə etməklə nağd pul vəsaitlərinin oğurlanması zamanı, şəxs hər hansı texnologiyadan istifadə etmir, sadəcə olaraq ona məlum olan identifikasiya nömrəsini (pin kodu) bankın kompyuter sisteminə daxil etməklə kart sahibinin pul vəsaitini ələ keçirməyə nail olur, yaxud həmin şəxsin pul vəsaiti hesabına müxtəlif ödənişləri həyata keçirir. CM-in 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Beləliklə, məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2024-cü il tarixdə saat 20:55 radələrində qohumu Zərərçəkmiş şəxs yaşadığı Goranboy rayonu Yeniyol kəndində yerləşən fərdi yaşayış evində olarkən sonuncuya məxsus “Redmi Not 9” markalı mobil telefonun internetindən istifadə etməsi bəhanəsi ilə əldə edərək telefonda mövcud olan mobil tətbiq vasitəsilə elektron məlumat daşıyıcısı hesab edilən 4169 7387 1263 9867 nömrəli “X4” kartında olan 740 manat məbləğdə pulun 520 manatını öz adına açılmış 5411 2498 2172 2068 nömrəli “Leo Bank”a məxsus elektron pul kisəsinə köçürüb nağdlaşdırmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs 520 manat məbləğində maddi ziyan vuraraq, elektron məlumat daşıyıcısından istifadə etməklə oğurlamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, CM-in 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. CM-in 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinin tələblərinə görə eyni və ya müxtəlif (CM-in 16-cı maddəsi) cinayətlərin təkrarlığı o halda yaranır ki, əvvəllər törətdiyi cinayətə görə cinayət məsuliyyətinə cəlb edilməmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmiş, cinayət məsuliyyətindən azad olunmamış, habelə məhkum olunmamış şəxs yenidən eyni və ya CM-in Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif cinayətləri törətmiş olsun. İşin hallarından göründüyü kimi istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə oğurluq əməlinin təkrarlığı onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus“Alcatel” markalı mobil telefonunun arxasında saxladığı, hər birinin qiyməti 5 manat olan iki ədəd ***-***-**- ** və ***-***-**-** saylı mobil telefon nömrələrini, habelə 540 manat dəyərində bir ədəd 585 əyarlı, 6 qram çəkidə və 270 manat dəyərində bir ədəd 585 əyarlı, 3 qram çəkidə qızıl üzükləri və bundan başqa xx.xx.2024-cü il tarixdə saat 20:55 radələrində Zərərçəkmiş şəxs məxsus “Redmi Not 9” markalı mobil telefonun internetindən istifadə etməsi bəhanəsi ilə onun telefonunu əldə edərək həmin telefonda mövcud olan mobil tətbiq vasitəsilə elektron məlumat daşıyıcısı hesab edilən 4169 7387 1263 9867 nömrəli “X4” kartında olan 740 manat məbləğdə pulun 520 manatını öz adına açılmış 5411 2498 2172 2068 nömrəli “Leo Bank”a məxsus elektron pul kisəsinə köçürüb nağdlaşdırmaqla gizli yolla talaması ilə əlaqədar verilmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus“Alcatel” markalı mobil telefonunun arxasında saxladığı, hər birinin qiyməti 5 manat olan iki ədəd ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrin, habelə 540 manat dəyərində bir ədəd 585 əyarlı, 6 qram çəkidə və 270 manat dəyərində bir ədəd 585 əyarlı, 3 qram çəkidə qızıl üzüklərin Təqsirləndirilən şəxs tərəfindən gizli yolla talanaraq oğurlanması faktı hər hansı mötəbər dəlillə öz təsdiqini tapmır və yalnız zərərçəkmiş şəxsin ifadəsinə əsaslanır. Belə olan halda ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadığına görə, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Eyni zamanda zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus hər birinin qiyməti 5 manat olan iki ədəd ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrin, habelə 540 manat dəyərində bir ədəd 585 əyarlı, 6 qram çəkidə və 270 manat dəyərində bir ədəd 585 əyarlı, 3 qram çəkidə qızıl üzüklərin oğurlanması faktı ilə bağlı cinayət törətmiş şəxsin müəyyən edilməsi məqsədilə ibtidai istintaq aparılmasından ötrü cinayət işinin materialları həmin hissədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər; 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Beləliklə, məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs məxsus iki ədəd mobil nömrə və iki ədəd qızıl üzüyün Təqsirləndirilən şəxs tərəfindən oğurlanması faktı sübut olunmadığından ibtidai araşdırma orqanı tərəfindən sonuncuya verilmiş ittihamdan CM-in 177.2.2-ci maddəsi xaric olunmalıdır. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində həmin maddə ilə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf edib peşman olmasını; - zərərçəkmiş şəxsə dəyən ziyanı ödəməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: -yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; -elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; -məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; -müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək ”başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində seçilmiş ”başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə ekspertiza xərci 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinin (Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs faktiki olaraq 10 dekabr 2024-cü il tarixdən 10 aprel 2024cü il tarixədək müddətdə həbsdə saxlanılması nəzərə alınaraq, ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 08 (səkkiz) ay çıxılmalı, üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 (on iki) iş saatı üçün 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi xaric edilsin və zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus hər birinin qiyməti 5 manat olan iki ədəd ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrin, habelə 540 manat dəyərində bir ədəd 585 əyarlı, 6 qram çəkidə və 270 manat dəyərində bir ədəd 585 əyarlı, 3 qram çəkidə qızıl üzüklərin oğurlanması faktı ilə bağlı cinayət törətmiş şəxsin müəyyən edilməsi məqsədilə ibtidai istintaq aparılmasından ötrü cinayət işinin materialları həmin hissədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs faktiki olaraq 10 dekabr 2024-cü il tarixdən 10 aprel 2025-ci il tarixədək olan müddətdə 04 (dörd) ay müddətinə həbsdə saxlanılması nəzərə alınaraq, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 08 (səkkiz) ay çıxılsın, üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə ekspertiza xərci 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinin (Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-24/2025
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-24/2025
10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver