Məhkəmə qərarları › İş №1(045)-26/2025

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-26/2025

30.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-26/2025 30.06.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci ildə Kəlbəcər rayonu Lev kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Kəlbəcər rayonu Lev kəndində qeydiyyatda olmaqla, Goranboy rayonu Qaraçinar kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 05 dekabr 2024-cü il tarixdə günorta saatlarında işğaldan azad olunmuş Xocalı rayonu Ballıca kəndində yerləşən fərdi yaşayış evində usta kimi təmir işləri görərkən evin həyətyanı sahəsində olan dəmir borunun içərisindən tapdığı TF- 0333 nömrəli, 7,62 mm kalibirli, zavod üsulu ilə 1994-cü ildə xarici dövlətdə istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKM modelli, texniki cəhətdən saz və atəş üçün yararlı olan, hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməyən, odlu yivli silah hesab edilən bir ədəd avtomatı qanunsuz olaraq əldə edib əl çantasına yerləşdirməklə həmin evdə gizlədərək iki gün saxlamış, sonradan həmin avtomatı yaşadığı evə gətirmək qərarına gəlmiş və bu məqsədlə 07 dekabr 2024-cü il tarixdə saat 18 radələrində avtomatı yerləşdirdiyi əl çantasını özü ilə götürərək Xankəndi-Ağdam avtomobil yolunun Xocalı rayonu Ballıca kəndi ərazisindən keçən hissəsində dayanmış, həmin vaxt Goranboy rayonu istiqamətində hərəkətdə olan, əvvəllər tanımadığı Şahid3 idarə etdiyi “Ford Transit” markalı ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobilə əl edib saxladaraq onu da aparmasını xahiş etmiş, Şahid3 onun çantasında silah olmasını bilmədən aparmağa razılıq verdikdən sonra o, əl çantasını avtomobilin yük yerinə yerləşdirib özü isə sərnişin oturacağında əyləşməklə qeyd olunan odlu silahı qanunsuz olaraq daşıyaraq yaşadığı Goranboy rayonu Qaraçinar kəndində yerləşən fərdi yaşayış evinə gətirən zaman həmin gün saat 20:30 radələrində Goranboy rayonu Xanqərvənd kəndinin ərazisində Goranboy RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Ford Transit” markalı ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə baxış keçirilərkən avtomobilin yük yerindən qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd odlu yivli silah hesab edilən avtomat aşkar edilərək götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Ona görə də, ailəsini dolandırmaq üçün ustalıq edir. Tutulmamışdan təxminən 15 gün əvvəl Xocalı rayonu Ballıca kəndinə gedərək orada usta kimi (rəngsaz) işləməyə başlamışdır. Belə ki, “Bakı Abadlıq” şirkəti işğaldan azad olunmuş Xocalı rayonu ərazisində iş götürmüş və orada dağılmış evləri təmir etmişdir. O da, həmin şirkətin əməkdaşına zəng edib işləmək istədiyini bildirmiş, həmin şirkət də onunla razılaşmışdır. Bundan sonra o, Xocalı rayonu Ballıca kəndi ərazisində fərdi yaşayış evlərinin rəngsaz işlərini görmüşdür. O, təmir etdiyi evdə tək işləmişdir. Şirkət onun pulunu işlədiyi kvadrat metrə görə 15 gündən bir vermişdir. Həmin şirkət onunla əmək müqaviləsi bağlamamışdır. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Xocalı rayonu Ballıca kəndində yerləşən, fərdi yaşayış evini təmir edən zaman evin yerləşdiyi həyətyanı sahədə təxminən 500-mm diametrində, 2 metr uzunluğunda dəmir borunun olduğunu görmüş, həmin dəmir boru diqqətini cəlb etdiyi üçün borunun yanına yaxınlaşmış, həmin vaxt dəmir borunun içərisində bir ədəd qundağı qatlanmış vəziyyətdə olan avtomatın olduğunu görmüşdür. Bundan sonra, həmin silahı Goranboy rayonunda yaşadığı evə aparmaq məqsədi ilə dəmir borunun içərisindən götürüb, təmir etdiyi evdə olan 1 ədəd yorğana büküb,özü ilə geyim əşyalarını yığıb apardığı iri ölçüdə çantanın içərisinə yerləşdirib evin daxilində gizlətmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 18 radələrində Goranboy rayonunda yaşadığı evə getmək qərarına gəlmişdir. Ona görə də, həmin tapdığı silahı əl çantası ilə birlikdə gizlətdiyi yerdən götürüb Xocalı rayonu Ballıca kəndində avtomobil yolunun kənarına, yəni Xankəndi-Ağdam avtomobil yoluna getmişdir. Avtomobil yolunun kənarında olan zaman ağ rəngli “Ford Transit” markalı yük avtomobilinin gəldiyini görmüşdür. O, həmin avtomobilin sürücüsünə avtomobilini saxlaması üçün əli ilə işarə etmiş, həmin avtomobilin sürücüsü də avtomobilini yolun kənarına çəkib saxlamışdır. O da, həmin avtomobilin sürücüsünə yaxınlaşıb hansı istiqamətə getdiyini soruşmuş, sonradan adını bildiyi həmin avtomobilin sürücüsü Şahid3 da, ona Goranboy rayonuna getdiyini bildirmişdir. Sonra o, Elgündən onu da aparmasını xahiş etmiş, Elgün də etiraz etməmişdir. Avtomobildə sürücü Elgündən başqa sonradan adını bildiyi Şahid4 da sərnişin olmuşdur. Bundan sonra o, özünə məxsus içərisində avtomat olan əl çantasını avtomobilin yük yerinə yerləşdirib özü isə yük avtomobilinin sərnişin oturacağında əyləşmişdir. Bundan sonra sürücü Elgün avtomobilini Goranboy rayonu istiqamətində hərəkət etdirməyə başlamışdır. Onlar Goranboy rayonu Xanqərvənd kəndi ərazisində hərəkətdə olan zaman polis əməkdaşları sürücü Elgünə avtomobilini saxlamasını bildirmişlər. Sürücü Elgün də idarə etdiyi avtoombili yolun kənarına çəkib saxlamışdır. Polis əməkdaşları onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim edib, onun qanunsuz olaraq odlu silah əldə edib gəzdirməyində və saxlamağında şübhəli olduğu barədə məlumat vermişlər. Sonra polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər və onlar heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Goranboy RPŞ-nə gəlmişlər. Bundan sonra Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Orxan Həziyev yenə də onun qanunsuz olaraq odlu silah əldə edib gəzdirməsində və saxlamasında şübhəli olduğunu deyib, həmin silahı harada saxladığını soruşmuş, o da qanunsuz olaraq əldə edib saxladığı odlu silahın sərnişin qismində olduğu Şahid3 idarə etdiyi avtomobilin yük yerində ona məxsus əl çantasının içərisində olduğunu bildirmişdir. X3 də Şahid3 idarə etdiyi “Ford Transit” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçiriləcəyini bildirmiş, Şahid3 də ərizə ilə müraciət edərək idarə etdiyi avtomobilinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra polis əməkdaşları tərəfindən Şahid3 idarə etdiyi “Ford Transit” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə video və foto çəkilişdən istifadə etməklə baxış keçirməyə başlamışlar. “Ford Transit” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin yük yerindən iki ədəd işlənmiş vəziyyətdə qaz sobası, bir dəst masa üstü komputer, bir ədəd işlənmiş vəziyyətdə olan elektrik burğulama makinası (direl), bir ədəd bağ qayçısı, bir ədəd işlənmiş vəziyyətdə elektron tərəzi, bir ədəd xalça, bir ədəd yorğan, ona məxsus əl çantasının içərisində yorğana bükülmüş vəziyyətdə bir ədəd TF 0333 nömrəli, 1994-cü il istehsalı olan AKM 7,62 markalı avtomat, bir ədəd ədyal, geyim əşyaları və bir neçə sayda boş plastik yeşiklər aşkar olunmuşdur. Sorğu zamanı o, odlu silah olan “AKM 7,62” markalı avtomatı işğaldan azad olunmuş Xocalı rayonunun Ballıca kəndində işlədiyi evin yaxınlığında olan dəmir borunun içərisindən tapdığını bildirmişdir. Bundan sonra, tapdığı və yaşadığı evə aparmaq istədiyi “Ford Transit” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş AKM 7,62 markalı silah götürülərək 1 (bir) ədəd ağ rəngli kisəyə yerləşdirilmiş və DİN-nin 121 saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqi aparılması üçün qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuş və həmin protokolu imzalamışlar. “Ford Transit” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş iki ədəd işlənmiş vəziyyətdə qaz sobası, bir dəst masa üstü komputer, bir ədəd işlənmiş vəziyyətdə olan deşici alət, bir ədəd bağ qayçısı, bir ədəd işlənmiş vəziyyətdə elektron tərəzi, bir ədəd xalça, bir ədəd yorğan, bir ədəd ədyal, geyim əşyaları və bir neçə sayda plastik yeşiklər maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün qaytarılmışdır. Sorğu zamanı o, həmin silaha aid başqa hər hansı hissələrin olmadığını, ona verilən sualları tam başa düşdüyünü, doğru və səmimi cavablar verdiyini, hər hansı fiziki və psixi probleminin olmadığını, polis əməkdaşları tərəfindən ona zor tədbiq olunmadığını bildirmişdir. Xocalı rayonu Ballıca kəndiə ərazisində təmir işləri gördüyü fərdi yaşayış evinin həyətyanı sahəsində olan dəmir borunun içərisindən avtomatı tapan zaman yanında heç kim olmamış və tək olmuşdur. Onun TF-0333 nömrəli, AKM modelli, 7,62 mm-lik avtomat silahı ilə cinayət törətmək niyyəti olmamışdır. Həmin silahdan gələcəkdə ovda istifadə etmək məqsədilə özü ilə yaşadığı evə aparıb gizlədib saxlamaq istəmiş, tutulmaqdan qorxduğu üçün avtomat silahını təhvil verməmişdir. Onun həmin silahı kiməsə vermək və ya satmaq niyyəti olmamışdır. O, TF-0333 nömrəli, AKM modelli, 7,62 mm-lik avtomat silahından istifadə etməmişdir. “Ford Transit” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 və həmin avtomobildə sərnişin qismində olan Şahid4 onun odlu silah olan TF-0333 nömrəli, AKM modelli, 7,62 mm-lik avtomatı gətirməsi barədə hər hansı məlumatları olmamışdır. O, sonunculara bu barədə bir söz deməmişdir. Etdiyi əməldən peşmandır, odur ki, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid1 ifadəsində göstərmişdir ki, 07 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib saxlaması barədə əməliyyat məlumatı almış, aldığı məlumat barədə dərhal şöbə rəhbərliyinə raportla məruzə etmişdir. Şöbə rəhbərliyi də Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah ədə edib saxlaması barədə əməliyyat məlumatının yoxlanılamsı üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verdikdən sonra Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı X2 və onun daxil olduğu əməliyyat qurupu yaradılmışdır. Bundan sonra əməliyyat-axtarış qrupunun üzvləri Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah ədə edib saxlaması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xx.xx.2024-cü il tarixdə saat 20:30 dəqiqədə Goranboy rayonu Xanqərvənd kəndi ərazisində Təqsirləndirilən şəxs sərnişin qismində olduğu Şahid3 idarə etdiyi “Ford Transit” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən tərəflərindən saxlanılmışdır. Həmin vaxt avtomobildə Təqsirləndirilən şəxs başqa Şahid4 da sərnişin qismində olduğunu görmüşlər. Onlar sonunculara yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim edib, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib gəzdirməsində və saxlamasında şübhəli olduğu barədə məlumat vermişlər. Sonra sürücü Şahid3, sərnişinlər Təqsirləndirilən şəxs və Şahid4 avtomobillə birlikdə polis şöbəsinə dəvət etmişlər. Sonuncular da heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişlər. Sonra Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X4 İsmayılova yenə də qanunsuz olaraq odlu silah əldə edib gəzdirməsində və saxlamasında şübhəli olduğunu deyib, həmin silahı harada saxladığını soruşmuş, Təqsirləndirilən şəxs da qanunsuz olaraq əldə edib saxladığı odlu silahın sərnişin qismində olduğu Şahid3 idarə etdiyi avtomobilinin yük yerində ona məxsus əl çantasının içərisində olduğunu bildirmişdir. X3 də Şahid3 idarə etdiyi “Ford Transit” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçiriləcəyini bildirmiş, Şahid3 də ərizə ilə müraciət edərək idarə etdiyi avtomobilinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra tərəflərindən Şahid3 idarə etdiyi “Ford Transit” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə video və foto çəkilişdən istifadə etməklə baxış keçirilməyə başlamışlar. “Ford Transit” markalı, **- GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin yük yerindən iki ədəd işlənmiş vəziyyətdə qaz sobası, bir dəst masa üstü komputer, bir ədəd işlənmiş vəziyyətdə olan elektrik burğulama makinası (direl), bir ədəd bağ qayçısı, bir ədəd işlənmiş vəziyyətdə elektron tərəzi, bir ədəd xalça, bir ədəd yorğan, yorğana bükülmüş vəziyyətdə bir ədəd TF 0333 nömrəli, 1994-cü il istehsalı olan AKM 7,62 markalı avtomat, bir ədəd ədyal, geyim əşyaları və bir neçə sayda boş plastik yeşiklər aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs odlu silah olan “AKM 7,62” markalı avtomatı işğaldan azad olunmuş Xocalı rayonunun Ballıca kəndində işlədiyi evin yaxınlığında tapdığını bildirmişdir. “Ford Transit” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş AKM 7,62 markalı silah götürülərək 1 (bir) ədəd ağ rəngli kisəyə yerləşdirilmiş və DİN-nin 121 saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqi aparılması üçün qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuş və həmin protokol imzalanmışdır. “Ford Transit” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş iki ədəd işlənmiş vəziyyətdə qaz sobası, bir dəst masa üstü komputer, bir ədəd işlənmiş vəziyyətdə olan deşici alət, bir ədəd bağ qayçısı, bir ədəd işlənmiş vəziyyətdə elektron tərəzi, bir ədəd xalça, bir ədəd yorğan, bir ədəd ədyal, geyim əşyaları və bir neçə sayda plastik yeşiklər maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün sahiblərinə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs, həmin silaha aid başqa hər hansı hissələrin olmadığını, ona verilən sualları tam başa düşdüyünü, doğru və səmimi cavablar verdiyini, hər hansı fiziki və psixi probleminin olmadığını, polis əməkdaşları tərəfindən ona zor tədbiq olunmadığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs silah tapdığından, həmin salahı saxlamağından, yaşadığı evə aparmağından Şahid3 və Şahid4 məlumatları olmadığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 məhkəmədə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə qaynı Şahid3 ona Xocalı rayonuna gedərək oradan xurma meyvəsi yığmaqlarını təklif etmiş, o da onun təklifi ilə razılşadıqdan sonra onlar həmin gün saat 10 radələrində Xocalı rayonuna getmək üçün yaşadıqları Goranboy rayonundan Elgünə məxsus “Ford transit” markalı, **-GJ-*** dövlət qeydiyyatlı nişanlı avtomobil ilə yola düşmüşlər və təxminən saat 12 radələrində Xocalı rayonuna çatdıqdan sonra orada bir qədər xurma meyvəsi axtarsalar da, tapa bilmədikləri üçün gecəni Xocalı rayonu Ballıca kəndində qaynı Kənanın usta olaraq işlədiyi evdə qalmışlar. Ertəsi gün yəni xx.xx.2024-cü il tarixdə Xocalı rayonu ərazisində meyvə tapa bilmədikləri üçün həmin tarixdə saat 17 radələrində Xocalı rayonundan çıxaraq Goranboy rayonu istiqamətinə hərəkət etmişlər. Xocalı rayonu ərazisində hərəkətdə olan zaman bir nəfər şəxs əli ilə işarə edərək avtomobili saxlamışdır. Elgün də idarə etdiyi atomobili saxlamış, həmin vaxt adını sonradan bildiyi Təqsirləndirilən şəxs onu Goranboy rayonuna aparmaqlarını bildirmişdir. Elgün də etiraz etməmiş, Gündüz də özünə məxsus əl çantasını avtomobilin yük yerinə yerləşdirib avtomobilin salonunda əyləşmiş və onlar hərəkətə davam etmişlər. Goranboy rayonu Xanqərvənd kəndi ərazisində hərəkətdə olan zaman polis avtomobilinin saxla işarəsinə əsasən Elgün idarə etdiyi avtomobili yolun kənarında saxlamışdır. Sonra polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edib onlarla birlikdə polis şöbəsinə getməklərini təklif etmişlər. Onlar da etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişlər. Goranboy rayon polis şöbəsində Təqsirləndirilən şəxs odlu silah saxlamasında şübhəli olduğunu bildirib avtomobilə baxış keçirəcəklərini bildirmişlər. Elgün də avtomobilinə baxış keçirilməsinə heç bir etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra, Goranboy rayon polis şöbəsində onun idarə etdiyi avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin yük yerində Təqsirləndirilən şəxs məxsus əl çantasının içərisindən 1 ədəd avtomat silahı aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs odlu silah olan “AKM 7,62” markalı avtomatı işğaldan azad olunmuş Xocalı rayonunun Ballıca kəndində işlədiyi evin yaxınlığında tapdığını bildirmişdir. Həmin avtomat silah polis əməkdaşları tərəfindən götürülərək 1 (bir) ədəd ağ rəngli kisəyə yerləşdirilmiş və DİN-nin 121 saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqi aparılması üçün qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuş və həmin protokol imzalanmışdır. Avtomobildən aşkar edilmiş iki ədəd işlənmiş vəziyyətdə qaz sobası, bir dəst masa üstü komputer, bir ədəd işlənmiş vəziyyətdə olan deşici alət, bir ədəd bağ qayçısı, bir ədəd işlənmiş vəziyyətdə elektron tərəzi, bir ədəd xalça, bir ədəd yorğan, bir ədəd ədyal, geyim əşyaları və bir neçə sayda plastik yeşiklər maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün onlara qaytarılmışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxlaması barədə hər hansı məlumatı və əl birliyi olmamışdır. Təqsirləndirilən şəxs bu barədə ona bir söz deməmişdir. Əgər xəbəri olsaydı, bu barədə hüquq mühafizə orqanlarına məlumat verərdi. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid3 Vilayət oğluna məhkəmə iclasının vaxtı və yeri barədə xəbər verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Şahid3 Vilayət oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunarkən aydın oldu ki, o, Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayəti törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: «Baxış keçirilməsi haqqında» 07 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə video və foto çəkilişlə ağ rəngli “Ford transit” markalı, **-GJ-*** dövlət qeydiyyatlı nişanlı avtomobilə baxış keçirilmiş, yük yerindən Təqsirləndirilən şəxs məxsus əlçantasından yorğana bükülmüş vəziyyətdə TF-0333 nömrəli, 7,62 mm kalibirli, zavod üsulu ilə 1994-cü ildə xarici dövlətdə istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKM modelli, texniki cəhətdən saz və atəş üçün yararlı olan, hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməyən, odlu yivli silah hesab edilən bir ədəd avtomat aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin silah-sursatın ona məxsus olmasını bildirmişdir; «Şübhəli şəxsin tutulması haqqında» 07 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:30-da şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2024-cü il tarixdə saat 21:30-dan məhdudlaşdırılmışdır; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən tərtib edilmiş 09 dekabr 2024-cü il tarixli 24/1759 nömrəli rəydən görünür ki, təqdim edilmiş 01 ədəd TF-0333 nömrəli silah, 7,62 mm kalibirli olmaqla, zavod üsulu ilə 1994-cü ildə xarici dövlətdə istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKM modelli avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissəmexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir; «Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən həbsdən azad edilməsi haqqında» 09 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Goranboy RPŞ-nin MSY-dən azad edilmişdir; «Maddi sübut kimi tanıma haqqında» 11 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq daşıdığı və saxladığı bir ədəd TF-0333 nömrəli, 7,62 mm kalibirli, Kalaşnikov konstruksiyalı AKM modelli avtomat iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Goranboy RPŞ-nin anbarına təhvil verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Goranboy rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsilə təqsirli bilinərək, 08 ay 03 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir; Azərbaycan Respublikası DİN KTİ-nin 16 dekabr 2024-cü il tarixli 3-13-11/2- 13169/2024 nömrəli məktubundan görünür ki, təqdim edilmiş 01 ədəd 7,62 mm kalibrli TF- 0333 nömrəli Kalaşnikov konstruksiyalı AKM modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi Təqsirləndirilən şəxs etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Beləliklə, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsində (köhnə red.) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. CM-in 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfatməişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır; 21-ci maddəsinin İİİ hissəsinə əsasən mülki silah sahibi bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli, bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməlidir; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Məhkəmə məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapması nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CMin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan 5 uşağının olmasını CM-in 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 66 və CPM-in 91.7-ci maddələrinin tələbinə görə heç kəs özunə qarşı ifadə verməyə məcbur edilə bilməz və cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, təqsirləndirilən şəxsin üzərinə verdiyi ifadəyə və izahata görə heç bir məsuliyyət qoyula bilməz. Özünə qarşı ifadə vermək məcburiyyətində olmayan şəxsin tamamilə əks davranış variantı seçərək təqsirini etiraf etməsi onun şəxsiyyət baxımından tam aşınmadığından, ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissindən xəbər verir. Təqsirləndirilən şəxs da təqsirini etiraf etməklə məhz belə davranmışdır. Səmimi peşmançılıq isə şəxsin cinayət törətdikdən sonrakı müsbət davranışı olmaqla, onun ictimai təlükəliliyinin əhəmiyyətli dərəcədə azaldığından, törətdiyi cinayətə görə özünü öz vicdanı qarşısında mühakimə etməsindən və artıq cəzanın əsas məqsədi sayılan islah olunma yolu ilə getməsindən xəbər verir. Şəxsin düzgün və cəzanın məqsədlərinə xidmət edən davranışı isə ona cəza təyin edilən zaman nəzərə alınmaya bilməz. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 228.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs faktiki olaraq 07 dekabr 2024-cü il tarixdən 09 dekabr 2024-cü il tarixədək müddətdə şübhəli şəxs qismində saxlanılması nəzərə alınaraq, ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından 02 (iki) gün çıxılmalı, üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. CPM-in 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Goranboy Rayon Polis Şöbəsində saxlanılan TF-0333 nömrəli, 7,62 mm kalibirli, zavod üsulu ilə 1994-cü ildə xarici dövlətdə istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKM modelli, texniki cəhətdən saz və atəş üçün yararlı olan, hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməyən, odlu yivli silah hesab edilən bir ədəd avtomat Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə əlavə olaraq qeyd edir ki, Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 (iyirmi bir) iş saatına görə 186 (bir yüz səksən altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy Rayon Vəkil Bürosunun hesabına tutulmalıdır. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358, 381 və 383-385ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs faktiki olaraq 07 dekabr 2024-cü il tarixdən 09 dekabr 2024-cü il tarixədək olan müddətdə 02 (iki) gün müddətinə şübhəli şəxs qismində saxlanılması nəzərə alınaraq, ona təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasından 02 (iki) gün çıxılsın, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri Hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 iyun 2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut - Goranboy RPŞ-nin maddi sübutlar anbarına məsul saxlanca verilmiş TF-0333 nömrəli, 7,62 mm kalibirli, zavod üsulu ilə 1994-cü ildə xarici dövlətdə istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKM modelli, texniki cəhətdən saz və atəş üçün yararlı olan, hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməyən, odlu yivli silah hesab edilən bir ədəd avtomat Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. Vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi 21 (iyirmi bir) iş saatına görə 186 (bir yüz səksən altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar