Məhkəmə qərarları › İş №1(045)-28/2024

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-28/2024

05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-28/2024 05.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ saat 11:50 X5 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Goranboy rayonunun Veyisli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Goranboy rayonunun Veyisli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə dələduzluq, yəni özgə əmlakını aldatma və ya etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə 2022-ci ildə istintaqa dəqiq məlum olmayan ayda və gündə vərəsəlik üzrə bibisindən ona, nənəsindən isə əmisi Şahid1 miras qalmış Goranboy rayonu Veyisli kəndi ərazisində yerləşən 1,62 ha torpaq sahəsini satmaq imkanına malik olması barədə yalan vəd verib Zərərçəkmiş şəxs torpaq sahəsinin sonuncunun adına sənədləşdirilməsi üçün vacib olan sənədləri verməklə etibarını qazandıqdan sonra 2022-ci il ərzində hissə-hissə 1600 manat pulunu, 2023-cü ilin avqust ayında istintaqa dəqiq məlum olmayan gündə isə Təqsirləndirilən şəxs cinayətkar niyyətindən məlumatı olmayan Şahid2 vasitəsi ilə 4000 manat pulunu Goranboy rayonu Veyisli kəndi ərazisində alıb, vədinə əməl etməyərək vahid niyyətlə ümumilikdə 5600 (beş min altı yüz) manat məbləğində pul vəsaitini öz ehtiyacları üçün xərcləyib qaytarmamaqla özgə əmlakını aldatma və ya etibardan suiistifadə etmək yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır. X4 vəfat etməmişdən öncə yaşadığı evi, həyətyanı sahəsini və pay torpaq sahəsini vərəsəlik üzrə miras olaraq ona bağışlamışdır. Bibisi Könül 2013-cü ildə öldükdən sonra vərəsəsi üzrə əmlakı miras olaraq ona qalmışdır. Sadəcə olaraq bibisi Könülün vərəsəlik üzrə ona verdiyi əmlakının siyahısına daxil olan evin bir otağı vərəsəlik üzrə əmisi Aydına düşmüşdür. Sonradan o, bibisi Könüldən miras qalmış 1,62 ha torpaq sahəsini satmağa qərar vermişdir. İki il əvvəl isə yəni 2022-ci ilin dəqiq xatırlamadığı ayında və gündə həmkəndlisi və qohumu olan İlqarla yolla gedərkən satmaq istədiyi bibisindən miras qalmış 1,62 ha torpaq sahəsini İlqara satmağını demişdir. İlqar həmin torpaq sahəsini almaq istədiyini demişdir. Bunun üçün isə İlqarla 1700 manat pul müqabilində razılaşmışlar. Lakin torpaq sahəsinin sənədləşməsi üçün o, özü getmək istəmədiyi üçün İlqara həmin torpaq sahəsini sənədləşdirməsi üçün etibarnamə vermişdir. Həmçinin də torpaq sahəsinin dövlət aktını da İlqara vermişdir. Bundan sonra isə İlqar bir il ərzində ona 400 manat pul vermişdir. Qalan 1300 manat pulu verməmişdir. Həmin 400 manatı isə torpaq sahəsinin sənədləməsinə xərcləmişdir. Lakin torpaq sahəsi sənədləşməmişdir. Buna baxmayaraq İlqar torpaq sahəsindən istifadə etmişdir. Sonradan isə o, bibisi Könüldən qalmış əmlakı öz adına rəsmiləşdirməkdə çətinlik çəkdiyi üçün bibisindən miras olaraq qalmış bütün əmlakdan imtina edib əmisi Aydına bağışlamağı barədə notariat kontoruna gedib sənədləşmə etmişdir. Lakin həmin vaxt əmisi Aydına bibisindən miras olaraq qalmış 1,62 ha torpaq sahəsini İlqara satmasını demiş, İlqarın isə həmin torpaq sahəsinin pulunu tam vermədiyini və torpağı öz adına rəsmiləşdirə bilmədiyini demişdir. O, əmisi Aydından xahiş etmiş ki, bir müddət İlqarın həmin torpaq sahəsini sənədləşdirməsini gözləsin. Lakin aradan vaxt keçməsinə baxmayaraq İlqar torpaq sahəsini öz adına rəsmiləşdirə bilməmişdir. Həmçinin ilqar torpaq sahəsinə görə ona verməli olduğu pulu sonradan ödəmədiyi üçün o, İlqara verdiyi etibarnaməni ləğv etdirmişdir. 2023-cü ilin avqust ayında isə əmisi Aydın ona bibisindən miras olaraq qalmış 1,62 ha torpaq sahəsini bələdiyyə sədri Raisin satın almaq istəməsini demişdir. O, isə torpaq sahəsini əvvəlcədən İlqara satdığı üçün İlqara torpaq sahəsini Raisə satmaq istəmələrini demişdir. Çünki Rais torpaq sahəsinə görə 4000 manat pul verdiyini demişdir. Belə olan halda İlqar ona həmin 4000 manat pulu verəcəyini və torpaq sahəsini ona satmasını demişdir. Lakin əmisi Aydın torpaq sahəsini Raisə satmaq barədə razılığa gəldiyi üçün torpaq sahəsini əmisinin adından sənədləşdirməsi üçün Raisə etibarnamə vermişdir. O, bu barədə İlqara da demişdir. İlqar isə ona Raisə verilən etibarnaməni ləğv etdirməsini və 4000 manat pulu özü verəcəyini demişdir. O, da İlqarla razılaşmış və bu barədə Raisə demişdir. Rais də pulu veriləcəyi halda razı olmuşdur. Bundan sonra isə 2023-cü ilin avqust ayında dəqiq xatırlamadığı gündə Gəncə şəhərində yerləşən notariat kontoruna əmisi Aydın və İlqarla birlikdə getmişdir. Onlar Gəncə şəhərində Yeni Gəncədə yerləşən notariat kontoruna getmişlər. Həmin yerdə İlqar 4000 manat pulu çıxarıb əmisi Aydına vermişdir. Əmisi Aydın isə 4000 manat pulu Raisə vermiş, Rais pulu götürdükdən sonra isə əmisi Aydın Raisə verdiyi etibarnaməni ləğv etdirmiş və yenidən torpaq sahəsinin sənədləşdirilməsi üçün öz adından İlqara etibarnamə vermişdir. Bundan sonra isə birlikdə Goranboy rayonuna gəlmişlər. Goranboy rayonunda olarkən isə notariat kontoruna getmişlər və notariat kontorunda olarkən notariat kontoru torpaq sahəsinin sənədləşməsi üçün ilkin olaraq sənədləşmənin ƏMDX-nə Raisin adından getdiyi üçün torpaq sahəsinin Raisin adına rəsmiləşdiriləcəyini demişdir. Buna görə də o, Rais və İlqarla torpaq sahəsinin Raisin adına rəsmiləşdikdən sonra Raisin həmin torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən İlqara verəcəyinə dair öz aralarında razılaşmışlar. Bundan iki-üç gün sonra 2023-cü ilin avqust ayında dəqiq xatırlamadığı gündə isə Rais yaşadığı evə gəlib torpaq sahəsinə dair sənəd olan çıxarışın adına gəldiyini və buna görə də torpaq sahəsini İlqara satmaq istəmədiyini deyib İlqarın əmisinə verdiyi əmisinin isə Raisə verdiyi 4000 manat pulu ona vermişdir. O, da pulu götürmüşdür. Lakin həmin pulu İlqara aparıb verməmiş və şəxsi işlərində xərcləmişdir. O, İlqarın torpaq sahəsini ilkin olaraq ondan aldığı vaxt 1700 manat pul verəcəyini desə də hissə-hissə olmaqla ona ümumilikdə 400 manat pul vermişdir. O, da İlqar pulu tam vermədiyi üçün sonradan İlqarın əmisi Aydının adından sənədləşmə etməyi üçün verdiyi etibarnaməni ləğv etdirmişdir. O, İlqarın torpaq sahəsinə dair ümumilikdə ona 4400 manat pul verməsini bildirmişdir. O, İlqarın borc olaraq ona 150 manat pul verməsini bildirmişdir. İlqar ona borc olaraq 200 manat pul verməmiş və ya Raisin sənədləşmə etməsi üçün xərclədiyi pulun müqabilində 150 manat pul verməmişdir. İlqar 150 manat pulu onun şəxsi işi ilə əlaqədar olaraq ona vermiş və hətta qohum olduqları üçün həmin 150 manat pulu ona qaytarmasa da olar demişdir. O, 2023-cü ilin avqust ayında dəqiq xatırlamadığı gündə Raisin onun yaşadığı evə gəlib torpaq sahəsinə görə İlqarın əmisi Aydına verdiyi əmisinin isə Raisə verdiyi 4000 manat pulu ona verməsini bildirmişdir. O, da həmin pulu götürmüşdür. Lakin həmin pulu İlqara verməmiş və şəxsi işlərində xərcləmişdir. İlqar torpaq sahəsini almaq üçün ilkin olaraq yəni 2022-ci ilin dəqiq xatırlamadığı ayında və gündə hissə-hissə olmaqla ona ümumilikdə 400 manat pul vermiş, bundan başqa İlqara 400 manat da xırda buynuzlu heyvan aldığına görə borcu olmuş, 50 manat da bir dəfə borc almışdır. Ümumilikdə İlqara 4850 manat pul verməli olduğunu bildirmişdir. Yekunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın 3500 manatını ödədiyini, qalan məbləği razılıq əsasında zərərçəkmiş şəxsə ödəyəcəyini bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs həmkəndlisi olmaqla yanaşı onun qohumudur. Ceyhunla münasibətləri həmişə normal olmuşdur. İki il bundan əvvəl dəqiq xatırlamadığı ayda Ceyhunla yolla gedərkən Ceyhunun torpaq sahəsi satdığını əvvəlcədən eşitdiyi üçün Ceyhuna satmaq istədiyi vərəsəlik yolu ilə qalmış torpaq sahəsini ona satmasını demişdir. Ceyhun da həmin torpaq sahəsinin vərəsəlik yolu ilə miras qaldığını, həmin torpaq sahəsinə dair sənədləşmənin tam olmadığını demişdir. O, da Ceyhuna “onsuzda həmin torpaq sahəsi miras olaraq vərəsəlik üzrə sənə verilmişdir və həmin torpaq sahəsini hər bir halda sənin adına rəsmiləşdirə bilərik” demişdir. Buna görə də Ceyhuna həmin torpaq sahəsini ona satmasını demişdir. Ceyhun da onunla razılaşmış və vərəsəlik üzrə miras qalmış 1, 70 ha pay torpaq sahəsini ona satmağa razılaşmışdır. Ceyhun həmin torpaq sahəsini ona 1700 manat pul müqabilində satmaq istədiyini demiş və o, da həmin torpaq sahəsinə görə 1700 manat pul verəcəyini demişdir. Bundan sonra isə Ceyhun miras olaraq qalmış torpaq sahəsinin sənədini ona vermişdir. Həmçinin Ceyhun həmin torpaq sahəsinin sənədləşdirməyi üçün ona etibarnamə də vermişdir. O, da bunun ardınca həmin torpaq sahəsinin sənədləşməsi üçün müraciət etsə də torpaq sahəsini öz adına rəsmiləşdirə bilməmişdir. Buna baxmayaraq Ceyhun faktiki olaraq torpaq sahəsini ona şifahi razılaşmaya əsasən satdığı üçün o, həmin torpaq sahəsindən istifadə etməyə başlamışdır. O, bir il ərzində Ceyhuna 2000 manat pul vermişdir. Ceyhun ondan 2000 manat pul aldıqdan sonra artıq verdiyi 300 manat pul müqabilində də torpaq sahəsinin sənədləşməsini etməli idi. Lakin sonradan Ceyhun torpaq sahəsini sənədləşməsini etməmişdir. Daha sonra isə Ceyhun vərəsəlik üzrə miras qalmış torpaq sahəsindən imtina edib həmin torpaq sahəsini əmisi Aydına vermişdir. Aydın isə həmin torpaq sahəsini onun adına rəsmiləşdirilməsi üçün üzərinə düşən öhdəliyi yerinə yetirməli idi. Lakin o, sonradan Ceyhunun əvvəlcə torpaq sahəsini onun adına rəsmiləşdirməyi üçün ona verdiyi etibarnaməni ləğv etdirməsini eşitmişdir. Eyni zamanda Aydın isə həmin torpaq sahəsinin rəsmiləşdirilməsi üçün işlərin yerinə yetirilməsi ilə bağlı Goranboy rayonu Veyisli bələdiyyəsinin sədri Raisə etibarnamə vermişdir. O, yenidən Ceyhuna həmin torpaq sahəsinin rəsmiləşdirilməsi ilə bağlı Raisə verilən etibarnaməni ləğv edilməklə etibarnamənin onun adına verilməsi və sənədləşdirməsi üçün danışmış, Ceyhun da onunla razılaşmışdır. Ceyhun ona əmisi Aydının torpaq sahəsinin Raisə sənədləşməsi üçün etibarnamə verən zaman torpaq sahəsinin Raisə satılması üçün də Raisdən 4000 manat pul almasını demişdir. Ceyhun ona əmisinin Raisdən aldığı 4000 manat pulu verməsini və bundan sonra torpaq sahəsini ona sata biləcəyini demişdir. O, da Ceyhunla razılaşmış və bundan sonra 2023-cü ilin avqust ayında dəqiq xatırlamadığı gündə Ceyhun və Aydınla Gəncə şəhərində yerləşən notariat kontoruna getmişlər. Həmin vaxt Rais də orada olmuşdur. O, 4000 manat pulu Gəncə şəhərində yerləşən notariat kontorunda Aydına vermişdir. Aydın da bundan sonra 4000 manat pulu Raisə verib 1,70 ha torpaq sahəsinin sənədləşdirməyi üçün Raisin adına verdiyi etibarnaməni ləğv etdirib həmin torpaq sahəsini onun adından sənədləşdirməyi üçün ona etibarnamə vermişdir. Bundan sonra isə o, Aydın və Ceyhunla birlikdə Goranboy rayonunda yerləşən notariat kontoruna gəlib Aydının verdiyi etibarnamə əsasında torpaq sahəsinin sənədləşməsi üçün müraciət edən zaman notariat kontoru ona həmin torpaq sahəsinin Raisin adına sənədləşməsi üçün Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edilməsini demişdir. Belə olan halda isə o, Rais, Ceyhun və Aydınla söhbət etmişdir. Söhbət zamanı razılaşmışlar ki, torpaq sahəsi Raisin adına rəsmiləşdirildikdən sonra Rais həmin torpaq sahəsini ona satacaqdır. Lakin sonradan Rais həmin torpaq sahəsini öz adına rəsmiləşdirməsinə baxmayaraq torpaq sahəsini onunla alqı-satqı etməmişdir. Bundan başqa isə onun torpaq sahəsinə görə verdiyi 6000 manat pulu qaytarılmamışdır. Sonradan isə Rais Aydının verdiyi 4000 manat pulu aparıb Ceyhuna vermiş, Ceyhun isə həmin pulu xərcləmişdir. Bunu Ceyhun özü də təsdiq etmişdir. O, torpaq sahəsi ilə bağlı faktiki olaraq Ceyhuna 6000 manat pul vermiş, həmin pulun iki min manatını iki il bundan əvvəl bir il müddətinə hissə-hissə olmaqla vermiş, qalan 4000 manat pulu isə 2023- cü ilin avqust ayında Gəncə şəhərində yerləşən notariat kontorunda vermişdir. Ərizəsində göstərdiyi 350 manat pulun 200 manatını borc olaraq Ceyhuna vermiş, 100 manatını isə Ceyhuna Raisin sənədləşmə üçün verdiyi pulu qaytarması üçün vermişdir. Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərdi ki, ona dəymiş ziyandan 3500 manat ödənilmiş, 2850 manatın isə ödənilməsi üçün təqsirləndirilən şəxslə qarşılıqlı razılıq əldə etmişlər və ona vurulmuş ziyan hissə-hissə ödəniləcəkdir. Buna görə də Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, belə ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Ceyhunla münasibətləri normal olmuş, aralarında heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. Goranboy rayonu Veyisli kəndində yerləşən 1,62 ha pay torpaq sahəsi mərhum anam Alyaya və mərhum bacısı Könülə məxsus olmuşdur. Bacısı Könül vəfat etməmişdən bir iki gün öncə torpaq sahəsində öz payına düşən hissəsini qardaşı oğlu Ceyhuna vəsiyyət etmişdir. Yəni həmin torpaq sahəsinin yarı hissəsi bacısı tərəfindən Ceyhuna vəsiyyət edilmişdir. Anası öldükdən sonra 1,62 ha torpaq sahəsindən yarı hissəsi ona, yarı hissəsi isə bacısı Könülün vəsiyyəti ilə Ceyhuna qalmışdır. Həmin torpaq sahəsini isə əvvəldən həmkəndliləri Rais illik pul ödəməklə istifadə etmişdir. Təxminən iki il əvvəl qardaşı oğlu Ceyhun Veyisli kəndində yerləşən 1,62 ha torpaq sahəsini satmaq istəməsini demişdir. Ceyhun onun bu işə razılıq verməyini istəmişdir. Həmçinin Ceyhun ona torpaq sahəsini satdıqdan sonra onun payına düşəcək hissədə pulunu verəcəyini demişdir. O, da Ceyhuna torpağı satdığı halda pul götürməyəcəyini, çünki Ceyhunun borcu olduğunu bilmiş və Ceyhunun borcunu ödəməsini fikirləşmişdir. O, Ceyhuna torpağı satdığı halda pulu özünə götürməsini demişdir. Ceyhun da onunla razılaşmışdır. Lakin həmin vaxt Ceyhun torpaq sahəsini kimə satacağını deməmişdir. O, bu barədə Ceyhundan soruşmamışdır. Bundan bir müddət sonra Ceyhun ona Gəncə şəhərində yerləşən “Asan xidmət”-ə getməli olduğunu demişdir. O, da Ceyhunla birlikdə Gəncə şəhərində yerləşən “Asan xidmət”-ə getmişdir. Orada olarkən həmkəndlisi İlqarı görmüş, həmin vaxt İlqar ona Ceyhuna Veyisli kəndində yerləşən 1,62 ha torpaq sahəsini almaq üçün hissə-hissə olmaqla ümumilikdə 2000 manat pul vermişdir. O, isə bundan məlumatsız olduğunu demişdir. Çünki Ceyhun ona bu barədə məlumat verməmişdir. Buna baxmayaraq torpaq sahəsinin İlqara satılmasına heç bir narazılıq bildirməmişdir. Torpaq sahəsi vərəsəlik üzrə ona və Ceyhuna qaldığı üçün torpaq sahəsini İlqarın adına sənədləşməsi üçün İlqarın onun adından torpağın sənədləşmə işini həyata keçirməsi üçün notarial qaydada etibarnamə vermişdir. O, İlqardan torpaq sahəsinə dair hər hansısa miqdarda pul istəməmişdir. Halbuki İlqar ona pul verməyi təklif etmişdir. Bundan sonra isə o, torpaq sahəsinin sənədləşməsi ilə bağlı maraqlanmamışdır. Bir müddət keçdikdən sonra isə Ceyhun onun yanına gəlmiş, İlqara torpaq sahəsini alması ilə bağlı verməli olduğu pulu tam ödəmədiyi üçün İlqara verdiyi etibarnaməni ləğv etməyini təklif etmişdir. O, belə olan halda İlqarla danışmışdır. İlqar Ceyhuna torpaq sahəsi ilə bağlı söz verdiyi pulun qalan 300 manatını ödəmişdir. Ceyhun isə İlqarın ona 120 manat verməsini demişdir. O, Ceyhun və İlqarın hər ikisini dəvət edib onlarla birlikdə söhbət etmişdir. Lakin yenə də hansının doğru danışdığını bilməmişdir. Buna görə də İlqarın torpaq sahəsinə görə Ceyhuna verdiyi 2000 manat pulun 1000 manatını o, 500 manatını isə Ceyhunun verəcəyinə razılaşmışlar. Qalan 500 manatı da sonradan Ceyhunun verməsi ilə bağlı razılaşmasını demişdir. Lakin İlqar onun fikri ilə razılaşmamışdır. O, da buna görə İlqara Ceyhunla məsələsini özünün həll etməsini demişdir. Sonra isə Ceyhun onun yanına gələrək İlqara verdiyi etibarnaməni ləğv etdirib torpaq sahəsini başqa şəxsə satmasına razılıq verməsini demişdir. O, isə buna razı olmamışdır. Belə olan halda Ceyhun torpağı başqa şəxsə satdıqdan sonra İlqarın pulunu verəcəyini demişdir. Ceyhun İlqarın ondan şikayət etməsini demişdir. O, da buna görə məcbur olub Ceyhunla razılaşıb İlqara torpaq sahəsini onun adından sənədləşdirməsi üçün verdiyi etibarnaməni ləğv etdirmişdir. Bundan sonra isə Ceyhun dedi ki, torpaq sahəsini həmkəndlisi Rais almaq istəyir. X6 torpaq sahəsini satdıqdan sonra əldə etdiyi pulla İlqardan aldığı pulu qaytaracağını demişdir. O, da buna görə Ceyhunla razılaşmışdır. Bundan sonra Ceyhun onu Raisin yaşadığı evin önünə aparmışdır. Orada Raislə görüşən zaman Rais ona torpaq sahəsini alması ilə bağlı Ceyhunla öz aralarında 3200 manat pul müqabilində razılaşmalarını demişdir. O, heç bir etiraz etməmişdir. Həmin vaxt Rais 2200 manat pulu ona verib qalan 1000 manat pulu isə sənədləşmə işi həll olduqdan sonra verəcəyini demişdir. O, və Ceyhun buna etiraz etməmişlər. Bundan sonra o, pulu götürüb Ceyhunla birlikdə oranı tərk etdikdən sonra Veyisli kəndində yerləşən “Al” marketin qarşısında 2200 manat pulun 1100 manatını Ceyhuna vermişdir. Bundan sonra isə Raisə torpaq sahəsini onun adından sənədləşdirməsi üçün notarial qaydada etibarnamə vermişdir. Bir neçə gündən sonra Ceyhun gəlib ona İlqarın şikayət edib pulunu tələb etdiyi üçün Raisin verməli olduğu 1000 manat pulu Raisdən alıb verməsini demişdir. O, da buna görə Raisə zəng edib qalan 1000 manat pulu verməsini demişdir. Rais də onunla razılaşmışdır. Bundan sonra isə Rais 1000 manat pulu Ceyhuna vermişdir. Ceyhun isə ona Raisin verdiyi 1000 manat pulu götürüb İlqara verməsini demişdir. Bundan sonra o, İlqarla görüşüb Ceyhunun pulu verib-vermədiyi barədə maraqlanan zaman İlqar ona Ceyhunun 500 manat pul verdiyini demişdir. Bir neçə gün sonra Ceyhun gəlib ona “biz səhv etmişik, evdə danışmışıq ki, kredit götürərək Raisin bizə verdiyi pulunu qaytaraq və yenidən torpağı İlqara verək” demişdir. İlk öncə o, Ceyhunla razılaşmamışdır. Bu barədə Ceyhunla Rais danışıb ki, Raisin borcunu qaytarıb torpağı sənədləşdirmək üçün Raisə verdiyi etibarnaməni ləğv elətdirib İlqara versin. Onlar bu məqsədlə Gəncə şəhərinə İlqara etibarnamə vermək üçün notariat ofisinə getmişlər. Notariusda o, torpaq sahəsinin sənədləşməsi üçün İlqara ilk öncə Raisə çatmalı olan 3200 manat puldan əlavə sənədləşmə üçün xərclənmiş 800 manat pulu yəni ümumilikdə 4000 manat pulu verdiyi halda qol çəkəcəyini demişdir. İlqar isə razılaşıb Raislə danışmadığını, buna görə də pulu onun Raisə verməyini demişdir. O, də razılaşmışdır. İlqar 4000 manat pulu ona verdikdən sonra o, da 4000 manat pulu Raisin markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilin yanında Ceyhuna vermişdir. Ceyhun da həmin 4000 manat pulu Raisə vermişdir. Bundan sonra o, İlqara torpaq sahəsini onun adından sənədləşdirməsi üçün notarial qaydada etibarnamə vermişdir. Daha sonra o, Goranboy rayonu Veyisli kəndində yerləşən evinə gəlmişdir. Bir az sonra İlqar ona zəng edərək torpağın sənədləşmə işinin artıq başa çatdığını, yəni torpaq sahəsinin Raisin adına sənədləşməsini demişdir. Buna görədə pulu qaytarmağını tələb etmişdir. O, da pulu Ceyhuna verdiyini Ceyhununda həmin pulu Raisin markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilində Raisə verdiyini demişdir. Bir müddət sonra Raisin torpaq sahəsini öz adına rəsmiləşdirilməsini bildikdən sonra aldığı 4000 manat pulu Ceyhuna qaytarmasını bilmişdir. Bundan başqa isə İlqarın şikayəti əsasında Goranboy RPŞ-nin sahə rəisi tərəfindən araşdırma aparılan zaman' izahatını vermişdir. Sonradan isə Ceyhun gəlib Raisə torpaq sahəsini satmağı ilə bağlı onun payına düşən 1100 manat pulu İlqara qaytarması üçün verməli olduğunu demişdir. O, isə Ceyhuna razılaşmalarına əsasən Raisin verdiyi 3200 manat puldan 2100 manatını onun özü götürdüyü üçün İlqardan aldığı 2000 manat pulu qaytara biləcəyini demişdir. X7 əlavə olaraq da 4000 manat pul aldığı üçün həmin pulu ödəyə bilməmişdir. O, isə Ceyhuna 1100 manat pul verməyəcəyini demişdir. Buna baxmayaraq Raisdən aldıqları, ona qalmış 1100 manat puldan 500 manat pulu Ceyhuna vermiş ki, aparıb İlqara olan borcunu bağlasın. Lakin Ceyhun yenə də həmin pulu aparıb İlqara verməmişdir. Buna görə də Ceyhun qalan 600 manat pulu da ondan istəmişdir. O, isə Ceyhunun artıq hər kəsi aldatdığını başa düşdüyü üçün həmin pulu verməmişdir. Çünkü həmin pul torpaq sahəsinin onun payına düşən hissəsi ilə bağlı aralarında olan razılaşmaya əsasən 1100 manat puldan qalan pul olmuşdur. O, Ceyhunun ələ keçirdiyi puldan ona hər hansısa miqdarda pul vermədiyini, eyni zamanda Ceyhunla bu barədə əvvəlcədən və ya sonradan aralarında hər hansısa razılaşma olmadığını, Ceyhunun Raisdən geri aldığı 4000 manat pulu özünün almasını, bunu bir neçə gün sonra Raisin ona deməsindən sonra bilməsini qeyd etmişdir. Ceyhunun İlqara torpaq satması ilə bağlı ümumilikdə İlqarın 6000 manat pulunu ələ keçirməsini bildirmişdir. Belə ki, İlqar ona torpaq sahəsini Ceyhundan almaqla bağlı bir il əvvəl hissə-hissə olmaqla ümumilikdə Ceyhuna 2000 manat pul verdiyini demişdir. Bir müddət əvvəl isə İlqar faktiki olaraq torpaq sahəsinə görə Ceyhuna 4000 manat pul vermişdir. Buna görə də Ceyhun İlqarın ümumilikdə 6000 manat pulunu ələ keçirmişdir. İlqar ona torpaq sahəsinin Raisə satıldığı vaxt Ceyhunun 500 manat pul qaytarmasını demişdir. O, Ceyhunun İlqardan faktiki olaraq torpaq sahəsini satmasına görə ümumilikdə 6000 manat pul almasını bilməsini, Ceyhunun İlqardan ümumilikdə 6350 manat pul almasını bilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Goranboy rayon Veyisli bələdiyyəsinin sədri vəzifəsini icra edir. Təqsirləndirilən şəxs tanıyır, Təqsirləndirilən şəxs Goranboy rayonu Veyisli kəndində yaşayır. Ceyhunun bibisi Könül və nənəsi Alyaya məxsus olan Goranboy rayonu Veyisli kəndində yerləşən 1,62 torpaq sahəsini əmisi Aydınla aralarında olan şifahi razılığa əsasən 1998-ci ildən istifadə edir. Bunun müqabilində isə həmin torpaq sahəsindən istifadə etdiyinə görə illik arpa və ya taxılı Ceyhunun əmisi Aydına vermişdir. 2023-cü ilin yanvar ayında isə həmkəndlisi İlqar ona Ceyhunun bibisi və nənəsindən miras qalmış onun istifadə etdiyi 1,62 ha torpaq sahəsini Ceyhundan almasını demişdir. Onun bu barədə məlumatı olmamışdır. Çünki Ceyhun və ya əmisi bu barədə ona məlumat verməmişdir. Həmin vaxt isə o, torpağın bir hissəsini əkmişdir. O, həmin vaxt Aydınla əlaqə saxlayıb İlqarın həmin torpaq sahəsini alıb-almadığını soruşmuşdur. Aydın isə bu işdən məlumatsız olduğunu, İlqara torpaq sahəsi satmadığını demişdir. Bundan sonra Ceyhunu axtarmış, lakin tapa bilmədiyi üçün Ceyhunla bu barədə danışa bilməmişdir. İlqar isə israrla 1,62 ha torpaq sahəsini Ceyhundan aldığını deyərək torpaq sahəsindən çıxmağını ondan tələb etmişdir. O, isə torpaq sahəsinin bir hissəsində taxıl məhsulu əkdiyi üçün məcbur olub İlqara müvəqqəti olaraq istifadə etməyi üçün özünə məxsus olan 1,50 ha torpaq sahəsini vermişdir. Sonra isə Ceyhunu tapıb İlqara torpaq sahəsi satıb-satmadığını soruşmuşdur. Ceyhun isə İlqara onun istifadə etdiyi 1,62 ha torpaq sahəsini satmadığını demişdir. O, da belə olan halda Ceyhuna həmin torpaq sahəsini satdığı halda ona verməsini demişdir. Ceyhun da ona həmin torpaq sahəsini sata biləcəyini demişdir. Lakin Ceyhun ona rəsmi olaraq torpaq sahəsinin əmisi Aydına miras qalmasını bildirmişdir. O, da həmin torpaq sahəsini əvvəlki vaxtlardan istifadə edib illik istifadə ilə bağlı haqqı Aydına vermişdir. Ceyhun həmin torpaq sahəsini satmaq istədiyini dedikdən sonra o, da həmin torpaq sahəsini ala biləcəyini demişdir. Bunun ardınca isə Ceyhunla həmin torpaq sahəsini almağı ilə bağlı 3200 manat pul müqabilində razılaşmışdır. Həmin vaxt yanlarındada heç kim olmamışdır. O, torpağın sənədləşməsi işi ilə bağlı xərcləri də öz üzərinə götürmüşdür. Odur ki, 2023-cü ilin iyulavqust ayının dəqiq bilmədiyi günündə Ceyhunla torpağı almağı barədə razılaşdığı 3200 manat pulun 2200 manatını Ceyhunun əmisi Aydına, qalan 1000 manatı isə Ceyhunun özünə vermişdir. Təxminən 10 gün sonra Ceyhun gəlib ona İlqarın torpağın sənədləşməsinə xərclədiyi 500 manat pulu istəməsini demiş və həmin pulu ondan istəmişdir. O, da 500 manat pulu Ceyhuna vermiş, həmin vaxt Ceyhun İlqarın yanına getmiş və 500 manat pulu İlqara vermişdir. Bundan sonra isə Ceyhunun əmisi Aydın ona torpaq sahəsini sənədləşdirməyi üçün etibarnamə vermişdir. O, da həmin etibarnamə əsasında notarial qaydada 1,62 ha torpaq sahəsini Aydının adına vərəsəlik etdikdən sonra həmin torpağı notarial qaydada Aydından almışdır. Bundan sonra isə torpaq sahəsinin onun adına sənədləşməsi üçün Goranboy rayon notariat kontorunda sənədlər hazılanıb Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmişdir. Bir müddət sonra Ceyhun Veyisli kəndində ona yaxınlaşıb satdıqları torpaq sahəsini geri qaytarmaq istəməsini və bunun müqabilində isə ona 4000 manat pul verəcəklərini demişdir. O, isə həmin vaxt Ceyhuna torpaq sahəsinə dair 3200 manat verdiyi puldan əlavə sənədləşmə işləri üçün də əlavə xərclər çəkdiyi üçün torpaq sahəsini almağının 6000 manata başa gəlməsini demişdir. Odur ki, Ceyhuna torpaq sahəsini tam olaraq qaytarmasada bir hissəsini yəni 0.66 ha torpaq sahəsini qaytara biləcəyini demişdir. Ceyhun da onunla razılaşmışdır. Bundan bir gün sonra isə Ceyhun onunla əlaqə saxlayıb harada olduğunu soruşmuş, o, isə Gəncə şəhərində olduğunu demişdir. Ceyhun həmin vaxt Gəncə şəhərində notariat kontorunda olduğunu və torpaq sahəsinin bir hissəsini qaytarmağı ilə əlaqədar 4000 manat pulu ona verməyə hazır olduğunu demiş, odur ki, həmin notariat kontoruna gəlməyini demişdir. O, da bundan sonra Ceyhunun dediyi notariat kontoruna getmiş, lakin notariat kontoruna daxil olmamış, çöldə gözləmişdir. Az sonra isə Ceyhun əmisi Aydınla onun yanına gəlmiş və orada Ceyhun 4000 manat pulu ona vermişdir. O, da bundan sonra Ceyhuna 1,62 ha torpaq sahəsinin çıxarışı adına gəldikdə həmin torpaq sahəsinin 0,66 ha hissəsini qaytaracağını demişdir. Ceyhun da onunla razılaşmışdır. Bundan bir və ya iki gün sonra isə Ceyhun ona torpaq sahəsini qaytarmağı ilə əlaqədar ona verdiyi 4000 manat pulu istəmişdir. Belə ki, Ceyhun 4000 manat pulu götürüb İlqara başqa torpaq satacağını demişdir. O, da 4000 manat pulu Veyisli kəndində Ceyhuna vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. Ceyhun pulu götürdükdən sonra oradan getmişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs torpaq sahəsi satması ilə bağlı İlqardan 6350 manat pul almasını bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İ-37511 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli, 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 02 fevral 2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirli bilinərək 400 saat müddətinə ictimai işlər cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır; “İttiham elan edilməsi üçün şəxs haqqında axtarış elan edilməsi barədə” 03 fevral 2024cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün haqqında axtarış elan edilmiş, Təqsirləndirilən şəxs tutulduqdan sonra saxlanılması üçün Goranboy rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilməsi qərara alınmışdır; “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:40 radələrində yeri müəyyən olunaraq Goranboy RPŞ-yə gətirilərək MSY-yə təhvil verilmişdir; Goranboy rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 155116/2022 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs 400 saat ictimai işlər cəzasını xx.xx.2022-ci il tarixdə çəkib qurtarmışdır; Tərtər Hərbi Məhkəməsinin 27 may 2022-ci il tarixli, 1(098)-137/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirli bilinmiş və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq etməklə 400 (dörd yüz) saat ictimai işlər cəzasına məhkum edilmişdir; “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və saxlanıldığı Goranboy RPŞ-nin MSY-dən azad edilməsi haqqında” 17 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Goranboy RPŞ-nin MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir; Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(045)-28/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir; Goranboy Rayon Polis Şöbəsinin 3-13-75/2-16756/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs yeri Bakı şəhəri, Nəsimi rayonu ərazisində müəyyən olunmuş və o tutularaq Goranboy RPŞ-yə gətirilmiş və daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan əməllərin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və ya etibardan sui-istifadə yolu ilə dələduzluq. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin Qərarın 23-cü bəndində göstərilir ki, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmək yolu ilə zərərçəkmiş şəxsə məxsus əmlakı ələ keçirməsi ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında tam həcmdə öz təsdiqini tapması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əməli etiraf edib peşiman olmasını, vurulmuş ziyanı qismən ödəməsini, Vətən müharibəsi iştirakçısı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (cinayətin ictimai təhlükəliliyinin maddi ziyanla bağlı olmasını), təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi) nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, ibtidai istintaq dövründə 02 (iki) gün (15-17 fevral 2024) şübhəli şəxs qismində tutulması və xx.xx.2024-cü il tarixdən hökm çıxarılan tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 11 (on bir) gün, cəmi 3 ay 13 gün müddət bir günə iki gün hesabı ilə nəzərə alınaraq, ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (Azərbaycan Respublikası Cinayət Məcəlləsi-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 iş saatına görə 108 (yüz səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu, xx.xx.2024-cü il tarixdən hökm çıxarılan tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 11 (on bir) gün, cəmi 3 ay 13 gün müddət bir günə iki gün hesabı ilə nəzərə alınaraq, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın, üzərində 02 (iki) il 05 (beş) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 18 (on səkkiz) iş saatı üçün cəmi 108 (yüz səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar