Məhkəmə qərarları › İş №1(045)-28/2025

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-28/2025

24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-28/2025 24.04.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1984-cü il tarixdə Xankəndi şəhərində anadan olmuş, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Xocalı şəhərində qeydiyyatda olmaqla Goranboy şəhəri Yeni Binalar bina 9, mənzil 37-də yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 03 dekabr 2024-cü il tarixdə saat 00:05-də qohumu Zərərçəkmiş şəxs1 məxsus Goranboy şəhərində məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün salınmış Yeni Binaların yaxınlığında yerləşən açıq sahədə olan “KAMAZ 55111 yük” markalı, **-BB-*** dövlət nömrə nişanlı yük avtomobilinin 190 amper gücündə, iki ədəd, “Westa” markalı, hər birinin dəyəri 320 (üç yüz iyirmi) manat olmaqla ümumi dəyəri 640 (altı yüz qırx) manat olan akkumlyatorunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 640 (altı yüz qırx) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 03 dekabr 2024-cü il tarixdə saat 00:15-də qohumu Zərərçəkmiş şəxs2 məxsus Goranboy şəhərində məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün salınmış Yeni Binaların yaxınlığında yerləşən açıq sahədə olan “KAMAZ 55111 A yük” markalı, **-BC-*** dövlət nömrə nişanlı yük avtomobilinin 190 amper gücündə, iki ədəd, “Feon” markalı, hər birinin dəyəri 399 (üç yüz doxsan doqquz) manat olmaqla ümumi dəyəri 798 (yeddi yüz doxsan səkkiz) manat olan akkumlyatorunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 798 (yeddi yüz doxsan səkkiz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CMin 177.2.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Goranboy şəhəri Yeni Binalar bina 9, mənzil 37-də tək yaşayır. 2021-ci ildə arvadı X1 rəsmi olaraq boşanmış, birgə nigahından olan 07 aprel 2006-cı il təvəllüdlü oğlu X6 isə anası ilə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, buna görə də özünə məxsus olan Kamaz markalı maşınla yük daşımışdır. Lakin, kreditləri olduğuna görə Kamaz markalı yük maşınını satmış və kredit borclarını bağlamışdır. İşləmədiyi üçün maddi sıxıntıları olmuşdur. Bununla əlaqədar olaraq o, oğurluq etmək haqqında fikirləşmişdir. 02 dekabr 2024-cü il tarixdə 23:40 radələrində əmisi Zərərçəkmiş şəxs2 və dayısı Zərərçəkmiş şəxs1 yaşadığı binaların yaxınlığında saxladıqları Kamaz markalı yük maşınlarının akkumlyatorlarını oğurlayıb satmağı fikirləşmişdir. O, 03 dekabr 2024-cü il tarixdə saat 00:05-də həmin Kamazların dayandığı yerə getmiş, ilk olaraq dayısı Zərərçəkmiş şəxs1 məxsus olan “KAMAZ” markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobilə yaxınlaşmış, Kamazda akkumlyatoru açmaq üçün nəzərdə tutulan açarın yerini bildiyi üçün həmin açarı götürmüş və ilk olaraq akkumlyatorların üzərində olan dəmir materialdan hazırlanmış qoruyucu qapağı açmış, bundan sonra akkumlyatorların hər birinin üzərində olan ümumilikdə iki ədəd dəmir qoruyucunu açmış və daha sonra isə akkumlyatorların klemalarınıda həmin açarla açmış və akkumlyatorları Kamazın yanına qoyub, 03 dekabr 2024-cü il tarixdə saat 00:15-də yaxınlıqda olan əmisi Zərərçəkmiş şəxs2 məxsus “KAMAZ” markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomobilinə yaxınlaşmış, həmin açarla ilk olaraq akkumlyatorların üzərində olan dəmir materialdan hazırlanmış qoruyucu qapağı açmış, bundan sonra isə akkumlyatorların klemalarınıda həmin açarla açmış və akkumlyatorları aparıb dayısı İnqilabın akkumlyatorlarının yanına qoymuşdur. Bundan sonra isə həmin akkumlyatorları satmaq qərarına gəldiyi üçün taksi sürücüsü kimi tanıdığı Ceyhun adlı şəxsə zəng etmiş və olduğu yeri demiş, o, Ceyhuna “akkumlyatorlarım var, gəl onu aparım satım” demiş, Ceyhun ona “10 dəqiqəyə gəlirəm” demiş, təxminən 10-15 dəqiqə sonra Ceyhun idarə etdiyi Mercedes 190 markalı, **-BB-*** dövlət nömrə nişanlı maşını ilə onun yanına gəlmiş, Ceyhun maşınının arxa yük yerini açmış o isə akkumlyatorları özü tək maşının arxa yük yerinə yığmış, bundan sonra isə Ceyhuna maşını Sahib adlı şəxsin Goranboy şəhərində fəaliyyət göstərən avtomobil ehtiyyat hissələri satılan mağazasının yaxınlığına sürməsini demişdir. Onlar həmin yerə çatmış, maşında başqa heç kim olmamışdır. O, mağaza bağlı olduğu üçün Sahibin yaşadığı evin həyətyanı sahəsinin qapısını döymüş və Sahibin Vüsal adlı oğlu gəlmiş, o, Vüsala “dörd ədəd işlənmiş Kamaz akkumlyatorum var, satıram” demiş, Vüsal isə “biz daha işlənmiş akkumlyator almırıq” demiş, bundan sonra o, Ceyhuna “məni bayaq götürdüyün yerə qaytar” demiş, Ceyhun da maşını sürüb həmin yerə getmiş, o, akkumlyatorları maşından götürüb yerə qoymuş, Ceyhuna da “akkumlyatorları satanda sənin də yol pulunu verəcəm” demiş, lakin hansı məbləğ verəcəyini deməmişdir. Ceyhun oradan getmişdir. O isə yaxınlıqda akkumlyatorları bir yerə qoymuş və üzərini kol və ağac qırıqları ilə basdırmışdır ki, görən olmasın, gündüz vaxtı aparıb satsın. 03 dekabr 2024-cü il tarixdə saat 11 radələrində tanımadığı polis əməkdaşları onun evinə gəlmiş, özlərini təqdim edərək akkumlyatorları onun oğurlayıb-oğurlamadığını soruşmuşlar, o isə etiraf edərək həmin akkumlyatorları oğurladığını demiş və gizlətdiyi yeri polis əməkdaşlarına göstərmişdir. Dayısı Zərərçəkmiş şəxs1 məxsus olan “KAMAZ” markalı, **-BB-*** dövlət nömrə nişanlı yük avtomobilindən və əmisi Zərərçəkmiş şəxs2 məxsus “KAMAZ” markalı, **-BC-*** dövlət nömrə nişanlı yük avtomobilindən ümumilikdə dörd ədəd akkumlyator oğurlamış, başqa avtomobildən akkumlyator və ya başqa əşya oğurlamamışdır. Onun dörd ədəd akkumlyator oğurlayacağı ilə bağlı başqa şəxsin məlumatı olmamışdır, bununla bağlı ona heç kim köməklik etməmişdir, bu barədə başqa şəxs və ya şəxslərlə əvvəlcədən və ya sonradan razılaşmamışdır, oğurluq etdikdən sonra bu barədə heç kimə məlumat verməmişdir. O, Ceyhun adlı şəxsə akkumlyatorları oğurlamağı ilə bağlı heç nə deməmiş, həmin akkumlyatorların özünə məxsus olmasını demişdir. O, Vüsal adlı şəxsə akkumlyatorların oğurluq olması barədə heç nə deməmiş, həmin akkumlyatorların özünə məxsus olmasını və işlənmiş olduğu üçün satmaq istədiyini desə də, Vüsal daha işlənmiş akkumlyator almadıqlarını demişdir. O, Goranboy rayonu və ya Respublikanın başqa rayonlarında başqa oğurluq hadisəsi törətməmişdir. O, oğurladığı akkumlyatorları gizlətdiyi yeri polis əməkdaşlarına göstərmiş və akkumlyatorlar həmin vaxt orada olmuşdur. O, Kamaz markalı yük maşınlarından oğurluğu Goranboy şəhəri Yeni Binaların yaxınlığında açıq ərazidə dayanıqlı vəziyyətdə olan zaman etmiş, ümumilikdə dörd ədəd akkumlyator oğurlamışdır. Oğurluq zamanı onu heç kim görməmiş, ilk dəfə oğurluq etmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxslərə dəyən ziyanı tamamilə ödəmişdir, zərərçəkmiş şəxslərlə barışmışdır, zərərçəkmiş şəxslərin ondan şikayətləri yoxdur, odur ki, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir, özünə məxsus olan KAMAZ 55111 yük” markalı, **-BB-*** dövlət nömrə nişanlı yük avtomobili ilə Bakı şəhəri Qaradağ rayonu ərazisindən mişar daşları gətirib satır. “KAMAZ 55111 yük” markalı yük avtomobilini boş olduğu vaxtlarda yaşadığı binaların yaxınlığında saxlayır. Həmin yük avtomobili “AD394741” nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə onun öz mülkiyyətindədir. Onun avtomobil idarə etmək üçün “BC140949” nömrəli, “B1,B,C1,C,BE,C1E,CE” kateqoriyalı sürücülük vəsiqəsi vardır. 2024-cü ilin sentyabr ayının dəqiq xatırlamadığı günündə yük avtomobilinin akkumlyatoru köhnəldiyi üçün Goranboy rayonu Goran qəsəbəsində yerləşən mağazaların birindən iki ədəd, hər biri 320 manat dəyərində olan, 190 amper gücündə “Westa” markalı akkumlyator alıb yük avtomobilinin üzərinə qoymuşdur. Həmin akkumlyatorun çəkisi ağırdır və həmin akkumlyatorun üzərində heç bir nişan qoymamışdır. “KAMAZ 55111 yük” markalı yük avtomobilinin akkumlyator olan yerində hər bir akkumlyatoru yerə düşməkdən qorumaq üçün dəmir qoruyucunu bərkitmiş və üzərini dəmir materialdan olan qapaqla bağlamışdır. 02 dekabr 2024-cü il tarixdə saat 20 radələrində o, “KAMAZ 55111 A yük” markalı yük avtomobilini yaşadığı binanın yaxınlığında saxlayıb evinə getmişdir. 03 dekabr 2024-cü il tarixdə saat 08:30 radələrində yük maşınının yanına gedəndə akkumlyatorların oğurlanmasını görmüş, sonra qohumu Zərərçəkmiş şəxs2 zəng edərək bu barədə demiş və Azərbaycan Respublikası DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminə məlumat vermişdir. Zahid də onun yanına gəlmiş və sonra öz “KAMAZ 55111 A yük” markalı yük avtomobilinə baxanda onun da yük maşınındakı iki ədəd akkumlyatorun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını görmüşdür. Zahid və o, bu barədə rayon polis şöbəsinə ərizə yazmışlar. Bundan sonra polis əməkdaşları 03 dekabr 2024-cü il tarixdə təxminən saat 16-17 radələrində onu rayon polis şöbəsinə dəvət edərək akkumlyatorlarını oğurlayan şəxsin Təqsirləndirilən şəxs olmasını demişlər. Təqsirləndirilən şəxs onun doğma bacısı oğludur, Azərlə münasibəti həmişə yaxşı olmuş, Azərin nəyə görə belə bir hərəkət etməsi və onun “KAMAZ 55111 yük” markalı yük avtomobilindən akkumlyatorları oğurlamasını bilməmişdir. Azər Zahidin və onun yük maşınından oğurladığı ümumilikdə dörd ədəd akkumlyatoru satmaq istəmiş, lakin sata bilməmişdir. Bundan sonra isə yaşadıqları binanın yaxınlığında gizlətmişdir. Oğurluq hadisəsi olan zaman ona məxsus “KAMAZ 55111 yük” markalı yük avtomobili yaşadığı binanın yaxınlığında açıq ərazidə olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir, bu səbəbdən təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayəti yoxdur, odur ki, Təqsirləndirilən şəxs yüngül, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir. O, özünə məxsus olan “KAMAZ 55111 A yük” markalı, **-BC-*** dövlət nömrə nişanlı yük avtomobili ilə Bakı şəhəri Qaradağ rayonu ərazisindən mişar daşları gətirib satır. “KAMAZ 55111 A yük” markalı yük avtomobilini boş olduğu vaxtlarda yaşadığı binaların yaxınlığında saxlayır. Həmin yük avtomobili “AC588441” nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə X4 mülkiyyətindədir, o, həmin yük avtomobilini etibarnamə ilə idarə edir. Onun avtomobil idarə etmək üçün “BC216844” nömrəli, “B1,B,C1,C” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Bəzi vaxtlarda oğlu İsmayıl Məmmədli də həmin yük maşını ilə mişar daşı gətirib satır. 2024-cü ilin sentyabr ayının dəqiq xatırlamadığı günündə yük avtomobilinin akkumlyatoru köhnəldiyi üçün Bərdə rayonunda yerləşən mağazaların birindən iki ədəd, hər biri 320 manat dəyərində olan, 190 amper gücündə “Feon” markalı akkumlyator alıb yük avtomobilinin üzərinə qoymuşdur. Həmin akkumlyatorun çəkisi ağırdır və həmin akkumlyatorun üzərində heç bir nişan qoymamışdır. “KAMAZ 55111 A yük” markalı yük avtomobilinin akkumlyator olan yerində hər bir akkumlyatoru yerə düşməkdən qorumaq üçün qoruyucunu bərkitmiş və üzərini dəmir materialdan olan qapaqla bağlamışdır. 02 dekabr 2024-cü il tarixdə saat 20 radələrində o, “KAMAZ 55111 A yük” markalı avtomobilini yaşadığı binanın yaxınlığında saxlayıb evinə getmişdir. 03 dekabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 ona zəng edərək öz Kamaz markalı yük avtomobilindəki akkumlyatorların oğurlanmasını demiş, o da tez İnqilabın yanına getmiş, sonradan öz “KAMAZ 55111 A yük” markalı yük avtomobilinə baxanda yük maşınındakı iki ədəd akkumlyatorun da naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını görmüşdür. İnqilabın da yük maşınındakı iki ədəd akkumlyator oğurlanmışdır. İnqilab və o, bu barədə rayon polis şöbəsinə ərizə yazmışlar, bundan sonra polis əməkdaşları 03 dekabr 2024-cü il tarixdə təxminən saat 16-17 radələrində İnqilabla onu rayon polis şöbəsinə dəvət edərək akkumlyatorlarını oğurlayan şəxsin Təqsirləndirilən şəxs olmasını bildirmişlər. Təqsirləndirilən şəxs onun doğma qardaşı oğludur, Azərlə münasibəti həmişə yaxşı olmuş, Azərin nəyə görə belə bir hərəkət etməsi və onun “KAMAZ 55111 A yük” markalı yük avtomobilindən akkumlyatorları oğurlamasını bilməmişdir. Azər İnqilabın və onun yük maşınından oğurladığı ümumilikdə dörd ədəd akkumlyatoru satmaq istəmiş, lakin sata bilməmişdir. Bundan sonra isə yaşadıqları binanın yaxınlığında gizlətmişdir. Oğurluq hadisəsi olan zaman “KAMAZ 55111 A yük” markalı yük avtomobilini yaşadığı binanın yaxınlığında açıq ərazidə olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir, bu səbəbdən təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayəti yoxdur, odur ki, Təqsirləndirilən şəxs yüngül, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir, buna görə də özünə məxsus olan “Mercedes Benz 190” markalı, **-BB-*** dövlət nömrə nişanlı maşınla taksi fəaliyyəti ilə məşğul olur. Onun avtomobil idarə etmək üçün AF 402935 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Təqsirləndirilən şəxs məcburi köçkün olan vaxtdan tanımışdır. O, Azərin Kamaz sürücüsü olmasını bilmiş, taksi lazım olanda Azər onunla getmişdir. O, 02 dekabr 2024-cü il tarixdə Goranboy şəhərində mərkəzi dairənin yanında dayanan zaman Azər ona yaxınlaşmış və “işlənmiş akkumlyatorlarım var, onu gətirib satacam, sənə zəng edəndə gələrsən, onu apararıq” demiş, o, da Azərlə razılaşmışdır. Lakin, Azərdən akkumlyatorun sayını və haraya satacağını soruşmamışdır. 02 dekabr 2024-cü il tarixdə təxminən saat 22-23 radələrində Azər ona zəng edib “mənim Kamaz saxladığım yerə gəl” demiş, o, da maşını ilə Azərin dediyi yerə getmiş, Azər orada tək olmuşdur. O, maşından düşmüş, maşınının arxa yük yerini açmış, Azərlə köməkli həmin yerdə olan dörd ədəd qara rəngli akkumlyatoru maşınının arxa yük yerinə qoymuşlar, maşına əyləşəndə Azər ona maşını Sahib adlı şəxsin Goranboy şəhərində fəaliyyət göstərən avtomobil ehtiyat hissələri satılan mağazasının yaxınlığına sürməsini, akkumlyatyorları Sahibə satacağını demişdir. O da “Sahibin mağazası bu vaxt bağlı olar” demiş, Azər isə ona “sən ora sür, mən evdən çağırıb çıxaracam” demişdir. O, maşını Sahibin avtomobil ehtiyat hissələri satılan mağazasının qarşısına sürüb saxlamış və maşında oturub gözləmişdir. Həmin mağaza bağlı olmuş, Azər yan tərəfdən həyətin giriş qapısına tərəf yaxınlaşmış, biraz sonra Azər maşına gəlmiş və “geri qayıdaq, almadılar” demişdir. O da Azərdən heç nə soruşmamışdır. Həmin vaxt Azər ondan dörd manat borc almış və “sabah yol pulunu verəndə verəcəm” demişdir. O, Azəri haradan götürmüşdürsə, oraya da aparmış və akkumlyatorları maşından düşürüb evinə getmişdir. 03 dekabr 2024-cü il tarixdə saat 11-12 radələrində xatırlamadığı nömrədən polis əməkdaşı zəng edib onu Goranboy rayon polis şöbəsinə dəvət etmiş, o, polis şöbəsinə gələndə Azəri orda görmüş və həmin vaxt ona Azərin dayısı Zərərçəkmiş şəxs1 və əmisi Zərərçəkmiş şəxs2 “KAMAZ” markalı yük maşınlarından ümumilikdə dörd ədəd akkumlyator oğurlamasını demişlər. Onun Azərin satmaq istədiyi akkumlyatorların oğurluq olması barədə heç bir məlumatı olmamış, bu barədə Azərlə əvvəlcədən və ya sonradan aralarında hər hansı bir razılaşma olmamışdır. Azər həmin akkumlyatorların özünə məxsus olmasını deyib onun maşını ilə satmaq üçün aparmış, o, həmin akkumlyatorların oğruluq olmasını bilməmiş, Azər bu barədə ona məlumat verməmişdir. Sahib adlı şəxsin Goranboy şəhərində fəaliyyət göstərən avtomobil ehtiyat hissələri mağazası həmin vaxt bağlı olduğu üçün Azər Sahibin yaşadığı evin həyətyanı qapısına tərəf gedib orada kiminləsə söhbət edib qayıtmış, həmin vaxt ona “almadılar” demişdir. O, Azərin orada kiminlə və hansı söhbət etməsini görməmiş və eşitməmişdir, çünki həmin vaxt maşında əyləşmişdir. O, Azərin akkumlyatorları oğurlamasını 03 dekabr 2024-cü il tarixdə saat 11-12 radələrində polis şöbəsinə dəvət olunan zaman polis əməkdaşlarından eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, hazırda Goranboy RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 03 dekabr 2024-cü il tarixdə Goranboy şəhəri Yeni Binalar bina 5, mənzil 45-də yaşayan Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminə müraciət edərək və Goranboy RPŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 02 dekabr 2024-cü il tarixdən 03 dekabr 2024-cü il tarixə keçən gecə ona məxsus olan “KAMAZ 55111 yük” markalı, **-BB-*** dövlət nömrə nişanlı yük avtomobilindən ümumi dəyəri altı yüz qırx manat olan, 190 amper gücündə, iki ədəd, “Westa” markalı akkumlyatoru naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. 03 dekabr 2024-cü il tarixdə Goranboy şəhəri Yeni Binalar bina 12, mənzil 18-də yaşayan Mamedov X3 RPŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 02 dekabr 2024-cü il tarixdən 03 dekabr 2024-cü il tarixə keçən gecə ona məxsus olan “KAMAZ 55111 A yük” markalı, **-BC-*** dövlət nömrə nişanlı yük avtomobilindən ümumi dəyəri altı yüz qırx manat olan, 190 amper gücündə, iki ədəd, “Feon” markalı akkumlyatoru naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Zərərçəkmiş şəxs1 məxsus iki ədəd akkumlyatoru və Zərərçəkmiş şəxs2 məxsus iki ədəd akkumlyatoru oğurlamış naməlum şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs1 məxsus iki ədəd akkumlyatoru və Zərərçəkmiş şəxs2 məxsus iki ədəd akkumlyatoru Xocalı şəhərində qeydiyyatda olmaqla, Goranboy şəhəri Yeni Binalar bina 9, mənzil 37-də yaşayan Təqsirləndirilən şəxs oğurlamasını müəyyən etmişlər. Təqsirləndirilən şəxs 03 dekabr 2024-cü il tarixdə oğurladığı ümumilikdə dörd ədəd akkumlyatoru gizlətdiyi yeri göstərərək könüllü təqdim etmişdir. Azər həmin akkumlyatorları satmaq istəməsini, lakin sata bilməməsini bildirmişdir. Təqsirləndirilən şəxs oğurladığı dörd ədəd akkumlyatorla birlikdə Goranboy RPŞ-nə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 digər Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid2 və Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, rəsmi olaraq heç yerdə işləmir. Atası Şahid3 uzun müddətdir ki, yaşadıqları evin həyətyanı sahəsindən asfalt yola tərəf olan avtomobil ehtiyat hissələri mağazasını işlədir, lakin o, orada işləmir. Atası Sahib hər gün saat 21 radələrində mağazanı bağlayıb evə gəlir, ondan sonra mağazanı açmır. 03 dekabr 2024-cü il tarixdə təxminən saat 00:05 radələrində həyət darvazasının döyülməsi səsinə həyətə çıxmış, lakin qapını açmamış, həmin şəxs atasının adını çağırmış, o, kim olmasını və nə istəməsini soruşduqda, həmin şəxs özünü təqdim etmədən “köhnə akkumlyatorum var, istəmirsiz?” demiş, o da atası Sahibdən soruşmuş, atası Sahib həyətə çıxmış və “mən köhnə akkumlyator almıram” demiş, bundan sonra həmin şəxs oradan getmişdir. O, sonradan polis əməkdaşlarından həmin şəxsin Azər adlı şəxs olmasını və onlara gətirib satmaq istədiyi akkumlyatorların oğurluq olmasını eşitmişdir. O, Azər adlı şəxsi ümumiyyətlə tanımamış, heç bir münasibəti olmamış, Azərin üzünü də görməmiş, Azər, onlara satmaq istədiyi akkumlyatorların oğurluq olması barədə heç bir məlumat verməmiş, onun və atası Sahibin bundan məlumatı olmamışdır. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, 17 il olar ki, fərdi yaşayış evinin həyətyanı sahəsindən asfalt yola tərəf olan mağazada avtomobil ehtiyat hissələri mağazasını işlədir. Oğlu Vüsal orada işləmir. O, hər gün adəti üzrə saat 21 radələrində mağazanı bağlayıb evə gedir, ondan sonra mağazanı açmır. 03 dekabr 2024-cü il tarixdə təxminən saat 00:05 radələrində həyət darvazasının döyülməsi səsinə oğlu Vüsal həyətə çıxmış, sonra onu çağırıb “səni çağırırlar” demiş, lakin o, həyət qapısını açmamış, həmin şəxsin kim olmasını bilməmiş, həmin şəxsə “nə istəyirsən?” demiş, həmin şəxs ona “işlənmiş akkumlyator gətirmişəm, ucuz qiymətə satıram, gedəsi yerim var” demiş, lakin o, həmin şəxsə “işlənmiş akkumlyator almıram” demiş, sonra da “gecə vaxtı məni nəyə görə yuxudan oyadırsan, get işinlə məşğul ol” demiş, həmin şəxs “sağol” deyib oradan getmişdir. O da evinə getmişdir. O, sonradan polis əməkdaşlarından eşitmişdir ki, həmin şəxs Azər adlı şəxs olmuş və ona gətirib satmaq istədiyi akkumlyatorlar oğurluq olmuşdur. O, Azər adlı şəxsi ümumiyyətlə tanımamış, Azərlə heç bir münasibəti olmamış, Azərin üzünü də görməmiş, Azər, ona satmaq istədiyi akkumlyatorların oğurluq olması barədə heç bir məlumat verməmiş, onun və oğlu Vüsalın bundan məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 03 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus “KAMAZ 55111 yük” markalı, **-BB-*** dövlət nömrə nişanlı yük avtomobilindən iki ədəd akkumlyatorun oğurlandığı hadisə yeri Goranboy şəhərində yerləşir. Həmin yer Goranboy şəhərində məcburi köçkünlərin yaşadığı Yeni yaşayış massividir. Zərərçəkmiş şəxs1 “KAMAZ 55111 yük” markalı, **-BB- *** dövlət nömrə nişanlı yük avtomobilindən iki ədəd, 190 amper gücündə, “Westa” markalı akkumlyator naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır; “Hadisə yerinə baxış keçirilməsi haqqında” 03 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus “KAMAZ 55111 A yük” markalı, **-BC-*** dövlət nömrə nişanlı yük avtomobilindən iki ədəd akkumlyatorun oğurlandığı hadisə yeri Goranboy şəhərində yerləşir. Həmin yer Goranboy şəhərində məcburi köçkünlərin yaşadığı Yeni yaşayış massividir. Zərərçəkmiş şəxs2 “KAMAZ 55111 A yük” markalı, **- BC-*** dövlət nömrə nişanlı yük avtomobilindən iki ədəd, 190 amper gücündə, “Feon” markalı akkumulyator naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır; “Baxış və götürmə aparılması haqqında” 03 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus “KAMAZ 55111 yük” markalı, **-BB-*** dövlət nömrə nişanlı yük avtomobilindən oğurladığı iki ədəd, 190 amper gücündə, “Westa” markalı akkumlyatoru və Zərərçəkmiş şəxs2 məxsus “KAMAZ 55111 A yük” markalı, **-BC-*** dövlət nömrə nişanlı yük avtomobilindən oğurladığı iki ədəd, 190 amper gücündə, “Feon” markalı akkumlyatoru Goranboy şəhərində məcburi köçkünlərin yaşadığı Yeni yaşayış massivinin yaxınlığında gizlədərək üzərlərini kollarla örtmüşdür. Təqsirləndirilən şəxs həmin dörd ədəd akkumlyatoru gizlətdiyi yeri polis əməkdaşlarına təqdim etmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 05 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 fevral 2025-ci il tarixli 9/10479 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqda qərarda göstərilən 02 ədəd 190 amper gücündə, “Feon” markalı akkumlyatorun təzə vəziyyətdə 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 798,00 manat (2 ədəd x 399,00) manat müəyyən edilir. Həmin akkumlyatorun istifadə olmuş vəziyyətdə satışına və qiymətinə dair məlumat yoxdur. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmişdir; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 fevral 2025-ci il tarixli 9/10480 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqda qərarda göstərilən 02 ədəd 190 amper gücündə, “Westa” markalı akkumlyatorun satışına və qiymətinə dair məlumat olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də ekspertiza qarşısında qoyulmuş suala cavab vermək mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmişdir; “Qətimkan tədbiri seçmək haqqında” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Adı çəkilən Qərarın 4-cü bəndinə əsasən özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Həmin Qərarda, həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Məhkəmə qeyd edir ki, mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs özgəyə, yəni Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus yük avtomobillərindən akkumlyatorları gizli olaraq talayaraq, zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla oğurluq etmişdir. CM-in 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-in 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -törətdiyi əməli etiraf edib peşman olmasını; -zərərçəkmiş şəxslərə dəyən ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərlə barışmasını və zərərçəkmiş şəxslərin ona qarşı şikayətlərin olmamasını; -yaşayış və qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan QMKİDK MİD-in Goranboy rayon üzrə MKİS-i tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamə). İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: -yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; -elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; -məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; -müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş ”başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - iki ədəd 190 amper gücündə “Westa” markalı akkumlyatorun sahibi Zərərçəkmiş şəxs1 və iki ədəd 190 amper gücündə “Feon” markalı akkumlyatorun sahibi Zərərçəkmiş şəxs2 saxlanılması üçün qaytarılması nəzərə alınmalı, iş üzrə ekspertiza xərci 100 (bir yüz) manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinin hesabına keçirilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 09 (doqquz) iş saatına görə hər iş saatına 6 (altı) manat hesab edilməklə 54 (əlli dörd) manat vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut - iki ədəd 190 amper gücündə “Westa” markalı akkumlyatorun sahibi Zərərçəkmiş şəxs1 və iki ədəd 190 amper gücündə “Feon” markalı akkumulyatorun sahibi Zərərçəkmiş şəxs2 saxlanılması üçün qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 100 (bir yüz) manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinin (Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 9 (doqquz) iş saatına görə 54 (əlli dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar