Məhkəmə qərarları › İş №1(045)-29/2023

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-29/2023

06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-29/2023 06.04.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Goranboy Rayon Məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Goranboy rayonunun Tapqaraqoyunlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Goranboy rayonlararası Mühafizə bölməsində mülki mühafizəçi işləyən, əvvəllər məhkum olunmamış, Goranboy rayonunun Tapqaraqoyunlu kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə qonşusu Zərərçəkmiş şəxs Goranboy rayonu Tapqaraqoyunlu kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinin kənarına çəkilmiş daş hasarın üzərindən əvvəlcə həyətə, oradan isə yaşayış evinin ön hissəsindəki pəncərəni açaraq evə qanunsuz daxil olaraq evin yataq otağındakı pəncərənin qarşısında olan dəftərin üzərindən 15 manat və saxlanc yeri hesab olunan dolaba qanunsuz daxil olub oradan 2530 manat olmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 2545 manat pulunu gizli yolla talamaqla oğurlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 01 dekabr 2020-ci il tarixdən Goranboy rayonlararası Mühafizə bölməsində mülki mühafizəçi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs onun qonşusudur. Vüsal Naftalan şəhərində yerləşən “Qarabağ” otelində aşpaz işləyir. Vüsal hər gün səhər işə gedir, axşamlar isə işdən qayıdır. Əvvəllər Vüsal işə gedəndə atası evdə olurdu. 16 sentyabr 2022-ci il tarixdə Vüsalın atası vəfat etmişdir. Vüsalın atasının 7 mərasimi olana kimi Vüsal işə getməmiş, hər gün evdə olmuşdur. 7 mərasimi bitdikdən sonra 26 sentyabr 2022-ci il tarixdə o, növbədən çıxdığı üçün evlərində olmuşdur. Onun pula ehtiyacı olduğu üçün haradan pul əldə edə bilməsini fikirləşmiş və qonşusu Vüsalın atasının yas mərasimində pul yığılması yadına düşmüşdür. O, Vüsalgilin evinə oğurluğa girməyi qərarlaşdırmışdır. Onun hesabı ilə yasdan təxminən 2000-3000 manat pul yığılmalı idi. O, Vüsalın evinə girərək oradan 2000-3000 manat pul oğurlaya biləcəyini düşünmüşdür. 26 sentyabr 2022ci il tarixdə səhər saat 07-08 radələrində Vüsal işə getdikdən sonra günorta saatlarında, yəni saat 13 radələrində o, küçəyə çıxıb baxmış və küçədə heç kim olmadığı zaman hasardan Vüsalgilin həyətinə girmişdir. Həyətdə evin qarşı tərəfinə keçib, çardağın altından həyətdə olan stolun üstündən qarşı tərəfdəki pəncərəni itələmiş, pəncərə açıldıqda oradan evə girmişdir. Evdəki qonaq otağında heçnə olmadığını görmüş, oradan sağ tərəfdəki yataq otağına girmişdir. Yataq otağında bağçaya tərəf baxan pəncərənin qarşısında 2 ədəd 12 vərəqli dəftərlər olmasını görmüş, dəftərləri açıb baxdıqda dəftərin birinin üzərində 15 manat pul və qəpiklər olduğunu görmüşdür. O, 15 manat pulu götürüb cibinə qoymuş, lakin qəpikləri götürməmişdir. Daha sonra yataq otağını axtarmağa başlamış və orada olan dolabın içərisində 2530 manat pul taparaq onu da götürmüşdür. Yekunda Təqsirləndirilən şəxs bildirdi ki, ibtidai istintaq zamanı qorxduğu üçün Zərərçəkmiş şəxs evindən 15 manat pul oğurladığını demişdir. Əslində isə o, Zərərçəkmiş şəxs evindən 15 manat və 2530 manat olmaqla cəmi 2545 manat pul oğurlamışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəmişdir və sonuncunun ona qarşı şikayət və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Naftalan şəhərində yerləşən “Qarabağ” otelində aşpaz köməkçisi işləyir. O, atası ilə birlikdə yaşamış, lakin atası xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Atasının yas mərasimindən 3100 manat pul yığılmışdır. Həmin pulu həmkəndlisi Ruslan yığaraq qardaşı İsmətə vermişdir. İsmət isə həmin pulları ona vermişdir. O isə həmin pulun üstündən xərclədikdən sonra qalan 2530 manat pulu kağıza büküb evində yataq otağında divarda olan şkafda, paltarların altına qoymuşdur. Bundan başqa atasının yas mərasiminə gəlmiş iş yoldaşlarının yazıldığı 15 manat yas pulunu isə pəncərənin qarşısında olan dəftərin altına qoymuşdur. Bir müddət atasının yas mərasiminə başı qarışdığı üçün işə getməmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 07:30-da evdən çıxıb işə getmişdir. Həmin gün işdə olmuş və saat 16 radələrində işdən çıxıb yaşadığı Tapqaraqoyunlu kəndinə qayıtmışdır. Əvvəlcə o, qardaşı İsmətgilə getmiş, orada 1-2 saat oturduqdan sonra öz evinə gəlmişdir. O, işə gedən zaman evin qapısını və həyət darvazasını bağlamışdır. Evə qayıdarkən özü darvazanın qapısının qıfılını açıb həyətə girmiş, həyətə girdikdə evin zal otağının küçəyə tərəf olan pəncərəsinin açıq olduğunu, pəncərənin tor çərçivəsinin isə evin içərisində olduğunu görmüşdür. Evə daxil olduqdan sonra yataq otağına keçmiş və əşyaların dağılmasının şahidi olmuşdur. Artıq ona məlum olmuşdur ki, evdə kənar şəxslər tərəfindən axtarış aparılmışdır. O, paltarların altına qoyduğu 2530 manatın və pəncərənin qarşısındakı dəftərin altındakı 15 manat pulun yerində olmadığını görmüşdür. Daha sonra hadisə barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Zərərçəkmiş şəxs ona dəyən ziyanın ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur, onlar bir evdə yaşayırlar. Elvin Goranboy rayonlararası Mühafizə bölməsində mülki mühafizə xidmətində işləyir. Zərərçəkmiş şəxs onların qonşusudur. Vüsal Naftalan şəhərində “Qarabağ” otelində aşpaz işləyir. Vüsal atası ilə birgə yaşamış və 16 sentyabr 2022-ci il tarixdə Vüsalın atası rəhmətə getmişdir. Həmin yas mərasimində o da iştirak etmişdir. Vüsalın atasının 7 mərasimi bitdikdən sonra təxminən 3 gün keçmişdir ki, Vüsalın evindən oğurluq olmasını və yas mərasimində yığılmış 2545 manat pulun oğurlandığını eşitmişdir. Belə ki, 26 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Vüsalgilin evinin yanına polis əməkdaşları gəldikdən sonra ona Vüsalın evindən oğurluq olması məlum olmuşdur. Həmin vaxt oğurluğun kim tərəfindən edilməsi məlum olmamış, 05 dekabr 2022-ci il tarixdə isə Vüsalın evindən oğurluğun oğlu Elvin tərəfindən edilməsi məlum olmuşdur. Yəni, polis əməkdaşları Elvini polis şöbəsinə dəvət etmiş və Vüsalın evindən polis əməkdaşları tərəfindən götürülmüş əl-barmaq izlərinin içindən oğlu Vüsalın əl-barmaq izləri çıxması məlum olmuşdur. Elvin də Vüsalın evinə oğurluğa girməsini etiraf etmişdir. Daha sonra Elvinin Vüsalın evindən oğurlamış olduğu 2545 manat pulu 07 dekabr 2022-ci il tarixdə Vüsala tam olaraq ödəmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Şahid1 istintaq zamanı verdiyi ifadəsi elan olunarkən məlum oldu ki, Zərərçəkmiş şəxs onun qardaşıdır, ancaq ayrı yaşayırlar. Belə ki, o, ailəsi ilə başqa evdə yaşayır, Vüsal isə atası ilə birgə yaşamışdır. xx.xx.2022-ci il tarixdə atası vəfat etmiş və Vüsalgilin həyətində yas mərasimi keçirilmişdir. xx.xx.2022-ci il tarixdə atasının 7 mərasimi olmuşdur. Yas mərasimində, yəni atasının 3 mərasimində təxminən 1900 manat, 7 mərasimində isə 1200 manat pul yığılmışdır. Pulu həmkəndliləri Ruslan yığmış və ona vermişdir. O isə həmin həmin pulları qardaşı, ev sahibi olan Vüsala vermişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə təxminən saat 19 radələrində qardaşı Vüsal ona zəng edərək evindən oğurluq olmasını demişdir. Vüsal bu sözləri dedikdən sonra o, Vüsalgilə getmişdir. Gedəndə evin baş tərəfdən olan pəncərəsinin açıq, pəncərənin tor çərçivəsinin isə evin içərisinə atılmış olduğunu görmüşdür. Onlar evin içinə girib baxdıqda evin yataq otağında dağıntılar olmasını, otağın içində olan divarda düzəldilmiş şkafda qardaşının saxladığı yasdan yığılan puldan qalmış 2545 manat pulun oğurlandığını görmüşlər. Bundan sonra o, DİN-in 102 xidmətinə müraciət edərək qardaşı Vüsalın adı ilə danışaraq evindən 2545 manat pulun oğurlanmasını bildirmişdir. Bundan sonra isə hadisə yerinə polis əməkdaşları gəlmişlər. Evə baxış keçirilmiş və evdən əl-barmaq izləri götürülmüşdür. Qardaşı Vüsalın evdə tək yaşadığını, həmin gün də deməsinə görə qapıları bağlayıb işlədiyi Naftalan şəhəri “Qarabağ” otelinə getdiyini və axşam saat 18 radələrində evə gələn zaman evdən oğurluq olmasını gördüyünü bildirmişdir. Həmin oğurluqla bağlı şübhələndikləri şəxs olmamış, ancaq sonradan qardaşı Vüsalın evindən 2545 manat pulun qonşusu Təqsirləndirilən şəxs tərəfindən oğurlanması onlara məlum olmuşdur. Yəni, evə Elvinin girib evi axtarması və evdən 2545 manat pulu oğurlaması məlum olmuşdur. Evdən də Elvinin əl izləri çıxmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 26 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi X1 Vüsal Xəlifə oğlunun, Goranboy RPŞ-nin KTQ-nin baş ekspert kriminalisti X2, hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirtmişdir. Hadisə yeri Goranboy rayonunun Tapqaraqoyunlu kəndində yerləşən, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir. Baxış zamanı əl-barmaq izləri götürülmüşdür; “Şübhəli şəxsin tutulması haqqında” 05 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; 06 dekabr 2022-ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə söyləmişdir; “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” 07 dekabr 2022-ci il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, Goranboy RPŞ-nin MSY-dən azad edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 011-14144-1222 nömrəli məktubundan görünür ki, ADİS-in mərkəzi bankına Goranboy RPŞ-dən xx.xx.2000-ci il tarixdə Goranboy rayonunda anadan olmuş Təqsirləndirilən şəxs daktiloskopik xəritəsi daxil olmuşdur. Həmin şəxsin əl əksləri ADİS-in məlumat bankında olan açılmayan cinayət işləri üzrə hadisə yerlərinin müayinəsi zamanı götürülmüş əl izləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində Goranboy RPŞ-nin xx.xx.2022-ci il tarixli, 197-19507-1222 nömrəli məktubu vasitəsilə xx.xx.2022-ci il tarixdə Goranboy rayonu Tapqaraqoyunlu kənd sakini vətəndaş Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 01 ədədi xx.xx.2000-ci il tarixdə Goranboy rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovuc (pəncərədən) əksi ilə eynilik müəyyən etmişdir; “Sübutların qiymətləndirilməsi haqqında 03 mart 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs fərdi yaşayış evinə baxış keçirilməsi haqqında protokolla götürülmüş bir ədəd möhürlənmiş zərfdə olan əl izləri iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir; Zərərçəkmiş şəxs məkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam ödənilmişdir və o, Təqsirləndirilən şəxs bağışlamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. CM-in 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; - törətdiyi əməli etiraf edib peşman olmasını; - zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını; - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy rayon İHB-nin Tapqaraqoyunlu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə); - iş yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy rayonlararası Mühafizə Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamə). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən olunmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (05-07 dekabr 2022-ci il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM - 69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs fərdi yaşayış evinə baxış keçirilməsi haqqında protokolla götürülmüş bir ədəd möhürlənmiş zərfdə olan əl izləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut - xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs fərdi yaşayış evinə baxış keçirilməsi haqqında protokolla götürülmüş bir ədəd möhürlənmiş zərfdə olan əl izləri cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar