Məhkəmə qərarları › İş №1(045)-29/2024

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-29/2024

08.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-29/2024 08.04.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Goranboy rayonu Sovet kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, Goranboy rayonu Abbasqulular kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 17 yanvar 2022-ci il tarixdən hesablanmaqla 16 aprel 2014-cü il təvəllüdlü X2 və 16 iyun 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 130,00 manat olmaqla, cəmi 260,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(051)- 498/2022 saylı, 16 iyun 2022-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Goranboy Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 3(045)- 53/2023 saylı qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 24 fevral 2023-cü il, 07 mart 2023-cü il və 03 aprel 2023-cü il tarixlərdə rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 03 oktyabr 2023-cü il tarixədək Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(051)-498/2022 saylı, 16 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən 5460,00 manat ödənməmiş aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2013-cü ildə faktiki olaraq nikah münasibətlərinə girərək ailə həyatı qurmuş, nikahları isə xx.xx.2014-cü il tarixdə rəsmiləşdirilmiş və həmin nikahdan 16 aprel 2014-cü il təvəllüdlü X5 və 16 iyun 2015-ci il təvəllüdlü X6 adında övladları anadan olmuşdur. O, nikahda olduğu müddətdə Zərərçəkmiş şəxs ilə yola getmədiyindən ayrılmaq qərarına gəlmiş və həmin vaxtdan da uşaqları anası Zərərçəkmiş şəxs himayəsində, Təhminənin ata evində Mingəçevir şəhərində yaşamışdır. Onlar ayrılandan sonra Zərərçəkmiş şəxs uşaqları tək başına saxlaya bilmədiyini əsas gətirərək ona qarşı məhkəmədə nikahın pozulması və aliment tələbinə dair iddia qaldırmış və Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 16 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən ondan 17 yanvar 2022-ci il tarixdən hesablanmaqla 16 aprel 2014-cü il təvəllüdlü X2 və 16 iyun 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 130,00 manat olmaqla, cəmi 260,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Goranboy rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Goranboy Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də maddi imkanının kifayət qədər olmaması səbəbindən ödəməli olduğu aylıq alimenti ödəmədiyinə görə təqdimat verilən günə, yəni 03 oktyabr 2023-cü tarixədək 5460,00 manat aliment borcu yığılıb qalmışdır. O, uşaqlarına baxmalı olduğunu dərk edir, sadəcə maddi imkanı çatmadığı üçün alimentini ödəyə bilməmişdir. Yekunda məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etdi.Verilmiş suala cavab olaraq bildirdi ki, hazırda aliment borcundan heç bir ödəniş edə bilmir və gələcəkdə maddi imkanı yaxşı olduğu təqdirdə alimentini ödəyə bilər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2013-cü ildə faktiki olaraq nikah münasibətlərinə girərək ailə həyatı qurmuş, nikahları isə xx.xx.2014-cü il tarixdə rəsmiləşdirilmiş və bu nikahdan 16 aprel 2014-cü il təvəllüdlü X7 və 16 iyun 2015-ci il təvəllüdlü X6 adında uşaqları anadan olmuşdur. Təqsirləndirilən şəxs onlar evli olduğu müddətdə fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, yəni fermalarda çobanlıq etmiş, qazancı 400,00-450,00 manat təşkil etmiş və həmin müddətdə onlar Goranboy rayonunda birlikdə yaşamışdırlar. Təqsirləndirilən şəxs aylıq yetərli qədər gəliri olsa da ancaq öz yemək içməyinə, tüfeyli həyatına xərcləmişdir. O, nikahda olduğu müddətdə Təqsirləndirilən şəxs ilə yola getməmiş, buna görə də 2011-ci il tarixdə ayrılmaq qərarına gəlmiş və uşaqlar onun himayəsində qalmışdır. O, ayrılandan sonra Təqsirləndirilən şəxs uşaqların saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərməmişdir. O isə uşaqları tək başına saxlaya bilmədiyindən 2022-ci ildə Təqsirləndirilən şəxs qarşı məhkəmədə nikahın pozulması və aliment tələbinə dair iddia qaldırmış, nəticədə Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 16 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 17 yanvar 2022-ci il tarixdən hesablanmaqla 16 aprel 2014-cü il təvəllüdlü X4 və 16 iyun 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 130,00 manat olmaqla, cəmi 260,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Goranboy rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilsə də, aylıq ödəməli alimenti ödəməmişdir. Daha sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Goranboy Rayon Məhkəməsinin 16 yanvar 2022-cü il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıqlar edilsə də ödəməli olduğu aylıq alimenti ödəməmiş, yəni Goranboy Rayon İcra və Probasiya şöbəsinin tərəfindən verilmiş xx.xx.2023-cü tarixli təqdimat əsasında Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 16 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən 5460,00 manat ödənməmiş aliment borcu yaranmışdır. Bundan əlavə bu müddət ərzində övladları ilə maraqlanmamış, nə maddi, nə mənəvi köməkliyi olmamışdır. Odur ki, aliment borcunu ödəmədiyi təqdirdə təqsirləndirilən şəxsin qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzanın Təqsirləndirilən şəxs təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü Aydan və xx.xx.2015-ci il təvəllüdlü Şakir yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 130,00 manat olmaqla cəmi 260,00 manat miqdarında alimentin tutularaq X1 verilməsi qət edilmişdir. Goranboy Rayon İcra və Probasiya şöbəsində qətnamə üzrə verilmiş icra sənədi xx.xx.2022-ci il tarixdə tələbin dərhal icrası ilə bağlı icraata başlanılmış və borcluya tələbin könüllü icra edilməsi barədə bildiriş göndərilmişdir. Tələbkar şöbəyə izahat verərək borclu tərəfindən heç bir aliment ödənişi olmadığını və barəsində məsuliyyət tədbirlərinin tətbiq olunmasını xahiş etmişdir. Borclu şöbəyə dəvət olunaraq izahatı alınmış və alimenti ödəmədiyi halda qanunvericiliyin tələbləri izah olunmuş və borcluya xəbərdarlıq verilmişdir. Borclunun ölkədən çıxışına məhdudiyyətin qoyulması barədə xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdimat verilmiş və məhkəmənin qərardadına əsasən borclunun ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Borclu çağrışlara gəlmədiyi və yeri məlum olmadığı üçün barəsində axtarış qərarı qəbul olunaraq polis şöbəsinə göndərilmiş və polis əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə şöbəyə təhvil verilmiş, izahatı alınmış, alimenti və alimentə olan borcunu ödəmədiyi üçün barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1 maddəsi ilə inzibati protokol verilmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərarına əsasən 10 gün müddətində inzibati həbs edilmişdir. “Elektron İcra” sistemində borclunun adına heç bir daşınar və ya daşınmaz əmlak və ya gəlir yeri aşkar olunmamışdır. Borclunun ünvanına gedilmiş və tələbin üzərinə yönəldilə biləcəyi əmlakının olmaması müəyyən edilmiş və bu barədə akt tərtib olunmuşdur. Borclunun yaşadığı ünvanda xx.xx.2023-cü il tarixdə əmlakına baxış keçirilmiş, tələbin yönəldilə biləcəyi əmlakı aşkar edilməmiş və bu barədə akt tərtib olunmuşdur. Borclu inzibati həbsdən azad olunandan sonra dəfələrlə izahatı alınmış və izahatında bildirmişdir ki, iş yeri olmadığı üçün ödəniş edə bilməmişdir. Borcluya iş axtaran kimi məşğulluq mərkəzində qeydiyyata durması barədə məktub verilmiş və borclu alimenti ödəməkdən qərəzli olaraq boyun qaçırdığı üçün məşğulluq mərkəzində qeydiyyata durmamışdır. Borcluya dəfələrlə alimenti ödəmədiyi üçün cinayət xəbərdarlıqları verilmiş, borclu bundan heç bir nəticə çıxarmamış və aliment ödənişi etməmişdir. İcraat dövründə tələbkarın xeyrinə heç bir ödəniş etməmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək aliment borcu 5460,00 manat təşkil etmişdir. Tələbkar şöbəyə ərizə ilə müraciət edərək borclunun aliment ödəməkdən boyun qaçırdığını və barəsində Azərbaycan Respublikası CM-nin 306.1 maddəsi ilə cinayət işinin başlanması üçün müvafiq orqana təqdimat verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-498/2022 saylı icra vərəqəsindən görünür ki, boşanmadan sonra tərəflərin birgə nikahından xx.xx.2014-cü il tarixdə doğulmuş Aydan və xx.xx.2015-ci tarixdə doğulmuş Şakir adlı uşaqların iddiaçı Zərərçəkmiş şəxs yanında qalması müəyyən edilmiş, xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2014-cü il tarixdə doğulmuş Aydan və xx.xx.2015-ci tarixdə doğulmuş Şakir adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir; İcra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-498/2022 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Goranboy Rayon Məhkəməsinin 8(045)-342/2022 saylı, 05 noyabr 2022-ci il tarixli qərardadından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-498/2022 nömrəli, xx.xx.2022-cı il tarixli icra sənədinə əsasən iş üzrə borclu - xx.xx.1989-cu il təvəllüdlü, Goranboy rayonunun Abbasqulular kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi üzrə müəyyən edilmiş borc ödənilənədək məhdudlaşdırılmışdır; Goranboy Rayon İcra və Probasiya şöbəsinin “borclunun axtarılması haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur; Goranboy Rayon Məhkəməsinin 3(045)-53/2023 saylı, 16 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur; “Axtarışda olan şəxsin tutulması haqqında” 09 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 13:00-da tutularaq Yasamal RPİ-nin MSY-yə təhvil verilmişdir; “Qətimkan tədbiri seçmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçildiyindən Müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2014-cü il tarixdə doğulmuş Aydan və xx.xx.2015-ci tarixdə doğulmuş Şakir adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-498/2022 saylı qüvvəyə minmiş məhkəmə aktının olmasına və icraya yönəldilməsinə baxmayaraq icra ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməmiş, buna görə inzibati qaydada tənbeh tədbirinin tətbiq edilməsindən nəticə çıxarmamış, icra sənədindəki tələbi icra etməsi üçün ona məsuliyyəti elan olunmaqla rəsmi qaydada yenidən xəbərdarlıq edilərək vaxt verilməsinə baxmayaraq, hərəkətlərini davam etdirmiş və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə hərəkətləri ilə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir; 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Adı çəkilən qərarda, həmçinin qeyd edilir ki, CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014cü il qərarında göstərilmişdir ki, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. CM-in 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Sadalanan qanunvericiliyin məzmunundan göründüyü kimi, məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda təhlil edilən cinayət tərkibini yaradır və cinayət tərkibi şəxsin məhkəmə aktlarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin icra sənədlərini qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə aktında nəzərdə tutulmuş tələbin icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq və buna görə inzibati məsuliyyətlərə cəlb edilməsinə baxmayaraq, məhkəmə qərarının icrası üçün hər hansı yetərli tədbirlər görməmiş və bununla da Azərbaycan Respublikası adından çıxarılan, icrası məcburi sayılan məhkəmə aktlarını icra etməyərək ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində həmin maddə ilə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -törətdiyi cinayət əməlini etiraf edib peşman olmasını; -qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy şəhər İƏDÜ tərəfindən verilmiş xasiyyətnamə). Məhkəmə iclasında təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 1 (bir) gün (09 fevral - 10 fevral 2024-cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı (CM-69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 09 (doqquz) iş saatı üçün cəmi 54 (əlli dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 1 (bir) gün (09 fevral - 10 fevral 2024-cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və qəti olaraq ona 1 (bir) il 2 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 08 aprel 2024-cü il tarixdən hesablansın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 09 (doqquz) iş saatı üçün cəmi 54 (əlli dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar