Məhkəmə qərarları › İş №1(045)-29/2025

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-29/2025

17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-29/2025 17.04.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, şikayət vermiş şəxs Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Verdiyev Ədalət Hüseyn oğlunun iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Goranboy rayonu Nizami kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 yanvar 2025-ci il tarixdə saat 15:30 radələrində Goranboy rayonu Nizami kəndində yerləşən fərdi yaşayış evinin həyətində ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı əlində olan mətbəx bıçağı ilə atası Zərərçəkmiş şəxs sol sağrı nahiyəsindən qəsdən vuraraq sonuncuya sol sağrı nahiyəsinin deşilmiş yarası xəsarətindən ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun atasıdır, Goranboy rayonu Nizami kəndində fərdi yaşayış evində birlikdə yaşayırlar, aralarında ədavət və düşmənçilikləri olmamışdır. Təxminən 2024-cü ilin iyun ayında həyat yoldaşı X5 heç bir səbəb olmadan azyaşlı uşaqlarını da götürüb evdən çıxıb getmişdir, lakin o, arvadı Azadə ilə danışıb azyaşlı uşaqlarını evə qaytarmasını bildirsə də, Azadə uşaqları ona verməmişdir. xx.xx.2025-ci il tarixdə saat 15:30 radələrində sərxoş vəziyyətdə Goranboy rayonu Nizami kəndində olan evlərinə gəlmişdir. Evdə olan zaman atası Təqsirləndirilən şəxs Camal oğlu otağın qapısını açmış, ona qarşı nalayiq ifadələr işlədərək həyat yoldaşı X2 gətirməsini ona demişdir. O isə arvadı Azadənin yüngül həyat tərzi keçirdiyini, buna görə də Azadəni evə gətirməyəcəyini demişdir. Bunu dedikdən sonra atası Niyaz onun və arvadı Azadənin ünvanına təhqirlər işlətmiş, o da bundan sonra atasının üzərinə gedib boyun nahiyəsindən tutub badalaq fənni ilə yerə yıxmış, bu zaman anası Şahid ona qarşı nəlayiq ifadələr işlətmişdir. O, bu səbəbdən yenidən əsəbiləşib evə daxil olmuş, masanın üzərində olan mətbəx bıçağını götürüb yerdə yıxılı vəziyyətdə olan atası Zərərçəkmiş şəxs sol yan nahiyəsindən bir neçə dəfə bıçaqla qəsdən vurduqdan sonra evə girmişdir. Anası Validə isə DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Aralarında olan mübahisə təxminən 20-30 dəqiqə davat etmiş, mübahisə zamanı orada anası Şahid olmuşdur. Hazırda Zərərçəkmiş şəxslə barışmışdır, Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbi yoxdur. O, əməlindən səmimi peşman olmuşdur, bir daha belə əməllərə yol verməyəcəyinə söz verir. Odur ki, göstərilənləri nəzərə alaraq, barəsində yüngül, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid və oğlu Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. Oğlu ilə münasibəti yaxşı olub heç bir düşmənçiliyi və ədavətləri olmayıb. Çingiz mütəmadi olaraq spirtli içki içib yaşadıqları evdə heç bir səbəb olmadan mübahisə yaradır. xx.xx.2025-ci il tarixdə saat 15:40 radələrində yaşadıqları evdə olduqları zaman Çingiz evə sərxoş halda gəlmiş, gələn zaman özü ilə gətirdiyi arağı içib sərxoş olmuşdur. Sərxoş halda onunla və anası Validə ilə mübahisə yaradıb ona yeni arvad almaqlarını istəmişdir. O, oğlu Çingizə demişdir ki, “aldığın ailələrə baxa bilirsən ki, yenidən sənə arvad alaq?”. Bu sözlərdən sonra Çingiz əsəbiləşmiş, onunla mübahisə etməyə başlamış, otağından götürdüyü böyük mətbəx bıçağı ilə onun üzərinə gəlmiş, badalaq fənni ilə ayağına vurub onu yerə yıxmış və əlində olan bıçaqla qəsdlə sol yan nahiyəsinə iki yerdən vuraraq ona xəsarət yetirmişdir. Bu zaman arvadı Şahid aralarına girib Çingizi ondan aralayaraq polis çağırmışdır. Mübahisə zamanı orada arvadı Şahid olmuşdur. Xəsarəti sol sağrı nahiyəsindədir. Hazırda Təqsirləndirilən şəxslə barışmışdır, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, əri Zərərçəkmiş şəxs və oğlu Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. Oğlu ilə münasibəti yaxşı olmuş, heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Çingiz mütəmadi olaraq spirtli içki içib yaşadığı evdə heç bir səbəb olmadan mübahisə yaradır. xx.xx.2025-ci il tarixdə saat 15:40 radələrində yaşadıqları evdə olduqları zaman Çingiz evə sərxoş halda gəlmiş, özü ilə gətirdiyi arağı içib sərxoş halda onunla və Niyazla mübahisə yaradıb ona yeni arvad almalarını tələb etmişdir. O, Çingizə “aldığın ailələrə baxa bilirsən ki, yenidən sənə arvad alaq?” sözləri işlətmiş, həmin vaxt Çingiz əsəbiləşmiş, Niyazla mübahisə etməyə başlamış, otağından götürdüyü böyük mətbəx bıçağı ilə Niyazın üzərinə gəlmiş, badalaq fənni ilə ayağına vurub Niyazı yerə yıxmış və əlində olan bıçaqla qəsdlə Niyazın sol yan nahiyəsinə iki yerdən vuraraq xəsarət yetirmişdir. Bu zaman o, Çingizin yanına qaçıb bıçağı ondan alıb DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Mübahisə zamanı oğlu Çingiz onu vurmamış və ona hər hansı bir xəsarət yetirməmişdir. Mübahisə zamanı onlardan başqa orada heç kim olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 26 saylı xx.xx.2025-ci il tarixli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs tibbi müayinəsi zamanı onda alkoqol qəbulu faktı aşkar edilmiş, lakin sərxoşluq əlamətləri müəyyən edilməmişdir (0,089 %); Goranboy RMX-nin xx.xx.2025-ci il tarixli 18-1-39/2-137/2025 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs və Hacıyev X3 RMX-nin poliklinikasında ruhi-əsəb və narkoloji kabinetlərdə dispanser qeydiyyatında dayanmırlar; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Hacıyev X3 rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə islah işləri cəzasına, Goranboy rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Goranboy RPŞ-si tərəfindən xx.xx.2022-ci il tarixdə barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət işi CPM-nin 40.3 (CM-in 73.2) maddəsinə əsasən xitam edilmiş və Goranboy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 01 il 03 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonuncu cəzasını xx.xx.2024-cü il tarixdə çəkib qurtarmış, hazırda məhkumluğu ödənilməmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-nin xx.xx.2025-ci il tarixli 40 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərindəki xəsarətlər - sol sağrı nahiyəsinin kəsilmiş yarası deşici-kəsici alətin (lərin), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən bıçaqla yetirilmə zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin Məhkəmə-Ballistik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 16/88 nömrəli rəyindən görünür ki, təhqiqata təqdim edilən bıçaq kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı bıçaqdır və soyuq silah hesab edilmir. Üzərində hazırlandığı yeri bildirən işarələr olmadığından harada hazırlandığını müəyyən etmək mümkün olmamışdır; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Goranboy RPŞ-nin TB-nin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 128-ci maddəsi ilə cinayət işinin başlanılmasına CPM-in 40.3 və 73.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilmişdir; Goranboy Rayon Məhkəməsinin 1(045)-67/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən, qəti olaraq 01 il 03 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; Goranboy Rayon İcra və Probasiya Şöbəsinin 2865/2022 saylı, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Goranboy rayon Məhkəməsinin 1(045)-67/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 03 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını xx.xx.2024-cü il tarixdə tam olaraq çəkib qurtarmışdır; Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə “Sübutların qiymətləndirilməsi barədə” 14 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1 və 228.4-cü maddələrinin tərkibi olmadığından həmin xüsusatlar üzrə onun barəsində cinayət işinin başlanması hissəvi olaraq rədd edilmiş, araşdırma zamanı götürülmüş 1 ədəd mətbəx bıçağı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün Goranboy RPŞ-nin maddi sübutların saxlanılması otağına verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, şikayət vermiş şəxsin, şahidin ifadələri, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə alınmış ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməli etiraf edib peşman olmasını, şikayət vermiş şəxslə barışmasını, şikayət vermiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdırılan hallar, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, onun barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut 1 ədəd mətbəx bıçağı məhv edilməli, iş üzrə ekspertiza xərci 31,50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinin hesabına keçirilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə müdafiəçisi Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 09 (doqquz) iş saatı üçün cəmi 54 (əlli dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut – Goranboy RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan 1 ədəd mətbəx bıçağı məhv edilsin. İş üzrə ekspertiza xərci 31,50 (otuz bir manat əlli qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinin (Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 09 (doqquz) iş saatı üçün cəmi 54 (əlli dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar