Məhkəmə qərarları › İş №1(045)-30/2024

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-30/2024

02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-30/2024 02.05.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X3 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Goranboy rayonu Dəliməmmədli qəsəbəsində anadan olmuş, orta təhsilli, evli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd 6437-E nömrəli keçmiş “SSRİ” dövlətində, İjevsk silah zavodunda istehsal olunmuş 16 kalibrli, “İJ-5” modelli, çaxmaqlı, hamar lüləli, yivsiz, atəşə yararlı, qundağı və lüləsi kustar üsulla kəsilmiş, hal-hazırda öz təyinatını itirmiş ov tüfəngini əynində olan tünd göy rəngli şalvarın sağ yuxarı hissəsindən içəriyə doğru bel hissəsinə keçirib üzərində qanunsuz saxlamaqla daşımış, bundan başqa o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz əldə etdiyi bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,665 qram xeyli miqdarda maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroini əynində olan qara rəngli paltonun sol yan cibinə yerləşdirib üzərində satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz saxlayaraq daşımış, 08 fevral 2024-cü il tarixdə saat 21 radələrində Goranboy RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisində saxlanılaraq Goranboy rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı bir ədəd 6437-E nömrəli keçmiş “SSRİ” dövlətində, İjevsk silah zavodunda istehsal olunmuş 16 kalibrli, “İJ-5” modelli, çaxmaqlı, hamar lüləli, yivsiz, atəşə yararlı, qundağı və lüləsi kustar üsulla kəsilmiş, hal-hazırda öz təyinatını itirmiş ov tüfəngi əynində olan tünd göy rəngli şalvarın sağ yuxarı hissəsindən içəriyə doğru bel hissəsində və satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,665 qram xeyli miqdarda maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin əynində olan qara rəngli paltonun sol yan cibində aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir narkotik vaistə istifadə edir. 06 fevral 2024-cü il tarixdə səhər saatlarında yaşadığı evdən çıxıb piyada yolla hərəkət edən zaman Dəliməmmədli şəhərinin ərazisindən keçən dəmir yolu vağzalının kənarında bir ədəd qundağı və lüləsi kəsilmiş ov tüfəngi, eyni zamanda ov tüfənginin yaxınlığında isə bir ədəd sellofon büküm olmasını görmüş, həmin vaxt yaxınlıqda və ətrafda başqa heç kim olmadığı üçün həmin sellefon bükümü açıb içərisinə baxdıqda sellofan bükümün içərisində narkotik vasitə olan heroin olmasını görmüş, narkotik vasitə istifadəçisi olduğu üçün bir ədəd sellefon bükümdə olan narkotik vasitə heroini sonradan şəxsi istifadəsi ilə əlaqədar götürmək qərarına gəlmiş, həmçinin həmin vaxt orada olan bir ədəd lülləsi və qundağı kəsilmiş ov tüfəngi də ona maraqlı gəldiyi üçün ov tüfəngini də götürmək qərarına gəlmiş, odur ki, ov tüfəngini yerdən götürüb əynində olan şalvarın yuxarı hissəsindən içəriyə doğru keçirib üzərini əynində olan kofta və palto ilə örtmüş, içərisində narkotik vasitə heroin olan bir ədəd sellefon bükümü isə həmin vaxt əynində olan paltonun sol yan cibinə qoymuş, bundan sonra isə oradan ayrılıb yaşadığı evə getmiş, evə çatdıqdan sonra üzərində olan bir ədəd lüləyi və qundağı kəsilmiş ov tüfəngini yaşadığı evin həyətində gizlətmiş, lakin içərisində narkotik vasitə heroin olan bir ədəd sellefon bükümü isə əynində olan paltonun sol yan cibində sonradan şəxsi istifadəsi ilə əlaqədar saxlamışdır. 08 fevral 2024-cü il tarixdə isə axşam saatlarında isə yaşadığı evin həyətində gizlətdiyi bir ədəd qundağı və lüləyi kəsilmiş ov tüfəngini atmaq qərarına gəlmiş, bunun üçün isə həmin gün saat 21 radələrində yaşadığı evin həyətində gizlətdiyi bir ədəd qundağı və lüləyi kəsilmiş ov tüfəngini götürüb həmin vaxt əynində olan tünd göy rəngli şalvarın sağ yuxarı hissəsindən içəriyə doğru bel hissəsinə keçirmiş, həmçinin həmin vaxt bir ədəd sellofan bükümün içərisində narkotik vasitə olan heroin əynində olan paltonun sol yan cibində olmuşdur. Bundan sonra yaşadığı evdən çıxıb küçə ilə qundağı və lüləyi kəsilmiş ov tüfəngini tapdığı yerə gedərkən bir neçə mülki geyimli şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini çıxarıb Goranboy rayon polis şöbəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitə və silalın qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib, bununla bağlı hüquq və vəzifələrini izah edib onu Goranboy rayon polis şöbəsinə dəvət etmişlər. Odur ki, polis əməkdaşlarının təklifini qəbul edib onlarla birlikdə Goranboy rayon polis şöbəsinə gəlmiş, Goranboy rayon polis şöbəsinin inzibati binasına daxil olduqdan sonra onu tanımadığı bir otağa aparmışlar. Otaqda olan zaman şübhəli şəxs qismində saxlanıldığını demişlər və ona üzərində şəxsi axtarış keçiriləcəyi izah edilmiş, həmçinin polis əməkdaşları hüquqlarının müdafiəsi ilə bağlı vəkil seçmək hüququnun olmasını izah etmişlər. Bunun ardınca isə təqdim edilmiş siyahı üzrə hüquqlarının müdafiəsi üçün vəkil istəmiş, buna görə də vəkil Goranboy rayon polis şöbəsinə dəvət edilmiş, vəkil gəldikdən sonra isə üzərində şəxsi axtarış aparılacağı bir daha polis əməkdaşları tərəfindən ona bildirilmiş, həmçinin yenidən hüquq və vəzifələri izah edilmiş, bundan sonra polis əməkdaşları və vəkilin iştirakı ilə üzərində video çəkiliş altında şəxsi axtarış aparılmasına başlanılmış, şəxsi axtarış zamanı ona üzərində olan əşyaları könüllü olaraq təqdim etməyi bildirildiyi üçün masaya yaxınlaşıb əynində olan tünd göy rəngli şalvarın yuxarı hissəsindən içəriyə doğru bel hissəsinə keçirdiyi bir ədəd qundağı və lüləyi kəsilmiş ov tüfəngini çıxarıb masanın üzərinə qoymuş, bunun ardınca əynində olan qara rəngli paltonun sol yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bunun ardınca isə polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılsa da üzərindən hər hansısa bir əşya və ya digər predmet aşkar edilməmiş, təqdim etdiyi bir ədəd qundağı və lüləyi kəsilmiş ov tüfənginə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, bunun ardınca həmin bir ədəd qundağı və lüləyi kəsilmiş ov tüfəngi polis əməkdaşları tərəfindən bir ədəd zərfdə qablaşdırılaraq üzəri möhürlənərək götürülmüşdür. Bundan sonra isə təqdim etdiyi bir ədəd sellofan bükümə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı həmin bir ədəd sellofan bükümün içərisində narkotik vasitə olan heorin olması müəyyən edilmiş, həmin narkotik vasitə olan heroin elektron tərəzidə polis əməkdaşları tərəfindən çəkildikdən sonra bir ədəd zərfdə qablaşdırılaraq üzəri möhürlənərək götürülmüşdür. Polis əməkdaşları onu saxlayan zaman yanında heç kəs olmamışdır. Onun üzərində narkotik vasitə olduğunu heç kim bilməmişdir. Polis əməkdaşları tərəfindən ona heç bir təzyiq və zor olmamışdır. Sonda əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Goranboy RPŞ-nin CAB-nin məliyyat müvəkkili vəzifəsində xidmət edir. 08 fevral 2024-cü il tarixdə Goranboy rayonu Dəliməmmədli şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və üzərində qanunsuz olaraq odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa edilməsi ilə bağlı daxil olmuş məlumat dərhal onun tərəfindən Goranboy rayon polis şöbəsinin rəhbərliyinə məruzə edilmiş, təxirə salınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün onun tərəfindən qərar qəbul edilmiş, eyni zamanda tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvləri isə Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Mehman oğlu və ondan ibarət olmuş, bundan sonra isə Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa edilməsi məqsədi ilə CAB-nin əməliyyat müvəkkili Şahid2la birlikdə 08 fevral 2024-cü il tarixdə saat 20 radələrində xidməti avtomobillə Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisinə yollanmış, təxminən 35-40 dəqiqə sonra Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisinə çatmışlar. Daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs Dəliməmmədli şəhəri ərazisində yaşadığı evin yaxınlığındakı yol ilə piyada hərəkət edəcəyi məlum olduğu üçün həmin yerə gedib orada təxminən 20-25 dəqiqə gözlədikdən sonra saat 21 radələrində Təqsirləndirilən şəxs piyada yol ilə gəldiyini görmüşlər. Buna görə də həmin vaxt əməliyyat müvəkkili Şahid2la birlikdə Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini çıxarıb ona Goranboy rayon polis şöbəsinin əməkdaşları olduqlarını deyib onun narkotik vasitələrin və odlu silahın qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib birlikdə üzərində şəxsi axtarış aparılacağı məqsədi ilə Goranboy rayon polis şöbəsinə gəlməli olduğunu demişlər. Təqsirləndirilən şəxs da onların təklifini qəbul edib hüquqlarının və vəzifələrinin ona aydın olduğunu bildirərək Goranboy rayon polis şöbəsinə getməyə razılıq vermiş, odur ki, Təqsirləndirilən şəxsla birlikdə xidməti avtomobillə Goranboy rayon polis şöbəsinə gəlmişlər. Təqsirləndirilən şəxs RPŞ-nin inzibati binasına gətirildikdən sonra baş təhqiqatçı Ruslan Abbasovun xidməti otağına aparılmış, baş təhqiqatçı Ruslan Abbasov tərəfindən yenidən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib üzərində şəxsi axtarış aparılacağı bunun üçün isə şübhəli şəxs qismində tutulacağı bildirilmiş, Təqsirləndirilən şəxs da bununla bağlı heç bir etirazının olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs baş təhqiqatçı Ruslan Abbasov tərəfindən şübhəli şəxs qismində tutulmuş, bunun ardınca isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi vəkil dəvət edilmiş və vəkilin iştirakı ilə video çəkiliş altında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, buna görə də Təqsirləndirilən şəxs əynində olan şalvarın yuxarı hissəsindən içəriyə doğru bel hissəsinə keçirdiyi bir ədəd qundağı və lüləyi kəsilmiş ov tüfəngini çıxarıb masanın üzərinə qoymuş, bunun ardınca Təqsirləndirilən şəxs əynində olan paltonun sol yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd sellofan bükümü və maddi sübut kimi əhəmiyyət kəsb etmiyən əşyaları çıxarıb masanın üzərinə qoymuşdur. Bunun ardınca isə onlar tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da onun üzərindən hər hansısa bir əşya və ya digər predmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qundağı və lüləyi kəsilmiş ov tüfənginə onlar tərəfindən baxış keçirilmiş, bunun ardınca həmin bir ədəd qundağı və lüləyi kəsilmiş ov tüfəngi baş təhqiqatçı Ruslan Abbasov tərəfindən bir ədəd zərfdə qablaşdırılaraq üzəri möhürlənərək götürülmüşdür. Bundan sonra isə Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümə onlar tərəfindən baxış keçirilmiş, baxış zamanı həmin bir ədəd sellofan bükümün içərisində narkotik vasitə olan heroin olması müəyyən edilmiş, həmin narkotik vasitə olan heroin elektron tərəzidə baş təhqiqatçı Ruslan Abbasov tərəfindən çəkildikdən sonra bir ədəd zərfdə qablaşdırılaraq üzəri möhürlənərək götürülmüşdür. İş üzrə maddi sübut kimi əhəmiyyət kəsb etməyən digər əşyalar Samir Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı şifahi olaraq Təqsirləndirilən şəxs bir ədəd qundağı və lüləyi kəsilmiş ov tüfəngini və bir ədəd sellofan bükümün içərisində narkotik vasitə olan heroini Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisində olan dəmir yolu vağzalın kənarından tapdığını demişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Goranboy RPŞ-nin əməkdaşı Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbər verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunarkən məlum oldu ki, o, iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 08 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 22:35-də şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış aparılması haqqında” 08 fevral 2024-cü tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində 1 (bir) ədəd qara rəngli uzunluğu dizinə qədər olan palto, bir ədəd qara rəngli kofta, 1 (bir) ədəd tünd göy rəngli şalvar, ayağında 1 (bir) cüt qara rəngli dəri ayaqqabı olmuşdur. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın kəmərinin sağ yan hisəsindən bir ədəd lülə nömrəsi 6437 E nömrələri olan lüləsi və qundağı kustar üsulla kəsilmiş İJ markalı odlu silahı, əynində olan paltonun sol yan cibindən bir ədəd polietilen bükümdə içərisində narkotik maddə hesab edilən heronabənzər maddəni, əynində olan şalvarın sol yan cibindən bir ədəd dəsmalı və əynində olan şalvarın sağ arxa cibindən bir ədəd 5 manatlıq əskinazı masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş odlu silahı və bir bükümdə olan heroini iki gün öncə yaşadığı Dəliməmmədli şəhərində dəmir yolu vağzalının yanında taparaq götürmüşdür. Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisində olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd lüləsi və qundağı kəsilmiş 16 kaliberli, İj markalı silah iştirakçıların iştirakı ilə qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək ekspert tədqiqatına göndərilməsi üçün Goranboy RPŞnin TB-nin baş təhqiqatçısı Ruslan Abbasov tərəfindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədə polietilen bükümdə narkotik maddə hesab edilən heroinə bənzər maddə elektron tərəzidə çəkilərək 1,82 (bir tam, yüzdə səksən iki) qram olduğu müəyyən edildi və iştirakçıların iştirakı ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək ekspert tədqiqatına göndərilməsi üçün Goranboy RPŞ-nin TBnin baş təhqiqatçısı Ruslan Abbasov götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd cib dəsmalı və bir ədəd 5 manatlıq əskinaz maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Şəxsi axtarış süni işıqlandırılmış şəraitdə həyata keçirilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 16/190 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “xx.xx.2024-cü il tarixdə Dəliməmmədli şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir bükümdə olan narkotik vasitə hesab edilən heroinə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,665 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi 1,665 qr, tədqiqata sərf edildi – 0,1 qr, qalıq – 1,565 qr. (Aparılmış tədqiqatın dəyəri 30.40 manat təşkil edir); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Krimnalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 24/296 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 6437-E nömrəli silah, keçmiş SSRİ dövlətində zavod üsulu ilə İjevsk silah zavodunda istehsal olunmuş 16 kalibrli İJ-5 modelli, çaxmağlı, hamar lülli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır, lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmişdir və hal-hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir; Goranboy Rayon Məhkəməsinin 4(045)-12/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, CM-nin 228.1 və 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 08 fevral 2024-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; “Maddi sübut kimi tanıma haqqında” 10 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülərək bir ədəd paketdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra təmiz çəkisi 1,565 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroinin və bir ədəd paketdə qablaşdırılmış bir ədəd 6437-E nömrəli keçmiş “SSRİ” dövlətində, İjevsk silah zavodunda istehsal olunmuş 16 kalibrli, “İJ-5” modelli, çaxmaqlı, hamar lüləli, yivsiz, atəşə yararlı, qundağı və lüləsi kustar üsulla kəsilmiş, hal-hazırda öz təyinatını itirmiş ov tüfənginin Goranboy RPŞ-nin saxlancına verilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 məcburi narkolojitibbi yoxlama haqqında 17 fevral 2024-cü il tarixli, 264 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui – istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə o, Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs vaxtından əvvəl şərti azad edilmişdir; Goranboy Rayon Məhkəməsinin 1(045)-37/2022 nömrəli, 26 may 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və qəti olaraq ona 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir; Goranboy rayon İcra Hakimiyyəti Başçısının Dəliməmmədli şəhər icra nümayəndəliyi tərəfindən verilmiş 27 mart 2024-cü il tarixli, 203 nömrəli arayışdan və doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü Sultanə adında, xx.xx.2014-cü il təvəllüdlü Ayxan adlı övladları vardır; Goranboy rayon İcra Hakimiyyəti Başçısının Dəliməmmədli şəhər icra nümayəndəliyi tərəfindən verilmiş 27 mart 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur; Sübutların qiymətləndirilməsi barədə 29 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,665 qram xeyli miqdarda maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin ekspertiza tədqiqatında Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə Sınaq mərkəzi tərəfindən ölçmə dəqiqliyi 071308 nömrəli, “Şəhadətnamə” ilə təsdiq edilmiş “CAS CUS 620H” markalı elektron tərəzi vasitəsi ilə çəkilmiş və ekspertiza tədqiqatında istifadə edilən elektron tərəzi daha dəqiq olduğundan istintaq zamanı Təqsirləndirilən şəxs elan edilmiş ittihamda ekspertiza tədqiqatında əks olunmuş çəkinin qeyd olunması nəzərə alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-nin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-nin 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfatməişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır; 21-ci maddəsinin İİİ hissəsinə əsasən mülki silah sahibi bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli, bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməlidir; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarışəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,665 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib əməlindən peşman olmasını; himayəsində 2 yetkinlik yaşına çatmayan övladının olmasını; müsbət xarakterizə olunmasını. CM-nin 61-ci maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Goranboy Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Yəni, CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni 24 iyun 2023-cü il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs CM-nin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd edilir ki, CM-nin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-nin 58.3cü maddəsi). Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-nin 228.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti cəza müəyyən edilməli (CM- 66.2), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan hesablanmalı (CPM-158.2.1, 158.6, CM-69.3), o, narkoloji kabinetdə qeydiyyata alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), iş üzrə maddi sübut - Goranboy RPŞ-nin anbarına təhvil verilmiş narkotik vasitə heroinin qalıq çəkisi bir ədəd paketdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra təmiz çəkisi 1,565 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin məhv edilməli və bir ədəd paketdə qablaşdırılmış bir ədəd 6437-E nömrəli keçmiş “SSRİ” dövlətində, İjevsk silah zavodunda istehsal olunmuş 16 kalibrli, “İJ-5” modelli, çaxmaqlı, hamar lüləli, yivsiz, atəşə yararlı, qundağı və lüləsi kustar üsulla kəsilmiş, hal-hazırda öz təyinatını itirmiş ov tüfəngi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir (CPMin 132). CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, ona məhkəmədə iştirak etdiyi 8 (səkkiz) iş saatı üçün cəmi 48 (qırx səkkiz) manat məbləğində vəsait ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 08 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD– 210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. İş üzrə maddi sübut - Goranboy RPŞ-nin anbarına təhvil verilmiş narkotik vasitə heroinin qalıq çəkisi (1,565 qram) məhv edilsin. İş üzrə maddi sübut - Goranboy RPŞ-nin anbarına təhvil verilmiş bir ədəd paketdə qablaşdırılmış bir ədəd 6437-E nömrəli keçmiş “SSRİ” dövlətində, İjevsk silah zavodunda istehsal olunmuş 16 kalibrli, “İJ-5” modelli, çaxmaqlı, hamar lüləli, yivsiz, atəşə yararlı, qundağı və lüləsi kustar üsulla kəsilmiş, hal-hazırda öz təyinatını itirmiş ov tüfəngi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 8 (səkkiz) iş saatı üçün cəmi 48 (qırx səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar