Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 1(045)-31/2023 17.04.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X7 qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X4, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X6 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 barəsində CM-in 147.1 və 148-ci maddələri ilə cinayət təqibinin başlanması və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəza ilə cəzalandırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. X6 xüsusi ittiham qaydasında şikayət ərizəsini onunla əsaslandırmışdır ki, barəsində xüsusi ittiham irəli sürülən şəxs X5 ona və şəhid qardaşı X3 qarşı kənd əhalisinin kütləvi toplaşdığı yerdə şərəf və ləyaqətlərini alçaldan hərəkətlərə yol vermişdir. X1 əməlində CMin 125, 147.1 və 148.2-ci maddələrinin tərkib əlamətləri konkret olaraq onda ifadə olunmuşdur ki, o onun və şəhid qardaşı X2 barəsində böhtan və təhqiramiz ifadələr işlədərək şərəf və ləyaqətlərini həqiqətə uyğun olmayan ləkəliyici sözlərlə dəfələrlə təhqir etmişdir. Xüsusi ittiham qaydasında şikayət edilən şəxs X5 həmkəndlisi olmaqla ailəlikcə münaqişəyə meylli insanlardır. Ümumiyyətlə, Lamiyənin atası Həsənov Yaqub, qardaşı Həsənov Ramin demək olar ki, kənd əhalisinin əksəriyyəti ilə əsassız olaraq qəsdən münaqişə yaradaraq öz mənafeləri üçün qeyri-qanuni olaraq nə isə əldə etməyə cəhd etməkdədirlər. O cümlədən mülkiyyət hüququ üzrə ailələrinə məxsus torpaq sahələrinə Yaqub və onun oğlu dəfələrlə xırda buynuzlu heyvanları otararaq dəfələrlə ailəsinə maddi ziyan vurmuşlar. Onların bu qeyri-qanuni hərəkətlərindən nəinki o, hətta bir çox kənd əhalisi tərəfindən barələrində aidiyyəti qurumlara şikayətlər verilmişdir. Barəsində şikayət verilən Həsənova Lamiyə atasının qeyri-qanuni hərəkətlərinə son qoyulması barədə şikayət etdiyinə görə onu gördüyü hər bir yerdə təhqir edərək, şəhid qardaşı X2 şəhid yox, fərari olması barədə böhtan xarakterli ifadələr işlətmişdir. Həsənova Lamiyənin ona və qardaşına işlətdiyi təhqiramiz ifadələr onu özünü öldürmək həddinə çatdırmışdır. Nəhayət 22 avqust 2022-ci il tarixdə Həsənova Lamiyənin ona qarşı olan təzyiqlərinə dözməyərək Goranboy Rayon İcra Hakimiyyətinin İnzibati binasının qarşısında özünü yandırmaq istəyərkən, ətrafda olan insanların müdaxiləsi nəticəsində intihar qərarının icra etməyinin qarşısı alınmışdır. Hal-hazırda da Həsənova Lamiyə ona və şəhid qardaşına qarşı təhqir və böhtan xarakterli ifadələrini işlətməkdədir. Hesab edir ki, barəsində şikayət verdiyi X1 hərəkətlərində CM-in 125, 147.1 və 148-ci maddələrinin əlamətləri vardır və onun barəsində həmin maddələrlə xüsusi ittiham qaydasında cinayət təqibi başlanılmalı və həmin maddələrlə o, cinayət məsuliyyətinə cəlb edilməlidir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X6 xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində göstərilənləri müdafiə edərək, şikayət ərizəsinin icraata qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 bildirdi ki, X6 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət əsassızdır. Bunu nəzərə alaraq şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. CPM-in 293.3-cü maddəsi böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda göstərilməli olan məlumatların dairəsini müəyyən etmişdir ki, CPM-in 302-ci maddəsi də xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmununa dair bu tələblərin imperativ olmasını təsbit etmişdir. Məhkəmə, CPM-in sadalanan normalarını rəhbər tutaraq qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə, həmçinin törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir. Hazırkı şikayətdə isə CPM-in tələblərinə riayət olunmamış, şikayətdə cinayətin nə vaxt törədilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz X5 tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, şikayətin verildiyi yer göstərilməmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsində qeyd olunanların məhz X5 tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyini göstərməmişdir. Həmçinin, şikayət ərizəsində X1 əməlində CM-in 147.1 və 148.2-ci maddələri ilə yanaşı 125-ci maddəsinin tərkib əlamətlərinin də olduğu qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, CPM-in 37-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin ərizəsi əsasında CM-in 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Yəni, CM-in 125-ci maddəsində nəzərdə tutulan cinayət əməli xüsusi ittiham qaydasında təqib olunan cinayətlər kateqoriyasına aid deyildir. Bundan başqa şikayət ərizəsində X4 xüsusi ittihamçı kimi göstərilməsi CPM-in 88-ci maddəsinin tələblərinə ziddir. Belə ki, sözügedən maddənin tələblərinə uyğun olaraq məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı qismində tanınır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli 3 nömrəli Qərarının 11-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-in 293.3.1- 293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. CPM-in 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, X1 barəsində X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-31/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №1(045)-31/2023
17.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver