Məhkəmə qərarları › İş №1(045)-33/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №1(045)-33/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 1(045)-33/2024 22.05.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X9 Məhəmmədəli oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, xüsusi ittiham qaydasında şikayət vermiş X1, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 və onun vəkili Müdafiəçi iştirakları ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X3 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 147.2 və 148-ci maddələri ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb olunması, sonuncunun qanunsuz əməlləri nəticəsində ona dəymiş 50000 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 xüsusi ittiham qaydasında şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, Şəki rayon X4 ilə Mübarizə Qrupunun əməliyyat müvəkkili vəzifədə çalışır. X5 onun haqqında müxtəlif dövlət orqanlarına həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar yazaraq ona böhtan atır və şərəf və ləyaqətini təhqir edir. X6 evini yandırmaqda və oğurlamaqda, Goranboy rayonu Xanqərvənd kəndində silsilə oğurluğun üstünü basdırmaqda onu ittiham edir. X6 həmin yazılarında evində baş verən yanğın və oğurluq hadisəsini onun tərəfindən restoranda planlaşdırdığını qeyd etmişdir. Bundan başqa İlqar Verdiyevin dövlət orqanlarına yazdığı ərizə və şikayətlərdə onu “üzdən iraq polis zabiti” kimi ifadələrdən istifadə etməklə təhqir etmişdir. İlqar Verdiyev onu vəzifə səlahiyyətlərini aşmaqda suçlayır. İlqar Qasımov yazdığı cinayət və ərizələrdə onu silsilə cinayətlərin üstünü basdırmaqda eyni zamanda onun evindən edilən oğurluğu və yanğını planlaşdırmaqda ittiham edir. X5 iş materiallarında göründüyü kimi həmin məktubları internet vasitəsi ilə göndərmiş, bir qismini isə ərizə və şikayət formasında göndərmişdir. Həmin ərizə və şikayətlər göndərilən orqanda və həmin orqanının aidiyyatı üzrə qrumlara göndərilmək ilə yayılmışdır. Onun barəsində böhtan xarakterli məlumatlar X8, Baş Prokurorluğa, Azərbaycan Respublikası Prezidentinə və digər qurumlara göndərilmişdir. Həmin orqanlarda verilmiş şikayəti araşdırmaq üçün yerli orqanlara baxılması üçün göndərmişdir. Beləliklə barəsidə həqiqətə uyğun olmayan böhtan və təhqir xarakterli fikirlər yayılmışdır. Hesab edir ki, X2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 147.2 və 148-ci maddələrinin tərkibi vardır və barəsində şikayət verilən şəxs X5 həmin maddələrlə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb olunmalı, sonuncunun qanunsuz əməlləri nəticəsində ona dəymiş 50000 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində göstərilənləri müdafiə edərək şikayət ərizəsinin icraata qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 bildirdi ki, X1 xüsusi ittiham qaydasında verilmiş şikayəti əsassızdır. Belə ki, onun evindən oğurluq olunmuş və daha sonra isə yandırılmışdır. Həmin əməllərə görə Goranboy Rayon Məhkəməsində Namiq adlı şəxs barəsində ittiham hökmü çıxarılmışdır. Lakin, evindən oğurluq edilməsi və yandırılmasında Çıraq İsgəndərovun əlinin olması üçün əsaslar vardır. Onun tərəfindən müvafiq dövlət orqanlarına verilmiş şikayətlər əsasında X1 barəsində Goranboy rayon prokurorluğunda hazırda araşdırma aparılır. Bu səbəbdən şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 vəkili Müdafiəçi bildirdi ki, X1 xüsusi ittiham qaydasında verilmiş şikayəti əsassızdır. Odur ki, şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair qərar qəbul edilməlidir. Məhkəmə, proses iştirakçılarının ilkin dinləmələrini keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, məhkəmə hazırlıq iclası zamanı müəyyən olunmuşdur ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən müraciətlər məhz dövlət orqanlarına müraciət edilmişdir ki, bu da xüsusi ittiham üçün əsas deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasaən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı xüsusi ittiham qaydasında şikayətdə böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və şikayəti təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılmaması ilə xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.1, 75.1, 299.1, 299.3.1, 300.1.4, 302.1.1, 302.2.1 və 302.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar