Məhkəmə qərarları › İş №1(045)-33/2025

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-33/2025

29.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-33/2025 29.09.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Xanlar rayonu, Mirzik kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası Cinayətlər Məcəlləsinin 126.3, 127.1 və 128-ci maddələri ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Göygöl rayonu, Şəhriyar kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə dələduzduq, yəni özgə əmlakını aldatma və ya etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə Goranboy rayonu Veyisli kəndində yaşayan Zərərçəkmiş şəxs Xankəndi şəhərində onu işə düzəltməsi və həmin şəhərdən ev almasına köməklik edə bilmək imkanlarının olmasını bildirərək, işə düzəlmək və ev almaq üçün zəruri olan bir neçə sənədin, o cümlədən uşaqlarının şəxsiyyət vəsiqələrini, özünə məxsus şəxsiyyət vəsiqəsini və yaşayış yerindən arayışı almaqla Zərərçəkmiş şəxs etibarını qazandıqdan sonra 2024-cü ilin sentyabroktyabr ayları ərzində Goranboy rayonu Veyisli kəndində sonuncunun 5600 manat nəğd pulunu və 3000 manat dəyərində qızıl-zinət əşyalarını hissə-hissə olmaqla, ümumilikdə 8600 manat pulunu vahid niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Göygöl rayonu Şəhriyar kəndində daimi qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Maddi imkanı olmadığı üçün müxtəlif şəxslərin pullarını dələduzluq yolu ilə ələ keçirmək qərarına gəlmiş, 2024-cü il sentyabr ayının sonlarında anası Əminənin vasitəsi ilə Zərərçəkmiş şəxs ilə tanış olmuş, Leyla ondan iş tapmasını xahiş etmişdir. O da Leylaya iş düzəldəcəyini bildirmişdir. Bundan sonra onun borcları olduğundan və həmin borclarını verə bilmədiyindən Leyladan pul istəmişdir. Leyla da ona iki dəfə dəqiq xatırlamadığı tarixlərdə qızıllarını vermiş, o da həmin qızılları lombarda qoyub 3000 manat pul götürmüş, bundan sonra o, borcları olduğu üçün Leyladan 5600 manat pul almışdır. O, Leylaya iş olduğunu və aşpaz kimi işləyə biləcəyini bildirmişdir. Lakin, Leyla pulunu geri istəmiş və o da pulları şəxsi işləri üçün xərclədiyindən Leylaya pul verə bilməmişdir. Bundan sonra Leylanın qızıllarının bir hissəsini götürüb geri qaytarmış, qalan hissəsinin də pulunu mütəmadi olaraq ödəmişdir ki, geri qaytara bilsin. O, Leyladan aldığı pulun bir hissəsini qaytarmış, qalan pulu isə qısa müddət ərzində hissə-hissə geri qaytaracaqdır. O, Leylaya işə düzəldəcəyini deyərək ondan pul almış, dövlət ev verdiyini və evin 3 il kirayəsini verdikdən sonra evin ona qalacağını demişdir. Leyladan pul almaqda məqsədi borclarını qaytarmaq olmuşdur. Onun Leylaya ev təşkil etmək imkanı olmamışdır, Leyladan aldığı puldan heç kimə verməmişdir. Dayısı Xəlilin və anası Əminənin onun əməlindən məlumatı olmamış, heç bir qazancları olmamışdır. Hazırda o, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın az bir hissəsini ödəmiş, qalan hissəsini isə maddi imkanı olmadığına görə ödəyə bilməmişdir. Lakin, azadlığa buraxılarsa, zərərçəkmiş şəxsə hər ay hissə-hissə, yəni hər ay 500 manat məbləğində pul ödəyə bilər. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 2024-cü ilin sentyabr ayının sonlarında ünvan 3inə ümumi istifadəli nəqliyyat vasitəsi ilə gedən zaman yolda Əminə adlı qadınla tanış olmuşdur. O, Əminə ilə söhbət edən zaman iş axtardığını bildirmiş, Əminə ona demişdir ki, Xankəndi şəhərində iş var və orada uşaqları ilə birlikdə işləmək üçün hər şəraiti var. O da Əminəyə iş olsa ona da xəbər etməsini bildirmişdir. Bundan sonra o, Əminənin telefon nömrəsini götürmüş və öz nömrəsini Əminəyə vermişdir ki, nə isə olarsa danışa bilsinlər. Əminə ona oğlu Səddamın Xankəndi şəhərində işlədiyini, oğlu ilə danışıb ona xəbər edəcəyini bildirmişdir. Bundan sonra o, Əminədən ayrılmış və öz evinə getmişdir. Söhbətlərindən 2 gün sonra Əminə ilə telefonla danışan zaman Əminə ona iş olduğunu və evlə də təmin olunmaq mümkün olduğunu bildirmişdir. Bundan sonra Əminə oğlu Səddamla birlikdə onun yaşadığı evə gəlmiş, həmin vaxt o, Səddamla tanış olmuş, Səddam ona Xankəndi şəhərində ev almaq mümkün olduğunu, ilkin sənədləşmə üçün 1000 manat pul lazım olduğunu, həmin pulla sənədləri Bakı şəhərinə göndərəcəyini bildirmişdir. O, qızıllarının olduğunu və həmin qızıllarını ona verə biləcəyini demişdir. Bundan sonra Səddama qızıllarını lombarda qoyub pul götürməsini, heyvanlarını satdıqdan sonra həmin 1000 manatı verəcəyini, pul verdikdən sonra qızıllarını verməsini bildirmiş, Səddam da onunla razılaşmışdır. Bundan sonra 3 övladının şəxsiyyət vəsiqələrini, öz şəxsiyyət vəsiqəsini və yaşayış yerindən arayış alıb 1 ədəd boyunbağı və 3 ədəd üzüklə birlikdə Səddama vermişdir. Bundan sonra, Səddam və Əminə evindən çıxıb getmişlər. Səddam ona zəng edərək əlavə olaraq 2000 manat da verməli olduğunu bildirmişdir. O isə Səddama heyvanları sata bilmədiyini və heyvanları satdıqdan sonra pulları verə biləcəyini demişdir. Bundan sonra o, Səddama qızıl verəcəyini və həmin qızılları lombarda qoyub pul götürməsini bildirmişdir. O, özünə məxsus 3 qolbağı, 1 ədəd özünə məxsus sırğa, bacısına məxsus olan 2 sırğa və 2 üzüyü götürmüşdür. Bundan sonra Səddamla telefonla danışan zaman qızılların hazır oluğunu bildirmişdir. O, Səddamla Goranboy rayonu Veyisli kəndində görüşmüş və bütün qızılları Səddama vermişdir. Səddam ona sənədlərin təsdiqləndiyi və bu səbəbdən də pulun qalanını istədiklərini bildirmişdir. Bundan sonra o, heyvanlarını satmaq istəmiş, heyvanlarını ucuz istədikləri üçün sata bilməmiş və bu barədə Səddama bildirmişdir. Səddam ona demişdir ki, dayısı Xəlil özünə heyvan almaq istəyir, ona görə də gəlib onun heyvanlarına baxacaqdır. Səddam Xəlillə birlikdə onun yaşadığı evə gəlmiş, Xəlil ondan heyvanları neçəyə satdığını soruşan zaman 2 heyvanı 3500 manata satdığını bildirmişdir. Xəlil isə heyvanları baha satdığını demiş və almaq istəmədiyini bildirmişdir. Bundan sonra onlar evdən çıxıb getmişlər. Bir qədər sonra Səddam ona zəng edərək Xəlilin 3300 manata heyvanları almaq istədiyini bildirmişdir. O da Səddamla razılaşmışdır. O, Səddama demişdir ki, “həmin pulu götür, 300 manatını mənə ver, 3000 manatını isə ver qızıllarımı gətir”. Bundan sonra Xəlil ona zəng edərək pulu Səddama vermək üçün icazə istəmiş, o da razılıq vermişdir. Bundan sonra Xəlil yük maşını ilə onun evinə gələrək heyvanları götürüb getmişdir. O, Səddamla danışan zaman qızılları gətirməsini demiş, Səddam onu aldatmağa başlamış, bir neçə həftə qızıllarını gətirməmiş və onun 3300 manat pulu Səddamda qalmışdır. 2024-cü ilin oktyabr ayının əvvəllərində Səddama tapdığı evi görmək istədiyini bildirmiş, o, Əminə və Səddamla birlikdə Xankəndi şəhərində getmişdir. Səddam ona evi göstərərək, həmin evi onun üçün alacağını bildirmişdir. O isə həmin evi bəyənməmiş, Səddam başqa evi göstərmiş bu zaman həmin evdən xoşu gəldiyini bildirmişdir. Səddam isə həmin evin 6000 manata olduğunu demiş, o da razılaşmışdır. Bundan sonra Səddam ona ev üçün əlavə 2000 manat pul lazım olduğunu bildirmişdir. O isə Səddama pulunun olmadığını, heyvanını satıb verə biləcəyini demişdir. Bundan sonra Səddam ona Xəlilin heyvanı istədiyini bildirmişdir. Bundan sonra Xəlil onun yaşadığı evə gəlmiş, heyvanları 2300 manata alğı-satqı etməkdə razılaşmış və heyvanını götürüb aparmış, pulu da Səddama vermişdir. Bundan sonra Səddam onu aldadaraq, pullarını ələ keçirmiş və işlərini düzəltməmişdir. Hazırda o, Təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir, Səddam ona dəymiş maddi ziyanın 3000 manatını ödəmiş, 5600 mantını isə ödəməmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Göygöl rayonu Şəhriyar kəndində daimi qeydiyyatda olmaqla yaşayır. O, 2024-cü ilin sentyabr ayının sonlarında Goranboy rayonundan avtobusla gedən zaman Leyla adlı qadınla tanış olmuş, tanış olduqdan sonra aralarında olan söhbət zamanı Leyla ona ərinin Rusiya Federasiyasında olduğunu, iş axtardığını bildirmişdir. O isə Leylaya Xankəndi şəhərində oğlunun işlədiyini və oğlu ilə danışıb Leylaya məlumat verəcəyini bildirmişdir. Bundan sonra onlar hər ikisi bir-birlərinin telefon nömrələrini götürmüşlər. Bundan sonra o, telefonla danışan zaman oğlu Səddamın ona iş düzüb qoşduğunu, ev götürəcəyini və oraya gedəcəyini bildirmişdir. Leyla ona işləmək istədiyini, ev istədiyini bildirərək onu evinə dəvət etmişdir. Bundan sonra o, Səddamla birlikdə Leylanın yaşadığı evə getmiş və oğlu Səddamla Leylanı tanış etmişdir. Bundan sonra Səddam Leyladan onun dəqiq bilmədiyi qədər qızıl alaraq lombarda qoyub pul götürmüş və həmin pulla Leylaya Xankəndi şəhərində ev düzüb qoşmaq istəmişdir. O, qardaşı Xəlilin Leylanın heyvanlarını alıb pulunu Səddama verdiyini bilməmişdir. O, işin təfsilatını dəqiq bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. 2024-cü ilin sentyabr ayında Səddamla birlikdə ünvan 3inə yola düşmüş, yolla gedən zaman Goranboy rayonu Veyisli kəndindən Leylanın uşaqlarını götürüb yollarına davam etmiş, o, Səddamla birlikdə Rus Borisində yerləşən Leylanın evinə getmişdir. Bu vaxt evə 1 ədəd “Şahin” markalı avtomobil gəlmiş, Leyla həmin şəxslərlə heyvanlarını satmaq barədə söhbət etmiş, lakin heyvanların alğı-satqısında razılaşmamış, həmin alverçilər çıxıb getmişlər. Bundan sonra o, Leylaya hevanları almaq istədiyini və evinə heyvan axtardığını bildirmişdir. Bundan sonra onlar öz aralarında razılaşmış və həmin heyvanların pulunu verib Leyladan almışdır. Bundan sonra o, öyrənmişdir ki, həmin pulu Leyla Səddama vermişdir. Bundan sonra Leyla ona 1 ədəd inək satmış, o da həmin inəyi Leyladan 1600 manata almışdır. O, Leyladan iki dəfə heyvan almış, Leylaya ümumilikdə 4750 manat pul vermişdir. Səddamın Leyladan aldığı puldan heç bir qazancı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 05 fevral 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs dələduzluq yolu ilə pulunun ələ keçirilməsi ilə əlaqədar CM-in 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir; “Axtarışda olan şəxsin tutulması haqqında” 22 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Nəbiyev X1 RPŞ-nin CAB-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə saat 17:00-da Xocalı rayonu ərazisində tutularaq Goranboy RPŞ-yə gətirilmiş, Goranboy RPŞ-nin MSY-yə təhvil verilmişdir; “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 24 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir; “Qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər məhkəməsinin 1(088)-05 saylı, xx.xx.2015-ci il tarixli hökmü ilə CMin 126.3, 127.1, 128-ci maddələri ilə təqsirli bilinərək, CM-in 66.3-cü maddəsinə əsasən 08 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 08 ay 28 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmış və qeydiyyatdan çıxarılmışdır. Xocalı RPŞ-də barəsində CM-in 178.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi xx.xx.2025-ci il tarixdə AR CPM-in 40.3-cü və CM-in 73-1.1-ci maddələrinə əsasən rədd edilmişdir; Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-05/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 126.3, 127.1 və 128-ci maddələri ilə təqsirli bilinərək, CM-in 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur; “Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması, qətimkan tədbiri seçilməsi və icraatın dayandırılması barədə” Goranboy Rayon Məhkəməsinin 1(045)-33/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, barəsində axtarış elan olunması və iş üzrə icraatın dayandırılması qərara alınmışdır; Goranboy Rayon Polis Şöbəsinin 3-13-75/2-10667/2025 saylı, 17 iyun 2025-ci il tarixli məktubundan görünür ki, Nəbiyev X1 RPŞ-nin və DİN-in BİKİ-nin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə Göygöl rayonunun Şəhriyar kəndi ərazisində tutularaq Goranboy RPŞ-yə gətirilmiş, Goranboy Rayon Məhkəməsinin müvafiq qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 02 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin, bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda, həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmək yolu ilə zərərçəkmiş şəxsə məxsus əmlakı ələ keçirməsi ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında tam həcmdə öz təsdiqini tapması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 178.2.4-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-in 178.2.4-cü maddəsi ilə ittiham hökmü çıxarmağı qanuni və əsaslı hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 – 59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -törətdiyi əməli etiraf edib peşman olmasını; -himayəsində yetkinlik yaşına çatmayan 2015-ci il təvəllüdlü uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: Göygöl rayonu İHB-nin Şəhriyar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli yaşayış yeri haqqında arayış və xasiyyətnamə); Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə cəza məsələsini müzakirə edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, əməlində cinayətlərin residivinin olmasını, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-05/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmü ilə CM-in 126.3, 127.1, 128-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 08 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 08 ay 28 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmış və qeydiyyatdan çıxarılmışdir. Lakin, bu dövr ərzində Təqsirləndirilən şəxs məhkumluğunun olmasına baxmayaraq, bundan lazımi nəticə çıxarmamış və islah olunmamış, yenidən cinayət əməli törətmişdir ki, bu da onun şəxsiyyətini mənfi cəhətdən xarakterizə edir, digər tərəfdən CM-nin 18.1-ci maddəsinə əsasən hazırkı iş üzrə Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaradır. CM-in: 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünə məxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Cinayətin yenidən törədilməsinin daha təhlükəli növü kimi residiv çıxış edir. CM-in 18.1-ci maddəsinin məzmunundan və mənasından göründüyü kimi residiv cinayət məsuliyyətinə cəlb olunan və ya məhkum olunan andan deyil, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxs tərəfindən yeni qəsdən cinayət əməlinin törədildiyi andan yaranır. Bundan başqa «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. CM-in: 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə təqsieləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs faktiki olaraq 22 fevral 2025-ci il tarixdən 24 fevral 2025-ci il tarixədək müddətdə 02 (iki) gün şübhəli şəxs qismində tutulması nəzərə alınaraq, ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından 02 (iki) gün çıxılmaqla, üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1 və 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 (on səkkiz) iş saatına görə 198 (bir yüz doxsan səkkiz) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs faktiki olaraq 22 fevral 2025-ci il tarixdən 24 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulması nəzərə alınaraq, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasından 02 (iki) gün çıxılsın, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 iyun 2025-ci il tarixdən hesablansın. Vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 18 (on səkkiz) iş saatına görə 198 (bir yüz doxsan səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar