Məhkəmə qərarları › İş №1(045)-38/2023

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-38/2023

25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-38/2023 25.05.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Goranboy rayon məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxxx 1970-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 fevral 2023-cü il tarixdə saat 13 radələrində Gəncə şəhərində yerləşən “Şəmkir” avtovağzalı adlanan ərazidə yerdə açıq vəziyyətdə olan “Kent 4” markalı siqaret qutusunun içərisindən taparaq satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi bir ədəd açıq-qızılı rəngli kağız bükümdə təmiz çəkisi 1,024 qram olan narkotik vasitə - heroini əynində olan tünd göy rəngli cins şalvarın sağ ön cibinə yerləşdirib qanunsuz saxlayıb daşımaqla yaşadığı evə aparmış, həmin tarixdə saat 16 radələrində yaşadığı, Gəncə şəhəri Nizami küçəsi 9-cu dalan 7 nömrəli evin yaxınlığında küçədə əvvəlcədən razılaşmaqla tanışı X5 həmin narkotik vasitə - heroinin 0,452 qram hissəsini bir ədəd gümüşü rəngli kağız bükümə qablaşdırıb 25 manat pul müqabilində qanunsuz olaraq satmış, qalan şəxsi istehlak miqdarından artıq bir ədəd açıq-qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,572 qram olan narkotik vasitə - heroini satış məqsədi ilə yenidən əynində olan tünd göy rəngli cins şalvarın sağ ön cibinə yerləşdirib qanunsuz saxlamaqla daşımış, 15 fevral 2023-cü il tarixdə saat 17:50 radələrində Goranboy RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri Nizami küçəsində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Goranboy RPŞ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan tünd göy rəngli cins şalvarın sağ ön cibində bir ədəd açıq-qızılı rəngli kağız bükümündə olan 0,572 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 4 ünvanında yaşamışdır. Yaşadığı ərazi camaat arasında “Qaraçılar” məhəlləsi adlanır. Bir müddət narkotik vasitə heroindən istifadə etmişdir. 14 fevral 2023-cü il tarixdə saat 13 radələrində yaşadığı evdən çıxıb Gəncə şəhərində yerləşən “Şəmkir” avtovağzalı adlanan yerə buğda almaq məqsədi ilə getmiş, orada yerdə Kent markalı siqaret qutusunun olmasını görmüşdür. Həmin siqaret qutusu açıq vəziyyətdə olmuş və içərisində iki ədəd nazik siqaret olmuş, həmçinin siqaret qutusunun içərisində bir ədəd açıq-qızılı kağız büküm olmasını görmüşdür. Həmin bir ədəd açıq-qızılı rəngli kağız büküm diqqətini cəlb etdiyi üçün onu götürmüş və içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. Özü də narkotik vasitə heroin istifadəçisi olduğu üçün ətrafda heç kimin olmamağından istifadə edərək həmin bükümü götürmüşdür. Bundan sonra həmin bükümü əynində olan tünd göy rəngli cins şalvarın cibinə qoyaraq yaşadığı ünvana getmişdir. İlk öncə məqsədi həmin narkotik vasitə heroindən özü istifadə etmək olmuşdur. Yaşadığı ünvana gəldikdən sonra təxminən saat 15 radələrində tanışı X6 istifadəsində olan, hazırda xatırlamadığı mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrəsinə zəng vurub ağrıları olduğunu və buna görə də onun üçün narkotik vasitə heroin tapmağını xahiş etmişdir. O, Orxanın narkotik vasitələrdən istifadə etdiyini bilmişdir. Bu səbəbdən yerdən tapdığı narkotik vasitə heroindən Orxana satmaq qərarına gəlmişdir. Bir qədər sonra saat 16:00 radələrində Orxan onun yaşadığı ünvana gəlmiş, o da yaşadığı evdən təxminən 50 metr aralıda küçədə Orxanla görüşmüşdür. Həmin vaxt Orxana bir ədəd içərisində narkotik vasitə olan kağız büküm tapdığını və həmin kağız bükümdə olan narkotik vasitə heroindən bir hissəsini ona verə biləcəyini demişdir. O, bunun müqabilində Orxandan 25 manat pul istəmişdir. Orxan da buna görə ona 25 manat pul vermiş və o da bir ədəd açıq-qızılı rəngli kağız bükümün içərsində olan narkotik vasitə heroinin bir hissəsini gümüş rəngli kağız bükümə yerləşdirib Orxana vermişdir. Nakotik vasitə heroindən qalan hissəsini isə öz istifadəsi üçün saxlamış və onu açıq-qızılı rəngli kağız bükümdə əynində olan tünd göy rəngli cins şalvarın sağ ön cibinə yerləşdirmişdir. Orxan isə onunla sağollaşıb getmişdir. Bir gün sonra, yəni 15 fevral 2023-cü il tarixdə saat 17:40 radələrində yaşadığı evdən çıxaraq şəxsi işləri ilə əlaqədar Gəncə şəhəri ərazisində yerləşən “Yeni Gəncə” adlanan yerə getmişdir. Həmin vaxt əynində bir gün əvvəl geyindiyi tünd göy rəngli cins şalvarı olmuş və həmin tünd göy rəngli cins şalvarın sağ ön cibində bir ədəd açıq-qızılı rəngli kağız bükümdə narkotik vasitə heroin olmuşdur. Belə ki, həmin narkotik vasitə heroini gizlətməyə evdə yer tapmadığı üçün üzərində saxlamışdır. Yaşadığı evdən çıxdıqdan sonra saat təxminən 17:50 radələrində küçədə gedərkən mülki geyimli şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edib Goranboy RPŞ-nin əməkdaşları olduqlarını, narkotik vasitələnin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib onu Goranboy RPŞ-yə dəvət etmişlər. O da polis əməkdaşlarının təklifini qəbul edib onlarla birlikdə Goranboy RPŞ-yə gəlmişdir. Goranboy RPŞ-nin inzibati binasında onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş və o, şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra onun üzərində axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində olan əşyaları könüllü olaraq təqdim etməyi bildirildiyi üçün o, üzərində olan şəxsi əşyalarını və əynində olan tünd göy rəngli cins şalvarın sağ ön cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd açıq-qızılı rəngli kağız bükümü və əynində olan kəmərin sağ hissəsində olan “Attenti” markalı elektron nəzarət alətini masanın üzərinə qoymuşdur. Təqdim etdiklərindən başqa üzərindən əlavə əşya aşkar olunmamışdır. Təqdim etdiyi 1 ədəd açıq-qızılı rəngli kağız bükümə polis əməkdaşları tərəfindən baxış keçirilmiş və həmin bükümün içərisində narkotik vasitə heroinə bənzər maddənin olması aşkar edilmişdir. Üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroinə bənzər maddə olan bir ədəd açıq-qızılı rəngli kağız büküm elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Daha sonra üzərindən aşkar edilmiş heroin ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. Üzərindən aşkar edilmiş digər əşyalar sübut əhəmiyyətinə malik olmadığı üçün özünə qaytarılmışdır. Yekunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 15 fevral 2023-cü il tarixdə icraatına Goranboy RPŞ-nin İB-nin müstəntiqi Gündüz Yusifov tərəfindən əməliyyat tapşırığı daxil olmuşdur. Əməliyyat tapşırığında başqa cinayət işi üzrə təqsirləndirilən şəxs X4 ifadə verən zaman üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini 14 fevral 2023-cü il tarixdə Gəncə şəhərində Qaraçılar məhəlləsində Rövşən adlı şəxsdən almasını bildirdiyi üçün Rövşən adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi göstərilmişdir. Bundan sonra Rövşən adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Rövşən adlı şəxsin ünvan 4-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Daha sonra 15 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq Goranboy RPŞ-yə gətirilməsi üçün RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə xidməti avtomobillə çıxıb ünvan 5 ünvanda yerləşən evin yaxınlığına gəlib müşahidə aparmağa başlamışlar. Təxminən saat 17:50 radələrində Təqsirləndirilən şəxs küçə ilə piyada hərəkət etdiyini görüb ona yaxınlaşıb xidməti vəsiqələrini çıxarıb Goranboy RPŞ-nin əməkdaşları olduqlarını deyib onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs onlarla birlikdə Goranboy RPŞ-yə gəlməli olduğunu demişlər. Təqsirləndirilən şəxs da onların təklifini qəbul edərək onlarla birlikdə Goranboy RPŞ-yə gəlmişdir. Goranboy RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş və o, şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində olan şəxsi əşyaları və əynində olan tünd göy rəngli cins şalvarın sağ ön cibindən içərisində bir ədəd açıq-qızılı rəngli kağız bükümü masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd açıq-qızılı rəngli kağız bükümə baxış keçirilmiş və həmin bükümün içərisində narkotik vasitə heroinə bənzər kütlə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə bənzər kütlə ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş digər əşyalar sübut əhəmiyyətinə malik olmadığı üçün özünə qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid2 iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 15 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış aparılması haqqında” 15 fevral 2023-cü tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və sonuncu könüllü olaraq əynində olan tünd göy rəngli cins şalvarın sağ ön cibindəki qızılı rəngli falqaya bükülmüş narkotik vasitə heroinə bənzər kütləni könüllü olaraq təqdim etmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 fevral 2023-cü il tarixli, 16/224 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə hesab edilən heroinə bənzər kütlə olan bir büküm...” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd açıq-qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,572 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi - 0,572 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,522 qram. Aparılmış tədqiqatın dəyəri 32,4 (otuz iki manat qırx qəpik) manatdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 fevral 2023-cü il tarixli, 16/219 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “X4 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər maddə...” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,452 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi - 0,452 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,402 qram. Aparılmış tədqiqatın dəyəri 32,4 (otuz iki manat qırx qəpik) manatdır; 17 fevral 2023-cü il tarixli “Üzləşdirmə dindirmə protokolu”ndan görünür ki, təqsirləndirilən şəxs X6 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və X6 ifadəsində göstərdiyi xüsusatları, yəni 14 fevral 2023-cü il tarixdə 25 manat pul müqabilində Təqsirləndirilən şəxs narkotik vasitə heroin aldığını sonuncunun üzünə söyləmişdir. Həmçinin, Təqsirləndirilən şəxs da 14 fevral 2023-cü il tarixdə 25 manat pul müqabilində X5 narkotik vasitə heroin satdığını bildirmişdir; Goranboy Rayon Məhkəməsinin 4(045)-09/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qərarından görünür ki, CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 15 fevral 2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 13 mart 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə o, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; Gəncə Şəhər Məhkəməsinin 1(125)-162/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və qəti olaraq ona 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2023-cü il tarixli, 16/267 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 2 (iki) ədəd kağız paketlərdəki heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Aparılmış tədqiqatın dəyəri 32,4 (otuz iki manat qırx qəpik) manatdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 məcburi narkolojitibbi yoxlama haqqında 14 mart 2023-cü il tarixli, 440 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür; “Maddi sübut kimi tanıma haqqında” 27 mart 2023-cü il tarixli qərardan görünür ki, bir ədəd zərfdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra təmiz çəkisi 0,502 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Goranboy RPŞ-nin saxlancına təhvil verilmişdir; Məhkəmənin sorğusuna əsasən Gəncə Şəhər Probasiya Şöbəsinin 183/2022 nömrəli, 25 may 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(125)-162/2022 nömrəli hökmünə əsasən CM-in 234.1ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Şöbənin qeydiyyatına alınaraq cəzanın çəkilmə şərtləri və hökmlə üzərinə qoyulmuş vəzifələr izah edilmişdir. Məhkum Təqsirləndirilən şəxs cəzasını şübhəli şəxs kimi saxlanıldığı 15 fevral 2023-cü il tarixədək 2 ay 13 gün çəkmiş, cəzanın çəkilməmiş qalan hissəsi 2 il 9 ay 13 gün təşkil edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf etməsi və əməlindən peşman olmasını; - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Gəncə şəhər MKTİ-nin rəisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamə). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 1(125)-162/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 02 (iki) il 09 (doqquz) ay 13 (on üç) gün azadlığın məhdudlaşdırılması cəzası (xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 02 ay 13 gününü çəkməsi nəzərə alınaraq), CM-in 68.1.1- 1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla (02 (iki) il 09 (doqquz) ay 13 (on üç) gün = 01 (bir) il 04 (dörd) ay 21 (iyirmi bir) gün) CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Gəncə Şəhər Məhkəməsinin 1(125)-162/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 02 (iki) il 09 (doqquz) ay 13 (on üç) gün azadlığın məhdudlaşdırılması cəzası, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla (01 (bir) il 04 (dörd) ay 21 (iyirmi bir) gün) hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə qəti cəza təyin edilməli (CM-67.1, 68.1.1-1), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və o, narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-in 93.1.2), iş üzrə maddi sübut - Goranboy RPŞ-nin saxlancına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra təmiz çəkisi 0,502 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin 1(125)-162/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 02 (iki) il 09 (doqquz) ay 13 (on üç) gün azadlığın məhdudlaşdırılması cəzası, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 01 (bir) il 04 (dörd) ay 21 (iyirmi bir) gün hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və qəti olaraq ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 15 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və o, narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Goranboy RPŞ-nin saxlancına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra təmiz çəkisi 0,502 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə ekspertiza xərci 64,8 (altmış dörd manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar