Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 1(045)-39/2025 01.09.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1998-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Bərdə rayonu Qaradəmirçi kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 fevral 2025-ci il tarixdə saat 11:30 radələrində Goranboy rayonu Səfikürd kəndində qaynanası Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin qarşısında idarə etdiyi “Mercedes” markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtomobildə olan az yaşlı oğlu xx.xx.2019-cu il təvəllüdlü X1 avtomobildən düşməməsinə görə Zərərçəkmiş şəxs Kərim Kakariyə nalayiq söz deməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı idarə etdiyi avtomobili hərəkət etdirərək Zərərçəkmiş şəxs sağ ayağının üstündən keçərək sonuncuya sağ ayağın İİİ orta flanqasının yerini dəyişməmiş sınığı xəsarəti ilə nəticələnən zərərçəkmiş Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər yetirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü CM-in 127.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2018-ci il tarixdə Nərgizlə ailə həyatı qurmuş və birgə nigahlarından 3 övladı doğulmuşdur. Arvadı Nərgizlə çox mehriban olmuşlar. xx.xx.2025-ci il tarixdə səhər saatlarında işləmək üçün Bərdə rayonuna getmiş, həmin vaxt Nərgiz ona onu atası evinə, yəni Goranboy rayonu Səfikürd kəndinə aparmasını demişdir. O da Nərgizlə razılaşmışdır. Nərgiz uşaqlarını hazırlamış, o isə idarə etdiyi özünə məxsus “Mercedes Benz” markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtomobillə Nərgizi və uşaqlarını qaynatası Fəqanın evinə aparmışdır. Sonra isə özü işləmək üçün Bərdə rayonuna getmişdir. Həmin gün axşam saatlarında işdən gəlib ailəsini də götürüb yaşadıqları evə getmişlər. Həmin gün, yəni xx.xx.2025-ci il tarixdə saat 23 radələrində yaşadıqları evdə olarkən Nərgizlə aralarında mübahisə yaranmış, həmin vaxt Nərgiz ona ağır cavab vermişdir. Ona görə də, o, əsəbiləşib sillə ilə Nərgizin bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. xx.xx.2025-ci il tarixdə səhər saatlarında işə getmiş, həmin vaxt atası Kərim ona zəng edib qaynatası Fəqanın ona zəng edib Nərgizin onlara getmək istədiyini demişdir. Ona görə də, o, idarə etdiyi “Mercedes Benz” markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilini yoldan döndərib yaşadığı evə qayıtmışdır. Yaşadığı evin qarşısında taksi dayandığını görmüş, həmin tanımadığı taksinin sürücüsünə nəyə görə dayandığını demiş, sürücü də ona onu bura çağırdıqlarını demişdir. O, taksinin çağırış pulunu verib yola salmışdır. Yəni, taksi sürücüsünə 15 manat pul vermişdir. Sonra Nərgizi və 3 övladını avtomobilinə mindirib Goranboy rayonu Səfikürd kəndinə gətirmişdir. Yol boyu Nərgizə getməməyini və ailələrini dağıtmamağını bildirmişdir. Lakin, Nərgiz onu eşitməmişdir. O, avtomobilini qaynatası Fəqanın yaşadığı evin qarşısında döndərib saxlamışdır. Bu zaman qaynanası Gülbəniz küçəyə çıxmış, Nərgiz və iki uşağı avtomobildən düşmüş, lakin oğlu Kərim avtomobildən düşməyib onunla getmək istədiyini bildirmişdir. Bu zaman qaynanası Gülbəniz Kərimin sinəsindən tutub “mən buna uşaq verərəm? ay küçük, düş görüm!” demişdir. O da, Gülbənizin oğlu Kərimin yaxasından tutaraq “küçük” dediyi üçün əsəbiləşmiş və Gülbənizə Kərim “mənim uşağımdır” deyib avtomobilini hərəkət etdirmişdir. İdarə etdiyi avtomobilinin sağ tərəf arxa təkəri Gülbənizin sağ ayağının üstündən keçmişdir. Həmin vaxt Gülbəniz qışqırmış, lakin o, avtomobilini saxlamayıb getmişdir. O, avtomobilini hərəkət etdirib gedərkən qaynatası Fəqan darvazanın qarşısına çıxmış və Fəqan yerdən daş götürüb avtomobilinin sağ tərəf yan şüşəsini vurub sındırıb yararsız hala salaraq ona təxminən 50-60 manat məbləğində ziyan vurmuşdur. İdarə etdiyi avtomobillə qayanası Gülbənizin ayağının üstündən qəsdlə keçmişdir. Belə ki, Gülbəniz oğlu Kərimi məcbur düşürmək istəmiş və oğluna ağır sözlər demişdir. Bu səbəbə görə də idarə etdiyi avtomobili hərəkət etdirərək Gülbənizə xəsarət yetirmişdir. xx.xx.2025-ci il tarixdə hadisə təxminən 3-4 dəqiqə davam etmişdir. Etdiyi əməldən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmişdir, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur, buna görə də, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs qızı Nərgizin əridir. Onlar xx.xx.2018-ci il tarixdə evlənmiş və birgə nigahlarından 3 övladları doğulmuşdur. xx.xx.2025-ci il tarixdə saat 08 radələrində yaşadığı evdə olarkən mobil telefonuna zəng gəlmiş, telefona cavab verəndə zəng edənin qızı Nərgiz olduğunu bilmişdir. Telefonda Nərgiz ona “atam evdədirmi?” demişdir. O da Nərgizə atasının evdə olduğunu demişdir. Həmin vaxt Nərgiz ona “telefonu atama ver” demişdir. O da telefonu əri Fəqana vermiş və onlar telefonla danışmışlar. Onlar danışıb qurtardıqdan sonra Fəqan ona Nərgizin gəlmək istədiyini və taksi göndərmək lazım olduğunu demişdir. Bundan sonra, Fəqan Nərgizi gətirmək üçün onun yaşadığı Goranboy rayonu Səmədabad kəndində yerləşən evinə taksi göndərmişdir. Bir müddət keçdikdən sonra, yəni xx.xx.2025ci il tarixdə saat 11:30 radələrində yaşadığı evdə olarkən Fəqan ona “uşaqlar gəldilər, çıx onları qarşıla” demişdir. O da yaşadığı evdən küçəyə çıxmışdır. Həmin vaxt Şirağanın özü idarə etdiyi “Mercedes Benz” markalı avtomobillə Nərgizi və uşaqları gətirdiyini görmüşdür. Nərgiz avtomobildən düşmüş və balaca qızını qucağında tutmuşdur. Nərgiz ona “uşağı məndən al, mən avtomobildən uşaqların paltarlarını götürüm” demiş, lakin uşaq ona yaxın gəlməmişdir. Sonra Nərgiz ona oğlu Kərimi avtomobildən düşürməyini bildirmiş, o da Şirağanın idarə etdiyi avtomobilə sağ tərəfdən yaxınlaşmış, həmin vaxt avtomobilin sağ qabaq qapısı açıq vəziyyətdə olmuşdur. Şirağa isə avtomobilin sükanının arxasında oturmuşdur. O, nəvəsi Kərimə “düşürsənmi?” demiş, Kərim də ona avtomobildən düşmək istəmədiyini bildirmişdir. O da arxaya çevrilib Nərgizə Kərimin düşmək istəmədiyini demişdir. Nərgiz də avtomobilə yaxınlaşmaq istəyərkən Şirağa qəsdlə avtomobili arxaya hərəkət etdirmiş və avtomobilin sağ arxa təkəri onun sağ ayağının üstünə çıxmışdır. O, dərhal Şirağaya “avtomobilin təkəri ayağımın üstünə çıxdı, neynirsən?” demişdir. Bu zaman Şirağa yenə də qəsdlə avtomobili hərəkət etdirmiş və əynində olan jaketin qolu avtomobilin qabaq qapısına ilişmiş, avtomobil onu təxminən 2 metr sürümüşdür. Sonra jaketinin ilişmiş yeri qapıdan çıxmış və Şirağa avtomobili təxminən 10 metr aralı məsafədə saxlayıb avtomobilin yan güzgüsündən arxaya baxmışdır. Bu zaman əri Fəqan evdən çıxıb onların yanına gəlmişdir. Fəqan evdən çıxdıqdan sonra Şirağa avtomobilini hərəkət etdirib getmişdir. Şirağa qəsdlə ona xəsarət yetirdiyi üçün Fəqan onu xəstəxanaya aparmışdır. Hadisə təxminən təxminən 3-4 dəqiqə davam etmişdir. xx.xx.2025-ci il tarixdə hadisə vaxtı qızı Nərgiz orada olmuş və Şirağanın idarə etdiyi avtomobillə qəsdlə onun ayağının üstünə çıxmasını və onu sürüməsini görmüşdür. Nərgizdən başqa orada heç kim olmamışdır. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmişdir, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun əridir. Onlar xx.xx.2018-ci il tarixdən rəsmi olaraq ailə qurmuşlar. Birgə nigahlarından 3 övladları doğulmuşdur. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Şirağa işləmək üçün Bərdə rayonuna getmiş, həmin vaxt Şirağaya onu da atası evinə yəni Goranboy rayonu Səfikürd kəndinə aparmasını demişdir. Şirağa da onunla razılaşmışdır. O, uşaqlarını hazırlamış və Şirağa idarə etdiyi özünə məxsus Mercedes Benz markalı avtomobillə onu və uşaqlarını atası Fəqanın evinə gətirmişdir. Sonra isə Şirağa işləmək üçün Bərdə rayonuna getmişdir. Həmin gün axşam saatlarında Şirağa işdən gəlmiş və onları götürüb yaşadıqları evə getmişlər. Evlərinə gedərkən Şirağa ona valideyinlərinin ona “sən kişi deyilsən? niyə arvadını aparıb atası evinə qoyursan?” dediklərini bildirmişdir. O da Şirağaya “atam evinə gedəndə nolar ki?” demişdir. Onlar yaşadıqları evə çatmışlar. Həmin gün yəni xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Şirağa ona “mən indi kişi deyiləm?” demiş, o da, Şirağaya “həmin sözü mən yox, sənin valideyinlərin sənə deyiblər” demişdir. Bunun üstündə Şirağa onunla dalaşmış və yumruqla başına bir zərbə vurmuşdur. Zərbənin təsirindən özünü itirmişdir. Sonra Şirağa mətbəxə keçmiş və əlində mətbəx bıçağı ilə yanına gəlmişdir. Həmin vaxt o, divanda oturmuş, Şirağa əlindəki bıçağın ucu ilə onun başına vurmuş və başından qan axmış, o, özünü itirmişdir. Həmin gecəni yatmışlar və xx.xx.2025-ci il tarixdə səhər saatlarında Şirağa hazırlaşıb Bərdə rayonuna işə getmişdir. Şirağa işə gedəndə ona “işdən gələndə səni evdə görməyim, əgər evdə olsan səni öldürəcəm!” demişdir. Şirağa işə gedəndən sonra atası Fəqana zəng edib evlərinə gəlmək istədiyini demişdir. Atası Fəqan da onun yaşadığı Goranboy rayonu Səmədabad kəndində yerləşən evlərinə taksi göndərmişdir. Şirağa atasının göndərdiyi taksi ilə yaşadıqları evə eyni vaxtda gəlmişlər. Şirağa ona “bu taksi nəyə görə gəlibdir?” demiş, o da Şirağaya “atama taksi göndərməyini dedim, atam da taksi göndəribdir” demişdir. Sonra Şirağa taksinin pulunu verib göndərmiş və ona “sizi özüm aparacağam” demişdir. Bundan sonra övladları və o, Şirağanın idarə etdiyi avtomobilə əyləşmişlər. Şirağa onu və uşaqlarını atası evinə gətirmişdir. Həmin vaxt anası Gülbəniz evdən küçəyə çıxmış, o, qucağında olan kiçik qızı Fatiməni anasına vermək istəmiş, qızı Fatimə anasının qucağına getməmişdir. Ona görə anasına “avtomobildən oğlum Kərimi düşür” demiş, özü isə avtomobildən uşaqların paltarlarını götürmək istəmişdir. Kərim avtomobildən düşmək istəməmiş və avtomobildə qalmışdır. Bu zaman Şirağa avtomobili hərəkət etdirmiş və avtomobilin arxa sağ təkəri ilə qəsdlə anası Gülbənizin ayağının üstündən keçmişdir. Sonra anasının əynində olan jaketi avtomobilin qapısına ilişmiş və anasını təxminən 2 metr sürümüşdür. Şirağa avtomobili təxminən 10 metr aralı məsafədə saxlamış və yan güzgüdən arxaya onlara baxmışdır. Sonra atası Fəqan küçəyə çıxmışdır. Bundan sonra Şirağa avtomobili hərəkət etdirib getmişdir. Həmin vaxt anası sağ ayağından xəsarət almışdır. xx.xx.2025-ci il tarixdə hadisə təxminən təxminən 3-4 dəqiqə davam etmişdir. xx.xx.2025-ci il tarixdə hadisə vaxtı o, azyaşlı uşaqları orada olmuş və Şirağanın idarə etdiyi avtomobillə qəsdlə anası Gülbənizin ayağının üstünə çıxmasını və onu sürüməsini görmüşdür. Ondan başqa orada heç kim olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs qızı Şahid1 əridir. Onlar 2018-ci ilin yanvar ayından evlənmişlər və birgə nigahlarından 3 uşaqları dünyaya gəlmişdir. Şirağa ailəsi ilə birlikdə Goranboy rayonu Səmədabad kəndində yaşamışdır. xx.xx.2025-ci il tarixdə səhər saatlarında qızı Nərgiz zəng edib evlərinə gəlmək istədiyini demiş, o da, taksi ilə danışıb qızı Nərgizi gətirmək üçün Goranboy rayonu Səmədabad kəndində yerləşən evlərinə göndərmişdir. Həmin gün saat 11:30 radələrində yaşadığı evdə olarkən qızı Aminə ona bacısı Nərgizgilin gəldiyini demiş, o da, arvadı Zərərçəkmiş şəxs küçəyə çıxıb Nərgizgili qarşılamasını demişdir. Gülbəniz də evdən küçəyə çıxmış, bir neçə dəqiqədən sonra küçədən səs-küy gəldiyini eşitmişdir. Ona görə də, evdən küçəyə çıxmış, küçəyə çıxanda arvadı Gülbənizin yerdə uzandığını görmüş, Şirağa isə idarə etdiyi Mercedes Benz markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtomobili ilə təxminən 15-20 metr aralı məsafədə saxlayıb avtomobilinin yan güzgüləri ilə onlara baxdığını görmüşdür. Sonra Şirağa avtomobilini hərəkət etdirib getmişdir. Gülbənizdən nə baş verdiyini soruşmuş, Gülbəniz də ona qızı Nərgizin ona avtomobildən uşağı götürməsini dediyini, o, avtomobildən uşağı götürəndə Şirağa avtomobil hərəkət etdirdiyini, o da Şirağaya “ayağım avtomobilin təkərinin altındadır, hara hərəkət etdirirsən?” dediyini, buna baxmayaraq Şirağa avtomobilini hərəkət etdirib ayağının üstündən keçdiyini, bundan sonra avtomobili təkrar arxaya verib yenə ayağının üstündən keçdiyini və avtomobillə təxminən 2 metr sürüdüyünü demişdir. Şirağa böyük oğlu Kərimi də özü ilə aparmışdır. Arvadı Gülbəniz ayaqlarından xəsarət aldığı üçün onu Goranboy rayon xəstəxanasına aparmışdır. Həmin gün evə getdikdən sonra qızı Nərgiz ona xx.xx.2025-ci il tarixdə axşam saatlarında yaşadıqları evdə olarkən Şirağanın onu evdə döydüyünü və bıçaqla başına xəsarət yetirdiyini bildirmişdir. Bu səbəbdən də qızı acıq edib onun evinə gəlmişdir. Şirağa Gülbənizə xəsarət yetirməyi ilə əlaqədar olaraq ona 1500 manat dəyərində maddi ziyan vurmuşdur. Belə ki, həmin pulu Gülbənizin müalicəsinə xərcləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizası ilə bağlı 10 fevral 2025-ci il tarixli, 56 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ ayağın İİİ orta falanqasının yerini dəyişməmiş sınığı bərk küt əşyanın təsirindən, o cümlədən xx.xx.2025-ci il tarixdə avtomaşınla vurulma zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01 may 2025-ci il tarixli arayışından aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “Qətimkan tədbiri seçilməsi haqqında” 05 may 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Zərərçəkmiş şəxs 01 sentyabr 2025-ci il tarixdə Goranboy rayon Məhkəməsində tərtib və təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ondan üzr istəmişdir, ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir, onunla barışmışdır, ona görə də, sonuncudan şikayətçi deyil, ondan heç bir tələbi və iddiası yoxdur. Odur ki, ərizəsinin nəzərə alınmasını, Təqsirləndirilən şəxs barəsində olan 1(045)-39/2025 saylı cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir; Təqsirləndirilən şəxs 01 sentyabr 2025-ci il tarixdə Goranboy rayon Məhkəməsində tərtib və təqdim etdiyi ərizəsindən görünür ki, o, əməlini səmimi etiraf edir, hazırda Zərərçəkmiş şəxs üzr istəmiş, onunla barışmış, ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir, əməlindən səmimi peşmandır və sonuncunun ondan heç bir şikayəti, tələbi və iddiası yoxdur. Ona görə də, barəsində olan 1(045)-39/2025 saylı cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı, iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizələrini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73.2ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CMin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CPM-in 156.4 və 175.5-ci maddələrini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 16 (on altı) iş saatı üçün cəmi 176 (bir yüz yetmiş altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, ekspertiza xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə barəsində həmin Məcəllənin 127.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 16 (on altı) iş saatı üçün cəmi 176 (bir yüz yetmiş altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Goranboy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-39/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №1(045)-39/2025
01.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver