Məhkəmə qərarları › İş №1(045)-41/2023

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-41/2023

01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-41/2023 01.06.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Goranboy rayon məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Аzərbaycan Рespublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Gəncə şəhəri, Sevinc qəsəbəsi, 14-cü küçədə yerləşən mənzildə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs daimi narkotik vasitələrin aludəçisi olduğu üçün 07 fevral 2023cü il tarixdə günorta saatlarında Samux rayonu ərazisindən keçən çayın kənarından yerdən taparaq satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz olaraq əldə etdiyi bir ədəd qırmızı rəngli polietilen torbada şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 440 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı etibarnamə əsasında idarə etdiyi VAZ-21074 markalı, **-CE-*** dövlət nömrə nişanlı avtomobilin yük yerində qanunsuz saxlayıb daşımaqla və 11 fevral 2023-cü il tarixdə saat 22 radələrində Gəncə şəhəri, Nizami rayonu, Puşkin küçəsi, dalan 1, ev 1-də qeydiyyatda olan və Gəncə şəhəri Avtozavod qəsəbəsində yaşayan tanışı X3 Gəncə şəhəri Avtozavod qəsəbəsində yerləşən “Malik” marketin yaxınlığında şəxsi istehlak miqdarından artıq bir ədəd qara kağız bükümdə təmiz çəkisi 1,053 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroini 55 manata satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz olaraq alıb əldə edərək əynində olan qara rəngli jaketin yuxarı çöl sol cibində qanunsuz saxlayaraq daşımış, 11 fevral 2023-cü il tarixdə saat 23:40 radələrində Goranboy RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisində etibarnamə əsasında idarə etdiyi VAZ-21074 markalı, **- CE-*** dövlət nömrə nişanlı avtomobillə saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı bir ədəd qara kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,053 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin əynində olan qara rəngli jaketin yuxarı çöl sol cibində, avtomobilə baxış keçirilərkən isə bir ədəd qırmızı rəngli polietilen paketdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 440 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana avtomobilin yük yerində aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir müddət narkotik vasitə marixuana və heroindən istifadə etmişdir. Onun “VAZ 21074” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili var və həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Həmin avtomobili etibarnamə əsasında idarə edir. 07 fevral 2023cü il tarixdə günorta saatlarında etibarnamə ilə idarə etdiyi avtomobillə Samux rayonu ərazisindən keçən çaydan balıq tutmağa getmiş, balıq tutarkən çayın kənarında qırmızı rəngli sellofan torba diqqətini çəkmiş, ona görə də həmin sellofan torbanı götürüb baxmış və içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin qurudulmuş marixuananı özü istifadə etmək üçün götürüb avtomobilinin arxa yük yerinə qoymuş və həmin vaxtdan avtomobilinin yük yerində daşımışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Gəncə şəhəri Avtozavod qəsəbəsində yaşayan tanışı X3 55 manata narkotik vasitə heroin almışdır. Belə ki, o, xx.xx.2023-cü il tarixdə Orxana zəng edərək bərk ağrıları olduğunu, ona istifadə etmək üçün heroin lazım olduğunu demişdir. Orxan da ona narkotik vasitə heroin verə biləcəyini demişdir. Daha sonra o, Orxanla görüşmək üçün idarə etdiyi avtomobillə Gəncə şəhəri Avtozavod qəsəbəsinə getmiş və orada Orxanla görüşmüşdür. O, Orxana 55 manat vermiş, Orxan da ondan pulu alıb heroin təşkil edəcəyini demişdir. Bir müddət keçdikdən sonra təxminən saat 22:00 radələrində Orxan ona zəng edərək heroin təşkil etdiyini və heroini Gəncə şəhəri Avtozavod qəsəbəsində yerləşən “Malik” marketin yaxınlığında olan böyük daşın yanına qoyduğunu demişdir. O da gedib həmin daşın altından heroini götürüb əynindəki jaketin yuxarı çöl sol cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 23:40 radələrində etibarnamə ilə idarə etdiyi “VAZ 21074” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayonunun Dəliməmmədli şəhərinə sərnişin gətirmiş, sərnişini Dəliməmmədli şəhərində düşürdüb geri qayıtmaq istəyəndə polis əməkdaşları onu saxlatmışdır. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra üzərində və avtomobilində narkotik vasitə saxlamağında şübhəli olduğunu deyib onu Goranboy RPŞ-yə dəvət etmişlər. O da heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə idarə etdiyi avtomobillə Goranboy RPŞ-yə gəlmişdir. Goranboy RPŞ-də ona üzərində şəxsi axtarış aparılacağı və avtomobilinə baxış keçiriləcəyi bildirilmişdir. O buna heç bir etiraz etməmişdir. Bundan sonra hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş və o, şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış aparılmazdan əvvəl üzərində olan əşyaları könüllü olaraq masanın üzərinə qoymaq təklif olunmuşdur. O da əynindəki qara rəngli qabağı zəncirbəndlə bağlanan jaketin yuxarı çöl sol cibindən bir ədəd qara rəngli kağız bükümdə saxladığı narkotik maddə heroini və şəxsi əşyalarını çıxarıb masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı üzərindən dövriyyəsi qanunla qadağan olunmuş başqa bir maddə aşkar edilməmişdir. Onun üzərindən aşkar edilmiş bir ədəd qara rəngli kağız bükümdəki narkotik maddə heroin elektron tərəzidə çəkilmiş və ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. Sonra bu barədə protokol tərtib olunmuş, həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş digər əşyalar isə özünə qaytarılmışdır. O, sorğu zamanı idarə etdiyi avtomobilin arxa yük yerində narkotik vasitə marixuana saxladığını da bildirmişdir. Bundan sonra RPŞ-nin inzibati binasının həyətində olan “VAZ 21074” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı o, könüllü olaraq avtomobilin arxa yük yerini açıb orada qırmızı rəngli sellofan torbadakı narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Avtomobilindən aşkar edilmiş sellofan torbadakı narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. Sonra bu barədə protokol tərtib olunmuş, həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Saxlanılan, Goranboy RPŞ-yə gətirilən, həmçinin üzərinə və avtomibilinə baxış keçirilən zaman ona heç bir təzyiq və zor olmamışdır. Sonda Təqsirləndirilən şəxs bildirdi ki, əməlindən peşmandır. Himayəsində bir azyaşlı övladı vardır. Bunları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 11 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs mütəmadi olaraq idarə etdiyi “VAZ 21074” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayonu ərazisinə gələrək qanunsuz olaraq narkotik vasitə istifadə etməsi, üzərində və avtomobilində saxlaması barədə əməliyyat məlumat almış, aldığı məlumat barədə dərhal şöbə rəhbərliyinə raportla məruzə etmişdir. Şöbə rəhbərliyi Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılmasına və idarə etdiyi “VAZ-21074” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilməsinə icazə verdikdən sonra Goranboy RPŞ-nin əməkdaşları Şahid2, X4 və onun daxil olduğu əməliyyat qurupu yaradılmışdır. Bundan sonra əməliyyat-axtarış qurupunun üzvləri ilə birlikdə Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisinə getmiş və xx.xx.2023-cü il tarixdə saat 23:40 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21074” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayonu Dəliməmmədli şəhərində hərəkətdə olarkən onu saxladıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs üzərində və avtomobilində narkotik vasitə saxlamağında şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Goranboy RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir etiraz etmədən idarə etdiyi “VAZ 21074” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Rayon polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi avtomobilə baxış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq masanın üzərinə qoymaq təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli qabağı zəncirbəndlə bağlanan jaketin yuxarı çöl sol cibindən bir ədəd qara rəngli kağız bükümdə narkotik maddə heroinə bənzər maddəni və şəxsi əşyalarını çıxarıb masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qanunla qadağan olunmuş başqa bir maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs sorğu zamanı idarə etdiyi avtomobilin arxa yük yerində narkotik vasitə marixuana saxladığını da bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21074” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin arxa yük yerini açaraq orada qırmızı rəngli sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni göstərərək təqdim etmişdir. Sorğu zaman Təqsirləndirilən şəxs həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni 3-4 gün əvvəl Samux rayonu ərazisindən tapdığını və özü istifadə etdiyi üçün avtomobilində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə və avtomobilindən aşkar edilmiş marixuanaya bənzər maddələr tərəzidə çəkilmiş, ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş digər əşyalar sübut əhəmiyyətinə malik olmadığı üçün özünə qaytarılmışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Goranboy RPŞ-nin əməkdaşı Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbər verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunarkən məlum oldu ki, o, iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 12 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxt 11 fevral 2023-cü il, saat 23:40-dır; “Şəxsi axtarış aparılması haqqında” 12 fevral 2023-cü tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və sonuncu könüllü olaraq əynində olan qara rəngli qabağı zəncirbəndlə bağlanan jaketin yuxarı çöl sol cibindən bir ədəd qara rəngli kağız bükümdə narkotik maddə heroinə bənzər maddəni könüllü olaraq təqdim etmişdir; “Baxış keçirilməsi haqqında” 12 fevral 2023-cü tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi “VAZ 21074” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı maşına baxış keçirilmiş və sonuncu avtomobilin arxa yük yerini açaraq orada qırmızı rəngli sellofan torbadakı narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 16/206 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş heroinə bənzər maddə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qara kağız bükümdə təmiz çəkisi 1,053 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş üzərində, “Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qırmızı rəngli polietilen paketdə təmiz çəkisi 440 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60,8 (altmış manat səksən qəpik) manatdır; “Tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi barədə” 13 fevral 2023cü il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs həbsdən azad edilmiş və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Maddi sübut kimi tanıma haqqında” 11 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib saxladığı və daşıdığı 440 qram marixuanadan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 439,98 qram şəxsi istehlak miqdarından artıq çəkidə olan kustar üsulla hazırlanmış qurudulmuş marixuana və 1,053 qram heroindən tədqiqata sərf edildikdən sonra qalan 1,003 qram şəxsi istehlak miqdarından artıq çəkidə olan kustar üsulla hazırlanmış heroin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Goranboy RPŞ-nin anbarına təhvil verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 məcburi narkolojitibbi yoxlama haqqında 15 aprel 2023-cü il tarixli, 641 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 16/448 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş heroinə bənzər maddə” yazılar olan paketdəki 1 (bir) ədəd bükümdə olan heroin ilə üzərində “X6 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə” yazılar olan paketdəki 1 (bir) ədəd bükümdə olan heroin, kimyəvi tərkiblərinə görə eyni deyildirlər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 30,4 (otuz manat qırx qəpik) manatdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarışəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, 12-ci qrafasına əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,053 qram, narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 440 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf edib əməlindən peşman olmasını; - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Gəncə şəhər MKTİ-nin rəisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamə). - himayəsində 1 azyaşlı uşağının olmasını (əsas: iş materiallarında olan 1 saylı Gəncə “ASAN” xidmət mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 235103 nömrəli doğum haqqında şəhadətnamənin surəti). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 2 (iki) gün müddət (11-13 fevral 2023-cü il) ona təyin edilmiş cəzadan çıxılmalı və qəti cəza müəyyən edilməli (CM-in 69.3-cü maddəsi), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPMin 158.2.1, 158.6, CM-in 69.3-cü maddələri), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2-ci maddəsi), ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Goranboy RPŞ-nin anbarına təhvil verilmiş narkotik vasitə qurudulmuş marixuana və heroinin qalıq çəkiləri (qurudulmuş marixuana 439,98 qram, heroin 0,983 qram) məhv edilməli (CPM-in 132-ci maddəsi), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1-ci maddəsi). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 2 (iki) gün (11 fevral-13 fevral 2023-cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və qəti olaraq ona 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 01 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Goranboy RPŞ-nin anbarına təhvil verilmiş narkotik vasitə qurudulmuş marixuana və heroinin qalıq çəkiləri (qurudulmuş marixuana 439,98 qram, heroin 0,983 qram) məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 91,2 (doxsan bir manat iyirmi qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar