Məhkəmə qərarları › İş №1(045)-41/2024

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-41/2024

25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-41/2024 25.07.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2004-cü ildə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Goranboy şəhəri V.Bayramov küçəsində yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən tamah niyyətilə saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Goranboy rayonu, 59-cu kvartalda yerləşən Zərərçəkmiş şəxs həyətinə hasardan aşaraq, oradan isə evin digər saxlanc yeri hesab edilən zirzəmisinə qapının qıfılını dartıb açaraq qanunsuz daxil olmaqla zirzəmidən 1 dəst 120 manat dəyərində "Qalaksi” tava dəsti (hər dəstdə 4 ədəd tava), 1 ədəd 180 manat dəyərində "Qalaksi” qazan dəsti (hər dəstdə 5 ədəd qazan), 1 ədəd 250 manat dəyərində "Arçidak” markalı "Qranet” qazan dəsti (hər dəstdə 10 ədəd qazan) hər birinin dəyəri 10 manat olmaqla ümumi dəyəri 60 manat olan 6 ədəd hamam dəsmalı, 1 ədəd 80 manat dəyərində "Qalaksi GMG-7330” markalı 230V-luq ətçəkən maşın, hər birinin dəyəri 3 manat olmaqla, ümumi dəyəri 45 manat olan 15 ədəd çay dəsmalı, hər birinin dəyəri 6 manat olmaqla ümumi dəyəri 72 manat olan 12 ədəd əlüz dəsmalı, ümumi dəyəri 6943 manat olan 1 dəst "Arçidak” markalı "Qranet” qazan dəsti, 1 ədəd sok çəkən maşın, 6 ədəd xrustal materialdan hazırlanmış konfet qabı, 6 ədəd meyvə qabı, 6 ədəd qənd qabı, 2 ədəd su dolçası, 12 ədəd stəkan, 4 ədəd ləpə qabı, 9 ədəd müxtəlif markalı yataq dəsti, 2 ədəd su dəsti, 1 dəst boşqab və 4 dəst nəlbəki, müxtəlif formalı 6 ədəd qənd qabı, 5 ədəd süfrə və müxtəlif formalı 6 ədəd mürəbbə qabı, 1 ədəd miksel, 2 ədəd narşərab qabını, ümumilikdə 8000 (səkkiz min) manat dəyərində cehizlik əşyalarını gizli olaraq talayıb, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CMin 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Goranboy şəhəri, V.Bayramov küçəsində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Zərərçəkmiş şəxs tanıyır, Bahar onunqonşusudur. O, xərcləməyə pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmiş, Zərərçəkmiş şəxs uzun illərdir ki, evində olmadığını, müxtəlif şəxslərin həmin evdə kirayə yaşadıqlarını, son 2 ayda isə evin boş olduğunu bilmişdir. O, həmin evin oğurluq üçün ideal seçim olduğunu düşünmüş, xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Baharın evinə getmiş, evin zirzəmisində əlvan metallar olduğunu fikirləşmiş və zirzəmiyə yaxınlaşan zaman qapının cəftəsinin qıfıllandığını görmüşdür. Cəftəni dartan kimi qıfılın arasında olan boşluğun hesabına qapı açılmış, o, zirzəmiyə daxil olmuş və orada müxtəlif növ cehizlik əşyalarının olduğunu görmüşdür. Bundan sonra, o, həmin əşyaları ilk əvvəl zirzəmidən daşıyıb çıxarmış və bütün əşyaları evinin həyətinin giriş qapısının qarşısında olan saman kiplərinin arasında gizlətmişdir. Bundan sonra o, Baharın evindən oğurladığı 2 ədəd qazan və 1 ədəd tava dəstini və adları yadında qalmayan müxtəlif əşyaları evində heç kimin olmamasından istifadə edib saman kiplərinin arasından çıxarmışdır. Bundan sonra həmin əşyaların üzərində olan samanları təmizləmişdir ki, heç kim oğurluq olmasından şübhələnməsin. Bundan sonra qonşusu Zaura zəng edərək Gəncə şəhərinə qab-qacaq aparmaq istədiyini bildirmişdir. Zaur isə ilk əvvəl ondan əşyaların oğurluq olub-olmadığını soruşmuşdur. O isə Zaura əşyaların özünə məxsus olduğunu və həmin malları kreditlə aldığını, pula ehtiyacı olduğu üçün satdığını demişdir. Bundan sonra Zaur onunla razılaşmış, o, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində bütün qab-qacaqları 1 ədəd ətçəkən maşından başqa hamısını Zaurun idarə etdiyi Hyundai markalı avtomobilə yükləmişdir. Onlar Gəncə şəhərinə qab-qacaq malları satılan yerə getmiş və həmin qabları satmaq istəsə də, mağazalar həmin malları almamışdır. Bundan sonra Zaur Elsevərin nömrəsini ona vermiş, o, Elsevərlə telefonla danışmış və qab-qacaq alıb-almadığını soruşmuşdur. Elsevər isə ona oğurluq olmadığı halda alacağını bildirmişdir. O isə Elsevərə malların özünə məxsus olduğunu və pul lazım olduğu üçün satdığını bildirmişdir. Bundan sonra onlar Gəncə şəhərində görüşmüş, Elsevərə qabların və digər əşyaların qiymətinin 500 manat olduğunu bildirmiş və onlar öz aralarında 350 manata razılaşmış, o, həmin əşyaları Elsevərə satmış və yol pulu kimi Zaura 30 manat vermiş, bundan sonra həmin pulları öz ehtiyacları üçün xərcləmişdir. O, xx.xx.2024-cü il tarixdə dostları ilə birlikdə Goran qəsəbəsində yerləşən Şamo adlı şəxsin yanında çörək yemiş və onların yeməyin hesabına 37 manat pulları çatmamış, birlikdə çörək yedikləri Bəşirə 1 ədəd oğurladığı ətçəkən maşın vermişdir ki, borcunun əvəzi olaraq həmin ətçəkəni qəbul etsin. Elsevər və Şamoya satdığı əşyalardan başqa heç bir şey oğurlamamış, oğurluq etməsi barədə heç kimin məlumatı olmamışdır. Oğurluq zamanı onu heç kim görməmiş, ilk dəfə oğurluq etmişdir. Qeyd olunan oğurluqdan əvvəl və sonra oğurluq etməmişdir. Son olaraq əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəyən ziyanın bir qismini ödədiyini, sonuncu ilə barışdığını və ona qarşı şikayətinin olmadığını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, hal-hazırda ünvan 4 ünvanında yerləşən atası evində qalır. Onun öz evi Goranboy rayonunun Kəpənəkçi kəndində yerləşir. O, təxminən 5 ildir ki, atası evində yaşayır və bu səbəbdən öz evindən çıxmışdır. Həmin evini qeyd olunan müddət ərzində müxtəlif şəxslərə kirayəyə vermişdir. Son iki aydır ki, evində kirayə yaşayan yoxdur. O, qızlarını evləndirən zaman onlara ana payı kimi cehiz vermək üçün mütəmadi olaraq evinə müxtəlif cehizlik əşyaları alıb yerləşdirmişdir. O, evini kirayəyə verən zaman evində olan həmin əşyaları evinin zirzəmisinə yerləşdirmişdir. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində qardaşı ilə birlikdə bəzi əşyaları götürmak üçün evinə getmişdir. O, sonuncu dəfə evə getdikdən 2 ay əvvəl evinin zirzəmisinə baxmış və o, baxan zaman bütün əşyalarını qoyduğu yerdə görmüşdür. O, evinin zirzəmisinin qıfılını açıb içəri daxil olan zaman əşyalarının bir qisminin yerində olmadığını, bəzi əşya qutularının boş olduğunu görmüşdür. Diqqətlə baxan zaman 2 dəst "Arçidak” markalı Qranet qazan dəsti (dəstdə 10 ədəd qazan var), 1 dəst "Qalaksi qazan dəsti" (5 ədəd qazan var), 1 dəst "Qalaksi tava dəsti" (dəstdə 4 ədəd tava var), 1 ədəd "Qalaksi” ətçəkən maşın, 1 ədəd sokçəkən maşın, 6 ədəd xrustal materialdan hazırlanmış konfet qabları (Çexiya istehsalı), 6 ədəd meyvə qabı, 6 ədəd qənd qabı, 2 ədəd su dolçası, 12 ədəd stəkan, 4 ədəd ləpə qabı (Çexiya istehsalı), 9 ədəd müxtəlif markalı yataq dəstləri, 6 ədəd hamam dəsmalları, 15 ədəd çay dəsmalları və 12 ədə əl-üz dəsmalları, 2 ədəd su dəsti (dolça və hər birinin yanında 6 ədəd stəkanları ilə birlikdə), 1 dəst boşqab (dəstdə 24 ədəd boşqab daxildir, servis boşqablarıdır) və 4 dəst nəlbəki (hər dəstdə 6 ədəd nəlbəki daxildir), müxtəlif formalı 6 ədəd qənd qabları (Çexiya istehsalı), 5 ədəd süfrə və müxtəlif formalı 6 ədəd mürəbbə qabları (Rusiya istehsalı), 1 ədəd miksel, 2 ədəd narşərab qablarının (Rusiya istehsalı) yerində olmadığını görmüşdür. Bundan sonra o, evinin zirzəmisində yerləşən əşyaların oğurlandığını bildiyi üçün bu barədə DİN-nin 102 xidmətinə və Goranboy RPŞ-yə ərizə ilə müraciat etmişdir. Yekunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın bir hissəsinin ödənildiyini, qalan hissəsinin isə yaxın vaxt ərzində ödəniləcəyi barədə razılığa gəldiklərini, bu səbəbdən təqsirləndirilən şəxslə barışdığını, ondan şikayətinin olmadığını bildirərək buna dair müvafiq ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Goranboy rayonu, Boluslu kəndində daimi qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs tanımır, Şahid1 Goranboy rayon sakini kimi tanıyır, Şahid1 onun kafesində bir neçə dəfə yeyib içmişdir. Bəşirlə həmin vaxtdan münasibəti yaranmışdır. Şahid1la normal münasibəti olmuş, aralarında heç bir düşmənçilik və ya ədavəti yoxdur. Fevral ayının əvvəllərində Bəşir tanımadığı şəxslərlə birlikdə onun Goranboy rayonu, Goran qəsəbəsində yerləşən yeməkxanasına gəlmişlər və yeməkxanadakı masalardan birində əyləşmiş, yemək sifariş edib yeyib içmişlər. Onların stolunun hesabı 87 manat etmiş, borclarının 50 manatını vermişlər. Qalan 37 manat pulu isə Bəşir ona demişdir ki, o, cavabdehdir, pulunu 1 gün sonra verəcəkdir. O da Bəşirlə razılaşmışdır. Bundan sonra Bəşir ona zəng edərək pulun əvəzinə evində artıq ətçəkən maşın olduğunu və həmin ətçəkəni vermək istədiyini bildirmişdir. O isə Bəşirdən həqiqətən özünün olub-olmamasını soruşmuş, Bəşir isə özünün olduğunu bildirmişdir. O da bundan sonra Bəşirlə razılaşmışdır. Yemək yedikləri gündən 2 gün sonra Goranboy şəhərində yerləşən "Lüks” marketin qarşısında Bəşirlə görüşmüş və Bəşir həmin ətçəkən maşını ona vermişdir. Sonradan o, ətçəkən maşını polisə təqdim etmişdir. Bundan başqa o, ətçəkən maşının oğurluq olduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır. Səlimlə tanışı Zaur vasitəsi ilə tanış olmuş və onu bir dəfə görmüşdür. Səlimlə heç bir düşmənçilik və ya ədavəti yoxdur. Şahid4 onun dostudur, Zaurla Rusiya Federasiyasında tanış olmuşdur. xx.xx.2024-cü il tarixdə Şahid4 ona zəng edərək bir nəfərin kreditlə qazan, qab-qacaq dəstləri və yemək dəstləri aldığını, pul lazım olduğu üçün satmaq istədiyini bildirmişdir. Bundan sonra Şahid4 ondan həmin əşyaları almaq istəyib-istəmədiyini soruşmuşdur. Bundan başqa Şahid4 ona qeyd olunan əşyaların dəyərindən aşağı qiymətə satıldığını bildirdiyi üçün o da həmin qab-qacağı almaq istədiyini bildirmişdir. Bundan sonra Şahid4 bir nəfərlə birlikdə Gəncə şəhərinə gəlmiş və onlar görüşmüşlar. O, Zaurun yanında gələn şəxslə görüşdükdan sonra Zaur ona həmin şəxsin adının Səlim olduğunu va özünə məxsus olan əşyaları pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. O da Səlimdən əşyaların kimə məxsus olduğunu və nə üçün satdığını soruşmuş, Səlim ona əşyaların özünə məxsus olduğunu, həmin əşyaları kreditlə aldıqlarını və pula ehtiyacı olduğu üçün əşyaları satdığını bildirmişdir. O, söhbət əsnasında Səlimdən əşyaları neçəyə satdığını soruşmuş, Səlim ona əşyaları 500 manata satdığını bildirmişdir. O, isə Səlimə 350 manat pulu olduğunu və əşyaları həmin qiymətə ala biləcəyini bildirmişdir. Bundan sonra onlar öz aralarında razılaşmışlar. O, əşyaları götürüb evinə aparmışdır. Bundan sonra polis əməkdaşları ona cehizlik əşyalarının oğurluq olduğunu bildirmiş və o da həmin cehizlik əşyalarını könüllü olaraq təqdim etmişdir. O, cehizlik əşyalarının oğurluq olduğunu bilməmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid1 və Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir ki, Goranboy şəhər sakini kimi tanıyır. Səlimlə normal münasibəti var və əvvəllər aralarında heç bir düşmənçilik və ya ədavətləri yoxdur. O, Səlimlə yaxın münasibətdə olduğu üçün bir neçə dəfə birlikdə Goranboy şəhərində yerləşən kafelərdə və bir-birlərinin evlərində çörək yemişlər. 15 fevral 2024-cü il tarixdə Goranboy rayonunda yerləşən "cuqu” ləqəbli şəxsin kafesində oturub Səlimlə birlikdə pivə içmiş, pivənin pulu 6 manat etmiş, o, da həmin pulu verib kafedən çıxmışlar. Bundan sonra, Şahmat məktəbinin yaxınlığında yerləşən kafedən Rəqsanə adlı qızı götürüb Goran qəsəbəsində yerləşən Şamoya məxsus kafeyə getmişlər. Onlar kafedə oturub bir qədər çörək yemiş, çörək yeyən zaman bir neçə şəxs onların masasına gəlib onlarla çörək yemişdir. Stolun hesabı 85 manat etmiş, onlar stolun hesabını verən zaman o, 20 manat tanımadığı iki nəfər şəxsdən biri 20 manat biri isə 10 manat vermişdir. Masanın 37 manat borcu qalmışdır. O, bu hadisədən bir neçə gün sonra Səlimlə görüşən zaman ona Şamonun pulunu vermək lazım olduğunu bildirmiş, Səlim isə ona pulu olmadığını, evdən bir ədəd ətçəkən maşın verə biləcəyini bildirmişdir. Bundan sonra o, Səlimdən ondan həmin qutuda olan ətçəkən maşını götürüb borcunun əvəzinə Goranboy şəhərində yerləşən "Lüks” marketin qarşısında Şamoya vermişdir. İlk əvvəl o, Şamo ilə bu barədə danışan zaman Şamo ona ətçəkəni yox, pulunu istədiyini demiş, o, isə ona pul olmadığını dedikdə Şamo onunla razılaşmışdır. Bundan başqa, o, ətçəkən maşının oğurluq olduğunu bilmədiyini bildirmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, Goranboy şəhəri, V.Bayramov küçəsi ev 1-də daimi qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs onun qonşusudur. Səlimlə normal münasibəti var və aralarında heç bir düşmənçilik və ya ədavəti yoxdur. 11 fevral 2024-cü il tarixdə Səlim ona qab-qacaq şəkilləri atmış və ondan həmin qabları alıb-almadığını soruşmuş, o isə həmin qabların nə olduğunu soruşmuş, Səlim isə ona qabları kreditlə aldığını, pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. O, qabları istəmədiyini bildirmişdir. Bundan bir qədər sonra Səlim ona zəng edərək onun qapısının qarşısında olduğunu va qabları gətirdiyini bildirmişdir. O, qapının qarşısına çıxmış, Səlim ona qabları Gəncə şəhərinə aparmaq istədiyini və ona 30 manat benzin pulu verəcəyini bildirmişdir. Bundan sonra, o, Səlimlə razılaşmış və Gəncədə qabları satmağa adamının olub-olmadığını soruşmuşdur. Səlim ona adam olduğunu bildirmişdir. O, Səlimin qablarını özünə məxsus olan ** MN *** dövlət qeydiyyat nişanlı Hyundai Elantra markalı avtomobilinə yükləyib Gəncə şəhərinə aparmışdır. Səlim Gəncə şəhərində bir nəfər şəxslə görüşmüş, onlar öz aralarında söhbət etmişlar, lakin həmin şəxs qabları almamışdır. Bundan sonra, Səlim ondan Gəncə şəhərində cehizlik əşyalarını alacaq tanışının olub-olmadığını soruşmuşdur. O isə Səlimə bir tanışı olduğunu, ondan soruşub cavab verəcəyini bildirmişdir. Bundan sonra, o, tanışı Elsevərə zəng edərək satılıq qab-qacaq olduğunu və həmin əşyaların pula ehtiyac olduğu üçün dəyərindən aşağı satıldığını bildirmişdir. Elsevər isə əşyaları almaq istədiyini bildirmiş və onlar Gəncə şəhərində görüşmüşlar. Səlimlə Elsevər öz aralarında söhbət etmiş və Səlim əşyaları qabları 350 manata Elsevərə satmışdır. Bundan sonra, o, evinə gəlmiş və əmlakın oğurluq olmasından heç bir məlumatı olmamışdır. Polis əməkdaşları onu polis şöbəsinə dəvət etdikdən sonra əşyaların oğurluq olmasını bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 22 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X10, Zərərçəkmiş şəxs, hal şahidləri X3, X8 iştirakları ilə Goranboy rayonunun Kəpənəkçi kəndində yerləşən fərdi yaşayış evinin zirzəmisi və həmin fərdi yaşayış evinin zirzəmisinin ətrafı mişar daşları ilə əhatə olunmuşdur. Həmin zirzəmidə bir çox əşya qutuları və bir neçə yük çantası mövcuddur. Hadisə yerinin fotoşəkilləri “Panasonic” markalı fotoaparatla çəkilərək tərtib olunmuş protokola əlavə olunmuşdur. Hadisə yerinə baxış süni işiıqlandırma şəraitində həyata keçirilmişdir. Protokolun tərtibi ilə əlaqədar iştirakçılar tərəfindən hər hansı bir qeyd daxil olmamışdır; “Götürmə aparılması haqqında” Goranboy RPŞ-nin İB-nin 28 fevral 2024-cü il tarixli qərarından görünür ki, Şahid3 təqdim etdiyi cehizlik əşyaları cinayət işi üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür; “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin İB-nin müstəntiqi X1, Şahid3, hal şahidləri X9, X6 iştirakları ilə Şahid3 təqdim etdiyi 1 dəst “Qalaksi” tava dəsti (dəstdə 4 ədəd tava var), 1 ədəd “Qalaksi” qazan dəsti (dəstdə 5 ədəd qazan var), 1 ədəd yataq dəsti, 1 ədəd fincan dəsti, 1 ədəd qazan, 1 dəst “Arçidak” markalı qranet qazan dəsti (dəstdə 10 ədəd qazan var) götürülmüş, bununla da baxış və götürmə aparılması başa çatdırılmışdır; “Götürmə aparılması haqqında” 29 fevral 2024-cü il tarixli qərardan görünür ki, Şahid2 təqdim etdiyi 1 ədəd ətçəkən maşın cənayət işi üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən Goranboy RPŞ-nin İB-nin müstəntiqi X2 tərəfindən götürülmüşdür; “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 29 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin İB-nin müstəntiqi X1, Şahid2, hal şahidləri X7, X11 iştirakları ilə Şahid2 təqdim etdiyi 1 ədəd kağız materialdan hazırlanmış üzərində “Galaksi” sözləri yazılmış və ətçəkən maşının şəkili həkk edilmiş qutuda 1 ədəd ətçəkən maşın götürülmüş, bununla da baxış və götürmə aparılması başa çatdırılmışdır; “Şübhəli şəxsin tutulması haqqında” 03 mart 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsindən şübhələnməyə əsas verən kifayət qədər əsaslar olduğu üçün həmin tarixdə saat 19:35-də şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 03 mart 2024-cü il tarixdə saat 18:51dən məhdudlaşdırılmışdır; Goranboy rayon Məhkəməsinin 4(045)-14/2024 saylı 05 mart 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, onun dərhal məhkəmə iclas zalından azad edilməsi, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilməsi, “ev dustaqlığında” saxlanılma müddəti 03 iyun 2024-cü il tarixədək müəyyən edilməsi qərara alınmışdır; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 09 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-9/3178/2024 saylı 22 may 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqında qərarda və fotoşəkillərdə göstərilən 07 adda malların istifadə olunmamış vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1057,00 manat müəyyən dilir. Digər 16 adda mallar haqqında ətraflı məlumat (markası, modeli, ölçüsü, materialı və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmişdir; Zərərçəkmiş şəxs tərəfindən Goranboy rayon Polis Şöbəsinə ünvanlanmış 04 iyun 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əşyaların bir qismi ona qaytarılmış, ona dəymiş maddi ziyandan 2050 manatı ödənilmişdir; Zərərçəkmiş şəxs tərəfindən Goranboy rayon Məhkəməsinə təqdim edilmiş notarial qaydada təsdiq olunmuş 10 iyul 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərəri qismən (1/3 hissəsini) ödəmişdir, qalan hissəsini də ödəməyi üzərinə götürmüşdür, odur ki, Təqsirləndirilən şəxs və onun ailəsi (anası) ilə barışmışdır, Təqsirləndirilən şəxs şikayəti yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Adı çəkilən Qərarın 4-cü bəndinə əsasən özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Həmin Qərarda, həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda, həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə qeyd edir ki, mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs özgəyə, yəni Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə qanunsuz daxil olmaqla sonuncunun xeyli miqdarda əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. CM-in 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -törətdiyi əməli etiraf edib peşman olmasını; -zərərçəkmiş şəxsə dəyən ziyanın bir hissəsini ödəməsini, sonuncu ilə barışmasını və ona qarşı şikayətin olmamasını; -yaşayış və qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy rayon icra hakimiyyəti başçısının Goranboy şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamə). İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: -yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; -elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; -məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; -müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək ”başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində seçilmiş ”başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan – iş üzrə Şahid3 götürülmüş 1 dəst "Qalaksi tava dəsti" (dəstdə 4 ədəd tava var), 1 ədəd "Qalaksi qazan dəsti" (dəstdə 5 ədəd qazan var), 1 ədəd yataq dəsti, 1 ədəd fincan dəsti, 1 ədəd qazan, 1 dəst "Arçidak” markalı Qranet qazan dəsti (dəstdə 10 ədəd qazan var) və iş üzrə Şahid2 götürülmüş "Galaksi” markalı ətçəkən maşının Zərərçəkmiş şəxs qaytarılması və 2050 manat məbləğində maddi ziyanın zərərçəkmiş şəxsə ödənilməsi nəzərə alınmalı, iş üzrə ekspertiza xərci 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinin (Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs faktiki olaraq 03 mart 2024-cü il tarixdən 05 mart 2024-cü il tarixədək müddətdə 02 (iki) gün şübhəli şəxs qismində tutulması, 05 mart 2024-cü il tarixdən 03 iyun 2024-cü il tarixədək müddətdə 02 (iki) ay 28 (iyirmi səkkiz) gün “ev dustaqlığında” olması, 27 iyun 2024-cü il tarixdən Goranboy rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə 25 iyul 2024-cü il tarixədək 28 (iyirmi səkkiz) gün müddətinə ”həbs”də olması nəzərə alınaraq, ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 07 (yeddi) ay 26 (iyirmi altı) gün çıxılmalı, onun üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 (on iki) iş saatına görə hər iş saatına 6 (altı) manat hesab edilməklə 72 (yetmiş iki) manat vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs faktiki olaraq 03 mart 2024-cü il tarixdən 05 mart 2024-cü il tarixədək müddətdə 02 (iki) gün şübhəli şəxs qismində tutulması, 05 mart 2024-cü il tarixdən 03 iyun 2024-cü il tarixədək müddətdə 02 (iki) ay 28 (iyirmi səkkiz) gün “ev dustaqlığında” olması, 27 iyun 2024-cü il tarixdən Goranboy rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə 25 iyul 2024-cü il tarixədək 28 (iyirmi səkkiz) gün müddətinə ”həbs”də olması nəzərə alınaraq, ona təyin olunmuş 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 07 (yeddi) ay 26 (iyirmi altı) gün çıxılsın, üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan – iş üzrə Şahid3 götürülmüş 1 dəst "Qalaksi tava dəsti" (dəstdə 4 ədəd tava var), 1 ədəd "Qalaksi qazan dəsti" (dəstdə 5 ədəd qazan var), 1 ədəd yataq dəsti, 1 ədəd fincan dəsti, 1 ədəd qazan, 1 dəst "Arçidak” markalı Qranet qazan dəsti (dəstdə 10 ədəd qazan var) və iş üzrə Şahid2 götürülmüş "Galaksi” markalı ətçəkən maşının Zərərçəkmiş şəxs qaytarılması və 2050 manat məbləğində maddi ziyanın zərərçəkmiş şəxsə ödənilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinin (Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar