Məhkəmə qərarları › İş №1(045)-41/2025

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-41/2025

25.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-41/2025 25.08.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, şikayət vermiş şəxs Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Verdiyev Ədalət Hüseyn oğlunun iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Kəlbəcər rayonu Bağırlı kəndində qeydiyyatda olmaqla, Goranboy rayonu Veyisli kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 iyun 2025-ci il tarixdə, saat 23 radələrində Goranboy şəhəri X12, bina 01, mənzil 24-də yaşayan Şahid1 yaşadığı fərdi yaşayış evində Zərərçəkmiş şəxs yumruqla qəsdən vuraraq, sonuncuya sol gözaltı nahiyənin hematoması, sol gözün ağlı qişasına qansızma və alt dodağın qançırlarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmiş, bununla da o, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid2 onun həyat yoldaşıdır. Onlar 2021-ci ildə ailə həyatı qurmuşlar, birgə nigahlarından 2 uşaqları, xx.xx.2022-ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X3 adlı övladları vardır. Ayşə ilə ailə həyatı qurduqdan sonra münasibətləri yaxşı olmuş, lakin sonradan aralarında narazılıqlar yaranmışdır. Buna görə də, xx.xx.2025-ci il tarixdə Veyisli kəndində yaşadıqları evdə Ayşə ilə aralarında münaqişə olduğuna görə Ayşə Goranboy şəhəri X12 bina 1 mənzil 24-də yaşayan atasının evinə getmişdir. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Goranboy rayon Veyisli kəndində mağazadan pivə alıb içmiş və sərxoş olmuşdur. Həmin gün saat 23 radələrində azyaşlı uşaqlarını görmək üçün Ayşəyə zəng etmiş və hal-əhval etdikdən sonra gəlib uşaqlarını görmək istədiyini demiş, Ayşə isə ona “gəlmə!” demiş, o isə uşaqlarını görmək istədiyini və buna görə də gələcəyini demiş və mobil telefonu söndürmüşdür. Təxminən bir neçə dəqiqə keçdikdən sonra o, Ayşənin yaşadığı X12 bina 1 mənzil 24 ünvanına getmiş, qapının zəngini çalmış, Ayşə əvvəlcə qapını açmaq istəməsə də o, yalnız uşağı görüb gedəcəyini demiş, Ayşə buna görə qapını açmış və o, içəri daxil olmuş, azyaşlı qızı Zəhra İbrahimova ilə görüşmüş, Ayşədən böyük qızı Fatimənin harada olduğunu soruşmuş, Ayşə isə Fatimənin qaynanası Şahid1 ilə birlikdə Gəncə şəhərinə getdiyini demişdir. O, Ayşə ilə söhbət edən zaman qaynanası Şahid1 azyaşlı qızı Fatimə ilə birlikdə evə gəlmiş, evdə olan zaman Sadət onun üzərinə qışqıraraq evdən çıxıb getməyini demiş, o isə gedəcəyini demiş, həmin vaxt qaynanası Sadət Əfsanənin də oraya gələcəyini və onu şikayət etdiyini demiş, o da Əfsanənin də oraya gəlməsini və nəyə görə onu şikayət etdiyini soruşmuş, Əfsanəyə zəng etmiş, Əfsanədən onu niyə polis orqanına şikayət etdiyini soruşmuş, Əfsanə isə ona “deyəcəm” ifadəsini işlədərək telefonu söndürmüşdür. O, sonradan bir neçə dəfə Əfsanəyə zəng etmiş, lakin Əfsanə mobil zənglərə cavab verməmiş və oraya gəlməmişdir. Həmin vaxt qaynanası Sadət onu itələyərək evdən çıxarmaq istəmiş, lakin əsəbləşdiyi üçün huşunu itirmuş və yerə yıxılmışdır. Həmin vaxt o, qaynanası Sadətə su vermiş, səsə digər otaqda yatan Ayşənin dayısı Zərərçəkmiş şəxs otaqdan zala çıxmış və ona qarşı nalayiq ifadələr işlədərək evdən çıxıb getməsini demiş və onun üzərinə gələn zaman o da yumruqla bir neçə dəfə Ələsgərin sol göz, ağız nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr endirmişdir. Həmin vaxt Əfsanənin oğlu Şahid3 gəlmiş və onun arvadı Ayşə ilə birlikdə onu digər otağa keçirtmişdir. Daha sonra o, qaynanası Sadətin yanına getmiş, həmin vaxt Sadət evdən çıxıb getməyini ona demiş, bu zaman Goranboy RPŞ-nin əməkdaşları gəlmiş və onu Goranboy RPŞ-nə dəvət edib aparmışlar. Mübahisə və davadalaş zamanı orada arvadı Şahid2, Şahid3 və qaynanası Şahid1 olmuş, mübahisə və dava-dalaş təxminən 5 dəqiqə ərzində davam etmiş, mübahisə zamanı Ayşə, Əfsanə və Sadəti nalayiq ifadə ilə təhqir etməmiş, mübahisə və dava-dalaş zamanı yumruqla Ələsgərin sol göz, ağız və bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirmişdir. Hazırda Zərərçəkmiş şəxsla barışmışdır, Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbi yoxdur. O, əməlindən səmimi peşman olmuşdur, bir daha belə əməllərə yol verməyəcəyinə söz verir. Odur ki, göstərilənləri nəzərə alaraq, barəsində yüngül, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, fəhlə kimi Goranboy rayonunda işləyir və Goranboy rayonu Xocalılar binasında bacısının ailəsi ilə birlikdə yaşayır. Onun ailə üzvləri isə Göygöl rayonu Kərəmli kəndində yaşayır. İşi ilə əlaqədar olaraq müvəqqəti burada yaşayır. Barəsində şikayət etdiyi Səxavəti də təxminən 3 il müddətdir ki tanıyır. Səxavət onun bacısı qızı Şahid2 əridir. Əvvəllər Səxavətlə onun arasında heç bir ədavət və düşmənçilik olmamışdır. xx.xx.2025-ci il tarixdə günorta saatlarında işdən evə gəlmiş və yuyunduqdan sonra yatmaq üçün yataq otağına keçmişdir. O, işdən gəldikdə evdə bacısı Sadət və onun qızı Şahid2 olmuşdur. Həmin müddətdə Səxavət orada olmamışdır. O, yatdıqdan sonra saat 23 radələrində evdə olan mübahisə səsinə yuxudan oyanmış, yuxudan oyandıqdan sonra yataq otağından çıxmış və bu zaman qonaq otağının girişində Səxavətin onun bacısı Sadət və qızı Ayşə ilə mübahisə etdiyini görmüşdür. Əvvəllər də onların ailə daxili problemləri olduğunu bildiyi üçün yaxınlaşaraq Səxavətə mübahisə salmamasını və bacısı qızını artıq narahat etməməsini bildirmiş, mübahisə zamanı bacısı Sadət özündən getmiş və Sadətə kömək etmişlər. O, yenidən Səxavətə yaxınlaşaraq problem yaratmamasını və evdən uzaqlaşmasını bildirmişdir. O, bu sözləri dedikdən sonra Səxavət 1 dəfə yumruqla onun söl gözünə vurmuş, lakin bu zaman o, Səxavətə əl qaldırmamış, daha sonra isə Səxavət 1 dəfə də yumruqla onun ağız nahiyəsindən vuraraq onun alt dodağına xəsarət yetirmişdir. Bu zaman orada olan bacısı qızı Şahid2 və oraya gələn Şahid3 Səxavəti ayırmışlar. Səxavət onu qonaq otağının girişində döyərək xəsarət yetirmişdir. Səxavətlə onun arasında olan mübahisə təxminən 30 dəqiqə müddətində davam etmiş, mübahisə zamanı orada bacısı Sadət, onun qızı Ayşə və Şahid3 olmuşdur. Daha sonra isə o, döyülməyi ilə bağlı olaraq rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun kürəkənidir. Səxavət onun qızı Şahid2 ilə 2021-ci ildə ailə həyatı qurmuş, birgə nigahlarından 2 uşaqları anadan olmuşdur. Səxavət qızı Ayşə ilə ailə həyatı qurduqdan sonra münasibəti yaxşı olmuş, lakin sonradan Səxavət alkoqol düşkünü olduğuna görə aralarında narazılıqlar yaranmışdır. Buna görə də, qızı Ayşə xx.xx.2025-ci il tarixdə Veyisli kəndində yaşadığı evdə Səxavət ilə aralarında münaqişə olduğuna görə Goranboy şəhər YYM bina 1 mənzil 24-də yerləşən evinə gəlmişdir. xx.xx.2025-ci il tarixdə saat 16 radələrində nəvəsi X2 ilə birlikdə əvvəlcə Gəncə şəhərinə, oradan da Mingəçevir şəhərinə getmişdir. O, Mingəçevir şəhərində olan zaman Ayşə ona zəng etmiş və Səxavətin ünvana gəldiyini və münaqişə yaratdığını demiş, o da buna görə həmin gün saat 23 radələrində Goranboy şəhəri X9 yerləşən evinə gəlmişdir. Evdə olan zaman o, Səxavətin üzərinə qışqıraraq evdən çıxıb getməsini demiş, Səxavət isə gedəcəyini, sadəcə Əfsanənin də oraya gəlməsini istəmiş, lakin Əfsanə oraya gəlməmişdir. Həmin vaxt o, Səxavəti itələyərək evdən çıxarmaq istəmiş, lakin əsəbləşdiyi üçün huşunu itirmiş və yerə yıxılmışdır. Həmin vaxt səsə digər otaqda yatan qardaşı Zərərçəkmiş şəxs otaqdan zala çıxmış və Səxavətə nalayiq ifadələr işlədərək evdən çıxıb getməsini demiş, həmin vaxt Səxavət yumruqla bir neçə dəfə onun qardaşı Ələsgərin sol göz, ağız nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmişdir. Səxavət qardaşı Ələsgəri yenidən vurmaq istəyən zaman yumruq ehtiyatsızlıqdan onun baş nahiyəsinə dəymişdir. Lakin o, xəsarət almamış, xəsarəti olmadığı üçün məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etmişdir. Həmin vaxt Əfsanənin oğlu Şahid3 gəlmiş və qızı Ayşə ilə birlikdə Səxavəti digər otağa keçirtmişlər. O, özünə gəldikdən sonra Səxavətdən evdən çıxıb getməsini istəmiş, lakin Səxavət onu təhqir etmişdir. Mübahisə olan zaman Goranboy RPŞ-nin əməkdaşları gəlmiş və Səxavəti Goranboy RPŞ-nə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həyat yoldaşıdır. Onlar 2021-ci ildə ailə həyatı qurmuş, birgə nigahlarından 2 uşaqları anadan olmuşdur. Səxavət ilə ailə həyatı qurduqdan sonra münasibətləri yaxşı olmuş, lakin sonradan Səxavət alkoqol düşkünü olduğuna görə aralarında narazılıqlar yaranmışdır. Buna görə də, xx.xx.2025-ci il tarixdə Veyisli kəndində yaşadığı evdə Səxavət ilə aralarında münaqişə olduğuna görə Goranboy şəhər YYM bina 1 mənzil 24-də yaşayan atasının evinə gəlmişdir. xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Goranboy şəhər X9 evdə olan zaman Səxavət ona zəng etmiş və hal-əhval etdikdən sonra onun yanına gələcəyini demişdir. O, isə Səxavətə “gəlmə” demiş, Səxavət isə gələcəyini demiş və mobil telefonu söndürmüşdür. Təxminən bir neçə dəqiqə keçdikdən sonra Səxavət yaşadığı evə gələrək qapının zəngini çalmış, o isə əvvəlcə qapını açmaq istəməsə də Səxavət yalnız uşağı görüb gedəcəyini demiş, o da buna görə qapını açmış, Səxavət içəri daxil olmuş və azyaşlı uşağı ilə görüşmüşdür. Səxavət ondan böyük qızı Fatimənin harada olduğunu soruşmuş, o isə Fatimənin anası Şahid1 ilə birlikdə Gəncə şəhərinə getdiyini demişdir. O, Səxavətlə söhbət edən zaman anası Sadət Fatimə ilə birlikdə evə gəlmişdir. Evdə olan zaman Sadət Səxavətin üzərinə qışqıraraq evdən çıxıb getməsini demiş, Səxavət isə gedəcəyini, sadəcə Əfsanənin də oraya gəlməsini istəmişdir. Lakin, Əfsanə oraya gəlməmiş, həmin vaxt anası Sadət Səxavəti itələyərək evdən çıxarmaq istəmiş, lakin əsəbləşdiyi üçün huşunu itirmiş və yerə yıxılmış, həmin vaxt Səxavət anası Sadətə su vermiş, səsə isə digər otaqda yatan dayısı Zərərçəkmiş şəxs otaqdan zala çıxmış və Səxavətə nalayiq ifadələr işlədərək evdən çıxıb getməsini demiş, həmin vaxt Səxavət yumruqla bir neçə dəfə dayısı Ələsgərin sol göz, ağız nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmişdir. Həmin vaxt Səxavət dayısını yenidən vurmaq istəyən zaman yumruq anası Sadətin baş nahiyəsinə dəymişdir. Bu zaman Əfsanənin oğlu Şahid3 gəlmiş və birlikdə Səxavəti digər otağa keçirtmişlər. Mübahisə və dava-dalaş zamanı Səxavət onu döyməmiş, hər hansı bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, əvvəllər münasibəti olmamış, aralarında düşmənçilik və ya ədavət yoxdur. xx.xx.2025-ci il tarixdə saat 23 radələrində anası X1 rayon X9 yaşadığı üçün onun yanına gəlmişdir. O, Şahid2 yaşadığı ünvana daxil olan zaman Şahid1 yerdə uzanıqlı vəziyyətdə, Ayşəni isə Sadətin yanında olduğunu, Təqsirləndirilən şəxs isə yerdə Zərərçəkmiş şəxs yumruqla döydüyünü görmüş, buna görə o, Ayşə ilə birlikdə araya daxil olmuş və Səxavəti aralamış, digər otağa aparmışlar. Həmin vaxt yanlarında heç kim olmamışdır. Daha sonra anası X11 DİN-in 102 xidmətinə müraciət etdiyinə görə Goranboy RPŞ-nin əməkdaşları gəlmiş və Səxavəti RPŞ-nə aparmışlar. Mübahisə və dava-dalaş zamanı Səxavət onu döyməmiş, hər hansı bir xəsarət yetirməmiş və təhqir etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyinin Goranboy rayon şöbəsi X10 verdiyi xx.xx.2025-ci il tarixli 280 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsinə əsasən, onun bədəni üzərindəki xəsarətlər- sol gözaltı nahiyənin hematoması, sol gözün ağlı qişasına qansızma və alt dodağın qançırları KÜT əşyanın (ların), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən yumruqla vurulma zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir; Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildə Goranboy rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 326.2-ci maddələri ilə həbs edilmiş, xx.xx.2021-ci il tarixdə isə Goranboy rayon Məhkəməsi tərəfindən CM-nin 177.2.1, 177.2.3, 326.1, 66.2, 69.3-cü maddələri ilə 02 il 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Goranboy rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Rspublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, xx.xx.2022-ci ildə isə cəzasını çəkib qurtarmışdır. Həmçinin, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Goranboy rayon Məhkəməsinin hökmü ilə CM-nin 128-ci maddəsi ilə təqsirli bilinmiş və Azərbaycan Respublikası CPM-nin 40.2.2 maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə Goranboy rayon Məhkəməsinin hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 02 il azadlıqdan məhrum edilmiş, xx.xx.2025-ci ildə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmış, xx.xx.2025-ci ildə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 03 ay 11 gün hissəsi vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Goranboy RPŞ-si tərəfindən CM-nin 128-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş, Azərbaycan Respublikası CPM-nin 40.3, CM-nin 73.2-ci maddəsinə əsasən, cinayət işinin icraatına xitam verilmişdir; Goranboy RMX-nın PHŞ-nin xx.xx.2025-ci il tarixli, 18-1-39/2-700/2025 nömrəli məktubdan görünür ki, Goranboy rayon Veyisli kənd sakini Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 00:45-də sərxoşluğa görə tibbi müayinədən keçməkdən imtina etmişdir; Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 7(002)-102/2025 saylı xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs Goranboy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 03 ay 11 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur; Goranboy rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli, 70697/2025 nömrəli məktubundan görünür ki, Goranboy rayon İcra və Probasiya şöbəsinin icraatında olmuş, Goranboy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 7(002)-102/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə xx.xx.1999cu ildə anadan olmuş, Kəlbəcər rayonu Ağdaban Ə/D, Bağırlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 03 ay 11 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, şərti cəzasının müddəti xx.xx.2025-ci il tarixdə bitmişdir; Goranboy rayon Məhkəməsinin 1(045)-36/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir; Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Goranboy rayon Məhkəməsində tərtib və təqdim etdiyi ərizəsindən görünür ki, hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ondan üzr istəmişdir, ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir, buna görə də onunla barışmışdır, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsdən şikayətçi deyil, ondan heç bir tələbi və iddiası yoxdur, odur ki, ərizəsinin nəzərə alınmasını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində olan 1(045)-41/2025 saylı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə ona aşağı həddə azadlığın məhdudlaşdırılması cəzası verilməsini məhkəmədən xahiş etmişdir; Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Goranboy rayon Məhkəməsində tərtib və təqdim etdiyi ərizəsindən görünür ki, o, əməlini səmimi etiraf edir, hazırda şikayət vermiş şəxs Zərərçəkmiş şəxs üzr istəmişdir, onunla barışmışdır, ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir, onun ondan heç bir şikayəti, tələbi və iddiası yoxdur, əməlindən səmimi peşmandır, ona görə də, barəsində olan 1(045)-41/2025 saylı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə ona yüngül, aşağı həddə azadlığın məhdudlaşdırılması cəzası verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, şikayət vermiş şəxsin, şahidlərin ifadələri, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə alınmış ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməli etiraf edib peşman olmasını, şikayət vermiş şəxslə barışmasını, şikayət vermiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdırılan hallar, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə müdafiəçisi Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) iş saatı üçün cəmi 132 (bir yüz otuz iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Goranboy rayonu Veyisli kəndində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) iş saatı üçün cəmi 132 (bir yüz otuz iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar