Məhkəmə qərarları › İş №1(045)-42/2023

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-42/2023

01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-42/2023 01.06.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ saat 17:00 X18 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1967 il tarixdə Goranboy rayonu Dəliməmmədli qəsəbəsində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs daimi narkotik vasitələrin aludəçisi olduğu üçün 07 fevral 2023cü il tarixdə saat 11 radələrində Goranboy rayonu Dəliməmmədli şəhəri Azərbaycan küçəsində yerdən taparaq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofan torbacıqda 1,116 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib əynindəki göy rəngli gödəkçəsinin sağ yan cibinə qoyaraq qanunsuz saxlamaqla daşımış, 07 fevral 2023-cü il tarixdə saat 13:10 dəqiqədə Goranboy RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisində saxlanılaraq RPŞ-nə gətirilib, üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibində satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı bir ədəd şəffaf sellofan torbacıqda 1,116 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, arvadı X3, oğlu X4, qızı X7 və anası X8 ilə birlikdə yaşayır, 2-ci qrup əlildir, buna görə də sosial müavinət alır. Təxminən bir il olar ki, kakos kimi tanıdığı narkotik vasitə heroin istifadə edir. xx.xx.2023-cü il tarixdə təxminən saat 11 radələrində yaşadığı Goranboy rayonu Dəliməmmədli şəhəri Azərbaycan küçəsinin yuxarı tərəfində olan zaman yerdə şəfaf sellofana bükülü diqqətini çəkmiş, həmin bükülünü əyilib götürmüş, açıb baxan zaman bükülünün içərisində narkotik vasitə heroin olduğunu görmüş, heroin istifadəçisi olduğu üçün həmin bükülünü istifadə etmək məqsədi ilə cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində yaşadığı fərdi yaşayış evinin qarşısındakı küçədə durarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, xidməti vəsiqələrini təqdim edərək Goranboy rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Sonra ona narkotik vasitə saxlamaqda şübhəli olduğuu bildirərək onu Goranboy RPŞ-yə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etmədən polis əməkdaşlarının xidməti avtomobilinin arxa oturacağına oturmuş və onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Yolda gələrkən polis əməkdaşı yanında oturduğu üçün üzərində olan narkotik vasitə heroini üzərindən ata bilməmişdir. Rayon polis şöbəsində hüquq və vəzifələrini ona izah etmişlər, hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət etdikdən sonra müdafiəçisinin və RPŞ-nin əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl hüquq və vəzifələri yenidən ona izah olunmuş və üzərində olan əşyaları, eləcə də narkotik vasitə vardırsa onu könüllü çıxarıb masanın üzərinə qoymağı təklif olunmuşdur. O, əynində olan göy rəngli, çiyin nahiyyələri ağ rəngli və üzərinə Azərbaycan sözü yazılmış isti gödəkçəsinin aşağı sol yan cibindən cib dəsmalını, sağ yan cibindən bir ədəd alışqanı və bir ədəd şəfaf rəngli bükümdə olan kakos kimi tanıdığı narkotik maddə olan heroini, qara rəngli şalvarının qabaq sağ yan cibindən bir ədəd beş manatlıq kağız əskinası və bir ədəd 10 qəpiklik pulu çıxarıb masanın üzərinə qoymuşdur. Əlavə olaraq üzərində başqa heç bir əşya olmamışdır. Daha sonra ona üzərində başqa əşya olub-olmaması sualı verilmiş, o, üzərində başqa əşya olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun üzərində şəxsi axtarış aparmışlar, lakin üzərindən təqdim etdiyi əşyalardan əlavə heç nə aşkar olunmamışdır. Sonra üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş və çəkisinin 1,2 qram olması müəyyən olunduqdan sonra ekspertiza tədqiqatına təqdim olunması üçün bir ədəd ağ rəngli zərfə qoyularaq DİN-in 121 saylı möhürü ilə möhürlənərək qablaşdırılıb götürülmüşdür. Üzərindəki digər əşyalar maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Həmçinin üzərində şəxsi axtarış aparılan zaman video və foto çəkilişdən də istifadə olunduğunu qeyd etmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini tapdıqdan sonra şəxsi istifadəsi üçün üzərində saxladığını, lakin hələlik istifadə etmədiyini bildirmişdir. Eyni zamanda ifadəsində üzərində şəxsi axtarış aparılarkən üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni ayın 27-də tapdığını bildirdiyini, lakin həmin zaman həyəcanlı olduğu üçün ayın tarixinin 07 fevral olduğunu unutmuş və ayın 27-i tarixində tapdığını demişdir. Üzərindən aşkar olunan narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Dəliməmmədli şəhəri, Azərbaycan küçəsində yerdən tapdığını qeyd etmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitədən heç kimə satmamış və istifadə etməyə verməmişdir. Daimi olaraq narkotik vasitə istifadə etdiyi üçün, narkotik vasitə aludəçisi olduğuna görə narkotik vasitə olan heroini tapdıqdan sonra şəxsi istifadəsi ilə əlaqədar üzərində saxlamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroindən əlavə narkotik vasitəsinin olmadığını bildirmişdir. Həmçinin üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini yerdən tapıb üzərində gəzdirdiyi barədə heç kimə məlumat verməmiş və üzərində daşıdığından kiminsə məlumatı olmamışdır. Polis əməkdaşları onu saxlayıb üzərində şəxsi axtarış aparılması məqsədi ilə Goranboy rayon polis şöbəsinə dəvət edib gətirən zaman yanında əlavə olaraq heç kim olmamışdır. İkinci qrup əlil olmasını, himayəsində iki azyaşlı övladının olmasını, səmimi peşimançığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edirəm. 07 fevral 2023-cü il tarixdə Goranboy rayon Dəliməmmədli şəhərində Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə xidmətdə olan zaman Dəliməmmədli şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi işi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi ilə bağlı daxil olmuş məlumatı dərhal Goranboy rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmiş, təxirə salınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün tərəfindən qərar qəbul edilmiş, eyni zamanda tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri isə o, Goranboy RPŞ-nin CABnin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X5 ibarət olmuşdur. Bundan sonra isə Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədi ilə həmin tarixdə saat 12:40 radələrində xidməti avtomobillə əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisinə yollanmışlar. Təxminən 25 dəqiqə sonra Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisinə çatmışlar. Daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin qarşısındakı küçədə, yəni Azərbaycan küçəsində olduğu onlara məlum olmuşdur. Təqsirləndirilən şəxs olduğu yer daxil olmuş əməliyyat məlumatına əsasən məlum olduğu üçün Dəliməmmədli şəhəri, Azərbaycan küçəsinə getmişlər, həmin zaman Təqsirləndirilən şəxs küçədə dayandığını görmüşlər. Bundan sonra əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərmişlər və Goranboy rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib hüquq və vəzifələrini izah etmişlər. Ardınca onlarla birlikdə üzərində şəxsi axtarış aparılacağı məqsədi ilə Goranboy rayon polis şöbəsinə gəlməli olduğunu demişlər. Təqsirləndirilən şəxs onların təklifini qəbul edib hüquqlarının və vəzifələrinin onlara aydın olduğunu bildirərək Goranboy rayon polis şöbəsinə getməyə razılıq vermişdir. Sonra Təqsirləndirilən şəxs xidməti avtomobillə onlarla birlikdə Goranboy rayon polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs Goranboy rayon polis şöbəsinə gətirildikdən sonra X11nın xidməti otağına aparılmış, X11 tərəfindən yenidən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib üzərində şəxsi axtarış aparılacağı, bunun üçün isə şübhəli şəxs qismində tutulacağı bildirilmişdir. Təqsirləndirilən şəxs bununla bağlı heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs X11 tərəfindən şübhəli şəxs qismində tutulmuş, ardınca isə X11 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Goranboy rayon ərazisində və digər yerlərdə fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının Goranboy rayon vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən müdafiə edilməsini istədiyi üçün vəkil Müdafiəçi qismində dəvət edilmişdir. Biraz sonra vəkil Müdafiəçi gəlmiş, bundan sonra onun, Şahid2 və vəkil Müdafiəçi iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Şəxsi axtarış zamanı video çəkiliş Goranboy RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis baş leytenantı X16 həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməsi təklif edilmiş, buna görə də Təqsirləndirilən şəxs əynində olan göy rəngli, çiyin nahiyyələrində ağ hissələri olan qabağı zəncirbəndlə bağlanan isti gödəkçənin aşağı sağ yan cibindən bir ədəd alışqanı, həmin gödəkçənin aşağı sağ yan cibindən bir ədəd şəffaf sellofona bükülü olan narkotik maddə olan heroinə bənzər maddəni, həmin gödəkçənin sol cibindən cib dəsmalını, qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd beş manatlıq kağız pul əskinasını və bir ədəd on qəpiklik dəmir pulu çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir əşya və ya digər məmulatlar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd səffaf sellofan torbacığın içərisində narkotik maddə olan heroin elektron tərəzi vasitəsi ilə çəkilmiş, sonra həmin narkotik vasitə olan heroin X11 tərəfindən qablaşdırılmış və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqatına təqdim olunması üçün götürülmüşdürş Bununla yanaşı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd cib dəsmalı, bir ədəd alışqan, bir ədəd beş manatlıq kağız pul əskinası və bir ədəd on qəpiklik dəmir pulu maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün onun özünə qaytarılmışdır. X11 tərəfindən tərtib edilmiş sənədləri isə digər iştirakçılar ilə birlikdə imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 iş üzrə digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş məhkəməkimyəvi ekspertizanın 08 fevral 2023-cü il tarixli 16/198 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə bənzər maddə..” sözlər və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan torbacıqda təmiz çəkisi 1,116 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Tədqiqata cəmi sərf edildi 0,05 qram, qalıq 1,066 qram. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş məhkəmənarkoloji ekspertizanın 13 mart 2023-cü il tarixli 423 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokoldan, protokola əlavə edilmiş fotocədvəldən və 1 ədəd diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində bir ədəd göy rəngli, çiyin nahiyyələrində ağ hissələri olan qabağı zəncirbəndlə bağlanan isti gödəkçə, bir ədəd açıq göy rəngli uzunqol jaket, bir ədəd qara rəngli cins şalvar, ayağında bir ədəd qara rəngli dəri materialdan olan üzəri qara iplə bağlanmış ayaqqabı, hər iki əlində əsa vardır. Təqsirləndirilən şəxs əynində olan bir ədəd göy rəngli, çiyin nahiyyələrində ağ hissələri olan qabağı zəncirbəndlə bağlanan isti gödəkçənin aşağı sağ yan cibindən bir ədəd alışqanı, həmin gödəkçənin aşağı sağ yan cibindən bir ədəd şəffaf sellofona bükülü olan narkotik maddə olan heroinə bənzər maddəni , həmin gödəkcənin sol cibindən cib dəsmalını, qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd beş manatlıq kağız pulu və bir ədəd on qəpiklik dəmir pulu çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kakos kimi tanıdığı heroinə bənzər maddəni xx.xx.2023-ci il tarixdə Goranboy rayonu Dəliməmmədli şəhərində tapmasını, özü istifadə etdiyi üçün üzərində gəzdirməsini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qanunla qadağan olunmuş başqa bir maddə aşkar edilməmişdirdi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş şəffaf sellofanda narkotik maddə olan heroinə bənzər maddənin kakos olmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf sellofana bükülü narkotik vasitə olan heroinə bənzər maddə elektron tərəzidə çəkilərək ümumi çəkisinin 1.2 (bir tam onda iki) qram olduğu müəyyən edilmiş və iştirakçıların iştirakı ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək ekspert tədqiqatına göndərilməsi üçün götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd cib dəsmalı, bir ədəd alışqan, bir ədəd beş manatlıq kağız pul əskinası və bir ədəd on qəpiklik dəmir pul maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün onun özünə qaytarılmışdır İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 07 fevral 2023-cü il tarixdə tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 09 fevral 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, o MSY-dən azad edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Goranboy rayon İHB-nın Dəliməmmədli şəhər İƏD üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2023-cü-ci il tarixli 160 nömrəli arayış və xasiyyətnaməyə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında daimi qeydiyyatdadır və həmin ünvanda anası – xx.xx.1938-ci il təvəllüdlü X9, arvadı – xx.xx.1973-cü il təvəllüdlü X1, qızı – xx.xx.2010-cu il təvəllüdlü X7, oğlu – xx.xx.2012-ci il təvəllüdlü X4 ilə birlikdə yaşayır və yaşadığı yerdən müsbət xarakterizə olunur İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İinformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf etməsi və əməlindən peşman olmasını; ikinci qrup əlil olmasını, himayəsində iki azyaşlı övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 gün (07-09 fevral 2023-ci il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (Azərbaycan Respublikası Cinayət Məcəlləsi-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ikinci qrup əlil olduğundan ona narkomaniyadan məcburi müalicə təyin edilməməli, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Goranboy RPŞ-nin saxlancına təhvil verilmiş 1,066 qram narkotik vasitə heroin məhv edilməlidir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi -132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi - 198.1). Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - kütləvi tədbirlərdə iştirak etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini, ünvan 2 ünvanını axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi tədbirlərdə iştirak etməmək; habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Goranboy RPŞ-nin saxlancına təhvil verilmiş 1,066 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə ekspertiza xərci 32,40 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar