Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-43/2023 08.06.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X2 qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Goranboy Rayon Məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs - Goranboy rayonu Rus Borisi kənd tam orta məktəbinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2002-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonunun Bəzirxana kəndində qeydiyyatda olmaqla Goranboy rayonunun Rus Borisi kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx.xx.2001-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonunun Çəpli kəndində qeydiyyatda olmaqla Goranboy rayonunun Rus Borisi kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qəsdən vahid tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, 8 mart 2023-cü il tarixdə gecə saat 23 radələrində Goranboy rayonunun Rus Borisi kəndində yerləşən Rus Borisi kənd tam orta məktəbinin həyətinə Təqsirləndirilən şəxs2la birlikdə hasarın üzərindən keçməklə qanunsuz daxil olub saxlanc yeri hesab edilən qeyd edilən bir mərtəbəli məktəbin fizika laboratoriyası otağının pəncərəsini bayır tərəfdən fiziki güc tətbiq edib itələməklə açdıqdan sonra, cinayətin törədilməsində əvvəlcədən razılaşdıqları qaydada aralarındakı vəzifə bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs2 gözləmiş, o isə həmin pəncərədən məktəbin binasına daxil olub dəhlizlə irəliləyərək həmin məktəbin məzunu olduğuna görə ona məlum olan qapısı kilidlənməmiş vəziyyətdəki kompyuter otağına zor tətbiq etmədən qapını açıb daxil olmaqla otağın giriş hissəsində masanın üzərindəki 80 (səksən) manat dəyərində 2010-cu il zavod istehsalı olan, az işlənmiş, işlək vəziyyətdə olan “LG Flatron” markalı, W1946SN- BF modelli 1(bir) ədəd stolüstü kompyuter monitorunu, 5(beş) manat dəyərində 2010-cu il zavod istehsalı olan, az işlənmiş, işlək vəziyyətdə olan “LG” markalı, MCG3 (GM-300) modelli 1(bir) ədəd kompyuter siçanı (maus), 10(on) manat dəyərində 2010-cu il zavod istehsalı olan, az işlənmiş, işlək vəziyyətdə olan “HP” markalı, KB-0316 modelli 1(bir) ədəd kompyuter klaviaturası və 120 (bir yüz iyirmi) manat dəyərində 2010-cu il zavod istehsalı olan, az işlənmiş, işlək vəziyyətdə olan üzərində markası qeyd edilməmiş 1(bir) ədəd stolüstü kompyuterin sistem blokunu götürüb binaya daxil olduğu pəncərədən qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la birlikdə çıxardaraq aparmaqla, ümumilikdə 215 (iki yüz on beş) manat dəyərində qeyd olunan əşyaları qəsdən vahid tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Goranboy rayon Rus Borisi kənd tam orta məktəbinə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, 8 mart 2023-cü il tarixdə gecə saat 23 radələrində Goranboy rayonunun Rus Borisi kəndində yerləşən Rus Borisi kənd tam orta məktəbinin həyətinə Təqsirləndirilən şəxs1la birlikdə hasarın üzərindən keçməklə qanunsuz daxil olub cinayətin törədilməsində əvvəlcədən razılaşdıqları qaydada aralarındakı vəzifə bölgüsünə uyğun olaraq gözləmiş, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 saxlanc yeri hesab edilən qeyd edilən bir mərtəbəli məktəbin fizika laboratoriyası otağının pəncərəsini bayır tərəfdən fiziki güc tətbiq edib itələməklə açdıqdan sonra həmin pəncərədən məktəbin binasına daxil olub dəhlizlə irəliləyərək həmin məktəbin məzunu olduğuna görə ona məlum olan qapısı kilidlənməmiş vəziyyətdəki kompyuter otağına zor tətbiq etmədən qapını açıb daxil olmaqla otağın giriş hissəsində masanın üzərindəki 80(səksən) manat dəyərində 2010-cu il zavod istehsalı olan, az işlənmiş, işlək vəziyyətdə olan “LG Flatron” markalı, W1946SN-BF modelli 1(bir) ədəd stolüstü kompyuter monitorunu, 5(beş) manat dəyərində 2010-cu il zavod istehsalı olan, az işlənmiş, işlək vəziyyətdə olan “LG” markalı, MCG3 (GM-300) modelli 1(bir) ədəd kompyuter siçanı (maus), 10(on) manat dəyərində 2010-cu il zavod istehsalı olan, az işlənmiş, işlək vəziyyətdə olan “HP” markalı, KB-0316 modelli 1(bir) ədəd kompyuter klaviaturası və 120(bir yüz iyirmi) manat dəyərində 2010-cu il zavod istehsalı olan, az işlənmiş, işlək vəziyyətdə olan üzərində markası qeyd edilməmiş 1(bir) ədəd stolüstü kompyuterin sistem blokunu götürüb binaya daxil olduğu pəncərədən aralarındakı vəzifə bölgüsünə uyğun olaraq onun köməkliyi ilə çıxardıb qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1la birlikdə aparmaqla, ümumilikdə 215 (iki yüz on beş) manat dəyərində qeyd olunan əşyaları qəsdən vahid tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Goranboy rayon Rus Borisi kənd tam orta məktəbinə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Kəlbəcər rayonunun Bəzirxana kəndində daimi qeydiyyatda olmaqla, Goranboy rayonunun Rus Borisi kəndində yaşayır və heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs2 onunla eyni kənddə yaşadığı üçün tanıyır. xx.xx.2023-cü il tarixdə təxminən saat 14-15 radələrində yaşadığı Goranboy rayonunun Rus Borisi kəndindən atasına məxsus “VAZ-2107” markalı, 20EN968 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsinə maşına ehtiyat hissəsi almaq üçün gəlmişdir. Ehtiyat hissəsini aldıqdan sonra qəsəbə ərazisində olan marketlərin birindən 7 ədəd ”GO” adlı spirtli enerji içkisi alaraq Rus Borisi kəndinə getmişdir. Saat təxminən 17-18 radələrində kəndə çatmış və birbaşa Təqsirləndirilən şəxs2 yaşadığı evin qarşısına getmişdir. Avtomobili Təqsirləndirilən şəxs2 yaşadığı evin qarşısında saxlayıb sonuncunu çölə çağırmışdır. Təqsirləndirilən şəxs2 çölə çıxan zaman kəndin mərkəzi tərəfinə getməyi təklif etmişdir. Təqsirləndirilən şəxs2 onunla razılaşmış və avtomobilə əyləşərək birlikdə kəndin mərkəzinə getmişlər. Təxminən 30 dəqiqə müddətində kəndin mərkəzində avtomobilin daxilində Təqsirləndirilən şəxs2la söhbət etmişdir. Avtmobildən spirtli enerji içkilərini götürüb Təqsirləndirilən şəxs2la birlikdə yenidən kəndin mərkəzində yerləşən klubun binası tərəfə gələrərk orada həmin içkiləri içmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 kənd məktəbində kompyuterlər olduğunu bildirib onun birini oğurlamağı təklif etmişdir. Təqsirləndirilən şəxs2 həmin təklifi qəbul etmişdir. Daha sonra onlar ailə üzvlərinin nigaran qalması səbəbindən hərəsi öz evinə gedib yenidən qayıtmaq üçün razılaşmışlar. Təxminən saat 22 radələrində evə çatmışdır. 5-10 dəq sonra razılaşdıqları kimi yenidən klubun binasının yanına gəlmişlər. Klubun yanına çatan zaman Təqsirləndirilən şəxs2 həmin yerdə onu gözlədiyini görmüş, piyada oradan kənd məktəbi istiqamətində getmişlər. Məktəbin həyətinin arxa hissəsində yerləşən qazanxana tərəfindən təxminən hündürlüyü 1,5 metr olan hasarın üzərindən keçib məktəbin həyətinə düşmüşlər. Həmin vaxt məktəbin həyətində heç kəs olmamışdır. Birlikdə məktəbin arxa hissəsində olan pəncərələrin yanına getmişlər. Məktəb binasının künc hissəsindən sağdakı pəncərəni itələyərək yoxlamış, lakin pəncərə açılmamışdır. Daha sonra soldakı pəncərənin qarşısına keçib əli ilə pəncərəni bir-iki dəfə vurmuş nəticədə pəncərənin kilidi sınaraq açılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs2 da yanında olmuşdur. Ayaqqabısını pəncərənin qarşısında yerdə soyunub pəncərədən içəriyə keçmiş, Təqsirləndirilən şəxs2 çöldə pəncərənin qarşısında dayanmağını tapşırmışdır. Həmin məktəbin məzunu olduğundan məktəbin kompyuter sinifinin harada yerləşdiyini bilmişdir. Bu səbəbdən də, daxil olduğu laboratoriya otağından məktəbin dəhlizinə keçərərk oradan da kompyuter sinfinin qapısını açaraq içəriyə girmişdir. Həmin vaxt kompyuter sinfində bir neçə kompyuter olmuşdur. Qapıdan girən kimi ilk kompyuterin naqillərini elektrik yuvasından ayırmışdır. İlk öncə kompyuterin monitorunu götürərək daxil olduğu laboratoriyanın pəncərəsindən Təqsirləndirilən şəxs2 verərək yenidən kompyuter sinfinə qayıdıb klaviatura və siçanı (mausu), daha sonra isə sistem bloku götürüb Təqsirləndirilən şəxs2 vermişdir. Daha sonra həmin pəncərədən çölə atlayıb, pəncərəni bağlamadan örtmüşdür. Onlar kompyuterin hissələrini götürüb üzərindən keçərək məktəbin həyətinə daxil olduqları hasarın yanına gəlmişlər. İlk öncə o, hasarın üzərindən digər tərəfə keçmişdir, Təqsirləndirilən şəxs2 kompyuterin hissələrini ona vermiş və oğurladıqları əşyaları məktəbdən çıxartmışlar. Sonra da yolu keçib kənd klubunun arxası tərəfinə getmişlər. Təqsirləndirilən şəxs2 klubun arxa pəncərəsindən otağa keçmiş və o isə oğurladıqları əşyaları bir-bir Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 kompyuteri içəridə gizlədib çölə çıxmış və təxminən saat 23 radələrində yaşadıqları evlərə getmişlər. Oğurluq cinayətini gəlir əldə etmək məqsədilə tamah niyyətilə törətdiyini və hadisəni törədərkən başqa heç kimin onları görmədiyini, qeyd etdiyi oğurluqdan başqa heç nə oğurlamadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs1 son olaraq əməllərindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Kəlbəcər rayonunun Çəpli kəndində daimi qeydiyyatda olmaqla, Goranboy rayonunun Rus Borisi kəndində yaşayır və özü heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1 onunla eyni kənddə yaşadığı üçün tanıyır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində həyətində təsərrüfat işləri ilə məşğul olmuşdur. Saat təxminən 15 radələrində tanışı Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ-2107” markalı 20EN968 dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evin qarşısına gələrək onu çölə çağırmışdır. Təqsirləndirilən şəxs1 yaxınlaşan zaman sonuncu ona birlikdə kəndin mərkəzinə gəlməyini təklif etmişdir. Ata su verib gələcəyini demişdir. Təqsirləndirilən şəxs1 təkcə kəndin mərkəzinə doğru getmişdir. Bir az sonra Təqsirləndirilən şəxs1 yenidən onun yaşadığı evin qarşısına gələrək ona maşınında spirtli enerji içkisi olduğunu, birlikdə içməyi təklif etmişdir. Təqsirləndirilən şəxs1 avtomobilinə əyləşərək kəndin mərkəzinə getmişlər. Onlar kənd ərazisində həmin spirtli enerji içkilərini qəbul etmişlər. Saat təxminən 17 radələrində Təqsirləndirilən şəxs1 evdə təsərrüfatda işlərinin olduğunu bildirərək yaşadığı evə getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 da öz evinə getmişdir. Yaşadığı evə gedərək yemək yeyib öz təsərrüfatında olan mal-qaranı yemlədikdən sonra saat təxminən 18 radələrində Təqsirləndirilən şəxs1 yenidən yaşadığı evin qarşısına piyada gələrək onu çağırmışdır. Təqsirləndirilən şəxs1la kənd ərazisində yerləşən mağazaya getmişdir. Mağazaya daxil olaraq oradan yenidən iki ədəd ”GO” adlı spirtli enerji içkisi almışdır. Onlar içkiləri mağazanın yaxınlığında içdikdən sonra təxminən bir-iki saat həmin yerdə olmuşlar. Təxminən saat 21 radələrində Təqsirləndirilən şəxs1 söhbət zamanı ona pula ehtiyacı olduğunu demişdir. Həmçinin Təqsirləndirilən şəxs1 Rus Borisi kənd tam orta məktəbində kompyuterlər olduğunu və birini oğurlayıb satmağı təklif etmişdir. O, ilk öncə razı olmasa da, sonra qeyd etmişdir ki, oğurlayıb satdıqdan sonra əldə edilən pul vəsaitindən ona da versin. Razılaşdıqdan sonra ikisi birlikdə kənd məktəbi istiqamətində getmişlər. Təqsirləndirilən şəxs1 məktəbin həyətinin qazanxana yerləşən hissəsində hündürlüyü təxminən 1,5 metr olan hasarın üzərindən aşıb məktəbin həyətinə keçmişdir. Lakin o, hasarın çöl tərəfində, gələn-gedənə nəzarət etmək üçün qalmışdır. Bir az sonra o da hasarı aşaraq həyətə daxil olmuşdur. Məktəbin binasına doğru yaxınlaşan zaman Təqsirləndirilən şəxs1 məktəbin arxa künc hissədə yerləşən pəncərəni açaraq içəriyə daxil olduğunu görmüşdür. Təqsirləndirilən şəxs1 pəncərədən içəriyə daxil olub ona pəncərənin çöl hissəsində gözləməyini tapşırmışdır. Təxminən 3-4 dəqiqə sonra Təqsirləndirilən şəxs1 əlində kompyuterin hissələrini gətirərək pəncərədən ona vermiş və yenidən içəriyə doğru qayıtmışdır. Həmin hissələri yerə qoyaraq Təqsirləndirilən şəxs1 gəlməsini gözləmişdir. Təqsirləndirilən şəxs1 bir az sonra kompyuterin digər hissələrini götürüb gəlmişdir. Təqsirləndirilən şəxs1 pəncərədən çölə düşdükdən sonra o, kompyuterin monitor və klaviaturasını, Təqsirləndirilən şəxs1 isə sistem bloku götürərək həmin hasar tərəfə getmişlər. Təqsirləndirilən şəxs1 əlindəkiləri yerə qoymuş və hasarın üzərindən digər tərəfə keçmişdir. O, kompyuterlərin hissələrini Təqsirləndirilən şəxs1 vermiş daha sonra özü də hasarın üzərindən çöl tərəfə keçmişdir. Onlar oğurladıqları həmin əşyaları kənd ərazisində yerləşən köhnə klubun binasının arxa tərəfindən otağının birinə qoymuşlar. Oğurluq cinayətini gəlir əldə etmək məqsədilə tamah niyyətilə törətdiyini və hadisəni törədərkən başqa heç kimin onları görmədiyini, qeyd etdiyi oğurluqdan başqa heç nə oğurlamadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs2 son olaraq əməllərindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs - Goranboy rayonu Rus Borisi kənd tam orta məktəbinin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, Goranboy rayon Rus Borisi tam orta məktəbinin direktorudur. Sonuncu dəfə o, xx.xx.2023-cü il tarixdə məktəbdə olmuş və saat 14:00-da məktəbdən çıxmışdır. Həmin vaxt məktəbdə gündüz gözətçisi Şahid2 məktəbdə qalmışdır. Şahid2 həmişəki kimi məktəbin bütün qapı və pəncərələrini yoxlayıb sonuncu olaraq məktəbi tərk etmişdir. xx.xx.2023-cü il tarixdə ailə vəziyyətilə bağlı məktəbə gəlməmişdir. Həmin vaxt direktor müavini Şahid3 məktəbdə olmuşdur. Sonuncu da eyni qaydada məktəbi həmin tarixdə ən sonda tərk etmiş və yenidən gündüz gözətçisi məktəbdə qalmışdır. xx.xx.2023-cü il tarixdə qeyri-iş günü olduğundan məktəbdə dərs olmamışdır. Bu səbəbdən həmin tarixdə məktəbə getməmişdir. xx.xx.2023-cü il tarixdə saat 08:30 radələrində məktəbin təsərrüfat müdiri Şahid1 ona mobil telefonla zəng edərək məktəbin kompyuter otağında olan kompyuterlərin birinin yerində olmadığını bildirmiş və ondan kompyuteri onun aparıb-aparmadığını soruşmuşdur. O, Şahid1 kompyuteri heç bir yerə aparmadığını bildirmişdir. Daha sonra məktəbə gələndə görmüşdür ki, arxa pəncərələrinin birindən məktəbin binasına daxil olunaraq kompyuter otağından 1(bir) ədəd kompyuter dəsti oğurlanmışdır. Bu barədə DİNin “102” xidmətinə müraciət etmişdir. Hadisədən bir neçə gün sonra öyrənmişdir ki, məktəbdən kompyuter dəsti kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmışdır. Yekunda bildirdi ki, təqsirləndirilən şəxslər məktəbə vurduqları ziyanı tam şəkildə ödəmişdir. Onlara qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edərək buna dair müvafiq ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Kəlbəcər rayonunun Bağırsaq kəndində qeydiyyatda olmaqla, Goranboy rayonunun Rus Borisi kəndində yaşayır və 2009-cu ildən Rus Borisi kənd tam orta məktəbində təsərrüfat müdiri işləyir. xx.xx.2023-cü il tarixdə səhər saat 8 radələrində məktəbə gəlib qazanxananı işə salmışdır. Həmin vaxt gecə növbəsində olan Vasili Yermakov məktəbdə olmuşdur. Həmin tarixdə saat 14 radələrində məktəbdən evə gedən zaman məktəbin bütün otaqlarının işıqlarını bir-bir söndürmüşdür. Həmin vaxt kompyuter otağında olan kompyuterlər hər biri yerində olmuşdur. Növbəti gün yəni, xx.xx.2023-cü il tarixdə qeyri-iş günü olduğundan məktəbə getməmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 9 radələrində məktəbin direktor müavini Şahid3 ona yaxınlaşaraq kompyuter otağında bir ədəd kompyuterin yerində olmadığını bildirmişdir. Direktora zəng edərək bu barədə məlumat vermişdir. Daha sonra məktəbə haradan daxil olunmasını müəyyən etmək üçün məktəbin bütün otaqlarını gəzmiş və fizika kabinetinin pəncərəsinin sındırılaraq açıldığını görmüşdür. Direktor məktəbə gələrək bu barədə DİN-in “102” Xidməti-zəng mərkəzi sisteminə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Kəlbəcər rayonunun Bəzirxana kəndində daimi qeydiyyatda olmaqla, Goranboy rayonunun Rus Borisi kəndində yaşayır və Rus Borisi kənd tam orta məktəbində gündüz gözətçisi işləyir. Onun iş vaxtları həftənin hər günü saat 08:00-dan 20:00-dək olan müddəti əhatə edir. Növbəni hər gün gecə gözətçisi Vasili Yermakovdan təhvil alıb ona da təhvil verirmiş. O, xx.xx.2023-cü il tarixdə saat 08:00-da məktəbə gələrək Vasili Yermakovdan növbəni təhvil almışdır. Lakin axşam növbəni təhvil verən zaman Vasili Yermakov işdə olmamışdır. Həmin tarixdə axşam saat 20:00-da məktəbin bütün giriş-çıxışlarını yoxlayaraq yaşadığı evə getmişdir. X1 işə gəlməməsi barədə heç kimə məlumat verməmişdir. Düşünmüşdür ki, Vasili Yermakov gec də olsa gələcək. Növbəti gün yəni, xx.xx.2023-cü il tarixdə saat 08:00-da yenidən növbəyə gələn zaman Vasili Yermakov işdə olmamışdır. Məktəb binasının ətrafında gəzib kənardan müşahidə etmiş təxminən bir saat sonra yenidən evə qayıtmışdır. Lakin məktəbin ətrafında və ya həyətində hər hansı bir şübhəli şəxs görməmişdir. Həmin vaxt məktəbin pəncərələrinin heç biri açıq olmamışdır. Məktəbin həyətinə bitişik evdə yaşadığından həmin gün təxminən bir saatdan bir məktəbin həyətinə nəzarət etmişdir. Həmin gün axşam saat 20:00-da yenidən növbədən çıxaraq evə qayıtmışdır. Vasili Yermakov həmin vaxt da işə gəlməmişdir. Növbəti gün xx.xx.2023-cü il tarixdə saat 8 radələrində yenidən məktəbə gələn zaman təsərrüfat müdiri Şahid1 ona məktəbdə olan kompyuterlərin birinin yerində olmadığını bildirmiş və bu barədə məktəb direktoruna məlumat vermişdir. Daha sonra onlar məktəbin arxa tərəfinə keçən zaman fizika kabinetinin pəncərəsinin açıq olduğunu görmüşlər. Məktəb direktoru bu barədə DİNin “102” Xidmətinə məlumat vermişdir. Hadisədən bir neçə gün sonra kənd sakinlərindən öyrənmişdir ki, həmin kompyuter dəsti kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Kəlbəcər rayonunun Bəzirxana kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə Goranboy rayonunun Rus Borisi kəndində yaşayır və 2003-cü ildən Rus Borisi kənd tam orta məktəbində müəllim, 2015-ci il tarixdən isə həmin məktəbin direktor müavini vəzifəsində işləyir. Oğlu Təqsirləndirilən şəxs1 2020-ci ildə işlədiyi məktəbin 11-ci sinfini bitirmiş və hərbi xidmətə getmişdir. 2022-ci il tarixdə hərbi xidməti başa vurduqdan sonra yaşadığı evdə və ya kənd ərazisində olmuşdur. Hərdən Təqsirləndirilən şəxs1 məktəbin qarşısına çağıraraq açar və ya pul verib yola salmış, sonuncu heç vaxt məktəbin içərisinə daxil olmamışdır. xx.xx.2023-cü il tarixdə səhər saat 9 radələrində işlədiyi məktəbə gedən zaman dəhlizdə bir nəfər şagird ona yaxınlaşaraq məktəbin kompyuter sinfində olan kompyuterlərin birinin yerində olmadığını demişdir. Məktəbin təsərrüfat müdiri Şahid1 kompyuterin harda olmasını soruşan zaman sonuncu məlumatı olmadığını bildirmişdir. Şahid1 məktəbin direktoru Nümayəndə zəng edərək bu barədə məlumat verib kompyuteri onun aparıb-aparmamasını soruşmuş, sonuncu isə kompyuterin harda olaması ilə bağlı heç bir məlumatının olmadığını bildirmişdir. Daha sonra onlar məktəbin ətrafinı gəzən zaman fizika laboratoriyası sinfinin pəncərəsinin açıq olduğunu görmüşlər. Məktəb direktoru Nümayəndə məktəbə gəlib bu barədə DİN-in “102” Xidməti-zəng mərkəzi sisteminə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gələrək həmin sinifə baxış keçirmişlər. Daha sonra müəyyən olunmuşdur ki, həmin kompyuter dəsti xx.xx.2023-cü il tarixdə gecə saatlarında onun oğlu Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmışdır. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid4 Mixayloviç məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Şahid4 Mixayloviçin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, Goranboy rayonunun Rus Borisi kəndində daimi qeydiyyatda olmaqla, həmin kənddə yaşayır və Rus Borisi kənd tam orta məktəbində gecə gözətçisi işləyir. İş vaxtları həftənin hər günü saat 20:00-dan 08:00-dək olan müddəti əhatə edir. Növbəni hər gün gündüz gözətçisi Şahid2 təhvil alır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində məktəbə gələrək növbəni təhvil almışdır. O, xx.xx.2023-cü il tarixdə saat 08:00-da növbəni Şahid2 təhvil vermişdir. Həmin vaxt məktəbin mühafizəsində heç bir problem olmamışdır. Həmin günü onun səhhətində problem yarandığından axşam növbəni təhvil almağa gələ bilməmişdir. Həmçinin, bu barədə məktəb rəhbərliyindən heç kimə məlumat verməmişdir. xx.xx.2023cü il tarixdə səhər saat 9 radələrində məktəbdən ona zəng edilərək oğurluq olması barədə məlumat vermişlər. Məktəbə gələn zaman görmüşdür ki, oradan bir dəst stolüstü kompyuter oğurlanmışdır. Hadisə baş verdikdən təxminən üç gün sonra öyrənmişdir ki, həmin kompyuter dəsti Rus Borisi kəndində yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanıb. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi barədə” 09 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Goranboy rayon Rus borisi kəndində yerləşən kənd orta məktəbinin binasında baş vermişdir. Məktəb binasının arxa tərəfində yerləşən pəncərənin kilidi sındırılmış, açıq vəziyyətdədir. Kompyüter olan otağın giriş qapısında heç bir sındırılma işi müəyyən edilməmişdir.; “Baxış keçirilməsi barədə” 12 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Goranboy rayon Rus borisi kəndində köhnə tikilinin arxa tərəfində yerləşən otağın pəncərəsini təqdim edərək, xx.xx.2023-cü il tarixdə məktəbdən oğurladıqları 1(bir) ədəd kompyuteri həmin pəncərədən daxil olaraq, otağa gizlətdiklərini bildirmişlər. Otağa daxil olduqdan sonra otağın yan divarına söykənmiş 1 ədəd sistem blok, 1 ədəd monitor, 1 ədəd klavyatura, 1 ədəd siçan aşkar edilmişdir; “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə” 13 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə” 13 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar ifadələrində göstərdikləri xüsusatları bir-birilərinin üzlərinə söyləmişlər; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 19 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 19 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 aprel 2023-cü il tarixli, 9/2370 №-li rəyindən görünür ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 04 adda malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 215,0 manat müəyyən olmuşdur; “Maddi sübut hesab edilməsi haqqında” 29 aprel 2023-cü il tarixli qərardan görünür ki, Goranboy Rayonu Rus Borisi kənd tam orta məktəbindən oğurlanmış 1(bir) ədəd 2010cu il zavod istehsalı, az işlənmiş, işlək vəziyyətdə olan “LG Flatron” markalı, “W1946SN- BF” model, İndoneziya istehsalı stolüstü kompütür monitorun, 1(bir) ədəd 2010-cu il zavod istehsalı, az işlənmiş, işlək vəziyyətdə olan “LG” markalı, “MCG3(GM-300) model kompyuter siçanının (maus), 1(bir) ədəd 2010-cu il zavod istehsalı, az işlənmiş, işlək vəziyyətdə olan “HP” markalı, KB-0316 model kompyuter klaviaturasının, 1(bir) ədəd 2010-cu il zavod istehsalı, az işlənmiş, işlək vəziyyətdə olan, üzərində markası qeyd edilməmiş stolüstü kompyuter sistem blokun maddi sübut hesab edilməsi və maddi sübutun cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olmasından sonra qanuni sahibinə qaytarılması qərara alınmışdır; xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, oğurlanmış 1(bir) ədəd 2010-cu il zavod istehsalı, az işlənmiş, işlək vəziyyətdə olan “LG Flatron” markalı, “W1946SN-BF” model, İndoneziya istehsalı stolüstü kompyuter monitoru, 1(bir) ədəd 2010-cu il zavod istehsalı, az işlənmiş, işlək vəziyyətdə olan “LG” markalı, “MCG3(GM-300) model kompyuter siçanı (maus), 1(bir) ədəd 2010-cu il zavod istehsalı, az işlənmiş, işlək vəziyyətdə olan “HP” markalı, KB-0316 model kompyuter klaviaturası, 1(bir) ədəd 2010-cu il zavod istehsalı, az işlənmiş, işlək vəziyyətdə olan, üzərində markası qeyd edilməmiş stolüstü kompyuter sistem bloku Goranboy rayon Rus Borisi kənd tam orta məktəbin nümayəndəsi, həmin məktəbin direktoru, Nümayəndə tərəfindən təhvil alınmışdır; Zərərçəkmiş hüquqi şəxs - Goranboy rayonu Rus Borisi kənd tam orta məktəbinin nümayəndəsi Nümayəndə ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər ona dəymiş ziyanı tam ödəmişlər, onlar barışmışlar. Təqsirləndirilən şəxslərdən heç bir şikayəti və ya tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin Qərarın 11-ci bəndində qeyd edilir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin Qərarın 19-cu bəndində qeyd edilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmçinin, həmin Qərarın 20-ci bəndinin 3-cü abzasında qeyd edilir ki, anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. CM-in 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri CM-in 177.2.1 və 177.2.3 maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onların barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -törətdiyi əməli etiraf edib peşman olmasını; -zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını; -yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy rayonu İH başçısının Rus Borisi İƏD üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli xasiyyətnamə); İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib peşman olmasını; zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını; yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy rayonu İH başçısının Rus Borisi İƏD üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli xasiyyətnamə); İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Goranboy Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 Təqsirləndirilən şəxs1, Müdafiəçi2 Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmələrinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkillər Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə Goranboy Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 məhkəmədə iştirak etdikləri 6 (altı) iş saatına görə hər birinə 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut - 1(bir) ədəd 2010-cu il zavod istehsalı, az işlənmiş, işlək vəziyyətdə olan “LG Flatron” markalı, “W1946SN-BF” model, İndoneziya istehsalı stolüstü kompyuter monitorun, 1(bir) ədəd 2010-cu il zavod istehsalı, az işlənmiş, işlək vəziyyətdə olan “LG” markalı, “MCG3(GM-300) model kompyuter siçanının (maus), 1(bir) ədəd 2010cu il zavod istehsalı, az işlənmiş, işlək vəziyyətdə olan “HP” markalı, KB-0316 model kompyuter klaviaturasının, 1(bir) ədəd 2010-cu il zavod istehsalı, az işlənmiş, işlək vəziyyətdə olan, üzərində markası qeyd edilməmiş stolüstü kompyuter sistem blokunun zərərçəkmiş şəxsin hüquqi nümayəndəsinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351-353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi subutlar olan 1(bir) ədəd 2010-cu il zavod istehsalı, az işlənmiş, işlək vəziyyətdə olan “LG Flatron” markalı, “W1946SN-BF” model, İndoneziya istehsalı stolüstü kompyuter monitorunun, 1(bir) ədəd 2010-cu il zavod istehsalı, az işlənmiş, işlək vəziyyətdə olan “LG” markalı, “MCG3(GM-300) model kompyuter siçanının (maus), 1(bir) ədəd 2010-cu il zavod istehsalı, az işlənmiş, işlək vəziyyətdə olan “HP” markalı, KB-0316 model kompyuter klaviaturasının, 1(bir) ədəd 2010-cu il zavod istehsalı, az işlənmiş, işlək vəziyyətdə olan, üzərində markası qeyd edilməmiş stolüstü kompyuter sistem blokunun zərərçəkmiş şəxsin hüquqi nümayəndəsinə qaytarılması nəzərə alınsın. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 6 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 6 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-43/2023
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-43/2023
08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver