Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 1(045)-43/2024 12.06.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 və müdafiəçisi Göygöl Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X10 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X11 barəsində CM-in 147 və 148-ci maddələri ilə cinayət təqibinin başlanması və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəza ilə cəzalandırılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X10 xüsusi ittiham qaydasında şikayət ərizəsini onunla əsaslandırmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 ilə aralarında heç bir ədavət, düşmənçilik yoxdur, Röfət Cəlilov bacım X5 əridir. 31 may 2024-cü il tarixdə saat 13:45 radələrində Goranboy rayonunu Dəliməmmədli şəhəri C.Cabbarlı küçəsində yaşadığı evə gəlmiş, evdə anası X2 və bacısı X5 əsəbi olduqlarını görmüşdür. Onlardan bunun səbəbini soruşmuş, lakin onlar heç nə deməmişlər. X3 səs-küylə əxlaqsız söyüşlər edərək yaşadığı evin küçə darvazasını bərk döymüşdür. O, qapını açmadan nə səbəbdən əxlaqsız söyüşləri ona qonşuların eşidəcəyi səslə deməsinə etiraz edərək evinə getməsini xahiş etmişdir. Buna baxmayaraq, Röfət Cəlilov daha aqressiv olaraq onu əxlaqsız söyüşlərlə təhqir edərək, onu öldürəcəyi sözlərlə hədələmişdir. O, xoşagəlməz hadisədən qaçmaq üçün polisə zəng edəcəyini, onun evinə getməsini bildirmişdir. Buna baxmayaraq, Röfət Cəlilov daha da azğın hərəkətlər etmiş, yəni qapını daha var gücü ilə təpikləməyə, pis-pis, insana yaraşmayan biyabırçı söyüşlər işlətməyə davam etmişdir. Röfət Cəlilovun bu qanunsuz hərəkətlərinə xeyli qonşular toplanmışlar, onlar Röfət Cəlilovdan bu qanunsuz hərəkətlərinə son qoymasını tələb etmişlər, lakin onların tələblərinə Röfət Cəlilov heç bir əhəmiyyət verməmişdir. Qonşular ondan çəkinib mane olmamışlar. O, bu qanunsuz hadisənin 2 saat uzanmasını və qurtarmayacağına əmin olduqdan sonra məcbur qalıb 102 xidmətinə məlumat vermişdir. Polis hadisə yerinə gələnə kimi Röfət Cəlilovun anası, qardaşı, bacısı və yeznəsi onu zorla aftomaşına mindirib aparmışlar. Röfət Cəlilov avtomobildə yolla gedərkən də əxlaqsız söyüşlərini davam etdirmişdir. Bundan təxminən 20 dəqiqə sonra Röfət Cəlilov ona telefonla zəng edərək, “dalaşmağa gəlməsən kişi deyilsən!” sözləri demişdir. O, Röfətə əhəmiyyət verməmiş, Röfət isə söyüşlərinə davam etmişdir. Bundan bir neçə dəqiqə sonra ona telefon zəngi olmuş, o, zəngi qəbul edəndə Röfət və ya onun tutduğu şəxs özünü Göygöl rayon PŞ-nin əməkdaşı kimi təqdim etmiş, onun Göygöl rayon Polis Şöbəsinə gəlməsini bildirmişdir. Ona əxlaqsız söyüşləri telefonda polis adından bildirdiyinə görə onun səsini yazacağını bildirmişdir. Bu vaxt telefon əlaqəsi kəsilmişdir. O, bilmişdir ki, bu quramadır, ona görə də telefon nömrəsini özündə qeyd etmişdir. (***-***-**-**). X1 hərəkəti bu günə kimi davam edir, məni rahat yaşamağa imkan vermir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 tərəfindən şərəf və ləyaqətinin qəsdən alçaldılması, böhtan xarakterli məlumatlar yayması ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında həyata keçirilməsi və qeyd olunan məsələyə baxaraq qərar qəbul etmək səlahiyyəti məhkəməyə aid olması, bununla bağlı xüsusi ittiham qaydasında aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 hərəkətindən ailədə müəyyən narazılıqlar baş vermiş, qonşular arasında rüsvay olmuşdur, ağır mənəvi sarsıntı hissləri keçirməklə təhqir olunmuşdur. Tanışları bu əxlaqsız böhtanların cavabını tələb edir. O, çıxılmaz vəziyyətdə qalmışdır, tanışları, dostları onun üzünə baxmır, bu əxlaqsız sözlər onları da narahat edir. Buna görə də, hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmiş, ona görə də o, cinayət məsuliyyətinə cəlb edilərək ciddi cəzalandırılmalıdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 onun şəxsiyyətini, şərəfini və ləyaqətini nalayıq formada qəsdən aşağılayan əxlaqsız şöyüşlər edərək barəsində həqiqətə uyğun olmayan əxlaqsız məlumatları yaydığına, qonşularının və dost tanışlarının yanında nüfuzunun düşməsinə görə, hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxs X8 hərəkətlərində CM-in 147 və 148-ci maddələrinin əlamətləri vardır və onun barəsində həmin maddələrdə nəzərdə tutulmuş əsaslarla xüsusi ittiham qaydasında cinayət təqibi başlanılmalı və o, həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməlidir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində göstərilənləri müdafiə edərək, şikayət ərizəsinin icraata qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 bildirdi ki, X10 tərəfindən barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət əsassızdır. Bunu nəzərə alaraq, xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. CPM-in 293.3-cü maddəsi böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda göstərilməli olan məlumatların dairəsini müəyyən etmişdir ki, CPM-in 302-ci maddəsi də xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmununa dair bu tələblərin imperativ olmasını təsbit etmişdir. Məhkəmə CPM-in sadalanan normalarını rəhbər tutaraq qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə, həmçinin törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir. Hazırkı şikayətdə isə CPM-in tələblərinə riayət olunmamış, şikayətdə cinayətin nə vaxt törədilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz X11 tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, şikayətin verildiyi yer göstərilməmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsində qeyd olunanların məhz X11 tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyini göstərməmişdir. Həmçinin, şikayət ərizəsində X8 əməlində CM-in 147 və 148-ci maddələrinin tərkib əlamətlərinin olduğu qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, CPM-in 293.3.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında verilmiş şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi göstərilməli olduğu halda, şikayətçi tərəfindən buna əməl edilməyərək formal şəkildə CM-in 147 və 148-ci maddələrinə istinad etmişdir. Bundan başqa şikayət ərizəsində X7 xüsusi ittihamçı kimi göstərilməsi CPM-in 88-ci maddəsinin tələblərinə ziddir. Belə ki, sözügedən maddənin tələblərinə uyğun olaraq məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı qismində tanınır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli 3 nömrəli Qərarının 11-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-in 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə, məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. CPM-in 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Sadalananlara əsasən, məhkəmə hesab edir ki, X11 barəsində X10 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X10 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-43/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №1(045)-43/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver