Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-45/2023 22.06.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1985-ci il ildə Goranboy rayonunun Balakürd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Goranboy rayonunun Qarasüleymanlı kəndində qeydiyyatda olan və Goranboy rayonunun Balakürd kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin məftil torla hörülmüş çəpərin yanına gəlib, çəpərin üstündən keçməklə əvvəlcə həyətə, oradan isə yaşayış sahəsi hesab edilən evin taxta qapısının daxili kilidini daşla sındıraraq qapını açıb evə qanunsuz daxil olaraq, yataq otağında olan çarpayının üstündəki döşəyin altından Zərərçəkmiş şəxs1 3600 manat pulunu gizli yolla talamaqla oğurlamışdır. Bundan sonra o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Goranboy rayonu Qızılhacılı qəsəbəsində Zərərçəkmiş şəxs2 məxsus evi təmir edərkən evin mətbəxində olan sandığın qapağının arxa tərəfində yerləşən menteşəsini vintaçanla açıb saxlanc yeri hesab edilən sandığa qanunsuz daxil olaraq oradan 440 manat dəyərində bir ədəd 583 əyarlı, 5,2 qram çəkidə, üzərində ağ rəngli sadə qaşları olan qızıl nişan üzüyü, 750 manat dəyərində bir dəst 583 əyarlı, cəmi 8,8 qram çəkidə olan sadə qaşlı üzüyü və bir cüt sadə qaşlı qızıl sırğanı Zərərçəkmiş şəxs2 cəmi 1190 manat dəyərində əmlakını gizli yolla talamaqla oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Goranboy rayonu Qızılhacılı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 ona evini təmir edərsən demiş, o da, Aynurla razılaşmışdır. Aynur evinin təmiri üçün əşyalar aldıqdan sonra ona xəbər etmişdir. O da, 03 noyabr 2022-ci il tarixdə Aynurun evini təmir etməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində o Aynurun yaşadığı evin mətbəxini təmir edərkən mətbəxdə olan iki ədəd üstüstə oln sandığı qabğa çəkmişdir. Belə ki, sandığın arxasında olan divara suvaq çəkmək istəmişdir. Həmin vaxt sandıq ilişdiyi üçün üstəki sandıq aşmış və yerə düşmüşdür. Sandıqlar ağır olduğu üçün içərisində qiymətli əşyalar olduğunu fikirləşib, sandığın içərisində olan qiymətli əşyaları oğurlamaq qərarına gəlmişdir. Hər iki sandığın qapaqlarının qabaq tərəfləri asma qıfıl ilə bağlı olmuşdur.O, aşan sandığın qapağının arxa tərəfinə bərkidilmiş menteşəsini vint açanla açmış, sonra sandığın qapağını arxa tərədən açmışdır. Sandığın işərisində səliqəli formada süfrə və başqa əşyalar olmuşdur. Bundan başqa sandığın içərisində qırmızı rəngli qızıl qabı da olmuşdur. O, qızıl qabını götürüb açanda bir ədəd qızıl nişan üzüyü, bir ədəd sadə qaşlı qızıl üzük və bir cüt sadə qaşlı qızıl sırğa olduğunu görmüşdür. Ona görə də, həmin qızıl-zinət əşyalarını oğurlayıb cibinə qoymuşdur. Həmin vaxt Aynur və qızı evdə olmamışdır. Həmçinin Aynurun qardaşı Turalda evdə olmamışdır. O, qızıl-zinət əşyalarını oğurladıqdan sonra sandığın qapağını bağlamış, sonra divarın suvağını vurub sandıqları yerinə çəkib qoymuşdur. Aynur evə gələndə şübhələnməmişdir. xx.xx.2022-ci il tarixdə o, Aynurun evinin təmir edib qurtarmışdır. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Aynurun evindən oğurladığı qızılzinət əşyalarını Goranboy şəhərində yerləşən “Bahar” sadlıq sarayının altında yerləşən lombarda qoyub 530 manat pul götürmüşdür. Belə ki, lombardda işləyən şəxs həmin qızılları çəkib hesablamış və 600 manat pul etdiyini bildirmiş, sonra isə 70 manatını lombartda saxlayıb ona 530 manat pul vermişdir. O, lombarda həmin qızıl-zinət əşyalarını qoyub pul götürərkən qızılların özünə məxsus olduğunu demiş, həmin şəxsdə ona inanıb qızılları ondan götürmüşdür. Oğurluq yolu ilə əldə etdiyi qazancı öz ehtiyacı üçün xərcləmişdir. Hər iki oğurluğu tək etmişdir.Zərərçəkmiş şəxs2 evini təmir edərkən ona evdə olan saxlanc yerlərinə baxmağına və ya girməyinə icazə verməmişdir. Aynur Vediyevanın sandıqda saxladığı qızıl-zinət əşyalarını qazanc əldə etmək məqsədilə oğurlamış, Zərərçəkmiş şəxs2 evdə olmadığı və sandıqlar ağır olduğu üçün sandığı açmamışdan oğurluq etmək qərarına gəlmişdir. Sandığı da açanda içərisində qızıl-zinət əşayasının olduğunu görüb oğurlamışdır. X3 məxsus pulların oğurlaması hissəsində ittihamı qəbul etmir. Belə ki, Zərərçəkmiş şəxs1 məxsus heç nə oğurlamamışdır. Sonda Təqsirləndirilən şəxs əməllərindən peşman olduğunu bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 məxsus 400 manat pulunu oğurlaması ilə bağlı ifadə vermiş və ifadəsində göstərmiş olduğu xüsusatları hadisə yerində göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Goranboy rayon İnteqrasiya təlimli, Gimnzaiya tipli İnternat məktəbində dəyişiklərə baxan işləyir. O, yaşadığı fərdi yaşayış evində tək yaşayır. Onun işlədiyi İnternat məktəbi yaşadığı fərdi evin qarşıaında yerləşir. Hər gün saat 07:15 dəqiqədə işə gedir, saat 13:00-da isə nahar olduğu üçün evə gəlir. İşə gedən də saat 13:00-dək iki üç dəfə şəxsi işi ilə əlaqədar evə gəlib gedir. xx.xx.2022-ci il tarixdə də saat 07:15 dəqiqədə işə getmiş və saat 10 radələrində isə şəxsi işi ilə əladədar yaşadığı evə gəlmişdir. Həmin gün saat 10:30-da yaşadığı evin qapısını və həyətyanı sahənin giriş qapısını bağlayıb işə getmiş, saat 13:00-da isə nahara gəlmişdir. Nahara gələndə evin həyətyanı sahəsinin giriş qapısının asma qıfılını açarla açmış və həyətə daxil olmuşdur. Həmin vaxt evinin giriş qapısının açıq olduğunu görmüşdür. O, evin qapısına yaxınlaşmış və qapının kilidinin sındırıldığını və qapının sağ tərəfində yardımçı tikilidə saxladığı baltanın və dəmir lingin (lom) olduğunu görmüşdür. Evinin giriş qapısı həmin balta və ya dəmir linglə sındırılmışdır. O, əlini heç nəyə vurmayıb Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng vurub bu barədə məlumat vermiş, bir neçə dəqiqədən sonra yaşadığı evə Goranboy RPŞ-nin əməkdaşları gəlib evinə onun iştirakı ilə baxış keçirmişlər. Həmin vaxt evinin yataq otağında çarpayının üstündə olan döşəyin altında ağ rəngli üstü güllü qadın dəsmalına büküb saxladığı 3600 manat pulunun oğurlandığını bilmişdir. Oğurluq nəticəsində ona 3600 manat ziyan dəymişdir. Evindən oğurluq xx.xx.2022-ci il tarixdə saat 10:30-dan saat 13:00-dək olan müddət ərzində baş vermişdir. Evindən puldan başqa heç nə oğurlanmamışdır. Sonda Zərərçəkmiş şəxs1 ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 13-14 il olar ki, ayrılmış və 9 yaşlı qızı ilə birlikdə yaşayır. Yaşadığı ev ata evidir və həmin evi qardaşı Turalla yarı bölmüşlər. Evin bir hissəsində Tural ailəsi ilə, bir hissəsində isə, yəni iki otaq və mətbəxdən ibarət olan yerdə o, qızı ilə birlikdə yaşayır. Onun anasından yadigar qalmış 1 ədəd qızıl nişan üzüyü, bir ədəd qızıl qaramtıl rəngli sadə qaşlı üzük, bir cüt qızıl qaramtıl rəngli sadə qaşlı sırğaları olmuşdur. Həmin qızıl-zinət əşyalarını evimdəki mətbəxdə olan sandıqda qırmızı rəngli qızıl qabının içində saxlamışdır. Toya və yaxud bir yerə qonaq gedərkən həmin qızıl əşyalarını götürüb taxmış, qaydıb gələndən sonra isə yerinə qoymuşdur. Sonuncu dəfə təxminən 3-4 ay bundan əvvəl Gəncə şəhərində yaşayan xalası Bəstigilə gedərkən həmin qızılları taxmış, qayıdıb gəldikdən sonra isə yenə də çıxardıb sandıqdakı yerinə qoymuşdur. Sandığın qapağını isə kiçik qırmızı rəngli qıfılla bağlayıb, açarı isə yük yığdığı otaqdakı döşəyin altına qoymuşdur. xx.xx.2022-ci il tarixdə Qızılhacılı qəsəbəsində “Osan” şadlıq sarayında qonşusu Oqtayın oğlunun toyuna getməyə hazırlaşmışdır. Təxminən saat 12:00 radələrində qızı Aytaca sandıqdan qızıllarını gətirməyini demiş, Aytacda gedib sandığın qapağını açıb baxmış, qızılların qabının yerində olduğunu, lakin qızılların olmadığını görmüşdür.Aytac bu barədə ona demiş, o da gedib sandığa baxanda sandığın içi necə yığmışdımsa səliqəli formada olduğunu, qızıllarını qoyduğu qabda yerində olduğunu, lakin qızıllarının olmadığını görmüşdür. Sandığın da qapısı qıfıllı olmuş, heç kim sındırmamış, salamat vəziyyətdə olmuşdur. Bundan sonra qardaşı Turala zəng edib xəbər vermiş, Tural da gəlmiş və onlar sandığı toküb, evi axtarmışlar, lakin qızılları tapa bilməmişlər. Bundan sonra toya getmiş və toyda təxminən 30 dəqiqə oturub qayıtmış və qayıtdıqdan sonra qardaşı Turalın telefonu ilə DİN-nin 102 xidmətinə zəng edərək evindən qızıl əşyalarının oğurlanması barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları onun evinə gəlmişlər. Onun oğurlanmış qızıllarının dəyəri 1600 manat olmuşdur.Onun evinə heç kim gəlib getməmişdir. Lakin 2022-ci ilin noyabr ayının əvvəllərində Goranboy rayonu Balakürd kəndində yaşayan Ümid adında ustaya evini təmir etdirmişdi. Qızıllarının oğurlanmasından Ümiddən şübhələnmişdir. Sonda Zərərçəkmiş şəxs2 ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Goranboy şəhəri H.Əliyev prospektində yerləşən Lombard arvadı X4 məxsusdur, 2017-ci ildən həmin lombardda qiymətləndirici işləyir. Eyni zamanda həmin lombardı o etibarnamə əsasında işlədir. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində işdə olarkən sonradan tanıdığı Goranboy rayonu Balakürd kəndində yaşayan Təqsirləndirilən şəxs lombarda gəlmiş, Ümid ona qızıl-zinət əşyasının olduğunu və həmin qızılları lombarda qoyub pul götürmək istədiyini bildirmişdir. O, Ümiddən qızılların kimə məxsus olduğunu soruşmuş, Ümid də ona qızılların özünə məxsus olduğunu, pula ehtiyyacı olduğu üçün lombarda qoyub pul götürmək istədiyini bildirmişdir. Bundan sonra Ümidə inanıb qızıllara baxmaq istədiyini bildirmiş, Ümid də ona bir dəst qızıl ( bir ədəd üzük və bir cüt sırğa) və bir ədəd qızıl nişan üzüyü vermişdir. Nişan üzüyünün alt tərəfi kəsilmiş vəziyyətdə olmuşdur. O, Ümidin ona verdiyi qızlları yoxlayıb çəkmiş, nişan üzüyü 583 əyarlı, çəkisinin 5,2 qram, bir dəst qızılzinət əşyasıda 583 əyarlı olmaqla 8,8 qram çəkisi olduğunu müəyyən etmişdir. Ümidin ona verdiyi qızıl-zinət əşyasına 600 manat kredit vermək mümkün olduğunu demiş, Ümid də onunla razılaşmışdır. O, həmin 600 manat puldan 70 manat komissiya pulu çıxmış və 530 manat pulu Ümidə vermişdir. Həmin vaxt Ümidin şəxsiyyət vəsiqəsinində surətini almış və akt tərtib etmişdir. Akta Ümidin özüdə imza etmişdir. Sonra qızıl-zinət əşyalarının şəkilini çəkmişdir. O, Ümidin Lombarda qoyduğu qızıl-zinət əşyalarının oğurluq olduğunu bilsəydi götürməzdi və bu barədə hüquq mühafizə orqanlarına xəbər verərdi. Ümidin şəxsiyyət vəsiqəsinin, aktın surətlərini və foto şəkili təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 28 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Baxış keçirilməsi haqqında” 07 fevral 2022-ci il tarixli protokoldan görünür ki, hadisə Zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evində baş vermişdir. Şəhla İbrahimovanın yaşayış evinin qarşısında iki taylı dəmir materialdan hasarlanmış hasar vardır. Hasardan düzünə fərdi yaşayış evi yerləşir. Ev bir mərtəbəli kürsülüdür. Evin giriş qapısı taxta materialdan hazırlanmışdır. Qapıdan daxil olduqdan zal və iki otaqdan ibarətdir. Ev səliqəsiz vəziyyətdədir və dağıdılmışdır. Hadisə yerinə baxış zamanı evin qapısının cəftəsi sındırılmışdır. Baxış zamanı hadisə yerinin şəkilləri fotoaparatla çəkilmiş və protokola əlavə edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon Məhkəməsinin 4(045)-12/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-388/2023 nömrəli, 20 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə - 18 iyul 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Üzləşdirmə haqqında” 10 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 evindən 3600 manat yox 400 manat oğurladığını bildirmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Baxış keçirilməsi və götürmə barədə” 14 mart 2023-cü il tarixli protokoldan görünür ki, Şahid təqdim etdiyi Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin, aktın sürətlərinə və foto şəkilə baxış baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinin yuxarı tərəfində əlyazma ilə LV-02379, aşağı tərəfində isə alt-alta ***- ***-**-** sim mobil telefon nömrəsi, Goranboy rayonu Balakürd k, 1 komplekt-8,8, 1 üzük- 5,2 qram, xx.xx.2022-ci il tarixi yazıldığı, aktın 11 noyabr 2022-ci il tarixdə tərtib edildiyi, nömrəsinin LV-02379 olduğu, bir ədəd komplektin 583 əyarlı, çəkisinin 8,8 qram olduğu, bir ədəd üzüyün 583 əyarlı olduğu, çəkisinin 5,2 qram olduğu qarşısına isə rəqəmlə 600 Azn mörtərzənin içərinində isə hətiflə Altı yüz manat yazılıdığı, qızılların sayının 2, əyarlarının 583, ümumi çəkisinin 14,0 olduğu, ümumi dəyərinin 600 Azn olduğu, Şahid və Təqsirləndirilən şəxs tərəfindən imzalandığı, foto şəkildə isə üzərində ağ rəngli sadə qaşları olan qızıl nişan üzüyün, bir dəst sadə qaşlı üzüyün və bir cüt sadə qaşlı qızıl sırğanın olduğu müəyyən edilmişdir. Baxış zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 foto şəkildə olan bir ədəd üzərində ağ rəngli sadə qaşları olan qızıl nişan üzüyün, bir dəst sadə qaşlı üzüyün və bir cüt sadə qaşlı qızıl sırğanın 2022-ci ilin sentyabr ayının əvvəllərindən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində onun fərdi yaşayış evinin mətbəxində olan sandığından oğurlanan qızıl-zinət əşyaları olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş 29 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2023cü il tarixli, 9/2413 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 2 adda malların 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1190,0 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50,00 (əlli) manatdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Maddi sübut kimi tanıma haqqında” 03 may 2023-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs2 məxsus bir ədəd üzərində ağ rəngli sadə qaşları olan qızıl nişan üzüyü, bir dəst sadə qaşlı üzüyü və bir cüt sadə qaşlı qızıl sırğa iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və Goranboy şəhəri, H.Əliyev prospektində yerləşən Lombardda saxlanılması nəzərə alınmışdır; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Həmin Qərarın 11-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Sözügedən Qərarın 17 və 18-ci bəndlərinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 180, 181-ci maddələri ilə, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzaya münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, yəni zərərçəkmiş şəxslərlə barışıq əldə etməməsi, zərəçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməməsi bu əməllərin ictimai təhlükəliliyinə laqeyd yanaşmasını göstərir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 28 fevral 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin - 56.1.2-ci maddəsi), barəsində seçilmiş Yasamal Rayon Məhkəməsinin 20 may 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalı, iş üzrə maddi sübut - Goranboy şəhəri, H.Əliyev prospektində yerləşən Lombarda saxlanılan bir ədəd üzərində ağ rəngli sadə qaşları olan qızıl nişan üzüyü, bir dəst sadə qaşlı üzüyü və bir cüt sadə qaşlı qızıl sırğa sahibi Zərərçəkmiş şəxs2 qaytarılmalı (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin – 132-ci maddəsi), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Goranboy Rayon Məhkəməsinin 4(045)-12/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qərarı ilə seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsinin 20 may 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut - Goranboy şəhəri, H.Əliyev prospektində yerləşən Lombarda saxlanılan bir ədəd üzərində ağ rəngli sadə qaşları olan qızıl nişan üzüyü, bir dəst sadə qaşlı üzüyü və bir cüt sadə qaşlı qızıl sırğa sahibi Zərərçəkmiş şəxs2 qaytarılsın. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №1(045)-45/2023
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-45/2023
22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver