Məhkəmə qərarları › İş №1(045)-45/2024

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-45/2024

12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-45/2024 12.09.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ saat 12:55 X12 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2003-cü ildə Goranboy rayonunun Qurbanzadə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Goranboy rayonunun Qurbanzadə kəndində daimi qeydiyyatda olan və həmin ünvanda yaşayan barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçimiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs uzun müddət davam edən ailəvi məsələlərlə bağlı aralarında yaranmış şəxsi münasibətlərin pozulması zəminində 29 fevral 2024-cü il tarixdə saat 18 radələrində Goranboy rayonu, Qurbanzadə kəndində yerləşən kəndarası yolda hərəkətdə olan Zərərçəkmiş şəxs avtomobillə onun evinin qarşısından keçən zaman ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsindən sonra məsələnin aydınlaşdırılması üçün Zərərçəkmiş şəxs avtomobilinə saxla işarəsi verib iradını bildirən zaman aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun ağacla onu vurmasından sonra əli və ayağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə qəsdən vuraraq, ona sağ göz ətrafının, burun yəhərinin, sağ və sol bel nahiyyəsinin hematomaları, hərəkət məhdudluğu, burun sümüyünün sınığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində yaşadığı Goranboy rayonunun Qurbanzadə kəndində yerləşən fərdi yaşayış evinin qarşısında dayanan zaman Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil ilə onun evinin qarşısından keçərkən nalayiq ifadələr işlətməyə başlamışdır. O da Elvinin ifadələrinə qarşılıq olaraq Elvinin ünvanına nalayiq ifadə işlətmişdir. Bu zaman Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildən düşmüş və avtomobildən düşərkən əlinə bir ədəd taxta parçası alaraq onun üzərinə gəlmiş, əlində olan taxta parçası ilə onu vurmağa çalışmış və ona bir dəfə zərbə endirmişdir. O, Elvinin zərbəsinin qarşısını əli ilə almış, lakin buna baxmayaraq taxta parçası onun başına dəymiş və zərbənin təsirindən yerə yıxılmışdır. Bu zaman küçədə yaranan səsə görə ətrafa qonşular və ailə üzvləri gəlmişlər. O, yerə yıxıldıqdan sonra Zərərçəkmiş şəxs əlində olan taxta parçasını ataraq onun sinəsinə və belinə təpik zərbələri endirməyə başlamışdır. Elvin onun bel və sinə nahiyəsinə bir neçə dəfə zərbə endirmişdir. Elvinin zərbələrinə görə o, huşunu itirmiş və küçədə olanları xatırlamamışdır. Baş verən hadisədən təxminən 4-5 dəqiqə sonra onların evinə Elvinin anası Vəzdüha, atası Çapay və adını bilmədiyi digər qohumları gəlmişlər. Həmin şəxslər onların evinə gəldikdə onun və ailə üzvülərinin ünvanına nalayiq ifadələr işlədərək evlərini yandıracaqlarını bildirmişlər. Həmin şəxslər onların evinin qarşısında dayanaraq yüksək səslə onları öldürəcəkləri ilə hədələmişlər. Bu zaman baş verən mübahisəyə görə ora gələn əmisi Aqil Bayramov onları sakitləşdirmək üçün küçəyə çıxmışdır. Əmisi küçəyə çıxarkən Elvinin atası Şahid3 əmisini vuraraq xəsarət yetirmişdir. Bundan sonra anası Şahid1 DİN-in “102” Xidmətinə və Goranboy rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Bütün olanlardan sonra o, özünü yaxşı hiss etmədiyi üçün təcili tibbi yardıma müraciət etmiş və təcili tibbi yardım avtomobili ilə Goranboy RMX-ya getmişdir. Xəstəxanada ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Zərərçəkmiş şəxs onu döyməsi nəticəsində bel, kürək, sinə və baş nahiyələrimdən xəsarət almışdır. Ona bu xəsarətləri yetirən şəxs Goranboy rayon Qurbanzadə kənd sakini Zərərçəkmiş şəxsdur. Onların aralarında olan mübahisə təxminən 20-25 dəqiqə davam etmişdir. Orada olan səsə qonşular və digər kənd sakinləri toplaşmışlar. Aralarında mübahisənin yaranmasına səbəb Elvinin onun evinin qarşısında yüksək səslə ünvanlı və ünvansız nalayiq ifadələr işlətməsi olmuşdur. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, Zərərçəkmiş şəxs ağacla onu vurmasından sonra əli və ayağı ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə qəsdən vuraraq xəsarət yetirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Goranboy rayonunun Qurbanzadə kəndində daimi qeydiyyatda olmaq həmin ünvanda yaşayır. O, ünvan 3 həmin şəxslərlə mütəmadi olaraq münaqişəsi yaranır, həmin şəxs onun həyat yoldaşı X5 ilə qeyri rəsmi münasibət qurduğunu sonradan öyrənmiş ona görə də o, 2023-cü ildə İlqar Bayramov barəsində DİN-in “102” Xidmətinə müraciət etmişdir. Goranboy rayon Qurbanzadə kənd sakini İlqar adlı şəxs onun ailəsini dağıdaraq 2 azyaşlı övladını ata himayəsindən məhrum etmişdir. xx.xx.2024-cü il tarixdə atası Şahid3 məxsus olan avtomobil ilə Goranboy rayonunun Fəxralı kəndindən çörək almaqdan gələn zaman Qurbanzadə kəndinin içərisində hərəkətdə olan zaman arxadan bir nəfər şəxsin onun avtomobilinə əl edərək saxlatmaq istədiyini və əli ilə əxlaqsız ifadə etdiyinin şahidi olmuşdur. O, idarə etdiyi avtomobili saxlamış, bu vaxt arxadan İlqarın oğlu Cəlilin ona yaxınlaşdığını görmüş və o, idarə etdiyi avtomobildən düşmüş, daha sonra İlqar Bayramov və onun həyat yoldaşı Larisa adlı qadın ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs gözləmədiyi halda onun belinə təpik və yumruq zərbələri vurmağa başlamış, hadisə yerinə yaxınlaşan İlqar Bayramov onun baş və boyun nahiyəsinə yumruq zərbələri vurmağa başlamışdır. İlqar Bayramov onun sağ gözünə və alın nahiyəsinə xəsarətlər yetirmişdir. Daha sonra Şahid2 və Larisa münaqişəyə müdaxilə edərək onu döyməyə başlamışlar. Şahid2 onun sol ayaq nahiyəsinə vuraraq ona xəsarətlər yetirmişlər. Baş verən mübahisə zamanı o, özünü müdafiə etməyə çalışmış, lakin döyənlərin sayı çox olduğu üçün onlara gücü çatmamışdır. Müdafiə olunan zaman onlardan kiməsə xəsarət yetirə bilərmiş. Lakin orada baş verən mübahisə zamanı kimisə vurmağı yadında qalmamışdır. Bundan sonra o, həmin şəxslərin əlindən çıxıb hadisə yerindən getmişdir. O, yolda atası və anası ilə qarşılaşmış, valideynləri səs gəldiyi üçün hadisə yerinə gəldiklərini bilmişdir. Bu zaman valideynləri İlqargilin evinə tərəf gedərək uca səslə nə üçün onu döydüklərini soruşmuşlar. Bundan sonra valideynləri onu Goranboy RMX-ya gətirmək qərarına gəlmiş, atası Çapay və anası Vəzdüha ilə birlikdə nəqliyyat vasitəsinə əyləşərək evdən çıxmış, İlqar Bayramovun yaşadığı evin qarşısından keçən zaman anası avtomobili saxlatdırıb İlqar və Larisa ilə mübahisə etmişdir. Bundan sonra onlar xəstəxanaya getmiş, xəstəxanada ona ilk tibbi yardım göstərilmişdir. Hazırda Cəlili bağışlamır və ona ən ağır cəzanın verilməsini hətta onu döyən başqa şəxslərin də məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəmə iclasında göstərdi ki, o, Goranboy rayonu Qurbanzadə kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. O, rəsmi olaraq heç yerdə işləmir. Aralarında münaqişə olan Goranboy rayon Qurbanzadə kənd sakini Zərərçəkmiş şəxs onun oğlu 2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs döyərək ona xəsarət yetirmişdir. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil ilə onun evinin qarşısından keçərkən nalayiq ifadələr işlətməyə başlamışdır. Ümumiyyətlə Zərərçəkmiş şəxs onların küçəsindən keçərkən mütəmadi olaraq avtomobili onun evin qarşısında saxlayaraq ailə üzvlərinin ünvanına nəlayiq ifadələr işlətmişdir. xx.xx.2024-cü il tarixdə Elvin bu ifadələri işlədərkən o, yaşadığı evdə olmuş, Elvinin ifadələrinə qarşılıq olaraq oğlu Təqsirləndirilən şəxs əsəbləşərək Elvinin ünvanına nalayiq ifadə işlətmişdir. O, küçədə olan səsə görə çıxmış və bu zaman Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildən düşərək Elvin avtomobildən düşərkən əlinə bir ədəd taxta parçası alaraq oğlunun üzərinə gəlmiş, əlində olan taxta parçası ilə oğlunu vurmağa çalışmış, oğluna bir dəfə zərbə endirmişdir. Təqsirləndirilən şəxs Elvinin zərbəsinin qarşısını əli ilə almış, lakin buna baxmayaraq taxta parçası Cəlilin başına dəymiş və bu zərbənin təsirindən Təqsirləndirilən şəxs yerə yıxılmışdır. O, bütün olanları bir qədər uzaqdan müşahidə etmişdir. Bu zaman küçədə yaranan səsə görə ətrafa qonşular və ailə üzvləri toplaşmışdır. Cəlil yerə yıxıldıqdan sonra Zərərçəkmiş şəxs əlində olan taxta parçasını ataraq oğlunun sinəsinə və belinə təpik zərbələri endirməyə başlamışdır. Elvin Cəlilin bel və sinə nahiyəsinə bir neçə dəfə zərbə endirmişdir. Bu zaman o, onlara tərəf qaçaraq onları ayırmağa çalışmış, baş verən hadisədən təxminən 4-5 dəqiqə sonra onların yaşadıqları evə Elvinin anası Vəzdüha, atası Çapay və adını bilmədiyi digər qohumları gələrək, onların ünvanına nalayiq ifadələr işlətmiş, evlərini yandıracaqlarını deyərək onları yüksək səslə ölümlə hədələmişlər. Buna görə də o, Dəliməmmədli şəhərində yaşayan qayını Aqilə zəng etmiş və dərhal DİN-in 102 Xidmətinə müraciət etmişdir. Bundan sonra baş verən mübahisəyə görə oraya gələn qayını Aqil Bayramov onları sakitləşdirmək üçün küçəyə çıxmış, Aqil küçəyə çıxarkən Elvinin atası Şahid3 qayınını vuraraq ona xəsarət yetirmişdir. Buna görə də o, DİN-in “102” Xidmətinə və Goranboy rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Bütün olanlardan sonra oğlu özünü yaxşı hiss etmədiyi üçün təcili tibbi yardıma müraciət etmiş və onu təcili tibbi yardım avtomobili ilə Goranboy RMX-ya gətirmişlər. Orada ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Zərərçəkmiş şəxs oğlunu döyməsi nəticəsində bel, kürək, sinə və baş nahiyələrindən xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında göstərdi ki, o, Goranboy rayonu Qurbanzadə kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Zərərçəkmiş şəxs tanıyır, Elvin onun həmkəndlisidir, Elvinlə normal münasibəti var və aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs onun əmisi oğlu, Larisa əmisi arvadı, İlqar isə əmisidir və onunla qonşuluqda yaşayırlar. O, xx.xx.2024-cü il tarixdə əməliyyat olmuşdur. Əməliyyatdan sonra evinə buraxılmış və evində istirahət edən vaxt evinin qarşısından səs-küy gəldiyini eşidib çıxmış, əmisi oğlu Cəlillə Elvinin dalaşdıqlarını görmüş, onlar dalaşan zaman Elvinin əmisi oğlu Anar və əmisi arvadı Larisa onları aralamışdır. O, dava-dalaş yerinə yaxınlaşmamışdır. O, əməliyyatdan yeni çıxdığı üçün davaya yaxınlaşmamış və Zərərçəkmiş şəxs döyməmişdir. O, hadisə zamanı Elvinin əlində ağac görmüş, Elvinlə Cəlil dalaşan zaman Elvin maşından düşəndə özü ilə ağacı maşından gətirmiş, Elvin ağacla Cəlili vurub yıxmış, Cəlil yerə yıxıldıqdan sonra yerdə də 1-2 dəfə vurmuşdur. Bundan sonra Larisa və Anar onları ayırmışlar. O, dava-dalaş zamanı orada çox adam olduğu üçün əmisi İlqarı konkret olaraq oarada görməmişdir. Cəlil və Elvin dalaşan zamanı orada çox adam olmuş, o, konkret olaraq orada kimlərin olduğunu xatırlamamışdır. Hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında göstərdi ki, o, Goranboy rayonu Qurbanzadə kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. xx.xx.2024-cü il tarixdə oğlu Eldəniz Əhmədov ona zəng edərək qardaşı Elvinin Qurbanzadə kəndinin ortasında döyüldüyünü bildirmişdir. Zəng edən oğlu Eldəniz həmin vaxt Gəncə şəhərində olmuşdur. Bu zaman o, sahədə sahəni suvardığı üçün sahədən evinə gələrək Eldənizin ona zəng etdiyini və oğlu Elvinin kənd ərazisində döyüldüyünü arvadı Vəzdühaya demişdir. Bundan sonra həyat yoldaşı onunla birlikdə avtomobilə əyləşərək İlqarın evinə tərəf getmişlər. Onlardan 2 ev aralıda dayanaraq onların evinin qarşısına və küçəyə xeyli sayda insanın toplaşdığını görmüşlər. O və Vəzdüha orada dayanaraq onların ünvanına yüksək səslə nalayiq ifadələr işlətmişlər. Küçədə toplaşan insanlar onların İlqarın evinə getmələrinə və münaqişə yaratmalarına icazə verməmişlər. Daha sonra oradan uzaqlaşaraq yaşadıqları evə getmişlər. Oğlu da onlarla birlikdə evə getmişdir. Evdə olarkən oğlunun döyüldüyünü və səhhətinin yaxşı olmadığını görmüş və buna görə də oğlu Elvini Goranboy RMX-ya gətirmişlər, Goranboy RMX- da ona ilkin tibbi yardım göstərilmiş və səhhəti normallaşdıqdan sonra evə buraxılmışdır. O, X9 döyməmişdir. Aralarında məsafə olmuşdur ki, onun Aqili vurmağına heç cür imkan olmamışdır. Baş verən mübahisə sözlə olmuşdur. Nə o, Aqil Bayramovu vurmamış, nə də ona hər hansı xəsarət yetirməmişlər. Zərərçəkmiş şəxs mübahisə üçün çağıran Qurbanzadə kənd sakini İlqar Bayramov olmuşdur. Arlarında mübahisənin yaranmasına səbəb Goranboy rayon Qurbanzadə kənd sakini X6 onun gəlini X7 ilə nigahdan kənar münasibəti olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında göstərdi ki, o, Goranboy rayonu Qurbanzadə kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. xx.xx.2024-cü il tarixdə oğlu Eldəniz Əhmədov həyat yoldaşı Şahid3 zəng edərək oğlu Elvinin Qurbanzadə kəndinin ortasında döyüldüyünü bildirmişdir. Eldəniz həmin vaxt Gəncə şəhərində olmuşdur. Əri Çapay sahədə sahəni suvarmış, Çapay sahədən evə gələrək oğlu Eldənizin ona zəng etdiyini və Elvinin kənd ərazisində döyüldüyünü bildirmişdir. Bundan sonra Çapayla birlikdə avtomobilə əyləşərək İlqarın evinə tərəf getmişlər. Onlardan 2 ev aralıda dayanaraq onların evinin qarşısına və küçəyə xeyli sayda insanın toplaşdığını görmüşlər. Çapayla orada dayanaraq İlqar və ailəsinin ünvanına yüksək səslə nalayiq ifadələr işlətmişlər. Küçədə toplaşan insanlar Çapayla onun İlqarın evinə tərəf getmələrinə və münaqişə yaratmalarına icazə verməmişlər. Daha sonra oradan uzaqlaşaraq yaşadıqları evə getmişlər. Elvin də onlarla birlikdə evə getmişdir. Evdə olarkən Elvininin döyüldüyünü və səhhətinin yaxşı olmadığını görmüş və buna görə də Elvini Goranboy RMX-ya aparmışlar. Goranboy RMX-da oğluna ilkin tibbi yardım göstərilmiş və səhhəti normallaşdıqdan sonra evə buraxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 məhkəmə iclasında göstərdi ki, o, Larisa, İlqar və Cəlil onun qohumları, Elgün onun oğlu, Zərərçəkmiş şəxs isə onun həmkəndlisidir. Onlarla əvvəllər aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə həyətində olan zaman küçədən söyüş səsləri gəlməsini eşitmiş, o, Elvin olduğunu bildiyi üçün həyətindən çıxmamışdır. Bir qədər sonra səs küy çoxalmışdır. O, küçəyə çıxmış bu vaxt Elvinin markasını xatırlamadığı maşınından ağac götürüb gəlməsini və Cəlili vurmağa başladığını görmüşdür. O, Larisa ilə birlikdə onları ayırmaq üçün yaxınlaşmışdır. Həmin vaxt Elvinin əmisi oğlu Anarda onlarla birlikdə Elvinlə Cəlili aralamışdır. Anar Elvini avtomobilinə əyləşdirmiş və onlar çıxıb getdilər. Bundan sonra Elvin, anası və atası ilə birlikdə Cəlilin yaşadığı evin qarşısına gələrək səs-küy salmış, lakin həmin vaxt dava-dalaş olmamışdır. O, Elgünün dava Cəlillə Elvinin dalaşaraq bir birini vurduqlarını görmüş , Larisa və Anarla onları aralamış və İlqarı hadisə yerində görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 məhkəmə iclasında göstərdi ki, o, Zərərçəkmiş şəxs onun əmisi oğlu, İlqar, Cəlil, Elgün və Larisa isə onun həmkəndliləridir, onlarla normal münasibəti olmuş, aralarında ədavət və ya düşmənçilikləri olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində yaşadığı kənddə yaşadığı evdən təxminən 200 metr kənarda dayanan zaman Elvinin və qonşularının dava-dalaş səslərini eşitmişdir. O, nə baş verdiyini öyrənmək üçün İlqar Əhmədovun evinə tərəf getmişdir. Həmin vaxt X10 dalaşdıqlarını görmüşdür. O, Elvini davadan kənarlaşdırmışdır. Elvini markasını xatırlamadığı avtomobilinə əyləşdirmiş və Elvin hadisə yerindən çıxıb getmişdir. Bundan sonra o da yas mərasiminə getmişdir. O, hadisə yerinə gedən zaman İlqar Əhmədovu evinin qarşısında görmüş, İlqar hadisəyə müdaxilə etməmiş, Larisanın da onun kimi hadisənin qarşısını aldığını və Larisa ilə İlqarın dava-dalaşda iştirak etməsini görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 29 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X1 tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Baxış keçirilən yer Goranboy rayonunun Qurbanzadə kəndində X2 məxsus olan fərdi yaşayış evidir. Şahid1 DİN-nin “102” xidmətinə verdiyi məlumatda və Goranboy RPŞ-yə vermiş olduğu şikayət ərizəsində oğlu X3 həmkəndlisi Zərərçəkmiş şəxs tərəfindən əlində olan taxta parçası ilə döyüldüyünü və xəsarət yetirildiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs tərəfindən ona xəsarət yetirildiyini bildirərək taxta parçasını təqdim etmişdir. Həmin taxta parçası təxminən 80-90 sm uzunluğunda olmuş və taxta parçasının tutacaq yerində mazut izlərinə rast gəlinmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 01 mart 2024-cü il tarixli, 187 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər- sağ göz ətrafının, burun yəhərinin, sağ və sol bel nahiyyəsinin hematomaları, hərəkət məhdudluğu, burun sümüyünün sınığı küt əşyanm (ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixə, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən yumuruqla, təpiklə vurulma zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 06 iyun 2024-cü il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Şahid1 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid1 izahatında göstərdiyi xüsusatları Zərərçəkmiş şəxs üzünə demişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçmək haqqında” 06 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(045)-591/2024 saylı qərarından görünür ki, təqsirliliyi sübuta yetirilmədiyindən Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib peşman olmasını. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsi - 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Goranboy rayonu Qurbanzadə kəndindəki ünvanı axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar