Məhkəmə qərarları › İş №1(045)-46/2023

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-46/2023

06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-46/2023 06.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X14 qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Goranboy rayon məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi – Zərərçəkmiş şəxs Tanrıverdi qızının, Təqsirləndirilən şəxs Tanrıverdi oğlunun və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonunun Seyfəli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Tanrıverdi oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Tanrıverdi oğlu yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 01 yanvar 2023-cü il tarixdə saat 14:00 radələrində idarə etdiyi “VAZ 21063” minik markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax- Gürcüstan sərhəd yolunun Goranboy rayonu Dəliməmmədli kəndi ərazisindən keçən 339cu kilometrliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsizx şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobilin hərəkət təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri vaxtında yerinə yetirməli olduğu halda bunu etməyərək, 60 km/saat sürətlə Qazax rayon istiqamətində yolun sağ ehtiyat hərəkət hissəsi ilə hərəkətdə olan zaman, avtomobil üzərində idarəetməni itirmiş, avtomobil yolun sağına doğru istiqamətlənib qabaq hissəsi ehtiyat hissənin sağ kənarında yerləşən işıq dirəyinə dəymiş, nəticədə o, ehtiyatsızlıqdan idarə etdiyi avtomobildə olmuş sərnişin, X2 QKBT baş beyin silkələnməsi, C2 fəqərə sağ arxasının sınığı, çənənin sol bucağının qapalı travması, döş qəfəsinin qapalı travması, kantuzyası, alın nahiyəsinin sıyrılmış yarası, travmatik hemaragik şok İİ-İİİ dərəcə, döş qəfəsinin sağ Vİ-Vİİ-Vİİİ qabırğalarının sınığı, qarının ön divarının küt travması, qançırları, dalağın və qara ciyərin əzilib-didilməsi, qarın boşluğunda daxili qanitirmənin olması, daxili üzvlərin azqanlığı, alın nahiyəsinin çoxsaylı sıyrılmış yarası ilə müşayiət edilən, həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, aldığı xəsarətlərdən xx.xx.2023-cü il tarixdə yerləşdirildiyi xəstəxanada ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Tanrıverdi oğlu ona elan olunmuş CM-in 263.2-ci maddəsi ilə ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, Şəmkir rayonu Seyfəli kəndində yaşayır. Evlidir, iki azyaşlı övladı vardır. Hazırda rəsmi olaraq hər hansı bir işdə işləmir, fərdi əməklə məşğul olur. Hadisə zamanı idarə etdiyi “VAZ 21063” minik markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil onun özünə məxsusdur. Avtomobili BC kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etmişdir. 01 yanvar 2023-cü il tarixdə o, ailə üzvləri ilə, yəni arvadı Şahid2, anası X5, azyaşlı övladları Şahid1 və X6 ilə birlikdə idarə etdiyi “VAZ 21063” minik markalı avtomobillə Şəmkir rayonundan Goranboy rayonuna Şadıllı kəndinə bacısı Zərərçəkmiş şəxs evinə qonaq getmişlər. Həmin günü o, idarə etdiyi avtomobillə Bakı-Qazax yolu ilə yaşadıqları Şəmkir rayonu Seyfəli kəndinə qayıdan zaman anası Səkinə İsgəndərova avtomobildə qabaqda sağ tərəfdə, arvadı Şahid2 arxada sol tərəfdə, qızı Şahid1 arxada sağ tərəfdə, oğlu Mərhəmət Sadıqov isə arxada ortada oturmuşdur. Saat 14:00 radələrində o, idarə etdiyi avtomobillə 60 km/saat sürətlə Goranboy rayonu Dəliməmmədli şəhərinin daxili ilə gəlmiş, sağa Qazax rayon istiqmətində olan sağ eytiyyat hərəkət hissəyə daxil olub hərəkət edən zaman arxadan markasını və qeydiyyat nişanını bilmədiyi bir avtomobilin gəldiyini görüb həmin avtomobilin solundan keçib getməsi üçün sükanı sağa çəkmiş və bu anda avtomobilin idarəetməsini itirmiş, avtomobil yolun sağına doğru istiqamətlənib yol kənarına çıxıb dəmir işıq dirəyinə dəyib dayanmışdır. Hadisə zamanaı o, arvadı Şahid2 xəsarət almamışlar, lakin anası Səkinə İsgəndərova ağır xəsarət almışdır, qızı Şahid1 xəsarət almışdır. Yol avtomobili ilə anasını və qızını Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya aparmışlar. 02 yanvar 2023-cü il tarixdə axşam saatlarında anası aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişdir. 03 yanvar 2023-cü il tarixdə onlar anasını Şəmkir rayon Seyfəli kənd qəbiristanlığında dəfn etmişlər. Sonda Təqsirləndirilən şəxs Tanrıverdi oğlu əməlindən peşman olduğunu, himayəsində iki uşağının olmasını, hadisə nəticəsində ölən şəxsin onun anasının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını və sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını qeyd edərək məhkəmədən bunların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Goranboy rayonu Şadıllı kəndində yaşayır. Hadisə nəticəsində vəfat etmiş X5 anası idi. 01 yanvar 2023-cü il tarixdə Şəmkir rayonu Seyfəli kəndində yaşayan qardaşı Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21063" minik markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə anası X5, həyat yoldaşı Şahid2 və azyaşlı övladları ilə birlikdə onalrın evinə qonaq gəlmişlər. Həmin günü saat təxminən 13 radələrində onlar evlərinə getmək üçün getmişlər. Saat təxminən 14:20 radələrində qardaşı Mətləb ona zəng edib demişdir ki, idarə etdiyi avtomobillə Goranboy rayonu Dəliməmmədli kənndi ərazisində qəzaya uğrayıbdır, anası və qızı Şahid1 xəsarət alıbdır, Gəncə şəhərinə xəstəxanaya aparır. Məlum olmuşdur ki, onları Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya aparmışlar. O, bunu eşidəndən sonra Gəncə şəhərinə xəstəxanaya gəlmişdir. 02 yanvar 2023-cü il tarixdə axşam saatlarında anası aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişdir. 03 yanvar 2023-cü il tarixdə onlar anasını Şəmkir rayon Seyfəli kənd qəbiristanlığında dəfn etmişlər. Daha sonra zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs olan qardaşına qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək məhkəməyə bu barədə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Şəmkir rayonu Seyfəli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. 01 yanvar 2023-cü il tarixdə o, ailə üzvləri, Təqsirləndirilən şəxs, qayınanası X5, azyaşlı övladları Şahid1 və X6 ilə birlikdə Mətləbin idarə etdiyi “VAZ 21063” minik markalı avtomobillə Şəmkir rayonundan Goranboy rayonuna Şadıllı kəndinə baldızı Zərərçəkmiş şəxs evinə qonaq getmişlər. Həmin günü onlar Bakı-Qazax yolu ilə yaşadıqları Şəmkir rayonu Seyfəli kəndinə qayıdan zaman Mətləb avtomobili idarə etmiş, qayınanası Səkinə İsgəndərova avtomobildə qabaqda sağ tərəfdə oturmuş, o, arxada sol tərəfdə, qızı Şahid1 arxada sağ tərəfdə, oğlu Mərhəmət Sadıqov isə arxada ortada oturmuşdur. Saat 14:00 radələrində onlar Goranboy rayonu Dəliməmmədli şəhərinin daxili ilə gəlmişlər, sağa Qazax rayon istiqmətində olan sağ ehtiyat hərəkət hissəyə daxil olub hərəkət edən zaman onun fikri telefonunda olmuş və bir anlıq avtomobil yolun sağına doğru istiqamətlənib yol kənarına çıxıb dəmir işıq dirəyinə dəyib dayanmışdır. Hadisə zamanı o, Mətləb xəsarət almamışlar, lakin qayınanası Səkinə İsgəndərova ağır xəsarət almışdır, eyni zamanda qızı Şahid1 yüngül xəsarət almışdır. O və Mətləb yol avtomobili ilə qayınanası və qızını Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya aparmışlar. 02 yanvar 2023-cü il tarixdə axşam saatlarında qayınanası aldığı xəsarətlərdən xəstəxanada vəfat etmiş və 03 yanvar 2023-cü il tarixdə Şəmkir rayon Seyfəli kənd qəbiristanlığında qayınanasını dəfn etmişlər. Məhkəmə iclasında qanuni nümayəndə və pedaqoqun iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmamış Şahid1 ifadəsində göstərdi ki, o, valideynləri ilə birlikdə Şəmkir rayonu Seyfəli kəndində yaşayır. Təqsirləndirilən şəxs onun atasıdır. 01 yanvar 2023-cü il tarixdə o, atası Mətləb, anası Əfsanə, nənəsi Səkinə və qardaşı Mərhəmətlə birlikdə atasının idarə etdiyi “VAZ 21063” minik markalı avtomobillə Goranboy rayonunun Şadıllı kəndindən, yəni bibisigildən evlərinə Şəmkir rayonu Seyfəli kəndinə qayıdan zaman o və qardaşı arxada anasının yanında oturmuşlar. Saat 14:00 radələrində onlar yolda gedən zaman qəfildən onların avtomobili yoldan çıxıb dəmir dirəyə dəyib dayanmışdır. Hadisə zamanı o, başından xəsarət almışdır, nənəsi Səkinə də xəsarət almışdır. Onu və nənəsini Gəncə şəhərinə xəstəxanaya aparmışlar, həkim onu müayinə etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 01 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, “VAZ 21063” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ hərəkət hissəsinin kənarından sağa doğru 5.0 metr məsafədə işıq dirəyinə, maneəyə dəymiş vəziyyətdədir; xx.xx.2023-cü il tarixli 05/2023 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktı”ndan görünür ki, Təqsirləndirilən şəxs Tanrıverdi oğlu 01 yanvar 2023-cü il tarixdə ayıq olmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X12 01 nömrəli, 12 yanvar 2023-cü il tarixli (meyitin ekspertizası) rəyindən görünür ki, X1 meyitinin üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir:- QKBT baş beyin silkələnməsi, C2 fəqərə sağ arxasının sınığı, çənənin sol bucağının qapalı travması, döş qəfəsinin qapalı travması, kantuzyası, alın nahiyəsinin sıyrılmış yarası, travmatik hemaragik şok İİ-İİİ dərəcə, döş qəfəsinin sağ Vİ-Vİİ-Vİİİ qabırğalarının sınığı, qarının ön divarının küt travması, qançırları, dalağın və qara ciyərin əzilib-didilməsi, qarın boşluğunda daxili qanitirmənin olması, daxili üzvlərin azqanlığı, alın nahiyəsinin çoxsaylı sıyrılmış yarası. Bütün bu xəsarətlər bərk KÜT alətin təsirindən, eləcə də, qərarın təsviri hissəsində göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. X1 ölümünə səbəb qarının küt travması nəticəsində dalağın və qara ciyərin əzilib-didilməsi, qarın boşluğuna daxili qan itirmənin olması, daxili üzvlərin azqanlığı, daxili qanaxma olmuşdur. Azərbaycan Respublikası DİN BDYPİ Tovuz RQİ və TBŞ tərəfindən verilmiş AE seriyalı 034508 nömrəli, xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21063” minik markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Təqsirləndirilən şəxs Tanrıverdi oğludur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2023-cü il tarixli, məktubundan görünür ki, Təqsirləndirilən şəxs Tanrıverdi oğluna BD 303 777 saylı -BCkateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək verilmiş və sürücülük hüququ məhdudlaşdırılmamışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş 25 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tanrıverdi oğlu əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2023-cü il tarixli 8/729 nömrəli rəyindən görünür ki, "VAZ 21063" minik markalı **-CH- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manatdır; “Avtomobilin maddi sübut hesab edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “VAZ 21063” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut hesab edilmişdir; “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Tanrıverdi oğlunun barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; Şamxor rayonu, Seyfəli kənd sovetliyi tərəfindən verilmiş 485428 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Tanrıverdi oğlunun atası X7, anası X3r; Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs Tanrıverdi qızı qızının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs Tanrıverdi oğlu ilə aralarında barışıq olmuşdur, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Tanrıverdi oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). CM-in: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2023-cü il tarixli, 8/729 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Tanrıverdi oğlunun əməli CM-in 263.2ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirici hallar kimi nəzərə alır: - ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini; - törətdiyi əməli etiraf edib əməlindən peşman olmasını; - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarına əlavə olunmuş Şəmkir rayonu Yuxarı Seyfəli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamə); - zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışması və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını; - yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş X2 təqsirləndirilən şəxsin yaxın qohumu olmasını (əsas: Şamxor rayonu, Seyfəli kənd sovetliyi tərəfindən verilmiş 485428 nömrəli doğum haqqında şəhadətnamə); - himayəsində biri azyaşlı olmaqla yetkinlik yaşına çatmayan iki uşağının olması (əsas: iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətləri). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə təyin olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Tanrıverdi oğluna cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid olunmasına bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Tanrıverdi oğlu CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, lakin onun azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunması mümkün hesab edilərək barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti tətbiq edilməli və sınaq müddəti müəyyən edilməli, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, CM-in 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Tanrıverdi oğlunun üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - “VAZ 21063” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi Təqsirləndirilən şəxs Tanrıverdi oğluna qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, şərti məhkumetmənin təyin edilməsi Təqsirləndirilən şəxs Tanrıverdi oğlunun islah olunması məqsədinə cavab verir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Tanrıverdi oğlunun CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Tanrıverdi oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Tanrıverdi oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunsun və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs Tanrıverdi oğlunun üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Davranışı üzərində nəzarət yaşayış üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs Tanrıverdi oğlu barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - “VAZ 21063” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi Təqsirləndirilən şəxs Tanrıverdi oğluna qaytarılsın. İş üzrə ekspertiza xərcinin dəyərini təşkil edən 85 (səksən beş) manat məbləğində vəsait Təqsirləndirilən şəxs Tanrıverdi oğlundan tutularaq dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22) keçirilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar