Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-46/2025 20.10.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X12 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1996-cı il tarixdə Goranboy rayonu Qaraçinar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Goranboy rayonu Qaraçinar kəndində qeydiyyatda olmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilərək AR ƏN PX-nin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 29,177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 13 may 2025-ci il tarixdə saat 01 radələrində Goranboy rayonu Veyisli kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus ərzaq məhsulları mağazasına pəncərədə quraşdırılmış dəmir barmaqlıqları və pəncərəni sındırma yolu ilə qanunsuz daxil olaraq mağazada yerləşən "xxxx" MMC-yə məxsus “MilliÖn” ödəmə terminalının kassasında olan 3083 (üç min səksən üç) manat pulu oğurlamaq məqsədi ilə əvvəlcədən özü ilə götürdüyü balta ilə saxlanc yeri hesab edilən terminala daxil olmaq məqsədilə terminalın kassasını sındırmağa çalışarkən balta qırıldığı üçün öz iradəsindən asılı olmayan səbəbdən terminalda olan 3083 (üç min səksən üç) manat nağd pul vəsaitlərini talaya bilməyib cinayət əməlini başa çatdırmayaraq oğurluğa cəhd etmiş, daha sonra həmin vaxt qanunsuz olaraq daxil olduğu mağazada özgənin əmlakını, yəni Zərərçəkmiş şəxs əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə saxlanc yeri hesab edilən kassada olan 1957 (bir min doqquz yüz əlli yeddi) manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 29,177.2.3, 177.2.2 və 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Goranboy rayonu Qaraçinar kəndində olan fərdi yaşayış evində arvadı X6, qızı 20 iyun 2017-ci il təvəllüdlü X7 və oğlu 03 mart 2024-cü il təvəllüdlü X4 ilə birlikdə yaşayır. O, 12 may 2025ci il tarixdə yaşadığı evdə və Qaraçinar kəndində olan kafelərin birində spirtli içki içdikdən sonra oğurluq etmək qərarına gəlmiş, “MilliÖn” ödəmə terminalından pul oğurlamaq istəmiş, buna görə də əvvəllər bir neçə dəfə alış-veriş etmək üçün getdiyi Goranboy rayonu Veyisli kəndində olan Dilsuz adlı şəxsin mağazasındakı “MilliÖn” ödəmə terminalından pul oğurlamaq qərarına gəlmişdir. 13 may 2025-ci il tarixdə təxminən saat 01 radələrində həmin kəndə getmiş, Veyisli kəndində yaşayan əmisi oğlu Turalın həyətinə getmiş, oradan bir ədəd dəmir balta və bir ədəd dəmir armatur parçası götürmüş, sonra mağazaya tərəf gəlmiş, mağazanın arxa pəncərəsinin dəmir barmaqlığının birini balta ilə vurub qırmış və yerindən çıxarmış, sonra pəncərənin şüşəsini qırıb mağazaya daxil olmuş, orada quraşdırılmış “MilliÖn” ödəmə terminalını arxası üstə yerə uzatmış və balta ilə qoruyucu qapağını güc tətbiq edib açmaq istəmiş, lakin baltası qırıldığı üçün “MilliÖn” ödəmə terminalını sındıra bilməmiş və oradan pul oğurlaya bilməmişdir. O, çöldən səs gəlməsini eşitdiyi üçün tez mağazanın kassasına yaxınlaşmış və orada olan pulları götürüb gödəkçəsinin cibinə qoyub oradan qaçıb getmişdir. Pəncərədən çölə tullanan zaman cibində olan özünə məxsus “Honor” markalı mobil telefonu cibindən yerə düşmüşdür. O, oradan gedəndən sonra bunu bilmişdir. Mağzadan çıxıb qaçdıqdan sonra pulları cibində saxlamış, sonra oradan xeyli kənar yerdə dayanıb gözləmiş və oraya polis əməkdaşları gəlməsini kənardan görmüşdür. Polis əməkdaşları oradan gedəndən sonra əmisi oğlu Turalın evinə getmiş və həmin vaxt Tural evdə olmamışdır. Turalın anası Şamama ona “Turalı polislər aparıb” demiş, o, bir qədər onlarda qaldıqdan sonra polis əməkdaşları oraya gəlib onu polis şöbəsinə dəvət edib gətirmişlər. O, oğurluğu tək etmiş, oğurluqda heç kim ona köməklik etməmişdir. O, oğurluq edən zaman istifadə etdiyi əşyaları Şahid2 məlumatı olmadan onun həyətyanı sahəsindəki yardımçı tikilidən götürmüşdür. O, alətləri Şahid2 evinin həyətində yerləşən yardımçı tikilidən götürən zaman onu heç kim görməmişdir. O, mağazadan 1957 manat pul oğurlamış, pulları saymağa vaxtı olmadığı üçün nə qədər olduğunu bilməmiş, polis şöbəsinə gələndə pulları saymışdır. Mağazadan puldan başqa heç nə oğurlamamışdır. O, mağazada olan “MilliÖn” ödəmə terminalındakı məbləğini bilmədiyi pulları oğurlamağa cəhd etmiş, lakin baltası qırıldığı üçün “MilliÖn” terminalının qoruyucu qapağını sındıra bilməmişdir. O, Goranboy rayonu və ya Respublikanın başqa ərazilərindən oğurluq etməmişdir. O, oğurluq edən zaman onu heç kim görməmişdir. Oğurluq etməsindən heç kimin məlumatı olmamışdır. Etdiyi əməldən peşmandır. Hazırda o, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbləri yoxdur. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onun Goranboy rayonu Veyisli kəndində özünə məxsus ərzaq mağazası var. Həmin mağazasını kamera və siqnalzasiya ilə təchiz etmişdir. Hər gün mağazasını saat 06:30 radələrində açıb, saat 23:00-da bağlamışdır. Mağazasını bağlamamışdan qabaq alverin pulunu kassaya rezinlənmiş formada yığmış və gec olduğu üçün pulunu evinə aparmamışdır. O, evinə gedəndən bir qədər sonra saat təxminən 01:15 radələrində mağazasına quraşdırdığı siqnalizasiya işə düşmüş və o da nə baş verdiyini öyrənmək üçün evindən çıxıb mağazasına gəlmişdir. Mağazasına çatan zaman qapının bağlı olduğunu görmüşdür. O, mağazasının arxasına keçən zaman mağazanın pəncərəsinə quraşdırdığı dəmir barmaqlıqların yerində olmadığını görmüş, bundan sonra pəncərəyə yaxınlaşan zaman pəncərənin qırıldığını və yerdə əşya olduğunu görmüşdür. O, yerə əyilib baxmağa qorxmuş və mağazasının qarşına keçmişdir. Mağazanın qapısını açmış, siqnalizasiyanı söndürmüş və oğlu Səxavətə zəng edərək mağazadan oğurluq olduğunu bildirmişdir. O, mağazanın qapısını açıb içəri daxil olan zaman mağazanın dağınıq halda olduğunu və kassada olan pullarının yerində olmadığını görmüşdür. Bundan sonra oğlu Səxavət də mağazaya gəlmiş və Səxavət gələndən sonra o, DİN-in 102 xidmətinə zəng edərək mağazasından oğurluq olması barədə məlumat vermişdir. Bundan sonra o, oğlu ilə birlikdə mağazasının arxasına keçən zaman mağazasının arxa tərəfində 1 ədəd telefon olmasını görmüşdür. Bundan başqa mağazasının içərisində sapı dəmirdən olan 1 ədəd balta və 1 ədəd dəmir armatur parçası da olmuşdur. Həmin əşyalar oğurluq edən şəxsə məxsus olmuşdur. Mağazasından ümumilikdə 1957 manat pul oğurlanmışdır. O, gecə saatlarında ərizə yazdığı və yaşlı olduğu üçün ərizə yazanda dəqiq məbləği bildirə bilməmiş, sonradan mağazasına baxanda və pulunu hesablayan zaman 1957 manat pulunun oğurlandığını bilmişdir. Ona görə də ifadəsində qeyd etdiyi 1957 manat dəqiq oğurlanan məbləğdir. Buna görə 1957 manatı əsas oğurlanan məbləğ kimi qəbul edilməsini xahiş edir. O, mağazasını 2015-ci ildən işlədir, həmin mağazaya təxminən 2017-ci il tarixdən isə "xxxx" MMC-nin şəxsi mülkiyyətində olan “MilliÖn” ödəmə terminalı quraşdırılmışdır. 13 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs mağazasına daxil olaraq oradan 1957 manat pul oğurlayan zaman mağazasında olan “MilliÖn” ödəmə terminalının da qapısını dəmir baltası ilə qıraraq oradakı pulları oğurlamağa cəhd etmişdir. Lakin mağazasına quraşdırdığı siqnalizasiya işə düşdüyü üçün Təqsirləndirilən şəxs cinayət əməlini tam başa çatdıra bilməmiş və mağazadan qaçmışdır. O, mağazaya gələndə “MilliÖn” ödəmə terminalı mağazanın içərisində arxası üstə yerə uzadılmış, bir ədəd dəmir balta və bir ədəd dəmir parçası isə terminalın yanında olmuşdur. “MilliÖn” ödəmə terminalının tanımadığı əməkdaşları gəlib ödəmə terminalına baxış keçirmişlər, aparatın qırılmadığını və işlək vəziyyətdə olmasını bildirmişlər, ödəmə terminalı qırılmamış və içərisindən pul oğurlanmamışdır. Onun mağazasından isə kassa kimi istifadə etdiyi şkafdan müxtəlif milli əskinaslardan ibarət ümumilikdə 1957 manat pul oğurlanmışdır. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam ödəmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma atasıdır, atası Dilsuz yaşadıqları Goranboy rayonu Veyisli kəndində olan ərzaq məhsulları satılan mağazasını işlədir. Atası Dilsuz 13 may 2025-ci il tarixdə təxminən saat 01 radələrində ona zəng edərək mağazaya oğru girməsini deyərək onun tez oraya getməsini demiş, o da maşını ilə tez mağazaya getmiş, mağazanın qapısının bağlı olmasını və dəmir barmaqlıqla təchiz olunmuş pəncərələrin dəmir barmaqlıqlarının və bir ədəd pəncərənin qırılmasını görmüşdür. Atası Dilsuz bu barədə DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Mağazanın qırıq olan pəncərəsinin çöl tərəfinə bir ədəd göy rəngli mobil telefon düşüb qalmışdır. O, atası Dilsuza polis əməkdaşları gələnədək mağazanın qapısını açmamasını demişdir. Polis əməkdaşları gəlmişlər və oradan əl-barmaq izlərini götürmüşlər. Bundan başqa, mağazanın kassa kimi istifadə edilən yerindən mağazanın pullarının oğurlanması məlum olmuşdur. Mağazanın içərisinə quraşdırılmış “MilliÖn” ödəmə terminalı da arxası üstə yerə uzadılmış və yanında bir ədəd armatur parçası, bir ədəd sapı qırılmış dəmir balta olmuşdur. Onlar oğurluq hadisəsinin kim tərəfindən törədilməsini ilk əvvəl bilməmişlər. Lakin, sonradan polis əməkdaşları oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olmasını bilmişlər. Təqsirləndirilən şəxs mağazadan 1957 manat pul oğurlamışdır. O, mağazaya gedəndə atası Dilsuz orada tək olmuş, başqa heç kimi görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma əmisi oğludur, Elxanla münasibəti yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 12 may 2025-ci il tarixdə Elxan onlara gəlməmiş, lakin Elxanla bir-birlərinin evinə qonaq kimi gec-gec gedib gəlmişlər. Elxan 12 may 2025-ci il tarixdən 13 may 2025-ci il tarixə keçən gecə onların evinə gəlməmiş, Elxanı həyətlərində görməmişdir. O, evində yatan zaman 13 may 2025-ci il tarixdə Goranboy rayon polis şöbəsinin tanımadığı əməkdaşları gəlib onu çağırmışlar, o da çıxmış, ona “Zərərçəkmiş şəxs mağazasından pul oğurlanmışdır” deyilmiş, əmisi oğlu Elxanın həmin cinayətdə şübhəli olmasını demiş, onu da rayon polis şöbəsinə dəvət etmişlər. O da onlarla birlikdə gəlmiş, sonradan Elxan da polis şöbəsinə gətirilmiş, onun günahı olmadığı üçün yaşadığı ünvana getmişdir. Təqsirləndirilən şəxs həmin oğurluqda istifadə etdiyi bir ədəd dəmir baltanı və bir ədəd dəmir parçasını onun həyətindən götürmüş, lakin o, həmin vaxt evində yatmış və bundan məlumatı olmamışdır. Onun Təqsirləndirilən şəxs oğurluq etməsindən əvvəlcədən və ya sonradan məlumatı olmamışdır, Elxan ona bu barədə heç bir məlumat verməmişdir. O, Təqsirləndirilən şəxslə birlikdə Goranboy rayonu ərazisindən və ya Respublikanın başqa ərazilərindən oğurluq etməmişdir. O, ümumiyyətlə oğurluq etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 13 may 2025-ci il tarixdə saat 01 radələrində Goranboy rayonu Veyisli kənd sakini Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə müraciət edərək Goranboy rayonu Veyisli kəndində yerləşən ona məxsus ərzaq məhsulları mağazasına daxil olan naməlum şəxs və ya şəxslərin mağazadan oğurluq etməsini bildirmişdir. Daxil olmuş məlumatla əlaqədar RPŞ-nin əməliyyat istintaq qrupunun üzvləri ilə həmin mağazanın yerləşdiyi Veyisli kəndinə getmişlər. Həmin mağazanın qapısının kilidinin bağlı olmasını, mağazanın arxa tərəfində yerləşən pəncərələrin dəmir barmaqlıqlarının və bir ədəd pəncərənin şüşəsi ilə birlikdə qırılmasını görmüşlər. Qırılan pəncərənin qarşısında torpağın üzərinə bir ədəd göy rəngli mobil telefon yerə düşmüşdür. Mağazanın içərisində quraşdırılmış bir ədəd "xxxx" MMC-yə məxsus “MilliÖn” ödəmə terminalı arxası üstə yerə uzadılmış, lakin işlək vəziyyətdə olmuş, ödəmə terminalının yaxınlığında bir ədəd sapı qırılmış dəmir balta və bir ədəd dəmir armatur parçası olmuşdur. Mağazanın pəncərəsini qıraraq mağazaya daxil olan şəxs mağazanın kassa kimi istifadə edilən yerindən məbləği dəqiq bilinməyən pullar oğurlamışdır. Keçirilmiş əməliyyat axtarış tədbirləri nətəcəsində Zərərçəkmiş şəxs Veyisli kəndində yerləşən mağazasına daxil olaraq "xxxx" MMC-yə məxsus “MilliÖn” ödəmə terminalındakı pulları oğurlamağa cəhd edən və mağazadan 1957 manat pul oğurlayan şəxsin Goranboy rayonunun Qaraçinar kənd sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və Təqsirləndirilən şəxs Veyisli kəndi ərazisində saxlanılaraq RPŞ-yə gətirilmişdir. İttiham aktının siyahısında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində göstərilən Nümayəndə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, 2018-ci ildən rəsmi olaraq "xxxx" MMC-nin Gəncə Regional Xidmət Mərkəzinin əməliyyatçısı vəzifəsində xidmət edir. Şirkət elektron ödəmə sistemləri və onlara texniki xidmət göstərilməsi üzrə aparıcı şirkətdir. Şirkət rayon, şəhər rəhbərliyi və sahibkarlarla razılaşma əsasında ödəmə aparatları quraşdırır. “MilliÖn” ödəmə aparatı Goranboy rayonu Veyisli kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus marketin daxilində quraşdırılmışdır. 13 may 2025-ci il tarixdə şirkətin zəng mərkəzinə məlumat daxil olmuşdur ki, naməlum şəxs və ya şəxslər gecə vaxtı Veyisli kəndində yerləşən Zərərçəkmiş şəxs marketinə qanunsuz daxil olaraq oradan oğurluq etmiş və həmin mağazada quraşdırılmış "xxxx" MMC-nin şəxsi mülkiyyəti olan 12064 nömrəli ödəmə terminalındakı pulları oğurlamağa cəhd etmişdir. Məlumat daxil olandan sonra həmin aparata tərəflərindən baxış keçirilən zaman hadisə zamanı ödəmə aparatının zədələnmədiyi və ödəmə aparatında olan 3083 manat nağd vəsaitin oğurlanmadığı, şirkətə maddi ziyan vurulmadığı müəyyən edilmişdir. “MilliÖn” ödəmə terminalı arxası üstə mağazanın içərisində yerə uzadılmış vəziyyətdə olmuş, ödəmə terminalı işlək vəziyyətdə olmuşdur. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, digər Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 13 may 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs mağazasından oğurluq edilməsi faktına görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir; “Şübhəli şəxsin tutulması haqqında” 13 may 2025-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi üçün kifayət qədər əsaslar olduğundan həmin tarixdə saat 05:35-də şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2025-ci il tarixdən saat 04:51-dən məhdudlaşdırılmışdır; “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 14 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir; “Qətimkan tədbiri seçilməsi barədə” Goranboy rayon Məhkəməsinin 4(045)-20/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmışdır; Hadisə yerinə baxış keçirilməsi haqqında 13 may 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Goranboy rayonu Veyisli kəndində yerləşən Zərərçəkmiş şəxs mağazasıdır. Mağazaya baxış keçirilən zaman mağazanın qapısının və pəncərələrinin dəmir barmaqlıqlarla təchiz olunması müəyyən edilmişdir. Mağazanın daxilində bir ədəd üzərində “MilliÖn” yazısı olan terminalın arxası üstə yerdə olması, həmin terminalın yanında bir ədəd sapı dəmir olan balta vardır, həmin baltanın sapı qırıq vəziyyətdədir. Zərərçəkmiş şəxs piştaxtanın arxasında olan şkafa pullarını saxladığını bildirmişdir. Mağazanın arxasında mağazanın pəncərələrinə quraşdırılmış dəmir barmaqlıqların və pəncərənin birinin qırıldığı müəyyən edilmişdir. Pəncərənin yanında bir ədəd göy rəngli smartfon telefon aşkar edilmişdir. Bundan başqa, baxış zamanı bir ədəd telefon, bir ədəd balta və bir ədəd dəmir parçası iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür; Baxış və götürmə aparılması haqqında 13 may 2025-ci il tarixli baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi ümumilikdə 1957 manat pul əskinazları Goranboy RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X1 tərəfindən götürülmüşdür; Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsinin 27 iyun 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; Goranboy rayon Məhkəməsinin 1(045)-49/2024 saylı 15 avqust 2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Goranboy rayon İcra və Probasiya Şöbəsinin 01 iyul 2025-ci il tarixli 269739/2024 nömrəli məktubundan görünür ki, Hacıyev X5 RPŞ tərəfindən tutulduğu 13 may 2025-ci il tarixədək cəzasının 08 ay 03 gününü çəkmiş, 02 il 03 ay 23 gün çəkilməmiş cəzası qalmışdır; "xxxx" MMC-nin 07 iyul 2025-ci il tarixli, PPO-SEC/1204/2025 nömrəli məktubundan görünür ki, "xxxx" şirkətinin şəxsi mülkiyyəti olan 12064 nömrəli ödəmə aparatı müqavilə əsasında Goranboy rayonu Veyisli kənd sakini Zərərçəkmiş şəxs məxsus olan mağazada quraşdırılmış və hazırda orada xidmət göstərir. 13 may 2025-ci il tarixdə həmin mağazadan oğurluq edilməsinə dair ödəniş sisteminə baxış keçirilmiş və müəyyən edilmişdir ki, hadisə zamanı ödəmə aparatının daxilində pul kasetində 3083 manat nağd pul olmuşdur. Mağazanın əmlakının gizli olaraq talanması zamanı ödəmə aparatı zədələnməməmiş, nağd vəsait oğurlanmamış və şirkətə maddi ziyan vurulmamışdır; Zərərçəkmiş şəxs X2 Goranboy rayon Polis Şöbəsində tərtib və təqdim etdiyi xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona məxsus mağazadan oğurlanmış və Goranboy RPŞ-nin İB-də saxlanılan 1957 (bir min doqquz yüz əlli yeddi) manat pulu saxlanılması üçün Goranboy RPŞ-nin İB-nin müstəntiqi Nurlan Allahverdiyevdən təhvil almışdır; Zərərçəkmiş şəxs X2 Goranboy rayon Məhkəməsində tərtib və təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir, ona görə də Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur; Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə Goranboy rayon Məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli teleqramlardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir, ona görə də Təqsirləndirilən şəxs heç bir şikayət və tələbləri yoxdur, məhkəmə prosesini onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 29,177.2.3, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Adı çəkilən Qərarın 4-cü bəndinə əsasən özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. CM-in 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur Məhkəmə qeyd edir ki, mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Beləliklə, məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 13 may 2025-ci il tarixdə saat 01 radələrində Goranboy rayonu Veyisli kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus ərzaq məhsulları mağazasına pəncərədə quraşdırılmış dəmir barmaqlıqları və pəncərəni sındırma yolu ilə qanunsuz daxil olaraq mağazada yerləşən "xxxx" MMC-yə məxsus “MilliÖn” ödəmə terminalının kassasında olan 3083 (üç min səksən üç) manat pulu oğurlamaq məqsədi ilə əvvəlcədən özü ilə götürdüyü balta ilə saxlanc yeri hesab edilən terminala daxil olmaq məqsədilə terminalın kassasını sındırmağa çalışarkən balta qırıldığı üçün öz iradəsindən asılı olmayan səbəbdən terminalda olan 3083 (üç min səksən üç) manat nağd pul vəsaitlərini talaya bilməyib cinayət əməlini başa çatdırmayaraq oğurluğa cəhd etmiş, daha sonra həmin vaxt qanunsuz olaraq daxil olduğu mağazada özgənin əmlakını, yəni Zərərçəkmiş şəxs əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə saxlanc yeri hesab edilən kassada olan 1957 (bir min doqquz yüz əlli yeddi) manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq yolu ilə zərərçəkmiş şəxsə məxsus əmlakı oğurlaması və zərərçəkmiş hüquqi şəxsin əmlakını oğurlamağa cəhd etməsi ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında tam həcmdə öz təsdiqini tapması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 29,177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-in 29,177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham hökmü çıxarmağı qanuni və əsaslı hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 – 59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -törətdiyi əməli etiraf edib peşman olmasını; -zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəməsini; -zərərçəkmiş şəxslərin onunla barışıb, ondan heç bir şikayət və tələblərinin olmamasını; -himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını; -yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: Goranboy rayon İHB-nin Qaraçinar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-45-41/2-29/2025 saylı xx.xx.2025-ci il tarixli yaşayış yeri haqqında xasiyyətnamə); Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. İş materiallarından göründüyü kimi Hacıyev X5 rayon məhkəməsinin 1(045)-49/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Lakin, bu dövr ərzində Təqsirləndirilən şəxs məhkumluğunun olmasına baxmayaraq, bundan lazımi nəticə çıxarmamış və islah olunmamış, yenidən cinayət əməli törətmişdir ki, bu da onun şəxsiyyətini mənfi cəhətdən xarakterizə edir. Bundan başqa «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CM-in 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs CM-in 29,177.2.3, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Goranboy rayon Məhkəməsinin 1(045)- 49/2024 saylı 15 avqust 2024-cü il tarixli qərarı ilə təyin olunmuş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 03 (üç) ay 23 (iyirmi üç) gün hissəsi hazırkı hökmlə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməli, üzərində qəti olaraq məyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs faktiki olaraq 13 may 2025-ci il tarixdən 20 oktyabr 2025-ci il tarixədək müddətdə 05 (beş) ay 07 (yeddi) gün müddətində həbsdə saxlanılması nəzərə alınaraq, ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 10 (on) ay 14 (on dörd) gün çıxılmaqla, üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, iş üzrə maddi sübutlar – Goranboy RPŞnin saxlancına verilmiş 1 ədəd dəmir parçası, 1 ədəd dəmir balta məhv edilməli, 1 ədəd “Honor” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalı, 1957 manat məbləğində pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 29,177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçi iş üzrə Təqsirləndirilən şəxs cəmi 12 (on iki) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Odur ki, məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 (on iki) iş saatına görə 132 (bir yüz otuz iki) manat məbləğində vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3, 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Goranboy rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 03 (üç) ay 23 (iyirmi üç) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilsin və üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs faktiki olaraq 13 may 2025-ci il tarixdən 20 oktyabr 2025-ci il tarixədək müddətdə 05 (beş) ay 07 (yeddi) gün müddətində həbsdə saxlanılması nəzərə alınaraq, ona təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 10 (on ay) ay 14 (on dörd) gün çıxılsın, üzərində qəti olaraq 02 (üç) il 07 (yeddi) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Goranboy rayonu Qaraçinar kəndində yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut – Goranboy RPŞ-nin saxlancına verilmiş 1 ədəd dəmir parçası, 1 ədəd dəmir balta məhv edilsin. İş üzrə maddi sübut – Goranboy RPŞ-nin saxlancına verilmiş 1 ədəd “Honor” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut - 1957 manat məbləğində pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) iş saatı üçün cəmi 134 (bir yüz otuz dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Əliyev
Məhkəmə qərarları › İş №1(045)-46/2025
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-46/2025
20.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver