Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-47/2024 10.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 28 avqust 1992-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Xocalı şəhərində qeydiyyatda olmaqla Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsində yaşayan, barəsində «polisin nəzarəti altına vermə haqqında» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 244.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq gəlir əldə etmək məqsədi ilə Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsində yerləşən müvəqqəti məskunlaşıb yaşadığı fərdi yaşayış evini cinsi əlaqədə olmaq üçün çarpayı, hamam, yataq dəsti və digər məişət avadanlıqları ilə təchiz edib fahişəliklə məşğul olmaq üçün istifadəyə yararlı vəziyyətə salmaqla əxlaqsız yuva təşkil edərək saxlamış, 26 yanvar 2024-cü il tarixdə saat 21 radələrində Şahid3 Şahid2 ilə cinsi əlaqədə olması üçün 15 manat pul vəsaitini aldıqdan sonra fərdi yaşayış evini onların cinsi əlaqədə olmaları üçün istifadələrinə vermişdir. Bundan başqa o, təkrarən qanunsuz olaraq gəlir əldə etmək məqsədi ilə Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsində yerləşən müvəqqəti məskunlaşıb yaşadığı fərdi yaşayış evini cinsi əlaqədə olmaq üçün çarpayı, hamam, yataq dəsti və digər məişət avadanlıqları ilə təchiz edib fahişəliklə məşğul olmaq üçün istifadəyə yararlı vəziyyətə salmaqla əxlaqsız yuva təşkil edərək saxlamış, 14 mart 2024-cü il tarixdə saat 20 radələrində Şahid3 Şahid2 ilə cinsi əlaqədə olması üçün 15 manat pul vəsaitini aldıqdan sonra fərdi yaşayış evini onların cinsi əlaqədə olmaları üçün istifadələrinə vermiş, bundan sonra Təqsirləndirilən şəxs fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuva təşkil edərək saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 14 mart 2024-cü il tarixdə saat 20 radələrində Goranboy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman Şahid3 və Şahid2 evdə aşkar edilmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2014-cü ildən dövlət tərəfindən məcburi köçkünlər üçün Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsində verilmiş iki otaqlı evdə yaşayır. Bundan başqa, anası X3 da həmin qəsəbədə ev verilmişdir. Onun əsl adı İntiqam olsa da, hamı onu Mosan ləqəbi ilə tanıyır və belə çağırırlar. O, dolanışıq zəif olduğu üçün öz yaşadığı evi günlük kirayəyə verir. O, 20-30 manat məbləğində pula evini sutkalıq kirayəyə verir, evində ailəli şəxslər də qalır. Şahid2 tanıyır, lakin Əsədlə heç bir münasibəti olmamışdır. Əsəd bir neçə dəfə onun evində günlük kirayədə qalmışdır. xx.xx.2024-cü il tarixdə saat 20-21 radələrində Əsəd ona zəng edərək bir günlük kirayə qalmaq istədiyini demiş, o da Əsədə evin boş olduğunu demiş, Əsəd ona “pulum azdır, 15 manat verə bilərəm” demiş, o da Əsədlə razılaşmışdır. O, Əsədə “açar evdədir, gedərsən” demiş, lakin Əsəd ona kiminlə gəlməsini deməmişdir. Əsəd özünə məxsus ağ rəngli markasını bilmədiyi və dövlət nömrə nişanını xatırlamadığı maşınla qəsəbədə olan mağazanın yanına gəlmiş, onlar görüşmüş, Əsəd ona 15 manat pulu vermiş, sonra isə maşınla evə tərəf getmişlər, o, Əsədin maşınında heç kimi görməmiş və avtomobilə baxmamışdır. Əsəddən evdə kiminlə qalacağını soruşmamışdır. O, bundan sonra qonaqlığa getmiş, sonra evinə gəlib yatmışdır. Daha sonra ona zəng edərək polis əməkdaşı kimi özünü təqdim edən şəxs onun xx.xx.2024-cü il tarixdə şöbəyə gəlməyini demiş, o da “yaxşı” demiş və xx.xx.2024-cü il tarixdə X9 kimi bildiyi şöbəyə getmiş, orada ona “sən evi kirayə kimə vermisən?” deyilmiş, o da Əsədə bir günlük kirayə verdiyini demiş, sonra onu Goranboy RPŞ-yə dəvət etmişlər və o da heç bir etiraz etmədən gəlmişdir. Əsəd bir neçə dəfə onun evində günlük qalmış, o, hər dəfə Əsəddən kirayə pulu almışdır. Yay aylarında evi günlük 20-30 manata, qış aylarında isə 15-20 manata günlük kirayə verişdir. Lakin o, Əsədin oraya Türkan adlı xanımla gəlməsini bilməmişdir, Əsədlə Türkanın onun evinə nə məqsədlə gəlməsini bilməmiş və Türkan adlı xanımı tanımamışdır. O, evini xx.xx.2024-cü il tarixdə Əsədə 15 manat qarşılığında bir günlük kirayəyə vermiş, həmin tarixdə Əsəddən 15 manat pulu almış və şəxsi işlərinə xərcləmişdir. Buna görə də, həmin pulu təqdim edə bilmir. O, Əsəddən başqa şəxslərə də evini gündəlik və aylıq olmaqla kirayəyə vermiş, lakin həmin şəxslərin kiminlə evdə qalmasını maraqlanmamış və onların evə kimi gətirməsini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hazırda Goranboy RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 14 mart 2024-cü il tarixdə Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsində yerləşən fərdi yaşayış evində əxlaqsızlıq yuvası təşkil etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. O, Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi ilə bağlı daxil olmuş məlumatı rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. O, təxirə salınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün qərar qəbul etmiş, eyni zamanda tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri isə o və Goranboy RPŞ-nin XÜ rəis müavini X1 ibarət olmuşdur. Bundan sonra isə Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədi ilə 14 mart 2024-cü il tarixdə saat 20 radələrində xidməti avtomobillə Rüfət Quliyev ilə birlikdə Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs fərdi yaşayış evinə getmişlər. Həmin evə daxil olan zaman foto çəkilişdən istifadə edilməklə baxış keçirməyə başlanılmışdır. Otağa daxil olan zaman Türkan adlı şəxsin evdə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Türkan adlı şəxs Əsəd adlı tanışı ilə həmin evdə cinsi əlaqədə olmaq məqsədi ilə gəldiklərini, evdə qalmaq üçün evin sahibi İntiqam ilə danışdıqlarını, evdən istifadə müqabilində Əsədin İntiqama 15 manat pul verdiyini bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, o, iştirakçılarla birlikdə protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, təxminən bir il olar ki, Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsində yaşayan Mosan ləqəbi ilə tanıdığı İntiqam adlı şəxslə maşını ilə təsadüfən yol gedərkən tanış olmuş, lakin İntiqamla münasibəti yoxdur. İntiqam söhbət əsnasında ona Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsində evi olmasını, evi gündəlik və ya bir neçə saatlıq qalmaq üçün verməsini, istəyən olsa deməsini demiş və telefon nömrəsini vermiş, o, İntiqamdan “həmin evə xanımla gəlib istirahət etmək olarmı?” deyə soruşmuş, İntiqam da ona “hə” demişdir. O, evin günlük qalmaq üçün qiymətini soruşmuş, İntiqam ona “nə verərsən verərsən” demişdir. O, Şahid3 təxminən 15 il olar ki, tanıyır, Türkan onun yaşadığı kəndə gəlin gəlmişdir. O, Türkandan xoşu gəlsə də, Türkan ailəli olduğu vaxtlarda bu barədə heç nə deməmişdir. Türkan boşanandan sonra o, təxminən 5 ay olar ki, Türkandan xoşu gəlməsini və qeyri-rəsmi münasibət qurmaq istəməyini demişdir. Lakin Türkan ilk əvvəl buna razı olmamış, təxminən 3 ay olar ki, o, Türkanla tik-tok sosial şəbəkəsində yazışaraq Türkanın öz razılığı ilə qeyri-rəsmi münasibət qurub danışmağa başlamışdır. 26 yanvar 2024-cü il tarixdə Türkanla razılaşmış ki, görüşsünlər, o, buna görə həmin gün İntiqama zəng edib evin boş olub-olmamasını soruşmuş, İntiqam da evin boş olduğunu demiş, o, İntiqama “xanımla gəlirəm, 2-3 saat qalıb görüşüb qayıdacam” demiş, İntiqam da problem olmadığını demişdir. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində o, özünə məxsus Volksvagen markalı, **-ZK-*** dövlət nömrə nişanlı maşınla Türkanı Goranboy şəhəri ərazisindən götürüb Başkənd kəndi kimi tanıdığı Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsinə getmiş, orada İntiqama zəng etmiş, Yuxarı Ağcakənd qəsəbəsində olan mağazanın yanında İntiqamla görüşmüş, İntiqama evin 2-3 saatlıq haqqı kimi aralarında olan razılığa əsasən 15 manat pul vermiş, lakin həmin vaxt o, maşından düşməmiş və maşında oturuqlu vəziyyətdə İntiqamla söhbət edib pulu vermiş, Türkan həmin vaxt maşında qabaq sağ oturacaqda əyləşmiş, İntiqam Türkanı görmüşdür. Bundan sonra, İntiqam onun maşınında arxa oturacaqda əyləşmiş və onlarla birlikdə gedib evi göstərmiş, evin açarını ona vermiş, o, maşını evin həyətinə salmış, sonra Türkanla birlikdə evə daxil olmuşlar, İntiqam oradan getmişdir. Təxminən iki-üç saat ərzində Türkanla həmin evdə olmuş, Türkanla həmin evin yataq otağında olan çarpayıda cinsi əlaqədə olmuşlar, bundan sonra hamamda çimmişlər, daha sonra oradan çıxmışlar. O, İntiqama zəng edərək evdən çıxmalarını demiş, İntiqam ona “açarı qapının üzərində qoy get, özüm gəlib götürəcəm” demişdir. Bundan sonra, Türkanla telefonla danışsa da, görüşməmişdir. O, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Türkanla telefonla danışanda Türkana yemək-yemək üçün bir yerə getməyi təklif etmiş, Türkan da razılaşmış, o, öz maşını ilə Türkanı Goranboy şəhəri ərazisindən götürmüş, Türkan yenə avtomobildə qabaq sağ oturacaqda əyləşmiş, söhbət əsnasında Türkana “bəlkə keçən dəfəki evə gedək görüşək” demiş, Türkan ona başının ağrıdığını demiş, lakin evə getməyə razılaşmışdır. Bundan sonra o, İntiqama zəng edib evin boş olub-olmadığını soruşmuş, İntiqam evin boş olduğunu demiş, o, İntiqama evə xanımla görüşməyə gəldiyini demiş, İntiqamdan nəsə narahatçılıq olub-olmadığını soruşmuş, İntiqam ona problem olmadığını demiş, təxminən 30 dəqiqə sonra İntiqama zəng etmiş, İntiqam ona Yuxarı Ağcakənd qəsəbəsində mağazanın yanında olmasını demiş, o, öz maşını ilə İntiqamın yanına getmiş, İntiqam maşında arxa oturacaqda əyləşmiş və evə tərəf getmişlər, İntiqam Türkanı da maşında görmüşdür. O, maşını evin həyətinə sürmüş, bundan sonra evin həyətində İntiqama bir ədəd 10 manatlıq, bir ədəd 5 manatlıq əskinas olmaqla, ümumilikdə 15 manat pulu vermiş və 2-3 saatdan sonra evdən çıxacağını demişdir. İntiqam da onunla razılaşıb oradan getmişdir. İntiqam hər iki dəfə onun evə Türkanla görüşüb cinsi əlaqəda olmaq üçün getdiyini bilmişdir. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində o, Türkanla İntiqamın evinə daxil olmuş, o, Türkana cinsi əlaqədə olmağı təklif etmiş, lakin Türkan başının ağrısının kəsmədiyini bildirib razı olmamışdır. Bundan sonra o, Türkanın əynində olan krem rəngli gögəkçəni və qara rəngli koftanı çıxarıb boynundan öpmüş, Türkan isə yenə başının ağrıdığını və getmək istədiyini demiş, o, Türkanla razılaşmışdır. Bundan sonra, hazırlaşıb çıxmışlar, evdə təxminən 30 dəqiqə ərzində qalmışlar, maşına əyləşib həyətdən çıxmaq istəyəndə polis əməkdaşları onlara yaxınlaşmış və özlərini təqdim edib onları polis məntəqəsinə dəvət etmişlər, onlar da heç bir etiraz etmədən polis əməkdaşları ilə getmişlər. İntiqamın evinə Türkanla iki dəfə getmişdir, birinci dəfə xx.xx.2024-cü il tarixdə gedəndə aralarında cinsi əlaqə olmuş, lakin ikinci dəfə Türkanın başı ağrıdığı üçün cinsi əlaqədə ola bilməmişlər. İntiqamın evini hər iki halda günlük yox, 2-3 saatlıq 15 manat qarşılığında cinsi ələqədə olmaq üçün götürmüş, İntiqama da evində xanımla cinsi əlaqədə olacağını əvvəlcədən demiş, İntiqamın bundan məlumatı olmuş, hər iki halda İntiqamın evinin səliqəli olmasını bildirmişdir. Türkanla 3-4 ay olar ki qeyri-rəsmi münasibəti vardır, Türkanla cinsi əlaqədə olmaq qarşılığında Türkana pul verməmişdir, aralarında belə bir söhbət olmamışdır, aralarında olan münasibət Türkanın öz razılığı ilə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, iki il olar ki, boşanmışdır və Goranboy şəhərində anası Həqiqət Həsənova və azyaşlı övladları ilə birlikdə yaşayır. O, Şahid2 Goranboy rayonu Qarqucaq kəndində ailəli olduğu müddətdə həmkəndlisi kimi tanımış, Əsədlə həmin vaxtlarda heç bir münsibəti olmamışdır. Əsəd təxminən 5 ay olar ki, ondan xoşu gəlməsini və qeyri-rəsmi münasibət qurmaq istəməyini demiş, lakin ilk əvvəl buna razı olmamışdır. Təxminən 3 ay olar ki, Əsədlə yenidən tik-tok sosial şəbəkəsində yazışmışlar, o, bu dəfə Əsədlə münasibət qurmağa razılıq vermiş və telefonla danışmağa başlamışlar. xx.xx.2024-cü il tarixdə Əsəd ona görüşmək istəməsini demiş, o, da razılaşmışdır. Həmin gün axşam saat təxminən 21 radələrində Əsəd özünə məxsus Volksvagen markalı, **-ZK-*** dövlət nömrə nişanlı maşınla onu Goranboy şəhəri ərazisindən götürüb Başkənd kəndi kimi tanıdığı Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsinə getmiş, Əsəd telefonda kiminləsə danışıb ev söhbəti etmiş, Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsində olan mağazanın yanında Əsəd maşını bir oğlanın yanında saxlamış, o, həmin oğlanı tanımamış, lakin sonradan həmin oğlanın adının İntiqam olmasını bilmişdir. Əsəd evin 2-3 saatlıq haqqı kimi İntiqamla özü danışıb 15 manat pulu vermişdir. O, həmin vaxt maşında qabaq sağ oturacaqda əyləşmiş, İntiqam onu görmüşdür. Bundan sonra, İntiqam Əsədin maşınında arxa oturacaqda əyləşmiş və birlikdə gedib evi onlara göstərmiş, İntiqam evin açarını Əsədə vermiş, Əsəd maşını evin həyətinə sürmüş, sonra Əsədlə birlikdə evə daxil olmuşlar, İntiqam oradan getmişdir. Təxminən iki-üç saat ərzində Əsədlə evdə olmuşlar. Əsədlə o, həmin evin yataq otağında olan çarpayıda öz razılığı ilə cinsi əlaqədə olmuş, bundan sonra hamamda çimmişlər, daha sonra oradan çıxmışlar. Əsəd İntiqama zəng edərək evdən çıxmalarını demişdir. Bundan sonra Əsədlə telefonla danışsalar da, görüşməmişlər. Əsəd xx.xx.2024cü il tarixdə saat 19 radələrində ona telefonla danışanda yemək yemək üçün bir yerə getməyi təklif etmiş, o, da razılaşmışdır. Əsəd öz maşını ilə onu Goranboy şəhəri ərazisindən götürmüş, o, avtomobildə qabaq sağ oturacaqda əyləşmiş, söhbət əsnasında Əsəd ona “bəlkə keçən dəfəki evə gedək görüşək?” demiş, o, başının ağrıdığını demiş, lakin Əsəddən ötrü darıxdığı üçün evə getməyə razılaşmışdır. Bundan sonra, Əsəd İntiqama zəng edib evin boş olub-olmadığını soruşmuş, Əsəd İntiqama evə xanımla görüşməyə gəldiyini demiş, lakin o, İntiqamın Əsədə nə deməsini eşitməmişdir. Təxminən 30 dəqiqə sonra qəsəbədə mağazanın yanına çatmışlar, İntiqam da orada olmuş, İntiqam maşında arxa oturacaqda əyləşmiş və evə tərəf getmişlər. İntiqam onu da maşında görmüşdür. Əsəd maşını evin həyətinə salmış, sonra İntiqamla söhbət etmişlər, o, onların yanında olmamış, maşında əyləşmişdir. İntiqam həyətdən gedəndən sonra o, maşından düşmüşdür. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində o, Əsədlə İntiqamın evinə daxil olmuş, Əsəd ona cinsi əlaqədə olmağı təklif etmiş, lakin o, başının ağrısının kəsmədiyini bildirib razı olmamış, bundan sonra Əsəd onun əynində olan krem rəngli gödəkçəni və qara rəngli koftanı çıxarıb boynundan öpmüş, o, buna etiraz etməmiş, lakin Əsədə başının ağrıdığını və getmək istədiyini demiş, Əsəd də razılaşmışdır. Bundan sonra onlar hazırlaşıb çıxmışlar. Onlar evdə təxminən 30 dəqiqə ərzində qalmışlar. Maşına əyləşib həyətdən çıxmaq istəyəndə polis əməkdaşları onlara yaxınlaşmışlar və özlərini təqdim edib onları polis məntəqəsinə dəvət etmişlər, onlar da heç bir etiraz etmədən polis əməkdaşları ilə getmişlər. O, hər iki halda Əsədin evdə görüşüb cinsi əlaqədə olmağı qarşılığında İntiqama ayrılıqda 15 manat pul verməsini bilmişdir. İntiqam da onun Əsədlə ora cinsi əlaqədə olmaq üçün getdiyini bilmişdir. O, Əsədlə 3-4 ay olar ki, qeyri-rəsmi münasibətdədir, Əsədlə cinsi əlaqədə olmaq qarşılığında pul almamışdır, aralarında belə bir söhbət olmamışdır, münasibətləri onun öz razılığı ilə olmuşdur. O, Əsədlə sevgi münasibəti olduğu üçün əvvəllər başqa şəxs və ya şəxslərlə cinsi əlaqədə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 14 mart 2024-cü il tarixdə o, Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsinə istirahət məqsədi ilə getmiş, həmin gün saat 20 radələrində həmin qəsəbədə piyada gəzən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirəcəklərini, onun da hal şahidi kimi iştirak etməyini demişlər, o, da heç bir etiraz etməmiş, bundan sonra həmin fərdi yaşayış evinə getmişlər, orada tanımadığı başqa bir nəfər şəxs də olmuşdur. Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətinə daxil olmuşlar. Həmin vaxt foto çəkilişdən istifadə edilməklə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı evin içərisində iki yataq, bir hamam otağı və bir mətbəx olmasını görmüşdür. Yataq otaqlarının birində iki ədəd tək nəfərlik çarpayı, bir ədəd masa, 2 ədəd stul görmüşdür. Türkan və Əsəd adlı şəxslər sorğu zamanı həmin evdə cinsi əlaqədə olmaq məqsədi ilə gəldiklərini, evdə qalmaq üçün evin sahibi İntiqam ilə danışdıqlarını, evdən istifadə müqabilində Əsədin İntiqama 15 manat pul verdiyini bildirmişlər. Bundan sonra, bu barədə protokol tərtib olunmuş və iştirakçılarla birlikdə protokolu imzalamışdır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, hər hansı bir münasibətləri və əlaqələri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, fəhlə işləyir, Goranboy şəhərində yerləşən məcburi köçkünlər üçün salınmış Təzə Binalarda yaşayır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Belə ki, o, İntiqamı tanımır, hadisəni görməmiş, İntiqamın yaşadığı fərdi yaşayış evində olmamışdır. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. Şahid5 ifadələri arasında yaranmış ziddiyyətə aydınlıq gətirilməsi üçün verilmiş suala cavab olaraq bildirmişdir ki, Goranboy rayon Polis Şöbəsinin TQ-nin təhqiqatçısı Mübariz Quliyev ondan Goranboy rayon Polis Şöbəsinə gələrək, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə hal şahidi qismində izahat verməsini xahiş etmişdir. O da işini itirməkdən qorxduğu üçün şöbəyə getmiş, İstintaq Bölməsinin müstəntiqi Fərid Mehdiyev onun əvəzindən izahat forması hazırlamış, ucadan ona oxumuş, o da həmin izahatı imzalamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 16 mart 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 mart 2024-cü il tarixdə saat 17:30-da CM-in 244.1-ci maddəsi ilə təqsirli bilinib, şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq saxlanıldığı andan, yəni 16 mart 2024-cü il tarixdən saat 17:05-dən məhdudlaşdırılmışdır; “Baxış keçirilməsi haqqında” 14 mart 2024-cü tarixli protokoldan görünür ki, baxış keçirilən yer Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs müvəqqəti məskunlaşıb yaşadığı fərdi yaşayış evidir. Fərdi yaşayış evinin həyətyanı sahəsi dəmirdən toxunulmuş torla hasarlanmışdır. Həyətə girişdən sağ tərəfdə mişar daşı ilə tikilmiş fərdi yaşayış evi vardır. Həmi evin giriş qapısı dəmir materialdan hazırlanmış seyf qapıdır. Həmin ev 2 yataq otağı, bir hamam və bir mətbəx ilə təchiz edilmişdir. Yataq otağının birində iki ədəd tək nəfərlik çarpayı, bir ədəd masa, iki ədəd oturacaq və bir ədəd paltar dolabı vardır. Digər otaqda isə iki nəfərlik bir ədəd çarpayı, hamam otağında isə təyinatı üzrə bütün avadanlıqlar quraşdırılmışdır. xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsini özündə əks etdirən foto şəkillər baxış protokoluna əlavə edilmişdir; “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” 18 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası TƏBİB Xocalı RMX PHŞ-nin 31 saylı 28 mart 2024-cü il tarixli məktubundan görünür ki, Xocalı rayonunda qeydiyyatda olan və Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsində yaşayan xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Xocalı RMXsı PHŞ-nin narkoloji, psixoloji, ruhi-əsəb və nevroloji kabinetində qeydiyyatda durmur; Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-16/2011 saylı, 24 iyun 2011-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-in 180.2.1, 180.2.2 və 180.2.4cü maddələri ilə təqsirli bilinərək, əmlakı müsadirə olunmamaqla, 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsinə əsasən ona təyin edilmiş cəza şərti olaraq tətbiq edilmiş, ona 03 il sınaq müddəti təyin edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Goranboy rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 104/2024 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddəti bitmiş və cəzasını xx.xx.2014-cü il tarixdə çəkib qurtarmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-16/2011 saylı, 24 iyun 2011-ci il tarixli hökmünə əsasən CM-in 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək, əmlakı müsadirə olunmamaqla, 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsinə əsasən, ona təyin edilmiş cəza şərti olaraq tətbiq edilmiş, ona 03 il sınaq müddəti təyin edilmişdir; “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 244.2.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir; Azərbaycan Respublikası ƏƏSM-nin 027251 saylı “Şəhid Vəsiqəsi”ndən görünür ki, X5 şəhid ailəsidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 244.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə Təqsirləndirilən şəxs CM-in 244.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyini etiraf etməməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahid ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar məhkəmə istintaqında araşdırılan sübutlarla tam təkzib olunur. Belə ki: - Şahid2 ifadəsində Təqsirləndirilən şəxs kirayə verdiyi evdə iki dəfə Şahid3 ilə cinsi əlaqədə olmaq üçün görüşdüyünü və İntiqamın da bunu bildiyini göstərmişdir; - Şahid3 ifadəsində Təqsirləndirilən şəxs kirayə verdiyi evdə iki dəfə Şahid2 ilə cinsi əlaqədə olmaq üçün görüşdüyünü və İntiqamın da bunu bildiyini göstərmişdir; - Şahid1 ifadəsində Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin otağına daxil olan zaman Türkan adlı şəxsin evdə olduğunu və onunla sorğu zamanı Əsəd adlı şəxslə cinsi əlaqədə olmaq məqsədi ilə bura gəldiklərini və evdən istifadə müqabilində evin sahibi İntiqama Əsəd tərəfindən 15 manat pul verildiyini göstərmişdir; - Şahid4 ifadəsində Əsəd və Türkan adlı şəxslərlə sorğu zamanı Təqsirləndirilən şəxs məxsus evdə cinsi əlaqədə olmaq məqsədi ilə gəldiklərini və evdən istifadə müqabilində İntiqama 15 manat pul verdiklərini göstərmişdir. Məhkəmə, Şahid5 məhkəmə iclasında verdiyi ifadəyə tənqidi yanaşaraq inandırıcı hesab etmir və onun ibtidai istintaq zamanı verdiyi ifadəni mötəbər sübut kimi qəbul edir. CM-in 244.2.1-ci maddəsinə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə təkrar törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsində göstərilən «əxlaqsızlıq yuvaları» ifadəsi fahişəliklə məşğul olmaq üçün uyğunlaşdırılmış, bu məqsədlə ödənişli və ya ödənişsiz əsaslarla istifadə olunan yaşayış və ya qeyri-yaşayış sahəsini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə cinayət tərkibi əxlaqsızlıq yuvalarının təşkil edilməsi, saxlanılması və ya bu məqsədlər üçün mənzil sahələrinin verilməsi müvafiq olaraq həmin əməllər üçün bu Qərarda qeyd olunan əlamətlər mövcud olduqda yaranır və həmin əməllərin hər hansı birinin bir dəfə törədilməsi bu maddə ilə cinayət tərkibini yaradır. Həmin qərarda göstərilmişdir ki, əxlaqsızlıq yuvalarının təşkil edilməsi fahişəliklə məşğul olmaq üçün istifadə etmək məqsədi ilə ev, bina və sair yer axtarma (alma, icarəyə götürmə), onu yararlı vəziyyətə gətirmə və uyğunlaşdırma (təmir etmə, mebel, məişət avadanlığı və sair ilə təchiz etmə), fahişəliklə məşğul olan şəxsləri, eləcə də müştəriləri seçmə hərəkətlərinin yerinə yetirilməsi hesab edilir. Əxlaqsızlıq yuvaları yaşayış (ev, mənzil, bağ) və ya qeyriyaşayış (qaraj, tikililərin zirzəmisi, çardağı), o cümlədən stasionar (ev) və ya səyyah (gəminin kayutası, qatarın kupesi və s.) yerlərdə təşkil oluna bilər. Qanunverici əxlaqsızlıq yuvasının fəaliyyətə başlayıb- başlamamasından asılı olmayaraq, onun təşkil edilməsinə görə cinayət məsuliyyəti müəyyən etmişdir. Belə ki, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılır. Əxlaqsızlıq yuvaları saxlanılması isə onun təşkil edilməsindən sonra fahişəliklə məşğul olmaq üçün uyğunlaşdırılmış yerin fəaliyyəti ilə bağlı xərclərin ödənilməsini, həmin yerin ödənişli və ya pulsuz verilməsini və onun fəaliyyətini təmin etmək üçün digər tədbirlərin (yerin təmizlənməsi, mühafizənin, yataq dəstləri və s. təmin edilməsi) görülməsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 244.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -şəhid ailəsi olmasını; -qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy RİHB-nin Yuxarı Ağcakənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 244.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 244.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, CMin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs faktiki olaraq 16 mart 2024-cü il tarixdən 18 mart 2024-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulması nəzərə alınaraq, ona təyin olunmuş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından 02 (iki) gün çıxılmalı, üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, o, dərhal məhkəmə iclas zalından həbs edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 10 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 244.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatı üçün cəmi 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs faktiki olaraq 16 mart 2024-cü il tarixdən 18 mart 2024-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulması nəzərə alınaraq, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasından 02 (iki) gün çıxılsın, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 oktyabr 2024-cü il tarixdən hesablansın. Vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkum aldığı) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-47/2024
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-47/2024
10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver