Məhkəmə qərarları › İş №1(045)-50/2025

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-50/2025

27.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-50/2025 27.10.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Goranboy rayon məhkəməsində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, şikayət vermiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Nümayəndə Kazım oğlunun, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1997-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Goranboy rayonu Xasadarlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 avqust 2025-ci il tarixdə, saat 21:30 radələrində Goranboy rayon Xəsədərli kəndində küçədə Zərərçəkmiş şəxs boyun nahiyəsindən tutub yuxarı qaldıraraq zərbə ilə yerə vurmuş və sonuncuya sağ bud sümüyünün boynunun və diafizinin sınığı, təpə nahiyəsinin sıyrığından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa “az ağır zərər” vurmaya aid xəsarət yetirmiş, bununla o, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən “az ağır zərər” vurmuşdur zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, barəsində şikayət edən Zərərçəkmiş şəxs tanıyır, o, xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Goranboy rayon Xəsədərli kəndində mağazaya getmək üçün yaşadığı evin qarşısına çıxmış, evin qarşısında olan zaman qonşusu, həmçinin də həmkəndlisi olan Zərərçəkmiş şəxs əlində bel ilə onun və ailəsinin ünvanına nalayiq ifadələr işlədərək ona tərəf gəldiyini görmüş, həmin vaxt o, Məhərrəmdən onun və ailəsinin ünvanına niyə nalayiq ifadələr işlətdiyini soruşmuş, Məhərrəm isə yaxşı etdiyini bildirərək nalayiq ifadələr işlətməyə davam etmiş və evin qarşısında olan su arxının yanına getmişdir. O isə Məhərrəmin sərxoş olduğunu hiss etdiyi üçün heç nə deməmişdir. Həmin vaxt Məhərrəm su arxını düzəltdikdən sonra atası Ələsgərin ünvanına nalayiq ifadələr işlədə işlədə ona tərəf gəlmiş, həmin vaxt o, əsəbləşmiş və yenidən Məhərrəmə nalayiq ifadə işlətməməsini bildirmiş, Məhərrəm isə onun sözünə məhəl qoymamış və atasının ünvanına nalayiq ifadə işlətmişdir. O, da buna görə əli ilə Məhərrəmin qol nahiyəsindən tutaraq aralaşması üçün qəsdən itələmiş və Məhərrəm həmin vaxt yerə yıxılmışdır. Həmin vaxt səs evdə olan atası Ələsgər gəlmiş və Məhərrəmin qolundan tutaraq ayağa qaldırmış və niyə onun ünvanına nalayiq ifadə işlətməsini soruşmuş, Məhərrəm də nalayiq ifadə işlətmədiyini demişdir. Daha sonra isə o, idarə etdiyi VAZ 21074 minik markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə oradan çıxıb getmiş, atası Ələsgər də Məhərrəmi evinə getməsi üçün yola salmışdır. Həmçinin o, mübahisə və dava dalaş zamanı yanlarında heç kim olmadığını, aralarında olan mübahisə və dava dalaşın təxminən 2-3 dəqiqə ərzində baş verdiyini, əvvəllər aralarında mübahisə və ya dava dalaş olmadığını, mübahisə zamanı Məhərrəmin onun və ailəsinin ünvanına nalayiq ifadə işlətdiyinə görə ondan aralanması üçün əli isə qəsdən itələdiyini, həmin vaxt Məhərrəmin yerə yıxıldığını, lakin Məhərrəmin boyun nahiyəsindən tutaraq yuxarı qaldırmadığını, zərbə ilə yerə vurmadığını qeyd etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, barəsində yüngül, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, barəsində şikayət etdiyi X1 tanıyır, əvvəllər münasibəti normal olmamış, Rövşənin ona qarşı ədavətinin olduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixdə, saat 11 radələrində Goranboy rayon Xəsədərli kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsini suvarmaq üçün yaşadığı evin qarşısından keçən su arxından su açmışdır. Həmin gün saat 20 radələrində Xəsədərli kəndi ərazisində yerləşən sahəsindən yaşadığı evə gələn zaman həyətyanı sahəsinə axan suyun qarşısının kəsildiyini, suyun isə qonşusu Təqsirləndirilən şəxs həyətinə axdığını görmüş, həmin vaxt o, heç nə etməmiş və yaşadığı evə getmişdir. Həmin gün saat 21 radələrində evdə çörək yemiş və spirtli içki olan pivə içmişdir. Daha sonra həyətdə olan beli götürmüş və su arxının yanına getmiş və suyu həyətyanı sahəsinə düzüb yaşadığı evə qayıdan zaman evinin qarşısında dayanan Rövşən ondan suyu niyə kəsdiyini soruşmuş, o isə Rövşənə dünən həyətyanı sahəsini suvardığını, indi də o həyətyanı sahəsini suvaracağını demiş, Rövşən isə ona həyətyanı sahəsini suvarmağa qoymayacağını bildirmiş və onun üzərinə gələrək boyun nahiyəsindən tutmuş və onu yuxarı qaldıraraq zərbə ilə yerə vurmuş, nəticədə əvvəlcə onun baş nahiyəsi, sonra isə sağ ayaq nahiyəsi yerə dəymişdir. Həmin vaxt oraya gələn Rövşənin atası Ələsgər Rövşəni danlamış və onu ayağa qaldırmaq istəmiş, lakin o, ayaq nahiyəsindən xəsarət aldığı üçün ayağa qalxa bilməmişdir. Daha sonra oraya yaxınlaşan Seymur Ələsgərlə birlikdə onu ayağa qaldırmış və o, bir neçə metr irəliləsə də ayağında ağrılar olduğuna göre addımlaya bilməmiş və Seymur onu qucağına alaraq yaşadığı evə aparmışdır. Həmçinin o, mübahisə və dava dalaş zamanı yanlarında heç kim olmadığını, aralarında olan mübahisə və dava dalaşın təxminən 10 dəqiqə ərzində baş verdiyini, əvvəllər aralarında mübahisə olduğunu, mübahisə zamanı Rövşəni nalayiq ifadə ilə təhqir etmədiyini, aralarında yaranmış mübahisə və dava-dalaşa səbəbin isə Rövşənin onun həyətyanı sahəsinə axan suyu kəsməsi olmasını bildirmişdir. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmamışdır, ondan şikayətçidir. Ona sağlamlığına yetirilmiş xəsarətə görə maddi və mənəvi ziyan da dəymişdir. Buna görə də, Təqsirləndirilən şəxs ümumilikdə 12200 manat pul tələb edir. Odur ki, mülki iddianın təmin olunması və Təqsirləndirilən şəxs barəsində ən ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, əvvəllər münasibəti normal olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.2025-ci il tarixdə, saat 21 radələrində Goranboy rayonun Xəsədərli kəndində yaşadığı evdə olan zaman küçədə səs-küy eşitmiş və buna görə evdən küçəyə çıxmış, küçədə olan zaman Məhərrəmin onun ünvanına qarşı nalayiq ifadələr işlətdiyini görmüş, həmin vaxt Məhərrəm sərxoş vəziyyətdə əlində bel ilə oğlu Rövşənin üzərinə gələn zaman Rövşən Məhərrəmi itələmiş və nəticədə Məhərrəm yerə yıxılmışdır. Həmin vaxt o, Məhərrəmə yaxınlaşmış və qolundan tutaraq ayağa qaldırmış və niyə onun ünvanına nalayiq ifadə işlətməsini soruşmuş, Məhərrəm isə onun ünvanına nalayiq ifadələr işlətmədiyini demiş, o isə Məhərrəmi ayağa qaldırmış və evinə yola salmışdır. Məhərrəm də oradan yaşadığı evə getmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, həmkəndliləri, aralarında düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.2025-ci il tarixdə, saat təxminən 21:30 radələrində Goranboy rayonun Xəsədərli kəndində mağaza getmiş, həmin vaxt tək imiş və yanında heç kim olmamışdır. O, mağazaya tərəf gedən zaman yolda Zərərçəkmiş şəxs yerdə yıxılı vəziyyətdə olduğunu və Şahid1 isə Məhərrəmi ayağa qaldırmaq istədiyi gördükdə o, kömək məqsədi ilə oraya yaxınlaşaraq, Ələsgərlə birlikdə Məhərrəmi ayağa qaldırmışdır. O, bir neçə metr Məhərrəmin qolundan tutaraq aparmış, lakin Məhərrəm ona ayağında ağrılar olduğunu və yeriyə bilmədiyini demiş, buna görə də, o, Məhərrəmi qucağına alaraq yaşadığı evə aparmışdır. Orada olan zaman isə Məhərrəm Rövşənin onun döydüyünü bildirmişdir. Həmçinin o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs necə və hansı şəraitdə döyməsini, həmçinin Rövşənin Məhərrəmi döyüb döyməməsini görmədiyini, Məhərrəmin Rövşəni nalayiq ifadə ilə təhqir etməsini görmədiyini və eşitmədiyini qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MTE və PA birliyinin Goranboy rayon şöbəsi publik hüquqi şəxsinin verdiyi xx.xx.2025-ci il tarixli, 446 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə - tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərindəki xəsarətlər – sağ bud sümüyünün boynunun və diafizinin sınığı, təpə nahiyəsinin sıyrığı, bərk KÜT əşyanın (ların) o cümlədən qərarın təsvir hissəsində göstərilmiş tarixdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən yetirilmə zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa “az ağır zərər” vurmaya aid edilir; Azərbaycan Respublikası TƏBİB PHŞ-nin Goranboy RMX PHŞ-nin xx.xx.2025-ci il tarixli, 18-1-39/2-935/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Goranboy RMX-nın poliklinikasında ruhi-əsəb kabinetlərdə dispanser qeydiyyatında dayanmırlar; Goranboy rayon İHB-nin Səmədabad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 61 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Goranboy rayonun Xəsədərli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşaması göstərilmişdir; ünvan 2 tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1997-ci ildə Goranboy rayon Xəsədərli kəndində anadan olması, Azərbaycanlı, bitərəf, orta təhsilli, subay, kəndin bütün xeyir və şər işlərində yaxından iştirak etməsi, kənd əhalisi arasında özünə məxsus hörmətə sahib olması, bugünə qədər nümayəndəliyə onun haqqında heç bir şikayət daxil olmadığı, hal-hazırda ərazidə yaşaması göstərilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb; Goranboy RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ölümlə hədələnməsi barədə HK-1-1192 nömrəli materiala göstərilən fakt öz təsdiqini tapmadığı üçün 21 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir; “MMedLife” Hospital tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1019-A nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs hospitalda xx.xx.2025-ci ildə bud-çanaq endoprotez əməliyyatı olmuş və xəstənin yatış müddəti ərzində 3000 manat məbləğində əlavə sərfiyyatı çıxmışdır; "xxxx" MMC-yə məxsus xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs müalicəsi üçün yazılmış reseptə görə 292,37 manat pul ödənilmişdir; "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, hüquqi xidmətə görə Zərərçəkmiş şəxs 1000 (bir min) manat pul ödəmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə alınmış ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli CM-in 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməli qismən etiraf edib peşman olmasını, zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddiaya dair məhkəmə qeyd edir ki, CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 181.2, 181.2.4-cü maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə mənəvi ziyanın ödənilməsini tələb edə bilər; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə baş vermiş cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs sağlamlığına qəsdən “az ağır zərər” vurmaya görə məbləğ hissələrini qismən qəbul etməklə, maddi və mənəvi ziyanın dəyməsini mümkün hesab edir, lakin bir il işləyə bilməyəcəyi təqdirdə kompensasiya verilməsi tələbi ilə ümumiyyətlə razılaşmır. Məhkəmə ilk öncə mülki iddianın zərərçəkmişin sağlamlığına vurulmuş maddi ziyanla bağlı hissəsinə dair qeyd edir ki, iş materiallarından göründüyü kimi mülki iddiaçı Zərərçəkmiş şəxs müalicəsi üçün 3292,37 manat məbləğində sərfiyyatı çıxmışdır. Hakim Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qərar çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırkı mülki iddiada belə müstəsna hallar müəyyən edilməmişdir. Məhkəmə göstərilən iş materiallarını mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək mülki iddianın mülki iddiaçının sağlamlığına vurulmuş ziyana görə tələbinin qismən təmin edilməsini qanuni və ədalətli hesab edir. Bundan başqa bir il işləyə bilməyəcəyi təqdirdə kompensasiya verilməsi tələbinə görə mülki iddiaçı tərəfindən məhkəməyə mötəbər dəlillər təqdim edilmədiyi üçün ədalətlilik prinsipi baxımından məhkəmə mülki iddianın həmin hissədə təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə daha sonra mülki iddianın mənəvi ziyanla bağlı hissəsinə dair qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında qeyd olunur ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Qərarda həmçinin qeyd olunur ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hisslərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və X3 haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi “Varnava və digərləri Türkiyəyə qarşı iş” üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Göründüyü kimi “İnsan Hüquqlarının və X3 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, zərəçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulması ilə bağlı fiziki və ya psixoloji ağrı və əzab, sıxıntı, ağır mənəvi sarsıntı və iztirab hissləri keçirməsi, yəni ona mənəvi ziyan dəyməsi, yuxarıda təsvir olunan hallar da nəzərə alınmaqla, danılmazdır. Bu baxımdan ona dəyən mənəvi ziyana görə cavabdehdən pul tutulması tələbi əsaslıdır. Lakin məhkəmə, mülki cavabdehin də əmlak vəziyyətini nəzərə alaraq tələb olunan mənəvi ziyan məbləğini ağlabatan və ədalətli hesab etmir. Bu baxımdan məhkəmə mülki iddianın mənəvi ziyanla bağlı hissəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Məhkəmə eyni zamanda mülki iddianın hüquqi xidmətə görə vəkilə ödənilmiş 1000 manat məbləğində vəsaitin mülki cavabdehdən tutulması hissəsinə dair qeyd edir ki, tələb bu hissədə əsaslı olduğu üçün təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə sağlamlığa vurulmuş zərərin müalicəsinə sərf edilmiş 3292,37 manat məbləğində maddi ziyan, 500 manat məbləğində mənəvi ziyan və vəkilə ödənilmiş 1000 manat məbləğində hüquqi xidmət haqqının əvəzi olmaqla, cəmi 4792,37 manat məbləğində vəsait tutulmalı və mülki iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 132 (yüz otuz iki) manat məbləğində vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Goranboy rayonu Xəsədərli kəndində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası qismən təmin olunsun. Mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə sağlamlığa vurulmuş zərərin müalicəsinə sərf edilmiş 3292,37 manat məbləğində maddi ziyan, 500 manat məbləğində mənəvi ziyan və vəkilə ödənilmiş 1000 manat məbləğində hüquqi xidmət haqqının əvəzi olmaqla, cəmi 4792,37 manat məbləğində vəsait tutulsun və mülki iddia qalan hissədə təmin edilməsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) iş saatı üçün cəmi 132 (bir yüz otuz iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar