Məhkəmə qərarları › İş №1(045)-56/2023

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-56/2023

03.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-56/2023 03.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Goranboy rayonu, Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Zeyvə kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 07 aprel 2023-cü il tarixdə saat 03 radələrində etibarnamə əsasında idarə etdiyi “Opel Astra” minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Goran-Ağcakənd avtomobil yolunun Goranboy rayonu Zeyvə kəndi ərazisindən keçən hissəsinin 22-ci kilometrliyində Goranboy rayonu Goran qəsəbəsi istiqamətində 80 km/saat sürətlə hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili mövcud yol şəraitində təhlükəsizliyi təmin edə biləcəyi sürətlə idarə etməli və avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli, 3.24 “maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 50 km/saat sürətlə hərəkət etdirməli olduğu halda bunlara riayət etməyərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozması səbəbindən avtomobilin idarəetməsini itirərək hərəkəti istiqamətində əvvəlcə sağa, sonra sola doğru hərəkət edib 37 metr məsafə qət edərək, yolun sol kənarındakı torpaq sahəsinə aşmasına, nəticədə ehtiyatsızlıqdan idarə etdiyi avtomobildə sərnişin olan X5 qapalı-kəllə beyin travması, sağ alın-gicgah paylarının, sol gicgah payının əzilməsi, travmatik beyindaxili qanaxması, sol sağrı, bel və döş qəfəsinin arxa səthinin sıyrıq və qançırları ilə nəticələnən həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər almasına, sonuncunun travmatik beyindaxili qanaxma nəticəsində hadisə yerində ölməsinə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, “Opel Astra” minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili etibarnamə əsasında idarə etmiş, Bakı şəhərində yaşasa da, hərdən bir Goranboy rayonu Zeyvə kəndində yerləşən evinə gəlib orada qalırmış. 2023-cü ilin mart ayının sonlarına yaxın Bakı şəhərindən özünə məxsus “Opel Astra” minik markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə çıxıb göyərti satıb pul qazanmaq məqsədi ilə Goranboy rayonu Zeyvə kəndinə gəlmişdir. X2 və Şahid ilə əvvəlcədən tanışlığı olub, belə ki, onlar onun həmkəndliləridir. Həmçinin, mərhum Yusif həmkəndlisi olmaqla yanaşı qohumudur. Yusif və Qeyrətlə hər zaman normal münasibətləri olmuş, onlarla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. 07 aprel 2023cü il tarixdə saat təxminən 00:30 radələrində özünə məxsus “Opel Astra” minik markalı avtomobillə Goranboy rayonu Zeyvə kəndində hərəkətdə olarkən təsadüfən yol kənarında Yusif İbrahimlini və Şahid görüb onların yanında avtomobili saxlamış, onlarla salamlaşıb hara getdiklərini soruşduqda, ona çay içib söhbət etmək üçün çayxana axtardıqlarını lakin tapmadıqlarını buna görə də, söhbət etmək məqsədi ilə yol kənarına doğru getdiklərini demişlər. O da buna görə Yusif və Qeyrəti avtomobilinə dəvət edib birlikdə çay içməyi təklif etmiş, buna görə də, Yusif gəlib ona məxsus avtomobildə sağ ön oturacaqda, Qeyrət isə arxa sağ oturcaqda əyləşmiş, o da bundan sonra avtomobili Zeyvə kəndində yerləşən məktəbin yaxınlığındakı çayxana istiqamətində idarə etməyə başlamış, bir az sonra həmin çayxanaya çatdıqda həmin çayxananın da bağlı olduğunu görmüşlər. Bu səbəbdən də Goranboy rayonu Şəfəq kəndində yerləşən çayxanaya getməyə qərar vermişlər. Odur ki, “Opel Astra” minik markalı avtomobili Goranboy rayonu Şəfəq kəndi istiqamətində idarə etməyə başlamış, təxminən 10-15 dəqiqə sonra saat 01 radələrində Goranboy rayonu Şəfəq kəndi ərazisində avtomobilində hərəkətdə olan zaman yolun kənarındakı çayxanın açıq olmasını gördüyü üçün həmin çayxananın yaxınlığında avtomobili saxlamış, bundan sonra Yusif və Qeyrətlə birlikdə avtomobildən yerə düşüb çayxananın içərisinə keçib orada çay sifariş etmişlər. Az sonra sifariş verdikləri çay gəlmiş, bundan sonra da Yusif və Qeyrətlə çay içib söhbət etməyə başlamışlar. Təxminən saat 02:40 radələrinə qədər Yusif və Qeyrətlə Şəfəq kəndində yerləşən çayxanada əyləşib söhbət etmişlər. 07 aprel 2023-cü il tarixdə saat 02:40 radələrində Goranboy rayonu Şəfəq kəndi ərazisində yerləşən çayxanadan çıxıb özünə məxsus “Opel Astra” minik markalı avtomobilin sükanında əyləşmiş, Yusif gəlib avtomobildə sağ ön oturacaqda, Qeyrət isə arxa sağ oturacaqda əyləşmiş, o da avtomobili işə salıb Goranboy rayonu Zeyvə kəndi istiqamətində idarə etməyə başlamış, təxminən 10-15 dəqiqə sonra onlar Goranboy rayonu Zeyvə kəndi ərazisinə çatmışlar. Goranboy rayonu Zeyvə kəndi ərazisində olan zaman avtomobili yanacaq doldurma məntəqəsində saxlayıb həmin məntəqədə işləyən şəxsdən Yusiflə birlikdə iki ədəd siqaret almışlar. Belə ki, siqaretləri qurtrarmış, bundan sonra isə Yusiflə Goranboy rayonu Səfikürd kəndinə gedib 24 saat işləyən marketdən siqaret almağa qərar vermişlər. O da buna görə avtomobili Goranboy rayonu Səfikürd kəndi istiqamətində idarə etməyə başlamış, yanacaq doldurma məntəqəsindən çıxıb saat təxminən 03 radələrində Goranboy rayonu Zeyvə kəndində Goranboy rayonu Səfikürd kəndi istiqamətində “Opel Astra” minik markalı avtomobili 80 km/saat sürətlə hərəkət etdirərkən bir anlığına diqqəti yoldan ayrıldığı üçün idarə etdiyi avtomobilin sağ ön və arxa təkərləri yolun sağ ehtiyat hissəsinə çıxmış və həmin vaxt avtomobili anidən sola doğru istiqamətləndirib ehtiyat hissədən çıxıb əsas yola düzəlmək istərkən avtomobilin idarəetməsini itirdiyi üçün avtomobil Səfikürd kəndi istiqamətində yolun soluna çıxaraq beli üstə boş torpaq sahəsinə aşmış, həmin vaxt xəsarət almış və görmüş ki, Yusif və Qeyrət avtomobildən kənardadılar. Lakin Yusif yerdə uzanıqlı vəziyyətdə olmuş, bundan sonra isə Qeyrət yerdə uzanıqlı vəziyyətdə olan Yusifi başqa bir avtomobillə Goranboy rayon mərkəzi xəstəxanasına yola salmış, o da avtomobildə sıxışıb qaldığı üçün Qeyrətin müraciəti əsasında hadisə yerinə FHN-in əməkdaşları gəlmişlər. FHN-in əməkdaşları onu avtomobildən çıxarıb təcili yardım avtomobili ilə Goranboy rayon mərkəzi xəstəxanasına yola salmışlar. Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdıqda məlumat almış ki, Yusif aldığı bədən xəsarətlərinin təsirindən hadisə yerində öldüyü üçün xəstəxananın morquna yerləşdirilmişdir. O da xəstəxanada olan zaman daxili qanaxması olduğu üçün təcili yardım avtomobili ilə onu Gəncə şəhərində yerləşən Abbas Səhhət adına xəstəxanaya aparmışlar, bundan sonra orada müayinə və müalicəsinə başlanılmış, həmin vaxt isə Qeyrət də onunla birlikdə gəlmişdir. Təqsirləndirilən şəxs həmçinin, ifadəsində hadisə zamanı idarə etdiyi “Opel Astra” minik markalı avtomobilin texniki cəhətdən saz vəziyyətdə olduğunu, hadisə zamanı idarə etdiyi avtomobildə yük olmadığını, bundan başqa isə hadisə zamanı avtomobildə iki nəfər sərnişin olduğunu, sərnişinlərdən mərhum Yusifin avtomobildə sağ ön oturacaqda, Qeyrətin isə avtomobildə sağ arxa oturacaqda əyləşdiyini, hadisə baş verməmişdən öncə hərəkəti üçün təhlükə yaradan hər hansısa maneə ilə rastlaşmadığını, sadəcə olaraq avtomobil yolun sağ ehtiyat hissəsinə çıxan zaman sola doğru meyilləndirib əsas yola düzəlmək istərkən avtomobilin idarəetməsini itirdiyini, həmçinin də hadisə anında asfalt yolun yağış yağdığı üçün yaş olduğunu bildirdi. Son olaraq əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, ona dəyən ziyanı ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, X2 onun doğma oğludur. Yusif 1996-ci ildə Səbinə Namazova ilə olan birgə nikahlarından dünyaya gəlmiş, oğlu X10 RPŞ-nin Kadrlar qrupunun fiziki və döyüş hazırlığı üzrə kiçik inspektor-təlimatçısı vəzifəsində işləmiş, vəfat edənədək onunla birlikdə bir evdə yaşamış, 06 aprel 2023-cü il tarixdə oğlu Yusif həmişə olduğu kimi səhər saat 08 radələrində yaşadıqları evdən çıxıb Goranboy rayonuna iş yerinə getmiş, həmin gün saat təxminən 21 radələrində oğlu Yusif yaşadıqları evə gəlmiş, evə gəldikdən sonra isə Zeyvə kəndində yaşayan qayınatası Dünayın doğum günü olduğu üçün arvadı Gülşənlə birlikdə yaşadıqları evdən çıxıb getmiş, həmin gün saat təxminən 22:30 radələrində Yusif və Gülşən birgə yaşadıqları evə gəlmiş, lakin gəlini Gülşən demiş ki, Yusif həyətə daxil olduqdan sonra çölə çıxmış, Yusifin gəldiyini bildikdən sonra isə yuxusu gəldiyi üçün otağına keçib yatmış, 06 aprel 2023-cü il tarixdən 07 aprel 2023-cü il tarixə keçən gecə saat təxminən 03:30 radələrində ona məlumat verilmiş ki, oğlu Yusif həmkəndlisi Rəşad Məmmədovun idarə etdiyi “Opel Astra” minik markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayonu Zeyvə kəndində sərnişin qismində hərəkətdə olarkən avtomobilin yoldan çıxıb torpaq sahəsinə düşməsi nəticəsində aldığı bədən xəsarətlərinin təsirindən hadisə yerində ölmüş və onu təcili yardım avtomobili ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Orada oğlu Yusifin nəşi müayinə olunduqdan sonra ona təhvil verilmiş və bundan sonra dini qaydalara uyğun olaraq oğlunu dəfn etmişlər. Son olaraq, təqsirləndirilən şəxslə barışıq əldə etdiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, X2nu tanıyır. Belə ki, mərhum onun həmkəndlisi olmaqla yanaşı dostu olmuş, Yusiflə uşaq vaxtlarından aralarında yaranmış dostluq münasibətləri onun öldüyü günə qədər davam etmiş, mərhum ilə münasibətləri həmişə normal olmuş, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamış, bundan başqa Təqsirləndirilən şəxs Həsən oğlunu da tanıyır, həmkəndlisidir. Rəşad həmkəndlisi olmasına baxmayaraq, bir neçə ildir ki, valideynləri ilə birgə Bakı şəhərində yaşayır. Rəşadla həmkəndli kimi münasibətləri normal olmuş, Rəşadla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Rəşad təxminən bir ay olar ki, Bakı şəhərindən gəlib Goranboy rayonu Zeyvə kəndində özünə məxsus evdə qalırmış. Rəşad Zeyvə kəndinə gəldikdən sonra bir neçə dəfə onunla görüşmüş, həmçinin də bir neçə dəfə mərhum Yusif və Rəşadla birlikdə görüşmüşlər. 06 aprel 2023-cü il tarixdə gecə saat 23:30 radələrində Goranboy rayonu Zeyvə kəndi ərazisindən keçən asfalt yolun kənarındakı çayxanada domino oynayan zaman Yusif İbrahimli onun yanına gəlmiş, bir qədər domino oynamağı davam etdirdikdən sonra isə çayxana bağlandığı üçün Yusif və digər şəxslərlə birlikdə çayxanadan çölə çıxmış, çayxanadan çölə çıxdıqdan sonra Yusif ona birlikdə gedib başqa bir çayxanada əyləşib söhbət etməyi təklif etmiş, o da Yusifin təklifini qəbul etmiş, buna görə də, Yusiflə birlikdə Zeyvə kəndində yerləşən digər çayxanalara getmişlər. Lakin həmin çayxanalar da bağlı olmuş, bundan sonra Yusiflə kəndin içərisi ilə asfalt yola doğru piyada gedən zaman Təqsirləndirilən şəxs özünə məxsus “Opel Astra” minik markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlib onların yanında dayanmış, Rəşad onlarla salamlaşıb hara getdiklərini soruşduqda çay içib söhbətləşmək üçün çayxanaya gəldiklərini, lakin çayxana bağlı olduğu üçün yenidən kəndin mərkəzindən keçən asfalt yola doğru getdiklərini demişlər. Bu vaxt Rəşad onları öz avtomobilinə dəvət edib birlikdə çay içib söhbət etməyi təklif etmiş, Yusiflə birlikdə Rəşadın “Opel Astra” minik markalı avtomobilinə əyləşmişlər. Yusif avtomobildə sağ ön oturacaqda, o da arxa sağ oturacaqda əyləşmiş, Rəşad da avtomobili Zeyvə kəndində yerləşən məktəbin yaxınlığındakı çayxana istiqamətində idarə etməyə başlamış, bir az sonra həmin çayxanaya çatdıqda oranın da bağlı olduğunu görmüşlər. Bu səbəbdən də, Goranboy rayonu Şəfəq kəndində yerləşən çayxanaya getməyə qərar vermişlər. Odur ki, Rəşad avtomobilini Goranboy rayonu Şəfəq kəndi istiqamətində idarə etməyə başlamış, təxminən 10-15 dəqiqə sonra saat 01 radələrində Goranboy rayonu Şəfəq kəndi ərazisində Rəşadın avtomobilində hərəkətdə olan zaman yolun kənarındakı çayxananın açıq olmasını gördükləri üçün Rəşad həmin çayxananın yaxınlığında avtomobili saxlamış, bundan sonra avtomobildən düşüb çayxananın içərisinə keçib orada çay sifariş etmişlər. Az sonra sifariş verdikləri çay gəlmiş, bundan sonra da Yusif və Rəşadla çay içib söhbət etməyə başlamışlar.Təxminən saat 02:40 radələrinə qədər Yusif və Rəşadla Şəfəq kəndində yerləşən çayxanada əyləşib söhbət etmişlər. 06 aprel 2023-cü il tarixdən 07 aprel 2023-cü il tarixə keçən gecə saat 02:40 radələrində Goranboy rayonu Şəfəq kəndi ərazisində yerləşən çayxanadan çıxıb yenidən Rəşadın avtomobilinə əyləşmiş, Yusif də həmin avtomobildə əyləşmişdir. O, avtomobildə sağ arxa oturacaqda, Yusif isə sağ ön oturacaqda əyləşmiş, Rəşad isə avtomobilin sükanına əyləşib avtomobili işə salıb Goranboy rayonu Zeyvə kəndi istiqamətində idarə etməyə başlamış, təxminən 10-15 dəqiqə sonra Goranboy rayonu Zeyvə kəndi ərazisinə çatmışlar. Goranboy rayonu Zeyvə kəndi ərazisində olan zaman Rəşad avtomobili yanacaq doldurma məntəqəsində saxlayıb həmin məntəqədə işləyən şəxsdən Yusiflə birlikdə iki ədəd siqaret almış, bundan sonra Yusif və Rəşad Goranboy rayonu Səfikürd kəndinə gedib 24 saat işləyən marketdən siqaret almağı təklif etmiş, Rəşad da buna görə avtomobili Goranboy rayonu Səfikürd kəndi istiqamətində idarə etməyə başlamış, yanacaq doldurma məntəqəsindən çıxıb saat təxminən 03 radələrində Goranboy rayonu Səfikürd kəndi istiqamətində hərəkətdə olarkən bir anlığına Rəşadın idarə etdiyi avtomobilin sağ ön və arxa təkərləri yolun sağ ehtiyat hissəsinə çıxdığı üçün Rəşad avtomobili anidən sola doğru istiqamətləndirib ehtiyat hissədən çıxıb əsas yola düzəlmək istərkən avtomobilin idarəetməsini itirdiyi üçün avtomobil Səfikürd kəndi istiqamətində yolun soluna çıxaraq beli üstə boş torpaq sahəsinə aşmış, həmin vaxt ciddi bir xəsarət almadığından avtomobildən çölə çıxmış, həmin vaxt görmüş ki, Yusifin ayaqları avtomobilin içərisində bədəni isə çöldə qalmışdır. Odur ki, Yusifə yaxınlaşıb onu səsləmiş, lakin Yusif cavab verməmiş, belə olan halda Yusifi avtomobilin içərisindən çıxarıb yoldan keçən tanımadığı bir nəfər şəxsin avtomobilinə qoyub onu təcili Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparmasını demiş, bunun ardınca avtomobilə yaxınlaşıb Rəşada baxdıqda görmüş ki, Rəşad avtomobilin içərisində sıxılıb qalmışdır. Odur ki, təcili yardım xidmətinə zəng vurub bu barədə məlumat vermiş, təcili yardım xidmətindən isə ona bu barədə Fövqəladə Hallar Nazirliyinə müraciət etməsini dedikləri üçün dərhal FHN-nin qaynar xəttinə zəng vurub məlumat vermiş, bir az sonra FHN-nin əməkdaşları gəlib Rəşadı avtomobildən çölə çıxarmışlar. Həmin vaxt isə təcili yardım avtomobili gəldiyi üçün Rəşadı həmin təcili yardım avtomobilinə qoymuşlar. O da təcili yardım avtomobilində Rəşadın yanında Goranboy Rayon Mərkəzi Xəstəxanasına gəlmiş, xəstəxanada olan zaman ona Yusifin öldüyü üçün morqda saxlanıldığını bilmiş, daha sonra Rəşadla birlikdə təcili yardım avtomobili ilə Gəncə şəhərində yerləşən Abbas Səhhət adına xəstəxanaya aparılmışlar, orada Rəşada ilkin tibbi yardım olunmuş, xəstəxanada Rəşadın yaxınlarının gəlməsini gözləmişlər. Şahid həmçinin, ifadəsində Təqsirləndirilən şəxs özünə məxsus “Opel Astra” minik markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayonu Zeyvə kəndi ərazisində Səfikürd kəndi istiqamətində hərəkətini davam etdirən zaman avtomobilin sağ ön və arxa təkərləri yolun sağ ehtiyat hissəsinə çıxdığı üçün Rəşadın avtomobili anidən sola doğru istiqamətləndirdikə avtomobilin idarə etməsini itirdiyini və nəticədə avtomobilin hərəkəti istiqamətində yoldan çıxaraq yolun solundakı boş torpaq sahəsinə aşdığını, lakin həmin vaxt qarşıdan arxadan sağdan və ya soldan heç bir maneə, eyni zamanda nəqliyyat vasitəsinin Rəşadın yoluna çıxmadığını, həmin vaxt yolun tam boş olduğunu, sadəcə olaraq yağış yağdığı üçün yolun islandığını və bir qədər sürüşkən olduğunu, Rəşadın da anidən avtomobili ehtiyat hissədən əsas yola qaytarmaq istədiyi üçün yaş yolda avtomobilin idarəetməsini itirdiyini, hadisədən əvvəl Rəşadın avtomobili hansı sürətlə idarə etməsini bilmədiyini, hadisədən sonra Yusifi səsləsə də cavab vermədiyini, həmin vaxt şok vəziyyətində olduğu üçün Yusifin öldüyünü bilmədiyini, çünkü sonradan ona Goranboy Rayon Mərkəzi Xəstəxanasında Yusifin ölü vəziyyətdə xəstəxanaya daxil olduğunu dediklərini göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 07 aprel 2023-cü il tarixli protokoldan görünür ki, “Opel Astra” minik markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Goranboy rayonu Zeyvə kəndi ərazisində yolun sol tərəfində yerləşən torpaq sahəsinə aşmış vəziyyətdədir; “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma” haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs X5 hüquqi varisi qismində tanınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 24 aprel 2023-cü il tarixli, 17 nömrəli meyitin ekspertizası rəyindən görünür ki, 1996-cı il təvəllüdlü X5 meyitinin müayinəsi zamanı meyitdə aşkar olunan xəsarətlər-qapalı-kəllə beyin travması, sağ alın-gicgah paylarının, sol gicgah payının əzilməsi, travmatik beyindaxili qanaxması, sol sağrı, bel və döş qəfəsinin arxa səthinin sıyrıq və qançırları qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol nəqliyyat qəza hadisəsi nəticəsində, yəni hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdilər, ağırlıq dərəcələrinə görə sağlam şəxslər üçün götürdükdə, xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər, onun almış olduğu xəsarətlərlə ölümü arasında birbaşa səbəbli əlaqə vardır. X5 ölümünə səbəb travmatik beyindaxili qanaxma olmuşdur; “Nəqliyyat vasitəsini idarə etməyə dair” 09 may 2023-ci il tarixli elektron qaydada rəsmiləşdirilmiş etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X8 mülkiyyətində olan “Opel Astra” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini xx.xx.2024-cü il tarixədək Təqsirləndirilən şəxs etibar etmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs AF 044617 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2020-ci il tarixdən xx.xx.2030-cu il tarixədək verilmiş və onun sürücülük hüququ məhdudlaşdırılmamışdır; Məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2023-cü il tarixli, 1427/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar olunmamışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş 29 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2023-cü il tarixli, 8/1392 nömrəli yol-nəqliyyat hadisələri məhkəmə ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən “Opel Astra” minik markalı **-DZ- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 80 km/saata sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir; “Sübutların qiymətləndirilməsi haqqında” 13 iyun 2023-cü il tarixli qərardan görünür ki, “Opel Astra” minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmışdır; “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Maddi sübutun təhvil verilməsi” barədə protokoldan görünür ki, cinayət işi üzrə maddi sübut olan “Opel Astra” minik markalı ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün Təqsirləndirilən şəxs qaytarılmışdır; Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə aralarında barışıq olmuşdur, ondan heç bir şikayət və tələbi yoxdur. Ona dəyən ziyan ödənilmişdir; Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-722/2020 saylı, 17.036.2020-ci il tarixli inzibati xəta haqqında qərarında görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat cərimə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144- 146-cı maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2023-cü il tarixli, 8/1392 nömrəli yol-nəqliyyat hadisələri məhkəmə ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirici hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf edib əməlindən peşman olmasını; - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarına əlavə olunmuş Goranboy rayonu Zeyvə kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamə); - zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışması və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını; İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ilə barışmış və sonuncu tərəfindən ona qarşı şikayət və tələb olmamaqla yanaşı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirən hal Təqsirləndirilən şəxs vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi CM-in 263.2-ci maddəsi ilə həmin Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs narkotik maddələrin istehlakına meylli bir şəxsiyyətdir, ona görə də məhkəmə, onun məhkəmə hökmünün icra edilməsinə maneə törədəcəyi ehtimalı olduğunu nəzərə alaraq onun barəsində istintaq orqanı tərəfindən seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin «həbs» qətimkan tədbiri ilə əvəz edilməsini və hökm qanuni qüvvəsini alan vaxta kimi dəyişdirilməməsini əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisədə çəkməli (CM- 56.1.1), iş üzrə maddi sübut - “Opel Astra” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs əhərrəmov Rəşad Həsənağa oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs əhərrəmov Rəşad Həsənağa oğluna göstərilmiş hüquqi xidmətə görə vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 9 (doqquz) iş saatı üçün cəmi 54 (əlli dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 03 avqust 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut - “Opel Astra” minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərcinin dəyərini təşkil edən 85 (səksən beş) manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22) keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 9 (doqquz) iş saatı üçün cəmi 54 (əlli dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar