Məhkəmə qərarları › İş №1(045)-57/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №1(045)-57/2024

29.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 1(045)-57/2024 29.07.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ (xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə) 29 iyul 2024-cü il Goranboy şəhəri Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 oğlunun iştirakı ilə, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 barəsində CM-in 148-ci maddəsi ilə cinayət təqibinin başlanması və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 xüsusi ittiham qaydasında şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, Goranboy rayonu Xoylu kənd Bələdiyyəsinin sədridir. Barəsində şikayət etdiyi X2 Xoylu kəndində atası evi var, lakin orada qardaşı yaşayır. Aqil Quliyev özü isə Gəncə şəhərində yaşayır. 2023-cü ildə Aqil Quliyev ona şifahi müraciət edərək ata evi Xoylu kəndində olduğuna görə ona Xoylu kəndindən torpaq düşdüyünü bildirərək, ona torpaq sahəsi verməyi tələb etmişdir. O, bələdiyyə sədri olaraq ona bildirmişdir ki, bələdiyyəyə yazılı müraciət etmək lazımdır, bundan sonra bu məsələyə baxıla bilər. Lakin, Aqil Quliyevin bələdiyyəyə yazılı müraciəti daxil olmamışdır. Bundan sonra, Aqil Quliyev ona bir neçə dəfə zəng edib iradını bildirmişdir ki, “niyə mənə torpaq vermirsən?”. O isə hər dəfə ona izah etmişdir ki, o, Xoylu kəndində yaşamır, yalnız 5 ildən artıq bələdiyyənin ərazisində yaşayan və yazılı müraciət edərək, növbəyə duran şəxslərə torpaq sahəsi verilir. xx.xx.2024-cü il tarixdə günün ikinci yarısında, 16 radələrində Aqil Quliyev istifadəsində olan ***-***-**-** mobil nömrəsindən ona məxsus ***-***-**-** nömrəli möbil telefona zəng edərək, yenə ona torpaq verməsini ona irad tutaraq, onun özünün, ailəsinin, nəslinin ünvanına nalayiq söyüşlər söyərək təhqir etmişdir. Həmin vaxt o, iş yerində olmuş, müavini X3 və kəndin icra nümayəndəsi X6 da onun yanında olmuşlar. Aqil Quliyev ona ucadan, qışqıra- qışqıra söydüyü üçün onlar hər ikisi bu söyüşləri eşitmişlər. Aqilin onu başqalarının yanında söyüb təhqir etməsinə görə o, stress keçirmiş, hətta Aqilə nə deyəcəyini belə bilməmişdir. Telefonu söndürdükdən sonra DİN 102 xidmətinə Aqil Quluyevdən şikayət etmişdir. Goranboy rayon Polis Şöbəsindən ona ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda ona bildirilmişdir ki, guya müraciətində göstərilən xüsusatlar mülki xarakter daşıyır. O, bununla razılaşmır. Belə ki, Aqil Quliyev onu təhqir etmişdir. Qüvvədə olan cinayət qanunvericiliyinin müddəalarına görə təhqir cinayət sayılır. Odur ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148ci maddəsi ilə təqsirli bilinərək, maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair ittiham hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində göstərilənləri müdafiə edərək, şikayət ərizəsinin icraata qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 bildirdi ki, X4 tərəfindən barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət əsassızdır. Bunu nəzərə alaraq, xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. CPM-in 293.3-cü maddəsi böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda göstərilməli olan məlumatların dairəsini müəyyən etmişdir ki, CPM-in 302-ci maddəsi də xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmununa dair bu tələblərin imperativ olmasını təsbit etmişdir. Məhkəmə CPM-in sadalanan normalarını rəhbər tutaraq qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə, həmçinin törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir. Hazırkı şikayətdə isə CPM-in tələblərinə riayət olunmamış, şikayətdə cinayətin nə vaxt törədilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz X5 tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, şikayətin verildiyi yer göstərilməmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsində qeyd olunanların məhz X5 tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyini göstərməmişdir. Həmçinin, şikayət ərizəsində X2 əməlində CM-in 148-ci maddəsinin tərkib əlamətlərinin olduğu qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, CPM-in 293.3.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında verilmiş şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi göstərilməli olduğu halda, şikayətçi tərəfindən buna əməl edilməyərək formal şəkildə CM-in 148-ci maddəsinə istinad etmişdir. Bundan başqa, şikayət ərizəsində X1 xüsusi ittihamçı kimi göstərilməsi CPM-in 88-ci maddəsinin tələblərinə ziddir. Belə ki, sözügedən maddənin tələblərinə uyğun olaraq məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı qismində tanınır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli 3 nömrəli Qərarının 11-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-in 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə, məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. CPM-in 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Sadalananlara əsasən, məhkəmə hesab edir ki, X5 barəsində X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar