Məhkəmə qərarları › İş №1(045)-58/2025

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-58/2025

09.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-58/2025 09.02.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Kazım İntiqam oğlunun sədrliyi ilə, Namazov Arzu Etibar oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Hüeyn oğlunun iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1984-cü ildə Xankəndi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməyən, Xocalı şəhərində qeydiyyatda olmaqla Goranboy şəhəri, Yeni Binalar bina 9, mənzil 37-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək PX-in Gəncə şəhər 2 saylı İstintaq təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2025-ci ilin iyun ayının istintaqa məlum olmayan günündə Zərərçəkmiş şəxs1 məxsus Goranboy rayonu, Rəhimli kəndində yerləşən fərdi yaşayış evinin həyatyanı sahəsinə qanunsuz daxil olaraq orda olan “Kamaz 55111” markalı yük maşınına aid işlənmiş vəziyyətdə olan 800 (səkkiz yüz) manat dəyərində 01 (bir) ədəd sürətlər qutusu, “Kamaz 55111” markalı yük maşınına aid işlənmiş vəziyyətdə olan 02 (iki) ədəd ümumi dəyəri 1 400 (min dörd yüz) manat olan (50 dişli) diferinsialları (diferləri) və “Kamaz 55111” markalı yük maşınına aid olan 08 (səkkiz) ədəd mühərrik başlıqlarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 3 000 (üç min) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 avqust 2025-ci il tarixdə atası Zərərçəkmiş şəxs2 yaşadığı Goranboy şəhəri, Yeni Binalar bina 9, mənzil 31-də yataq otağında olan paltar dolabının içərisindəki pencəyin cibindən "xxxx" ASC-nin təqdim etdiyi 6768 6753 1231 6829 nömrəli kartı atası Zərərçəkmiş şəxs2 xəbəri olmadan götürərək Goranboy şəhəri, H.Əliyev prospekti 15 ünvanında yerləşən ticarət mərkəzinin qarşısında quraşdırılmış elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" ASC-yə məxsus bankomata 21 avqust 2025-ci il tarixdə, saat 00:38-də daxil edərək karta olan 717 (yeddi yüz on yeddi) manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 717 (yeddi yüz on yeddi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, 2021-ci ildə arvadı X1 rəsmi olaraq boşanmış, birgə nigahlarından olan 07 aprel 2006-cı il təvəllüdlü oğlu X5 isə keçmiş arvadı ilə yaşayır. O, rəsmi olaraq heç yerdə işləmədiyini, buna görə də özünə məxsus olan Kamaz markalı maşınla yük daşıdığını bildirmişdir. Lakin kreditləri olduğuna görə Kamaz markalı yük maşınını satmış və kredit borclarını bağlamışdır. İşləmədiyi üçün maddi sıxıntıları olmuşdur. Bununla əlaqədar olaraq oğurluq etmək haqqında fikirləşmişdir. Zərərçəkmiş şəxs1 5 il olar ki tanıyır, onunla, birlikdə Kamaz sürücüsü olan vaxtdan tanış olmuşlar. Coşqunla aralarında ədavət və ya düşmənçilik olmamışdır. 5-6 əvvəl Coşqunun həyətinə darvaza aparan zaman onun həyətyanı sahəsində “Kamaz 55111” markalı yük maşınının ehtiyat hissələrini görmüşdür. 2025-ci ilin iyun ayının sonlarında dəqiq xatırlamdığı gündə o, Coşqunun Rəhimli kəndində olan fərdi yaşayış evində yaşamadığını bildiyi üçün orada olan “Kamaz 55111” markalı yük maşınının ehtiyat hissələrini oğurlamaq qərarına gəlmişdir. Buna görə də müştəri axtarmışdır. O, bu barədə tanışı Kamaz sürücüsü Vüqara demiş, Vüqar da özünə ehtiyac olmadığını, Anar adlı qohumu olmasını və ona deyəcəyini demişdir. X8 xatırlamadığı nömrəsini ona vermiş, o, Anarla danışmış, Anara “öz Kamazımı satmışam, bəzi ehtiyat hissələri qalmışdır, onları satıram” demiş, Anar da “qiymətləri nə olacaq” demiş, o, da “xəstəm var və pula ehtiyacım var qiymətdə razılaşarıq” demişdir. O, Anara ehtiyat hissələrini gəlib özünün aparmasını demiş, Anar gələ bilməyəcəyini demiş və Mingəçevir şəhərində yaşadığını bildirmişdir. Həmin gün o, buna görə Goranboy rayonu, Goran qəsəbəsinə saat 13 radələrində getmiş, orada əvvəllər tanımadığı və adını bilmədiyi, dövlət nömrə nişanını xatırlamadığı “Qazel” markalı maşının sürücüsü ilə söhbət etmiş, həmin sürücüyə “Kamaz ehtiyat hissələri var, onu Rəhimli kəndindən Mingəçevir şəhərinə aparmaq lazımdır” demiş və onunla 80 manata razılaşmışlar. O, tanımadığı sürücüyə pulu ehtiyat hissələrini satandan sonra verəcəyini demişdir. O, Qazel sürücüsü ilə birlikdə Goranboy şəhəri ərazisində yerləşən Yeni Binalara gəlmiş, orada fəhlə kimi tanıdığı Vüsal, Vüsalın atası Yaqub və İbrahim adlı şəxslə danışmış ki, hərəsinə 10 manat verəcək, ehtiyat hissələri var, onu Rəhimli kəndindən Qazelə yükləsinlər, onlar da razılaşmışlar. Bundan sonra həmin gün saat 17 radələrində Coşqunun evinin qarşısında dayanmışlar, o, hasar kimi düzəldilmiş dəmirin üzərindən keçib iki taylı darvazanı açmış, Qazel içəri girmiş, sonra qapını bağlamış, o, köməkli İbrahim, Vüsal və Yaqubla birlikdə Coşqunun həyətindən iki ədəd “Kamaz 55111” markalı yük maşınının diferini, bir ədəd həmin yük maşınının sürətlər qutusunu, 08 (səkkiz) ədəd mühərrik başlıqlarını götürüb Qazelin yük yerinə yükləmişlər, bundan sonra o, gəlib “El Store” marketin qarşısında İbrahim, Vüsal və Yaqubu maşından düşürmüş və onlara hərəsinə 10 (on) manat olmaqla ümumilikdə 30 (otuz) manat zəhmət haqqı vermişdir. Sonra Mingəçevir şəhərinə getmişlər. Orada Anar adlı şəxsə zəng edib evlərinin yerini öyrənmiş, Anar onları qarşılamış, saat 20 radələrində Qazeli Anarın həyətə sürmüş, 8 (səkkiz) ədəd mühərrik başlığını ümumi olaraq 800 (səkkiz yüz) manat, bir ədəd surətlər qutusunu 400 (dörd yüz) manat, iki ədəd diferi isə ümumilikdə 600 (altı yüz) manat olmaqla qeyd etdiyi ehtiyat hissələrinə ümumilikdə 1 800 (min səkkiz yüz) manata razılaşmışlar, bundan sonra isə həmin pulu Anardan almış, 80 (səksən) manatını tanımadığı sürücüyə vermişdir. Bundan sonra həmin sürücü Kürdəmir rayonuna getdiyi üçün o, tanımadığı taksi ilə yaşadığı ünvana gəlmişdir. Həmin pulları şəxsi işlərində xərcləmişdir. 20 avqust 2025-ci il tarixdə atası Məzahirin Xocalı şəhərinə getməsindən istifadə edərək özündə olan açarla atasının yaşadığı mənzilin qapısını açaraq atasının kostyumunun içəri cibində olan təqaüd kartını götürmüş, atası kartın kodunu 1948 (min səkkiz yüz qırx səkkiz) olmaqla kartın üzərinə yazmışdır. O, kartı götürüb “Gülüstan” marketin qarşısında quraşdırılmış bankomata yaxınlaşmışdır. 21 avqust 2025-ci il tarixdə saat 00:38-də kartı bankomata daxil edib kodu yığmış və 717 (yeddi yüz on yeddi) manat pul olmasını görmüş, bundan sonra 717 (yeddi yüz on yeddi) manat pul çıxması üçün həmin rəqəmi daxil etmiş, həmin pulu çıxardıqdan sonra yenidən atasının evinə gedib kartı kostyumun cibinə qoymuşdur. Sonra isə həmin pulu da şəxsi işlərində xərcləmişdir. O, atasına bu barədə heç nə deməmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi hər iki əməldən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanı ödədiyinə görə ona qarşı heç bir şikayət və tələblərinin olmadığını və məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. 02 fevral 2026-cı ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 10 il olar ki, Kamaz sürücüsü kimi tanımışdır. O, iki ildən artıq olar ki, Qobustan qəsəbəsi ərazisindən gələn zaman yük avtomaşınlarının işlənmiş ehtiyyat hissələri satılan yerdən “Kamaz 55111” markalı avtomaşınına aid bir ədəd sürətlər qutusunu 1 000 (min) manata və iki ədəd arxa oxların diferinsialını isə ümumilikdə 1 500 (min beş yüz) manata satın almışdır. Həmin ehtiyyat hissələrini Goranboy rayon Rəhimli kəndində evinin həyətinə qoymuşdur. Sonuncu dəfə təxminən 15 iyun 2015-ci il tarixdə Rəhimli kəndində olan evində olmuşdur. Həmin vaxt yük avtomobilinin bütün ehtiyyat hissələri yerində olmuşdur. 09 iyul 2025-ci il tarixdə o, evinə gedib həyətə baxmaq və həyətində təmizlik işləri aparmaq istəyəndə yaşadığı evin giriş darvazasının qarşısına gəlmiş, qapını açaraq həyətə daxil olanda həyətdə olan “Kamaz 55111” markalı avtomaşınına aid işlənmiş vəziyyətdə dəyəri 1 000 manat olan sürətlər qutusunun və iki ədəd ümumi dəyəri 1 500 manat olan (50 dişli) “Kamaz 55111” markalı avtomaşınınarxa oxlarının diferinsialları və mühərrikin üzərində olan hər birnin dəyəri 150 (yüz əlli) manat olan 8 (səkkiz) ədəd ümumi dəyəri 1 200 (min iki yüz) manat olan mühərrik başlıqlarının naməlum şəxslər tərəfindən oğurlandığını görmüşdür. Buna görə də DİN-nin 102 xidmətinə məlumat vermişdir. Onun həyətindən “Kamaz 55111” markalı yük maşınına aid ehtiyyat hissələrinin oğurlanması nəticəsində ümumilikdə ona 3 700 (üç min yeddi yüz) manat maddi ziyan vurulmuşdur. Sonda Zərərçəkmiş şəxs1 cinayət nəticəsində ona vurulmuş maddi ziyan tam ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. 09 fevral 2026-cı ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma övladıdır. Azər uzun müddətdir ki ondan ayrı öz evində yaşayır. Azər ailəsindən ayrılmışdır, buna görə də tək yaşayır. Azər bir dəfə oğurluq etdiyinə görə o, Azərdə münasibətlərini kəsmiş və Azəri danışdırmır. Onun evinin girşi qapısının açarı Azərdə də var. O, evdə olmayan zaman Azər onun evinə gəlib gedir. O, Qarabağ Müharibəsi veteranıdır, İİ qrup əlildir, buna görə də 717 (yeddi yüz on yeddi) manat təqaüd alır. O, təqaüdünü "xxxx" ASC-nin təqdim etdiyi 6768 6753 1231 6829 nömrəli kartla alır. Lakin o, kartı üzərində gəzdirmir, yaşadığı evdə kostyumununun cibinə qoyur. 19 avqust 2025-ci il tarixdə oğlu Cəbrayılov Fərmanla birlikdə Xocalı şəhərinə getmişdir. Təqaüd kartı isə evdə qalmışdır. 22 avqust 2025-ci il tarixdə oğlu Fərmanla birlikdə Goranboy rayonuna evinə qaytmışdır. Evində heç bir yer və ya əşya dağınıq halda olmamışdır. 22 avqust 2025-ci il tarixdə onunla eyni təqaüd alan tanışlarından təqaüdün köçüb-köçməməsini soruşmuşdur, ona təqaüdlərinin 21 avqust 2025-ci il tarixdə köçdüyü deyilmişdir. O, təqaüd kartını götürüb bonkamata yaxınlaşıb 1948 saylı kodunu daxil etdikdə pulu olmadığını görmüş, buna görə də pulunun köçmədiyini zənn etmişdir. 25 avqust 2025-ci il tarixdə DSMF-na yaxınlaşıb maraqlanmış, ona “Sizin təqaüdünüz küçmüşdür” deyilmiş, sonra "xxxx" ASC-nin Goranboy filialına yaxınlaşmış, oradan ona “Sizin təqaüdünüz xx.xx.2025-ci il tarixdə, saat 00:38-də 717 (yeddi yüz on yeddi) manat olmaqla kartınızdan çıxarılmışdır” deyilmişdir. O, da pulunun oğurlandığı üçün bu barədə Goranboy RPŞ-nə yaxınlaşıb ərizə ilə müraciət etmişdir. O, təqaüd kartından 717 (yeddi yüz on yeddi) manat təqaüdünü oğlu Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını bildirmişdir. Oğurluq əməli nəticəsində ona ümumilikdə 717 (yeddi yüz on yeddi) manat məbləğində maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs2 cinayət nəticəsində ona vurulmuş maddi ziyan tam ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. 02 fevral 2026-cı ildə məhkəmə iclasında verdiyi ifadəsində Şahid1 göstərmişdir ki, Qaçqınların və X4 üzrə Dövlət komitəsinin Goranboy rayonu üzrə Mənzil Kommunal istehsalat sahəsində dalandar işləyir. İşdən kənar vaxtlarında isə günəmuzd işlərlə məşğul olur. Təqsirləndirilən şəxs 10 ildən artıq olar ki, tanıyır, lakin heç bir münasibəti olmamışdır. 2025-ci ilin iyun ayının dəqiq xatırlamadığı günündə Azər ona zəng edərək “Goranboy rayonu, Rəhimli kəndində dəmir yük var, onu maşına yükləmək lazımdır” demişdir. O, da Azərə “mənim böyrəklərim ağrıyır ağır yük qaldıra bilmirəm” demiş, Azər ona “atan Yaquba və İbrahimə də deyərsən sənə kömək edər, hərənizə 10 manat verəcəm” demişdir. O, da razılaşmışdır. Həmin gün saat 20 radələrində sürücüsünü tanımadığı və adını bilmədiyi, dövlət nömrə nişanını xatırlamadığı “Qazel” markalı maşınla Rəhimli kəndinə getmişlər, Azər orada maşından düşüb həyət qapısını açmış, sonra isə qapıdan həyətə daxil olub, iki taylı həyət darvazasını da açmış, sürücü maşını geri həyətə salmış, sonra onlar da həyətə daxil olmuşlar, o, Azərdən ev sahibinin harada olmasını soruşmuş, Azər ona “sən ev sahibini neynirsən narahat olma” demişdir. Bundan sonra onlar Azərin köməkliyi ilə bir ədəd surətlər qutusunu, iki ədəd diferi və sayını dəqiq bilmədiyi porşen, yəni mühərrik başlıqlarını götürüb maşına yükləmişlər. Azər özü həmin ehtiyyat hisslərinin Kamaz markalı yük maşınına aid olduğunu demişdir. Sonra onlar rayona qayıtmışlar, Azər onları “El Store” marketin qarşısında düşürəndə hərəsinə 10 manat pul vermişdir. Sonra onlar oradan yaşadıqları ünvana getmişlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, o həmin malların oğurlandığını bilməmiş və onun məqsədi gördüyü iş müqabilində gəlir əldə etmək olmuşdur. 02 fevral 2026-cı ildə məhkəmə iclasında Şahid3 və Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişlər. 02 fevral 2026-cı ildə məhkəmə iclasında Şahid6 verdiyi ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-in Goranboy RPŞ-nin X2 əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 09 iyul 2025-ci il tarixdə Goranboy rayonu, Rəhimli kənd sakini Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat verərək və həmin tarixdə Goranboy rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Goranboy rayonu, Rəhimli kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən Kamaz markalı yük maşınına aid ehtiyat hissələrinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını bildirmişdir. Bununla əlaqədar olaraq əməliyyat istintaq qrupunun digər üzvləri ilə Zərərçəkmiş şəxs1 Goranboy rayonu, Rəhimli kəndi ərazisində yerləşən fərdi yaşayış evinə getmişdir. Zərərçəkmiş şəxs1 bir neçə il olar ki, uşaqları təhsil aldığı üçün Goranboy şəhərində kirayədə yaşadığını, Rəhimli kəndində olan fərdi yaşayış evinə isə 15-20 gündən bir vaxtı olanda gedib nəzarət etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 ehtiyat hissələri yığdığı yeri göstərərk ona məxsus olan Kamaz markalı yük maşınına aid işlənmiş vəziyyətdə olan 1 (bir) ədəd surətlər qutusu, işlənmiş vəziyyətdə olan 2 (iki) ədəd (50 dişli) diferinsialları (diferləri) və işlənmiş vəziyyətdə olan 8 (səkkiz) ədəd mühərrik başlıqlarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmişdir. Zərərçəkmiş şəxs1 həyətyanı sahəsindən Kamaz markalı yük maşınına məxsus ehtiyyat hissələrini oğurlamış naməlum şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, həmin ehtiyat hissələrini əvvəllər oğurluq etdiyinə görə məhkum olunmuş Goranboy rayonu, Yeni Binalarda yaşayan Təqsirləndirilən şəxs oğurladığı məlum olmuşdur. Təqsirləndirilən şəxs saxlanılaraq istintaqa təqdim edilməsi üçün bir sıra əməliyyat axtarış tədbirləri keçirilmiş, lakin yerini müəyyən etmək mümkün olmamışdır. 26 avqust 2025-ci il tarixdə saat 01 radələrində RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid7 və Şahid8la birlikdə Goranboy şəhərində Yeni Binalar ərazisində Təqsirləndirilən şəxs yaşadığı binanın yaxınlığında olan ərazidə gözləyən zaman Təqsirləndirilən şəxs yaşadığı binaya tərəf getdiyini görmüşlər, Təqsirləndirilən şəxs yaxınlaşmaq istəyəndə o, qaçmağa başlamış, sonra dayanmış və cibindən sirkə turşusu ilə dolu butulkanı çıxarıb içmişdir. Bundan sonra dərhal Təqsirləndirilən şəxs rayon mərkəzi xəstəxanasına aparmışlar və orada ona ilkin tibbi yardım göstərilmişdir. Təqsirləndirilən şəxs bir neçə gün orada müalicə olunduqdan sonra yaxşılaşdığı üçün RPŞ-nə gətirilib istintaqa təhvil verilmişdir. Nə o, nə də başqa bir polis əməkdaşı Təqsirləndirilən şəxs qarşı fiziki və ya psixi zorakılıq göstərməmişdir. Həmçinin Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs2 təqaüd kartını oğurlayaraq içərisindən 717 manat pulunu oğurlamışdır. 02 fevral 2026-cı ildə məhkəmə iclasında Şahid8 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 məhkəmə iclasında elan olunmuş ifadələrindən görünür ki, sonuncu Şahid6 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadələri elan edilmiş Şahid4 ibtidai istintaq zamanı bildirmişdir ki, Təqsirləndirilən şəxs 1-2 il olar ki tanıyır, o, özü işdən əlavə vaxtlarda özünə məxsus “Kamaz 5511 yük” markalı, **-BB-*** dövlət nömrə nişanlı yük maşını ilə yük daşıyır, Təqsirləndirilən şəxs da yük daşıyan zaman tanımış, Azərin də Kamazı olmuşdur. 2025-ci ilin təxminən iyun ayında Azər onunla təsadüfən görüşəndə ona “Kamazımı satmışam, Kamaz markalı yük maşınımın ehtiyat hissələri var satıram istəyən olsa mənə de, pula ehtiyacım var” demişdir. O, da özünə lazım olmadığını demiş, o, qohumu Şahid5 zəng edib bu barədə demiş və Anarın mobil nömrəsini Azərə vermiş ki, ehtiyat hissələrinin hansı olması barədə maraqlansın və lazım olanı varsa alsın. Lakin onların nə danışması barədə heç bir məlumatı olmamışdır. Həmin günün sabahı Anar ona zəng edərək “Azərin verdiyi ehtiyat hissələri mənim Kamazıma uyğun deyil” demiş, o, da “Azərin mobil nömrəsi var, Azərə zəng et sözünü de, Azərlə münasibətim yoxdur, Azəri görsəm deyərəm” demişdir. O, Anarın Azərdən konkret olaraq hansı ehtiyat hissələrini neçəyə almasından məlumatı olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 Kamaz sürücüsü kimi tanımış, lakin Coşqunla heç bir münasibətinin olmadığını, Təqsirləndirilən şəxs Coşqunun həyətyanı sahəsindən Kamaz markalı yük maşınına aid olan ehtiyat hissələrini oğurlamağı barədə əvvəlcədən və ya sonradan məlumatı olmamış, Azər bununla bağlı onunla heç bir danışıq aparmamışdır. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 həyətyanı sahəsindən hansı ehtiyat hissələrini oğurlaması barədə heç bir məlumatının olmadığını bildirmişdir. O, Azərin Anara satdığı ehtiyat hissələrinin oğurluq olmasını 26 avqust 2025-ci il tarixdə Anar ona zəng edərək polis əməkdaşlarının onu şöbəyə çağırmasını və aldığı ehtiyat hissələrinin Azər adlı şəxs tərəfindən oğurlanmasını deyən zaman bilmişdir. Məhkəmə iclasında ifadələri elan edilmiş Şahid5 ibtidai istintaq zamanı bildirmişdir ki, 8 ildir ki, özünə məxsus “Kamaz 5410 yük” markalı, **-FQ-*** dövlət nömrə nişanlı yük maşınından istifadə edir. Ona yük maşınının ehtiyat hissələri lazım olduqca işlənmiş alır, çünki təzə ehtiyat hissəsini tapmaq çətin olur və qiymətidə baha olur. 2025-ci ilin iyun ayının dəqiq xatırlamadığı günündə qohumu Şahid4 telefonla danışan zaman ona “Kamaz markalı yük maşınının ehtiyat hissələrini satan var istəsən deyim səninlə əlaqə saxlasın” demiş, o, da həmin vaxt Vüqara Kamaz markalı yük maşınına bəzi ehtiyat hissələri lazım olmasını demişdir. Həmin gün saat 16 radələrində əvvəllər tanımadığı Azər adlı şəxs xatırlamadığı mobil nömrədən ona zəng etmiş, telefonla danışan zaman Azər ona “borcum var pul verəsiyəm, məndə öz Kamazımın ehtiyat hissələri var satıram” demiş, o, Azərə “hansı ehtiyat hissələri var və neçəyə satırsan” demiş, Azər ona “bir ədəd surətlər qutusu, iki ədəd difer və 8 ədəd mühərrik başlığı vardır, qiymətdə razılaşarıq” demişdir. Azər ona “özün gəlib Goranboydan götürə bilərsən” demiş, o, isə Azərə “işimlə əlaqədar gələ bilməyəcəm” demiş, Azər ona axşam saatlarında gətirəcəyini demişdir. Həmin gün saat 22 radələrində Azər ona zəng edərək evinin yerini soruşmuş, o, da evinin yerini demiş, Azər sürcüsünü tanımadığı və dövlət nömrə nişanını xatırlamadığı Qazellə onun həyətinə gəlmiş, o, Azərin gətirdiyi ehtiyat hissələrinə baxmış və qiymət danışmışlar, Azər yenə ona “borcum və xəstəm var təcili pul lazımdır” demişdir. O, Azərin gətirdiyi ehiyyat hissələrinə baxmış, Azərlə qiymətdə razılaşmışlar, Azərin gətiridiyi 8 ədəd mühərrik başlığına ümumi olaraq 800 manat, bir ədəd surətlər qutusuna 400 manat, iki ədəd diferə isə ümumilikdə 600 manat pul verəcəyinə dair razılaşmışlar. Bundan sonra köməkli həmin ehtiyat hissələrini onun həyətyanı sahəsinə qoymuşlar. Həmin vaxt tanımadığı və adını bilmədiyi Qazel sürücüsü xahiş etmiş ki, Qazelin yük hissəsini yağla batırmasınlar, çünki Qazellə cehiz daşımağını demişdir. Ehtiyat hissələrini həyətinə qoyandan sonra Qazel sürücüsünün yanında Azər adlı şəxsə 1 800 (min səkkiz yüz) manat pul vermişdir. Onlara evində çay içməyi təklif etsədə Azər tələsməsini demiş və getmişlər. O, həmin günün sabahı surətlər qutusunu açıb içərisinə baxanda görmüş ki, Ural markalı yük maşınının surətlər qutusudur, Kamazla Uralın surətlər qutusu xaricdən eynidir, lakin daxili hissələri fərqlidir. O, zəng edib bu barədə Azərə demiş və ona acıqlanmış ki, niyə aldadıb və onun pulunu gətirib ehtiyat hissələrini də aparmasını demiş, Azər də şəhid anasının qəbrinə and içib 7 günə onun pulunu gətirəcəyini və ehtiyat hissələrini də aparacağını demiş, həmin vaxt artıq pulu xərcləməsini bildirmişdir. O, da Azərin dediyi vaxta qədər gözləmiş, lakin Azər dediyi gün gəlməmiş, Azərin nömrəsinə zəng etsədə zəng çatmamış, Vüqara zəng edib bu barədə demiş, Vüqar da Azəri elə dəqiq tanımadığını və münasibəti olan adam olmadığını demişdir. Bundan sonra o, bir neçə dəfə Azərə zəng etsədə zəng çatmadığı üçün Azərdən aldığı ehtiyat hissələrini tanımadığı şəxslərə satmış, lakin surətlər qutusu hazırda həyətində qalmışdır. Həmin surətlər qutusunu təqdim edə biləcəyini bildirmişdir. Eyni zamanda o ifadəsində Zərərçəkmiş şəxs1 tanımadığını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 həyətyanı sahəsindən Kamaz markalı yük maşınına aid olan ehtiyat hissələrini oğurlamağı barədə əvvəlcədən və ya sonradan məlumatı olmamış, Azər bununla bağlı onunla heç bir danışıq aparmamışdır. O, Azər adlı şəxsi də əvvəllər tanımamışdır. O, Təqsirləndirilən şəxs 8 ədəd mühərrik başlığını ümumi olaraq 800 (səkkiz yüz) manat, bir ədəd surətlər qutusunu 400 (dörd yüz) manat, iki ədəd diferi isə ümumilikdə 600 manat olmaqla qeyd etdiyi ehtiyat hissələrini ümumilikdə 1 800 (min səkkiz yüz) manata ona həyətyanı sahəsində satmasını bildirmişdir. O, həmin ehtiyat hissələrini satmasını, bir ədəd surətlər qutusu isə həyətində olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmin ehtiyat hissələrini ona satan zaman ehtiyat hissələrinin oğurluq olması barədə ona hər hansı bir məlumat verməmiş və onda həmin ehtiyat hissələrinin oğurluq olması barədə heç bir şübhə yaranmamışdır. Çünki Azərin satdığı qiymətlər ümumi işlənmiş ehtiyat hissələrinin qiyməti ilə eyni olduğu üçün onda şübhə yaranmamışdır. O, Azərin ona satdığı ehtiyat hissələrinin oğurluq olmasını 26 avqust 2025-ci il tarixdə polis əməkdaşları ona zəng edib bu barədə deyəndə bilmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və yuxarıda qeyd edilənlərlə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 19 dekabr 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus Goranboy rayonu, Rəhimli kəndində yerləşən fərdi yaşayış evindən Kamaz markalı yük maşınına aid işlənmiş vəziyyətdə olan 1 (bir) ədəd surətlər qutusu, işlənmiş vəziyyətdə olan 2 (iki) ədəd (50 dişli) diferinsialları (diferləri) və işlənmiş vəziyyətdə olan 8 (səkkiz) ədəd, dəyəri 150 (yüz əlli) manat olan mühərrik başlıqlarının naməlum şəxslər tərəfindən oğurlandığı müəyyən edilmişdir. İş materiallarında olan təqdim olunmuş əşyanın baxış keçirilməsi və götürülməsi barədə 18 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Şahid5 təqdim etdiyi işlənmiş vəziyyətdə olan, üzərində hər hansı bir yazı olmayan, həmçinin üst hissəsi maşın yağı ilə çirklənmiş vəziyyətdə olan sürətlər qutusuna baxış keçirilmiş və hal şahidlərinin iştirakı ilə götürülmüşdür. İş materiallarında olan ödəniş kartı üzrə çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus olan 6768 6753 1231 6829 saylı, “Maestro Pension” növlü kartdan 21 avqust 2025-ci il tarixdə 717 (yeddi yüz on yeddi) manat məbləğində vəsait məxaric edilmişdir. İş materiallarında olan video diskə baxış keçirilməsi barədə 26 avqust 2025-ci il tarixli protokoldan görünür və habelə iş materiallarına əlavə edilmiş və tədqiq edilmiş DVD diskdəki video görüntüdən müəyyən olunmuşdur ki, 21 avqust 2025-ci il tarixdə, saat 00:38 radələrində Zərərçəkmiş şəxs2 məxsus "xxxx" ASC-yə aid, “Maestro Pension” növlü, 6768 6753 1231 6829 saylı bank kartından 717 (yeddi yüz on yeddi) manat vəsaiti Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. İş materiallarında olan Goranboy Rayon Məhkməməsinin 4(045)-35/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqirləndirilən şəxs qismində cəlb edilmiş barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan “təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs 2025-ci ilin iyun ayının dəqiq xatırlamadığı günündə Goranboy rayonu, Rəhimli kəndində yaşayan Zərərçəkmiş şəxs1 fərdi yaşayış evinin həyətyanı sahəsinə daxil olaraq ordan Kamaz markalı yük maşınına aid işlənmiş vəziyyətdə olan 1 (bir) ədəd surətlər qutusu, işlənmiş vəziyyətdə olan 2 (iki) ədəd (50 dişli) diferinsialları (diferləri) və işlənmiş vəziyyətdə olan 8 (səkkiz) ədəd mühərrik başlıqlarını gizli yolla talayaraq oğurlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs 21 avqust 2025-ci il tarixdə atası Zərərçəkmiş şəxs2 yaşadığı Goranboy şəhəri, Yeni Binalar bina 9, mənzil 31-dən "xxxx" ASC-nin təqdim etdiyi 6768 6753 1231 6829 nömrəli kartı atası Zərərçəkmiş şəxs2 xəbəri olmadan oğurlayaraq Goranboy şəhəri, H.Əliyev prospekti 15 ünvanında yerləşən “Gülüstan” marketin qarşısında quraşdırılmış elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" ASC-yə məxsus bonkamata 21 avqust 2025-ci il tarixdə saat 00:38-də daxil edərək kartda olan 717 (yeddi yüz on yeddi) manat nağd pulu gizli olaraq talayıb oğurluq etmişdir. Daha sonra həmin 6768 6753 1231 6829 nömrəli kartı aparıb yerinə qoymuşdur. İş materiallarında olan 09 fevral 2026-cı il tarixli Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən müəyyən olunur ki, hadisədən sonra, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyan tam olaraq ödənilmiş və onlar barışmışlar. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Ərizənin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan 09 fevral 2026-cı il tarixli Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən müəyyən olunur ki, hadisədən sonra, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyan tam olaraq ödənilmiş və onlar barışmışlar. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Ərizənin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan 05 oktyabr 2025-ci il tarixli Tərtər rayon Texniki Xidmət Sahəsinin məktubundan müəyyən olunur ki, “Kamaz” markalı yük maşınına aid işlənmiş vəziyyətdə olan 1 (bir) ədəd surətlər qutusunun qiyməti 800 (səkkiz yüz) manat, işlənmiş vəziyyətdə olan 1 (bir) ədəd (50 dişli) diferin qiyməti 700 (yeddi yüz) manat olmaqla 2 (iki) ədəd diferinsalın (50 dişli) ümumi qiyməti 1 400 (min dörd yüz) manat və işlənmiş vəziyyətdə olan 1 (bir) ədəd mühərrik başlığının qiyməti 100 (yüz) manat olmaqla 8 (səkkiz) ədəd mühərrik başlığının ümumi qiyməti 800 (səkkiz yüz) manat təşkil edir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, cinayət nəticəsində zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanı tam ödəyərək onlarla barışıq əldə etməsini, onların ona qarşı heç bir şikayət və tələbinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamədən və Goranboy Rayon Məhkəməsinin 1(045)-28/2025 saylı, 24 aprel 2025-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 177.2.2 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Daha sonra Goranboy Rayon İcra və Probasiya Şöbəsinin № 165761/2025 nömrəli 08 yanvar 2025-ci il tarixli məktubu və ona əlavə edilmiş 07 yanvar 2026-cı il tarixli Aministya aktının tətbiq edilməsi barədə qərardan görünür ki, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. İş materiallarında olan dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatəndan görünür ki, hüquqi yardıma görə sərf edilən vaxt 13 (on üç) saat təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrinin sanksiyasından görünür ki, həmin maddələrlə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Belə ki, iş materillarında olan Goranboy Rayon Məhkəməsinin 1(045)-28/2025 saylı, 24 aprel 2025-ci il tarixli hökmün surətindən görününr ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövürdə hazırkı iş üzrə təqsirli bilindiyi cinayət əməllərini törətmişdir. Yəni Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması növündə cəza onun məqsədinə çatmamışdır. Çünki Təqsirləndirilən şəxs islah olunmamış, və o yeni cinayət əməlləri törətmişdir. Nəzərə alsaq ki, cinayət qanunvericiliyinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Deməli, hazırkı iş üzrə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədinə uyğun olmayacaqdır. Buna görə də məhkumun islah edilməsi və onun yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayətə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Kamaz 55111” markalı yük maşınına aid surətlər qutusunun Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Goranboy rayon Vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 13 (on üç) iş saatı üçün 143 (yüz qırx üç) manat məbləğində vəsait müdafiəçisi Goranboy rayon Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Goranboy rayon Vəkil bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 sentyabr 2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Kamaz 55111” markalı yük maşınına aid surətlər qutusunun saxlanılması üçün ibtidai araşdırma zamanı Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 13 (on üç) iş saatı üçün 143 (yüz qırx üç) manat məbləğində vəsait müdafiəçisi Goranboy rayon Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində və Azərbayca Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kazım Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar