Məhkəmə qərarları › İş №1(045)-6/2023

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-6/2023

06.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-6/2023 06.03.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ saat 12:58 X21 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Laçın rayonunun Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Laçın rayonunun Təzəkənd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi, şəxsi istifadəsi üçün satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 25,22 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuananı özünün mülkiyyətində olmaqla idarə etdiyi BMW-523 markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol ön oturacağının üzərində olan nazik döşəkçənin altında şəffaf rəngli sellofanda qanunsuz olaraq saxlayaraq daşımış, 08 sentyabr 2022-ci il tarixdə saat 00:30 radələrində Goranboy RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy şəhəri ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilib idarə etdiyi BMW-523 markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən həmin avtomobilin qabaq sol ön oturacağının üzərində olan nazik döşəkçənin altında satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 25,22 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, evlidir və 2 övladı var. Əslən Laçın rayonundandır və Goranboy şəhərində məcburi köçkünlər üçün tikilmiş yeni binalarda yaşayır. 07 sentyabr 2022-ci il tarixdə səhər saatlarında işdən çıxıb yaşadığı evə gəlmişdir. Həmin gün anası ilə birlikdə Gəncə şəhərinə getmişdir. O, həmçinin gündüz saatlarında dostları ilə çayxanada domino oynamış, günorta vaxtı dostu Vüsal zəng edərək onu “Qarabağ” kafesinə dəvət etmişdir. O, kafeyə gəlmiş, dostları əyləşən otağa daxil olmuş və orada dostları Mənsur, Vüsal və Anar olmuşdur. O, dostları ilə birlikdə yemək sifariş etmişvə 1 litr araq içmişlər. Bundan sonra Mənsur başının ağrıdığını bildirərək kafedən çıxıb getmişdir. Daha sonra Alimlə Anar telefonda danışmış və bir müddət sonra Alim həmin kafeyə gəlmişdir. Bundan sonra Alim də onlarla birgə araq içməyə başlamışdır. Alim kafedə onların əyləşdiyi otağa daxil olduqdan sonra stolun üzərinə sellofanda bitkiyə bənzər bir şey qoymuş və Kəlbəcərdən gətirdiyini demişdir. O, həmin vaxt içkili olduğu üçün həmin bitkinin iyi ilə maraqlanmış, Anarın əlindən sellofanı götürmüş və bundan sonra bitkini iyləməyə davam etmişdir. Daha sonra o, həmin bitkini götürmüş və idarə etdiyi BMW markalı **-EH-*** qeydiyyat nişanlı avtomobilin ön oturacaq hissəsinə qoymuşdur. Bir qədər sonra kafedə olan dostları da həmin kafeni tərk etmişlər. Dostları kafedən getdikdən sonra çayxanaya domino oynamağa getmişlər. O isə avtomobilini yudurtmaq üçün avtoyuma məntəqəsinə getmişdir. Daha sonra o, əmisigilə, oradan çıxdıqdan sonra isə yaşadığı binanın yaxınlığında yerləşən çayxanaya getmişdir. Bu müddət ərzidə isə həmin bitki maşınında olmuşdur. Çayxanada qonşuları ilə bir qədər domino oynamış və gecə saatlarında durub avtomobilinə minib evə getmək istəyən zaman ona rayon polis şöbəsinin əməkdaşları yaxınlaşmış və onu rayon polis şöbəsinə aparmışlar. Həmin vaxt artıq 08 sentyabr təxminən saat 00:30 radələri olmuşdur. O, həmin vaxt polis şöbəsinə nə üçün aparıldığını bilməmişdir. Polislərdən nə üçün polis şöbəsinə aparıldığını soruşanda isə polis ona heç bir söz deməmişdir. Polis şöbəsində olan zaman təhqiqatçı Fərdi onun üzərində şəxsi axtarış aparmadan öncə Həbib adlı polis əməkdaşı ona baxaraq maşınında marixuana olduğunu demişdir. O, bundan sonra həmin bitkinin marixuana olduğunu öyrənmişdir. Lakin o, polis şöbəsində həmin bitkinin marixuana olduğu ona deyilməyənə qədər həmin bitkinin marixuana olduğunu bilməmişdir. Bundan sonra isə polis əməkdaşları onun üzərində şəxsi axtarış aparmış, avtomobilində axtarış aparmışlar və həmin marixuana onun avtomobilində ön oturacaq hissədə aşkar olunmuşdur. Avtomobilində aşkar olunmuş narkotik maddəni dostu Alim tərəfindən ona verildiyini, həmin vaxt içkili olduğu üçün bitkinin iyi xoşuna gəldiyinə görə həmin maddəni avtomobilinə qoyduğunu və həmin bitkinin marixuana olduğunu bilmədiyini, rayon polis şöbəsində şəxsi axtarış zamanı videoçəkiliş zamanı və izahatında isə avtomobilində aşkar olunmuş narkotik vasitənin tanışı Anar tərəfindən ona verildiyini həyacandan dediyini qeyd etmişdir. Yekunda əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla uzun müddətdir ki, dostluq münasibəti olmuşdur. Nəsimi FHN-nin Yevlax rayon şöbəsində yanğınsöndürən kimi çalışır. 07 sentyabr 2022-ci il tarixdə dostu Vüsalla telefonla danışan zaman Vüsal onu “Qarabağ” kafesinə dəvət etmiş, o, saat 16 radələrində “Qarabağ” kafesinə getmiş, kafedə Vüsal, Anar və Nəsimi olmuşdur. O, kafeye çatan zaman doslarının yemək yeyib araq içdiklərini görmüş, özü də dostları ilə birlikdə araq içmiş və təxminən 1 saatdan sonra hamısı birlikdə stoldan durmuşlar. Bundan sonra o, atasının yaşadığı Nərimanlı kəndinə getmiş, səhəri gün Nəsiminin maşınında narkotik maddə saxladığı üçün polislər tərəfindən şöbəyə aparıldığını eşitmişdir. O, bu xəbərə inana bilməmişdir. Çünki Nəsimini o, neçə illərdir ki tanıyır, lakin Nəsiminin heç vaxt narkotik maddə istifadə etdiyini və saxladığını bilməmişdir. Özü heç vaxt narkotik maddə istifadə etməmiş, dostları ilə görüşdüyü məclisə heç bir narkotik tərkibli maddə gətirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla uzun müddətdir ki, dostluq münasibəti olmuşdur. Nəsimi FHN-nin Yevlax rayon şöbəsində yanğınsöndürən kimi çalışır. 07 sentyabr 2022-ci il tarixdə o, dostları Mənsur və Vüsalla birlikdə qaz yemək üçün “Qarabağ” kafesinə getmiş, həmin vaxt Nəsimi anası ilə birlikdə Gəncə şəhərində olmuşdur. Bundan sonra Nəsimi ilə əlaqə saxlamış və Nəsimi də “Qarabağ” kafesinə gəlmişdir. Nəsimi gəldikdən az sonra Mənsur başı ağrıdığı üçün kafedən çıxıb evinə getmişdir. Daha sonra Alim adlı dostu da kafeyə gəlmişdir. Onlar kafedə yemək yeyib araq içmiş və hamısı birlikdə kafedən çıxmışlar. Nəsimi avtoyuma məntəqəsinə getmək üçün öz avtomobilinə minmiş, o isə Vüsalla birlikdə yaşadığı binaya tərəf getmiş, daha sonra hərə öz evinə getmişdir. Həmin vaxt Alim də Nərimanlı kəndinə atasıgilə getmişdir. Səhəri gün Nəsiminin maşınında narkotik maddə saxladığı üçün polislər tərəfindən şöbəyə aparıldığını eşitmişdir. O, özü heç vaxt narkotik maddə istifadə etməmiş, dostları ilə görüşdüyü məclisdə Alim həmin məclisə heç bir narkotik tərkibli maddə gətirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 iş üzrə digər şahidlər X13 və X7 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncuların dediklərini təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı X15 ifadəsində göstərmişdir ki, 2008-ci ildən daxili işlər orqanlarında çalışır. 2020-ci ildən Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı kimi çalışır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onu ilk dəfə 08 sentyabr 2022-ci il tarixdə polis şöbəsində görmüşdür. Belə ki, 08 sentyabr 2022-ci il tarixdə gecə saatlarında rayon polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. O da həmin vaxt rayon polis şöbəsində işdə olmuşdur. Daxil olan məlumata görə Təqsirləndirilən şəxs idarə etdiyi BMW markalı **-EH-*** qeydiyyat nişanlı avtomobildə narkotik maddə olan marixuananı qanunsuz olaraq saxlamışdır. Həmin məlumata görə polis şöbəsində Təqsirləndirilən şəxs şəxsi axtarışı və avtomobilində baxış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman Nəsiminin üzərindən narkotik maddə aşkar olunmamışdır. Lakin şəxsi axtarış zamanı o, Nəsimiyə narkotik maddə saxlayıb-saxlamaması barədə sual verdikdə Təqsirləndirilən şəxs avtomobildə marixuana saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirmiş və bu barədə protokol tərtib etmişdir. Avtomobilə baxış zamanı da videoçəkilişdən istifadə olunmuşdur. Həmin videoçəkilişlərdən və protokollardan da görünmüşdür ki, Təqsirləndirilən şəxs idarə etdiyi BMW markalı **-EH- *** qeydiyyat nişan nömrəli avtomobilinin ön oturacağının üzərində olan nazik döşəkçənin altında sellefonda narkotik maddəyə bənzər kütlə aşkar edilmişdir. Daha sonra həmin narkotik maddənin elektron tərəzi ilə çəkisi müəyyən olunmuşdur. Bundan sonra toplanmış material istintaq aidiyyatı üzrə RPŞ-nin İstintaq bölməsinə göndərilmişdir. Fərid Mehdiyev həmçinin ifadəsində göstərmişdir ki, 08 sentybar 2022-ci il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilən zaman avtomobilin ön oturacağından aşkar olunmuş qurudulmamış mariaxuana onun tərəfindən elekron tərəzidə çəkilərkən çəkisi 25,1 qram müəyyən edilmişdir. Həmin narkotik vasitə tərəzidə çəkildikdən dərhal sonra onun tərəfindən müvafiq qayadada qablaşdırılmış, imzanalaraq möhürlənmişdir. Bundan sonra həmin narkotik maddə olan qurudulmamış marixuana ekspertiza mərkəzinə göndərilmişdir. Əgər həmin narkotik vasitəyə hansısa müdaxilə olsaydı həmin möhür pozulmuş vəziyyətdə olardı. Həmin gecə onun istifadə etdiyi elektron tərəzi narkotik vasitəni milliqramına qədər düzgün çəkmədiyindən, narkotik vasitənin çəkisi 25.1 qram kimi göstərmiş, əslində ekspertiza mərkəzindəki tərəzilər ən dəqiq ölçən tərəzilərdir. İş üzrə digər şahidlər X16 və X3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasında iştirak etməmişlər. X1 və X2 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunarkən aydın olur ki, onlar, iş üzrə digər şahid X8 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “şübhəli şəxsin tutulması haqqında” 08 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 08 sentyabr 2022-ci il tarixdə, saat 00:30-da məhdudlaşdırılmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “şəxsi axtarış aparılması haqqında” 08 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı X15 tərəfindən Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X2, RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili X17, RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti X6, şübhəli şəxs Təqsirləndirilən şəxs və Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əynində 1 (bir) qara rəngli idman şalvarı, ayağında 1 (bir) cüt qara rəngli idman ayaqqabısı, 1 (bir) ədəd qabağı zəncirbəndlə bağlanan jaket vardır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd avtomobilin pult açarını, 1 (bir) ədəd qırmızı rəngli alışqanı və 1 (bir) ədəd 100 (yüz) manatlıq pul əskinsını çıxarıb masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qanunla qadağan olunmuş başqa bir əşya və ya maddə aşkar edilmədi. Sorğu zamanı Təqsirləndirilən şəxs Anar adlı tanışının ona narkotik vasitə olan marixuana verməsini və həmin narkotik vasitə olan mariuxana verməsini və həmin narkotik vasitə olan marixuananı avtomobilində saxlamasını və könüllü olaraq təqdim edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs məxsus olan şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1 (bir) ədəd avtomobilin pult açarını, 1 (bir) ədəd qırmızı rəngli alışqanı və 1 (bir) ədəd 100 (yüz) manatlıq pul əskinası maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün onun özünə qaytarılmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Baxış keçirilməsi haqqında” 08 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı X15 tərəfindən Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X2, RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili X17, RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti X6, şübhəli şəxs Təqsirləndirilən şəxs və Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə ilə Təqsirləndirilən şəxs idarə etdiyi “BMW 523” markalı **-EH-*** dövlət nömrə nişanlı maşınında olan əşyaları könüllü surətdə göstərməsi təklif edilmişdir.Təqsirləndirilən şəxs idarə etdiyi “BMW 523” markalı **-EH-*** dövlət nömrə nişanlı maşını ağ rəngdədir. Nəsimi Həsəsnov maşının qabaq sol oturacağının üzərində olan nazik döşəkçənin altında saxladığı şəffaf rəngli sellofanda olan narkotik vasitə olan marixuanaya bənzər kütləni çıxarıb avtomobilin arxa yük yerinin üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş şəffaf rəngli sellofandakı narkotik vasitə olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək ümumi çəkisinin 25.1 (iyirmi beş tam onda bir) qram olduğu müəyyən edilmişdir və iştirakşıların iştirakı ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək ekspert tədqiqatına göndərilməsi üçün tərərfimdən götürülmüşdür. Təqsirləndirilən şəxs avtomobilinə baxış zamanı qabaq oturacaqların ortasında olan saxlanc yerindən heç bir əşya aşkar edilməmişdir, avtomobilin ön sağ oturacağının qarşı tərərfində olan saxlanc yerindən özünə məxsus olan şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, şəxsi etibarnaməsini, bir ədəd ətiri, bir ədəd binti, bir ədəd yara bandını, plastik kartları, qəbzləri çıxarıb oturacağın üzərinə qoydu. Avtomobilin qabaq sağ və sol günlüyündə heç bir əşya aşkar edilməmişdir. Avtomobiln qabaq və arxa ayaqaltıları olan hissəsində heç bir əşya aşkar edilməmişdir. Avtomobilin sağ və sol qabaq oturacaqlarının arxa tərəfində olan cibdən heç bir əşya aşkar edilməmişdir. Avtomobilin arxa yük yerində iki ədəd oturacaq başlıqları, arxa yük yerinin ortasında avtomobilin bir ədəd ehtiyyat təkəri, bir ədəd qaldırıcı vardır. Bundan sonra avtomobilin mühərrik olan hissəsinə baxış keçirilmişdir, mühərrik olan hissədən maddi sübut əhəmiyyəti kəsb edəcək hər hansı bir əşya aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “BMW 523” markalı **-EH-*** dövlət nömrə nişanlı maşına baxış zamanı aşkar edilmiş əşyalar madi sübut əhəmiyyəti kəsb etmədiyi üçün onun özünə qaytarılmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2022-ci il tarixli, 16/1083 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi BMW markalı **-EH-*** d.n.n avtomobildən aşkar olunmuş marixuanaya bənzər kütlə..” yazılar və imzalar olan zərfdəki, 1 (bir) ədəd şəffaf polietilen torbada təmiz çəkisi 25,22 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. Marixuananın təmiz çəkisi 25,22 qr, tədqiqata sərf edildi 0,05 qr, qalıq 25,17 qr. Aparılmış tədqiqatın dəyəri 32,40 manatdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi və MSY-dən həbsdən azad edilməsi haqqında” 08 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdən azad edilmiş və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Maddi sübutun tanınması haqqdında” 12 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, 08. Sentiyabr 2022-ci il tarixli protokolla götürülmüş 25.22 qram, tədqiqata cəmi 0.05 qram sərf edildiktən sonra 25.17 qram qalmış qurudulmamış marixuana iş üzrə maddi sübut kimi tanınsın və saxlanılması Goranboy RPŞ-yə təhvil verilsin. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 sentyabr 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 24 sentyabr 2022-ci il tarixli, 1436 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Təkrar məhkəmə-bioloji ekspertizası) 25 noyabr 2022-ci il tarixli, 7/1317 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi BMW markalı **-EH- *** d.n.n... avtomobildən aşkar olunmuş marixuanaya bənzər kütlə..” yazılar olan 01 (bir) ədəd kağız paketi açdıqda içərisində təmiz çəkisi 8,49 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aparılmış tədqiqatın dəyəri 78 manatdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 25 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-narkoloji ekspertizadan keçirilməsi barədə Gəncə Şəhəri Narkolji Dispansepinin 24 sentiyabr 2022-ci il tarixli 1436 nömrəli rəyi sübut növü kimi qiymətləndirilməsin. İstintaq zamanı götürülmüş və təkrar məhkəmə-bioloji ekspertizası təyin olunduqdan sonra, ekspertiza tədqiqatına sərf edildikdən sonra 8,44 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınması və Goranboy rayonu prokurorluğunun maddi sübutları saxlama otağında saxlanca təhvil verilməsi nəzərə alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 12-ci qrafasına əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs qanunsuz saxladığı narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 8,49 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf etməsi və əməlindən peşman olmasını; - himayəsində iki azyaşlı övladının olmasını (əsas: iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surəti); - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Qaçqınların və X10 Üzrə Dövlət Komitəsinin Goranboy rayon üzrə MKİ tərəfindən verilmiş xasiyyətnamə). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 1 (bir) gün (08 sentyabr 2022-ci il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (Azərbaycan Respublikası Cinayət Məcəlləsi-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından ona narkomaniyadan məcburi müalicə təyin edilməməli, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Goranboy RPŞ-nin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 8,44 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi -132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi - 198.1). Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 1 (bir) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini, ünvan 1 ünvanını axşam saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy və Yevlax rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Goranboy RPŞ-nin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 8,44 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərci 110,40 (yüz on manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar