Məhkəmə qərarları › İş №1(045)-61/2024

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-61/2024

03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-61/2024 03.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X9 və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1939-cu il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonu Sarıyaqub kəndində anadan olmuş, Belarusiya Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün DYİ seriyalı, 00***** nömrəli icazə vəsiqəsi əsasında xx.xx.2029-cu il tarixədək Naftalan şəhəri Heydər Əliyev prospekti 232, M3, mənzil 2-də qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263-1.1 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 04 noyabr 2023-cü il tarixdə saat 12 radələrində özünə məxsus sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes Benz A160 minik” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy-Ağcakənd avtomobil yolunun Goranboy rayonu Səfikürd kəndi ərazisindən keçən hissəsində Ağcakənd qəsəbəsi istiqamətində 40 km/saat sürətlə hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, idarə etdiyi avtomobilin hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməli və qarşıda yolun sağ ehtiyat hissəsi ilə piyadanın hərəkətdə olmasını nəzərə alaraq, avtomobili yolun sağ ehtiyat hissəsinə çıxartmamalı olduğu halda bunlara riayət etməyərək “X12” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub hərəkətini davam etdirərək avtomobili yolun sağ ehtiyat hissəsi ilə idarə edərək yolun sağ kənarında ehtiyat hissəsində işıq əksetdirici lövhələri təmizləyən, 54 saylı Xocalı rayon Yol İstismar İdarəsində fəhlə işləyən Zərərçəkmiş şəxs vurmuş və nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs sağ mil sümüyünün sol baldır sümüklərinin qəlpəli qapalı sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətləri yetirdikdən sonra “X12” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozub avtomobili saxlamadan hadisə yerindən uzaqlaşmaqla qəsdən yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs X9 CM-in 263-1.1 və 264-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 1960-cı ildən Belarusiya Respublikasında yaşamış və işləmişdir. 2017-ci ildən isə Azərbaycan Respublikasına gəlmiş və Naftalan şəhərində müvəqqəti qeydiyyata düşərək tək yaşayır. O, Belarusiya Respublikası vətəndaşı olsa da, milliyəti azərbaycanlıdır və Azərbaycan dilində sərbəst danışır və başa düşür. Təxminən 50 il olar ki, onun sürücülük vəsiqəsi var və avtomobil idarə edir. O, sürücülük vəsiqəsini Belarusiya Respublikasında almışdır. “Mercedes Benz A160 minik” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və xx.xx.2023-cü il tarixdə BD339652 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə həmin avtomobili öz adına sənədləşdirmişdir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində qardaşı oğlunun Goranboy rayonu Səfikürd kəndində olan evindən çıxıb Mercedes Benz A160 markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Goranboy şəhərində yerləşən Xaliq Rüstəmovun avtomobil təmiri sexinə getmiş, avtomobilini təmir etdirdikdən sonra avtomobilinə yanacaq tökmüş və yenidən Səfikürd kəndi istiqamətində getmişdir. Yol ilə gedən zaman yol idarəsinin əməkdaşlarının yolun hər iki tərəfində yolun kənarında işlədiklərini görmüşdür. O, Goranboy şəhərinə gələn zaman və Səfikürd kəndinə qayıdan zaman avtomobilində tək olmuş, yanında heç kim olmamışdır. O, əvvəllər tanımadığı, aralarında heç bir ədavət və ya düşmənçilikləri olmayan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Goranboy rayonu Səfikürd kəndi ərazisində idarə etdiyi maşınla vurmamış və hadisə yerindən qaçmamışdır. O, yaşlı olduğu üçün avtomobili 40 km/saat surətindən artıq sürətlə idarə etməmişdir. Onun idarə etdiyi avtomobildə heç kim olmamışdır. O, idarə etdiyi avtomobillə öz hərəkət hissəsində, yəni yolun sağı ilə hərəkətdə olmuş və heç bir manevr etməmişdir. O, həmin vaxt spirtli içki qəbul etməmiş və sərxoş olmamışdır. O, 10 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs müalicə xərci kimi 1500 manat pul vermiş, 1500 manat pulu Zərərçəkmiş şəxs müalicə alması üçün vermiş, lakin Məhərrəmi maşınla vurmamış, Məhərrəm ondan şikayət etdiyi üçün həmin pulu vermişdir ki, ondan şikayətçi olmasın. xx.xx.2023-cü il tarixdə avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobilində əlavə yük olmamışdır. Hazırda da Zərərçəkmiş şəxs müalicə xərci kimi 400 manat pul vermiş və onunla barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, X6 əvvəllər tanımamış, onunla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. O, 2008-ci ildən 54 saylı Xocalı rayon Yol İstismarı İdarəsində fəhlə işləyir. O, yolların çəkilişində fəhlə kimi işləyir, yol çəkilişləri olmayan vaxtlarda isə yolun kənarlarını təmizləyir. xx.xx.2023-cü il tarixdə saat 12:19 radələrində o, xidməti ərazisi olan Goranboy rayonu Səfikürd kəndi ərazisində asfalt yolun sağ kənarında quraşdırılmış kiçik işıq əksetdirici dirəkləri yuyub təmizləmişdir. Onunla birlikdə orada iş yoldaşları Səlim, Qorxmaz, Malik və İslam da olmuşdur. İslam onlardan təxminən 50-100 metr uzaqlıqda olmuş, Malik onunla yolun eyni istiqamətində 10-15 metr məsafədə, Səlimlə Qorxmaz isə onun yaxınlığıda yolun sol kənarında işləmişlər. O, üzü Goranboy rayonu Ağcakənd qəsəbəsi istiqamətində yolun sağ kənarında işləyən zaman arxadan gələn avtomobil onu vurmuş və o, yolun sağ kənarına yıxılmış, lakin huşu getməmiş, buna görə də onu vuran avtomobilə tərəf baxanda həmin avtomobilin sürücüsünün avtomobili saxlamadığını görmüş və sürücü maşını sürüb oradan getmişdir. O, həmin avtomobilin dövlət nömrə nişanını görə bilməsə də, avtomobilin qırmızı rəngli Mercedes Benz markalı avtomobil olmasını görmüş, lakin avtomobilin sürücüsünün kim olmasını görməmişdir. O, xəsarət aldığı üçün iş yoldaşları onu Goranboy rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Onu vuran həmin avtomobil Ağcakənd qəsəbəsi istiqamətində getmiş, o, sonradan onu vuran avtomobilin sürücüsünün X9 olmasını bilmişdir. Onu vuran avtomobil onun arxa tərəfindən gəldiyi üçün o, həmin avtomobili görməmiş və buna görə də avtomobilin sürətinin neçə olmasını bilməmişdir. Onu vuraraq hadisə yerindən qaçmış avtomobilin içərisində sərnişin olmasını görə bilməmişdir. X8 müalicə xərci kimi 400 manat da pul vermişdir. Buna görə də, o, təqsirləndirilən şəxs Frudun Şıxıyevlə barışmışdır, ondan şikayətçi deyildir, Frudun ona dəymiş maddi ziyanı tam ödəmişdir. Odur ki, Frudun Şıxıyev barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2009cu ildən Xocalı 54 nömrəli Yol İstismarı MMC-də fəhlə işləyir. Onun işi Xocalı 54 nömrəli Yol İstismarı MMC-nin ərazisində olan asfalt yolların çəkilməsi, təmiri, yolların kənarında olan yol nişanlarının və yolların təmizlənməsindən ibarətdir. Onun iş vaxtı hər gün saat 09:00-da başlayır, saat 13:00-dan 14:00-dək nahar fasiləsinə çıxır, saat 17:00-da isə iş vaxtı qurtarır. Zərərçəkmiş şəxs onunla birlikdə işləyir, Məhərrəmlə münasibəti yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 04 noyabr 2023-cü il tarixdə saat 12 radələrində o, iş yoldaşları Zərərçəkmiş şəxs, Şahid1, Şahid3 ilə xidməti əraziləri olan Goranboy rayonu Səfikürd kəndi ərazisində yolun kənarındakı işarə dirəklərini (işıq əksetdirici dirəkləri) təmizləmişlər. Həmin vaxt Goranboy şəhərindən Səfikürd kəndi istiqamətində gedəndə yolun sağ tərəfində Məhərrəmlə o, təmizlik işləri aparmış, onların yaxınlığında yolun sol tərəfində isə Səlimlə Qorxmaz təmizlik işləri aparmış, iş icraçısı Şahid4 isə onlardan təxminən 4-5 kilometr aralıda digər işçilərin yanında olmuşdur. O, işarə dirəyini təmizləyən zaman Məhərrəmdən 50-60 metr arxada olmuş, Məhərrəm yolun asfalt hissəsindən 2.5 metr sağ tərəfində yolun çiynində olan işarə dirəyini təmizləyən zaman Goranboy şəhəri istiqamətindən gələn qırmızı rəngli xarici ölkədə istehsal olunmuş dövlət nömrə nişanını görmədiyi maşın Məhərrəmi arxadan vurmuş, Məhərrəm yolun sağ kənarında olan içərisində su olmayan arxa yıxılıb qışqırmağa başlamış, həmin maşın dayanmayaraq oradan toz edib uzaqlaşıb getmişdir. O, tez Məhərrəmin yanına qaçıb getmiş, Səlimlə Qorxmaz da Məhərrəmə yaxınlaşmışlar. Məhərrəm həmin vaxt ağrıdan qışqırmış, tez Məhərrəmi onun “VAZ 2106” markalı, **-BM-*** dövlət nömrə nişanlı maşınının arxa oturacağına əyləşdirib rayon mərkəzi xəstəxanasına aparmışlar. Onlar yol ilə gələndə Məhərrəm özü də həmin yerdə işləyən zaman qırmızı rəngli maşının onu arxadan vurub qaçmasını demişdir. Xəstəxanada Məhərrəmə ilkin tibbi yardım göstərilmiş, Məhərrəmin sağ qolunda və sol qılçasında qırıqlar olmasını demişlər. Məhərrəmi vurub hadisədən uzaqlaşan maşının sürətinin neçə olmasını bilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid3 və Şahid4 digər Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 01 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs az ağır xəsarət alması faktına görə Azərbaycan Respublikası CM-nin 263.1-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir; “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 04 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Goranboy-Ağcakənd yolunun Goranboy rayonu Səfikürd kəndi ərazisindən keçən hissəsidir. Hadisə yeri yaşayış məntəqəsidir. Hadisə yerində yol iki tərəflidir. Yol düz, quru, asfalt örtüklü olmaqla hərəkət hissəsinin eni 7,8 metrdir. Hadisə yerində Ağcakənd rayonu istiqamətində yolun sağ ehtiyat hissəsinin eni 1,4 metr, sol ehtiyat hissəsinin eni 2,5 metrdir. Baxış zamanı Mercedes Benz A160 markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən piyada Zərərçəkmiş şəxs vurulduğu yer müəyyən edildi. X9 idarə etdiyi Mercedes Benz A160 markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun Ağcakənd istiqamətində sağ ehtiyyat hissəsində hərəkət edən Zərərçəkmiş şəxs yoldan 0,8 metr kənarda vurmuşdur. Hadisə yerində tormoz izi yoxdur. Hadisə yerində iş üzrə əhəmiyyət kəsb etdiyi üçün lak-boya nümunəsi götürülmüşdür; İN: 642532 saylı xx.xx.2023-cü il tarixli alkotester qəbzindən görünür ki, həmin tarixdə sürücü X1 müəyyən etmək üçün o, alkotester vasitəsi ilə yoxlanılmış və 04 noyabr 2023-cü il tarixli 03908 nömrəli sərxoşluq müayinə protokoluna əsasən Frudun Şıxıyevin ayıq olması, alkoqol qəbulu əlamətinin olmaması müəyyən edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirlyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 dekabr 2023-cü il tarixli 8/3746 nömrəli rəyindən görünür ki, “Mercedes Benz A160 minik” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. X2 hadisədən sonra zərərçəkənə ilkin tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmədən və hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 26 dekabr 2023-cü il tarixli qərardan görünür ki, törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabında 2346 nömrə ilə qeydə alınaraq araşdırılmış material üzrə cinayət işi başlanılması rədd edilmişdir; “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” 28 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs X9 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə” 01 mart 2024-cü il tarixli qərardan görünür ki, Goranboy rayonu Yeni Veyisli qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs yol nəqliyyat hadisəsi zamanı xəsarət alması əsasında toplanmış HK-1-2346 nömrəli material üzrə Goranboy RPŞ-nin İB-nin müstəntiqi Nurlan Allahverdiyev tərəfindən material üzrə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 26 dekabr 2023-cü il tarixli qərar qanunsuz və əsassız olduğü üçün ləğv edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, X9 barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur; “Məhkəmə-tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli 273 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ mil sümüyünün, sol baldır sümüklərinin qəlpəli qapalı sınığı bərk KÜT əşyanın (ların), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2023-cü il tarixdə hərəkətdə olan avtomaşınla vurulma zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR ZƏRƏR vurmaya aid edilir; “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 28 iyun 2024-cü il tarixli qərardan görünür ki, X9 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 05 iyun 2024-cü il tarixli, 3-16-16/2-6/2537 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “hadisə yerindən götürülmüş lak-boya nümunəsi Qablaşdırdı: Goranboy RPŞ-nin İB-nin müstəntiqi polis mayoru /imza/ (var) Nurlan Allahverdiyev” izahedici mətni icra edilmiş zərfin içərisində tədqiqata təqdim edilmiş lak-boya nümunəsi ilə “Mercedes Benz A160” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin lak-boya örtüyündən götürülmüş lak-boya nümunəsi rənginə, təbiətinə, qatlarının sayına, morfoloji əlamətlərinə və kimyəvi tərkibinə görə eynilik təşkil edir; Goranboy RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli 3-13-75/1-13435/2024 nömrəli raportundan görünür ki, “X12” Azərbaycan Respublikasının Qanununun 35-1-ci maddəsinin İİ bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Belarusiya Respublikası vətəndaşı X7 məxsus Belarusiya Respublikası tərəfindən verilmiş 7AA seriyalı, 234989 nömrəli sürücülük vəsiqəsini dəyişdirməmiş, sistemdə yoxlanılmış və Frudun Şixiyevin sürücülük vəsiqəsinin olmaması müəyyən edimişdir; “Cinayət əməlinin tövsif edilməsi barədə” 26 iyul 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə X5 əməli Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsindən həmin məcəllənin 263-1.1 və 264-cü maddələrinə tövsif edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X9 tərəfindən CM-in 263-1.1 və 264-cü maddələrində nəzərdə tutulan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144- 146-cı maddələri). Məhkəmə, təqsirləndirilən şəxs X5 törətdiyi əməli etiraf etməməsi, yəni yol hərəkəti qaydalarını pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edib ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına səbəb olan yolnəqliyyat hadisəsini törətməməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları və işdə olan digər sübutlar ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar məhkəmə istintaqında araşdırılan sübutlarla tam təkzib olunur. Belə ki: - Zərərçəkmiş şəxs ifadəsində üzü Goranboy rayonu Ağcakənd qəsəbəsi istiqamətində yolun sağ kənarında işləyən zaman arxadan gələn avtomobilin onu vurduğunu, yolun sağ kənarına yıxıldığını, huşu getmədiyi üçün onu vuran avtomobilə tərəf baxanda həmin avtomobilin sürücüsünün avtomobili saxlamayıb hadisə yerindən getdiyini, avtomobilin dövlət nömrə nişanını və sürücüsünü görməsə də, qırmızı rəngli “Mercedes Benz” markalı avtomobil olmasını gördüyünü və sonradan onu vuran avtomobilin sürücüsünün X9 olmasını bildiyini göstərmişdir; - Şahid2 ifadəsində zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə birlikdə üzü Ağcakənd istiqamətində yolun kənarında işarə dirəklərini təmizləyən zaman Goranboy şəhəri istiqamətindən gələn qırmızı rəngli xarici ölkədə istehsal olunmuş dövlət nömrə nişanını görmədiyi avtomobilin Məhərrəmi arxadan vurduğunu, sonuncunun yolun sağ kənarında olan içərisində su olmayan arxa yıxılıb qışqırmağa başladığını, həmin maşının dayanmayaraq oradan uzaqlaşıb getdiyini göstərmişdir; - digər şahidlər Şahid1, Şahid3 və Şahid4 da Şahid2 ifadəsində göstərdiyi xüsusatları göstərmişlər; - Azərbaycan Respublikası Ədliyyə Nazirlyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 dekabr 2023-cü il tarixli 8/3746 nömrəli rəyində “Mercedes Benz A160 minik” markalı, **- ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olduğu və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu, X2 hadisədən sonra zərərçəkənə ilkin tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmədən və hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olduğu göstərilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 05 iyun 2024-cü il tarixli, 3-16-16/2-6/2537 nömrəli rəyində tədqiqata təqdim edilmiş lak-boya nümunəsi ilə “Mercedes Benz A160” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin lak-boya örtüyündən götürülmüş lak-boya nümunəsinin rənginə, təbiətinə, qatlarının sayına, morfoloji əlamətlərinə və kimyəvi tərkibinə görə eynilik təşkil etdiyi göstərilmişdir. “X12” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinin İV hissəsinə əsasən velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir; 36-cı maddəsinin İ hissəsinin İİİ bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının: 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin; 15 və 16-cı bəndlərində qeyd edilir ki, “X12” Qanuna müvafiq olaraq sürücü yolnəqliyyat hadisəsindən zərər çəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməyə, “təcili tibbi yardım” maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur (“X12” Qanunun 37-ci maddəsinin İY hissəsi). Qanunun bu tələbindən irəli gələn vəzifələri yerinə yetirməyən sürücülərin məsuliyyət məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçması müvafiq olaraq CM-nin 263-cü və ya 263-1-ci maddələri ilə yanaşı, həm də CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Eyni vəziyyətdə sürücü yol-nəqliyyat hadisəsi yerindən qaçmasa da, zərər çəkmiş şəxsi həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduğuna görə ona kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə, onun əməli CM-nin 263-cü və ya 263-1-ci, yaxud 351-ci maddələri ilə yanaşı, həm də CM-nin 143-cü maddəsi ilə tövsif olunur.Məhkəmələr CM-nin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı həm də CM-nin 264cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, CM-nin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. 17-ci bəndində qeyd edilir ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263- 1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər. 4 və 22-ci bəndlərində tövsiyə edildiyi kimi, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs dedikdə, həmin hüququ ümumiyyətlə əldə etməmiş və ya ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum olunmuş, habelə bu hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslərlə yanaşı, həm də müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslər başa düşülür (məsələn, yalnız “B” kateqoriyasına aid olan avtomaşınları idarə etmək hüququna malik olub avtobusları idarə edən şəxslər). Məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” 24 sentyabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, CM-in 263-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli insanların həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə yönəldiyi üçün bu cinayətin tərkibinin, xüsusilə də onun subyektinin düzgün müəyyən olunması böyük əhəmiyyət kəsb edir. CM-in 263 və 263-1-ci maddələrində nəzərdə tutulan cinayətlərin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Eyni zamanda, CM-in qeyd olunan maddələri ilə cinayət məsuliyyətinin yaranması insan sağlamlığına zərər vurulmasından asılı olduğu üçün bu cinayətlərin əlavə obyekti insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. CM-in 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitələrini idarə edən şəxs ola bilər. Bununla yanaşı, CM-in 263-1-ci maddəsində nəzərdə tutulan cinayətin subyekti yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda pozan nəqliyyat vasitələrini idarə edən şəxsdir. Bu cinayətin digər subyekti isə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxsdir. “X12” Azərbaycan Respublikası Qanununun normasında nəqliyyat vasitələrini idarəetmə hüququnun əldə edilməsinin şərtləri və qaydaları dəqiq müəyyən olunmuşdur və bu Qanuna uyğun olaraq sürücülük vəsiqəsini əldə etmiş şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olan şəxs hesab edilməlidir. Beləliklə, CM-in 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası, ilk növbədə, hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi ehtiva edir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, CM-in 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. CM-in 263-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 264-cü maddəsinə əsasən, bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 əməli CM-in 263-1.1 və 264-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - zərərçəkmiş şəxslə barışmasını; - yaşını və müvəqqəti yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Naftalan Şəhər 01 saylı MİS tərəfindən verilmiş xasiyyətnamə); Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən X5 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, X7 cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə hesab edir ki, cəzanın məqsədləri X7 CM-in 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza və qanunla müəyyən edilmiş həddə azadlıqdan məhrumetmə cəzası növündə, 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza və qanunla müəyyən edilmiş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin maddəni rəhbər tutaraq məhkəmə qeyd edir ki, X7 qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X5 CM-in 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə təqsirləndirilən şəxs X9 CM-in 263-1.1 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli, ona CMin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza və qanunla müəyyən edilmiş həddə azadlıqdan məhrumetmə cəzası və 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza və qanunla müəyyən edilmiş həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti cəza təyin edilməli (CM- 66.2), cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin əvvəli təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan "Mercedes Benz A160" minik markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi - təqsirləndirilən şəxs X7 qaytarılması nəzərə alınmalı ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxs X5 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs X7 göstərilmiş hüquqi xidmətə görə sərf edilmiş hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344, 346-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə X7 qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli X5 məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən, X9 ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. X5 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan "Mercedes Benz A160" minik markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi - təqsirləndirilən şəxs X7 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən cəmi 155 (bir yüz əlli beş) manat məbləğində pul vəsaiti X4 tutulub dövlət büdcəsinə (X3, KOD 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3) ödənilsin. Vəkil Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X5 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası X5 qeydiyyatda olduğu və yaşayış yeri üzrə Naftalan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkum aldığı) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar