Məhkəmə qərarları › İş №1(045)-61/2025

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-61/2025

12.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-61/2025 12.01.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Goranboy şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Goranboy şəhəri, Şəhriyar küçəsi ev 31də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən xeyli miqdarda, yəni ümumi çəkisi 10,71 qram qurudulmuş marixuananı qanunsuz əldə edib üzərində saxlamış, 27 iyul 2025-cü il tarixdə saat 16:40 radələrində Goranboy rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Goranboy şəhəri, Heydər Əliyev prospektində şübhəli şəxs qismində saxlanılaraq üstünə yoxlanış keçirilən zaman üzərindən, yəni əynində olan göy rəngli şalvarın sol yan cibindən 03 ədəd qara rəngli sellofan bükümdə xeyli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 3,49qram, 3,55 qram və 3,67 qram olmaqla ümumi təmiz çəkisi 10,71 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 28 avqust 2025-ci il tarixdə saat 18:30 radələrində Goranboy şəhəri Şəhriyar küçəsində adamların gur toplaşdığı yerdə Zərərçəkmiş şəxs küçədə qonşusu Şahid3 ilə mübahisə etməsini və bu səbəbdən Zərərçəkmiş şəxs nəlayiq ifadələr işlətməsini bəhanə edərək əsaslı səbəb olmadan küçədə olan insanlara əhəmiyyət verməyib ictimai qaydanı kobud surətdə pozub ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlilik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazalıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib küçədə olan adamların rahatlığını və dincliyini pozmaqla, yoldan keçən şəxslərin yanında ucadan Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlərlə söyməklə sonuncunun burun nahiyyəsindən başı ilə qəsdən bir dəfə vuraraq sonuncuya burunun küt travması, burun hematoması, burun sümüyünün sınığı ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmağa aid edilən bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 16 il müddətdir epizodik olaraq narkotik vasitsə olan “nəyşə”, yəni qurudulmuş marixuana istifadə edir. Təxminən 24 iyul 2025-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhərinə dənizə getmək qərarına gəlmişdir. Mingəçevir şəhərinə yolda olarkən Goranboy rayon Goran qəsəbəsi ərazisində “Şəfa İstiSu” sağlamlıq mərkəzinin yaxınlığında ayaqyoluna getmək istəmişdir. Bu zaman yerdə su arxının kənarında 3 ədəd büküm görmüşdür. Daha sonra o, bükümləri götürmüş və içərisinə baxan zaman narkotik vasitə istifadəçisi olduğuna görə həmin 3 ədəd qara rəngli sellofan bükümün içərisində olan kütlənin narkotik vasitəsi olan marixuana olduğunu görmüş və şəxsi istifadəsi üçün yerdən götürərək əynində olan şalvarın cibinə qoymuşdur. Narkotik vasitə aşkar etdiyi üçün Mingəçevir şəhərinə getməyib yaşadığı evə gəlmişdir. Aşkar etdiyi narkotik vasitədən çox az miqdarda istifadə etmiş, lakin istifadə etdiyi narkotik vasitənin çəkisini bilmir. 27 iyul 2025-ci il tarixdə saat təxminən 16:30 radələrində Goranboy şəhəri Şəhriyar küçəsi ev 31-də yerləşən evdən çıxmış, tapdığı narkotik vasitə olan qurudulmuş marixuananı isə əynində olan şalvarın sol yan cibinə qoymuşdur. Goranboy şəhəri Heydər Əliyev prospektində yolun kənarında dayanan zaman polis əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim etdikdən sonra onun narkotik vasitənin saxlanılmasında şübhəli olduğunu və üzərində yoxlama aparılacağını bildirmişlər. Lakin o, heç bir etiraz etməmişdir. Goranboy şəhəri ərazisində üzərində yoxlama aparılan zaman ona könüllü olaraq üzərində olan əşyaları çıxarmağı təklif olunmuş və daha sonra o, əlində olan “Honor” markalı mobil telefonunu, üzərində olan göy rəngli cins şalvarının sol qabaq yan cibindən “sobranie” markalı siqaret qutusunu və 3 ədəd qara rəngli sellofan bükümə bükülmüş narkotik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütələləri, göy rəngli cins şalvarının sağ qabaq yan cibində olan göy rəngli üzərində “enjoy freedoom moments” yazısı olan alışqanı çıxarıb orada olan abidənin sütununun üzərinə qoymuşdur. Yoxlama zamanı o, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri təxminən 4-5 gün bundan əvvəl Goranboy rayon Goran qəsəbəsi ərazisində “Şəfa İstiSu” sağlamlıq mərkəzinin yanından tapdığını, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmin narkotik vasitədən heç kimə satmadığını demişdir. Onun üzərində yoxlama aparılan zaman video çəkilişdən də istifadə olunmuşdur. Yoxlama zamanı üzərində olan göy rəngli cins şalvarımın sol qabaq yan cibindən aşkar olunaraq götürülmüş 3 ədəd qara rəngli sellofan bükümə bükülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütələlər yoxlama iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilmiş və daha sonra isə 1 ədəd ağ rəngli zərfə qablaşdırılmışdır. Bundan başqa, o, Zərərçəkmiş şəxs uşaqlıqdan Goranboy şəhər sakini qismində tanımışdır. Onun Zərərçəkmiş şəxs ilə heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. 28 avqust 2025-ci il tarixdə saat 18:30 radələrində o və qonşusu Süleyman Goranboy şəhəri Şəhriyar küçəsində yaşadığı evin qarşısında küçədə dayanmışdır. Bu zaman onun yaşadığı evin qarşısında Nicat, İsa və Elnur adlı Suvarma Sistemləri İdarəsinin əməkdaşlarının Əmirxan ilə söhbət etmələrini görmüşdür. Söhbət əsnasında Nicat və Əmirxan yüksək səslə söhbət etməyə başlamışlar. Bu zaman Nicat yüksək səslə Əmirxan ilə söyüşlə danışmağa başlamışdır. Əmirxan və Nicat bir-birlərini itələmişlər. O, evinin qarşısında dava-dalaş olmaması üçün Əmirxan və Nicata yaxınlaşmışdır. Əmirxanı oradan uzaqlaşmasını bildirmişdir. Nicata bu zaman yenə Əmirxana söyüş söymüşdür. Nicata isə buradan getməsini bildirmişdir. O, Nicata evinin qarşısında söyüş söyməməsini bildirmişdir. Nicat isə ona: “Zor s...m söyüş söyürəm”- demişdir. Orda olan şəxslər Nicatı avtomobilə əyləşdirmişlər. Əmirxan isə avtomobilə əyləşdirmək istəmişdir. Lakin Nicat avtomobildən əyləşdikdən sonra avtomobildən qara rəngli balaca bıçaq götürərək avtomobildən düşmüş və onunla üzbə-üzə dayanmışdır. O, Nicatın əlində bıçaq gördükdə bir dəfə başı ilə Nicatı vurmuşdur. Bundan sonra isə oradan çıxıb getmişdir. Yekunda o, əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığının nəzərə alınaraq, hər iki maddə üzrə ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 2025-ci ilin iyun ayından Goranboy rayon Suvarma sistemləri idarəsində nəzarətçi qismində çalışır. Təqsirləndirilən şəxs o, 2020-ci il tarixdən Goranboy şəhər sakini kimi tanıyır. Onun Təqsirləndirilən şəxs ilə tanışlığı mübahisə zamanı olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs ilə dalaşmamışdır. Onun hazırda Təqsirləndirilən şəxs ilə heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. 28 avqust 2025-ci il tarixdə saat 18:30 radələrində o, iş yoldaşları Elnur və İsa ilə birlikdə Goranboy şəhəri, Şəhriyar küçəsinə yollanmışdır. Goranboy şəhəri, Şəhriyar küçəsində yaşayan Əmirxan adlı abonent su pulunu ödəmədiyi üçün suyu kəsməli olmuşlar. Bu zaman onunla Əmirxanın arasında Goranboy şəhəri, Şəhriyar küçəsində mübahisə yaranmışdır. Əmirxan suyu kəsməməyi səhər tezdən saat 07 radələrində suya olan borcunu ödəcəyini bildirmişdir. Mübahisə zamanı o, Əmirxana “Sən pulu ödədiyin zaman mən görəcəm və suyu açacam”-demişdir. Onun sözlərindən sonra Əmirxan əsəbləşmişdir. Bundan sonra Əmirxan onun üzərinə qışqırmağa başlamış, o isə Əmirxana qışqırmağa başlamışdır. O, idarə etdiyi “Toyota Camry” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişdir. Əmirxan ona “Ağıllı ol, başın qaçmasın!”-demişdir. O, avtomobildən düşüb üzərinə gələn Əmirxanın üstünə getdikdə Əmirxan onu əli ilə itələmiş, o da Əmirxanı əli ilə itələmişdir. Onun və Əmirxanın arasında olan səs-küyə Sərxan yanlarına gəlmişdir. Sərxan ona “Evimin qarşısında nə səs-küydü yaratmısınız?!” demiş və qolundan tutaraq mübahisəni dayandırmağını tələb etmişdir. Elnur onu avtomobilə otuzdurmuşdur. O, avtomobilə oturduqdan sonra Sərxan orada olan hamıya “Mənim yaşadığım küçədə səsküy salanın dalını dağıdaram”- demişdir. O, bu sözdən sonra avtomobildən düşüb Sərxanla mübahisə etməyə başlamış və hansı sözlərini kimə ünvanlamağı ilə bağlı öz iradını bildirmişdir. Bu zaman Sərxan ilə üzbə-üz dayanmışdır. Sərxan ona “Sən məni tanıyırsan?!” demişdir. O isə Sərxana “Xeyir ola mən səni tanıyam, tanımaya ehtiyyac qalsa, sən məni tanı!”-demişdir. Bu sözlərdən sonra Sərxan bir dəfə başı ilə onun burnundan vurmuşdur. Bu zaman o, Sərxanın üstünə getmək istədikdə orda olan xatırlamadığı şəxslər onu aralamışlar. O, avtomobildən vintaçan götürüb Sərxanın üzərinə getmək istəmişdir. Lakin yenə onu araladıqda Sərxanın orda olan ağ rəngli “VAZ 2106” markalı avtomobil ilə oradan getməsini görmüşdür. O, özünə məxsus avtomobil ilə oradan Sərxanın arxası ilə getmək istədikdə, yenidən onu sakitləşdirib qoymamışlar. O, isə bu barədə DİN-nin 102 xidmətinə müraciət etmişdir. Yekunda Təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Verilən suala cavab olaraq bildirdi ki, hadisə vaxtı onun əlində bıçaq yox. vintaçan olmuşdur. Lakin o, vintaçan ilə hər hansı bir şəxsə xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2014cü ildən DİO-da xidmət edir. 27 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 27 iyul 2025-ci il tarixdə saat 16:40 radələrində Goranboy şəhəri, Heydər Əliyev prospektində o və Goranboy RPŞ-nin KMQ-nın baş əməliyyat müvəkkili Şahid2 tərəfindən saxlanılmışdır. Saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamasını bildirmişdir. Bundan sonra onun və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üstünə videoçəkilişdin istifadə edilməklə yoxlama keçirilmişdir. Təqsirləndirilən şəxs ilkin olaraq narkotik vasitələrin istifadəçisi olmasını bildirmiş və könüllü olaraq əynində olan göy rəngli şalvarın sol yan cibində saxladığı 3 ədəd sellofan bükümü təqdim edərək, həmin bükümdə narkotik vasitəsi olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümlərinin içərisinə baxış keçirildikdə ilk baxışdan qurudulmuş marixuanaya bənzər kütlələrə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni Goranboy rayonu Goran qəsəbəsində yerdən tapmasını, həmin narkotik vasitənin özünə məxsus olmasını və narkotik vasitəni istifadə etmək məqsədi ilə saxlamasını etiraf etmişdir. Aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilərək qablaşdırılıb götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs Goranboy rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsinin inzibati binasına müdafiəçi dəvət edilmişdir. Onun, Şahid2, müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun üzərinə aparılan yoxlama zamanı qablaşdırılmış içərisində narkotik vasitə olan bağlamaya və aparılmış yoxlamanın videogörüntüləri olan “DVD” diskə baxış keçirilmişdir. Baxış keçirildikdən sonra narkotik vasitə hesab edilən qurudulmuş marixuana yenidən ağ zərfə qablaşdırılmışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərinə onun iştirakı ilə şəxsi axtarış keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən sübut əhəmiyyətli hər hansı bir əşya aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları eynilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Sərxan onun qonşusudur. Onun Sərxanla qonşu kimi münasibəti var. 28 avqust 2025-ci il tarixdə saat 18:30 radələrində onun yaşadığı Goranboy şəhəri Şəhriyar küçəsi ev 22-də yerləşən evə su idarəsində işləyən Nicat, İsa və Elnur adlı şəxslər gələrək suya olan borcuna görə evin suyunu kəsmək istəmişlər. Bu zəmində evin qarşısında küçədə mübahisə yaranmışdır. O, suyun pulunu növbəti gün ödəcəyini bildirmişdir. Nicat uca səslə qışqıraraq onunla danışmağa başlamışdır. O, Nicata sakit danışmağını, ətrafda digər qonşuların olmasını bildirmişdir. Bu zaman Nicat ona söyüşlə cavab vermiş, belə olan halda mübahisə böyümüşdür. O, əli ilə Nicatı itələmiş, Nicat da onu itələmişdir. Yaranmış səs-küyə görə Sərxan yanlarına gəlmiş, ona kənara getməyini bildirmişdir. Sərxan ətrafda adamların olmasını, Nicatdan sakit danışmağını, söyüş söyməməyini demişdir. Nicat bu zaman Sərxana da kobud cavab vermişdir. Sərxan əli ilə Nicata avtomobilə oturmasını bildirmiş, bu zaman Nicat avtomobilə oturmuş və avtomobildən qara rəngli balaca bıçaq götürmüşdur, bunu gördüksə dərhal onları aralamışlar və başqa hadisə baş verməmişdir. Verilən suala cavab olaraq bildirdi ki, Sərxanın Nicatı vurduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımayıb, heç bir münasibəti olmamışdır. 28 avqust 2025-ci il tarixdə saat 18:30 radələrində o, İsa və Nicat Goranboy şəhəri Şəhriyar küçəsində yerləşən evə su borcuna görə su kəsməyə getmişlər, suyu kəsib çıxdıqdan sonra ev sahibi Əmirxan yanlarına gəlmiş, onlara su pulunu sabah üçün ödəməsini və suyu kəsməməyi bildirmişdir. Bu zaman Əmirxan ilə Nicat arasında yaranmış mübahisəyə Sərxan gələrək, Əmirxanı oradan uzaqlaşdırmaq istəmiş və evinin qarşısında mübahisə olmasına görə öz iradını bildirmişdir. Bundan sonra Nicat ilə Sərxan mübahisə etməyə başlamış və Sərxan əsəbi halda orada səs-küy salan şəxsləri necə edəcəyini və evinin qarşısında mübahisə olmamasını Nicata bildirmişdir. Bu zaman Nicat Sərxana səs tonunu aşağı salmasını bildirdikdə, Sərxan Nicatı başı ilə bir dəfə vurmuşdur. Bu zaman o və orada olan digər şəxslər onları aralamışdır. Verilən suala cavab olaraq bildirdi ki, hadisə zamanı Nicatın əlində bıçaq və ya başqa nəsə olmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 şahid qismində dindirilmiş Şahid4 ilə eyni məzmunlu ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları eynilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur və uşaqlıqdan onu tanıyır. 28 avqust 2025-ci il tarixdə saat 18:30 radələrində o, yaşadığı evin həyətində olan zaman səs-küy eşidib küçəyə çıxmış və Nicat adlı şəxslə qonşusu Əmirxanın mübahisə etdiyini və Nicatın söyüşlə danışdığını görmüşdür. Səs-küyə digər qonşusu Sərxan da gələrək, onları ayırmağa çalışmışdır. Bundan sonra avtomobilə oturan Nicat sonradan əlində bıçaq ilə avtomobildən düşdükdə, Nicatın əlində bıçaq görən Sərxan başı ilə bir dəfə Nicatı vurdu. Bundan sonra o və digərləri onları ayırmışdılar. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid7 məhkəmə iclasının vaxtı və yeri barədə xəbər verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunarkən aydın oldu ki, o, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Sərxan onun qonşusudur. Onun Sərxanla dostluq münasibəti var. 28 avqust 2025-ci il tarixdə saat 18:30 radələrində o, Goranboy şəhəri Şəhriyar küçəsinə Təqsirləndirilən şəxs ilə dayanıb söhbət etmişdir. Bu zaman Sərxanın yaşadığı evin qarşısında su idarəsində işləyən Nicat, İsa və Elnur adlı şəxslər suya olan borca görə Əmirxan ilə söhbət etmişlər. Söhbət Əmirxan və Nicatın arasında mübahisəyə çevrilmişdir. Nicat uca səslə danışaraq Əmirxanı söymüşdür. Səsküyə Sərxan orada mübahisə edən Əmirxan və Nicatın yanına getmişdir. Sərxan mübahisə edən Əmirxanı oradan uzaqlaşmasını, Nicata isə yaşadığı evin qarşısında söyüş söyməməsini bildirmişdir. Nicat isə əcəb edib söyüş söyüşməsini, həmçinin “əlimin içindən gəlir söyüş söyürəm, mənə nəsə eləyənin ağzını s...m! İçinizdə bir oğlan varsa çıxsın qabağıma”-sözlərini Sərxana demişdir. Sərxan bu zaman Nicatın sözlərinə əsəbləşib bir dəfə başı ilə Nicatı burnundan vurmuşdur. Bundan sonra orada olan şəxslər Sərxanı oradan aparmışlar. Nicat isə avtomobildən qara rəngli bıçaq götürsə də, orda olan şəxslər Nicatı sakitləşdirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oölunun azadlığı saxlandığı andan, yəni xx.xx.2025-ci il tarixdə saat 16:43-dən məhdudlaşdırılmaqla, həmn tarixdə saat 18:05-də şübhəli şəxs qismində vəkilinin iştirakı ilə tutulmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 bölməsinin 28 iyul 2025-ci il tarixli, 16/667 rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yoxlama zamanı üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan marixuanaya bənzər kütlələr” yazı və imzalar olan kağız paketdəki üç ədəd qara rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkisi 3,49 qram, 3,55 qram və 3,67 qram, ümumi təmiz çəkisi 10,71 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır və eynidirlər. Tədqiqata sərf edildikdən sonra marixuananın təmiz çəkisi 10,62 qram qalmışdır. Aparılmış tədqiqatın dəyəri 30,40 manat təşkil etmişdir; “Qətimkan tədbirinin seçilməsi” barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi və Goranboy RPŞ-nin MSY-dən saat 16:00-da azad edilməsi qərara alınmışdır; “Goranboy Rayon Mərkəzi Xəstəxanası” X6 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Quliyev X2 RMX-nin poliklinika şöbəsinin ruhi-əsəb, narkoloji və nevroloji kabinetlərində qeydiyyatda dayanmır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X3 X5 xx.xx.2025-ci il tarixli, 481 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət – burnun küt travması, burun hematoması, burun sümüyünün sınığı bərk KÜT əşyanın (ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2025ci il tarixdı kənar şəxs tərəfindən kəllə ilə vurulma zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL ZƏRƏR vurmaya aid edilir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 25 avqust 2025-ci il tarixli, 1336 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülmüşdür; Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Zərərçəkmiş şəxs xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur, barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 221.1 və 234.1-ci maddələrində nəzərdə tutulan əməllərin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir); 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının: 2-ci bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 959-İİQ nömrəli Qanununun 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir; 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur; 5-ci bəndinə əsasən narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir; 6-cı bəndinə əsasən istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın “Narkotik vasitələr” adlı İ siyahısının 109.1-ci qrafasına əsasən təmiz halda 10,71 qram olan qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qurudulmuş marixuananın təmiz çəkisi 10,71 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar sonuncunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər — min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 oktyabr 2022-ci il tarixli Qərardadında müəyyən edilmişdir ki, xuliqanlıq cinayətinin xırda xuliqanlıqdan fərqli olaraq ictimai təhlükəliliyi ictimai qaydanın məhz kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan, şəxslər üzərində zor tətbiqi və ya hədəsi, yaxud əmlakın məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan hərəkətlərdən ibarətdir. Xuliqanlıq cinayətinin əsas obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Bu cinayətin obyektiv cəhəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən, şəxslər üzərində zor tətbiqi və ya zor tətbiqi hədəsi və ya özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapması nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-in 221.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi cinayət əməli etiraf edib peşman olmasını; - Zərərçəkmiş şəxs ilə barışmasını; - yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: Goranboy RİHB-nin Goranboy şəhəri üzrə İN-nin xx.xx.2025-ci il tarixli arayışı). Məhkəmə CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 221.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs CM-in 221.1 və 234.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, təyin olunmuş cəzalar qismən toplanılmaqla yekun cəza müəyyən edilməli (CM - 66.2), şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün (27 - 29 iyul 2025-ci il) həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Goranboy RPŞ-yə təhvil verilmiş ekspertiza tədqiqatından sonra təmiz çəkisi 10,62 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana (kannabis) məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM- 198.1), yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə sərf edilmiş hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 132 (bir yüz otuz iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344, 346-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs faktiki olaraq 27 iyul 2025-ci il tarixdən 29 iyul 2025-ci il tarixədək 02 (iki) gün müddətinə şübhəli şəxs qismində saxlanılması nəzərə alınaraq, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Goranboy şəhəri Şəhriyar küçəsi ev 31-də olan yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut - Goranboy Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra təmiz çəkisi 10,62 qram olan nakotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərci 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinin (Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 132 (bir yüz otuz iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar