Məhkəmə qərarları › İş №1(045)-62/2024

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-62/2024

03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-62/2024 03.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Goranboy rayonu Sovet kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmə, saxlama, daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz olaraq əldə etdiyi bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,82 qaram xeyli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibinə yerləşdirib üzərində satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz saxlayaraq daşımış, 01 iyun 2024-cü il tarixdə saat 12:00 radələrində Goranboy RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy şəhəri H.Əliyev prospektində yerləşən 1 nömrəli tam orta məktəbin qarşısında saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı təmiz çəkisi 6,82 qram xeyli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Goranboy şəhəri S.Civəzadə küçəsində yolun kənarı ilə piyada gedərkən yolun kənarında yerləşdirilmiş zibil qutusunun yanında yerdə bir ədəd kibrit qutusunu görmüş, həmin qutu diqqətini çəkmiş, ona görə də, həmin kibrit qutusunu yerdən götürüb içərisinə baxan zaman içərisində narkotik vasitə olan marixuana olduğunu görmüşdür. O, narkotik vasitə istifadə etdiyinə görə həmin narkotik vasitəni özü istifadə etmək üçün götürmüşdür. Həmin gün yəni, xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində Goranboy şəhəri H.Əliyev prospektində 1 nömrəli tam orta məktəbin qarşısında yolun kənarı ilə gedən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, üzərində şəxsi axtarış aparılması üçün rayon polis şöbəsinə dəvət etmişlər. O da heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmişdir. Rayon polis şöbəsində hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Sonra isə müdafiəçinin və RPŞ-nin əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Üzərində şəxsi axtarış aparılan zaman foto və video çəkilişdən istifadə olunmuşdur. Şəxsi axtarış aparılmazdan əvvəl hüquq və vəzifələri izah olunmuş və üzərində olan əşyaları, eləcə də narkotik vasitə vardırsa çıxarıb masanın üzərinə qoymağını təklif etmişlər. O da əynində olan tünd göy rəngli cins şalvarının sol cibində olan 1 manat pulu və əynində olan tünd göy rəngli cins şalvarının sağ cibində içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan 1 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilərək 9,80 qram olduğu müəyyən edilmiş, sonra həmin narkotik vasitə olan qurudulmuş marixuana ekspert tədqiqatına göndərilməsi üçün bir ədəd zərfə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 121 saylı möhürü ilə möhürlənib üzərinə tərəflərindən imza edildikdən sonra götürülmüşdür. Üzərindən aşkar edilmiş bir manat pul maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Yekunda Təqsirləndirilən şəxs bildirdi ki, etdiyi əməldən peşmandır. Himayəsində üç yetkinlik yaşına çatmayan uşağı vardır və ailənin yeganə qazanc gətirəni odur. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Goranboy RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. O, xx.xx.2024cü il tarixdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməsi, üzərində saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatı almış, ona görə də, xx.xx.2024-cü il tarixdə bu barədə şöbə rəhbərliyinə raportla məruzə etmişdir. Şöbə rəhbərliyi də Təqsirləndirilən şəxs Goranboy rayonu ərazisində mütəmadi olaraq üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması, daşıması və gəzdirməsi barədə əməliyyat məlumatının yoxlanılması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılmasına icazə verdikdən sonra Goranboy RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və onun daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Bundan sonra əməliyyat-axtarış qrupunun üzvləri ilə birlikdə Goranboy şəhəri ərazisinə getmişlər və xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində Təqsirləndirilən şəxs Goranboy şəhəri H.Əliyev prospektində yerləşən 1 nömrəli tam orta məktəbin qarşısında piyada gedən zaman ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər, sonra isə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamağında şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Goranboy RPŞ-yə dəvət etmişlər, sonuncu da heç bir etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Rayon polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edilməsi üçün Goranboy rayon Vəkil Bürosunun vəkili Verdiyev X4 rayon polis şöbəsinə dəvət olunaraq təqdim edilmiş, sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyi bildirilərək, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı polis leytenantı X5 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində video və foto çəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı polis leytenantı Rəhman Həsənov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, üzərində olan əşyaları könüllü olaraq masanın üzərinə qoymağını təklif etmişlər. Təqsirləndirilən şəxs də əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən 1 manat pul əskinasını və həmin şalvarın sağ yan cibindən içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan 1 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs 1 ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuananı təqdim edərək xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Goranboy şəhəri ərazisində yolun kənarına qoyulmuş zibil qutusunun yanından tapdığını, şəxsi istifadəsi üçün götürərək özündə saxladığını, gəzdirdiyini, heç kimə satmadığını və vermədiyini bildirmişdir. Həmin kibrit qutusunun içərisindəki narkotik vasitə olan marixuana kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilərək 9,80 qram olduğu müəyyən edilmiş və iştirakçıların iştirakı ilə 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və ekspert tədqiqatına göndərilməsi üçün götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) manat pul əskinas iş üzrə maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə geri qaytarılmış, bu barədə protokol tərtib edilmişdir. Protokol iştirakçılar tərəfindən imzalanmış və protokola bir ədəd disk əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini bir daha təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 01 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:35-də şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış və götürmə haqqında” 01 iyun 2024-cü tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü surətdə masanın üzərinə qoyaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində 1 (bir) ədəd qara rəngli qısa qol köynək, 1 (bir) ədəd tünd göy rəngli cins şalvar, ayağında 1 (bir) cüt qara rəngli zamuş ayaqqabı vardır. Təqsirləndirilən şəxs əynində olan tüng göy rəngli cins şalvarın sol yan cibindən 1 manat pul vəsaitini və həmin şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən çıxararaq masanın üzərinə qoyduğu kibrit qutusunun içərisində olan narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddəni xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Goranboy şəhəri ərazisində yolun kənarında yerləşdirilən zibil qutusunun yanından tapdığını, həmin narkotik vasitədən heç kimə satmadığını, əvvəllər narkotik vasitə istifadə etdiyini, narkotik vasitə olan marixuanaya bənzər maddəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman foto və video çəkilişdən də istifadə olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində olan kibrit qutusunun içərisində olan narkotik vasitə olan marixuanaya bənzər maddə vəkilin və iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkildi və aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər maddənin 9,80 qram olması müəyyən edildi. Daha sonra Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş kibrit qutusunun içərisində olan narkotik vasitə olan marixuanaya bənzər maddə götürülərək 1 (bir) ədəd ağ rəngli zərfdə qablaşdırılmış və DİN-nin 121 saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqi aparılması üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) manat pul maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evində narkotik vasitə saxlayıb saxlamamağı barədə və əgər varsa könüllü təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evində hər hansı bir narkotik vasitənin olmadığını bildirmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 01 iyun 2024-cü il tarixli, 16/644 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitəyə oxşar kütlə...” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,82 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manatdır; “Təqsirləndirilən şəxsi MSY-dən azad etmək və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 03 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; “Maddi sübut kimi tanıma haqqında” 06 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib saxladığı və daşıdığı 6,82 qram qurudulmuş marixuanadan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 6,79 qram şəxsi istehlak miqdarından artıq çəkidə olan kustar üsulla hazırlanmış qurudulmuş marixuana iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Goranboy RPŞnin maddi sübutlar saxlanılan anbarında saxlanılır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 18 iyul 2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 məcburi narkoloji-tibbi yoxlama haqqında 17 iyul 2024-cü il tarixli, 1235 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir); 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının: 2-ci bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 959-İİQ nömrəli Qanununun 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir; 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur; 5-ci bəndinə əsasən narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir; 6-cı bəndinə əsasən istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın “Narkotik vasitələr” adlı İ siyahısının 109.1-ci qrafasına əsasən təmiz halda 5 qram qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 6,82 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf edib peşman olmasını; - yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy rayon İcra Hakimiyyəti Goranboy Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş 05 iyun 2024-cü il tarixli, 103 nömrəli xasiyyətnamə); - himayəsində 3 yetkinlik yaşına çatmayan uşağının olmasını (əsas: iş materiallarında olan AA4818649, AA5797487 və AZE № 11728256 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətləri). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (01-03 iyun 2024-cü il, 24 saatdan artıq saxlanılması nəzərə alınmaqla), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM - 69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Goranboy RPŞ-nin maddi sübutlar saxlanılan otağında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 6,79 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli (CPM - 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM - 198.1). Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə sərf edilmiş hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 9 (doqquz) iş saatına görə 54 (əlli dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və üzərində qəti olaraq ona 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut - Goranboy RPŞ-nin maddi sübutlar saxlanılan otağında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 6,79 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərci 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 9 (doqquz) iş saatına görə 54 (əlli dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar