Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-62/2025 02.03.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ X2 Samir oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1982-ci ildə Tərtər rayonu Seydimli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Tərtər rayonu Seydimli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək AR ƏN PX-nin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Goranboy rayonu Xanqərvənd kəndində yerləşən əvvəldən tanıdığı Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin yataq otağına quraşdırılmış kondisionerin elektirik xəttini qoşarkən, ev sahibinin yataq otağından çıxmasından istifadə edib həmin otaqda termonun üzərində olan qutunun içərisindən 2000 (iki min) manat dəyərində qızıl dəstini (sırğa və üzük), 1500 (bir min beş yüz) manat dəyərində bir ədəd qızıl brilliant qaşlı kişi üzüyünü, 1000 (bir min) manat dəyərində bir ədəd qızıl kişi üzüyünü, 500 (beş yüz) manat dəyərində bir cüt qızıl sırğanı, 800 (səkkiz yüz) manat dəyərində bir ədəd qızıl brilliant qaşlı qadın üzüyünü və 300 (üç yüz) manat dəyərində nazik qızıl boyunbağını gizli yolla talayaraq Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni ümumilikdə 6100 (altı min bir yüz) manat dəyərində əmlakını oğurlamışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-nin 177.2.4-cü maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, elektrikdir və evlərin elektrik xəttlərini qoşur. Onun özünə məxsus VAZ 2108 markalı ** KE *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Xanqərvənd kəndində yaşayan Talehi tanıyır. Taleh əvvəllər onunla eyni kənddə yaşamış, sonradan isə Taleh Goranboy rayonu Xanqərvənd kəndinə köçmüş və orada yaşamışdır. O, Talehin arvadı Aytəni və uşaqlarını da tanıyır. Taleh yaşadığı evinin kondisionerlərini qoşdurmaq üçün ona zəng edib demiş, o da, xx.xx.2025ci il tarixdə saat 20 radələrində Talehin yaşadığı evə gedib sonuncunun yaşadığı evin yataq otağında quraşdırılmış kondisionerin elektrik xəttini qoşmuş, həmin vaxt o, spirtli içki olan araq içdiyi üçün sərxoş olmuşdur. O, işləyərkən Talehin oğlu onun yanında olmuşdur. Onun pula ehtiyacı olduğu üçün Talehin evindən oğurluq etmək qərarına gəlmişdir. Talehin oğlu otaqdan çıxandan sonra o, yataq otağında olan termonun yanına getmiş, termonun üstündə qızıl qoymaq üçün qutu olduğunu görmüş, o, qutunu açıb baxanda içərisində qızıl-zinət əşyaları olduğunu görmüşdür. Həmin qızıl-zinət əşyaları bir dəst (sırğa və üzük), 2 ədəd kişi üzüyü, bir ədəd qadın üzüyü, bir cüt sırğa və bir ədəd nazik boyunbağı olmuşdur. O, həmin qızıl-zinət əşyalarını qutunun içərisindən götürüb əynində olan göy cins şalvarının qabaq sol yan cibinə qoymuş, sonra isə işini qurtarıb getmişdir. Həmin vaxt Taleh ona pul verməmiş, Taleh ona “kartını atarsan arvadım Aytənə deyərəm kartına pul vurar” demişdir. O da çıxıb getmişdir. xx.xx.2025-ci il tarixdə o, Bərdə şəhərində qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan həmkəndlisi Vüsalın işlədiyi mağazaya getmiş, Vüsala qızıl-zinət əşyalarının özünə məxsus olduğunu deyib şəxsiyyət vəsiqəsi ilə qızılzinət əşyalarının hamısını birlikdə 1950 (bir min doqquz yüz əlli) manata satmışdır. Həmin pulu öz ehtiyacı üçün xərcləmişdir. Bundan başqa oğurluq etməmişdir. Zərərçəkmiş şəxs evindən qızıl-zinət əşyalarını oğurlayarkən onu heç kim görməmişdir. O, həmin vaxt otaqda tək olmuşdur. Zərərçəkmiş şəxs evinə işləmək üçün gələrkən spirtli içki olan araq içmiş və həmin gün avtomobilini içkili vəziyyətdə idarə etmişdir. Vüsal satdığı qızıl-zinət əşyalarının oğurluq olduğunu bilməmişdir. O, Vüsala həmin qızıl-zinət əşyalarının özünə məxsus olduğunu demiş, Vüsal da ona inanıb qızıl-zinət əşyalarını ondan almışdır. Etdiyi əməldən peşmandır. Hazırda o, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. O, zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, yaşadığı evin yataq otağında olan termonun üzərində qutunun içərisində qızıl-zinət əşyaları saxlamışdır. Həmin qutunun içərisində 2000 (iki min) manat dəyərində 585 əyarlı bir dəst (sırğa və üzük), 1500 (bir min beş yüz) manat dəyərində 750 əyarlı bir ədəd qızıl brilliant qaşlı kişi üzüyü, 1000 (bir min) manat dəyərində 750 əyarlı bir ədəd qızıl kişi üzüyü, 500 (beş yüz) manat dəyərində 585 əyarlı bir cüt qızıl sırğa, 800 (səkkiz yüz) manat dəyərində 750 əyarlı bir ədəd qızıl brilliant qaşlı qadın üzüyü və 300 (üç yüz) manat dəyərində 750 əyarlı bir ədəd qızıl boyunbağı olmuşdur. xx.xx.2025-ci il tarixdə həmin qızıl-zinət əşyaları yerində olmuşdur. xx.xx.2025-ci il tarixdə o, məclisə getdiyi üçün qızıl-zinət əşyalarından istifadə etmək istəmiş, həmin vaxt termonun üzərində olan qutunu açıb baxanda qızıl-zinət əşyalarının yerində olmadığını görmüşdür. O, nə qədər axtarsa da qızıl-zinət əşyalarını tapa bilməmişdir. xx.xx.2025-ci il tarixdə yaşadığı evin yataq otağına quraşdırılmış kondisonerin elektrik xəttlərini əvvəllər tanıdığı Tərtər rayonu Seydimli kəndində yaşayan Təqsirləndirilən şəxs birləşdirmişdir. Onun qızıl-zinət əşyalarını Zöhrəddin oğurlamışdır. Zöhrəddindən başqa onun evinə heç kim gəlməmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 6100 (altı min bir yüz) manat dəyərində maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam ödəmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 2025-ci ilin fevral ayından Bərdə şəhərində yerləşən Təzə bazarda mağaza icarəyə götürüb işlədir. Həmin mağazada o, qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır. Zöhrəddin onun həmkəndlisidir. Zöhrəddinlə münasibəti normal olmuş, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. xx.xx.2025-ci il tarixdə günorta saatlarında işdə olarkən həmkəndlisi Zöhrəddin onun yanına gəlib bibisinə məxsus qızıl-zinət əşyalarını gətirdiyini, bibisi ona satmaq üçün verdiyini bildirmiş, o da Zöhrəddinə inanmış, bir dəst (sırğa və üzük), bir ədəd qadın üzüyü və bir ədəd kişi üzüyünü, ümumi çəkisi 21,5 qram 585 əyarlı qızıl-zinət əşyalarını 1950 (bir min doqquz yüz əlli) manata almışdır. O, Zöhrəddindən qızıl-zinət əşyalarını alarkən öz qeyd kitabında qeydlər aparmışdır. Zöhrəddinin şəxsiyyət vəsiqəsinin seriya nömrəsini öz kitabında qeyd etmişdir. Zöhrəddin də həmin qeydlərin altından qızıl-zinət əşyalarının özünə məxsus olduğunu yazıb imzalamışdır. O, Zöhrəddindən aldığı qızıl-zinət əşyalarını tanımadığı şəxslərə satmışdır. Təqsirləndirilən şəxs aldığı qızıl-zinət əşyalarının oğurluq olduğunu bilməmişdir. Zöhrəddin ona həmin qızıl-zinət əşyalarının bibisinə məxsus olduğunu və satmaq üçün ona verdiyini demişdir. O da, Zöhrəddinə inanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 29 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsinin tərkibi olduğu üçün onun barəsində həmin maddə ilə cinayət işi başlanılmış və ivbtidai istintaqın aparılması üçün icraata qəbul edilmişdir; “Şübhəli şəxsin tutulması haqqında” 29 iyul 2025-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi üçün kifayət qədər əsaslar olduğundan o, həmin tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur; “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 31 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir; “Qətimkan tədbiri seçilməsi barədə” Goranboy rayon Məhkəməsinin 4(045)-29/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmışdır; Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsinin 09 sentyabr 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər hərbi məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.2, 332.1, 62 və 66.3-cü maddələri ilə təqsirli bilinib 500 manat cərimə cəzasına məhkum ediliş, xx.xx.2020-ci il tarixli Tərtər rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-də dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli Qanunu tətbiq edilərək təyin edilmiş 500 manat cərimə cəzasından azad edilmişdir; Goranboy rayon Mərkəzi Bazarının xx.xx.2025-ci il tarixli 60 nömrəli arayışından görünür ki, 23 iyul 2025-ci il tarixə ümumi çəkisi 21,5 qram olan qızıl-zinət əşyalarının yəni, 585 əyarlı bir dəstin (sırğa və üzük) qiyməti 2000 manat, 750 əyarlı bir ədəd qızıl brilliant qaşlı kişi üzüyünün qiyməti 1500 manat, 750 əyarlı bir ədəd qızıl kişi üzüyünün qiyməti 1000 manat, 585 əyarlı bir cüt qızıl sırğanın qiyməti 500 manat, 750 əyarlı bir ədəd qızıl brilliant qaşlı qadın üzüyünün qiyməti 800 manat və 750 əyarlı bir ədəd qızıl boyunbağının qiyməti 300 manat qəbul edilmişdir; Zərərçəkmiş şəxs Goranboy rayon Məhkəməsinə ünvanladığı və notarial qaydada təsdiq edilmiş xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir, ona görə də Zöhrədin Vəliyevlə barışmışdır, ondan heç bir şikayəti, tələbi və iddiası yoxdur, gələcəkdə də olmayacaqdır. Odur ki, ərizəsinin nəzərə alınmasını, Təqsirləndirilən şəxs yüngül cəz təyin edilməsini və məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Adı çəkilən Qərarın 4-cü bəndinə əsasən özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. CM-in 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Beləliklə, məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Goranboy rayonu Xanqərvənd kəndində yerləşən əvvəldən tanıdığı Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin yataq otağına quraşdırılmış kondisionerin elektrik xəttini qoşarkən ev sahibinin yataq otağından çıxmasından istifadə edib həmin otaqda termonun üzərində olan qutunun içərisindən 2000 manat dəyərində qızıl dəstini ( sırğa və üzük), 1500 manat dəyərində bir ədəd qızıl birlliant qaşlı kişi üzüyünü, 1000 manat dəyərində bir ədəd qızıl kişi üzüyünü, 500 manat dəyərində bir cüt qızıl sırğanı, 800 manat dəyərində bir ədəd qızıl brilliant qaşlı qadın üzüyünü və 300 manat dəyərində nazik qızıl boyunbağını gizli yolla talayaraq Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni ümumilikdə 6100 manat dəyərində əmlakını oğurlamışdır. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq yolu ilə zərərçəkmiş şəxsə məxsus əmlakı oğurlaması ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında tam həcmdə öz təsdiqini tapması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-in 177.2.4-cü maddəsi ilə ittiham hökmü çıxarmağı qanuni və əsaslı hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 – 59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -törətdiyi əməli etiraf edib peşman olmasını; -zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəməsini; -zərərçəkmiş şəxsin onunla barışıb, ondan heç bir şikayət və tələbinin olmamasını; -yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: Tərtər rayon İHB-nin Seydimli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli yaşayış yeri haqqında xasiyyətnamə); Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs faktiki olaraq 29 iyul 2025-ci il tarixdən 02 mart 2026-cı il tarixədək müddətdə 07 (yeddi) ay 02 (iki) gün müddətində həbsdə saxlanılması nəzərə alınaraq, ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) il 02 (iki) ay 04 (dörd) gün çıxılmaqla, üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçi2 iş üzrə Təqsirləndirilən şəxs cəmi 12 (on iki) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Odur ki, məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 12 (on iki) iş saatına görə 132 (bir yüz otuz iki) manat məbləğində vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs faktiki olaraq 29 iyul 2025-ci il tarixdən 02 mart 2026-cı il tarixədək müddətdə 07 (yeddi) ay 02 (iki) gün müddətində həbsdə saxlanılması nəzərə alınaraq, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) il 02 (iki) ay 04 (dörd) gün çıxılsın, üzərində qəti olaraq 01 (bir) il 09 (üç) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Tərtər rayonunun Seydimli kəndində yaşadığı evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Tərtər Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Vəkil Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 132 (bir yüz otuz iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Əliyev
Məhkəmə qərarları › İş №1(045)-62/2025
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-62/2025
02.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver