Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 1(045)-63/2025 25.12.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X4 Samir oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1972-ci ildə Kəlbəcər rayonu Çəpli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Kəlbəcər rayonu Çəpli kəndində qeydiyyatda olmaqla, Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 aprel 2025-ci il tarixdə saat 16 radələrində Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsində əvvəllər aralarında heyvan üstündə ədavətləri olan Zərərçəkmiş şəxs məxsus 3 baş iribuynuzlu heyvan ona məxsus torpaq sahəsinə keçmiş, o, həmin heyvanları daşla vuraraq torpaq sahəsindən çıxartdığı üçün aralarında yaranmış qarşılıqlı dava zamanı Zərərçəkmiş şəxs əlində olan ağac parçası ilə vuraraq sol saidin küt travması, sol dirsək sümüyünün sınığı, qarının ön divarının, sol körpücük nahiyəsinin, sağ və sol budun hematomaları, hərəkət məhdudluğu ilə nəticələnən, zərərçəkmiş Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər yetirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü CM-in 127.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs tanıyır və onunla münasibəti yaxşı olmamışdır. Təxminən 2 ildir ki, Zərərçəkmiş şəxsla küsülüdür. xx.xx.2025-ci il tarixdə təxminən saat 16 radələrində Yuxarı Ağcakənd qəsəbəsində olan torpaq sahəsinə getmiş, həmin vaxt Zərərçəkmiş şəxs məxsus 3 baş iri buynuzlu heyvanların onun torpaq sahəsində olduğunu görmüşdür. O, heyvanlara yaxınlaşıb torpaq sahəsindən çıxarıb geri qayıtmışdır. O, yol gedərkən uzaqdan Telman Məmədovun onu çağırdığını eşitmişdir. O, Zərərçəkmiş şəxs tərəf baxanda sonuncu onun ünvanına nalayiq ifadələr işlədib onu təhqir etməyə başlamış və DİN-nin 102 xidmətinə müraciət etmişdir. Ona görə də, o, Telmana tərəf getmiş, Telmana çatmasına 8-10 metr qalmış sonuncu yerdən iki ədəd daş götürüb ona tərəf atmışdır. Həmin daşlardan biri onun sol qol nahiyəsinə, digəri isə baş nahiyəsinə dəymiş və nəticədə xəsarət almışdır. Telmanın atdığı daş başına dəydikdən sonra o, yerə yıxılmışdır. Sonra Telman ona yaxınlaşmış və əlində olan ağac parçası ilə onun kürək nahiyəsinə bir neçə dəfə vuraraq xəsarət yetirmişdir. Bu zaman o, əlləri ilə özünü müdafiə edib Zərərçəkmiş şəxs itələyib ayağa qalxmış, sonra əlini başına vuranda başından qan gəldiyini görmüşdür. Telman da onun başından qan gəldiyini görüb çıxıb getmişdir. Ona görə də, DİN-in 102 xidmətinə müraciət etmişdir. Bundan sonra yaşadığı evə getmiş, evə daxil olanda həyat yoldaşı Yeganə İsmayılova və qızı Kəmalə İmsayılova onu görüb ona kömək edib, nə baş verdiyini ondan soruşmuşlar. O da, sonunculara Zərərçəkmiş şəxs onu döydüyünü bildirmişdir. xx.xx.2025-ci il tarixdə saat 16 radələrində Telman yerdən iki ədəd daş götürüb ona tərəfə ataraq ona xəsarət yetrirmişdir. Onun əlindəki ağac öz başına dəyməmişdir. Bundan başqa Telman əlindəki ağacla onun bədəninin müxtəlif yerlərinə vuraraq onu döymüşdür. O, da Telmanı ağacla vurub döymüşdür. Zərərçəkmiş şəxs iti olmamışdır və o, sonuncunun itlərini tüfənglə güllələyib öldürməmişdir. O, Zərərçəkmiş şəxs güllələmək istəməmişdir. Telmanın dedikləri yalandır və ona şər böhtan atır. Onun sənədli ov tüfəngi var. Hadisə vaxtı yanlarında heç kim olmamışdır. Etdiyi əməldən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmişdir, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur, buna görə də, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İttiham aktının siyahısında zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbər verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunarkən aydın oldu ki, onun Təqsirləndirilən şəxsla münasibəti yaxşı olmamışdır. Belə ki, təxminən 10 ildir ki, Təqsirləndirilən şəxsla küsülüdür. xx.xx.2025-ci il tarixdə Aqil onun itini tüfəngi ilə güllələmiş və iti ölmüşdür. Lakin həmin vaxt o, şikayət etməmişdir. xx.xx.2025-ci il tarixdə təxminən saat 16 radələrində Yuxarı Ağcakənd qəsəbəsində iri buynuzlu heyvanlarını gətirmək üçün getmişdir. O, Aqilin torpaq sahəsinə çatanda ona məxsus 3 baş iri buynuzlu heyvanlarının Aqilin torpaq sahəsində olduğunu və Aqilin daşla həmin heyvanları vuraraq torpaq sahəsindən çıxardığını görmüşdür. O, uzaqdan Aqilə heyvanları vurmamasını demiş, bu zaman Aqil ona nalayiq ifadələr işlədə-işlədə ona tərəf gəlmiş, o da, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət etmişdir. Aqil ona çatanda əlində olan ağac parçası ilə onun sol qoluna və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurmuşdur. Ağac parçası onun sol qol nahiyyəsinə dəyəndə qolunda kəskin ağrılar hiss etmişdir. O, Təqsirləndirilən şəxs söyüb təhqir etməmiş, həmçinin yerdən daş götürüb Təqsirləndirilən şəxs vurmamış, ağacla Aqili döyməmiş və xəsarət yetirməmişdir. Həmin vaxt o, özünü müdafiə etmişdir, ola bilsin ki, o, özünü müdafiə edərkən əlindəki ağac Aqilin başına dəymişdir. Onun qolu sınmış vəziyyətdə necə sonuncunu vurub xəsarət yetirə bilərdi. Həmin vaxt onun əlində ağac parçası olmuşdur. Aqil İsdmayılovla onun arasında mübahisə təxminən 10 ildir davam edir. Belə ki, onların arasında mübahisə həmişə heyvan üstündə olmuşdur. Təqsirləndirilən şəxsla aralarında olan dava zamanı yanlarında heç kim olmamışdır. Lakin Aqilin bacısı Gülnaz yaşadığı evin həyətindən onlara baxmışdır. 2024-cü ilin avqust ayında Aqil onun bir itini güllə ilə vurub öldürmüşdür. 2024-cü ilin dekabr ayının ortalarında axşam saatlarında o, heyvanlarını otlaq sahəsindən yaşadığı evə gətirərkən, Təqsirləndirilən şəxs Yuxarı Ağcakənd məktəbinin üstündə olan çuxura girib özündə olan tüfənglə onu güllələmək iştəmişdir. O, 150 metr aralıdan dağdan düşərkən onun telefonuna zəng gəlmiş, Aqil isə elə başa düşmüşdür ki, o Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edir. Ona zəng gələn zaman Aqil çuxurun dalından silahlı çıxmışdır. Həmin vaxt Aqilin bir əli tüfəngin çaxmağında digər əli isə atəşə hazır vəziyyətdə olmuşdur. Aqil ona yaxınlaşmayıb 100 metr aralı məsafədən keçib getmişdir. 24 mart 2025-ci il tarixdə Aqil onun ikinci itini güllə ilə vurub öldürmüşdür. O, bunu özü görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizası ilə bağlı xx.xx.2025-ci il tarixli 159 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol saidin küt travması-sol dirsək sümüyünün sınığı, qarının ön divarının, sol körpüçük nahiyyəsinin, sağ və sol budun hematomaları, hərəkət məhdudluğu bərk küt əşyanın təsirindən o, cümlədən xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən ağac parçası ilə vurulması zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 31 iyul 2025-ci il tarixli arayışından aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “Qətimkan tədbiri seçilməsi haqqında” 28 avqust 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Zərərçəkmiş şəxs 11 dekabr 2025-ci il tarixdə notarial qaydada tərtib edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, ərizəsinin nəzərə alınmasını, Təqsirləndirilən şəxs barəsində olan 1(045)-63/2025 saylı cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir; Təqsirləndirilən şəxs 25 dekabr 2025-ci il tarixdə Goranboy rayon Məhkəməsində tərtib və təqdim etdiyi ərizəsindən görünür ki, o, əməlini səmimi etiraf edir, hazırda zərərçəkmiş şəxs X1 üzr istəmiş, o, Zərərçəkmiş şəxs ilə barışmışdır, ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir, əməlindən səmimi peşmandır, Zərərçəkmiş şəxs ondan heç bir şikayəti və tələbi yoxdur. Ona görə də, barəsində olan 1(045)-63/2025 saylı cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı, iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizələrini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73.2ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CMin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CPM-in 156.4 və 175.5-ci maddələrini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi2 tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 08 (səkkiz) iş saatı üçün cəmi 88 (səksən səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, ekspertiza xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə barəsində həmin Məcəllənin 127.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 08 (səkkiz) iş saatı üçün cəmi 88 (səksən səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Goranboy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Əliyev
Məhkəmə qərarları › İş №1(045)-63/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №1(045)-63/2025
25.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver