Məhkəmə qərarları › İş №1(045)-68/2024

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-68/2024

14.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-68/2024 14.11.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ saat 15:30 X4 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Goranboy rayonu, Dəliməmmədli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə xx.xx.2024-cü il tarixdə gecə saat 03 radələrində Goranboy rayonu, Dəliməmmədli şəhərində yerləşən Zərərçəkmiş şəxs saxlanc yeri hesab edilən mağazasına qapnın qıfılını sındırmaq yolu ilə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 4 manat olmaqla ümumi dəyəri 16 manat olan 4 qutu Campact viniston siqareti, hər birinin dəyəri 4 manat olmaqla ümumi dəyəri 16 manat olan 4 qutu nazik viniston siqareti, hər birinin dəyəri 3 manat olmaqla ümumi dəyəri 21 manat olan 7 qutu Campact LD siqareti, hər birinin dəyəri 4,20 manat olmaqla ümumi dəyəri 42 manat olan 10 qutu qalın kent(4) siqareti, hər birinin dəyəri 4,20 manat olmaqla ümumi dəyəri 21 manat olan 5 qutu nazik kent (4) siqareti, hər birinin dəyəri 3,10 manat olmaqla ümumi dəyəri 24,80 manat olan 8 qutu Rotmans siqareti, hər birinin dəyəri 2,90 manat olmaqla ümumi dəyəri 14,50 manat olan 5 qutu qalın West siqareti, hər birinin dəyəri 2,60 manat olmaqla ümumi dəyəri 20,80 manat olan 8 qutu Campact maqna siqareti, hər birinin dəyəri 2,40 manat olmaqla ümumi dəyəri 12 manat olan 5 qutu qalın prima siqareti, hər birinin dəyəri 2,40 manat olmaqla ümumi dəyəri 14,40 manat olan 6 qutu aqro siqareti, hər birinin dəyəri 3,10 manat olmaqla ümumi dəyəri 15,50 manat olan 5 qutu nazik vinçestr siqareti, hər birinin dəyəri 2,90 manat olmaqla ümumi dəyəri 14,50 manat olan 5 qutu nazik pallmal siqareti, hər birinin dəyəri 2,60 manat olmaqla ümumi dəyəri 15,60 manat olan 6 qutu nazik viceroy siqareti, hər birinin dəyəri 2,60 manat olmaqla ümumi dəyəri 13 manat olan 5 qutu nazik maqna siqareti, hər birinin dəyəri 2,20 manat olmaqla ümumi dəyəri 11 manat olan 5 qutu nazik lceno siqareti, hər birinin dəyəri 6 manat olmaqla ümumi dəyəri 24 manat olan 4 ədəd litrlik möcüzə(qarğıdalı) yağı, hər birinin dəyəri 4 manat olmaqla ümumi dəyəri 16 manat olan 4 ədəd litrlik möcüzə(günəbaxan) yağı, hər birinin dəyəri 3,60 manat olmaqla ümumi dəyəri 10,80 manat olan 3 ədəd litrlik final (günəbaxan) yağı, hər birinin ' dəyəri 5,40 manat olmaqla ümumi dəyəri 16,20 manat olan 3 ədəd litrlik final (qarğıdalı) duru yağı, hər kiloqramı 5,80 manat olmaqla ümumi dəyəri 23,20 manat olan 4 kq krestianski yağı, hər kiloqramı 4,10 manat olmaqla ümumi dəyəri 20,50 manat olan 5 kq kərəm yağı, hər birinin dəyəri 1,20 manat olmaqla ümumi dəyəri 14,40 manat olan 12 ədəd 250 qramlıq sana yağı, hər birinin dəyəri 1,20 manat olmaqla ümumi dəyəri 4,80 manat olan 4 ədəd 250 qramlıq möcüzə yağı, hər birinin dəyəri 11,50 manat olmaqla ümumi dəyəri 23 manat olan 2 ədəd 500 qramlıq final çayı, hər birinin dəyəri 5,40 manat olmaqla ümumi dəyəri 10,80 manat olan 2 ədəd 250 qramlıq final çayı, hər birinin dəyəri 2,50 manat olmaqla ümumi dəyəri 20 manat olan 8 ədəd 100 qramlıq final çayı, 1 ədəd 12,50 manat dəyərində 500 qramlıq beta çayı, hər birinin dəyəri 6,30 manat olmaqla ümumi dəyəri 12,60 manat olan 2 ədəd 250 qramlıq beta çayı, hər birinin dəyəri 2,60 manat olmaqla ümumi dəyəri 10,40 manat olan 4 ədəd 100 qramlıq beta çayı, bir ədəd 13 manat dəyərində çempion çayı, hər birinin dəyəri 6,50 manat olmaqla ümumi dəyəri 13 manat olan 2 ədəd 250 qramlıq çempion çayı, hər birinin dəyəri 2,60 manat olmaqla ümumi dəyəri 10,40 manat olan 4 ədəd 100 qramlıq çempion çayı, hər birinin dəyəri 4,10 manat olmaqla ümumi dəyəri 8,20 manat olan 2 ədəd balaca qutu (200ml) elidor saç şampunu, hər birinin dəyəri 4,70 manat olmaqla ümumi dəyəri 9,40 manat olan 2 ədəd balaca qutu (450ml) ipək saç şampunu, bir ədəd 14,80 manat dəyərində böyük qutu(600 ml) head shoulders saç şampunu, bir ədəd 6,80 manat dəyərində böyük qutu(200 ml) head shoulders saç şampunu, 1 ədəd 165 manat dəyərində “Haıısel” markalı tək gözlü paltaryuyan maşın, 1 dəst 70 manat dəyərində qazan dəsti, 1 ədəd 40 manat dəyərində “Bilinçik bişirən” aparat, 1 ədəd 30 manat dəyərində blender, 1 ədəd 30 manat dəyərində saç qurudan fen, 1 dəst 20 manat dəyərində idman ayaqqabısı, hər dətinin qiyməti 5 manat olmaqla ümumi dəyəri 15 manat dəyərində 3 dəst yay ayaqqabısı, hər birinin dəyəri 0,7 manat olmaqla ümumi dəyəri 8,4 manat olan 12 ədəd müxtəlif adda qab şampunları, 1 ədəd 2 manat dəyərində işıq fanarı, hər birinin dəyəri 0,30 manat olmaqla ümumi dəyəri 6 manat olan 20 ədəd çöplti meyvə şirələrini ümumilikdə 952,8(doqquz yüz əlli iki manat 80 qəpik) manat dəyərində ərzaq məhsullarını gizli olaraq talayıb, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Goranboy rayonu Dəliməmmədli şəhəri, T.Əkbəri 10-da daimi qeydiyyatda olmaqla yaşayır. Zərərçəkmiş şəxs Goranboy rayonu, Dəliməmmədli şəhər sakini kimi uzun illərdir ki, tanıyır. Yusiflə normal münasibəti var və aralarında heç bir düşmənçilik və ya ədavət yoxdur. O, xərcləməyə pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmiş, Yusifin qoca adam olduğunu, mağazasının gecələr bağlayıb evinə getdiyini bilmişdir. xx.xx.2024-cü il tarixdə gecə saat 03 radələrində Yusifin mağazasının qarşısına gəlmiş və mağazaya baxan zaman içəridə heç kimin olmadığını və mağazanın qapısının bağlı olduğunu görmüşdür. O, mağazasının kənarında olan dəmir setkanı söküb mağazanın həyətinə daxil olmuş, bundan sonra özü ilə gətirdiyi dəmir parçası ilə mağazanın qapısının üzərindəki qıfılı sındırıb mağazaya daxil olmuşdur. Bundan sonra mağazadan 5-6 qutu çay, yağ, siqaret və yadında qalmayan digər ərzaq malları, mağazada olan 1 ədəd paltaryuyan maşını götürüb mağazadan çıxmışdır. Bundan sonra oğurladığı malları Dəliməmmədli şəhərində yerləşən dəmir yolunun kənarında gizlətmişdir. Səhər açıldıqdan sonra həmin malları nənəsinin halhazırda heç kimin yaşamayan evinə aparmış, pulu olmadığı üçün paltaryuyan maşını satmaq qərarına gələrək Təyyar adlı taksi sürücüsünə zəng edərək Gəncə şəhərinə getmək istədiyini və onu Dəliməmmədli şəhərindən götürməsini xahiş etmişdir. Bundan bir qədər sonra Təyyar onu nənəsinin evinin qarşısından götürmüş, o, Təyyara paltaryuyanın evdə artıq olduğunu və satmaq istədiyini bildirmişdir. Təyyar da ona heç bir söz deməmişdir. O, paltaryuyan maşını avtomobilə yerləşdirib Gəncə şəhərinə yola düşmüşlər. O, Gəncə şəhərinə çatandan sonra elektronik əşyaların alğı-satqısı ilə məşğul olan sonradan adının Rəfail olduğunu bildiyi şəxsə yaxınlaşmış və Rəfailə paltaryuyan maşını satmaq istədiyini bildirmişdir. Rəfail ondan paltaryuyanın kimin olduğunu, əşyanın oğurluq olub-olmadığını soruşmuşdur. O, Rəfailə paltaryuyanın özünə məxsus olduğunu, oğurluq olmadığını bildirmişdir. Bundan sonra Rəfail ona paltaryuyan maşını şəxsiyyət vəsiqəsilə satmalı olduğunu bildirmişdir. O da Rəfaillə razılaşmışdır. Bundan sonra paltayuyan maşını Rəfailə 80 manat müqabilində satmışdır. Bundan sonra o, Təyyara yol pulu kimi 20 manat pul vermiş və onlar ayrılmışlar. Bundan sonra o, Dəliməmmədli şəhərinə gəlmiş və ərzaq mallarını götürüb Gəncə şəhərində kirayə qaldığı evə aparmış və həmin malları istifadə etmişdir. Yekunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İttiham aktının siyahısında zərərçəkmiş şəxs qismində göstərilən Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edildikdən sonra dövlət ittihamçısının vəsatəti, müdafiə tərəfinin razılığı ilə elan edilmiş ifadəsindən müəyyən olunur ki, Onun Goranboy rayonu Dəliməmmədli şəhərində ərzaq malları və paltar mağazası var. Həmin mağaza 2008-ci ildən fəaliyyət göstərir. Mağazanın qapısı dəmir barmaqlıqlar ilə təchiz edilmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 22 radələrində mağazanı bağlayıb öz yaşadığı evə getmişdir. xx.xx.2024-cü il tarixdə saat 06 radələrindən yuxudan qalxmış və gəzmək üçün evindən çıxmışdır. Mağazanın qarşısına çatan zaman qapının açıq olduğunu görüb mağazaya yaxınlaşmış, qapıya baxan zaman hər iki qapının açıq olduğunu görmüş, mağazaya daxil olduqda dağınıq olduğunu görmüşdür. O, həmin vaxt tütün məmulatlarının və digər ərzaq mallarının yerində olduğunu görmədiyi üçün bur barədə DİN-nin 102 xidmətinə və polis şöbəsinə bu barədə məlumat vermişdir. Polis şöbəsində ondan nə oğurlandığı soruşulmuş və o, polislərə onlara təxminən 300 manat dəyərində ərzaq məhsullarının oğurlandığını demişdir. Bundan sonra mağazaya gələn zaman əslində mağazadan 1 ədəd 165 manat dəyərində “Hausel” markalı tək gözlü paltaryuyan maşın, 1 dəst 70 manat dəyərində qazan dəsti, 1 ədəd 40 manat dəyərində “Bilinçik bişirən” aparat, 1 ədəd 30 manat dəyərində blender, 1 ədəd 30 manat dəyərində saç qurudan fen, 1 ədəd 20 manat dəyərində idman ayaqqabısı, 3 dəst 15 manat dəyərində yay ayaqqabısı, kampakt viniston 4 qutu, 4 qutu nazik viniston, 7 ədəd kampakt LD, 10 ədəd qalın kent(4), 5 ədəd nazik kent(4), 8 qutu Rotmans, 5 qutu qalın Vest, 8 qutu kampakt ınaqna, 5 qutu qalın prima, 6 qutu arqo, 5 qutu nazik vinçestr, 5 qutu nazik pallmal, 6 qutu vikiroy, 5 qutu nazik maqna, 5 qutu nazik keno siqretləri, 04 ədəd 1 litrlik möcüzə(qarğıdalı), 04 ədəd 1 litrlik möctizə(günəbaxan), 3 ədəd 1 litrlik final(günbaxan) və 3 ədəd 1 litrlik fınal(qarğıdalı) duru yağlar, 4 kq krestianski, 5 kq kərəm yağı, 12 ədəd 250 qramlıq sana yağı, 4 ədəd 250 qramlıq möcüzə yağı, 2 ədəd 500 qramlıq final çayı, 2 ədəd 250 qramlıq final çayı, 8 ədəd 100 qramlıq final çayı, 1 ədəd 500 qramlıq, 2 ədəd 250 qramlıq, 4 ədəd 100 qramlıq beta çayı, 1 ədəd 500 qramlıq, 2 ədəd 250 qramlıq, 4 ədəd 100 qramlıq çempion çayları, 2 ədəd balaca qutu elidor, 2 ədəd balaca qutu ipək, 1 ədəd böyük qutu header şolders, 1 ədəd balaca header şolders saç şapuanları, 12 ədəd hər birinin dəyəri 0,7 manat olmaqla ümumi dəyəri 8,4 manat dəyərində müxtəlif növ qab şapuanları, lədəd 2 manat dəyərində işıq fanarı, 20 ədəd hər birinin dəyəri 30 qəpik olan çöplü meyvə şirələrinin yerində olmadığını görmüşdür. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid1 və Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edildikdən sonra dövlət ittihamçısının vəsatəti, müdafiə tərəfinin razılığı ilə elan edilmiş ifadəsindən müəyyən olunur ki, o, Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsi ev 09, mənzil 42də daimi qeydiyyatda olmaqla yaşayır. Onun Gəncə şəhərində elektrik mallarının al-verini etdiyi mağazası var. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibət, düşmənçilik və ya ədavəti olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tanımış, həmin tarixdə saat təxminən 13 radələrində Təqsirləndirilən şəxs markasını və nömrə nişanını xatırlamadığı ağ rəngli avtomobillə onun mağazasına gəlmiş, həmin vaxt onun yanında 1 tanımadığı oğlan və bir nəfər qadın olmuşdur. Qadın avtomobildən düşməmiş, kişi isə Elvinlə birlikdə düşmüş, Elvin ona 1 ədəd artıq paltaryuyan maşın olduğunu satmaq istədiyini bildirmişdir. O Elvinə almaq istəmədiyini demiş və onlar çıxıb getmişlər. Bundan bir qədər sonra geri qayıdaraq pul lazım olduğunu və heç bir narahatçılıq olmadığını bildirmişdir. O da Elvindən paltaryuyan maşının oğurluq-olmadığını soruşmuş, Elvin ona evinin əşyası olduğunu və şəxsiyyət vəsiqəsinin stirətinidə verəcəyini demişdir. O da Elvinə inanmış və paltaryuyan maşını 80 manat müqabildə ondan almış və mağazasına yerləşdirmişdir. Bundan 2-3 gün sonra həmin paltaryuyan maşını tanımadığı müştəriyə 100 manat satmışdır. Bundan başqa o ifadəsində paltaryuyan maşının oğurluq olduğunu bilmədiyini bildirmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edildikdən sonra dövlət ittihamçısının vəsatəti, müdafiə tərəfinin razılığı ilə elan edilmiş ifadəsindən müəyyən olunur ki, o, xx.xx.2024-cü il tarixdə Gəncə şəhərinə getmək üçün yolun kənarında dayanmış, taksiyə əl etmiş və həmin taksidən Gəncə şəhərinə gedib getmədiyini soruşmuş, sürücü Gəncə şəhərinə getdiyini bildirmişdir. O, həmin taksiyə əyləşmiş və onlar yollarına davam etmişlər. Həmin vaxt avtomobildə ondan başqa bir nəfər sərnişin olmuşdur. O, ilkin həmin sərnişini tanımasada sonradan adının Elvin olduğunu öyrənmişdir. Onlar Gəncə şəhərinə çatandan sonra sürücü avtomobili saxlamış, Elvin avtomobildən düşmüş, mağaza sahibi ilə bir qədər söhbət etmiş və 1 qutunun içərsində ona məlum olmayan əşyanı mağaza sahibinə vermişdir. Bundan sonra o, gedəcəyi ünvanda avtomobildən düşmüş, sonradan mən Elvan adlı şəxsin oğurluq etdiyini öyrənmişdir. Onun oğurluq barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 20 may 2024-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X2 hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirtmişdir. Baxış keçirilən yer ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs Habil oğlunun işlətdiyi ərzaq mağazasıdır. Ərzaq mağazası bir mərtəbədən ibarətdir. İki ədə plastik qapı girişi vardır. Keçirilmiş baxış zamanı mağazanın ehtiyat giriş qapısının açıq olmasını və mağaza daxilində müxtəlif adda və sayda ərzaq məhsulları və tütün məmulatlarının oğurlanması müəyyən olunmuşdur. Baxış zamanı Zərərçəkmiş şəxs Habil oğlu mağazaya daxil olmaq üçün istifadə edilən plastik giriş qapısının və mağazadan oğurlanan ərzaq məhsulları və tütün məmulatlarının düzülmüş yerlərini əli ilə göstərmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Zərərçəkmiş şəxs Goranboy RPŞ-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 24 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2024-cü il tarixli, 9/6011 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqda qərarda göstərilən 36 adda malların istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 566,40 manat müəyyən olunur. Digər 10 adda mallar barədə kifayət qədər məlumat (markası, modeli, istismar müddəti, istehsal ili, istehsal yeri və digər texniki göstəriciləri) olmadığından həmin mallar üzrə qiymətləndirilmə aparmaq mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 50,00 (əlli) manatdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçmək haqqında” 30 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 1(045)-68/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, sonuncu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy rayon Polis Şöbəsinin 3-13-75/2-20874/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onların barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib peşman olmasını; zərərçəkmiş şəxslə barışaraq vurulmuş ziyanı tam ödəməsi İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2024-cü il tarixdən hökm çıxarılan tarixədək həbsdə saxlanıldığı 22 (iyirmi iki) gün müddət bir günə iki gün hesabı ilə nəzərə alınaraq, ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (Azərbaycan Respublikası Cinayət Məcəlləsi -69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi 198.1). Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən hökm çıxarılan tarixədək həbsdə saxlanıldığı 22 (iyirmi iki) gün müddət bir günə iki gün hesabı ilə nəzərə alınaraq, 1 ay 14 gün ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın, üzərində 01 (bir) il 10 (on) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar