Məhkəmə qərarları › İş №1(045)-7/2024

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-7/2024

08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-7/2024 08.02.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ saat 12:15 X11 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Goranboy şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Goranboy şəhəri, 58-ci məhəllədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 avqust 2023-cü il tarixdə saat 01 radələrində Goranboy rayonu, Goran qəsəbəsində yerləşən, icarə əsasında işlətdiyi, Zərərçəkmiş şəxs2 məxsus “Çay evi”ndə sərxoş vəziyyətdə ictimai yerdə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozaraq, özünü ətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirib, şəxslər üzərində zor tətbiq edilməsi, özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək “Çay evi”nin normal iş fəaliyyətini və “Çay evi”ndə müştəri qismində əyləşən insanların istirahət hüququnu pozmaqla “Çay evi”ndə müştəri olan Zərərçəkmiş şəxs1 əsaslı səbəb olmadan uca səslə nalayiq ifadələrlə təhqir edərək “Çay evi”ndən əlinə götürdüyü silah qismində istifadə etdiyi mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs1 üz nahiyəsinə iki dəfə qəsdən vurub, ona sağ gicgah nahiyəsinin cərrahi tikişə ehtiyacı olan kəsilmiş yarası xəsarətləri ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirmiş, bundan sonra hərəkətlərini davam etdirərək çay evinin qapısının şüşəsini əli ilə vurub sındıraraq Zərərçəkmiş şəxs2 50 manat miqdarında maddi ziyan vurmaqla şəxslər üzərində zor tətbiq edilməsi ilə və özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Goranboy rayonu Goran qəsəbəsində yerləşən Samir adlı şəxsə məxsus “Çay evini” icarəyə götürüb işlədib. «Tik-tok» sosial şəbəkəsində Natiqə adlı qadınla tanış olmuş və onunla söhbət zamanı Çay evi işlətdiyini bildirmişdir. Natiqə isə ona 3 nəfər qız olduqlarını işləmək istədiklərini bildirdikdə ona gözləməsini demişdir. xx.xx.2023-cü il tarixdə o, Natiqəyə zəng edib işləmək istəyib-istəmədiklərini soruşmuş, Natiqə işləmək istədiklərini demişdir.O, taksi sifariş etmiş və həmin gün saat 18 radələrində taksi Tovuz rayonuna gedib Natiqəni sonradan tanıdığı, Gülşən və Günel adlı qızları işlədiyi çay evinə gətirmişdir.xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Gülşənlə o, çay evində pərdə ilə çəkilmiş yerdə pivə içmişlər. Günel isə qulluq etmişdir. Natiqə isə başqa pərdəli yerdə tək oturmuşdur. Həmin vaxt çay evində başqa iki nəfər şəxs olmuşdur. Sonradan isə tanıdığı Şaiq, sonradan adını bildiyi Arif və Nofəl çay evinə daxil olmuşlar. Şaiqlə Nofəl boş masaların birində əyləşmişlər. O, Şaiqlə salamlaşmışdır. Həmin vaxt Arif pərdəni açıb Gülşənə baxmışdır. Bu zaman Gülşən də Arifə «nə baxırsan açmışam» demişdir. Arif Gülşənin ünvanına nalayiq ifadələr işlətmiş, o isə Arifə «sənə kiməsə görə hörmət edirəm» demişdir. Arif bu zaman onun ünvanına nalayiq ifadə işlətmişdir. Sonra Arif ona, çıxıb çöldə söhbət etmələrini demiş, Ariflə çay evinin qarşısına çıxıb söhbət etmişlər. Həmin vaxt o, Arifə «sərxoşsan çıx get burdan» demiş, Arif isə onun ünvanına nəlayiq ifadə işlətmişdir. O, əsəbləşib çay evinə daxil olub, barın arxasına keçib mətbəx bıçağını götürüb Arifin üzərinə getmiş, Həmin vaxt Günel və Şaiq araya girmişlər.Lakin o, Arifin üzərinə getmiş, əlindəki bıçağın arxa hissəsi ilə Arifin sağ üz nahiyəsinə iki dəfə vurmuşdur. Arif həmin vaxt divanın üstünə yıxılmışdır. Bu zaman Gülşən ona yaxınlaşıb bıçağı onun əlindən almışdır. Gülşənin sağ əlinin barmağı kəsilmişdir. Gülşən xəsarət aldıqdan sonra özündən getmişdir. Bundan sonra Şaiq, Nofəl, Günel, Natiqə və digər şəxslər onu Arifdən aralamışlar. O, əsəbi vəziyyətdə Arifin ünvanına ucadan nalayiq ifadələr işlətmişdir. X18 Arifi aparmışlar. Bundan sonra Natiqə Gülşənə durub getmələrini dedikdə o da gedirsiniz-gedin demişdir. O, çay evinin qapılarını arxadan bağlamışdır. Polis əməkdaşları gəlib qapını döymüşlər və həmin vaxt Gülşən qapını açmış, polis əməkdaşları çay evinə daxil olmuşlar. O, polis əməkdaşları ilə çay evindən çıxanda əli ilə qapının pəncərəsini vurub sındırmışdır. Hadisə vaxtı Gülşənlə birlikdə pivə içdiklərini, hadisənin təxminən 15-20 dəqiqə davam etdiyini bildirmişdir. Etdiyi əməldən peşmandır. Vətən müharibəsi iştirakçısıdır və himayəsində iki azyaşlı övladı vardır. Göstərilən halları nəzərə alıb barəsində şərti cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamış, aralarında ədavət, düşmənçilik olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Goranboy rayonu Balakürd kəndində yaşadığı evdə olan zaman isti olduğu üçün pivə içmiş,bundan sonra xx.xx.2023-cü il tarixdə təxminən saat 00-01 radələrində yaşadığı kəndin yanındakı kafedə həmkəndlisi Nofəllə birlikdə olan zaman Goran qəsəbəsində yerləşən «Şəfa» isti su sanatoriyasına gedib, vanna qəbul etmələrini demişdir. Nofəl isə tanışı Şaiq adlı oğlana zəng edərək öz avtomobili ilə gəlib onları Goran qəsəbəsinə aparmasını bildirmişdir. Bir qədər keçmiş Şaiq idarə etdiyi NazLifan markalı avtomobili ilə onların yanına gəlmişdir. Onlar Şaiqin avtomobilinə əyləşib Goran qəsəbəsində yerləşən «Şəfa» isti su sanatoriyasına getmişlər. İsti suya az qalmış Şaiq onlara, spirtli içki qəbul etmələrini, onları vannaya girməyə qoymayacaqlarını bildirmiş, onlar Şaiqlə razılaşıb geri qayıdası olmuşlar.Goran qəsəbəsi ilə gedərkən bir çay evinin qarşısından keçən zaman Nofəl, çay evinə gedib bir pivə, çay içib sonra getmələrini demişdir. Şaiq avtomobili çay evinin qarşısında saxlamış, birinci avtomobildən o düşüb çay evinə daxil olmuşdur. O, çay evinə girdikdən sonra, adının Elgün olduğunu sonradan bildiyi oğlan ona yaxınlaşaraq heç bir səbəb olmadan onunla mübahisə etməyə başlamışdır. Ondan təxminən 2 dəqiqə sonra Nofəllə Şaiq çay evinə daxil olmuşlar. Nofəllə Şaiq keçib boş masaların birində əyləşmişlər. X19 yaxınlaşmış, nə barədə isə söhbət etmişlər və yenidən ona yaxınlaşıb, «Şaiqlə gəlmisən ona görə sənə hörmət edirəm gəl otur pivəni iç get» demişdir. Bu zaman o, Elgünə çıxıb çöldə söhbət etmələrini demişdir. İkisi də çay evindən çıxıb, çay evinin qarşısında mübahisə etmişlər. Mübahisə zamanı Elgün çay evinə daxil olub barın arxasılna keçmişdir. O, da Elgünün arxası ilə çay evinə daxil olduqda Elgün barın arxasından bıçaq götürüb onun üzərinə gəlmişdir. Bu zaman orada işləyən qulluqçu qız və Şaiq araya girmişlər. Lakin Elgün onun üzərinə gələrək onunla əlbəyaxa olmuş, bıçaqla onun sağ üz nahiyəsindən iki dəfə vurmuş, xəsarət yetirmişdir. Onlar divanın üstünə yıxılmışlar. Sonra orada olan adamlar onları aralamışlar. Şaiq onu kafedən çıxardıb avtomobilinə əyləşdirmişdir. Onun üzündən qan axdığını, Şaiqə Elgünün onu bıçaqla vurduğunu dediyini bildirmişdir. Şaiq avtomobili hərəkət etdirərək gedərkən o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib onun bıçaqla vurulduğunu bildirmişdir. Yolda Şaiq onu xəstəxanaya aparmaq istəsə də o, razı olmamış, onu yaşadığı evə aparmasını demişdir. Bundan sonra Şaiq onu yaşadığı evə aparmışdır. O, kafedə işləyən qıza nəlayiq söz demədiyini, qızdan kofe olubolmamasını soruşduğunu, qızın isə kofe olmadığını dediyini, o isə ona pivə verməsini dediyini, bundan sonra Elgünlə aralarında mübahisə yarandığını bildirmişdir. Hadisədən əvvəl o, spirtli içki, yəni pivə içdiyini, hadisənin təxminən 15-20 dəqiqə davam etdiyini və hadisə vaxtı çay evində Nofəl, sonradan adlarını bildiyi Günel, Gülşən, Natiqə və iki nəfər tanımadığ şəxslərin olduqlarını bildirmişdir. Təqsirləndirilən şəxsla barışdığından, ona qarşı hər hansı şikayəti və ya tələbi yoxdur. İttiham aktının siyahısında zərərçəkmiş şəxs kimi göstərilən Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında dövlət ittihamçısının şifahi vəsatəti və müdafiə tərəfinin razılığı ilə Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və tədqiq edildikdən sonra elan edilmiş ifadəsindən görünür ki, o, özünə məxsus Goranboy rayonu Goran qəsəbəsində yerləşən iaşə obyekti vardır və həmin obyekt «Çay evi» kimi fəaliyyət göstərir. Həmin obyekti özü işlətmir, 2023-cü ilin avqust ayında həmin obyekti Goranboy şəhər sakini Təqsirləndirilən şəxs icarəyə vermişdir. Həmin obyekti, yəni «Çay evi»ni Təqsirləndirilən şəxs aralarında olan şifahi razılaşma əsasında vermişdir, rəsmi müqavilə bağlamamışlar. Elgün həmin çay evini işlətmək üçün yeni götürdüyünə görə rəsmi müqavilə bağlamamışlar. xx.xx.2023-cü il tarixdə gecə saatlarında həmin çay evində dava-dalaş olmuş və dava-dalaş zaman Elgün əli ilə vuraraq çay evinin giriş qapısının şüşəsini sındırmışdır. O, özü həmin hadisə zamanı orada olmamış və hadisənin şahidi olmamışdır. O, həmin hadisə barədə xx.xx.2023-cü il tarixdə eşitmiş və gedib obyektə baxan zaman çay evinin giriş qapısının şüşəsinin sındığını görmüşdür. Ona məxsus olan və çay evi kimi istifadə olunan obyektin giriş qapısının şüşəsinin sınması nəticəsində 50 manat ziyan dəymişdir. Lakin hadisədən sonra Təqsirləndirilən şəxs tərəfindən çay evinin qapısının sınmış şüşəsi təmir edilmiş, yeni şəşə salınaraq bərpa olunmuş, ona vurulmuş ziyan ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Kəlbəcər rayonu 28 nömrəli tam orta məktəbdə psixoloq müəllim işləyir, bundan başqa özünə məxsus Nazlifan markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 23:45 radələrində Goranboy rayonu Balakürd kəndində yaşayan tanışı Nöfəl ona zəng edib yaşadığı kəndə qəbrstanlığın yanında yerləşən kafedə olduğunu bildirib, onu orya dəvət etmişdir. O da idarə etdiyi avtomobillə Nofəl dediyi yerə getmişdir. Həmin vaxt sonradan adını bildiyi Arif də Nofəlin yanında olmuşdur. Onların ikisinin içkili olduqlarını, onların yanında təxminən 15 dəqiqə oturduğunu, sonra Nofəl onları Goran qəsəbəsində yerləşən «Şəfa» isti su sanatoriyasına aparmağını xahiş etmişdir. O, Nofəllə Arifi isti suya aparmışdır. İsti suya az qalmış o, Nofələ hər iksinin içkili olmalarını, onları isti suya girməyə qoymayacaqlarını dedikdən sonra Nofəl onunla razılaşmış və geri qayıtmışlar. Goran qəsəbəsində yerləşən çay evinin qarşısından keçəndə Nofəl ona, çay evinə keçib bir bakal pivə içmələrini demişdir. O da idarə etdiyi avtomobili çay evinin qarşısında saxlamış, Arif birinci avtomobildən düşüb çay evinə daxil olmuşdur. Təxminən 2 dəqiqədən sonra Nofəllə o çay evinə daxil olmuşlar. Həmin vaxt Arifin çay evini işlədən Elgünlə mübahisə etdiyini görmüşdür. Nofəllə o, keçib boş masaların birində əyləşmişlər. Sonra Elgün onun yanına gəlib Arifin onunla gəlməsini soruşduqda o, Elgünə Arifin onunla gəldiyini demişdir. Elgün sonra Arifə “Şaiqlə gəlmisən ona görə sənə hörmət edirəm, gəl otur pivəni iç get” demişdir. Arif bu zaman Elgünə, çıxıb çöldə söhbət edək demiş, onların ikisi də çay evindən çıxmışlar. Təxminən 3 dəqiqədən sonra Elgün çay evinə daxil olub barın arxasına keçmişdir. Bu zaman Arif də çay evinə daxil olmuş, Elgün barın arxasından bıçaq götürüb Arifin üzərinə getmişdir. Bu zaman orada işləyən qulluqçu qız və o, Elgünün qarşısına keçmişlər.Elgün Arifin üzərinə getmiş və onlar əlbəyaxa olmuşlar. Onlar ikisi də divanın üstünə yıxılmışlar. O, Arifi arxadan qucaqlayıb çay evindən çıxartmış, çay evinin qarşısında Arifi avtomobilə əyləşdirərkən onun baş nahiyyəsindən qan axdığını və paltarının qan olduğunu görmüşdür. Arif avtomobilə əyləşəndən sonra Elgünün onu bıçaqla vurduğunu demişdir. Nofəl də avtomobilə əyləşmiş və o, avtomobilini hərəkət etdirərkən Arif Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib onu bıçaqla vurduqlarını bildirmişdir. Yolda o, Arifə xəstəxanaya getmələrini desə də, Arif xəstəxanaya gemtək lazım olmadığını, onu yaşadığı evə aparmasını dediyi üçün Nofəllə Arifi yaşadıqları evə aparmışdır. Hadisə vaxtı o, spirtli içki qəbul etmədiyini, hadisənin təxminən 15-20 dəqiqə davam etdiyini, həmin vaxt çay evində o, Nofəl, çay evində olan sonradan adlarını bildiyi Günel, Gülşən, Natiqə və iki nəfər tanımadığ şəxs olduqlarını göstərmişdir. Elgünlə Arifin dava etməsinə görə çay evində olanların narahat olduqları üçün çıxıb getdiklərini, Elgünün həmin vaxt ucadan nəlayiq ifadələr işlətdiyini, çay evində onların davası nəticəsində sakitliyin pozulduğunu və çay evində səs-küy yarandığını bildirmişdir. Hadisə vaxtı onu heç kimin vurmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qisində dindirilmiş X1 Şaiq Telmnan oğlunun ifadəsinə oxşar ifadə verərək, sonuncunun ifadəsində göstərdiyi xüsusatları eynilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə xidmətdə olan zaman Goranboy rayonu Goran qəsəbəsində yerləşən çay evində davadalaş olması barədə polis şöbəsinin növbətçi hissəsinə məlumat daxil olduğu üçün onları həmin yerə, yəni Goran qəsəbəsinə göndərmişlər. O və digər polis əməkdaşları Goran qəsəbəsində magistral yolun kənarında yerləşən, əvvəllər «Məmişin çay evi» kimi tanınan çay evinə getmişlər. Onlar çay evinə gedən zaman çay evini işlədən Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olduğunu və ucadan nəlayiq ifadələr işlədərək kimin isə ünvanına nəlayiq söyüşlər etdiyini görmüşlər.Orada onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bir nəfər müştəri ilə dalaşmış və onu bıçaqla vurmuşdur. Həmin şəxsin isə həmin vaxt orada olmadığını, çıxıb getmiş olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs intizama dəvət edib, sakitləşdirib özləri ilə polis şöbəsinə gətirən zaman Təqsirləndirilən şəxs yenə də ucadan ünvansız söyüşlər edərək sol əli ilə vurub çay evinin qapısının pəncərəsini sındırmış, Təqsirləndirilən şəxs əli azacıq qanamışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs əvvəlcə xəstəxanaya aparmışlar, əlinə sarıdıb, sonra isə Goranboy rayon polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirən zaman onun, onlara qarşı heç bir müqavimət göstərmədiyini, sadəcə kimin isə ünvanına ucadan nəlayiq söyüş edərək çay evindən çıxarkən əli ilə vurub çay evinin qapısının şüşəsini sındırdığını, şüşənin qırılıb yerə töküldüyünü bildirmişdir. İttiham aktının siyahısında şahid kimi göstərilən Şahid2 Alik qızı və Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında dövlət ittihamçısının şifahi vəsatəti və müdafiə tərəfinin razılığı ilə Şahid2 Alik qızının ibtidai istintaq zamanı verdiyi və tədqiq edildikdən sonra elan edilmiş ifadəsindən müəyyən olunur ki, o rəsmi olaraq heç yerdə işləmir, Gülşənlə Tovuz şəhərində yerləşən kafedə ilşəmişlər. Ona görə də Tovuz şəhərində ev tutub orada kirayədə yaşamışlar. Sonradan Günel də gəlib onlarla birlikdə qalmışdır. Gülşən Günellə tanış olmuş onun yaşamağa yeri olmadığı üçün kirayə tutuqları evə gətirmişdir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Tovuz rayonunda olan zaman Elgün adlı şəxs ona zəng edib Goranboy rayon Goran qəsəbəsində kafedə işlədiyini bildirərək, onlara həmin kafedə işləmələrini təklif etmişdir. Onlar da Elgünlə razılaşmışlar və bundan sonra xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Elgün tanımadığı ağ rəngli taksi ilə Tovuz rayonuna gəlmiş və onları Goranboy rayonu Goran qəsəbəsində yerləşən çay evinə gətirmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 01 radələrində kafedə Elgünlə Gülşən pərdə ilə kəslimiş yerdə oturmuşlar.Günel isə qulluq etmişdir. O, isə başqa pərdəli yerdə tək oturmuşdur. Həmin vaxt tanımadığı 3 nəfər şəxs çay evinə gəlmişdir. Həmin şəxslərdən biri sonradan adını bildiyim, Zərərçəkmiş şəxs1 olduğunu bilmişdir. İki nəfər şəxs pərdəli olan boş masaların birində əyləşmişlər və çay istəmişlər. Arif isə çay evində ayaq üstə sərxoş halda Gülşənə baxmağa başlamışdır. Gülşən də Arifə “ mənə niyə baxırsan” dedikdə Arif uca səslə Gülşənə «qəhbəsən» deyib nalayiq ifadə işlətmişdir. Həmin vaxt Elgün ayağa durub Arifə “sənə kiməsə görə hörmət qoyuram” demiş və Ariflə Elgünün arasında mübahisə yaranmışdır. X20 kafedən çıxıb söhbət edək demiş və Ariflə Elgün çay evinin içərisindən çıxmışlar. Onlar isə çay evində qalmışlar. Təxminən 3 dəqiqə keçdikdən sonra Elgün kafeyə qayıtmış, Arif də onun arxası ilə kafeyə daxil olmuşdur. Elgün çay evində yerləşən barın arxasınna keçib mətbəx bıçağını götürüb Arifin üzərinə qaçmışdıür. Günel və adının Şaiq olduğunu sonradan bildiyi oğlan Elgünün qarşısına keçmişlər. Lakin Elgün əlində bıçaqla Arifə tərəf gedərək Arifi bıçaqla vurub divanın üstünə yıxmışdır. X17 əlindən tutub bıçağı alıb yerə atmışdır. Gülşən Elgünün əlindən bıçağı alarkən bıçaq onun sağ əlinin barmağını kəsmişdir. Bundan sonra Gülşən özündən getmişdir. O, Natiqə, Şaiq və Arif gil ilə gələn adını bilmədiyi şəxs, Elgünü Arifdən aralamışlar. Elgün ucadan nalayiq ifadələr işlətmişdir. Sonra Ariflə gələn dostları onu aparmışlar. Bundan sonra Elgün ona çıxıb getməsini dedikdə o, Elgünə «pulumu ver gedim» demişdir. O, Elgünə «imkan ver Gülşəni ayıldım» demiş, Elgün isə «özüm ayıldacam, qoy yatsın» demişdir. Bundan sonra Elgün çay evinin qapılarını bağlamışdır. Sonra Gülşən özü ayılmış və bu zaman polis əməkdaşları çay evinə gəlmişlər. Gülşən də çay evinin qapısını açmış və polis əməkdaşları çay evinə daxil olmuşlar. Həmin vaxt Elgün uca səslə nalayiq ifadələr işlədərək çay evinin qapısının pəncərələrini əli ilə vurub sındırmışdır. Polis əməkdaşları Elgünü xəstəxanaya, onları isə polis şöbəsinə gətirmişlər.Hadisə vaxt onlardan başqa çay evində 7 nəfər şəxs olmuş, həmin şəxsləri birinci dəfə görürdünü və tanımadığını, davanın çay evində sakitliyi pozduğunu,orada olan müştərilərin narahat olub çıxıb getdiklərini bildirmişdir.Hadisənin təxminən 15-20 dəqiqə müddətində davam etdiyini bildirmişdir. Məhkəmə iclasında dövlət ittihamçısının şifahi vəsatəti və müdafiə tərəfinin razılığı ilə Şahid4 ibtidai istintaq zamanı verdiyi və tədqiq edildikdən sonra elan edilmiş ifadəsindən görünür ki, rəsmi olaraq heç yerdə işləmir, Tovuz rayonunda kafedə işləyir. Natiqə də onunla həmin kafedə birlikdə işləyir və Tuvuz şəhərində kirayə ev tutub yaşayırlar. Sonradan o, Günellə tanış olmuş və Günelin yaşamağa yeri olmadığı üçün onu kirayə yaşadığı evə gətirmiş, onlarla birlikdə yaşamışdır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Tovuz rayonunda olan zaman Elgün adlı şəxs Natiqəyə zəng edib Goranboy rayon Goran qəsəbəsində kafedə işlədiyini və həmin kafedə işləmələrini təklif etdikdə onlar Elgünlə razılaşmışlar. Bundan sonra xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Elgün tanımadığı ağ rəngli taksi ilə Tovuz rayonuna gəlmiş və onları Goranboy rayonu Goran qəsəbəsində yerləşən çay evinə gətirmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 01 radələrində kafedə Elgünlə o, pərdə ilə kəslimiş yerdə oturub pivə içmişlər, Günel isə qulluq etmişdir. Natiqə isə başqa pərdəli yerdə tək oturmuşdur. Həmin vaxt tanımadığı 3 nəfər şəxs çay evinə gəlmişlər. Həmin şəxslərdən biri sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 olmuşdur. İki nəfər şəxs pərdəli olan boş masaların birində əyləşmişlər və çay istəmişlər. Arif isə çay evində ayaq üstə sərxoş halda ona baxmağa başlamış, o isə Arifə “mənə niyə baxırsan” dedikdə Arif uca səslə ona «qəhbəsən» deyib nalayiq ifadə işlətmişdir. Həmin vaxt Elgün ayağa durub Arifə “sənə kiməsə görə hörmət qoyuram” demiş və Ariflə Elgünün arasında mübahisə yaranmışdır. X20 kafedən çıxıb söhbət etmələrini dediyinə görə Ariflə Elgün kafedən çıxmışlar. Onlar isə çay evində qalmışlar. Təxminən 3 dəqiqə keçdikdən sonra Elgün kafeyə qayıtmış, arxası ilə Arif də kafeyə daxil olmuşdur. Elgün çay evində yerləşən barın arxasına keçib mətbəx bıçağını götürüb Arifin üzərinə qaçmış, Günellə, adının Şaiq olduğunu sonradan bildiyi oğlan Elgünün qarşısına keçmişlər. X21 tərəf gedərək bıçaqla iki dəfə vurub Arifi divanın üstünə yıxmışdır. Sonra o, Elgünün əlindən tutub bıçağı alıb yerə atmışdır. O, Elgünün əlindən bıçağı alarkən bıçaq onun sağ əlinin barmağını kəsmişdir. Bundan sonra o, qanı görüb huşunu itirmişdir. Ayılandan sonra polis əməkdaşlarının qapını döydüyünü görüb qapının arxasını açmış, polis əməkdaşları çay evinə daxil olmuşlar. Həmin vaxt sərxoş vəziyyətdə olan Elgün ucadan nəlayiq söyüşlər edərək çay evinin qapısının pəncərələrini əli ilə vurub sındırmışdır. Polis əməkdaşları Elgünü xəstəxanaya aparmışlar, onları isə polis şöbəsinə gətirmişlər. Hadisə zamanı çay evində 7 nəfər şəxs olduğunu və həmin şəxsləri tanımadığını bildirmişdir. Hadisənin təxminən 15-20 dəqiqə davam etdiyini, hadisədən əvvəl Elgünlə pivə içdiklərini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 10 avqust 2023-cü il tarixli qərardan görünür ki, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X8 tərəfindən Zərərçəkmiş şəxs1 və hal şahidlərin iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. Baxış keçirilən yer Goranboy rayonunun Bakı-Qazax yolunun Goran qəsəbəsində keçən hissəsində keçən hissəsində yolun sol hissəsində yerləşən “Məmişin” çay evi adlanan çay evidir. Çay evinin girişi plastik materialdan hazırlanmış şüşəli qapıdan ibarətdir. Çay evinə daxil olduqda sol və sağ hissələrdə pərdələrlə örtülmüş kabinetlər yerləşir. Baxış zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs bıçaqla onu vurub xəsarət yetirdiyi yeri göstərmişdir. Çay evinin qapısının sağ hissəsi şüşəsi sındırılmışdır. Şüş qırıntıları döşəmənin üzərində müşahidə edilir. Hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəsarət yetirdiyi bir ədəd dəstəyi taxtadan ibarət olan bıçaq çay evinin girişinin sol tərəfində masanın yaxınlığında yerdən aşkarlanaraq götürülmüşdür. Eyni zamanda maddi sübut əhəmiyyətli olduğundan şüşə qırıntılar və görüntü kamerasından görüntülər götürülmüşdür; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 Publik Hüquqi şəxsi Goranboy rayon şöbəsinin canlı şəxsin ekspertizası ilə bağlı xx.xx.2023-cü il tarixli, 545 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət(lər) – sağ gicgah nahiyyəsinin cərrahi tikişə ehtiyacı olan kəsilmiş yarası, kəsici alətin(lərin) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2023-cü il tarixdə ekspertizaya təqdim olunmuş mətbəx bıçağı ilə kənar şəxs tərəfindən yetirilmə zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 10 avqust 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon Məhkəməsinin 4(045)-46/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş İ-3339 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli 2353 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş İ-9887 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2720 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ İV № 746637, AZ İV № 317144 nöməli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 09 iyul 2019-cu il təvəllüdlü X3 və 30 iyul 2022-ci il təvəllüdlü X4 ataları Təqsirləndirilən şəxsdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Qətimkan tədbirinin seçilməsi barədə” 11 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Baxış keçirilməsi barədə” 20 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı bir ədəd disk W2072a markalı kompyüter vastəsilə açıldıqda müəyyən edildi ki, Goranboy rayonu Goran qəsəbəsində yerləşən və Təqsirləndirilən şəxs işlətdiyi çay evində xx.xx.2023-cü il tarixdə saat 00:47-də Zərərçəkmiş şəxs1 çay evinə daxil olması və çay evində qırmızı rəngli kofta geyinmiş qadınla söhbət edərkən Təqsirləndirilən şəxs onlara yaxınlaşıb Zərərçəkmiş şəxs1la mübahisə etməsi, bundan sonra Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 çay evindən çıxması və 00:50 dəqiqədə yenidən çay evinə qayıtmaları, Təqsirləndirilən şəxs bara keçərək oradan bıçaq götürərək Zərərçəkmiş şəxs1 üzərinə gedərək sonuncu ilə dalaşması və vurması, həmin vaxt çay evində olan şəxslərin istirahətinin pozulması, hamısının yerlərindən qalxaraq hadisə yerinə tərəf getmələri, səsküy yaranması, ictimai qaydanın pozulması görünmüşdür. Video diskə baxış zamanı görüntünün 00:53-də Şahid1 Zərərçəkmiş şəxs1 NazLifan markalı avtomobilə əyləşdirərək oradan getmələri müşahidə olunur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 16/935 nömrəli, 04 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və istifadəyə yararlıdır. Aparılmış tədqiqatın dəyəri 53 (əlli üç) manat təşkil edir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Maddi sübutun tanınması haqqında” 09 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixli protokolla götürülmüş bir ədəd mətbəx bıçağı və şüşə qırıntıları iş üzrə maddi sübut kimi tanınmış və Goranboy RPŞ-yə təhvil verilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş üzrə xx.xx.2024-cü il tarixli Goranboy RPŞ-nin arayışından məlum olur ki,Təqsirləndirilən şəxs özünü cəmiyyətdə hamıdan üstün sayaraq birgəyaşayış qaydalarına əməl etmir, dəfələrlə barəsində polis şöbəsinə şikayətlər daxil olmuş, barəsində RPŞ-də inzibati icraatlar olmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli MN 01678511 saylı, xx.xx.2020-ci il tarixli MN ******* saylı, xx.xx.2022-ci il tarixli MN ******* saylı, xx.xx.2022-ci il tarixli MN ******* saylı, xx.xx.2022-ci il tarixli MN ******* saylı, xx.xx.2022-ci il tarixli MN ******* saylı, xx.xx.2022-ci il tarixli MN ******* saylı, xx.xx.2022-ci il tarixli MN ******* saylı, xx.xx.2023-cü il tarixli MN ******* saylı, xx.xx.2023-cü il tarixli MN ******* saylı, xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati protokollardan görünür ki, Təqsirləndirilən şəxs barəsində müxtəlif vaxtlarda inzibati xətalar törətməsi ilə bağlı protokollar tərtib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndinə əsasən ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 8-ci bəndinə əsasən xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsüf edilməsi üçün əsasdır; “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 9-cu bəndinə əsasən xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin (yəni, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri də nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, aşağıdakıları cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır: zərərçəkmiş şəxslərlə barışmasını, Vətən müharibəsi iştirakçısı olmasını; himayəsində iki azyaşlı övladının olmasını. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Təqsirləndirilən şəxs rayon ərazisində ictimai təhlükəsizliyin pozulması ilə bağlı dəfələrlə inzibati məsuliyyətə cəlb edilmiş, onun vətən müharibəsi iştirakçısı olması nəzərə alınmaqla ona dəfələrlə güzəşt edilərək inzibati cərimələr və xəbərdarlıqlar tətbiq edilmişdir. Lakin Təqsirləndirilən şəxs ona edilmiş bu güzəştləri sui-istifadə kimi qəbul etməklə cəzasızlıq mühitində olduğunu zənn edərək cəmiyyətdə birgəyaşayış qaydalarına zidd hərəkətlərini davam etdirərək cinayət xarakterli ictimai qaydanın pozulması hərəkəti, yəni bıçaqdan silah qismində istifadə etməklə xüsusi qərəzli xuliqanlıq hərəkəti törətmişdir. Bundan başqa müəyyən olunur ki, Təqsirləndirilən şəxs sərxoşluğa və ictimai qaydanı pozmağa meylliliyi ilə fərqlənməklə şəxsiyyəti mənfi xarakterizə olunur. Bütün bunları nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs aşağı həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbs olunmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 53 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməli, maddi sübut kimi tanınmış və Goranboy RPŞ-də saxlanılan bir ədəd mətbəx bıçağı və şüşə qırıntıları məhv edilməli, iş üzrə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 1 (bir) gün, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 08 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 53 (əlli üç) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (hesab: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, KOD 10005, VÖEN **********, Müxbir hesabı Az 41 NABZ013601**********3944, SWİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Maddi sübut kimi tanınmış və Goranboy RPŞ-də saxlanılan bir ədəd mətbəx bıçağı və şüşə qırıntıları məhv edilsin. İş üzrə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X15

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar